![]() |
|
Avropa İttifaqı Şurası mayın 27-də Avropa İttifaqı haqqında Müqavilənin 7-ci maddəsinə uyğun olaraq Macarıstanın Birlikdə səsvermə hüququndan məhrum edilməsi məsələsinə dair dinləmələr keçirəcək.
Məlumat qurumun saytında yerləşdirilmiş gündəlikdə əksini tapıb.
Bildirilir ki, Nazirlər Avropa Parlamentinin təşəbbüsü ilə 7-ci maddə proseduru çərçivəsində Macarıstan üzrə səkkizinci dinləməni keçirəcəklər.
Avropa İttifaqı haqqında Müqavilənin 7-ci maddəsi ümumi dəyərlərə zidd hərəkətlərlə əlaqədar Birlik dövlətlərinin müəyyən hüquqlarının, o cümlədən ölkənin Aİ Şurasındakı nümayəndəsinin səsvermə hüququnun dayandırılmasının mümkünlüyünü nəzərdə tutur.
Bundan əvvəl Britaniyanın “Financial Times” qəzeti yazıb ki, bir çox Aİ rəsmiləri Budapeştin Birliyin ilk növbədə Rusiya ilə bağlı əsas qərarlarına mane olmaq qabiliyyətinə görə Macarıstanın səsvermə hüququndan məhrum edilməsi məsələsini müzakirə ediblər.
Rusiya Vatikanın Ukrayna ilə bağlı sülh danışıqlarında iştirakına qəti şəkildə qarşı çıxıb.
Bu barədə nüfuzlu “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, hazırda beynəlxalq dairələr Vatikanın vasitəçi və ya danışıqlara ev sahibliyi edən tərəf kimi rolu üzərində ciddi müzakirələr aparır. Qeyd olunur ki, tərəflər razılığa gəldiyi halda, sülh təşəbbüsü çərçivəsində görüş artıq gələn həftə baş tuta bilər. Lakin bu prosesin baş tutması Rusiyanın mövqeyindən asılıdır.
Rusiya isə Vatikanın bu prosesə cəlb olunmasına qarşı çıxaraq, onun neytral vasitəçi kimi qəbul edilməsinə şübhə ilə yanaşır. Kremlə yaxın mənbələrə görə, Moskva Vatikanın Qərb dünyası ilə ideoloji və siyasi yaxınlığını əsas gətirərək, onu tərəfsiz vasitəçi kimi görmür. Bu mövqe isə sülh prosesinin daha da mürəkkəbləşməsinə səbəb ola bilər.
Ekspertlər bildirirlər ki, Vatikanın Ukrayna məsələsində iştirak etməsi Qərbin diplomatik səylərinin bir hissəsidir və bu, Rusiyanın təcrid olunmasına yönəlmiş daha geniş strateji planın tərkibi kimi qiymətləndirilə bilər.
Hazırkı mərhələdə tərəflər arasında birbaşa dialoqun qurulması üçün danışıqlar masası arxasına keçmək ehtimalı aşağı olaraq qalır. Lakin Qərb diplomatları diplomatik kanallarla Rusiya tərəfini razı salmağa çalışır.
Vaşinqtonda İsrailin səfirlik əməkdaşlarına atəş açan şəxsə ölüm cəzası tətbiq oluna bilər.
Bu barədə "NBC News" ABŞ-ın müvəqqəti baş prokuroru Janin Pirronun açıqlamasına istinadla məlumat yayıb.
Prokurorun sözlərinə görə, hadisə “nifrət zəminində və terror məqsədilə törədilmiş cinayət” kimi qiymətləndirilir. Hazırda məsələ ilə bağlı genişmiqyaslı istintaq aparılır və federal orqanlar hücumun motivlərini diqqətlə araşdırır.
Hadisənin təfərrüatları açıqlanmasa da, ilkin məlumatlara əsasən, hücum zamanı səfirlik əməkdaşlarından bir neçəsi xəsarət alıb. Hücumçunun kimliyi və hansı vasitələrlə hücumu reallaşdırdığı barədə rəsmi məlumat verilmir.
