“Brend Finans” şirkəti özünün “Bankinq 500” hesabatını dərc edib.

Axar.az xəbər verir ki, “Banker” jurnalında dərc olunan reytinq cədvəlində dünyanın ən zəngin 500 bankının adı yer alıb. Siyahıya Çinin İCBC bankı rəhbərlik edib. Bankın dəyəri 79,8 milyard təşkil edib.

Ümumilikdə siyahıda ilk dörd pilləni Çin bankları tutublar. İlk onluqda isə 5 Çin bankı, 4 ABŞ və 1 Britaniya bankı yer alıb.

Şirkət Çin banklarının ümumi dəyərinin 407 milyard olduğunu və bunun ABŞ banklarının göstəricisindən 100 milyard çox olduğunu bildirib.

Siyahıda Rusiyanı 5, Türkiyəni 9, İranı isə 1 bank təmsil edib. Bu bankların içərisində ən yüksək pilləni Sberbank tutub. Belə ki, German Qrefin bankı 20-ci pillədə qərarlaşıb. Siyahıda həmçinin VTB Bank (122), Qazprombank (210), Alfabank (286), Promsvyazbank (491) da yer alıb.

Türk banklarına gəlincə, onların sırasında ən yüksək pilləni Ziraət Bankı (146) tutub. Siyahıda Qaranti Bankı (169), İş Bankı (179), Akbank (196), Yapı Kredi Bank (237), Xalq Bank (323), Vəqf Bank (337), Dəniz Bank (352), TEB Banka (481) da yer verilib. İranı siyahıda yalnız Bank Pasarqad (256) təmsil edə bilib.

MDB ölkələrindən siyahıya Rusiyadan başqa yalnız Qazaxıstanın Halk Bankı (308) düşüb.

Naməlum şəxslər tərəfindən Yevlax şəhərində yolətrafı yaşıllıq ərazidə ağacların dibinə dizel yanacağı tökülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Azxar.az-a verilən məlumata görə, araşdırma zamanı sözügedən ərazidə 5 müxtəlif cinsli ağacın dibinə dizel yanacağının töküldüyü aşkar olunub.

Faktla bağlı akt tərtib olunub və təqsirkarın müəyyən edilməsi, barəsində qanunamüvafiq tədbirin görülməsi üçün Yevlax şəhər Polis Şöbəsinə müraciət edilib.

Ağaclara profilaktik xidmət göstərilməsi, dibinin maddədən təmizlənməsi məqsədilə Yevlax şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə icrası məcburi olan “məcburi göstəriş” verilib. Hazırda ərazidəki ağaclar bioloji inkişafdadır.

Bu ilin birinci yarısında Azərbaycanda mənzil qiymətlərinin 5-10 faiz ucuzlaşması gözlənilir.

Bunu Trend-ə "Koneko Group" qiymətləndirmə şirkətinin direktoru Vüqar Oruc deyib.

O bildirib ki, dövlət tərəfindən sosial mənzillərin tikintisi layihəsinin reallaşdırılması nəticəsində bazarda təklifin artımı müşahidə olunur:

"Buna əsaslanaraq, bu il təklifin artması və daşınmaz əmlak bazarında qiymətin azalması gözlənilir".

V.Orucun sözlərinə görə, hazırda ölkənin daşınmaz əmlak bazarında alqı-satqı əməliyyatlarının sayı azdır, amma bununla belə, canlanma da müşahidə olunur:

"Satıcılar daşınmaz əmlakı qısa müddət ərzində sata bilmir. Müəyyən müddətdən sonra daşınmaz əmlakın qiymətinin düşdüyünü müşahidə edirik. Bu, onunla bağlıdır ki, satıcılar qısa müddət ərzində daşınmaz əmlakı sata bilmir və ilkin qiyməti azaltmağa məcbur olur".

O, həmçinin əlavə edib ki, daşınmaz əmlak bazarında qiymətlərin kəskin artımı gözlənilmir.

Dünya birjalarında neftin qiyməti bahalaşır.

Axar.az xəbər verir ki, “Brent” markalı neftin bir barrelinin qiyməti 1,91 dollar artaraq 62,75 dollar, VTİ markalı neftin bir barrelinin qiyməti isə 1,47 dollar bahalaşaraq 55,26 dollar təşkil edib.


Bu il martın 1-dən “SOCAR Georgia Gas” Gürcüstanda kommersiya abonentləri üçün təbii qazının qiymətini artıracaq.

Azərtac xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində “SOCAR Georgia Gas”ın direktorunun birinci müavini Anton Samsonidze deyib.

“Gürcüstanda istehlak olunan Azərbaycan təbii qazının qiymətinin artırılması bu ölkənin milli valyutası GEL-in ABŞ dolları ilə müqayisədə dəyərini itirməsi, eləcə də Gürcüstanda qaz satışına nəzarət edən orqan tərəfindən qazın tarifinə bəzi dəyişikliklər edilməsidir. Başqa səbəb isə Gürcüstanda qaz satışı ilə məşğul olan digər şirkətlərin qiymətləri artırmasıdır. Bu qiymət artımı sosial abonentlərə şamil edilmir”, - deyə o bildirib.

“SOCAR Georgia Gas” həmçinin, daha bir humanist addımı atıb. Şirkət Gürcüstandakı çörəkbişirmə müəssisələrinə satdığı qazın da qiymətini artırmayacaq. Bu da ölkədə çörəyin qiymətinin artmasının qarşısını alacaq. Qalan bütün kommersiya şirkətləri martın 1-dən istehlak etdikləri təbii qazın qiymətini yeni tariflə ödəyəcəklər.

