![]() |
|
Ölkənin ən gənc mobil operatoru olan “Nar”, “Navigator Business Awards” tərəfindən “İlin ən yaxşı mobil operatoru” nominasiyasında mükafata layiq görülüb.
Axar.az xəbər verir ki, “Nar” təqdim etdiyi tariflər və sərfəli qiymətlər, baza stansiyalarının sayını sürətlə artırmaqla hazırda ölkədə ən geniş 3G və 4G şəbəkələrindən birinə malik olması, müştəriyönümlülüyü ilə seçilən fəaliyyəti, eyni zamanda mobil operatorun dünya təcrübəsindən yararlanaraq öz biznes strategiyasını uğurla təkmilləşdirməsi nəticəsiində “İlin ən yaxşı mobil operatoru” adına layiq görülüb. Bundan başaqa, təşkilatçılar mobil operatorun göstərdiyi yüksək dinamik inkişafı, irihəcmli investisiyalar yatırmaqla müştərilərinin və tərəfdaşlarının tələblərinə uyğun müasir həllər təqdim etməsini yüksək qiymətləndirib.
Qeyd edək ki, Navigator.az regional biznes portalı 10 ildən artıqdır ki, Azərbaycanda və Gürcüstanda fəaliyyət göstərir. Bu ölkələrdən olan minlərlə şirkət Navigator.az vasitəsilə bizneslərini inkişaf etdirməyə nail olublar. Regionun ən iri biznes portalı olan Navigator.az öz tərafdaşı olan 26 min şirkət və təşkilat sırasından ən layiqlilərini müəyyən etmək üçün regional “Navigator Business Award” mükafatını təsis edib. “Navigator Business Award” Cənubi Qafqaz regionunun biznes sahəsində ən mötəbər mükafatı sayılır və Azərbaycanda və Gürcüstanda ölkələrin inkişafında və öz xalqlarına xidmətdə müstəsna uğurları olan şirkətləri müəyyən etmək üçün yaradılıb.
Qeyd edək ki, “Nar” ötən il ərzində şəbəkə infrastrukturunu əhəmiyyətli dərəcədə təkmilləşdirməklə 3G və 4G baza stansiyalarının sayını və əhatə dairəsini artırmış, 45-dən çox bölgədə LTE şəbəkəsi yaradıb. “Nar”ın təqdim etdiyi yüksəksürətli internet sayəsində 4G xidmətindən istifadə edən abunəçilərinin sayı 500 mini keçib. Mobil operatorun müştərilərə göstərdiyi yüksəkkeyfiyyətli xidmət sayəsində ötən il müştəri məmnuniyyətində sürətli artım müşahidə olunub və “Nar” müştəri məmnuniyyəti indeksi üzrə ən yüksək artım nümayiş etdirib. Bundan başqa, mobil operator korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində ölkə üçün əhəmiyyətli sosial layihələr reallaşdırıb.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Martın 6-da Bakıdan Moskvaya gedən mikroavtobusun Rusiyanın Stavropol şəhərində qəzaya uğraması nəticəsində xəsarət alan 3 azərbaycanlıdan biri dünyasını dəyişib.
Bu barədə Trend-ə açıqlamasında Stavropoldakı Azərbaycan diasporunun rəhbəri Fəxrəddin Yarıyev deyib.
Onun sözlərinə görə, hadisə nəticəsində ağır xəsarət alan azərbaycanlı, 1988-ci il təvəllüdlü Şirinov Xəyal Hamlet oğlu bu gün günorta saatlarında müalicə olunduğu xəstəxanada dünyasını dəyişib:
"Hazırda onun cənazəsinin Azərbaycana göndərilməsi istiqamətində sənədləşdirmə işləri aparılır. Cənazə sabah Azərbaycana göndəriləcək".
F.Yarıyev bildirib ki, hadisə nəticəsində xəsarət alan digər iki nəfərin isə müalicələri davam etdirilir və səhhətləri normaldır.
