![]() |
|
OPEC+ Alyansında müşahidə edilən fikir ayrılıqları neftin qiymətinə təsirsiz ötüşmədi. Bu həftəyə hər bareli üçün 77 dollar qiyməti ilə start verən Brent markalı neftin qiyməti 73 dollaradək azalıb. Bu neftin qiymətində son 3 gündə 5 faizdən çox azalma deməkdir. Digər tərəfdən, ABŞ dollarının dünya valyuta bazarında möhkəmlənməsi də strateji məhsulların, o cümlədən neftin qiymətinə təsir göstərir. Son 1 ayda dollar avroya nisbətən 4 faizə yaxın dəyər qazanıb. Möhkəm dollar da neft bazarına təsir etməkdədir.
"Yol-xeber.az" xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, OPEC+ Alyansının gələcək taleyi neftin qiymətinin dəyişməsinə birbaşa təsir edəcək:
"Doğrudur, qlobal vaksinasiya səviyyəsinin genişlənməsi, yay aylarında inkişaf etmiş ölkələrdə, xüsusən də Birləşmiş Ştatlarda daxili səfərlər səbəbindən benzinə tələbin artması enerji bazarında qiymətlərin xeyirinə işləyən mövsümi faktorlardandır. Amma bütün hallarda neft bazarında volatilliyin davam edəcəyi şübhəsizdir".
"Enerji məhsulları ixrac edən əksər ölkələr və eləcə də Azərbaycan üçün neft bazarındakı stabillik valyuta daxilolmalarının optimallığı baxımdan vacibdir. Əksər neft ölkələri üçün 1 barel neftin qiymətinin 75-80 dollar intervalında stabilləşməsi iqtisadi baxımdan məqbul hesab olunur. Amma neftin qiyməti yalnız iqtisadi deyil, eyni zamanda siyasi faktorlardan asılı olduğundan istənilən zaman bazarda sıçrayışlar istisna edilmir. Neft bazarındakı son volatillik bir daha təsdiq edir ki, enerji resursları ilə zəngin ölkələr üçün güclü qeyri-neft sektoru formalaşdırmaq alternativsizdir. Prioritet də neft gəlirlərindən asıllığı minimumlaşdırmaqdır", - deyə millət vəkili qeyd edib.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
"Avronun məzənnəsi 0,28% azalaraq 2,0049 manat, Rusiya rublunun məzənnəsi isə 0,87% azalaraq 0,0227 manat, türk lirəsi 0,1% ucuzlaşaraq 0,1956 manat təşkil edib.
ABŞ dollarının məzənnəsi isə dəyişməyərək 1,7000 manat olub.
Dünya birjalarında neft ucuzlaşıb.
ICE London qitələrarası birjasında "Brent" markalı neftin qiyməti 0,05 dollar və ya 0,07% azalaraq 73,38 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində "WTI" neftinin qiyməti 0,17 dollar və ya 0,24% azalaraq 72,03 dollar təşkil edib.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) “Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq “Tibb Texnikasının Təmiri Zavodu” və “Bakı Neftqazmədən Avadanlıqları Zavodu” ASC-lərin özəlləşdirilməsinə dair investisiya müsabiqəsi elan edib.
"Yol-xeber.az" bu barədə nazirliyə istinadən xəbər verir.
Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Tibb Texnikasının Təmiri Zavodu”nun özəlləşdirilməsi üzrə investisiya müsabiqəsində ümumi nominal dəyəri 1 845 056 manat olan 922 528 səhmi satışa çıxarılacaq. Müəssisənin 635 306 manat öhdəlikləri və 273 925 manat debitor borcları var.
Bakının Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən “Bakı Neftqazmədən Avadanlıqları Zavodu”nun özəlləşdirilməsi üzrə keçiriləcək investisiya müsabiqəsində isə satışa çıxarılan səhmlərin ümumi nominal dəyəri 2 930 776 manat, səhmlərin sayı 1 465 388-dir. Müəssisənin 823 436 manat dəyərində öhdəlikləri və 62 971 manatlıq debitor borcları var.
Bu müəssisələrin özəlləşdirilməsi üzrə keçiriləcək investisiya müsabiqəsində iştirak etmək üçün iddiaçılar investisiya qoyuluşunun istiqamətləri, məbləği və müddəti göstərilməklə ümumi həcmi 2,5 milyon manatdan az olmayan investisiya proqramı təqdim etməli, yeni iş yerlərinin yaradılması, istehsal prosesinə müasir texnologiyaların tətbiqi, istehsal olunan məhsulun çeşidinin genişləndirilməsi, yerli xammaldan istifadə olunması ilə bağlı təkliflərini verməlidir. Hər iki səhmdar cəmiyyət üzrə iddiaçılar dövlət büdcəsinə ödəniləcək vəsaitə dair (1 000 000 manatdan az olmamaqla) təkliflərini bildirməlidir. Qalib gələcəyi təqdirdə iddiaçıdan müsabiqənin şərt və tələblərinin icra olunacağına təminat verən 200 000 (iki yüz min) manat məbləğində vəsaitin beh olaraq ödənilməsi tələb olunur.
