|
Gələn ay Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq işləri davam edir.
"Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən məlumata görə, quraşdırma işləri ilə əlaqədar bu gecədən etibarən Üzeyir Hacıbəyov prospekti - Puşkin küçəsi ilə Üzeyir Hacıbəyov - Azadlıq prospektinin hərəkəti istiqamətində avtomobil yolu daralacaq.
Həmçinin, qeyd olunan Neftçilər prospekti ilə Rəsul Rza küçələrinin kəsişməsindən Neftçilər prospekti ilə Əziz Əliyev küçəsinin kəsişməsinə qədər yolun orta hissəsində kiçik qazma işləri aparılacaq. İşlər 10 gün davam edəcək. Nəqliyyatın hərəkətində heç bir məhdudiyyət olmayacaq.
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti sürücülərə anlayışlarına görə təşəkkür edib.
Gənclər və idman naziri Fərid Qayıbov müavini Mariana Vasilevanın haqqında bir müddət əvvəl yayılmış rəqs videosuna münasibət bildirib.
“O, “ASAN Radio”ya açıqlamasında görüntülərin bilərəkdən yayıldığını deyib: “Həmin video sosial şəbəkələrdə yox idi. Orada olan bir nəfər tərəfindən bilərəkdən yayılmışdı. Təbii ki, həmin adamın kimliyini bildik”.
Suqovuşan qəsəbəsində avarçəkmə, kayak və kanoe üzrə Prezident Kuboku reqatası start götürüb.
Report məlumatına görə, işğaldan azad olunmuş ərazilərdə ilk beynəlxalq yarış Heydər Əliyevin anadan olmasının 99-cu ildönünümünə həsr edilib.
Yarışda gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov, Vətən müharibəsi qaziləri, müxtəlif federasiyaların rəsmiləri və digər qonaqlar iştirak edir.
Suqovuşan su anbarında təşkil olunan mübarizəyə Azərbaycan, Moldova, Özbəkistan, Türkiyə və Gürcüstanın 100-dən artıq idmançısı qatılıb.
Onlar 1 nəfərlik kanoe, 1 nəfərlik və 2 nəfərlik kayak qayıqlarında yeniyetmələr və gənclər arasında 200 metr və 500 metr məsafələrə yürüş edəcəklər.
Saat 11:00-da start götürən reqataya mayın 7-də Mingəçevirdə keçiriləcək akademik avarçəkmə yarışları ilə yekun vurulacaq.
İngiltərənin "Liverpul" komandası UEFA Çempionlar Liqasında finala yüksəlib.
Doğma meydanda 2 top fərqi ilə qalib gəlmiş "qırmızılar" səfər oyununda sürprizə imkan verməyiblər. Hərçənd matçın əvvəlində ev sahiblər 2:0 üstünlüyü qazanmağı bacarıb.
Fasilədən sonra "Liverpul" dönüş etməyi bacarıb. Fabinyo 62-ci, Luis Dias 67-ci, Sadio Mane isə 74-cü dəqiqədə fərqlənib.
UEFA Çempionlar Liqası, yarımfinal
3 may
23:00. "Vilyarreal" (İspaniya) - "Liverpul" (İngiltərə) - 2:3
Qollar: Bulaye Dia, 3. Fransis Koklen, 41 - Fabinyo, 62. Luis Dias, 67. Sadio Mane, 74
Qırmızı vərəqə: Etyen Kapu, 86 ("Vilyarreal")
Bu gün isə UEFA Çempionlar Liqasında növbəti finalçının adına aydınlıq gələcək.
İspaniya "Real Madrid"i yarımfinal mərhələsinin cavab oyununda İngiltərənin "Mançester Siti" klubunu qəbul edəcək. "Santyaqo Bernabeu" stadionundakı matçın baş hakimi italiyalı Daniele Orsato olacaq.
Komandalar arasında Mançesterdə keçirilmiş ilk oyunda "şəhərlilər" 4:3 hesablı qələbə qazanıb. Cütün qalibi finalda İngiltərə "Liverpul"u ilə üz-üzə gələcək.
Bu gün UEFA Çempionlar Liqasında ilk finalçı bəlli olacaq.
"Yarımfinal mərhələsinin cavab oyununda "Vilyarreal" İspaniyada İngiltərə "Liverpul"unu qəbul edəcək. Mersisayd təmsilçisi ilk matçda 2:0 hesablı qələbə qazanıb.
"Estadio de la Keramika" stadionundakı qarşılaşmanı niderlandlı Danni Makkeli idarə edəcək. Görüş öncəsi qonaqların heyətində itki yoxdur. Meydan sahiblərində isə Alberto Moreno və Yeremi Pino zədə səbəbindən meydana çıxmayacaqlar.
