![]() |
|
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının 7-ci yarış günündən sonra Azərbaycanın aktivindəki medalların sayı 28-ə yüksəlib.
"Report xəbər verir ki, medallardan 7-si qızıl, 10-u gümüş, 11-i bürünc əyarlıdır.
Bu nəticə ilə Azərbaycan Qazaxıstanı da geridə qoyaraq, iştirakçı ölkələrin ümumi sıralamasında 4-cü pilləyə yüksəlib. İlk 3 pillədə medal əyarında müvafiq olaraq, Türkiyə 89 (34 qızıl, 30 gümüş, 25 bürünc), İran 39 (15 qızıl, 14 gümüş, 10 bürünc) və Özbəkistan 39 (11 qızıl, 10 gümüş, 18 bürünc) medalla qərarlaşıb.
İndiyədək ümumilikdə 56 ölkədən 35-i medal qazana bilib.
Qeyd edək ki, Azərbaycan yığması medallarını 6 növdə – güləş (4 qızıl, 4 gümüş, 5 bürünc), taekvondo (1 qızıl, 2 gümüş, 2 bürünc), idman gimnastikası (1 qızıl, 2 gümüş, 1 bürünc), atletika (1 qızıl, 2 gümüş), para-oxatma (2 bürünc) və ağırlıqqaldırmada (1 bürünc) əldə edib.
Xəbər verdiyimiz kimi, UEFA Konfrans Liqasının III təsnifat mərhələsində keçirilən oyunda "Neftçi”-"Rapid”ə (0:2) uduzaraq mübarizəni dayandırdı.
Oyundan videoicmalı təqdim edir
"Neftçi" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxıb.
"Ağ-qaralar" Avstriyada "Rapid" klubunun qonağı olub.
"Allianz" stadionunda keçirilən görüş meydan sahiblərinin üstünlüyü ilə başlayıb. 12-ci dəqiqədə "Rapid"in futbolçusu Nikolas Gerrit-Kün qapıçı İvan Brkiçlə təkbətək çıxsa da, topu qapının yanından vurub.
"Neftçi" 20-ci dəqiqədə itki ilə üzləşib. Zədələnən Azər Salahlının yerinə meydana Mert Çelik daxil olub. 7 dəqiqə sonra Vyana təmsilçisi növbəti dəfə hesabı açmağa yaxın olub. Ante Bayiçin zərbəsindən sonra top dirəyə dəyib. Ardınca, Mamadu Mbodj qola mane olub. Daha sonra Gerrit-Künün zərbəsi də qapı dirəyinə tuş gəlib.
37-ci dəqiqədə Kenni Sayefin fərqlənməsinə rəqib qapıçı Niklas Hedl imkan verməyib. 41-ci dəqiqədə "ağ-qaralar"ın təhlükəli hücumunda dəqiqlik çatmayıb. İlk hissə qolsuz bərabərliklə başa çatıb.
İkinci yarının əvvəlində də meydan sahibləri ardıcıl hücumlar qurub. 58-ci dəqiqədə Sayef əks-hücum zamanı 100 faizlik qol şansını boşa verib. Əvəzində 66-cı dəqiqədə "Rapid"in oyunçusu Marko Qrüll hesabı açıb. 71-ci dəqiqədə Sayef ikinci dəfə qapıçı ilə təkbətək qalsa da, bərabərlik qolunu vura bilməyib. 8 dəqiqə sonra Mboc topu qapı xəttindən çıxarmağa müvəffəq olub.
Qarşılaşmanın əsas vaxtı rəqibin 1:0 hesablı qələbəsi ilə bitib. Bakıdakı ilk görüşdə Azərbaycan təmsilçisi 2:1 hesablı qələbə qazandığı üçün əlavə vaxta ehtiyac duyulub. 92-ci dəqiqədə Emin Mahmudovun cərimə zərbəsindən fərqlənməyə yaxın olsa da, top qapı dirəyinə dəyib. 100-cü dəqiqə zədələnən Kenni Sayefi isə Azər Əliyev əvəzləyib. 6 dəqiqə sonra isə Mboc yerini Ömər Buludova verib. "Rapid" 112-ci dəqiqədə Ferdi Druifun qolu sayəsində fərqi daha da artırıb.
