Daha bir ölkədə TikTok qadağan edildi

Daha bir ölkədə TikTok qadağan edilib.

Xarici KİV xəbər verir ki, Albaniya hökuməti Çin sosial şəbəkə platformasını ölkə daxilində bir il müddətinə qadağan edib.

Albaniyanın milli təhsil və idman naziri Ogerta Manastirliu Nazirlər Şurasının iclasından sonra məsələ ilə bağlı mətbuata açıqlama verib.

Manastirliu qeyd edib ki, 2024-cü ilin noyabrından ölkə daxilində müzakirələrə səbəb olan TikTok-un bir il müddətinə müvəqqəti qadağan edilməsi qərarı qəbul edilib. Nazir bildirib ki, qərar ölkədə 65 min valideynlə müzakirələrdən sonra qəbul edilib.

Qadağanın platformanın yetkinlik yaşına çatmayan istifadəçilər üçün təhlükəsizlik və yaş standartlarını tətbiq edənə qədər davam edə biləcəyi açıqlanıb.

Qeyd edək ki, Albaniyanın paytaxtı Tiranda Fan Noli İbtidai məktəbində oxuyan 14 yaşlı Martin Cani 18 noyabr 2024-cü ildə başqa bir şagirdin bıçaqla hücumu nəticəsində həyatını itirib. Tələbələr arasında mübahisənin sosial şəbəkədə başladığı iddia edilirdi.

Xatırladaq ki, TikTok Hindistanda təhlükəsizlik, Pakistan və Əfqanıstanda əxlaqi məsələlərə görə qadağan edilib.

ABŞ, Kanada, Avstraliya, Böyük Britaniya və Avropa İttifaqı ölkələrində təhlükəsizlik narahatlıqları səbəbilə dövlət məmurlarının rəsmi cihazlarında TikTok-un istifadəsi qadağan olunub.

Suriyanın bir neçə şəhərlərində komendant saatı tətbiq edilib

Suriyada yeni hökumətin təhlükəsizlik qüvvələri ilə keçmiş prezident Bəşər Əsəd tərəfdarları arasında toqquşmalar fonunda üç şəhərdə komendant saatı tətbiq edilib.

Tartus, Homs və Latakiyada məhdudiyyətlər elan edilib.

Məlumata görə, Latakiyanın ictimai təhlükəsizlik direktoru Mustafa Knefati bildirib ki, milislər Cəblə şəhəri və ətraf ərazilərdə ictimai obyektlərə basqın edib və onları məhv ediblər. Hələb, İdlib, Dəməşq, Həma və Homsda hökumətə dəstək nümayişləri keçirilib, onlarla insan iştirak edib.

Bundan əlavə silahlılarla toqquşmalar nəticəsində Suriya dövlət təhlükəsizlik xidmətinin azı 13 əməkdaşı həlak olub.

"Pul ödəməyən ölkələri qorumayacağıq" - Tramp

“NATO ölkələri ödəniş etməsə, onları müdafiə etməyəcəyəm”.

Bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib. O, ABŞ-nin NATO-ya digər ölkələrdən daha çox pul ödədiyini bildirib:

“Dedim ki, əgər pul verməsəniz, sizi müdafiə etməyəcəyik. Mən bunu 7 il əvvəl dedim və yüz milyonlarla dollar ödədilər. Soruşdular ki, borcumuz olsaydı, bizi müdafiə edərdin? Dedim ki, yox, müdafiə etməzdim. NATO-nu potensial olaraq yaxşı görürəm, lakin NATO-da bu ödəniş vəziyyəti çox ədalətsizdir”.

ABŞ lideri Rusiya və Ukrayna ilə müzakirələrin davam etdiyini, əhəmiyyətli irəliləyiş olduğunu söyləyib:

“Son iki gündə Rusiya və Ukrayna ilə danışıqlarda əhəmiyyətli irəliləyiş əldə etdik. Ukrayna razılaşma əldə etmək istəyir, çünki onların başqa variantları olduğunu düşünmürəm. Düşünürəm ki, Rusiya da razılaşmaq istəyir".

Ağ Evin saytı həmin müqavilə olan səhifəni sildi

Ukrayna ilə təhlükəsizlik müqaviləsi olan səhifə Ağ Evin saytından silinib.

“Bu barədə “Strana.ua” teleqram kanalı məlumat yayıb.