Müsabiqənin qalibləri nəticələr haqqında protokol təsdiq olunduğu tarixdən 30 gün müddətində səhmdar cəmiyyətin səhmlərinin alqı-satqı müqaviləsini imzalamalı, imzalandığı tarixdən 60 gün müddətində əməkhaqqı və ona bərabər tutulan borclar üzrə ödənişləri həyata keçirməli, təklif etdiyi pul vəsaitini dövlət büdcəsinə köçürməlidir.
Müsabiqədə yerli hüquqi və fiziki şəxslərlə yanaşı, xarici investorlar da iştirak edə bilərlər.
İnvestisiya müsabiqəsinə çıxarılan dövlət əmlakı ilə aşağıdakı link vasitəsilə tanış olmaq olar: (//bit.ly/3qzDgsB, //bit.ly/2SCHWRQ)
İddiaçıların ərizə və təkliflərinin qəbulu 26 iyul 2021-ci il tarixinə qədər iş günləri saat 10:00-dan 17:30-a qədər ƏMDX-da (ünvan: Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, 50) aparılacaq.
Komissiya müsabiqə təkliflərinin qiymətləndirilməsinin ƏMDX-nın inzibati binasında 28 iyul 2021-ci il, müvafiq olaraq saat 11:00-dan və 15:00-dan başlayaraq həyata keçiriləcək.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
"Yol-xeber.az" xəbər verir ki, avronun məzənnəsi 0,4% azalaraq 2,0105 manat, Rusiya rublu 1,3% ucuzlaşaraq 0,0229 manat, türk lirəsinin məzənnəsi 0,15% azalaraq 0,1958 manat təşkil edib.
ABŞ dollarının məzənnəsi isə dəyişməyərək 1,7000 manat olub.
Şuşanın düşməndən azad edilməsinin mənəvi rəmzi olan “Zəfər yolu”nun dövlət başçısının tapşırıq və sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən genişləndirilərək inşası davam etdirilir.
“Yol-xeber.az”nun məlumatına görə, ötən il noyabr ayının 16-da təməli qoyulmuş “Zəfər yolu” cəmi 2 ay ərzində genişləndirilib. Qısa müddət ərzində görülmüş işlər nəticəsində yol boyunca gediş-gəliş təmin olunub.
Dövlət başçısının tapşırığına əsasən, uzunluğu 101 kilometr təşkil edən “Zəfər yolu” Qarabağın inkişaf planı nəzərə alınmaqla 2 hərəkət zolaqlı olmaqla ikinci texniki dərəcəyə uyğun inşa edilir. Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə “Zəfər yolu” Qarabağımızın tacı olan Şuşa şəhərinə qədər uzanır.
Hazırda yolboyu genişmiqyaslı tikinti işləri icra edilir. “Zəfər yolu”na cəlb olunmuş xüsusi texnikaların çevik hərəkətinin təmin olunması məqsədilə yol çiyinlərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi və bununla asfalt-beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilməsi işləri artıq tamamlanıb.
"Zəfər Yolu"nun ilk 6 km-lik hissəsində layihəyə uyğun olaraq yeni yol yatağının inşası, yolun profilə salınması işləri həyata keçirilib və yeni asfalt-beton örtüyünün alt layı çəkilib. Yolun 34-51-ci km-lik hissəsində torpaq işləri, 42-44-cü km-lik hissədə isə torpaq və asfalt-beton işləri başa çatdırılıb.
Eyni zamanda 51-76-cı km-lik hissədə qazma işləri tamamlanıb, yol boyu əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülür, bəzi hissələrdə yol əsasının alt layının tikintisinə də başlanılıb və paralel olaraq asfaltlanma işləri icra olunur. Bunun üçün tikinti ərazisinə lazımi sayda qüvvə cəlb edilib.
Yolun bəzi çətin relyefə malik qayalıq ərazidən keçən hissələrində layihə eninin alınması üçün dağların partladılması üsulu ilə yeni yol yatağı inşa edilir.
