![]() |
|
Türkiyə Suriyanın ərazi bütövlüyünün qorunmasına mühüm əhəmiyyət verir.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fələstinlilərlə iftar proqramında çıxışında deyib.
O bildirib ki, Türkiyə ilk gündən bəri bu məsələyə diqqət edir.
Ərdoğan, həmçinin söyləyib ki, Suriyada terrora yer olmamalı, ölkədə təhlükəsizlik qorunmalıdır.
Ukraynanın keçmiş prezidenti Petro Poroşenko və keçmiş baş nazir Yuliya Timoşenko ABŞ administrasiyası tərəfindən Prezident Vladimir Zelenskinin potensial əvəzediciləri kimi nəzərdən keçirilir.
"Bu barədə “Bild” nəşrinə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri Con Brennan deyib.
Qeyd edək ki, ABŞ administrasiyasının nümayəndələri artıq Poroşenko və Timoşenko ilə görüşlər keçirib.
Ukrayna Silahlı Qüvvələrinin keçmiş komandanı Valeri Zalujnının da adı namizədlər sırasındadır.
NATO ABŞ Prezidenti Donald Trampın müttəfiqlərinə qarşı siyasəti və Avropa ölkələri üçün təhlükəsizlik zəmanətlərini geri götürməklə hədələməsi fonunda AB və Türkiyəni münasibətlərini yaxşılaşdırmağa çağırıb.
bu barədə “Financial Times” nəşri mənbələrə istinadən məlumat yayıb.
Mənbəyə görə, NATO-nun Baş katibi Mark Rutte özəl olaraq AB liderlərini illərlə davam edən gərgin münasibətlərdən sonra Prezident Rəcəb Tayyib Ərdoğanla əlaqələri gücləndirməyə səsləyib:
“Bu, Brüsselin Avropanın müdafiə imkanlarının əsaslı şəkildə genişləndirilməsi çərçivəsində Türkiyə və AB üzvü olmayan digər qonşularla əməkdaşlığı genişləndirmək yollarını araşdırdığı vaxta təsadüf edir. Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynaya dəstək və daha geniş müdafiə məsələlərini müzakirə etmək üçün bu ayın əvvəlində Avropanın yüksək hərbi güclərinin Londonda keçirilən toplantısında iştirak edib”.
Mənbə vurğulayıb ki, bu addım Ruttenin fevral ayında AB liderləri ilə özəl şam yeməyində çıxışından sonra atılıb:
“Burada o, Türkiyə ilə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğuladı və orada iştirak edənləri Ankara ilə əlaqə saxlamağa çağırdı”.
Eyni zamanda o, əlavə edib ki, Ankara Rusiya ilə bağlı qeyri-müəyyənliyini həll etməli olacaq.
Xatırladaq ki, Türkiyə AB və digər Qərb müttəfiqlərinin Ukraynaya genişmiqyaslı müdaxiləsinə cavab olaraq Moskvaya birbaşa sanksiyalar tətbiqinə qoşulmayıb və Rusiya ilə güclü iqtisadi və enerji əlaqələrini qoruyub saxlayıb.(Axar.az)
Böyük Britaniyada laboratoriyada istehsal olunan ət, süd və şəkər gözləniləndən çox yaxın müddətdə - iki il ərzində ilk dəfə insan istehlakı üçün satışa çıxarıla bilər. Qida Standartları Agentliyi (FSA) laboratoriyada hazırlanmış qidalar üçün təsdiq prosesini sürətləndirməyi nəzərdən keçirir. Bu məhsullar yığcam kimya fabriklərində hüceyrələrdən hazırlanır. Britaniya şirkətləri elmin bu sahəsində liderdir. Lakin onlar hesab edirlər ki, inkişaf prosesi mövcud tənzimləyici standartlar tərəfindən geri çəkilir.