ABŞ rəsmiləri bu cür halların ölkə daxilində və beynəlxalq miqyasda təhlükəli presedent yaratdığını bildirib və İsrail diplomatik nümayəndəliyinə qarşı törədilmiş hücumu qəti şəkildə pisləyiblər.
Türkiyə dəyişir, dünya dəyişir. Biz yeni dövrdə yaşayırıq, daha yeni dövrə doğru gedirik. Bu qədər sürətlə dəyişən dünyada qiyamçıların zehniyyətini qoruyub saxlayan konstitusiya ilə irəli getmək olarmı? Məgər 40 il ərzində qiyamçıların yazdığı konstitusiya ilə cəmiyyəti birləşdirməyin nə qədər çətin olduğunu görmədikmi? Bu gün yaşadığımız bir çox problemlərin əsasının çevriliş konstitusiyası olduğunu bilməyən varmı?
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
“Siyasi həyatım boyu Türkiyənin sivil, demokratik və liberal konstitusiyaya ehtiyacı olduğunu ifadə etmişəm. Bu gün də eyni fikirdəyəm. Türkiyə qiyamçıların yazıb irəli sürdüyü konstitusiya ilə artıq gələcəyə doğru gedə bilməz. İndi dövlət çevrilişi edənlərin deyil, mülki şəxslərin irəli sürdüyü konstitusiya lazımdır. AKP olaraq bunun üzərində işləyirik. Məsələ ilə bağlı müəyyən tapşırıqlar da vermişik. İlk dörd maddədə heç bir problem yoxdur. Yəni AKP olaraq bizim də, digər siyasi partiyaların çoxunun da belə bir problemi yoxdur. Belə bir problem olmadığı üçün biz ancaq yol xəritəsini müəyyən edəcəyik. Eyni zamanda bildirmək istəyirəm ki, yeni konstitusiyanı özümüz deyil, ölkəmiz üçün istəyirik. Yenidən seçilmək və ya yenidən namizəd olmaq fikrim yoxdur. Bizim qayğımız ondan ibarətdir ki, atacağımız addımlarla ölkəmizin nüfuzunu necə yüksəldə bilərik”, - Ərdoğan əlavə edib.
“Gürcüstan Ermənistan və Azərbaycan arasında münaqişənin başa çatmasında maraqlı olan tərəflərdən biridir”.
“Qafqazinfo” xəbər verir ki, bunu “İmedi” telekanalının efirində Gürcüstan Prezidenti Mixail Kavelaşvili deyib.
“Hər iki ölkənin rəhbərliyinə münaqişəni başa çatdırmağa hazırlıq nümayiş etdirdiklərinə görə təşəkkür etmək istəyirəm. Sülh və sabitlik region üçün həlledici əhəmiyyətə malikdir və hər üç ölkə üçün imkanlar yaradır”, - deyə Gürcüstan lideri qeyd edib.
Türkiyədə dələduzluq, rüşvət, sənədlərin saxtalaşdırılması kimi ittihamlarla həbs edilən İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun səsi ilə yayımlanan elanlar qadağan edilib.
“Sözcü” xəbər verir ki, bu barədə cinayət işinin ibtidai istintaqını aparan İstanbul Baş Prokurorluğu qərar çıxarıb.
Qərara əsasən, Əkrəm İmamoğlunun İstanbul şəhərindəki ictimai nəqliyyatda (marşrut avtobusları və metrobuslar) vətəndaşlara etdiyi səsli müraciətlər yığışdırılıb.
Qeyd edək ki, əməliyyat çərçivəsində İmamoğlu ilə yanaşı, onun mətbuat katibi Murat Ongun və bələdiyyənin təqribən 100 əməkdaşı barəsində də saxlanılma qərarı çıxarılıb.
İstanbul Prokurorluğu iddia edir ki, şəhərin meri və digər şəxslər biznesmenləri pul verməyə vadar edib, haqsız qazanc əldə edib və cinayətkar fəaliyyətdən əldə edilən vəsaitləri yuyublar. Prokurorluq Ə.İmamoğlunu “cinayətkar təşkilatın rəhbəri” adlandırıb.
