UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunlarından sonra 2022/23 mövsümündə turnirdə ən çox qol vuran komandaların siyahısını açıqlayıb.

“Ən yaxşılar arasında Azərbaycan təmsilçisi “Qarabağ”da var. Ağdam klubu yeni mövsümdə çıxdığı 5 matçda ümumilikdə 11 qol vurub. “Qarabağ”ın 3-cü mərhələdəki rəqibi “Ferentsvaroş” da 11 qola imza atıb. Ona görə də “Qarabağ” Macarıstan təmsilçisi ilə birlikdə sıralamada 3-cüdür.

1-ci yerdə Norveç “Bodo Qlimt”idir - 17 qol. “Vikinqur” (İslandiya) isə 2-ci pillədə yer alıb - 12 qol.

“Qarabağ” künc zərbələrinin sayına görə liderdir. Onlar 5 matçda 38 dəfə künc zərbəsi yerinə yetiriblər.

Bunu da qeyd etmək lazımdır ki, Azərbaycan təmsilçisi ən çox kobudluğa məruz qalan və ən çox faul edən komandadır. 71 dəfə qayda pozan “Qarabağ”a qarşı 74 dəfə də qayda pozulub.

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək.

Köhlən atlar” III təsnifat mərhələsinin ilk matçında Macarıstanın “Ferentsvaroş” klubunu qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Görüşün baş hakimi isveçli Andreas Ekberq olacaq.

Ağdam təmsilçisi oyuna ciddi itkilərlə çıxacaq. Kevin Medina zədəli, Kadi Borges və Riçard Almeyda isə cəzalı olduqları üçün Macarıstan çempionuna qarşı ilk matçı buraxacaqlar. Qonaqlardan isə Henri Vinqo zədə səbəbindən meydana çıxa bilməyəcək.

Komandalar arasında cavab oyunu avqustun 9-da Budapeştdə keçiriləcək.

UEFA Çempionlar Liqası

III təsnifat mərhələsi, ilk oyun
3 avqust

20:00. “Qarabağ” (Azərbaycan) – “Ferentsvaroş” (Macarıstan)
Hakimlər: Andreas Ekberq, Mehmet Çulum, Niklas Nyuberq, Adam Ladebek (hamısı İsveç)

VAR hakimləri: Yohem Kamfus, Rob Diperink (hər ikisi Niderland)
Tofiq Bəhramov adına Respublika stadionu

Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində “Şerif” (Moldova) – “Viktoriya” (Plzen, Çexiya) cütünün güclüsü ilə üz-üzə gələcək. Bu komandalar arasında Moldovanın paytaxtı Kişineuda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbə qazanıblar. “Qarabağ” – “Ferentsvaroş” cütündə uduzan komanda isə UEFA Avropa Liqasının pley-offunda “Şemrok Rovers” (İrlandiya) – “Şkupi” (Şimali Makedoniya) cütünün məğlubu ilə görüşəcək.

Peşəkar Futbol Liqası (PFL) qurumun prezidenti Ramin Musayevin istefası ilə bağlı məlumat yayıb.

PFL-in rəsmi saytı xəbər verir ki, funksioner səhhəti ilə əlaqədar postunu tərk edib.

14 ildir PFL prezidenti olan Ramin Namaz oğlu Musayev 2004-cü ildən futbol fəaliyyəti ilə məşğul olur. 2004-cü ilin aprelində “Neftçi” PFK-nin icraçı direktoru, həmin ilin noyabr ayından isə vitse-prezidenti təyin olunub. “Ağ-qaralar”da işlədiyi müddətdə komanda ilə Azərbaycan çempionu adına yiyələnib, avrokuboklarda mərhələlər keçib, 2006-cı ildə Birlik Kubokunun ilk qalibi olub.

2008-ci il iyulun 2-də AFFA-da keçirilən səsvermənin nəticəsinə əsasən, yeni yaradılan Peşəkar Futbol Liqasının ilk prezidenti seçilib və vəzifəsini 4 il icra edib. Yeni vəzifəyə seçildikdən sonra o, “Neftçi” klubundakı vitse-prezident postunu tərk edib.

2012-ci il iyulun 3-də AFFA-nın inzibati binasında AFFA prezidenti Rövnəq Abdullayev və klub rəhbərlərinin iştirakı ilə keçirilən növbəti seçkidə yekdilliklə ikinci müddətə Peşəkar Futbol Liqasının prezidenti seçilib. Ramin Musayev PFL-in 5 iyul 2016-cı il və 14 sentyabr 2020-ci il tarixli seçkilərinin də qalibi olub.

***

Ramin Musayev Peşəkar Futbol Liqasının prezidenti vəzifəsindən istefa verib.