Keçən ay İngiltərədə fabrikdə yetişdirilən ətdən hazırlanan it yemi ilk dəfə satışa çıxarılıb. 2020-ci ildə Sinqapur insan istehlakı üçün hüceyrədə yetişdirilən ətin satışına icazə verən ilk ölkə oldu, ardınca üç il sonra ABŞ və keçən il İsrail gəldi. Bununla belə, İtaliya, ABŞ-ın Alabama və Florida ştatları bu süni qidalara qadağalar tətbiq edib.
FSA yüksək texnologiyalı qida şirkətlərinin mütəxəssisləri və akademik tədqiqatçılarla işləyərək yeni qaydalar hazırlamağa hazırlaşır. Agentlik başladığı iki illik proses ərzində laboratoriyada yetişdirilən iki məhsulun tam təhlükəsiz qiymətləndirməsini tamamlamaq niyyətində olduğunu bildirib. Amma tənqidçilər deyirlər ki, firmaların yeni qaydaların hazırlanmasında iştirakı maraqların toqquşmasıdır.
Təşəbbüs Britaniya şirkətlərinin xaricdəki rəqiblərinə uduzmaqdan qorxduqları zamana təsadüf edir, amma burada icazə prosesi yarıya qədər uzanır.
FSA-nın baş elmi işçisi, professor Robin Mey hesab edir ki, istehlakçıların təhlükəsizliyinə xələl gəlməyəcək. O deyib: “Biz onlara fayda verən, eyni zamanda, bu məhsulların mümkün qədər təhlükəsiz olmasını təmin edən tənzimləyici çərçivə hazırlamaq üçün əlaqədar şirkətlərlə və elmi qruplarla çox sıx işləyirik”.
Laboratoriya şəraitində hazırlanan qidalar kiçik hüceyrələrdən yetişdirilən bitki və ya heyvan toxumalarıdır. Bəzən bu, qidaların xüsusiyyətlərini dəyişdirmək üçün gen redaktəsini ehtiva edə bilər. İddia edilən faydalar onların ətraf mühit üçün nisbətən yaxşı və potensial olaraq daha sağlam olmasıdır.
Hökumət laboratoriya şəraitində hazırlanan qidalar istehsal edən şirkətlərin inkişafında maraqlıdır, çünki onların əlavə iş yerləri və iqtisadi artım yaradacağına ümid edir.//Azərtac
Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüşü başlayıb.
“Bununla bağlı “Kyiv İndependent” məlumat yayıb.
Bildirilib ki, görüş Vaşinqtonun Kiyevə gələcək dəstəyinə və Rusiya-Ukrayna müharibəsini sona çatdırmağa böyük təsir göstərəcək.
Ukraynanı danışıqlarda Prezident Ofisinin rəhbəri Andrey Yermak, xarici işlər naziri Andrey Sibiqa, Prezident Ofisi Aparatı rəhbərinin müavini Pavlo Palisa və müdafiə naziri Rustem Umerov təmsil edir.
ABŞ nümayəndə heyətinə dövlət katibi Marko Rubio və ölkə Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts rəhbərlik edir.
Türkiyənin Nevşehir əyalətində bir kənd muxtarı insanları evdə iftar yeməyi qadağan edib.
Bu səbəbdən də Nevşehrin Eğrikuyu kənd camaatı birgə hazırladıqları yeməklərlə birlikdə iftar edirlər. Yeməyin xərcləri də donorlar tərəfindən ödənilir.
Pandemiya dövründə evə yemək verilməsi ilə başlayan təcrübə son 4 ildə kütləvi iftar süfrəsinin açılması ənənəsinə çevrilib. Kənd camaatı gündə 600 nəfərə yemək bişirir, birlikdə iftar edirlər.
Kənd camaatı muxtarın bu qərarından isə məmnundur.
Eğrikuyu kəndi imamı Əli Karataşın sözlərinə görə, bu qayda tətbiq edilməzdən əvvəl yeməklər evlərdə verilirdi. “2021-ci ildən etibarən yeməklər toplu şəkildə verilməyə başlayıb”, - o qeyd edib.