Rusiyanın baş diplomatının açıqlamalarının pərdəarxası; Kremlin Ermənistanla bağlı planlarının anonsu nə vəd edir?
“Rusiya Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına fəal dəstək verməkdə davam edir”. “Yeni Müsavat” bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla geniş tərkibdə görüşü zamanı deyib.
S.Lavrov vurğulayıb ki, Moskva sülhün bərqərar olmasında və ikitərəfli münasibətlərin tam normallaşdırılmasında səmimi maraqlıdır. Onun sözlərinə görə, bu prosesin möhkəm təməli 2020 və 2022-ci illərdə Rusiya və Azərbaycan prezidentləri ilə Ermənistanın baş naziri arasında imzalanmış üçtərəfli sazişlərdir. “Biz Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətni üzrə razılaşmanı alqışlayırıq və sənədin yekun imzalanması üçün qalan məsələlərin həllini dəstəkləməyə hazırıq”, - Rusiya XİN başçısı qeyd edib. O vurğulayıb ki, İrəvan həm nəqliyyat və iqtisadi marşrutların açılmasında, həm də sərhəd və humanitar məsələlərin həllində Moskvanın dəstəyinə tam arxalana bilər. “Biz təhlükəsizlik sahəsini alyansımızın ən mühüm ölçülərindən biri hesab etməyə davam edirik. Ermənistanın müdafiəsi, suverenliyi və ərazi bütövlüyünü təmin etmək üçün əlimizdən gələni etməyə hazırıq”, - rusiyalı nazir bildirib.
Lavrov brifinqdə erməni jurnalistin Ermənistanda “Ukrayna ssenarisi”nin təkrarlanmasının mümkünlüyü ilə bağlı sualını cavablandırarkən deyib ki, Ermənistanın “ukraynalaşması” üçün heç bir səbəb görmür. Rusiya xarici işlər nazirinin sözlərinə görə, Ermənistan Rusiyanın dostu və müttəfiqi olaraq qalır. Rusiya XİN rəhbəri Qafan (Qərbi Zəngəzur) şəhərində Rusiya konsulluğunun açılması üçün hazırlıq işləri aparıldığını deyib.
Maraqlıdır ki, mayın 21-də İrəvanda Ermənistan Xarici İşlər Nazirliyinin binası qarşısında Avropa Partiyasının təşəbbüsü ilə etiraz aksiyası keçirilib. Etirazçılar Rusiyanın xarici işlər naziri Sergey Lavrovun səfərinə və qəbuluna etiraz edirlər. Etirazçılar əllərində Ermənistan və Avropa İttifaqının bayraqları, habelə Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovun təsvirləri olan, üzərində “Qatillər” sözləri yazılmış plakatlar tutublar. Ermənistan Avropa Partiyası 2018-ci il noyabrın 6-da İrəvanda təsis qurultayı keçirib. Tiqran Xzmalyan partiyanın sədri seçilib. Partiya hazırda parlamentdə təmsil olunmur. Tiqran Xzmalyan təsdiq edib ki, partiya bundan sonra da müxalifət kimi fəaliyyət göstərəcək və hökuməti Avropa İttifaqına üzv olmağa cəlb etmək üçün fəaliyyətini davam etdirəcək. Partiya Ermənistanın Avropaya inteqrasiyasını dəstəkləyir. Partiya Ermənistanın Avrasiya İttifaqına hazırkı üzvlüyünə qarşıdır və Ermənistanın Aİ ilə dərin ticarət zonasına daxil olmasını dəstəkləyir.
“İrəvanda Rusiya Prezidenti Vladimir Putini təhqir edən plakatın görünməsi ilə bağlı təxribatın arxasında "Qərb izi" var". Bu fikri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. O, Ermənistandakı ABŞ səfirliyi əməkdaşlarının bu işdə əllərinin olmasını da istisna etməyib.