Ukrayna ilə 10 illik müqaviləni 2024-cü ildə ABŞ-nin keçmiş Prezidenti Co Bayden imzalayıb. Vaşinqtonun Ukraynaya silah verməyi öhdəsinə götürdüyü sənəd Konqresin ratifikasiyasını tələb etmir və istənilən vaxt dövlət başçısı tərəfindən ləğv edilə bilər.

İndi səhifəyə keçmək istəyəndə “404 xətası” göstərilir.

Lakin ABŞ Prezidenti Donald Trampın müqaviləni ləğv etdiyinə dair heç bir rəsmi təsdiq yoxdur.(Qafqazinfo)

Orban: Fransanın gələcək prezidenti ilə görüşdüm

Fransanın keçmiş və indiki prezidentləri ilə görüşdən sonra gələcək prezidentlə görüşmək çox xoş idi.

Bu sözləri Macarıstanın Baş naziri Viktor Orban sosial şəbəkədə yazıb.

“Səmərəli müzakirəyə görə Marin Le Penə təşəkkür edirəm”, - Orban bildirib.

Qeyd edək ki, Milli Cəbhə Partiyasının lideri Marin Le Pen Fransa Prezidenti Makronun əsas siyasi rəqibidir.(axar.az)

Tramp Putini də aldadır, savaş davam edəcək: ABŞ Ukraynanın təbii sərvətlərini ələ keçirtsə...

Avropa Birliyinin əks manevrləri Ağ Evin sülh planlarını pozmaqla yanaşı, ABŞ-ın Ukraynaya dəstək düşərgəsinə qayıdışına yol aça bilər və bu, Rusiya üçün ən uğursuz variantdır... Bu baxımdan, Tramp-Putin sövdələşməsinin Ukrayna savaşının dayandırılması üçün yetərli ola biləcəyi barədə qənaətlər hələlik real situasiyaya adekvat deyil...

Ukrayna savaşının dayandırılması ilə bağlı ABŞ-Rusiya səhnəarxası təmaslarından sonra kollektiv Qərb daxilində siyasi xaosun yaranmaqda olduğu müşahidə edilir. ABŞ-ın mövcud mərhələdə kollektiv Qərbdən uzaqlaşmaüda olduğu da inkaredilməz reallıqdır. Hər halda, Ağ Evin tədricən ABŞ-ın strateji hədəfləini kollektiv Qərbin maraqlarından ayırmağa başladığı açıq-aşkar nəzərə çarpır. Üstəlik, "Oval kabinet qalmaqalı"ndan sonra ABŞ-ın yalnız Ukrayna deyil, ümumiyyətlə, Qərbdəki bütün müttəfiq-tərəfdaşları ilə də fərqli "strateji səngərlərə" yerləşdiyi artıq inkaredilməz reallıqdır. Və bu reallığın nəticələri hazırda qlobal məkanda öz yeni təsirlərini büruzə verməyə başlayıb.

Onu da qeyd etmək lazımdır ki, indi Avropa Birliyi Tramp adminstrasiyasının Rusiya ilə yaxınlaşmasına reaksiya vermək məcburiyyətində qalıb. Xüsusilə də, "qoca qitə"nin təhlükəsizlik təminatını ABŞ-dan asılı olmayan hərbi-siyasi mexanizmlərə bağlamaq ehtiyacı yaranıb. Ancaq Avropa Birliyi bunu mümkün qədər yumşaq və ehtiyatlı üslubda reallaşdırmağa cəhd göstərir. Yəni, bir tərəfdən Ukraynaya hərbi dəstəyin davam etdiriləcəyi vurğulanır. Digər tərəfdən isə Ukrayna prezidenti Volodimir Zelenskiyə Ağ Ev sahibi Donald Trampla korlanmış münasibətlərini bərpa etməsi məsləhət görülür. Və bu, Avropa siyasi dairələrində tərəddüdlərin hələ də mövcud olduğunu göstərir.

tr-euro-Снимок.JPG (83 KB)

Ancaq buna baxmayaraq, Avropa Birliyi "qoca qitə"nin yeni təhlükəsizlik sistemi ilə bağlı müzakirələrə artıq başlayıb. Avropa Birliyinə üzv olan 27 ölkənin iştirakı ilə təcili keçirilən müdafiə sammitində bu məsələ əsas müzakirə mövzusudur. Üstəlik, bu sammitə Ukrayna prezidenti Volodimir Zelenski də dəvət olunub. Çünki rəsmi Kiyev artıq ABŞ-dan ümidini kəsərək, əsas tərəfdaş hesab etdiyi Avropa Birliyinin bütün məsləhətlərini icra etməyə çalışır. Və onun Tramp adminstrasiyası ilə münasibətlərin bərpasına yönəlik son açıqlaması da məhz bunun nəticəsi hesab oluna bilər.