Ramazan ayında evdə iftar süfrəsinin qadağan edildiyini söyləyən kənd muxtarı Nihat Ateş isə bildirib ki, iftar vaxtı mədəniyyət ocağında bir araya gəliblər. “Bir-birindən küsülü olanlar və incik düşənlər də daxil olmaqla, bütün kəndlilər bir yerdə iftar edirlər”, - o bildirib.
“Ukrayna 2014-cü ildən bəri itirdiyi bütün əraziləri geri ala bilməyəcək”.
Bu sözləri ABŞ dövlət katibi Marko Rubio Səudiyyə Ərəbistanına uçan təyyarədə müsahibəsi zamanı deyib.
O qeyd edib ki, Ukrayna tərəfi Rusiya ilə istənilən sülh sazişinin tərkib hissəsi kimi ərazi güzəştlərinə getməli olacaq:
“Hesab edirəm ki, hər iki tərəf bu vəziyyətin hərbi yolla həllinin mümkün olmadığını başa düşməlidir. Ruslar bütün Ukraynanı fəth edə bilməz”.
Onun sözlərinə görə, Rusiya ilə Ukrayna arasında keçiriləcək danışıqlarda Moskvanın hansı güzəştlərə getməyə hazır olduğunu öyrənmək lazımdır.
Qeyd edək ki, Ağ Ev komandası ilə yüksək səviyyəli Ukrayna nümayəndə heyəti arasında danışıqlar bu gün Səudiyyə Ərəbistanında baş tutacaq. ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff bildirib ki, qarşıdan gələn görüşdə ərazi məsələləri və təhlükəsizlik təminatlarının müzakirəsi planlaşdırılır.
Ukrayna PUA-larının Moskvaya kütləvi hücumu nəticəsində paytaxtın bütün hava limanlarında məhdudiyyətlər tətbiq edilib.
Bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi Artem Korenyako məlumat verib.
Onun sözlərinə görə, Moskvanın Vnukovo, Domodedovo, Şeremetyevo və Jukovski Beynəlxalq Hava Limanları təyyarələrin qəbulu və buraxılması üçün müvəqqəti bağlanıb.
Məlumata görə, Ukrayna ordusu 69 pilotsuz təyyarə ilə Moskva vilayətinə hücum edib. PUA-lar düşdüyü yerlərdə dağıntılara və yanğınlara səbəb olub.
Ukrayna ordusu ötən gecə Rusiya regionlarına pilotsuz uçuş aparatları ilə hücumlar edib.
“Bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, gecə ərzində regionlar üzərində 337 PUA zərərsizləşdirilib. Onlardan 91-i Moskva vilayətinin üzərində vurulub.
Bu, cari ildə Rusiya ərazisinə edilən ən genişmiqyaslı PUA hücumu olub.
“RİA Novosti”nin məlumatına görə, Moskva vilayətində hücum nəticəsində 1 nəfər həlak olub, daha 5 nəfər isə xəsarət alıb.
Ermənistanda bu günlərdə baş verən oğurluq ən qəribə və qalmaqallı hadisə kimi ölkə tarixinə düşüb. Baş verən hadisə ölkəni şoka salmaqla yanaşı, narahatlıq və qorxu da yaradıb. Belə ki, Ermənistan Daxili İşlər Nazirliyinin Cinayət Polisi Baş İdarəsinin Cinayətlərin Araşdırılması İdarəsinə Metsamor Atom Elektrik Stansiyasının (AES) inzibati ərazisindəki anbarlardan birindən mis, nikel və dəmir boruların oğurlanması barədə əməliyyat məlumatı daxil olub.
Hadisə yerində müəyyən edilib ki, əməliyyat məlumatı doğrudur, oğurluq 18 fevral - 5 mart tarixləri arasında baş verib və AES-ə əhəmiyyətli maddi ziyan dəyib.