Yeni inşa edilən yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə dairəvi boru və düzbucaqlı su keçidləri, həmçinin zəruri olan yerlərdə 3 yeni avtomobil körpüsünün inşası da davam etdirilir. Körpülərin uzunluqları 33, 99 və 75 metr olmaqla yolun 0.6-cı, 26-cı və 57-ci km-lik hissələrində layihələndirilib. Bununla da bu avtomobil yolu ilə rahat gediş-gəliş təmin olunacaq. Artıq layihənin 52-ci km-də, Böyük Tağlar ərazisində yeni körpünün inşa dayaqları inşa edilib.
Tikintinin qısa müddət ərzində icra edilməsini təmin etmək məqsədilə ərazidə yeni düşərgə inşa edilib. Düşərgədə asfalt-beton zavodu, maşın-mexanizmlərin saxlanılması və xidməti üçün xüsusi ərazi, həmçinin işçilər üçün hər bir şəraiti olan ofis, yeməkxana və dincəlmək üçün yerlər qurulub.
İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “16 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” MMC və “7 nömrəli Magistral Yolların İstismarı” MMC ilə subpodratçı olaraq yol tikintisi sahəsində ixtisaslaşmış və ölkəmizdə indiyədək bir neçə layihəni uğurla tamamlamış Türkiyənin “KOLİN” İnşaat Turizm San. və Tic. Anonim Şirkəti və “Azvirt” MMC birgə icra edir.
Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilir.
Qeyd edilən proseslərin həyata keçirilməsi ilə cari ilin sentyabr ayınadək yolun tam olaraq 2 hərəkət zolağı enində asfaltlanaraq istifadəyə verilməsi planlaşdırılır.
İşğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilən “Zəfər yolu” Füzuli və Şuşa şəhərləri də daxil olmaqla sözügedən rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edəcək.
Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin nəqliyyat, rabitə və yüksək texnologiyalar İşçi Qrupu çərçivəsində digər aidiyyəti dövlət qurumları ilə koordinasiyada həyata keçirilən bu yol layihəsi Qarabağın vahid nəqliyyat konsepsiyasının ayrılmaz tərkib hissəsini təşkil edir.
Azərbaycan Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.
Brent neftin qiyməti 2018-ci ilin oktyabrın 29-dan bəri ən yüksək həddə çatıb. Belə ki, iyulun 5-nə planlaşdırılan OPEC+ görüşünün ləğvi neftin qiymətini 77,53 dollara çatdırıb. İclasın hansı tarixdə keçiriləcəyi isə məlum deyil.
Qeyd edək ki, OPEC+ görüşündə avqust-dekabr dövründə neft istehsalının hər ay gündəlik 400 min barel artırılacağı gözlənilirdi.
Sözügedən hadisələrin gedişində neftin hansı həddə qədər bahalaşacağı və hansı həddə qərarlaşacağı sual doğurur.
İqtisadçı ekspert Rəşad Həsənov “Ölkə.az”a açıqlamasında bildirdi ki, daha əvvəl neft hasilatının artırılacağı ilə bağlı xəbərlər nefti qismən ucuzlaşdırsa da, sonradan yenidən artımlar müşahidə olundu. Bazar iştirakçılarına aydındır ki, gündəlik hasilat 400 min barel artırılsa belə, pandemiya riski aradan qalxdığı təqdirdə bazarda ciddi dəyişiklik olmayacaq və dünyada neft rezervlərinin həcmində azalma davam edəcək. Hazırda bazarda tələblə müqayisədə 1-1,2 milyon barel daha az təklif var və hasilatın artımı bunu kompensasiya etməyəcək:
“İkinci faktor İranın bazara daxil olması məsələsi idi. Belə ki, Trampdan sonra nüvə enerjisi ilə bağlı müəyyən saziş məsələsi aktuallaşıb və bu özü də ilk informasiya olaraq bazarda qiymətlərə təsir etdi. Qısa müddətli dövrdə real nəticələrin əldə olunması ehtimalının az olması səbəbindən bazar qiymətlərin artım istiqamətli dinamikasına fokuslanıb. Delta ştammı indiki şərtlər daxilində müəyyən risklər yaratsa da, prosesin sonrakı inkişaf istiqaməti bu gün vaksinasiyanın sürətindən asılı olacaq”.
Ekspertin sözlərinə görə, bugünkü müsbət tendensiya növbəti 7-8 ayda da davam edə bilər və dayanıqlı neft qiymətləri 70-75 dollar ətrafında qərarlaşa bilər. Həmçinin bir sıra faktorların təsiri və virusun yeni versiyalara keçməsi kimi hallar indiki halda nəyisə əvvəlcədən proqnozlaşdırmağı çətinləşdirir. Neft qiymətləri pandmiyadan əvvəlki 2015-2019-cu illərdəki qiymətlərə - 95 dollara çata bilər. Çünki bazarda eyforiya var, dünya rezervləri əhəmiyyətli səviyyədə azalıb. Burada OPEC və OPEC+ ölkələrinin qəbul edəcəyi qərarların təsiri də olacaq. Lakin hələlik proqnozlar pozitiv mərhələdədir”.
