![]() |
|
İranda iyulun 5-də keçirilən prezident seçkisinin ikinci turunun nəticələrinə görə, Məsud Pezeşkian 16,3 milyon səs toplayaraq rəqibi Səid Cəlili ilə mübarizədə qələbə qazanıb. Tədqiqatçıların məlumatına görə, bu səsvermə 1979-cu il islam inqilabından sonra ölkə tarixində ən aşağı seçici fəallığı ilə yadda qalıb.
Təşviqat prosesində Azərbaycan, fars və kürd dillərində elektoratına müraciətlər edən Pezeşkian müsahibələrində daim özünün milliyyətcə türk olduğunu vurğulayıb. Rəsmi mənbələrə görə, yeni seçilmiş prezident Qərbi Azərbaycan vilayətinin Mehabad şəhərində anadan olub. Soyadındakı "pezeşk" sözü fars dilindən tərcümədə "həkim" deməkdir. İddialara görə, bu, peşəsinə işarədir.
İxtisasca kardioloq-cərrah olan Pezeşkianın dövlət başçısı kimi ölkəsinin dərdinə dərman olub-ola bilməyəcəyi hazırda bütün dünyanın gündəmindədir.
Pezeşkian illərlə davam edən sanksiyalar və etirazlardan sonra Qərblə əlaqə saxlayacağını və ölkədə məcburi hicab qanununun icrasını asanlaşdıracağını vəd edib. Maraqlıdır ki, ali dini rəhbər ayətullah Əli Xamenei ölkədəki bütün dövlət müəssisələrinin yekun hakimi hesab olunduğu halda, Pezeşkian seçki kampaniyasında şiə teokratiyasında hansısa radikal dəyişiklik vədini verməyib.
Bəzi siyasilər iddia edirlər ki, Pezeşkianın qələbəsi İranın İsrail-HƏMAS müharibəsi, irəliləyən nüvə proqramı və Vaşinqtonla arasındakı gərginliyin azaldılması şansını riskə atacaq. Bunu isə dörd il Nazirlər Kabinetində yer almasına rəğmən (2001-05-ci illərdə səhiyyə naziri işləyib - red.), Pezeşkianın siyasi səriştəsizliyi ilə əlaqələndirirlər.
Maraqlıdır, yeni prezident İranda hansı yenilikləri edə biləcək? Milyonlarla azərbaycanlının illərlə tələb etdiyi türk dilində təhsil ocaqları yaradılacaqmı? Türk dünyası ölkələri ilə əlaqələrin inkişafı mümkündürmü?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Yaxın Şərq məsələləri üzrə siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, İranın daxili və xarici siyasətini ali dini rəhbər Seyid Əli Xamenei müəyyən edir:
"Məsud Pezeşkianın müstəqil xarici siyasət yürütmək kimi hər hansısa səlahiyyəti yoxdur. Əgər ali dini lider siyasi kursda hansısa dəyişikliyi məqsədəuyğun görsə, bu, Pezeşkian tərəfindən yerinə yetiriləcək. Prezidentin siyasi kursu dəyişmək kimi bir hüququ yoxdur. Məsələn, o, İsraillə münasibətləri normallaşdıra bilməz, yaxud Suriyadakı İran qoşunlarını çıxara bilməz. Eyni zamanda, Pezeşkian Azərbaycan və Ermənistanla münasibətlərdə İranın ali dini rəhbərinin irəli sürdüyü kursu dəyişə bilməz. Üstəlik, o, Zəngəzur dəhlizinin açılması ilə bağlı da hansısa təşəbbüs göstərmək iqtidarında deyil. Yəni Pezeşkian müstəqil dövlət başçısı sayılmır. Ona görə də İranın sonrakı dönəmdə türk dünyası ölkələri ilə yaxınlaşması məsələsi Pezeşkianın ixtiyarında deyil. Ölkələrlə münasibətləri ali dini rəhbər təyin edir".
Siyasi şərhçi onu da əlavə edib ki, Pezeşkiandan böyük istəklər ummaq əbəsdir:
"Yeni prezident Xameneinin tapşırıqları nədən ibarətdirsə, onu da yerinə yetirəcək. Məsud Pezeşkian nüvə proqramı istiqamətində aparılan danışıqları irəlilədə, ölkə daxilində iqtisadi vəziyyəti dəyişdirə bilər. Ancaq İranda dərin islahatlar, inqilabi dəyişikliklər gözləmək Pezeşkiandan ölkə konstitusiyasında nəzərdə tutulmuş vəzifədən daha artığını edəcəyini ummaqdır".