UEFA Çempionlar Liqası, yarımfinal
Cavab oyunu
3 may
23:00. "Vilyarreal" (İspaniya) - "Liverpul" (İngiltərə)
Baş hakim: Danni Makkeli (Niderland)
Vilyarreal, "Estadio de la Keramika" stadionu
Qeyd edək ki, digər yarımfinal matçı mayın 4-də "Real Madrid" (İspaniya) və "Mançester Siti" (İngiltərə) komandaları arasında olacaq. İngiltərədəki ilk oyunda "şəhərlilər" 4:3 hesablı qələbə qazanıb.
Azərbaycanın qadın futbolçulardan ibarət milli komandasının 2023-cü il dünya çempionatının Avropa təsnifat mərhələsində Rusiya ilə keçirdiyi oyunlarının nəticələri ləğv olunub.
Bu, UEFA İcraiyyə Komitəsinin Rusiyaya tətbiq etdiyi yeni sanksiyalar nəticəsində baş verib.
Qərara əsasən, Rusiyanın qadınlardan ibarət yığması Danimarka, Bosniya və Herseqovina, Malta və Azərbaycanla birgə yer aldığı E qrupundan kənarlaşdırılıb. Bu komandanın apreldə Monteneqro və Malta ilə planlaşdırılmış 2 seçmə oyunu baş tutmayıb. Qonşu ölkə millisi seçmə mərhələdəki növbəti matçlarının da heç birinə buraxılmayacaq və bütün nəticələri qüvvədən düşmüş sayılacaq. Beləliklə, E qrupunda 6 deyil, 5 komanda yer alacaq.
Qeyd edək ki, Azərbaycan millisi Rusiyaya səfərdə 0:2, evdə isə 0:4 hesabı ilə uduzmuşdu.
Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start veriləcək.
Report məlumatına görə, ilk oyun günündə 1 qarşılaşma keçiriləcək.
Gecənin yeganə matçında İspaniya "Real Madrid"i İngiltərədə turnirin son finalçısı "Mançester Siti"nin qonağı olacaq. "Etihad" stadionundakı görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Oyunu rumıniyalı referi İştvan Kovaç idarə edəcək. Ona yan xətt hakimləri Vasile Florin Marinesku və Ovidiu Artene köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə isveçrəli Sandro Şerer yerinə yetirəcək.
"Şəhərlilər"dən Joau Kanselu cəzalı olduğu üçün oynaya bilməyəcək. Kayl Uoker və Con Stounzun isə meydana çıxmaları sual altındadır. "Kral klubu"nda Eden Azar, Luka Yoviç və Mariano Dias zədə səbəbindən matçı buraxacaq. David Alaba və Kazemironun isə bu görüşdə iştirak edib-etməyəcəyi dəqiq bilinmir.
Komandalar arasında cavab qarşılaşması mayın 4-də olacaq.
UEFA Çempionlar Liqası, yarımfinal
İlk oyun
26 aprel
23:00. "Mançester Siti" (İngiltərə) - "Real Madrid" (İspaniya)
Baş hakim: İştvan Kovaç (Rumıniya)
Mançester, "Etihad" stadionu
Qeyd edək ki, digər yarımfinal matçı aprelin 27-də İngiltərədə "Liverpul" və İspaniya "Vilyarreal"ı arasında baş tutacaq.
Azərbaycanda Olimpiya Kompleksində 15 idmançı qidadan zəhərlənib.
Bu barədə rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, aprelin 25-i saat 12 radələrində Göygöl Rayon Mərkəzi Xəstəxanasından 15 nəfər şəxsin dəqiqləşdirilməmiş “qida zəhərlənməsi” diaqnozu ilə müraciət etməsi barədə Göygöl Rayon Prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla müəyyən edilib ki, cüdo idman növü üzrə Azərbaycan çempionatına hazırlıq məqsədilə Göygöl Rayon Olimpiya İdman Kompleksində təşkil olunan təlim-məşq toplanışında iştirak edən müxtəlif bölgələrdən olan 15 nəfər gənc idmançı qeyd edilən tarixdə ürəkbulanma, hərarət və qusma əlamətləri ilə xəstəxanaya müraciət edib.
Daha sonra həmin şəxslər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Zəhərlənmənin hansı səbəbdən baş verməsini müəyyən etmək məqsədilə müvafiq nümunələr götürülərək laborator müayinəsinə göndərilib.
Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.
Bu gün azərbaycanlı məşqçi Qurban Qurbanovun yubileyi – 50 yaşı tamam olur.
Oxu.az xəbərinə görə, Q.Qurbanov 13 aprel 1972-ci ildə Zaqatalanın Aşağı Tala kəndində anadan olub.