Xatırladaq ki, martın 6-da Bakıdan Moskvaya gedən mikroavtobus Rusiyanın Stavropol şəhərində qəzaya uğramışdı. Hadisə nəticəsində mikroavtobusda olan Ağcabədi rayon sakinləri, 1962-ci il təvəllüdlü Namiq Tohid oğlu Əhmədov, 1969-cu il təvəllüdlü Ələmdar Niftalı oğlu Abdullayev, 1975-ci il təvəllüdlü Rəsul Ənvər oğlu Həsənov, 1983-cü il təvəllüdlü Şəmsi Tanrıverdi oğlu İsmayılov, 1984-cü il təvəllüdlü Vüsal Alı oğlu Quliyev və 1988-ci il təvəllüdlü Xəyal Hamlet oğlu Şirinov dünyasını dəyişib, 3 azərbaycanlı isə xəsarət almışdı.
Martın 6-da Gilan vilayətinə səfəri çərçivəsində İran Prezidenti Həsən Ruhani “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas hissəsini təşkil edən Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolunun Qəzvin-Rəşt hissəsinin açılışında iştirak edib.
Açılış mərasimində Rusiya, Hindistan, Orta Asiya ölkələrinin nümayəndələri ilə yanaşı, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və ölkəmizin İrandakı səfiri Bünyad Hüseynov da iştirak ediblər.
İran Prezidenti və qonaqlar Rəşt şəhərinin yeni vağzalında Qəzvin şəhərindən yola salınan ilk qatarı qarşılayıblar. Sonra açılış mərasimi olub.
Mərasimdə çıxış edən İran Prezidenti Həsən Ruhani bildirib ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi region ölkələrinin iqtisadi əlaqələrini daha da artıracaq. Bu layihə, həmçinin xalqların da yaxınlaşmasına, əlaqələrinin güclənməsinə stimul verəcək.
H.Ruhani Azərbaycan Respublikası Prezidentinin səylərini xüsusi vurğulayıb. Qeyd edib ki, Prezident İlham Əliyevin səyləri ilə qısa zaman kəsiyində İranla Azərbaycanın Astara şəhərləri arasında dəmir yolu xətti çəkilib. Bu yol xalqlarımızı inkişafa doğru aparacaq.
Sonra İranın yollar və şəhərsalma naziri Məhəmməd İslami çıxış edərək deyib ki, İran yaxın və dost ölkə olan Azərbaycan ilə əməkdaşlıq edərək “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında əhəmiyyətli rol oynayıb. Bu dəhlizlə Asiyadan Avropaya və əks istiqamətə daşınan yüklər təhlükəsiz olaraq mənzil başına çatdırılacaq. Fars körfəzi ilə Qara dəniz və Şimali Avropa ölkələrinin nəqliyyat baxımından birləşməsi region dövlətlərinin iqtisadi inkişafına təkan verəcək.
Mərasimdə çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev İran xalqını qarşıdan gələn Novruz bayramı və İran İslam İnqilabının 40-cı ildönümü münasibətilə təbrik edib.
Ş.Mustafayev deyib ki, Azərbaycan ilə İran arasındakı münasibətlər inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Qarşılıqlı əlaqələr həm ikitərəfli formatda, həm regional müstəvidə, həm də beynəlxalq təşkilatlar çərçivəsində yüksələn xətt üzrə inkişaf edir. Hər iki ölkə prezidentinin yaxın dostluq münasibətləri və siyasi iradə nümayiş etdirərək əlaqələrin inkişaf etdirilməsini qərara almaları xalqlarımızın mənafeyinə uyğundur. Məhz prezidentlərin səyləri ilə əməkdaşlıq əlaqələrimiz bugünkü inkişaf səviyyəsinə çatıb.