Məsələ ilə bağlı Armavir Rayon Polis Şöbəsində sənədlər tərtib edilib və Ermənistan Respublikası İstintaq Komitəsinin Armavir vilayət istintaq idarəsinə göndərilib. Burada hadisə ilə bağlı "Dövlət əmlakının oğurlanması" maddəsi ilə cinayət işi açılıb.
Ermənistanın ən böyük strateji obyektində oğurluq faktının olması ortaya çoxlu suallar çıxarıb. Necə olur ki, "yüksək səviyyədə" qorunan obyektin ərazisindən borular oğurlanır? Axı bu obyekt vacib strateji obyektlər sırasında birinci yerdə qərarlaşıb...
Şübhəsiz ki, obyektin mühafizəsinə belə münasibət Ermənistan hakimiyyətində, onun təhlükəsizlik sistemində xaos və başıpozuqluqdan xəbər verir. Bundan əlavə, əgər bu, həqiqətən belədirsə, səlahiyyətli orqanlar niyə susub və media bu barədə hüquq-mühafizə orqanlarına "yaxın olan" başqa bir KİV-dən xəbər tutur. Belə çıxır ki, stansiyada sabah daha təhlükəli oğurluqlar baş verə bilər.
Ermənistan hakimiyyəti hər zaman iddia edirdi ki, qəza vəziyyətində olan stansiyada təhlükəsizlik yüksək səviyyədə qorunur. İndi isə bəlli olur ki, bütün bunlar növbəti erməni yalanıdır. Özü də bu oğurluq qalmaqalı Ermənistanda ikinci AES-in inşası barədə xəbərlərin fonunda yaşanır. Belə ki, bu günlərdə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Ermənistan yeni AES-in tikintisi imkanını müzakirə edir və kiçikmodullu reaktorların xüsusiyyətlərini öyrənir.
"Ermənistan artıq yeni atom elektrik stansiyasının yerinin seçilməsi və sonra tikintisi üçün ilkin proseslərə başlayıb. Hazırda biz kiçikmodullu reaktorların xüsusiyyətlərini ətraflı öyrənirik", - deyə o vurğulayıb.
Oğurluq məsələsi isə Mirzoyanın söylədiklərinin üstündən xətt çəkir. Stansiyada baş verənlər, ilk növbədə, beynəlxalq təşkilatları, o cümlədən Atom Enerjisi üzrə Beynəlxalq Təşkilatı narahat etməlidir.
Metsamor AES-in istismarı yerli hökumətlə "Rosatom servis"in - Rusiya şirkətinin əməkdaşlığı sayəsində uzadılır. Müvafiq qərar ötən ilin dekabrında Ermənistan-Rusiya hökumətlərarası komissiyasının iclasında qəbul edilib.
Ermənistan hökuməti AES-in ikinci enerji blokunun istismar müddətinin 2036-cı ilədək uzadılması proqramının həyata keçirilməsi üçün 65 milyon dollar ayırıb.
Ümumiyyətlə, stansiyanın bütövlükdə region dövlətləri üçün təhlükə olduğu dəfələrlə müxtəlif hesabatlara salınıb, narahatlıq ifadə olunub. Bu günlərdə Türkiyənin Ermənistanla həmsərhəd olan Iğdır vilayətinin sakinləri ötən əsrin 60-cı illərinin sonunda tikintisinə başlanılmış Metsamor AES-in fəaliyyətindən narahatlıqlarını ifadə ediblər. Türkiyə ilə sərhəddən 16 km məsafədə yerləşən köhnə AES-i artıq "saatlı bomba" adlandırılır və qeyd edilir ki, aktiv seysmik zonada fəaliyyət göstərən bu stansiya hər an partlamağa hazır obyektdir.