Ermənistanın baş naziri Nikol Paşinyan Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumata görə, Paşinyan Ermənistanla Rusiya Federasiyası arasında münasibətlərin hazırkı vəziyyətini şərh edib. Lavrov qəbula görə minnətdarlığını bildirib və Rusiyanın Ermənistanla münasibətləri inkişaf etdirməyə hazır olduğunu vurğulayıb. Həmsöhbətlər Ermənistan-Rusiya ikitərəfli gündəliyi, Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlıq, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər. Heç şübhəsiz ki, qapalı müzakirələr Ermənistan üçün asan keçməyib. Hər halda, Lavrovun 7 rayonun işğal olunmasında Rusiya silahlarından istifadəni Ermənistanın başına qaxması sıradan məsələ deyildi və ermənilərin Lavrova qarşı şantajına cavab məqsədi daşıyır. Eyni zamanda Lavrov Kremlin xəbərdarlığını Paşinyan hakimiyyətinə gətirib. Ermənilərin rəsmi və qeyri-rəsmi səviyyədə qandaşları olan Lavrovu “qamçı və kojik”lə qarşılaması da maraqlı situasiya yaradır.
Arzu Nağıyev
Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında S.Lavrovun İrəvan səfəri ilə bağlı maraqlı məqamlara toxundu. Millət vəkili bildirdi ki, Ermənistanda seçkilərin vaxtı yaxınlaşdıqca Rusiya regional və Ermənistanla bağlı siyasi maraqlarını daha qabarıq şəkildə ortaya qoyur: “Hətta Rusiya Prezident Administrasiyasının rəhbərinin müavini Sergey Kiriyenko səviyyəsində kurator da ayrılıb. Elə buna görə də Lavrovun səfəri və orada verdiyi açıqlamalar əslində bir neçə mühüm geosiyasi və diplomatik mesajı özündə birləşdirir. Təzyiq və təşviq vasitələri artıq işə salınıb. Məqsəd Ermənistanı nüfuz dairəsində saxlamaqdır. Lavrovun Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına verdiyi mesaj Moskvanın proseslərə nəzarəti itirməmək istədiyini göstərir, çünki ABŞ və Avropa bu proseslərdə daha aktiv olduqları üçün onları qabaqlamaq lazımdır, buna görə də canfəşanlıq ən yüksək səviyyədə aparılır. Müxtəlif vaxtlarda verilən bəyanatlara istinad etmək də elə bununla bağlıdır. Ermənistana ciddi bir təsir göstərməklə Qərbin sülh layihəsini pozmağa çalışırlar”.
A.Nağıyev digər məqamlara da diqqət çəkdi: “KTMT ilə bağlı da Lavrovun əsas məqsədi Ermənistanın son vaxtlar Qərblə hərbi əməkdaşlığının artmasına cavab olaraq Moskvanın xəbərdarlığıdır. Təbii ki, burada Ermənistan ərazisində dislokasiya olunan 102 saylı hərbi bazanın, eyni zamanda hələ də Ermənistan sərhədlərini qoruyan rus sərhədçilərin fəaliyyətindən söhbət gedir. Bir incə məqam kimi Lavrov xəbərdarlıq edir ki, hərbi kontingent bu ərazidə ciddi nəzarətə malikdir. Lavrovun digər bir çatdırması da təbii ki, Zəngəzur dəhlizinin açılması və onun əhəmiyyəti ilə bağlıdır, bu məqsədlə Qafan şəhərində konsulluğun açılmasına çalışılır”. Komitə sədri qeyd etdi ki, bu, həm də Azərbaycana bir mesajdır: “Lavrovun səfəri zamanı baş verən etiraz aksiyaları birmənalı şəkildə hakimiyyətin razılığı olmadan baş verə bilməzdi və bu da Rusiyaya qarşı cəmiyyətin bir hissəsində narazılıqların olduğunu göstərmək üçündür. Elə Mariya Zaxarovanın "təxribatın arxasında Qərb izi var" deməsi də bununla bağlıdır. Səfərin nəticələri belə düşünməyə əzmin yaradır ki, Rusiya Ermənistandan gedən deyil və hər addımda da başa salmağa çalışır ki, sərhədlər, daxili və xarici təhlükəsizliyinizin təmin edilməsi, Qərbə meylliyin sonunun Ukrayna ssenarisi ilə nəticələnə biləcəyi Rusiyadan asılıdır və Paşinyan bundan ciddi nəticə çıxarmalıdır. Məlumdur ki, Rusiyanın da vəziyyəti ürəkaçan deyil və hətta kritikdir. Belə bir məqamda Ermənistanı itirmək ölümə bərabər bir məsələdir, Türkiyə-Ermənistan sərhədi NATO-Rusiya sərhədidir. Ona görə də Moskva siyasi, diplomatik və təhlükəsizlik vasitələri ilə seçkilər də daxil olmaqla “yumşaq güc”, silah vasitəsilə təhdid metodlarından istifadə edir. Əsas problem də ondan ibarətdir ki, Ermənistanın heç bir vaxt müstəqil daxili və xarici siyasəti olmayıb..."