Bəs görəsən, İranda mədəni muxtariyyət tələb edən milyonlarla türk üçün hansısa yumşalmalara gediləcəkmi? Ölkədə fars dili ilə yanaşı, türk dili də rəsmi dil elan olunacaqmı? İranda erməni dilində tədris aparıldığı halda Azərbaycan dilində proqramın olmamasına son qoyulacaqmı?
Siyasi mühacir Kərim Əsgəri deyir ki, azərbaycanlılar daim öz ana dillərində oxumağı tələb etdiklərinə görə hökumətlə aralarında qarşıdurmalar olur:
"İranda azərbaycanlılar öz tələblərindən heç vaxt vaz keçməyiblər. Azərbaycan Respublikasının istiqlaliyyətinin əldə olunmasından sonra İrandakı azərbaycanlıların milli tələbləri daha da artıb. Amma unutmayaq ki, ölkədə prezident ikinci şəxsdir. Hətta Pereşkianın ölkə prezident olması üçün Xameneinin təsdiqi lazımdır. Lakin buna baxmayaraq, seçkidən sonra müsbət addımların atılacağına da inanıram. Seçkinin nəticəsi də onu göstərir ki, xalq Pezeşkianı seçməklə iradəsini göstərdi, türklər öz dillərinin yaşamasını istəyirlər. Bu mesaj həm ali rəhbərə, həm də dünyaya idi".
Rusiya Prezidenti Vladimir Putinlə iranlı yeni həmkarı Məsud Pezeşkian arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Həmkarını təbrik edən Putin müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu bildirib.
Parisdəki mağaza sahibləri və polisi növbədənkənar parlament seçkilərinin ikinci turunun nəticələri elan edildikdən sonra baş verə biləcək iğtişaşlara hazırlaşır.
Axar.az xəbər verir ki, bu barədə TASS məlumat verib.
Məlumata görə, Parisin əsas küçələrində yerləşən dəbdəbəli mağazaların pəncərələrində kütləvi polad qalxanlar quraşdırılıb:
"Bəzi restoran və ofislərin pəncərələri taxta lövhələrlə örtülüb.
Bu ehtiyat tədbirləri yalnız ikinci turun nəticələrinə yekun vurulduqdan sonra baş verə biləcək mümkün iğtişaşlar fonunda həyata keçirilir. Parisdə 5 min polis məmuru hüquq-mühafizə orqanları da mümkün iğtişaşlara hazırlaşır".
Fransada solçu partiyaların koalisiyasını təmsil edən “Yeni Xalq Cəbhəsi” ölkənin Milli Assambleyasına (parlamentin aşağı palatası) keçirilən seçkilərin ikinci turunda qalib gəlib.
Bu barədə məlumatı Fransanın Daxili İşlər Nazirliyi yayıb.
Rəsmi məlumata görə, “Yeni Xalq Cəbhəsi” parlamentdə 182 yer qazanıb. İkinci yerdə 168 yerlə Fransa Prezidenti Emmanuel Makronun rəhbərlik etdiyi “Birlikdə” koalisiyası yer alıb.
Jordan Bardellanın “Milli Birlik” partiyası isə parlamentdə 143 yer tutaraq üçüncü olub.
Bununla yanaşı, “Respublikaçılar” partiyası 45 yer qazanıb. Daha 39 yeri isə seçkinin digər iştirakçıları tutub.
Seçkinin nəticələrini şərh edən “CNN” telekanalı qeyd edib ki, bu, heç bir partiyanın mütləq səs çoxluğu (289 yer) qazana bilmədiyi mənasına gəlir.
Xatırladaq ki, Fransada növbədənkənar parlament seçkilərinin birinci turu iyunun 30-da, ikinci tur isə iyulun 7-də baş tutub.
Macarıstanın Baş naziri Viktor Orban Çinə rəsmi səfər edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Orban öz sosial şəbəkə hesablarında paylaşıb.
O bu səfərini “Sülh missiyası 3.0. Çin” adlandırıb.
Çinin Mərkəzi Televiziyasının məlumatına görə, artıq Orbanla ölkə lideri Si Cinpin arasında danışıqlar keçirilib. Bununla belə, görüşün detalları açıqlanmayıb.
Xatırladaq ki, Macarıstan iyulun 1-dən Avropa İttifaqı Şurasına sədrlik edir. Orban iyulun 2-də Kiyevə, iyulun 5-də Moskvaya səfər edib. O, elə həmin gün Rusiyadan Azərbaycana səfərə gəlib. Baş nazir səfərləri çərçivəsində Ukrayna və Rusiya liderləri ilə münaqişənin nizamlanmasını müzakirə edib, Azərbaycanda isə Türk Dövlətləri Təşkilatının Şuşada keçirilən qeyri-rəsmi sammitində iştirak edib.