Qol.az verdiyi xəbərə görə, o, yaxın ətrafına səhhəti ilə əlaqədar vəzifəsini tərk etdiyini açıqlayıb.

Bununla əlaqədar, o, bu gün Premyer Liqada yarışan klub nümayəndələri ilə görüşür.

Yaxın saatlarda bununla bağlı rəsmi açıqlama veriləcəyi gözlənilir.

Qeyd edək ki, 2008-ci ildən PFL-in prezidenti vəzifəsində çalışırdı.

"Qarabağ"ın Macarıstan "Ferentsvaroş"una qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununun vaxtı açıqlanıb.

"Köhlən atlar"ın rəsmi feysbuk səhifəsi xəbər verir ki, avqustun 3-də Tofiq Bəhramov adına Respbulika stadionundakı qarşılaşma saat 20:00-da başlayacaq.

Cavab görüşü avqustun 9-da Budapeştdə olacaq.

Çempionlar Liqasının pley-off mərhələsinin potensial cütlükləri müəyyənləşib.

Oxu.az xəbər verir ki, 1, 2 və 3-cü mərhələdə “səpələnmişlər” sırasında olan Azərbaycan çempionu “Qarabağ” bu dəfə “səpələnməmişlər” səbətində yer alacaq. “Qarabağ” - “Ferensvaroş” (Macarıstan) cütünün qalibinin rəqibi pley-offda aşağıda qeyd edilən bu komandalardan biri olacaq:

“Ludoqorets” (Bolqarıstan) - “Dinamo” (Zaqreb, Xorvatiya) cütünün qalibi

“Kopenhagen” (Danimarka)

“Şerif” (Moldova) - “Viktoriya” (Çexiya) cütünün qalibi

“Səpələnmişlər” səbətində yer alan “Srvena Zvezda” (Serbiya) - “Pünik” (Ermənistan) cütünün qalibi isə Azərbaycan çempionuna potensial rəqib ola bilməyəcək.

Pley-off mərhələsinin püşkatması avqustun 2-də keçiriləcək.

Qeyd edək ki, “səpələnməmişlər” səbətində “Qarabağ” - “Ferensvaroş” cütlüyü ilə yanaşı bu klublar da yer alıb:

“Bude-Qlimt” (Norveç) - “Jalqris” (Litva) cütü

“Makkabi” (Hayfa, İsrail) - “Apollon” (Kipr) cütü

“Trabzonspor” (Türkiyə)

“Bir az bəxtimiz gətirsəydi, qalib gələ bilərdik”.

“Report”məlumat verir ki, bunu “Sürix”in baş məşqçisi Franko Foda İsveçrədə “Qarabağ”la əlavə vaxtda 2:2 hesablı heç-heçə etdikləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu barədə danışarkən deyib.

56 yaşlı mütəxəssis buraxdıqları ilk qolda pis müdafiə olunduqlarını bildirib:

“Futbolçulara belə vəziyyətlərdə diqqətli olmalarını söyləmişdik. Bu qədər asanlıqla qol buraxmamalısan. Biz daha yaxşısını etməliydik. Matçın əsas vaxtından sonra hər şey xeyrimizə idi. Lakin sevinc çox çəkmədi. Sadə top itkisinə yol verdik və rəqib bizi əks-hücumda yaxaladı”.

Foda nəticəyə görə məyus olduğunu söyləyib:

“Hesab 1:1 olarkən mübarizə apardıq. Əlavə vaxtın ilk hissəsində qol buraxmaq isə ayıbdır”.

Qeyd edək ki, Bakıda “Sürix”i 3:2 hesabı ilə məğlub edən “Qarabağ” səfərdəki matçın əsas vaxtında rəqibinə 1:2 hesabı ilə uduzub. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda əlavə vaxtda vurduğu qol sayəsində növbəti raunda yüksəlib - 2:2. “Köhlən atlar” Çempionlar Liqasının III təsnifat mərhələsində Macarıstanın “Ferentsvaroş” klubu ilə üz-üzə gələcək. İlk qarşılaşmalar 2-3 avqustda, cavab matçları isə 9 avqustda olacaq.

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Qarabağ"ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə yüksəlməsinə münasibət bildirib.

 Ağdam klubunun sabiq kapitanı "köhlən atların"ın İsveçrə təmsilçisi "Sürix"i mübarizədən kənarlaşdırdığı oyundan sonra rəsmi instaqram səhifəsində komandanın baş məşqçisi Qurban Qurbanovla fotosunu paylaşıb.

