![]() |
|
Ermənistanın Baş naziri Nikol Paşinyan İrana rəsmi səfərə yollanıb.
“Bu barədə məlumatı Ermənistan Nazirlər Kabinetinin Mətbuat xidməti yayıb.
Paşinyan Tehrana səfəri çərçivəsində ölkə Prezidenti İbrahim Rəisi ilə danışıqlar aparacaq.(Qafqazinfo)
Rusiya “Qara Dəniz Təşəbbüsü” ilə müəyyən edilmiş təhlükəsizlik dəhlizi boyunca hərəkəti dayandırır.
APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.
“Gəmilərin təhlükəsizlik dəhlizi boyunca hərəkəti yolverilməzdir, çünki Kiyev bu dəhlizdən Rusiyaya qarşı hərbi əməliyyatlar aparmaq üçün istifadə edir", - deyə Rusiya MN-in məlumatında qeyd olunub.
Rusiyanın “Qara Dəniz Təşəbbüsü”ndən çıxmadığı, razılaşmaların fəaliyyətini dayandırdığı vurğulanıb.
"Taxıl sazişi"nin vasitəçiləri - Türkiyə və BMT sazişin davam etdirilməsi üçün rəsmi Moskva ilə danışıqları planlaşdırıblar.
Qafqazinfo xəbər verir ki, Kreml isə onun razılığı olmadan ixracın riskli, təhlükəli və zəmanətsiz olacağı barədə xəbərdarlıq edib.
Ötən gün 355 min ton taxıl daşıyan daha 12 quru yük gəmisi, o cümlədən BMT-nin Afrikadakı Ümumdünya Ərzaq Proqramı üçün Ukrayna limanlarını tərk edib. Digərləri Misir, Əlcəzairə, Türkiyə və Qərbi Avropaya üz tutur.
Taxıl müqaviləsinin şərtlərinə görə, İstanbulda yollarda bütün quru yük gəmiləri yoxlanılır. Bazar ertəsi bunu yalnız BMT və Türkiyə nümayəndələri aparıb. Lakin adətən Rusiya və Ukraynadan olan müfəttişlər onlara qoşulurdu.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə razılaşmada onun üzərinə düşəni yerinə yetirməyə davam edəcəyini bildirib.
Kreml təmasların davam etdiyini təsdiqləyib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov, Rusiyanın iştirakı olmadan Ukraynadan taxıl ixracının davam etdirilməsinin mümkünlüyü ilə bağlı suala belə cavab verib.
"Rusiyanın bu ərazilərdə naviqasiyanın təhlükəsizliyinə təminat verilməsinin qeyri-mümkünlüyündən danışdığı bir şəraitdə belə bir sövdələşmə çətin ki, həyata keçirilə bilər və o, başqa xarakter alır: daha riskli, təhlükəli və zəmanətsiz", - Peskov bildirib.
Xəbər verdiyimiz kimi, Böyük Britaniyanın keçmiş baş naziri Liz Trassın telefonundakı məlumatlar hakerlər tərəfindən ələ keçirilib.
Keçmiş baş nazirin telefonundakı məlumatların ələ keçirilməsində Rusiyaya işləməkdə şübhəli bilinən agentlərin əli olduğu iddia edilir. Bildirilir ki, həmin məlumatlar arasında Trassın Ukrayna müharibəsi məsələsi də daxil olmaqla xarici liderlərlə danışıqları, şəxsi mesajlar, həmçinin maliyyə naziri Kvasi Kvartenq ilə baş nazirlik dövründəki yazışmalar var.
İddia edilir ki, Liz Trass baş nazir postu uğrunda mübarizə apardığı günlərdə telefonunun izləndiyindən xəbərdar olub və stressdən gecələr yata bilməyib. Lakin nüfuzuna xələl gəlməməsi üçün hadisəni hər kəsdən gizlədib.
Musavat.com xəbər verir ki, hakerlərin təlimatı Kremldən alması ilə bağlı şübhələr səsləndikdən sonra Britaniya kəşfiyyatının rəhbərləri nazirlərə mobil telefonlarından istifadəni dayandırmağı əmr edib.
