“Kapital Bank” Yeni il münasibətilə BirKart taksit kartı sahibləri üçün yeni kampaniya təqdim edir. Şərtlərə görə, BirKart-ın partnyor mağazalarında taksitli alış-veriş edən müştərilər əlavə olaraq 3 taksit əldə edəcəklər.

Axar.az xəbər verir ki, 6 yanvar 2019-cu il tarixinədək davam edən aksiyada, həm Bakı, həm də regionlardakı partnyor mağazalar iştirak edir. Misal üçün, 12 aylıq taksit təklif edən partnyorda ödəniş müddəti 12 deyil, 15 ay olacaq. Ümumiyyətlə, BirKart-ın ölkə üzrə 1000-dək partnyor şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır.

Qeyd edək ki, BirKart-ın 3 növü var – taksit, taksit/cashback və taksit/miles. Bu kartları məvacib və pensiyasını “Kapital Bank”dan almayan şəxslər də əldə edə bilər. Bunun üçün yaşı 18-dən yuxarı olan müştərilər, “Kapital Bank”ın istənilən filialına kart üçün müraciət edə bilərlər.

BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən 30%-dək Cashback imkanı. BirKart 36 ay müddətə verilir, SMS məlumatlandırma xidməti isə pulsuzdur.

BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Feysbuk səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. BirKart sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə və ya (+99 451) 250 99 99 nömrəsinə Votsap vasitəsilə müraciət etmək olar. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 98 filialı və 11 şöbəsi ilə müştərilərin xidmətindədir.


Maliyyə naziri Samir Şərifovun manatın məzənnəsi ilə bağlı açıqlamasını dərhal Azərbaycanda devalvasiya olacağı ilə bağlı çağırışa çevirmək lazım deyil.

Bu sözləri Axar.az-a açıqlamasında keçmiş maliyyə naziri, professor Fikrət Yusifov deyib.

O bildirib ki, nazir sadəcə manatın məzənnəsinin ixracı stimullaşdırmaq nöqteyi-nəzərdən bir qədər yumşalmasının məqsdəuyğunluğundan danışıb:

“Qonşu ölkələrdə xüsusilə Rusiya, Türkiyə, Qazaxıstan, İranda milli valyuta ucuzlaşanda biz özümüz də təklif etmişdik ki, Azərbaycanda qeyri-neft sektorunda olan ixracı stimullaşdırmaq, qeyri-neft sektorunda çalışan müəssisələrin fəaliyyətini normal təmin etmək üçün manatın müəyyən qədər yumşalmasına getmək lazımdır. Ona görə Samir Şərifovun bu açıqlaması yeni fikir deyil. Yəni bu fikir manatın kəskin devalvasiyasına yönəlik deyil. Hesab edirəm ki, vəziyyət ölçülüb-biçilməli, ondan sonra qərar qəbul edilməlidir”.

F.Yusifov vurğulayıb ki, neftin bundan sonra dünya bazarında qiymətinin necə olacağı da xüsusilə diqqət mərkəzində saxlanılmalıdır:

“Bu gün OPEK-in dünəndən başlanan toplantısında yekun qərar qəbul ediləcək. Toplantıda neftin hasilatının gündəlik 1,3-1,5 milyon barrel azaldılması təklif edildi. Bununla da neftin qiymətlərinin 65-70 dollar civarında saxlamaq mümkün olacaq. Amma Rusiya hələ bu qərara müqavimət göstərir. Günün sonunda hansı qərarın qəbul ediləcəyi məlum deyil. Ona görə vəziyyətin neftin qiymətlərindən asılı olacağını da nəzərdə saxlamaq lazımdır”.


Maliyyə naziri Samir Şərifovun dekabrın 4-də dövlət televiziyasına müsahibəsi zamanı manatın möhkəmlənməsi ilə bağlı səsləndirdiyi fikirlər tam aydın və başadüşüləndir və bu açıqlamanı devalvasiya anonsu kimi yozmaq ya düşünülmüş təxribatdır və ya diletant yanaşmadır.