Ermənistan XİN rəhbəri, baş naziri və prezidenti ilə görüşdən sonra Lavrov Moskvaya hansı cavabları apardı, əsas məsələ budur. Ararat Mirzoyanın “Ermənistan Avropa İttifaqına üzv olmağa hazırlaşmır” deməsi də maraqlı məqamdır. Amma ermənilər çox hallarda dediklərinin əksini edirlər. Gözləyək...
Xəbər verdiyimiz kimi, Rusiyanın Lipetsk vilayətinin Yelets şəhərindəki “Energiya” zavoduna naməlum pilotsuz təyyarələr hücum edib.
UNİAN xəbər verir ki, yerli sakinlər səmada 10-dan çox partlayış səsi eşitdiklərini bildiriblər.
Rusiya hakimiyyət orqanları zavodda yanğının baş verdiyini, işçi heyətinin təxliyə olduğunu, bir neçə işçinin yaralandığını bildirir.
UNİAN-ın məlumatına görə, hücuma məruz qalan “Energiya” zavodunun məhsulları məşhur “İskəndər” və “Kinjal” raketlərinin istehsalında istifadə olunur.
Müəssisə pilotsuz uçuş aparatları üçün akkumulyatorlar, rabitə sistemləri üçün litium-ion və civə-sink elementləri, tanklar və raket sistemləri üçün simulyatorlar, Rusiya Müdafiə Nazirliyinin ehtiyacları üçün elektrokimyəvi kondensatorlar və avtonom enerji təchizatı üçün işıq-optik enerji qurğuları istehsal edir.
“Energiya” zavodu Rusiya Müdafiə Nazirliyindən əlavə, “Roskosmos”, Rusiya DİN, FTX, FHN və “Qazprom”la da əməkdaşlıq edir.
Gələn həftə Ukrayna Avropa İttifaqı ilə Moskvanı təcrid etmək üçün yeni, genişmiqyaslı addımlar, o cümlədən Rusiya aktivlərinin müsadirəsi və Rusiya neftinin alıcılarına qarşı sanksiyaların tətbiqi barədə müzakirələrə başlayacaq.
Məlumatı Reuters yayıb.
Bildirilir ki, bu, ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı sanksiyaları sərtləşdirməkdən imtina etməsi fonunda və ona cavab olaraq atılacaq addımdır.
Nəşr qeyd edib ki, Aİ-yə veriləcək sənəd ABŞ-ın bu prosesdə rolu qeyri-müəyyənləşdiyi üçün Rusiyaya qarşı sanksiyalarla bağlı daha aqressiv və müstəqil mövqe nümayiş etdirməyə çağırır.
40 səhifəlik sənəddə Rusiya aktivlərinin müsadirəsi və Ukraynaya çatdırılmasını təmin edəcək qanun layihəsi də var. Sanksiya altında olanlar daha sonra Rusiyadan təzminat tələb edə biləcəklər. Aİ sanksiyaların öz ərazisindən kənarda daha sərt tətbiqini təmin etmək üçün bir sıra addımları nəzərdən keçirməlidir, o cümlədən onun texnologiyasından Rusiyaya kömək üçün istifadə edən xarici şirkətləri hədəfə almaq və “Rusiya neftinin alıcılarına ikinci dərəcəli sanksiyalar tətbiq etmək”: “Hindistan və Çin kimi böyük alıcıları vura biləcək bu cür ikinci dərəcəli sanksiyalar, Avropanın indiyə qədər atmaqda tərəddüd etdiyi böyük addım ola bilər”.