Nazir bildirib ki, nəqliyyat-tranzit sahəsində əməkdaşlıq hər iki ölkəyə iqtisadi dividendlər qazandıracaq. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ölkələrimizin iqtisadi-ticarət əlaqəsini genişləndirəcək və inkişafı təmin edəcək: “Son dövrlər bu istiqamətdə mühüm işlər həyata keçirilib. Belə ki, 2016-cı ildə Azərbaycan və İranın yollarının əlaqələndirilməsi haqqında Hökumətlərarası Çərçivə Sazişi, eləcə də “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşması sahəsində əməkdaşlıq haqqında Hökumətlərarası Niyyət Protokolu imzalanıb. Bu sənədlər dəhlizin reallaşması üçün hüquqi baza yaradıb. Azərbaycan bu layihə üzrə öz ərazisində müvafiq infrastruktur yaradılmasını uğurla tamamlayıb. Həmçinin İran ərazisində bu istiqamətdə görülən işlərə də dəstək verməyə davam edir. Astara(Azərbaycan)-Astara(İran) dəmir yolunun çəkilməsi, Astaraçay üzərində dəmir yolu körpüsünün salınması, İranın Astara şəhərində tikintisi davam etdirilən yük terminalı bu beynəlxalq layihənin tərkib hissəsidir”.
Ş.Mustafayev vurğulayıb ki, açılışı olan Qəzvin-Rəşt dəmir yolunun tikintisi də bu sahədə görülən uğurlu işlərin nəticələrindən biridir. Qəzvin-Rəşt dəmir yolunun fəaliyyətə başlaması təkcə Şimal-Cənub deyil, eyni zamanda, “Cənub-Qərb” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı istiqamətində atılan böyük addımdır. İran dövləti qeyd olunan dəhlizlərin yaranmasında yüksək əzmkarlıq nümayiş etdirir.
Nazir əmin olduğunu bildirib ki, Azərbaycanla İranın birgə əməkdaşlığı sahəsində Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xətti də tikilib istifadəyə veriləcək. Bütün bunlar hər iki ölkənin nəqliyyat-tranzit və iqtisadi-ticarət potensialını gücləndirəcək.
Qeyd edib ki, 2018-ci ildə Azərbaycanla İran arasındakı ticarət dövriyyəsində 74 faizlik artım müşahidə edilib. Lakin hər iki ölkənin ticarət dövriyyəsini yüksəltmək üçün daha böyük potensialları var. Bu potensialdan da istifadə etmək lazımdır.
Ş.Mustafayev bildirib ki, Azərbaycan iqtisadiyyatın bütün sahələri üzrə İran ilə əlaqələri dərinləşdirməkdə maraqlıdır.
Çıxışlardan sonra qonaqlar üçün ziyafət təşkil olunub.
Qeyd edək ki, Qəzvin-Rəşt dəmir yolu xəttinin tikintisinə 2006-cı ildə başlanılıb. Dəmir yolunda 6 dayanacaq, 28 kilometr tunel, 9 kilometr körpü tikilib. Qəzvin-Rəşt dəmir yolu layihəsi ilə ilk mərhələdə ildə 4 milyon sərnişin və 1 milyon 500 ton yük daşınacaq. Tədricən bu rəqəm 5,8 milyon sərnişin və 7 milyon ton yükə qədər artırılacaq.
Uzunluğu 164 kilometr olan Qəzvin-Rəşt dəmir yolunun tikintisinə 60 milyard rial (təqribən 4,5 milyard dollar) xərclənib.
Rəşt-Astara dəmir yolu layihəsi Azərbaycan hökumətinin iştirakı ilə həyata keçiriləcək.
Report xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani Gilana səfəri zamanı təşkil edilən mitinqdə bildirib.
O, bu gün təməli atılacaq İran və Azərbaycan arasında Rəşt-Astara dəmir yolu layihəsinin əhəmiyyətindən danışıb: “Bu, Afrika, Asiya, Şərqi və Şimali Avopadakı onlarla dövləti bir-birinə bağlayan çox əhəmiyyətli dəmir yolu layihəsidir. Hazırda Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistanla ən yaxşı əlaqələrimiz var. Dost dövlətlər bu əlaqələri davam etdirəcəyik”.
Türkiyə ilk yerli döyüş təyyarəsini 2023-cü ildən etibarən istehsala başlayacaq.
“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, bu barədə prezidentin köməkçisi Fuad Oqtay məlumat verib.
O, təyyarənin “Türkiyə Havaçılıq və Kosmos Sənayesi AŞ” (TUSAŞ) tərəfindən hazırlanacağını bildirib.
