|
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən AZS 636:2023 "Yol nəqliyyat vasitələri. Ekoloji siniflər" dövlət standartı qəbul edilib.
İnstitutdan verilən məlumata görə, bu standart ölkə ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələbləri formalaşdırmaq, onların ətraf-mühitə, insan həyatına və sağlamlığına vurduğu ziyanı azaltmaq, həmçinin ekoloji təmiz nəqliyyat vasitələrindən və digər yaşıl texnologiyalardan istifadəni genişləndirmək, təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsini stimullaşdırmaq və zəruri infrastrukturu yaratmaq məqsədilə AZS 636-2012 “Yol nəqliyyatı. Ekoloji siniflər” dövlət standartının əvəzinə işlənib hazırlanıb.
Standart layihəsi “Yol nəqliyyatı” standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 19) rəy və təkliflər nəzərə alınmaqla müzakirə edilib və konsensus əsasında qəbul edilib.
Qeyd: AZS 636:2023 "Yol nəqliyyat vasitələri. Ekoloji siniflər" dövlət standartı Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərancamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın və Dövlət Proqramına dair Fəaliyyət Planının icrası məqsədilə yenidən işlənilib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin bütün strukturları bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. ADY sərnişin məmnuniyyətinin təmin edilməsi və onların təhlükəsiz mənzil başına çatdırılması istiqamətində səylə çalışır və xidmət səviyyəsini vaxtaşırı təkmilləşdirir.
Artan sərnişin tələbatı nəzərə alınaraq 8-12 noyabr tarixlərində Bakı–Ağstafa–Bakı istiqamətində axşam və səhər reysləri əlavə edilib. Səfərlər oturacaq tipli vaqonlardan ibarət sürət qatarı ilə təşkil olunacaq. Əlavə reyslər üzrə hərəkət edən qatar eyni zamanda Ucar stansiyasında da dayanacaq.
Həmçinin 8 noyabrda Bakıdan və Ağstafadan hər iki istiqamətdə sürətli sərnişin qatarı təyin edilib. Qatar Bakıdan saat 07:50-də, Ağstafadan isə saat 16:30-da yola düşəcək.
Bayram günlərində Bakı–Qəbələ–Bakı istiqaməti üzrə qatarlar hər gün hərəkət edəcək. Qatar Bakıdan Qəbələyə saat 07:30-da, Qəbələdən Bakıya isə saat 19:00-da yola düşəcək.
Abşeron dairəvi dəmir yolu xəttində isə qatarlar qeyri-iş günlərinin qrafikinə uyğun fəaliyyət göstərəcək.
Qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün www.ady.az saytına keçid edə bilərsiniz.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti noyabrın 28-də və dekabrın 5-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı hərraclar keçirəcək.
Dövlət Xidmətindən verilən xəbərə görə, ilk hərraca 33 avtomobil çıxarılacaq. İstehsal tarixi 1988-2012-ci illər, start qiyməti 3-22 min manat arasında dəyişən avtomobillər Rusiya, Almaniya və Yaponiya istehsalıdır.
Növbəti hərraca isə 43 nəqliyyat vasitəsi çıxarılacaq. Avtomobillərin istehsal tarixi 1985-2013-cü illər arasında, start qiyməti 500-13 500 manat arasında dəyişir.
Beləliklə, ümumilikdə 76 avtomobil hərraca çıxarılacaq. Onların tam siyahısı ilə aşağıdakı linklərdən tanış olmaq mümkündür:
1. 28 noyabr 2023-cü ildə baş tutacaq hərrac - http://surl.li/mwnoe
2. 5 dekabr 2023-cü ildə baş tutacaq hərrac - http://surl.li/mwnos
İştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər.
Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i qədər behi ödəyərək iştirakçı statusu almaq olar.
Noyabrın 2-də Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında keçiriləcək 10-cu yubiley Zirvə görüşündə iştirak etmək üçün Qazaxıstana səfər edib.
Son illər Türk dövlətləri arasında iqtisadi əlaqələrin daha da dərinləşməsi müşahidə olunur. Hazırda Türk Dövlətləri Təşkilatının üzv ölkələrinin əhalisi 173 milyon nəfərdən çoxdur. Üzv dövlətlərdə Ümum Daxili Məhsulun (ÜDM) həcmi 1,5 trilyon ABŞ dolları, ticarət dövriyyəsi isə 1,2 trilyon ABŞ dollarından artıqdır. Türk dövlətləri dünya əhalisinin 2,2%-ni, ümumi ticarət dövriyyəsinin 2,4%-ni və qlobal ÜDM-in 1,6%-ni təşkil edir.
Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, 2022-ci ildə Azərbaycanla türk dövlətləri arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 5 milyard 23 milyon dollardan 7 milyard 170 milyon dollaradək yüksəlib: "Ötən il Azərbaycanın bütün türk dövlətləri ilə ticarət dövriyyəsində artım qeydə alınıb. Qazaxıstanla dövriyyəmiz ötən il əvvəlki ilə nisbətən 4,4 dəfə artaraq 135 milyon 799 min dollardan 598 milyon 486 min dollaradək yüksəlib. Türkmənistanla dövriyyədə 5,1 dəfə artım qeydə alınıb. Ticarət dövriyyəmiz ötən il 105 milyon 23 min dollardan 535 milyon 397 min dollar çatıb.
Özbəkistanla ticarətdəki 64%-lik artım birgə dövriyyəmizi 111 milyon 903 min dollardan 2022-ci ildə 183 milyon 307 min dollaradək artırıb. Mərkəzi Asiyanın digər türk dövləti olan Qırğızıstanla da ticarət dövriyyəmizdə artım qeydə alınıb. İki dövlət arasındakı dövriyyə ötən il 17% artaraq 9 milyon 18 min dollardan 2022-ci ildə 10 milyon 809 min dollaradək yüksəlib.
Qardaş Türkiyə ilə dövriyyəmiz ötən il 6 milyard dollara yaxınlaşıb. 2021-ci ildə 4 milyard 661 milyon dollar olan ticarət dövriyyəsi ötən il 5 milyard 842 milyon dollaradək yüksəlib".
"Ticarət dövriyyəsinin böyüməsini birbaşa türk dövlətləri arasındakı münasibətlərin xüsusən son 2 ildə dərinləşməsi ilə bağlıdır. Azərbaycanın əldə etdiyi zəfərdən sonra türk dövlətləri strateji əməkdaşlığı daha da gücləndiriblər. Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsinin yaxın illərdə 15 milyard dollaradək yüksəlməsi hədəflənir", - deyə millət vəkili əlavə edib.
Bir neçə gündür ki, mağazalarda siqaret qıtlığı yaşanır.
Bu barədə Trend-ə satıcılar bildirib.
Onların bildirdiyinə görə, hər bazar ertəsi günü mal gətirən firmalar bu həftə gəlib çıxmayıb.
"Firmalar məhsul vermir. Siqaretin topdansatış yerlərində isə bəzi siqaretlərin bir blokunda bir manat bahalaşma var. Firmalardan satıcılara bildiriblər ki, siqaretin qiymətləri dəyişəcəyindən müvəqqəti problem yaşanır", - deyə bildiriblər.
Qeyd edək ki, sonuncu dəfə avqust ayında markasından asılı olmayaraq bütün siqaretlər 10 qəpik, bəzi siqaretlər isə 20 qəpik bahalaşmışdı.
2024-cü ilin dövlət büdcəsi haqqında qanun layihəsinə əsasən, gələn il dövlət büdcəsindən cəmi 7 rayona vəsait ayrılacaq. Bu il büdcədən dəstək olan Lerik rayonu gələn il öz gəlirləri hesabına dolanmalıdır.
Axar.az xəbər verir ki, bu barədə millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov qeyd edib.
Onun sözlərinə görə, bu o deməkdir ki, növbəti il 59 rayon və şəhər yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən vəsait almayacaq və özünümaliyyələşdirmə prinsipi ilə işləyəcək:
“Dövlət büdcəsindən 2022-ci ildə 14 rayona vəsait ayrılmışdı. Göründüyü kimi, son illər hər il əvvəlki ilə nisbətən dövlət büdcəsindən pul alan rayonların sayı azalır.
Layihəyə əsasən, gələn ilin dövlət büdcəsindən Cəbrayıl 1 milyon 214 min manat, Xocavənd 1 milyon 229 min manat, Xocalı 1 milyon 73 min manat, Kəlbəcər 1 milyon 945 min manat, Laçın 1 milyon 401 min manat, Yardımlı 1 milyon 863 min manat və Zəngilan 623 min manat vəsait ala biləcək. Bu rayonlarımız büdcədən 9 milyon 348 min manat alacaq. Bu il bu rəqəm 12 milyon 306 min manat idi.
Gələn il büdcədən vəsait alacaq 7 rayonun altısı Qarabağ və Şərqi Zəngəzirda yerləşir. İşğaldan azad olunan ərazilərimizdən kənarda sadəcə Yardımlı rayonu dövlət büdcəsindən dəstək ala biləcək. Özünü maliyyələşdirəcək rayonların sayının artması dövlət büdcəsindən asılılığın aradan qaldırlması baxımından vacibdir.
Bununla yanaşı, hazırda əsas hədəflərdən biri də iqtisadiyyatın balanslı inkişafının dəstəklənməsi və region ilə paytaxt arasındakı iqtisadi fərqin mərhələli şəkildə azaldılmasıdır. Bu baxımdan, həmin rayonlara daha çox sərmayə cəlbinin təşviq edilməsi çox vacibdir”.