Həmçinin bildirilib ki, bu gündən etibarən nazirlərə dövlət işlərində şəxsi telefonlardan istifadə etməmək barədə xəbərdarlıq ediləcək və həmin xəbərdarlıqda bildiriləcək ki, onlar Rusiya, Çin, Şimali Koreya və İran kimi düşmən dövlətlərin hədəfinə çevrilə bilərlər.
Telefonun "sındırılması" nəticəsində bir illik yazışmaların ələ keçirildiyi bildirilir. Bəzi mesajlarda Ukraynaya silah göndərilməsi kimi mövzularda xarici işlər nazirləri ilə həssas müzakirələrin aparıldığı güman edilir.
Musavat.com xatırladır ki, ötən il İsrailin texnologiya şirkəti NSO Group tərəfindən hazırlanan “Pegasus” adlı casus proqramından hökumətlər tərəfindən fəalları, jurnalistləri, iş adamlarını və siyasətçiləri izləmək üçün istifadə edildiyi iddia edilirdi.
Fransa prezidenti Emmanuel Makronun da adının hallandığı qalmaqal böyüyərək Avropada səs-küyə səbəb olmuşdu. Hətta Fransada 5 nazirin telefonlarında “Pegasus” casus proqramının izlərinə rast gəlindiyi açıqlanmışdı. Bu hadisədən sonra nazirlər mobil telefonlarını və nömrələrini dəyişmişdi.
Bu ilin avqust ayında isə oxşar hadisə Yunanıstan gündəmini silkələyib.
Yunanıstan Milli Kəşfiyyat Təşkilatının rəhbəri Panagiotis Kontoleonun, Panhellenik Sosialist Hərəkatının lideri Nikos Androulakis və CNN Yunanıstanın iqtisadiyyat müxbiri Tanasis Koukakisin telefonlarının dinlənildiyi iddia edilib.
Bu iddialara cavab verməli olan Yunanıstanın baş naziri Kiriakos Mitsotakis deyib: “Mən nə baş verdiyindən xəbərsiz idim. Bilsəydim, heç vaxt icazə verməzdim”.
Baş nazirin bu açıqlaması müxalifətin sərt tənqidinə səbəb olub.
Ukraynanın paytaxtı Kiyevdə ardıcıl partlayışlar baş verib.
Bu barədə AFP agentliyi məlumat yayıb.
AFP-nin yazdığına görə, bu gün yerli vaxtla 08:00-08:20 arasında şəhərdə 5 partlayış səsi eşidilib.
Ukrayna mətbuatı Kiyev və onun ətrafında ən azı 8 partlayış səsinin eşidildiyini açıqlayıb.
Kiyev şəhərinin meri Vitali Kliçko partlayışlardan dolayı bəzi ərazilərdə elektrik və suyun verilişində problemlər yaşandığını bildirib.
Rusiyanın Novosibirsk vilayətində sürücü azyaşlı uşağı vuraraq hadisə yerindən uzaqlaşıb.
“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, hadisənin görüntüləri sosial mediada paylaşılıb.
Görüntülərdən sürücünün azyaşlını avtomobillə vuraraq üzərindən keçdiyini görmək mümkündür. Sürücü bunun ardınca avtomobildən düşərək uşağın yanına getsə də, onu köməksiz qoyaraq hadisə yerini tərk edib.
Daha sonradan azyaşlı uşağı vuran şəxsin 67 yaşlı rusiyalı deputat Sergey Mamontov olduğu məlum olub. Hadisədən bir müddət sonra deputat polis bölməsinə gedərək məsələ barədə məlumat verib.
Boqdan adlı 6 yaşlı uşağın isə hazırda ağır vəziyyətdə xəstəxanada olduğu bildirilir.
Əsəbi zəif olanların videoya baxması məsləhət görülmür.
Cənubi Koreyanın paytaxtı Seulda Hellouin izdihamı nəticəsində ölənlərin sayı 153 nəfərdən 154-ə yüksəlib.
Qafqazinfo xəbər verir ki, ölənlər arasında 14 ölkədən 26 əcnəbi var. 130-dan çox adam yaralanıb.