Ermənistanla yanaşı, Iğdır da ikinci dərəcəli seysmik risk zonasında yerləşdiyinə görə güclü təkanların hər biri köhnə AES-in fəaliyyətinə birbaşa təsir göstərərək region əhalisi üçün ciddi risk mənbəyinə çevrilə bilər. Bu səbəbdən də onun bağlanması çox vacib hesab edilir.
Bu stansiyanı təkcə Türkiyə üçün deyil, digər region dövlətləri üçün də təhlükə hesab edirlər. Məsələ humanitar və ekoloji təşkilatların, eləcə də Avropa İttifaqının daimi diqqət mərkəzində olmalı olduğu halda, problemə biganəlik nümayiş etdirilir. Sovet dövründən qalan bu atom elektrik stansiyasının texnologiyaları bütün region üçün təhlükədir.
Eyni zamanda, Ermənistanda nüvə reaktorunu soyutmaq üçün kifayət qədər su ehtiyatı yoxdur. AES-də baş verəcək hər hansı qəza Cənubi Qafqazdan çox kənarda yerləşən ərazilərdə onkoloji xəstəliklərin artmasına və doğum səviyyəsinin azalmasına səbəb olacaq.
Şərqi Anadolu da daxil olmaqla, seysmik proseslərin güclənməsi fonunda AES-in tezliklə bağlanması üçün İrəvana təzyiq göstərilməsi zəruridir.
Ermənistanda atom elektrik stansiyasının tikintisi barədə qərar 1967-ci ildə qəbul olunub. Onun tikintisinə 1969-cu ildə başlanılıb və 1976-cı ilin dekabrında istismara verilib. Bu da bir faktdır ki, təhlükəsizlik meyarlarına cavab verməyən nüvə reaktorları daim fəlakətlərə səbəb olub. Azərbaycanda vətəndaş cəmiyyətinin nümayəndələri, bir neçə qeyri-hökumət təşkilatları dəfələrlə Nüvə Enerjisi Sammitinə həmin atom stansiyasının fəaliyyətinin dayandırılması ilə bağlı müraciət ünvanlayıb. Üstündən neçə illər ötsə də, Çernobıl AES-də baş verən qəzadan bu gün çoxlu insan əziyyət çəkir. Metsamor təhlükəsi də "Damokl qılıncı" kimi regionun başı üzərindədir.
Digər təhlükəli bir məsələ ondan ibarətdir ki, Metsamor AES-in tullantılarının yerləşdirildiyi poliqonlar artıq dolub və yeni nüvə tullantıları poliqonunun yaradılması göstərir ki, ölkədə bu tullantıların yerləşdirilməsi ilə bağlı ciddi problemlər mövcuddur.
Qeyd edək ki, Metsamor AES ən köhnə nüvə texnologiyası ilə inşa edilməklə yanaşı, dünyada ən təhlükəli stansiya hesab edilir. Müəssisənin istismar müddəti artıq çoxdan başa çatıb. İstismara verilərkən 30 il ərzində istifadə edilməsi nəzərdə tutulsa da, bu müddət artıq 40 ili keçib. Ona görə də onun fəaliyyətinin dayandırılması mütləqdir.
Metsamor AES-in istismar müddətinin başa çatması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin də dəfələrlə ortaya qoyduğu mövqeyə, ictimai birliklərin və qeyri-hökumət təşkilatlarının təmsilçilərinin beynəlxalq təşkilatlarda müzakirələr zamanı səsləndirdikləri fikirlərə baxmayaraq, Ermənistan bu məsələyə ciddi yanaşmayıb və onun həllinə nail olunmayıb.
Odur ki, öz xalqının, eləcə də region dövlətlərində yaşayan xalqların nüvə təhlükəsizliyini nəzərə almayan Ermənistan hakimiyyəti yalnız birgə qlobal səylərlə Metsamor AES-in fəaliyyətini dayandırmağa məcbur edilə bilər. Beynəlxalq birlik isə hələ ki susmaqda davam edir.
"Report" İnformasiya Agentliyi