A.Samsonidze bildirib ki, Gürcüstanda fəaliyyət göstərən şirkətlərin hamısı satdıqları təbii qazın qiymətini 2018-ci ilin sonlarında artırıb. “SOCAR Georgia Gas” isə martın 1-dən bu addımı atacaq: “SOCAR Georgia Gas” Gürcüstana 300 milyon dollardan çox sərmayə yatırıb. Belə ki, 800-dən çox yaşayış məntəqəsinə qaz xətləri çəkilib və bu gün 100 minlərlə ailə təbii qaz alır. Bu imkandan təkcə sosial abonentlər deyil, kommersiya şirkətləri də istifadə edə bilərlər”.

Rusiyaya pomidor ixracı ilə bağlı yaranan problem tamamilə aradan qaldırılıb.

Trend-in məlumatına görə, bunu İqtisadiyyat naziri Şahin Mustafayev yanvarın 29-da Bakıda keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.

Nazir bildirib ki, tərəvəz məhsullarının məhz bu növünün payına ixrac daxilolmalarının böyük həcmi düşür:

"Bundan əvvəl həmin məhsulun ixracı ilə bağlı yaranan problem həm hökumətlərarası komissiya, həm də Azərbaycan-Rusiya İşgüzar Şurası çərçivəsində həll edilib. Qaldırılan bütün məsələlər öz həllini tapıb, görüşlər təşkil edilib".

Ş.Mustafayev qeyd edib ki, hazırda bu sahədə xüsusi problem yoxdur.

Azərbaycanda kəşf olunan yeni qaz-kondensat yataqları hasilatın artmasına imkan verəcək.

Axar.az xəbər verir ki, bu barədə şirkətin birinci vitse-prezidenti akademik Xoşbəxt Yusifzadə deyib.

“Kəşfiyyat-hasilat layihələrinə sərmayə qoyuluşlarını davam etdirməklə ölkəmizin enerji təhlükəsizliyinin təmin olunması ilə yanaşı, əlverişli məqamda bazara daha çox məhsulun çıxarılmasına nail ola bilərik. Azərbaycanda yeni qaz-kondensat yataqları kəşf olunur. Bu isə gələcəkdə təbii qaz hasilatının xeyli artırılmasına imkan verəcək”, - deyə X.Yusifzadə bildirib.

Dünya bazarlarında neft qiymətləri yenidən ucuzlaşmağa başlayıb.

Axar.az xəbər verir ki, bu gün səhər saatlarında “Brent” markalı neftin bir barreli 0,59 dollar enərək 61,05 dollara düşüb.

VTİ markalı neftin bir barreli isə 0,57 dollar ucuzlaşıb və 53,12 dollar olub.


Türkiyədə soğanın qiymətinin fantastik dərəcədə bahalaşması Azərbaycan bazarına da təsirsiz ötüşməyib.

Xəzər Xəbər-in məlumatına görə, son 15 gündə soğanın qiymətində 2 dəfəyədək bahalaşma müşahidə edilir. Soğan satışı ilə məşğul olanlar məhsulun bahalaşmasını Türkiyəyə ixracın artması və nəticədə yerli bazarda soğana tələbin çoxalması ilə izah edirlər.

Türkiyədə soğanın qiyməti sürətlə artaraq bir kiloqramı bəzi satış yerlərində 6 lirəni, yəni 2 manatı ötüb. Bu isə Azərbaycanda soğan istehsalçıları üçün yeni və əlverişli şərait yaradıb. Amma Türkiyəyə soğan ixrac edilməsi Azərbaycanın daxili bazarında da bu məhsulun bahalaşmasına səbəb olub.

Bazar satıcılarının dediklərindən belə nəticəyə gəlirik ki, ölkədə istehsal olunan soğan daxili tələbatı ödəməyə ancaq çatır. Belə bir halda bu məhsulun xaricə ixrac olunması daxili bazarda bu məhsula tələbatı artdırdığından, qiymətlər sürətlə bahalaşıb.

Məsələ ilə bağlı Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyev bildirib ki, son bir ayda Türkiyəyə Azərbaycandan soğan ixracı həyata keçirilir. Və ixrac həcmi getdikcə artır. Onun sözlərinə görə, Azərbaycandan Türkiyəyə daha çox "qavrış", Rusiya və Hollandiyanın "beyo" sortu olan soğanlar aparılır. Soğanın ixrac qiyməti 38-40 qəpikdən hesablanır. Azərbaycandan Türkiyəyə aparılan soğanın həcminə gəldikdə isə bu, gələn ayın 1-ci yarısında bəlli olacaq.

Onu da qeyd edək ki, bir neçə gün öncə Qida Təhlükəsizliyi Agentliyi soğan ixrac edən sahibkarlara müraciət ünvanlayıb. Qeyd olunub ki, Türkiyənin Kənd Təsərrüfatı Nazirliyinə bu ölkəyə xaricdən soğan daxil olmasını məhdudlaşdırma çərçivəsində Azərbaycandan ixrac edilən soğanın "zərərli risk analizi"nin aparılması barədə məlumat daxil olub.

Məlumat daxil olduqdan sonra Azərbaycanda becərilən soğanın risk təhlili aparılıb və uyğun şərtlər daxilində Türkiyəyə soğanın ixracına icazə verilib. Ölkəmizdən bu ölkəyə aparılması nəzərdə tutulan kartofda gövdə nematodu və soğanın ağ çürüməsi zərərli orqanizmlərin olmamasına xüsusi diqqət yetirilir. Sahibkarların da bu məqamı nəzərə almaları xahiş olunub.

Ötən gün səhər saatlarında bir barreli 60,88 dollara olan “Brent” hazırda 61,78 dollara satılır.

Axar.az xəbər verir ki, bahalaşma əsasən bu gün baş verib.

VTİ markalı neftin bir barreli də 0,69 dollar qalxıb və 53,82 dollar olub.

Xəbər lenti