Bu fikirləri Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev Trend-ə açıqlamasında bildirib.

O bildirib ki, bəzi dırnağarası ekspertlər və iqtisadçılar maliyyə nazirinin fikirlərini müəyyən qədər konteksdən çıxararaq onun mahiyyətini bilərəkdən və ya bilməyərəkdən sosial şəbəkələrdə və bir sıra saytlarda təhrif etməyə cəhd göstərirlər. Lakin deputat Vahid Əhmədov kimi təcrübəli siyasətçinin, Milli Məclisin iqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü olan bir adamın 2019-cu ilin büdcə müzakirələrindən bir neçə gün sonra maliyyə nazirinin manatın möhkəmlənməsi ilə bağlı səsləndirdiyi fikirlərə ziddiyyətli və təxribat xarakterli münasibət bildirməsi yalnız təəssüf doğurur:

“Nazir çıxışı zamanı bildirib ki, manatın məzənnəsinin kəskin, ifrat möhkəmlənməsi daxili istehsalçıların fəaliyyətinə mənfi təsir göstərir, idxal üçün cəlbedici vəziyyət yaradır ki, bu da Azərbaycan dövlətinin marağında deyil. Məhz buna görə də son illərdə Azərbaycan Prezidentinin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü iqtisadi islahatların tərkib hissəsi kimi yeni Büdcə Qaydası qəbul edilib ki, bu qayda ilə neft sektorundan xarici valyutada daxilolmaların dövlət tərəfindən dövlət büdcəsində müəyyən edilən çərçivədə daxili valyuta bazarında satışı tənzimlənsin. Çünki neft daxilolmalarının artıqlığı zamanı onların daha çox istifadəsi manatın məzənnəsinin daha da möhkəmlənməsinə təzyiq yaradır. Bu isə maliyyə nazirinin qeyd etdiyi kimi ixraca mənfi təsir edir, idxalın isə artmasına səbəb olur ki, bu da milli istehsal üçün, o cümlədən ixracla məşğul olanlar üçün faydalı deyil. Ona görə də bu mənfi təsirləri aradan qaldırmaq üçün dövlət büdcəsinin xərcləri qeyd olunan münbit çərçivədə saxlanılmalıdır”.

Maliyyə Nazirliyinin rəsmisi vurğulayıb ki, bu gün əldə edilmiş makroiqtisadi sabitlik və onun gələcəkdə qorunub saxlanılması məhz Büdcə Qaydasına riayət olunması, büdcə siyasətinin Mərkəzi Bank tərəfindən yürüdülən monetar siyasətə dəstəyi ilə sıx əlaqəlidir. Bu isə manatın mövcud məzənnəsinin sabit saxlanılmasını hal-hazırda təmin edir və bundan sonrada təmin edəcəkdir.


Neftin yüksək qiyməti Rusiya üçün həyati əhəmiyyət daşıyır.

Axar.az xəbər verir ki, bu sözləri neftin hazırkı qiymətlərinin Rusiya iqtisadiyyatına təsiri haqda danışan iqtisadçı ekspert Rövşən Ağayev deyib.