Məsələ ondadır ki, prezident Volodimir Zelenski Ukraynanın ABŞ prezidenti Donald Trampın liderliyi altında sülh prosesində iştirak etməyə hazır olduğunu bəyan edib. Cavabında isə Ağ Evdən praqmatik yanaşma ilə müzakirələrə hazır olacağı təqdirdə, prezident Volodimir Zelenski ilə yenidən siyasi təmasların mümkün olduğu barədə mesaj verilib. Buna paralel olaraq, ABŞ Ukraynaya hərbi dəstəyi tamamilə dayandırıb, kəşfiyyat məlumatlarının ötürülməsi prosesi də bloklanıb. Və bu, Ukrayna üçün olduqca təhlükəli situasiyanın yaranma ehtimalını artırıb.

Digər tərəfdən, Ağ Ev Ukrayna ilə qeyri-rəsmi olaraq, məxfi danışıqlara da başlayıb. Üstəlik, bu məxfi təmasların iki istiqamət üzrə davam etdiyi də bildirilir. Belə ki, bir tərəfdən prezident Volodimir Zelenskinin ABŞ üçün böyük önəm daşıyan "təbii sərvətlər" anlaşmasının imzalanmasına cəhd göstərilir. Ukrayna prezidenti artıq həmin sənədi imzalamağa hazır olduğunu rəsmən bəyan edib. Ancaq Ağ Ev ehtiyat variant kimi, Ukrayna müxalifəti ilə də məxfi təmaslar qurub. Və prezident Volodimir Zelenskinin növbəti dəfə problem yaradacağı təqdirdə, onun Ukrayna müxalifətinin təmsilçisi ilə əvəzlənməsi əsas müzakirə mövzusudur.

1740341822.4828.jpg (31 KB)

Ancaq bəzi məlumatlara görə, əgər, prezident Volodimir Zelenski "təbii sərvətlər" anlaşmasını imzalayarsa, ABŞ Ukraynaya hazırda dayandırdığı hərbi dəstəyi yenidən bərpa edə bilər. Rəsmi Kiyevin Ağ Evlə apardığı məxfi danışıqlarda əsas şərti də məhz bununla bağlıdır. Ağ Evə hazırda Ukraynanın təbii sərvətlərinə sahiblənmək hüququ lazımdır. Buna nail olduğundan sonra Tramp adminstrasiyasının Putinlə anlaşmalardan geri çəkilmə ehtimalı olmamış deyil. Və rəsmi Kiyevə qarşı bu qədər ağır təzyiqlərin əsas səbəbi də məhz bu məsələdən qaynaqlanır.

Məsələ ondadır ki, Avropa Birliyi indiki mərhələdə Ukrayna savaşının dayandırılmasında qətiyyən maraqlı deyil. Ağ Ev "Tramp-Putin sövdələşməsi"ndə nə qədər israrlı görünsə də, Avropa Birliyindən qısa müddətdə imtina etməsi də ABŞ üçün təhlükəli situasiya yarada bilər. Üstəlik, Tramp adminstrasiyası hər an fərqli qərar qəbul etməyə meylli olduğunu artıq sübuta yetirib. Və bu baxımdan, Kremldə son hədəfə çatılana qədər ABŞ-ın öz mövqeyinə dəyişiklik etməyəcəyinə də tam arxayın deyillər.

Maraqlıdır ki, bu ehtimalın mümkün olduğunu Avropa Birliyində də nəzərə alırlar. Belə ki, hazırda ABŞ-a qarşı əks təsir mexanizmlərinin işə salındığı müşahidə olunur. Avropa Birliyi Ukraynaya tam dəstək görüntüsü yaratmaqla, əslində, Tramp adminstrasiyasına qurduğu planların pozulma ehtimalını xatırlatmağa çalışır. Fransa ABŞ-dan fərqli olaraq, Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini davam etdirmək niyyətini bəyan edib.