Beləliklə, rəqibinə 0:2 hesabı ilə uduzan "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşıb
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının 6-cı yarış günündən sonra Azərbaycanın aktivindəki medalların sayı 13-ə yüksəlib.
"Report" xəbər verir ki, medallardan 5-i qızıl, 5-i gümüş, 3-ü bürünc əyarlıdır.
Bu nəticə ilə Azərbaycan iştirakçı ölkələrin ümumi sıralamasında 5-ci pillədə yer alıb. İlk 4 pillədə medal əyarında müvafiq olaraq, Türkiyə 54 (22 qızıl, 18 gümüş, 14 bürünc), İran 27 (8 qızıl, 12 gümüş, 7 bürünc), Qazaxıstan 15 (6 qızıl, 1 gümüş, 8 bürünc) və Özbəkistan 23 (5 qızıl, 6 gümüş, 12 bürünc) medalla qərarlaşıb.
İndiyədək ümumilikdə 56 ölkədən yarısı - 28 ölkə medal qazana bilib.
Qeyd edək ki, Azərbaycan yığması medallarını 4 növdə - güləş (3 qızıl, 2 gümüş, 1 bürünc), taekvondo (1 qızıl, 1 gümüş, 2 bürünc), atletika (1 qızıl, 1 gümüş) və idman gimnastikasında (1 gümüş) əldə edib.
Bu gün “Neftçi” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxacaq.
Komanda Avstriyada “Rapid” klubunun qonağı olacaq.
Vyanada “Allianz” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.
UEFA Konfrans Liqası
III təsnifat mərhələsi, cavab oyunu
11 avqust
22:30. “Rapid” (Vyana, Avstriya) – “Neftçi” (Azərbaycan)
Qeyd edək ki, avqustun 4-də Bakıda keçirilən ilk qarşılaşmada “Neftçi” 2:1 hesablı qələbə qazanmışdı.
Çempionlar Liqasının pley-off mərhələsində Çexiyanın "Viktoriya" (Plzen) klubu ilə qarşılaşacaq "Qarabağ"ın oyunlarının təqvimi açıqlanıb.
UEFA-nın rəsmi saytı xəbər verir ki, Ağdam təmsilçisi ilk görüşünü avqustun 17-də Bakıda keçirəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyun saat 20:45-də başlayacaq.
Komandalar arasında cavab qarşılaşması isə avqustun 23-də Plzendə olacaq. Matç Bakı vaxtı ilə saat 23:00-da sart götürəcək.
Qeyd edək ki, "Qarabağ" 3-cü təsnifat mərhələsində Macarıstanın "Ferentsvaroş" klubunu (1:1,1:3) mübarizədən kənarlaşdırıb.
Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarında iştirak edən 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk qələbəsini qazanıb.
AFFA-nın rəsmi saytı xəbər verir ki, buna səbəb yığmanın B qrupunda bu gün qarşılaşmalı olduğu İran seçməsinin oyuna gəlməməsidir.
Qarşılaşma baş tutmayacaq və rəqibə texniki məğlubiyyət veriləcək.
Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk matçında Səudiyyə Ərəbistanına 0:1 hesabı ilə uduzub.
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin Macarıstandakı cavab oyununda “Ferentsvaroş” klubuna 3:1 hesabı ilə qalib gələn “Qarabağ” Bakıya qayıdıb.
“Report” məlumatına görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda “köhlən atlar”ı azarkeşlər qarşılayıblar.
Qeyd edək ki, “Qarabağ” (Ağdam) komandası UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində cavab oyununa çıxıb. “Qarabağ”ın rəqibi Macarıstan çempionu “Ferentsvaroş” klubu olub. Budapeştdəki “Groupama Arena”da oynanılan matç Azərbaycan çempionunun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Beləliklə, üçüncü təsnifat mərhələsinin ilk qarşılaşmasında Bakıda Macarıstanın çempionu ilə 1:1 hesablı heç-heçə edən Qurban Qurbanovun yetirmələri Budapeştdə rəqibə qalib gəlib və iki oyunun nəticəsinə görə növbəti mərhələyə yüksəlib.