“Bir neçə gün öncə Putin Rusiya üçün neftin əlverişli qiymətinin 60 dollar olduğunu açıqladı. Əlbəttə, neftin 100 dollara qalxması Moskvanı daha çox sevindirərdi. Lakin Putin neft bazarında mövcud reallığı bildiyi üçün minimum əlverişli qiyməti dilə gətirdi. İki gün sonra Vyanada OPEK ölkələrinin verəcəyi qərar da 60-70 dollarlıq qiymət dəhlizinin qorunub saxlanmasını hədəfləyir. Rusiya hökuməti büdcəni hər barrel üçün 40 dollar əsasında tərtib edibsə, onda niyə ciddi narahatlıq var? Rusiya hökumətinin xam neftə tətbiq etdiyi birbaşa vergilər xam neftin dünya bazar qiymətinin az qala üçdə birini təşkil edir. Söhbət təxminən 30%-lik ixrac vergisindən və hər barrel üçün 2 dollar mədən vergisindən gedir. Yəni təkcə bu iki vergi ilə 40 dollarlıq neftin 13-14 dolları büdcəyə daxil olur. Əlavə olaraq, şirkətlərin qazandığı mənfəət vergilərini və dividentləri də nəzərə alsaq, qiymət səviyyəsindən asılı olaraq büdcənin neftdən qazanclarının mütləq məbləği əhəmiyyətli dərəcədə artıb-azalır. 40 dollarlıq qiymət səviyyəsi büdcənin indiki göstəricilərlə icrasına problem yaratmasa da, şirkətlərin rentabelliyini minimuma salır, böyük həcmdə borca sahib olan bu şirkətlərin borca xidmət xərclərini və nəhəng sərmayə qoyuluşlarını maliyyəşdirməkdə problemlər yaradır”, - ekspert bildirib.

İqtisadçı qeyd edib ki, bu halda hökumətin mənfəət vergisi və divident formasında qazancları da minimuma enir:

“Rusiyada qəbul olunan fiskal qaydaya görə, hökumət ehtiyat fondunu yalnız 40 dollardan sonra artıra bilir. Başqa sözlə, qiymət 40 dolları ötdükdə bu qiymət səviyyəsindən yuxarı əlavə qazancı hökumət büdcəyə daxil etmədən ehtiyata göndərir. Məsələn, neftin orta illik qiyməti 50 dollar olanda, Rusiya hökuməti hər barrel üçün ehtiyata ən azı 4 dollar neft qazancı göndərmək imkanı qazanır. İllik ixracın 1.8 milyard barrel olduğunu nəzərə alsaq, bu qiymət səviyyəsi təkcə xam neft hesabına (təbii qaz nəzərə alınmadan) hər il ehtiyat fonduna 7 milyard dollara yaxın vəsait toplamağa imkan verir”.

Ekspert qeyd edib ki, Rusiyanın strateji məqsədlərdən biri ehtiyatlarının indiki səviyyəsini qorumaq və daha da artırmaqdır:

“Çünki Rusiyanın hərbi potensialı ilə yanaşı, hazırkı beynəlxalq gücü məhz yarım trilyon dollarlıq qızıl-valyuta ehtiyatına bağlıdır. Bir sözlə, nə qədər “hətta 40 dollar bizi qane edir” bəyanatları səsləndirilsə də, Rusiya sona qədər bahalı neft uğrunda bütün imkanlarını səfərbər edəcək”.


Rusiya ilə OPEK ölkələri arasında neft hasilatının ixrac həcmləriylə bağlı fikir ayrılığı yaranıb.

Axar.az xəbər verir ki, bu məlumatı “Röyter” agentliyi yayıb. Belə ki, Rusiyanın, OPEK ölkələrindən fərqli olaraq, neft hasilatını gündəlik 250-300 min barrel həcmində azaltmaq niyyətində olmadığı vurğulanıb. Rusların fikrincə, neft ixtisarı cəmi 140 min barrel həcmində olmalıdır.

Agentlik OPEK üzvləriylə danışıqların kifayət qədər sərt aparıldığını bildirib. Rusiya hökumətinin nümayəndələrini öz mövqelərində dayandığı və hansısa güzəştə getməyə hazırlaşmadıqları qeyd edilib:

“Məhz Rusiyadan yeni razılaşmanın taleyi asılıdır. Səudiyyəlilər ixtisarın aparılmasıyla bağlı yeni razılaşma üzərində səylə çalışırlar, amma Rusiya bundan imtina etsə, o zaman OPEK üzvlərinin heç biri bununla razılaşmayacaq”.

Qeyd edək ki, OPEK-in növbəti görüşü Vyanada keçiriləcək. Görüş Qətərin OPEK-dən çıxması və ABŞ-ın neft hasilatında liderliyi ələ keçirməsi fonunda baş tutacaq.