Digər tərəfdən, prezident Emmanuel Makron Ukrayna savaşının dayandırılması ehtimalının o qədər də yüksək olmadığını vurğulayıb. Onun fikrincə, Rusiya öz sülh şərtlərindən geri çəkilməzsə, hətta bu, mümkün olmaya da bilər. Fransa prezidenti hesab edir ki, sülh sazişinin imzalanması üçün ilk növbədə Rusiya Ukraynada beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə də razılaşmalıdır. Əks halda, Ukraynanın təhlükəsizliyinə təminat vermək mümkün olmadığından, rəsmi Kiyev sülh sazişini imzalamaqdan imtina edərsə, haqlı olacaq. Və rəsmi Parisin bu mövqeyi Kremldə ciddi qıcıq yaradıb.

d0b24cbf-7d90-385a-bf81-38d9fd58fed8_850.jpg (77 KB)

Maraqlıdır ki, Rusiya siyasi dairələri Fransa və Böyük Britaniyanı nəyin bahasına olursa-olsun, Ukrayna savaşının dayandırılmasına imkan verməmək cəhdlərində suçlayır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə NATO üzvü olan Avropa dövlətlərinin Ukraynada sülhməramlı hərbi kontingent yerləşdirməsi həmin ölkələrin savaşa rəsmən qatılması kimi qəbul ediləcəyini bildirib. Onun fikrincə, bu, yolverilməzdir və Rusiya heç bir halda, belə bir addımın atılmasına razılıq verməyəcək. Və bu, o deməkdir ki, əgər, Avropa Birliyi öz mövqeyində israrlı olarsa, eləcə də, "qoca qitə"nin təhlükəsizlik maraqları üçün Ukraynaya dəstəyi davam etdirərsə, Tramp-Putin sövdələşməsi pozula bilər.

Göründüyü kimi, Ukrayna böhranı ətrafında olduqca qəliz situasiya yaranıb. Ağ Ev üçün əsas hədəf məhz Ukraynanın təbii sərvətlərinə nəzarəti ələ keçirtməkdən ibarətdir. Əgər, buna nail olunarsa, Rusiyanın isə öz şərtlərində bəzi güzəştlərə getməyəcəyi təqdirdə, Tramp adminstrasiyasının sülhyaratma prosesindən geri çəkilmə ehtimalı hələ də aktualdır.

Xüsusilə də, Avropa Birliyinin əks manevrləri Ağ Evin sülh planlarını pozmaqla yanaşı, ABŞ-ın Ukraynaya dəstək düşərgəsinə qayıdışına yol aça bilər. Bu baxımdan, Tramp-Putin sövdələşməsinin Ukrayna savaşının dayandırılması üçün yetərli ola biləcəyi barədə qənaətlər hələlik real situasiyaya adekvat deyil. Və belə anlaşılır ki, Ukrayna savaşı hələ davam edəcək, bu isə Rusiya üçün ən uğursuz variantdır.(Musavat.com)

Toqquşmaları xeyrimizədir, Rusiyanı onun qucağına saldılar - Lukaşenko

"Açığını desəm, ABŞ-nin Avropa İttifaqı ilə toqquşması bizim xeyrimizədir. Amma Amerikanın nöqteyi-nəzərindən sual yaranır: niyə belə edirsiniz? Sakit davranın. Burada hay-küy salmağa ehtiyac yoxdur. Bunlar sizin müttəfiqlərinizdir. Onlara əmr etdiyiniz hər şeyi etdilər".

Bunu Belarus prezidenti Aleksandr Lukaşenko ABŞ-nin Avropa İttifaqı və Çinlə münasibətlərini şərh edərkən deyib.

Çinlə münasibətlərə gəldikdə Lukaşenko bildirib ki, Trampa Çinə açıq-aşkar hücum etməməyi məsləhət görərdim: “Çinlə razılığa gəlmək lazımdır. Mən Çini çox yaxşı tanıyıram. Çini dayandıra bilməzsiniz. Çin nə bizik, nə də Rusiya. Oradakı bir milyard yarım insan Çini sona qədər müdafiə etmək üçün hazır vəziyyətdədir. Odur ki, Çinlə danışmaq lazımdır və bu dünyanın xeyrinədir”.

O, tam əminliklə qeyd edib ki, Çin lideri Si Cinpin sadəcə müharibə istəmir: “O, münasibətlərin hər hansı formada kəskinləşməsini istəmir. Bu, çinlilərin qanında var. Onlar hər şeyi sakitcə etməyə üstünlük verirlər və bilirlər ki, bu yolla uğur qazana bilərlər. Müharibəni qətiyyən qəbul etmirlər".