Altıuşaqlı ailənin sonuncu övladı olan Qurban Qurbanov uşaq vaxtlarından futbolla məşğul olmağa başlayıb. Həvəskar futbolçu karyerasına 1988-ci ildə Mingəçevirin “Kür” komandasında başlayan Q.Qurbanov Gürcüstanın “Mertskali” komandasında çıxış edib.
Onun peşəkar karyerası isə doğma Zaqatalanın “Daşqın” komandası ilə başlayıb. Daha sonra onun karyerası “Alazani” (Gürcüstan), “Turan” (Tovuz), “Kür-Nur” (Mingəçevir), “Neftçi”, “Dinamo” (Stavropol, Rusiya), “Baltika” (Rusiya), “Fakel” (Rusiya), “Neftçi”, “Fakel” (Rusiya), “Volqar-Qazprom” (Rusiya), “Neftçi” və “İnter” komandalarında davam edib. Göründüyü kimi, üç dəfə yolu Azərbaycanın ən köklü klubu “Neftçi” ilə kəsişən Q.Qurbanov hücumçu kimi peşəkar klub karyerasında 400-dən çox rəsmi oyun keçirib, 180-dən çox qol vurub. Bu müddətdə “Turan”la 1, “Neftçi” ilə 3 dəfə Azərbaycan çempionu olub. 1996/97 mövsümündə “Neftçi”də çıxış etdiyi vaxt çempionatın ən çox qol vuran futbolçusu ünvanına sahib çıxıb.
1992-2005-ci illərdə Azərbaycan millisində çıxış etmiş Q.Qurbanov 68 oyuna 14 qol vurub. Bu nəticə ilə o, indiyədək Azərbaycan millisinin ən sərrast futbolçusu adını qoruyub saxlayır. 1993-cü ildə İranın paytaxtı Tehranda keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatı üzvlərinin turnirində Qazaxıstan U-21-i ilə görüşdə dubl edib. Bundan sonra ardıcıllıqla Farer adaları, Belarus, Türkmənistan, Lixtenşteyn, Estoniya, Lixtenşteyn, Serbiya və Çernoqoriya (3 qol), Moldova, Özbəkistan və Latviyada qollar vurub. Təbii ki, bu qollar içərisində ən yadda qalanı AVRO-2004-ün seçmə mərhələsi çərçivəsində ovaxtkı Serbiya və Çernoqoriyanın qapısına hər iki oyunda yol tapması olub.
Futbolçu karyerasını bitirdikdən sonra “İnter” klubunda (indiki “Şamaxı”) idman direktoru kimi işə başlayan Q.Qurbanov “Neftçi”də 2006-2007-ci illərdə baş məşqçi işləyib. O, 2008-ci ildən türkiyəli məşqçi Rasim Karanı əvəzləyərək “Qarabağ”a baş məşqçi təyin olunub. Bu müddətdə o, “Qarabağ”a 7 dəfə çempionluq yaşadıb, 4 dəfə Azərbaycan kubokunu qazandırıb. 2017/18 mövsümündə “Qarabağ”la Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandırmaqla Azərbaycanda bu nəticəyə imza atmış ilk və hələ ki yeganə baş məşqçi kimi tarixə düşüb.
"Komandada xarakter problemi var. Həmişə uduzursansa, daha az boyun əyməli, daha çox qürur və qətiyyət nümayiş etdirməlisən. Hələlik buna təsir edə və ruhumu qorxaq komandaya vermək gücündə deyiləm".
"Report" xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İtaliya mətbuatına müsahibəsində deyib.
66 yaşlı mütəxəssis yoldaşlıq görüşlərində Malta və Latviyaya 0:1 hesabı ilə uduzduqlarını xatırladıb: "Vaxtın çox az olması problemdir. Buna baxmayaraq komandada yeni sistemi sınadıq. Milli komandaların problemləri var, 12 gün ərzində UEFA Millətlər Liqasında 4 oyun keçirəcəyik. Bunu edə biləcək oyunçularım yoxdur, bəzi şeylər bizi təəccübləndirir".
De Byazi Azərbaycan seçməsini Albaniya yığması ilə də müqayisə edib: "Hazırda Albaniya millisində hər şey yaxşıdır, keyfiyyətləri var. Qarşımdakı müəyyən çatışmazlıq isə budur ki, biz birlikdə qurduğumuzu həyata keçirmək üçün var qüvvəmizlə mübarizə aparırıq. Hazırda bunun üzərində işləyirəm. Hazırda istəyimi müəyyən müddətə gerçəkləşdirmək üçün mənə vaxt verilib".
Qeyd edək ki, Canni De Byazi 2020-ci ildən Azərbaycan yığmasına rəhbərlik edir.