“Kapital Bank”ın ödəniş kartları ilə məvacib alan müştərilər “13-cü maaş” adlı stimullaşdırıcı lotereyada iştirak edib, aldıqları rəsmi məvacib miqdarında, hədiyyə qazana bilərlər. Minimum 10 manat olan hər nağdsız ödəniş, 1 iştirak şansına bərabər tutulur.

Axar.az xəbər verir ki, şərtlərə görə, müştərilər 13 yanvar 2019-cu ilədək POS terminal və ya İnternet vasitəsilə onlayn ödəniş əməliyyatı etməklə, avtomatik olaraq lotereya iştirakçısı olurlar. Rüsum, kommunal və kredit ödənişləri, həmçinin Card-to-card əməliyyatları lotereyada iştirak etmir.

16 yanvar 2019-cu ildə baş tutacaq tiraj zamanı “Kapital Bank”dan məvacib alan 10 nəfər, minimum 135 manat, maksimum 3000 manat olmaqla, bir aylıq rəsmi məvacibini qazanacaq. Hədiyyə müştərinin əmək haqqı kartına köçürüləcək.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 98 filialı və 11 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.azsaytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


Manatın məzənnəsinin kəskin möhkəmlənməsi daxili istehsalçıların fəaliyyətinə mənfi təsir göstərir.

Report xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov deyib.

O bildirib ki, manatın məzənnəsinin yüksəlməsi istehsalla yanaşı ixraca da təsirsiz ötüşməyəcək:

"Manatın məzənnəsinin kəskin möhkəmlənməsi ixraca da mənfi təsir edir. Bu xaricdən idxalın artmasına səbəb olur. Bir sözlə, Azərbaycan cəlbedici ölkəyə çevrilir. Ona görə də biz bir sıra məsələlərin həllinə çalışmalıyıq. Hesab edirəm ki, son illər aparılan siyasət məhz makroiqtisadi balansın qorunub saxlanması, eyni zamanda iqtisadi artım üçün lazım olan təkanların verilməsi üzərində qurulub".


Qətərin atdığı addım OPEK-in gələcəyi ilə bağlı ciddi suallar doğurur.

Bu sözləri Axar.az-a Qətərin OPEK-dən çıxmaq qərarını və bu addımın təşkilatın işinə təsiri haqda danışan iqtisadçı Natiq Cəfərli deyib. Ekspert hesab edir ki, Vyana görüşündə Qətərin OPEK-dən rəsmən ayrılması məsələsi təsdiqlənəcək:

“Gündəlik 600-650 min barrel neft hasilatına malik olan Qətər körfəz ölkələri arasında kifayət qədər nüfuza malikdir. Qətər əsasən qaz hasilatı ilə tanınır. Son zamanlar Qətərlə Səudiyyə Ərəbistanı arasında siyasi və iqtisadi anlamda müəyyən ziddiyyətlər yaşanıb. Hətta bir müddət öncə Ər-Riyad Qətərin blokadasını da gündəmə gətirmişdi. Qətərin atdığı addım əslində OPEK-in gələcəyi ilə bağlı ciddi suallar doğurur. Dekabrın 6-7-sində Vyanada gerçəkləşəcək görüşdə hasilatın yenidən azaldılması ilə bağlı qərarın müzakirəsi gözlənilir. Bu, vacib bir görüş olacaq. Çünki OPEK-in nizamnaməsinə uyğun olaraq ölkələrin üzv olmaq və üzvlükdən çıxmaq barədə müstəsna hüququ var. Yəni sözügedən məsələ səsvermə ilə həll olunmur. Əgər Qətər Vyana görüşündə qərarını rəsmən bəyan etsə, artıq təşkilatda qalmayacaq”.