“2026-cı ildə təyyarəmizi göylərdə görmək mümkün olacaq, 2031-ci ildən isə təyyarə inventarına daxil ediləcək.
Beləliklə, Türkiyə Amerika Birləşmiş Ştatları, Rusiya və Çindən sonra 5-ci nəsil döyüş təyyarəsi istehsal edən ölkələr arasında yerini alacaq”.
14:30
Prezidentin bu fərmanı əsas borcu 10 min dollara qədər olan kreditlərə şamil edilir və bir nəfərə ümumi yardımın məbləği 5 min dolları keçməyəcək.
Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanını şərh edən iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, ilkin olaraq fərman ancaq fiziki şəxslərə və dollarla krediti olan şəxslərə aid edilir:
“Bu fərman ancaq devalvasiya nəticəsində dəymiş ziyanın ödənilməsi ilə bağlı dövlətin öz üzərinə müəyyən öhdəlik götürməsidir. Formul olaraq iki əsas ana xətt var. Birincisi, kreditlərin ana məbləği, yəni ilkin götürülmüş məbləğ 10 min dollardan çox olmayan kreditlərə aid edilir. Yəni fərman 10 min dollara qədər kredit götürmüş vətəndaşlara aid edilir. İkincisi, ödəniləcək yardımın – dəymiş ziyanın kompensasiyası da 5 min dolları keçməməlidir. Yəni fərman götürdüyü kreditin məbləği - əsas borcu - 10 min dollardan yuxarı olan vətəndaşlara aid edilmir və borcların faizlərlə 5 min dollarlıq hissəsi dövlət tərəfindən ödənilir. Formul olaraq 0,78 - 0,79 məzənnə ilə götürülən kreditlər xatırlayırsınızsa, birinci devalvasiyaya qədər 1,05 qəpik oldu. Bunun da ana borcu qalıb, yəni götürülən ana borc 0,78 məzənə ilə ödənilməlidir. Ancaq devalvasiya nəticəsində manatla artan borc təqribən 25 qəpik olub. Bu 25 qəpik dövlət tərəfindən ödəniləcək”.
Ekspert birinci devalvasiyadan sonra, ikinci devalvasiyaya qədər olan kredit borclarına da aydınlıq gətirib:
“Bu zaman rəsmi məzənnə 1,55 qəpik oldu. Birinci devalvasiya ilə ikinci devalvasiya arasında 10 min dollara qədər kredit götürmüş vətəndaşların məzənnə fərqi - yəni 60 qəpiyi yenə dövlət tərəfindən ödəniləcək. Yəni ana borc 1,05 qəpikdən ödəniləcək, məzənnədən yaranan borc - 60 qəpiklik hissəni isə dövlət öz üzərinə götürəcək. Ancaq burada yenə vətəndaşa ediləcək yardımın məbləği 5 min dolları keçməməlidir. Bunun üçün dövlət büdcəsindən vətəndaşların borclarını ödəmək üçün banklara və kredit təşkilatlarına təqribən 900 milyon manata yaxın vəsait ayrılacaq. Bu borc yalnız fiziki şəxslərə, 1 və 2-ci devalvasiyadan sonra valyuta ilə götürülmüş kreditlərə aid ediləcək. İkinci devalvasiyadan sonra valyuta ilə götürülmüş kreditlərə isə bu fərman aid edilmir. Yəni ikinci devalvasiyadan sonra kredit götürənlər borclarını həmin məzənnə ilə və indiki şərtlərlə də geri qaytaracaq”.
İqtisadçı ekspert Rəşad Həsənovun Axar.az-a müsahibəsini təqdim edirik:
- Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin V toplantısında Azərbaycan Prezidenti İlham Əliyev bildirdi ki, Azərbaycan enerji resurslarının nəqlinin şaxələndirilməsi üçün müasir və yeni infrastruktur şəbəkəsi yaradır. Bu barədə danışmağınızı istərdik...