Sənəd həm də sanksiyaların elə mexanizmini nəzərdə tutur ki, ayrı-ayrı Aİ-yə üzv dövlət tərəfindən bloklana bilməsin.
Xatırladaq ki, bazar ertəsi Putinlə söhbətindən sonra Tramp Avropa liderlərinin və Ukraynanın gözləntilərinə rəğmən Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməmək qərarına gəlib. Aİ və Böyük Britaniya danışıqların səhəri günü Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edib. Eyni zamanda, onlar ABŞ-ın onlara qoşulacağına hələ də ümid edirlər, lakin Vaşinqton olmadan da Rusiyaya təzyiq göstərə biləcəkləri yolları açıq şəkildə müzakirə edirlər.
Ermənistanın spikeri Alen Simonyan jurnalistlərə verdiyi müsahibədə sabiq prezident, Xocalı qatili Robert Köçəryanı cinayətkar adlandırıb.
“Vətəndaş Müqaviləsi” Partiyasının parlament fraksiyasının rəhbəri Hayk Koncoryan deyib ki, Robert Köçəryanın hakimiyyəti dövründə onlarla siyasi qətllər baş verib.
“Ermənistan baş prokuroru Henrik Xaçaturyan öz kabinetində, prokuror Aram Karapetyan, müdafiə nazirinin müavini Vahram Xorxoruni 1998-ci ildə öz yaşayış binasında güllələnib və sair”, - o bildirib.
Koncoryan 27 oktyabr (parlamentdə qətliam) və 1 mart (etirazçı xalqa divan tutulmasl) hadisələrini də xatırladıb.
Şübhəsiz ki, Köçəryanın əli ən çox azərbaycanlıların qanına batıb. O, Xocalı soyqırımının iştirakçısı və təşkilatçılarındandır.
Onu da bildirək ki, Ermənistanın daha bir eks-prezidenti, Xocalı qatili Serj Sərkisyan da həbslə üzə-üzə qalıb. Ona qarşı yeni ittiham irəli sürülüb.
İttihama görə, Serj Sərkisyan İsakov prospektindəki bəzi torpaq sahələrini Köçəryana məxsus “Toyota-Yerevan” şirkətinə keçirmək üçün ucuz qiymətə satıb.
Yada salaq ki, Paşinyan hakimiyyətə yeni gəldiyi vaxtlarda Köçəryanı həbs etdirmişdi. Sonra o, Rusiya prezidentinin xahişi ilə azad olundu. Hazirda isə onun həbsi üçün zəmin var.
Bu dəfə necə olacaq? Paşinyan Putinin dostunu həbs etdirəcəkmi? Simonyanın bəyanatının reallaşması nə dərəcədə yüksək ehtimaldır?
Əli Orucov
AMİP liderinin köməkçisi, politoloq Əli Orucov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Köçəryanın son dövrlər Ermənistanda aktivləşməsi Rusiyanın Cənubi Qafqazda təhlükəli planlar qurduğunun işartısıdır. Erməni xalqının da qanına bais olan Köçəryanın Putinin dostu olması onu, göründüyü kimi, təkcə cəzadan qorumur, həm də siyasi iddalar ortaya qoymağa cürətləndirir. Paşinyan hakimiyyətə gələndə bu qatili həbs etdirsə də, Putinin təzyiqi ilə həbsxanada saxlaya bilmədi. Ermənistanda da onun Rusiyanın agenti olduğunu yaxşı bilirlər. Təsadüfi deyil ki, Paşinyan onu “Rusiyanın agenti” adlandırmaqla əsl kimliyini bir daha ifşa etmiş oldu. Köçəryanın həbs edilməsi ədalətli olardı. Onun Azərbaycan dövlətinə və xalqına qarşı həyata keçirdiyi saysız-hesabsız ağır cinayətlər mötəbər dəlil və faktlarla sübuta yetirilib. Onun barəsində İnterpol xətti ilə qırmızı bülletenlə axtarış qərarı verilib. Təəssüf ki, Putinin himayəsinə sığınan bu cinayətkarı İnterpol indiyədək həbs edib, Azərbaycana təhvil verməyib. Təkcə Köçəryan deyil, Azərbaycan tərəfindən İnterpol xətti ilə axtarışa verilən heç bir erməni cinayətkar tutularaq Azərbaycana ekstradisiya edilməyib.