İqtisadçı Qətərin OPEK-dən ayrılmasının səbəblərinə də aydınlıq gətirib:

“Qətərin qərarı OPEK-in gələcəyi ilə bağlıdır. Belə ki, ABŞ OPEK-in gələcəkdə də qiymətlərlə manipulyasiya etmək üçün hasilatın azaldılması yolunu tutmasına qarşı NOPEC qanun layihəsini hazırlayır. ABŞ sözügedən layihəni Konqresə təklif edib. Qanun layihəsinə artıq ABŞ Ədliyyə Nazirliyi də rəy verib və onun Konqresə təqdim olunmasında problem görməyib. Bu məsələyə yanvarda baxacaq. Qanun layihəsinə görə, ABŞ-da fiziki və hüquqi şəxslər OPEK-ə qarşı maddi təzminat iddiası qaldıra və kartel sövdələşməsinə uyğun olaraq OPEK-in süni qiymət artımını əsas gətirərək kompensasiyalar ala biləcəklər. Qətər də məhz bu səbəbdən OPEK-dən çıxır”.

Ekspert Qətərin OPEK-dən çıxmasının Səudiyyəyə də bir siqnal olduğunu deyib:

“Əgər Ər-Riyad hasilatın azaldılması yolu ilə Rusiya ilə birgə hərəkət etsə, ABŞ-ın sözügedən qanun layihəsi ilə cəzalanacaq. Çox güman ki, Qətərin atdığı addım Səudiyyə üçün də bir həyəcan siqnalı olacaq və Vyanada hasilatın azaldılması ilə bağlı gözlənilən qərarın verilməsi sual altına düşəcək. Əgər bu baş verərsə, neft qiymətlərində növbəti enmələri müşahidə edə bilərik. Təbii ki, Vyana görüşündən sonra sözlü müdaxilələr də istisna edilmir. Məsələn, Rusiya gündəlik hasilatı 150 min barrel, Səudiyyə isə 300-400 min barrel azalda biləcəyini açıqladı. Ona görə də son iki gündə neft qiymətləri 58 dollardan 62 dollara qədər qalxdı”.

Ekspert qeyd edib ki, Qətərin OPEK-dən çıxması neft qiymətlərində kəskin azalmaların olması ehtimalını şübhə altına alır:

“Qətər OPEK-dən çıxması fonunda hasilatın azaldılması ilə bağlı bazarların gözlədiyi böyük rəqəm alınmasa, Vyana görüşündən sonra neft qiymətləri təqribən 55 dollar səviyyəsində sabitləşəcək”.

Qeyd edək ki, Qətər ötən gün OPEK-dən çıxacağını elan edib. Rəsmi Doha belə addım atmasına səbəb kimi sıxılmış təbii qaz istehsalını artırmaq istəyini göstərib.


Vergi Məcəlləsinə edilmiş dəyişiklərlə VÖEN-i olan vətəndaşların sahibkarlıq subyektlərinə göstərdikləri xidmətlər sadələşdirilmiş vergi predmeti hesab edilməyəcək.

Axar.az xəbər verir ki, bu sözləri Vergi Məcəlləsi və “Sosial sığorta haqqında”qanuna edilən dəyişiklərlə barədə danışan iqtisadçı Vüqar Bayramov deyib. O, rəhbərlik etdiyi İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) Vergi Məcəlləsi və “Sosial sığorta haqqında”qanuna edilən dəyişiklərin mülki hüquqi müqavilə (xidməti müqavilə) ilə fəaliyyət göstərən əmək bazarı iştirakçıları üçün nə vəd etdiyini araşdırıb:

“Vergi Məcəlləsinə artıq qəbul edilmiş dəyişiklərlə VÖEN-i olan vətəndaşların sahibkarlıq subyektlərinə göstərdikləri xidmətlər sadələşdirilmiş vergi predmeti hesab edilməyəcək. Beləliklə, növbəti ildən etibarən həmin şəxslər hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən şəxslər üzrə gəlir vergisi ödəyicisi hesab ediləcək. Nəzərə alsaq ki, Vergi Məcəlləsinin 101.3 maddəsi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər üçün 20 faiz gəlir vergisi müəyyən edir, dəyişiklərə əsasən xidmət müqavilə ilə işləyənlər 2019-cu ilin əvvəlindən etibarən 20% vergi ödəyəcək. Lakin bu zaman iki əsas məqama diqqət etmək lazımdır. Birincisi, Vergi Məcəlləsinin 96-cı maddəsinin birinci bəndinə əsasən rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün xərcləri (Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ) arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. İkincisi, yeni dəyişiklərə əsasən Məcəlləyə əlavə edilən 102.1.30 maddə mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizini vergidən azad edir. Beləliklə, yuxarıda qeyd edilən vergi ödəyicilərinin vergi borcu bu iki məqam nəzərə alınmaqla aşağıdakı düstur əsasında hesablanacaq: Vergi öhdəliyi = (İllik gəlirlər – İllik xərclər) x 0.25 x 0.2. Xüsusilə də aylıq əmək haqqı ödənişlərinin xidməti müqavilələrlə əvəzləndiyi əksər hallarda vergi ödəyicinin hər hansı xərci olmayacaq ki, nəticədə vergi öhdəliyi yuxarıdakı düstura uyğun olaraq, lakin xərc maddəsində “sıfır manat” olmaqla aparılacaq. Başqa sözlə, yuxarıda bəhs etdiyimiz 20% vergi dərəcəsi xidmət haqqının yerdə qalan 25%-lik hissəsinə tətbiq ediləcək. Nəticədə xidməti müqavilə ilə işləyənlərin böyük çoxluğu xidmət haqqının ümumilikdə 5%-i həcmində vergi ödəyəcək. Hazırda isə bu qrupa daxil olanlar Bakı şəhərində sadələşdirilmiş vergi ödəyicisi statusu ilə xidmət haqqının 4%-i, digər şəhər və regionlarda, eləcə də Naxçıvanda 2%-i olmaqla vergi ödəyirlər. Müqayisə üçün qeyd edim ki, hazırda hesabına 500 manat məbləğində xidmət haqqı daxil olmuş çalışan Bakı şəhərində fəaliyyət göstərdiyi halda 20 manat, regionlarda fəaliyyət göstərdiyi halda isə 10 manat məbləğində sadələşdirilimiş vergi ödəyirdi. Növbəti ildə isə bu şəxslər fəaliyyət göstərdiyi yerdən asılı olmayaraq, 25 manat vergi ödəyəcəklər. Belə ki, paytaxtda fəaliyyət göstərənlər üçün aylıq vergi xərci 25%, regionlarda fəaliyyət göstərənlər üçün isə 1.5 dəfə artacaq. Yuxarıdakı hesablamalar xərc maddəsinin sıfır manat olduğu hal üçün hesablanıb”.

Ekspert bildirib ki, yuxarıda qeyd edilən kateqoriyaya daxil və faktiki mənfəəti olmayan şəxslər vergi ödəməyəcəklər:

“Hazırda isə sadələşdirilmiş vergi mexanizmi subyektin xalis gəlirini və yaxud mənfəətinin nəzərə almadan tətbiq edilir”.

V.Bayramov qeyd edib ki, yeni dəyişiklər vergi ödəyicisi olaraq qeydiyyata alınmış və xidməti müqavilə əsasında regionlarda (əmək haqqı alan, xərc maddəsi sıfır manat olan) işləyənlər üçün 3 faiz bəndi (mövcud 2 faizdən 5 faizə), Bakı şəhərində işləyənlər üçün isə 1 faiz bəndi (mövcud 4 faizdən 5 faizə) artacaq:

“Digər kateqoriyaya daxil olan, yəni xərc maddəsi sıfır manat olmayan sahibkarlıq subyektləri üçün isə mühasibatlıq işləri ciddi səviyyədə artacaq”.