Orbanın Moskvaya razılaşdırılmamış səfər etməsi Aİ və NATO-dan olan tərəfdaşların narazılığına səbəb olub. Səfərə münasibət bildirən Almaniya Kansleri Olaf Şolts qeyd edib ki, Orban Rusiya Prezidenti Vladimir Putinlə danışıqlara Aİ-nin xarici siyasət nümayəndəsi kimi deyil, Macarıstanın Baş naziri olaraq gedib. Bunun ardınca, Macarıstan Almaniyanın xarici işlər naziri Annalena Berbokun iyulun 8-də ölkəyə planlaşdırılan səfərini ləğv edib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriya prezidenti Bəşər Əsədin sentyabrda üçüncü ölkədə görüşəcəyi iddia edilir.
Bu barədə “Türkiyə” qəzeti yazır. Nəşr mənbələrə istinadən xəbər verir ki, görüş üçün bütün hazırlıqlar görülüb və tərəflərin görüşlə bağlı tələbləri, şərtləri qarşılıqlı şəkildə bir-birinə çatdırılıb.
Bildirilib ki, xarici işlər naziri Hakan Fidanın Moskvadakı təmaslarından sonra Rusiya prezidenti Vladimir Putin Suriyanın xüsusi nümayəndəsi Aleksandr Lavrentyevi Dəməşqə göndərib və ondan Əsədi Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) iclasında iştirak etməyə razı salmasını istəyib. Əsəd “Biz normallaşmaya hazırıq” deyib. Lakin ŞƏT-in iclasında iştirak etməyib.
Nəşr onu da qeyd edib ki, Ərdoğanla Əsəd arasında görüşün 2024-cü ilin sentyabr ayına qədər üçüncü ölkədə keçirilməsi planlaşdırılır.
Görüşün hansı ölkədə keçiriləcəyinə Putinin Türkiyə səfərindən sonra aydınlıq gələcəyi bildirilib. Görüş üçün ən çox ehtimal olunan ölkə Rusiyanın olduğu bildirilir.
İyulun 4-də Böyük Britaniyada keçirilən növbədənkənar parlament seçkiləri nəticəsində hakimiyyət məğlubiyyətə uğrayıb. Britaniya parlament respublikası olduğundan başda hakim Konservatorlar Partiyasının lideri, baş nazir Rişi Şunak olmaqla hökumət istefaya gedəcək. Ölkənin yeni baş naziri isə qələbə çalan Leyboristlər Partiyasının lideri Kir Starmer olacaq. Leyboristlər seçkinin yekunu olaraq Britanıyanın 650 deputat mandatının 410-nu qazanıb.
Böyük Britaniyanın baş naziri və hakim Mühafizəkarlar Partiyasının lideri Rişi Sunak Leyboristlər Partiyasının lideri Kir Starmeri iyulun 4-də keçirilən parlament seçkilərində qələbəsi münasibətilə təbrik edib.
“Leyboristlər Partiyası bu ümumi seçkilərdə qalib gəldi. Keir Starmerə zəng edərək onu qələbə münasibətilə təbrik etdim”, - Sunak bildirib.
"Məğlubiyyətə görə məsuliyyəti öz üzərimə götürürəm", - deyə, vəzifəsini tərk edən baş nazir əlavə edib.
Qələbə çalan leyboritslərin lideri seçkinin nəticələri elan edildikdən sonra qısa çıxışında Starmer isə deyib ki, dəyişiklik elə buradan başlayır: “Siz səs verdiniz. İndi bizim vədlərimizə əməl etməyin vaxtıdır”.
Yeni hökumətin tərkibini Starmer yaxın vaxtlarda elan edəcək.
Bu gün İranda prezident seçkilərinin ikinci turudur.
“Qafqazinfo” xəbər verir ki, ikinci turda İranın Ali liderinin respublikanın Milli təhlükəsizlik üzrə Ali Şurasındakı nümayəndəsi, mühafizəkarlar qanadına mənsub Səid Cəlili və sabiq səhiyyə naziri Məsud Pezeşkian mübarizə aparır.
Qeyd edək ki, seçkilərin ilk turunda Məsud Pezeşkian 10,4 milyon, Səid Cəlili isə 9,5 milyon səs toplamışdı.
Ermənistan parlamenti iyulun 11-də növbədənkənar iclas keçirəcək.
Axar.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Məlumata görə, Ermənistan parlamentinin növbədənkənar iclasında "Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında" qanuna dəyişiklik layihəsi də nəzərdən keçiriləcək.