- Azərbaycan müstəqilliyini əldə edəndən sonra öz enerji resurslarını dünya bazarına çıxarmaq üçün şaxələndirilmiş infrastruktur siyasətini həyata keçirməyə başlayıb. Bilirsiniz ki, ilk dəfə bu istiqamətdə atılan, öz dövründə rezonans doğuran addımlardan biri məhz Bakı-Tiflis-Ceyhan neft boru kəmərinin tikintisi məsələsi idi. Ondan sonra da bu siyasət davam etdirilib. Bakı-Tiflis-Ərzurum qaz kəməri, daha sonra 2018-ci ildə TANAP layihəsi istismara verilib və artıq bu kəmərlə qaz ixracına da başlanılıb. Hazırda bu çərçivədə həyata keçirilən və 2020-ci ildə tikintisi başa çatması gözlənilən TAP layihəsi də bu baxımdan diqqət çəkir. Bu, TANAP vasitəsi ilə Türkiyə-Yunanıstan sərhədinə çatdırılan qazın daha sonra oradan İtaliyaya qədər daşınmasını təmin edəcək boru kəməri xəttidir. Ümumiyyətlə, məqsəd hansısa formada daha çox, Rusiyadan asılı olmayan kəmərlər, xətlər vasitəsi ilə Azərbaycanın öz enerji resurslarını dünya bazarına çıxarmasından ibarətdir. Şaxələndirmə dedikdə əslində məhz bu nəzərdə tutulur. Təbii ki, müxtəlif digər yollarla da Azərbaycan neft məhsullarını ixrac edir. Bura dəmiryolu və s. layihələri də daxil etmək olar. Amma qeyd etdiyim boru kəmərləri hazırda Azərbaycanın enerji siyasətinin əsas sütunlarını təşkil edir və enerji ixracının şaxələndirilməsində əsas xətlər hesab olunur.
- Ölkə başçısı enerji ixracından əldə olunan gəlirləri əlavə gəlir gətirəcək və ümumi işə xidmət edəcək sektorlara yönəltdiyimizi vurğuladı. Bu işdə nə qədər uğurlu olmuşuq?
- Azərbaycanın neft vəsaitlərinin istifadəsi ilə bağlı özünəməxsus təcrübəsi var. Uğurlardan biri 2000-ci illərdə Neft Fondunun yaradılmasıdır. Neft Fondu neft vəsaitlərinin toplanması, idarə edilməsi, ölkə iqtisadiyyatının, daxili bazarın neft vəsaitlərindən qorunması ilə bağlı müsbət mexanizm idi ki, artıq dünyanın bir sıra ölkələrində (Norveç) bu təcrübə çox uğurla sınaqdan keçirilib. Neft Fonduna daxil olan - neft və enerji resurslarının satışından əldə olan vəsaitlər müxtəlif qiymətli kağızlar, valyuta, səhm bazarında istifadə edilərək, əlavə dəyər yaradır. Hazırda mövcud aktivlərin idarə edilməsindən fondun gəlirliliyi təxminən 1-3% arasında dəyişir. İllik təxminən 1-1,2 milyard dollar (bəzən 1,5) əlavə gəlir yaratma imkanı olub. Bundan başqa, neft vəsaitləri Neft Fondu vasitəsi ilə dövlət büdcəsinə transfer olunur. Dövlət büdcəsinə transfer olunan vəsaitlər ölkədə iqtisadiyyatın müxtəlif istiqamətlərinə yönəldilir. Ən başlıcası son dövrlərdə infrastruktur yenilənməsi ilə bağlı ciddi xərcləmələr edilib. Dövlət büdcəsinin orta hesabla təxminən 60%-i neft vəsaitləri hesabına formalaşır. Bu vəsaitlər infrastrukturun təkmilləşməsinə xərclənir ki, son nəticədə proseslər təkmil və müasir infrastruktur iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf etməsinə, regionlarda iqtisadi mühitin təkmilləşməsinə gətirib çıxarmaqla ümumi prosesə müsbət təkan verir. Ümumi qiymətləndirmə aparmaq çox çətindir. Çünki bəzi hallarda bu vəsaitlərin xərclənməsi, xərclərin qiymətləndirilməsinin effektivliyi ilə bağlı müəyyən narahatlıqlar da gündəmə gəlir. Amma bununla belə istənilən halda təkmilləşən infrastruktur özü ilə paralel olaraq, müəyyən qədər iqtisadi imkanlar formalaşdırır və biznesin bütün sahələri bu infrastrukturdan öz payına uyğun yararlana bilir. Bundan başqa müxtəlif proqramlar da dövlət büdcəsi vəsaitləri hesabına maliyyələşdirilir. Bu məqsədlə yönəldilən vəsaitlərin bir qismi ayrı-ayrı sektorların subsidiyalaşmasına, maliyyə əlçatanlılığının artırılması ilə bağlı müxtəlif fondlar tərəfindən güzəştli kreditlərin verilməsi istiqamətinə yönəlir. Hətta bu vəsaitlərin bir qismi hesabına ipoteka kreditləşməsi yolu ilə daşınmaz əmlak, tikinti sektorunun müəyyən qədər dəstəklənməsi hədəflənir.