Köçəryanın azadlıqda qalması Paşinyan hakimiyyəti üçün başağrısı və problemlər yaradır. Sabiq prezident revanşistlərə güvənərək, onları ətrafına toplamaqla baş nazirə qarşı real güc mərkəzi yaratmağa çalışır. Gələn il keçiriləcək seçkilərdə Köçəryan güclü rəqib olmaq üçün indidən kampaniyaya başlayıb. Ona Rusiya da hər cür dəstək verir. İlkin mərhələdə hədəf Paşinyanın onsuz da zəif və sistemsiz olan siyasətinin qarşısını almaq, regionda gərginliyi saxlamaqdır. Paşinyan iqtidarı Köçəryanı həbs etsə də, Kremlin təzyiqləri ilə onu uzun müddət orada saxlaması çətin olacaq. Rusiyanın Paşinyana qarşı planlarını pozmağın yeganə və effektiv yolu Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq, dövlətlərarası münasibətləri qurmaq və sülh sazişini imzalamaqdır. Erməni baş nazirinin xilas yolu Parisdə, Brüsseldə, hətta Moskvada da deyil, Bakı və Ankaradadır. Şübhə etmirəm ki, əli günahsız azərbaycanlıların qanına batmış Köçəryan da digər məsləkdaşları kimi Azərbaycanın ədalət mühakiməsi qarşısında cavab verməli olacaq. Bu gün Azərbaycanın gücü və nüfuzu, artan qüdrəti imkan verir ki, təkcə Köçəryanı deyil, digər qatilləri də istintaqa cəlb etsin".
Niyaməddin Orduxanlı
Ədalət, Hüquq və Demokratiya Partiyası sədrinin müavini, politoloq Niyaməddin Orduxanlının fikrincə, Putin istənilən vaxt dostunu qurban verə bilər: “Köçəryan prezident olduğu dövrdə Nikol Paşinyanı həbs etdirmişdi. Paşinyan bir neçə il həbsdə yatıb. O, hakimiyyətə gələn kimi Köçəryanı həbs etdirdi, ancaq Putinin zəngindən sonra onu həbsdən buraxdı. Bu iki şəxs arasında qısasçılıq hissi və bir-birinə nifrət var. Simonyanın Ermənistanın sabiq prezidentinin "əli qana batıb" fikri həmin düşmənçiliyin göstəricisidir.
Yəqin ki, yenidən Paşinyan Köçəryanı həbs etmək haqqında düşünür. Çünki Paşinyan istəmir ki, 2026-cı ildə Ermənistanda keçiriləcək seçkidə Köçəryan da olsun. Rəqibi sıradan çıxartmaq istəyir. Ancaq biz özümüz də Köçəryanın beynəxalq məkhəmə qarşısında cəzalanmasına nail olacağıq. Çünki Köçəryanın əli ən çox azərbaycanlıların qanına batıb. O, Xocalı soyqırımının iştirakçısı və təşkilatçılarındandır. Bu hərbi cani çoxdan Bakıda mühakimə edilməli idi. Amma heç olmasa, İrəvanda onu həbs edib məhkəməyə çıxarsınlar. Putin istənilən vaxt Köçəryanı qurban verə bilər. Paşinyan Putinin tapşırıqlarını yerinə yetirərsə, Köçəryanın həbsi baş verə bilər. Neçə deyərlər, siyasətdə daimi dost və ya düşmən olmur, siyasətdə daimi maraqlar olur.