Rusiya-Çin birliyinə gəldikdə Lukaşenko deyib ki, bu birliyi yaradan ABŞ-dir: “ABŞ onları bir-birinin qucağına itələdi. Mən Bolton və Pompeo olanda onlardan birbaşa soruşdum ki, siz nə edirsiniz? Niyə Rusiyanı sıxışdırırsınız? Rusiyanı Çinin qucağına sıxışdırırsınız”.

Lukaşenko onu da əlavə edib ki, Rusiyanın Çinlə münasibətlərini korlamaq üçün Moskvaya edilən təzyiqlər nəticə verməyəcək: “Əksinə, bu dövlətlər arasında daha böyük birliyə səbəb olacaq”.

Trampın prezident seçilməsi ilə bağlı mövqeyini açıqlayan Lukaşenko deyib: "Sırf insan səviyyəsində, mən şadam ki, Tramp həqiqətən də nüvə müharibəsi haqqında danışmağa başladığımız bir vəziyyətdə seçilib. Trampın böyük ailəsi var. Trampın çoxlu kiçik uşaqları, nəvələri var. Düşünürəm ki, böyük ailəsi olan insan qırmızı düyməni basmaz”.

Lukaşenko hesab edir ki, bunun üçün başqa metodlar var: “Diplomatik, təzyiq və digər silahlar, o cümlədən "Oreşnik" və s. Amma təhlükə həddindən artıq olarsa, bu silah o məqsədə istifadə etmək üçün mövcuddur. Amerika Birləşmiş Ştatları da eyni şeyi edəcək".

Makron: Rusiya təhlükəyə çevrilib, qəti qərar verməliyik

Rusiya Fransa və Avropa üçün təhlükəyə çevrildiyindən gələn həftə Parisdə bütün Avropa ölkələrinin hərbi komandirləri bir araya gələcək.

Bunu Fransa prezidenti Emmanuel Makron xalqa müraciətində deyib.

Makron Avropanı Rusiyadan gələn təhdidlərdən qorumaq üçün Fransanın nüvə qarşısının alınması ilə bağlı avropalı müttəfiqləri ilə danışacağını bildirib.

Avropanın təhlükəsizliyini qorumaq üçün qərar nöqtəsinə gəldiklərini bildirən Makron deyib ki, Avropanın gələcəyi Vaşinqtonda və ya Moskvada həll olunmur: “Bu məqsədlə martın 6-da 27 dövlət və hökumət başçısını bir araya gətirəcək Aİ Şurasının fövqəladə iclasında qətiyyətli addım atacağıq”.

O əlavə edib ki, Fransa və müttəfiqləri Avropa ərazisində müdafiəni gücləndirmək və birgə silah istehsal etmək üçün çalışırlar. “Avropa ölkələri daha çox özünümüdafiəyə və xarici dünyadan asılılığı azaltmağa hazır olmalıdır.

Rusiyanın təhdidlərindən sonra Fransa yeni çağırışların öhdəsindən gəlmək üçün hərbi büdcəni ikiqat artırır”, - Makron bildirib.

Makron eyni zamanda bundan sonra da ABŞ-nin Avropanın təhlükəsizlik məsələlərində onların yanında olacağına ümidvar olduğunu bildirib.

“Mən ABŞ-nin Ukrayna və bizim tərəfimizdə dayanacağına inanmaq istəyirəm, lakin bunun belə olmayacağına da hazır olmalıyıq”, - Makron vurğulayıb.

Ukraynada Rusiya və ABŞ müharibə edir - Dövlət katibi

"Ukraynadakı münaqişə Rusiya və ABŞ arasında proksi müharibədir".

Bu sözləri ABŞ dövlət katibi Marko Rubio deyib.

Dövlət katibi əlavə edib ki, Birləşmiş Ştatlar hər iki tərəfin münaqişəyə son qoymağa sadiq olub-olmadığını müəyyən etməyə çalışır.

Onun sözlərinə görə, Rusiya döyüşləri dayandırmaq istəyir, lakin Ukrayna prezidenti Volodimir Zelenski fevralın 28-də danışıqlar zamanı göstərdi ki, Ukrayna tərəfi ümumiyyətlə sülhdə maraqlı deyil.

Putin ABŞ-yə yeni səfir təyin edib

Rusiya prezidenti Vladimir Putin ABŞ-yə yeni səfir edib.

Bu barədə "RBC Rusiya"ya istinadla xəbər verir.

Məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin Şimali Atlantika Departamentinin direktoru Aleksandr Darçiyev Putinin sərəncamına əsasən, Rusiyanın ABŞ-dəkı səfiri təyin edilib.

Xəbər lenti