- Son illərdə qeyri-neft sektorunun, xüsusilə də kənd təsərrüfatının inkişafı üçün addımlar atılır. Neftdən gələn gəlirlərin bu istiqamətin inkişafına yönəldilməsi nəticələr verirmi?
- Son illərdə kənd təsərrüfatı ilə bağlı müxtəlif layihələr həyata keçirilir. Avroparkların tikintisinə kifayət qədər böyük vəsaitlər sərf edilir. Bu istiqamətdə xərclərin ümumi həcminin 2 milyarddan artıq olacağı proqnozlaşdırılıb. Eyni zamanda, neft vəsaitləri optimal şərait yaradır ki, müəyyən sektorlarda vergi yükünün azaldılması məqsədi ilə güzəştlər tətbiq oluna bilsin. Yəni bu güzəştlər həmin sektorlarda yenidən maliyyələşməni, bu sektora investisiya qoyuluşlarını təşviq edir. Məsələn, kənd təsərrüfatı sahəsi uzun müddətdir ki, verginin bütün növlərindən azaddır. Bu özü də neft vəsaitlərinin dolayı yolla iqtisadiyyatın sektorlarına təsiri hesab oluna bilər. İqtisadiyyatın istehsal seqmentinin dəstəklənməsi üçün də neft vəsaitlərinin təsiri danılmazdır. Burada təbii ki, vəsaitlərin səmərəsiz xərclənməsi, korrupsiya riski ehtimalı çox yüksəkdir. Amma bununla belə istənilən halda neft vəsaitləri Azərbaycan iqtisadiyyatının müxtəlif istiqamətlərində yeni əlavə dəyərin yaradılmasında əhəmiyyətli rol oynayır.
Bu gün hələ də Azərbaycanda kənd təsərrüfatında sığorta mexanizmi tətbiqi mümkün olmayıb. Bu mexanizm tətbiq olunmadığı ölkələrdə aqrar layihələrin effektivliyi aşağı olur. Çünki aqrar sektor risklərə ən çox açıq olan sahədir. Bu da investisiya axınlarını ləngidən əsas məsələlərdən biridir. Bu sahəyə xarici investisiyanın cəlbində maraqlıyıq. Xarici investorun qeyri-neft sektoruna vəsait yatırması təkcə maliyyə baxımından əhəmiyyətli deyil, eyni zamanda həmin ölkənin öz təcrübəsini ölkəmizə gətirməsi baxımından vacibdir.
Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.
Axar.az xəbər verir ki, “Brent” markalı neftin bir barrelinin qiyməti 0,12 dollar ucuzlaşaraq 66,38 dollar, VTİ markalı neftin bir barrelinin qiyməti isə 0,29 dollar artaraq 55,88 dollar təşkil edib
Qubada evlərin birindən 37 min 355 manat oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, hadisə Vəlvələ kəndində baş verib.
Bildirilib ki, Quba Rayon Polis Şöbəsinə Vəlvələ kəndindəki evlərin birindən 18.000 manat və 790.000 rublun (19.355 manat) oğurlanması barədə müraciət daxil olub.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən kənd sakini E.Əhmədəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.