Ölənlərin 98-i qadın və 56-sı kişidir. Polis 154 qurbandan 153-nün şəxsiyyətini müəyyənləşdirib və onların ailələrinə məlumat verilib.
Qeyd edək ki, hadisə oktyabrın 29-da baş verib. Cənubi Koreyada matəm elan edilib.
Böyük Britaniya Covid-19-un iki yeni variantının aşkar edildiyini açıqlayıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Məlumatda, “Omicron” variantının bir çox alt versiyalarının yayıldığı qeyd olunub.
Açıqlamada, gələcək tədqiqatlar üçün Covid-19 virusunun “Omicron” variantının alt versiyasına “BQ.1” və “XBB” adlarının verildiyi bildirilib.
UKHSA rəsmisi Mira Çand, ““SARS-CoV-2”nin yeni variantlarının ortaya çıxması gözlənilməz deyil. “BQ.1” və “XBB” variantları narahatlıq doğuran növ kimi müəyyən edilməyib. UKHSA həmişə olduğu kimi vəziyyəti diqqətlə izləyir”, - deyə qeyd edib.
O, variantlara qarşı ən yaxşı müdafiənin Covid-19-a qarşı hazırlanmış peyvəndlər olduğunu vurğulayıb.
Avropada məktəblərdə və iş yerlərində sərf olunan vaxtın azaldılması ilə bağlı müzakirələr gedir.
“Star” qəzetin xəbər verir ki, bu ölkədə məktəblərdə həftədə dörd gün tədrisin aparılması ilə enerji böhranında ciddi qənaət əldə oluna biləcəyini iddia edilir.
Xüsusilə belə bir dövrdə Britaniya Məktəb və Kollec Liderləri Assosiasiyası artan xərclərə diqqət çəkib.
Birlik ölkədəki məktəblərin yarıdan çoxunda ixtisarların gündəmdə olduğunu xatırladıb. Qeyd edilib ki, birlik məktəblərin 60 faiz vəsaitə qənaət məqsədilə dərs günlərinin sayının dördə endirilməsini dəstəkləyir.
Dörd günlük məktəb tətbiqini dəstəkləyənlər enerji qiymətlərindəki artımın məktəblərə ildə 500 min funt sterlinqə qədər əlavə xərc olduğuna diqqət çəkiblər. Onlar 4 günlük təhsilin də enerji qənaətinə töhfə verəcəyi fikrini müdafiə edirlər.
İngiltərədə dərslərin 4 günlük rejimə keçirilməsini dəstəkləyənlər olsa da, valideynlər arasıında bu qərarın uşaqların öyrənməsi üçün mənfi nəticələrə səbəb ola biləcəyini düşünənlər də az deyil.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsindən sonra Avropada enerji böhranı yaşanır. Bu böhran bir çox sahələrə əhəmiyyətli dərəcədə mənfi təsir göstərib.
“Biz mesaj verdik. ABŞ və Böyük Britaniya özlərinə gəlib, ağıllarını başlarına yığmalıdır. Nüvə şantajı etmirik. Əgər hədəfə alsaq, tam olaraq bunu edəcəyik”.
“Bunu rusiyalı hərbi ekspert, ehtiyada olan polkovnik İqor Korotçenko “Rossiya 1” telekanalına müsahibəsində Rusiyanın nüvə təlimləri keçirməsini şərh edərkən deyib.
Korotçenko iddia edib ki, Putin nüvə təlimlərində “Britaniya və ABŞ-ı məhv etməyi sınaqdan keçirib”.
“Rusiyaya ilk nüvə hücumunu kim həyata keçirə bilər? ABŞ və ya İngiltərə. Mən əmin deyiləm ki, Makron bununla razılaşsın? Əsl düşmənlərimizin kim olduğunu və onları nəyin gözlədiyini göstərməyimiz çox vacibdir”, - o vurğulayıb.
Korotçenko daha sonra bunu deyib: “Bu, məşq deyil. Əgər real olsaydı, İngiltərə Atlantik okeanına qərq olardı. ABŞ-ın yerində isə Stalinin adına boğaz olardı”.