"Azərbaycana sənin kimi oğul verdiyinə görə Allaha nə qədər şükür etsək, yetməz!" - deyə o paylaşımında qeyd edib.

Qeyd edək ki, "Qarabağ" Bakıdakı ilk matçda "Sürix"ə 3:2 hesabı ilə qalib gəlmişdi. Cavab oyununda da Ağdam təmsilçisi İsveçrə çempionunu məğlub edərək növbəti mərhələyə adlayıb.
323945

"Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxıb.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda İsveçrədə "Sürix"lə qarşılaşıb. "Letsiqrund" stadionunda oynanılan görüşü FIFA prezidenti Canni İnfantino da izləyib. Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb.

 

Hesab erkən qolla açılıb. 4-cü dəqiqədə Maksim Medvedev sağ cinahdan ötürülən topu öz qapısından keçirib. Buraxılan qola baxmayaraq, “Qarabağ” öz oyun üslubundan qopmayıb. 7-ci dəqiqədə Riçard Almeydanın zərbəsini Yanik Brexer çətinliklə dəf edib. Az sonra Kevin Medina təhlükəli ötürmənin qarşısını kəsməklə, 2-ci qolun vurulmasına mane olub. 22-ci dəqiqədə Şahruddin Məhəmmədəliyev Antonio Markesanonun başla vurduğu topu tutub. 4 dəqiqə sonra Abdullah Zubir qapıçı ilə təkbətək qalsa da, zərbəsində dəqiqlik çatmayıb. Ardınca isə Marko Yankoviçin zərbəsi qapıdan aralı keçib. Qonaqların növbəti hücumu zamanı Ramil Şeydayev əlverişli vəziyyətdə topu qapıdan keçirə bilməyib. İlk hissənin sonlarına yaxın Medina zədələnib. Oyunu davam etdirə bilməyən 29 yaşlı futbolçu Bədavi Hüseynovla əvəzlənib. “Qarabağ” fasiləyə minimal hesablı məğlubiyyətlə yollanıb. 

İkinci yarıya da komandalar qarşılıqlı hücumlarla başlayıblar. Əvvəlcə Şeydayev sürəti hesabına müdafiəçiləri geridə qoyub Brexerlə üzbəüz qalsa da, zərbəsi istənilən kimi alınmayıb. Ardınca isə standart vəziyyət zamanı “köhlən atlar”ın qapısı qarşısında təhlükə yaşanıb. Amma rəqib futbolçulardan topa toxunan olmayıb. 55-ci dəqiqədə isə “Qarabağ” hesabı bərabərləşdirib. Şeydayevin sağ cinahdan ötürməsindən sonra rəqib müdafiəçilərin səhvindən istifadə edən Kadi Borges tarazlığı bərpa edib. 76-cı dəqiqədə braziliyalı yarımmüdafiəçi künc nöqtəsindən topu birbaşa qapıya göndərsə də, qolkiper qola mane olub. Matçın sonlarına doğru Sürix təmsilçisi təzyiqi artırıb. 80-ci dəqiqədə meydanda futbolçular arasında insident baş verib. Maksim Medvedevin zədələnməsindən sonra "Sürix"in futbolçuları hakimə etiraz ediblər. Bu zaman Ayequn Tosin Markoviçi sinəsindən itələyərək yerə yıxsa da, referi futbolçunu cəzalandırmayıb. Oyuna davam edə bilməyən Medvedev isə Bəhlul Mustafazadə ilə əvəzlənib. “Sürix”in çoxsaylı hücumları əsas vaxta əlavə olunmuş 6-cı dəqiqədə öz bəhrəsini verib. İvan Santini müdafiədəki səhvdən yararlanaraq, Azərbaycan çempionunu 2-ci dəfə meydanın mərkəzinə dəvət edib. Beləliklə, Bakıdakı ilk oyunda “Qarabağ” 3:2 hesablı qələbə qazandığından, qalibi müəyyənləşdirmək üçün əlavə vaxt oynanılıb. 