R. Həsənov əlavə edib ki, bu gün qlobal iqtisadiyyqat ciddi şəkildə təzyiqlər altındadır. Neftin bahalaşması qlobal iqtisadiyyatın oyunçuları tərəfindən narahatlıqla qarşılanır. Çünki bu, gələcəkdə pandemiyanın təsirlərinin aradan qaldırılması prosesinin gecikməsinə gətirib çıxara, iqtisadiyyatların yenidən 2019-cu il səviyyəsinə çatması müddətini uzada bilər. Bununla bağlı hansısa formada bazara müdaxilə olacaq və qiymətlərin kəskin şəkildə artması, 100 dollar və ya daha çox olmasının qarşısı birbaşa və dolayı yolla alınacaq.
“Neft ölkələri üçün də qiymətlərin artması əlverişli deyil. Çünki bütün dünyada istehsalın maya dəyəri artacaq və dolayısilə neft ölkələri iqtisadiyyatının idxaldan asılı olduğunu nəzərə alaraq həmin iqtisadiyyatların aldığı bütün mal və xidmətlərin dəyərinin artacağını deyə bilərik. Bu da neqativ tendensiyadır və hazırkı vaxtda müəyyən razılaşmalara gəlinəcəyini göstərir”, - deyə ekspert vurğulayıb.
Karantin qaydaları yumşaldıqdan sonra dincəlmək üçün bölgələrə getmək istəyənlərin sayında ciddi artımlar müşahidə edilir.
“Yol-xeber.az” xəbər verir ki, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, monitorinqlər göstərir ki, bölgələrimizdə olan turizm obyektləri qiymətləri pandemiyadan əvvəlki dövrü ilə müqayisədə xeyili yüksəldiblər.
“Bu isə məzuniyyətlərini rayonlarda keçirmək istəyənlər üçün ciddi çətinliklər yaradır. Turizm xidmətlərində qiymət artımların səbəbləri iqtisadi baxımdan aydın olmasa bir sıra sahibkarların pandemiyadan sonra “daha qısa zamanda daha çox gəlir” prinsipi ilə işləməsi danılmazdır.
İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, turizm gəlirlərinin əhəmiyyətli hissəsi daxili turizmin payına düşür. Avropa Birliyində turizm gəlirlərinin 80 faizini daxili turizm hesabına formalaşdırır. Amma bizdə qiymətlərin yüksəlməsi daxili turizmdə imkanları xeyili məhdudlaşdırır”, - o qeyd edib.
Deputat əlavə edib ki, bu bir tərəfdən, sahibkarların qiymətləri artırmaması, əksinə optimallaşdırması üçün daha çox təşviqedici və həmçinin maarifləndirici tədbirlərin həyata keçirilməsi vacibdir: “Digər tərəfdən, turizmdə çalışan sahibkarların xərclərinin azaldılması üçün bir sıra Mərkəzi Şərqi Avropa ölkələrində olduğu kimi vergi güzəştləri də daxil olmaqla xüsusi güzəştlərin tətbiq olunması da məqsədə uyğun olar. Eyni zamanda, qonşu Türkiyədə olduğu kimi ötən əsrin 80-90-cı illərində subsidiyaların verilməsi mexanizminin tətbiqi mümkündür. Bununla da bu sektorda çalışan sahibkarlar xərclərin azaldılmasına nail ola bilər.
Amma bütün bunlar fonunda sahibkarların süni şəkildə tələbin artmasını nəzərə alaraq qiymətləri yüksəltməmələri də vacibdir. Doğrudur tələb artanda əksər hallarda qiymətə təsir edir. Turizmin spesfik sahədə olduğu üçün burada qiymətlərin əlçatan olması vacibdir. Dövlət tərəfindən bu istiqamətdə təşviq mexanizmlərinin genişləndirilməsi, eyni zamanda sahibkarların da korporativ sosial məsuliyyətə uyğun olaraq, daha optimal qiymət təklif etməsinə ehtiyac var ki, vətəndaşlar, xüsusən yay mövsümündə daxili turizmdən faydalanıb istifadə edə bilsinlər”.
Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.
"Yol-xeber.az"ın məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,86 ABŞ dolları və ya 1,12% artaraq 78,35 dollar təşkil edib.
Dünya birjalarında neft qiymətləri artıb.
ICE London qitələrarası birjasında "Brent" markalı neftin qiyməti 0,19 dollar və ya 0,25% artaraq 77,35 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində "WTI" neftinin qiyməti 1,42 dollar və ya 1,89% artaraq 76,58 dollar təşkil edib.