Azərbaycan təmsilçisinin növbəti - pley-off mərhələsindəki rəqibi Moldovanın “Şerif” komandasından 2:1 hesabı ilə üstün olan Çexiyanın “Viktoriya” komandası olacaq. Bu cütün qalibi isə Çempionlar Liqasının qrup mərhələsində oynayacaq. Pley-off mərhələsinin ilk matçları avqustun 16-17-də, cavab görüşləri isə avqustun 23-24-də təşkil olunacaq.
Xəbər verdiyimiz kimi, bu gün “Qarabağ” UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində cavab oyununa çıxacaq.
Komandamız Macarıstanda “Ferentsvaroş” klubu ilə qarşılaşacaq. Qarşılaşmanı FIFA referisi Karlos del Serro idarə edəcək.
Mərhələni keçən komanda UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edəcək.
UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, cavab oyunu
9 avqust
22:00. “Ferentsvaroş” (Macarıstan) – “Qarabağ” (Azərbaycan)
Hakimlər: Karlos del Serro, Xose Naranxo, Qonsalo Qonsales, Migel Anxel Ortis Arias (hamısı İspaniya)
VAR hakimləri: Xavyer Estrada Fernandes, İqnasio İqlesias Vilyanueva
Budapeşt, “Groupama Arena”.
"Səfərə çox böyük inamla və çəkinmədən gedirik".
Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Ferentsvaroş"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu üçün Macarıstana yollanmamışdan əvvəl Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.
50 yaşlı mütəxəssis son dəqiqəyədək yaxşı oyun üçün mabarizə aparmağa çalışacaqlarını bildirib: "Oyunla bağlı çox düşünüləsi bir şey yoxdur. Bilirik ki, hər şey səfərdə həll olunmalıdır. Vaxtımız az olsa da, matça hazırlığımız pis getməyib. Futbolçularıma inanıram. Çox yaxşı oyun göstərmək niyyətindəyik".
Qurbanov rəqibin həm hücum, həm də müdafiə potensialının yaxşı olduğunu vurğulayıb: "Hər mövqedə bacarıqlı oyunçuları var. Onları daha yaxından tanıdığımız üçün rahatıq. Bu bizə bir az rahatlıq verə bilər. Amma matçın gedişində gərgin oyun alına bilər. Biz Bakıdakı görüşdə də bir-birimizə oynamaq üçün imkan vermirdik. Düşünürəm ki, Macarıstanda çox hərəkətli qarşılaşma baş tutacaq".
Təcrübəli baş məşqçi hələlik yarımmüdafiə xəttində kimin oynayacağına tam qərar vermədiyini söyləyib: "Oyunçuların sabahkı durumlarına da baxacağıq. Bu gün axşam orada yüngül məşqimiz olacaq. Oyunadək qərar verəcəyik. Futbolçuların hazırlığına sabah da diqqət yetirəcəyik".
Mütəxəssis penaltilərə xüsusi vaxt ayırmadıqlarını diqqətə çatdırıb: "Amma il boyu bunun üçün hazırlıq gedir. Futbolçular bəzi məşqlərdən sonra penaltilər vururlar. İstəyirik ki, hər şey 90 dəqiqədə həll olunsun".
Qurbanov hər mövqedə etibarlı çıxış etmək istədiklərini deyib: "Hər bir komandanın müdafiəsində açıq zonalar olur. Biz daim buna diqqət yetiririk və boşluqları aradan qaldırmağa çalışırıq. Sabah mütləq yaxşı mübarizə aparmalıyıq. Son saniyələrədək bunu bacarmalıyıq. Rəqib azarkeşlərinin önündə oynadığı üçün bir az üstünlüyə malik ola bilər".
Qeyd edək ki, avqustun 9-da oynanılacaq "Ferentsvaroş" – "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bakıdakı ilk oyunda qalib müəyyənləşməyib – 1:1.