97-ci dəqiqədə Kvabena Ovusu qapıçı ilə üzbəüz dueldən məğlub ayrılsa da, cəmi 1 dəqiqə sonra hesaba yenidən tarazlıq gətirib. Az sonra meydanda yenidən gərginlik baş verib. Ramil Şeydayevə qarşı kobudluqdan sonra Qurban Qurbanov görüşün baş hakimi Allard Lindhauta etiraz edib. Bu isə meydanın sahiblərinin qaydanı pozan oyunçusu Fidan Alitiyə xoş gəlməyib və o, 50 yaşlı mütəxəssisin etirazına sərt reaksiya verib. Qurbanov futbolçunu sakitləşdirərək, ona barmağı ilə "Əla" işarəsi göstərib. "Qarabağ"ın tərcüməçisi Aydın Rüstəmov isə "Sürix"in baş məşqçisi Franko Fodaya yaxınlaşaraq, ona öz iradlarını bildirib və oyunçunun hörmətsizlik etdiyini vurğulayıb. 111-ci dəqiqədə İvan Santini qonaqları 3-cü dəfə cəzalandıra bilərdi. Lakin xorvatiyalı forvard qapı qarşısında topa toxuna bilməyib. 2 dəqiqə sonra Şahruddin Məhəmmədəliyev rəqibin real qol epizodunun qarşısını alıb. Ardınca isə Zubirin zərbəsi qapı dirəyindən geri qayıdıb. Fransalı yarımmüdafiəçi 120-ci dəqiqədə də qol yaxın olub. Lakin onun vurduğu top qapıdan azca aralı keçib. Matçın sonlarına yaxın əzələsi dartılan Marko Veşoviçi Abbas Hüseynov əvəzləyib.

Qalan dəqiqələrdə başqa qol olmayıb və “Qarabağ” səfərdəki heç-heçədən sonra adını III təsnifat mərhələsinə yazdırıb. Ağdam klubunun növbəti raunddakı rəqibi "Slovan" (Bratislava, Slovakiya) - "Ferentsvaroş" (Macarıstan) cütünün qalibi olacaq.

Azərbaycan çempionu mərhələ adlamaqla, ən azı Konfrans Liqasının qrupuna vəsiqəni təmin edib.

***

İsveçrədə UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda üz-üzə gələcək "Sürix" və "Qarabağ"ın start heyətləri açıqlanıb.

Komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaq.

"Sürix": 25. Yanik Brexer 2. Lindrit Kamberi 3. Adrian Gerrero, 6. Fidan Aliti, 8. Ule Selnes, 10. Antonio Markesano, 17. Şeyk Konde, 19. Nikola Boraniyaşeviç, 22. Vilfred Qnonto, 23. Fabian Roner, 31. Mirlind Kryeziu

Ehtiyat oyunçular: 1. Jivko Kostadinoviç, 34. De Nitti, 4. Beçir Omeragiç, 7. Bledian Krasniqi, 9. İvan Santini, 11. Jonatan Okita, 15, Ayequn Tosin, 16. Mark Hornşu, 28. Karol Mets, 33. Ştefan Zayler, 39. Akakiy Qogia

Baş məşqçi: Franko Foda

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 7. Riçard Almeyda, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 20. Kadi Borges, 25. İbrahima Vadji, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 77. Ramil Şeydayev, 81. Kevin Medina

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 2. Qara Qarayev, 6. Julio Romao, 11. Ovusu Kvabena, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov

Baş məşqçi: Qurban Qurbanov

Qeyd edək ki, bu gün "Letsiqrund" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk görüşdə "köhlən atlar" qələbə qazanıb - 3:2.

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulacaq.

Həlledici görüşdə Azərbaycan çempionu “Qarabağ” İsveçrədə “Sürix”in qonağı olacaq.

İlk matçda Bakıda rəqibini 3:2 hesabı ilə məğlub edən Qurban Qurbanovun komandası səfərdə mərhələ adlamağa çalışacaq.

Qeyd edək ki, “Sürix” – “Qarabağ” cütünün qalibi Çempionlar Liqasında “Ferensvaroş” – “Slovan” duelinin güclüsü ilə qarşılaşacaq. İsveçrədəki qarşılaşmada mərhələ keçə bilməyəcək tərəf isə Avropa Liqasında “Linfild” (Şimali İrlandiya) – “Bodo Qlimt” (Norveç) cütünün məğlubi ilə üz-üzə gələcək.

Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunu
27 iyul
21:00. “Sürix” – “Qarabağ”
Baş hakim: Allard Lindhout (Niderland)
Sürix. Letzigrund stadionu
İlk oyun – 2:3

Bakıda intihar hadisəsi baş verib.

“Report” məlumatına görə, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.

1991-ci il təvəllüdlü Yolçu Zeynalov iki həftə əvvəl məişət zəminində mübahisədən sonra özünü asıb. Həmin vaxt o, xəstəxanaya yerləşdirilsə də, ötən müddətdə həyatını xilas etmək mümkün olmayıb.

İntihar edən şəxsin Azərbaycanın boks üzrə yığma komandasının keçmiş üzvü olması müəyyənləşib.

Bu yaxınlarda Y.Zeynalovun toyu olmalı imiş.

Qeyd edək ki, Yolçu Zeynalov 75 kq çəki dərəcəsində mübarizə aparıb.

 

 

 

 

Xəbər lenti