V.Bayramov İcbari dövlət sosial sığortası (DSMF) üzrə yenilikləri də qeyd edib:

“Sosial sığorta haqqında” qanunun 14-cü maddəsinin yeni redaksiyası zamanı əlavə edilən 14.5.2. bəndinə əsasən, 2019-cu ilin əvvəlindən etibarən sahibkarlıq fəaliyyəti göstərənlər üçün məcburi dövlət sosial sığorta haqqı minimum aylıq əmək haqqının 25 faizi miqdarında olacaq. Hazırda bu kateqoriyaya daxil olan şəxslər üzrə məcburi dövlət sosial sığorta haqqı minimum aylıq əmək haqqının 20%-i miqdarındadır. Hazırda gəlirin səviyyəsindən asılı olmayaraq sahibkarlıq (tikinti və ticarət sektoru xaric) fəaliyyəti ilə məşğul olan şəxslərin DSMF ödənişi maksimum 26 manat (regionlar üzrə müvafiq göstərici dəyişir) olduğu halda yeni ildən minimum orta aylıq əmək haqqı dəyişmədiyi təqdirdə 32.5 manat olacaq. Beləliklə, qeyd edilən kateqoriyaya daxil olan şəxslərin DSMF xərcləri ümumilkdə 25% artacaq”.

Ekspertin fikrincə, qanunvericiliyə edilən dəyişiklər əmək bazarının iştirakçıları arasında diskriminasiyanı aradan qaldırmayıb:

“Müxtəlif sosial qruplar üzrə DSMF ödənişi üzrə kəskin fərqin olması sosial müdafiə mexanizmlərinin, xüsusi ilə də pensiya sisteminin maliyyə təminatını zəiflədir, əmək bazarının leqallaşması və vətəndaşların əmək hüquqlarının təmin edilməsi baxımından ciddi çətinliklərə səbəb olur. Məsələn, 1000 manatlıq əmək haqqı fondu üçün müvafiq ödəniş 25% (22% (işəgötürən) və 3 faiz (işçi)) olmaqla ümumilikdə 250 manat olduğu halda xidməti müqavilə ilə 1000 manat üçün DSMF ödənişi 26 manat (yeni ildən 32.5 manat) və bəzi hallarda isə daha azdır. Göründüyü kimi, arada çox ciddi fərq var. Eyni zamanda, mülki hüquqi müqavilə əsasında çalışanların DSMF ödənişi ilə onun real gəlirləri arasında korelyasiya yoxdur. Yuxarıda göstərilən cədvəldən də göründüyü kimi, 500 manat və 1000 manat xidmət haqqı alan vətəndaş bərabər məbləğdə DSMF ödənişi həyata keçirir. Qanunvericiliyə dəyişiklərin edilməsi zamanı yuxarıda sadalanan çatışmazlıqların aradan qaldırılması və xüsusi ilə gəlirlər ilə DSMF ödənişi arasında korelayasiyanın müəyyən edilməsi məqsədəuyğun olardı. Qanunvericiliyə edilən dəyişiklər nəticəsində xidməti müqavilə ilə çalışanların (VÖEN almış və sahibkar hesab edilən şəxslər) məcburi dövlət sosial sığorta və vergi öhdəlikləri cari məbləğlə müqayisədə 25% artacaq”.


“Kapital Bank” Yeni il münasibətilə nağd pul kreditinin illik faiz dərəcəsini azaltdı. Artıq hamı Kapital Bank filiallarına müraciət etməklə, illik faiz dərəcəsi 19%-dən başlayan şərtlərlə nağd pul krediti əldə edə bilərlər.

Axar.az xəbər verir ki, aksiya çərçivəsində kredit götürənlərə üstəlik BirKart hədiyyə olunacaq. Şərtlərə əsasən kredit zaminsiz verilə bilər.

Qeyd edək ki, “Kapital Bank”da “Gündəlik tələbat krediti”nin məbləği 300 – 20 000 manat təşkil edir, müddəti isə 3 aydan 48 ayadək rəsmiləşdirilə bilər. Ümumi kredit şərtləri barədə ətraflı – www.kapitalbank.az/loans/cash?hl=az.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 98 filialı və 11 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.azsaytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Xəbər lenti