Oktyabrın 1-dən qüvvəyə minən yeni qaydalara əsasən, Azərbaycanda icazəsiz tikilən obyektlərin su təchizatı və kanalizasiya şəbəkəsinə, elektrik şəbəkəsinə və qaz şəbəkəsinə qanunsuz qoşulması ilə bağlı cəzalar sərtləşdirilir. Eyni zamanda, Cinayət Məcəlləsinə edilən dəyişikliyə əsasən, tələblərin pozulmasına görə təbii qaz, su, kanalizasiya, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxslərinin məsuliyyəti də nəzərdə tutulur.
Bəs kommunal istiqamətdə edilən ciddi dəyişiklik fərdi yaşayış evlərinin də qiymətlərinə təsir edəcəkmi?
Mövzu ilə bağlı yenisabah.az-ın suallarını cavablandıran əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bu dəyişikliyin qiymətlərə də təsir edəcəyini bildirib:
"Yeni qərar həm çıxarışlı torpaq sahələrinin, həm də çıxarışlı həyət evlərinin qiymətini artıracaq. Digər tərəfdən çıxarışı olmayan torpaq sahələrinin və tikilməkdə olan həyət evlərinin qiymətlərində kəskin enmələr olacaq. Çünki torpaq sahəsi alan adam orada nə isə tikmək istəyir, evi tikdikdən sonra həmin adam kommunikasiya xətləri çəkə bilməyəcəksə, təbii ki, orada heç kim yaşamaq istəməyəcək, istəsə belə yaşaya bilməyəcək. Bu qiymətlərə ciddi şəkildə təsirini göstərəcək".
Ekspertin sözlərinə görə, çıxarışsız evlərə çıxarışların verilərsə, bu, dövlətin də böyük gəlir əldə etməsinə səbəb olacaq:
"Təbii ki, bu addım çıxarışsız həyət evlərinin sayının azalması üçün atılıb. Çünki yüz minlərlə çıxarış ala bilməyən fərdi yaşayış evləri var. Amma həm də buna alternativ addımlar atılmalı idi. Düşünürəm ki, çıxarışı olmayan evlərin çıxarışla təmin olunmasına başlanmalı və paralel olaraq digər istiqamətdə işlər görülməli idi. Hələ ki, tikintilərin dayandırılması ilə bağlı bu cür addım atılıb deyə düşünürəm. Yəqin ki, bu addım effektiv olar.
Amma istənilən halda, çıxarışı olmayan həyət evlərinə çıxarışların verilməsi yalnız vətəndaşların hüquqlarının qorunub tanınması deyil, bu həm də dövlətin bu sahədən böyük gəlirlər əldə etməsinə səbəb olacaq. Çünki bu sahədə olan boşluqlara görə - çıxarışların olmamasına görə dövlət ciddi şəkildə itkilərə məruz qalıb.
Çıxarışı olan həyət evləri əmlak vergisi, torpaq vergisi ödəyir, sığortalanır, alqı-satqı zamanı hər kvadratına görə vergi ödənir və s. Amma çıxarış olmadığı halda dövlət bu gəlirlərdən məhrum olur. Bu baxımdan işlər paralel aparılsaydı, daha yaxşı olardı.
Nəticə olaraq, yeni qərar çıxarışlı həyət evlərinin qiymətini artıracaq, çıxarışı olmayanların qiyməti isə aşağı düşəcək".
Fiziki şəxs olan istehlakçılar tərəfindən ödənilmiş ƏDV-nin qaytarılmasına (ƏDV cash-back) görə əldə olunan gəlirlər gəlir vergisindən azad ediləcək.
Bu, Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında əksini tapıb.
Zəngilan şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib.
Baş nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb.
Xatırladaq ki, Zəngilan şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü il oktyabrın 29-da işğal olunub. Vətən müharibəsində şanlı Qələbə qazanan rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 20-də şəhəri işğalçılardan azad edib.
Ötən il metropoliten ilə bir sərnişinin daşınması 68 qəpiyə başa gəlib - “Bakı Metropoliteni” QSC-nin sədr müvani Hidayət Məmmədov deyib.
Belə ki, qeyd olunan xərc hazırda müəyyən olunan 40 qəpiklik gediş haqqından 1,7 dəfə çoxdur.
İqtisadçı ekspert Natiq Cəfərli açıqlamasında bildirdi ki, metropoliten rəhbərliyi zaman-zaman bu məsələni gündəmə gətirir, sərnişindaşımanın maya dəyərinin yüksək olduğunu söyləyirlər:
“Nə köhnə, nə də yeni rəhbərlik bunun hesablanma qaydaları ilə bağlı açıqlama verməyib. Maya dəyəri hesablanarkən hansı metodologiyadan istifadə olunur və bu metodologiya beynəlxalq standartlara uyğundurmu? Hesablama apararkən hansı parametrlər əsas götürülür? 1 və 10 dayanacaq gedənlərin hər birinin maya dəyəri 68 qəpikdirmi? Bu metodologiya ilə bağlı hesabat vermədikcə, göydən götürülən rəqəmləri açıqladıqları ilə bağlı təəsürat yaranır”.
Ekspert deyir ki, belə açıqlamaların əsas səbəbi gələcəkdə qiymətin artırılması ilə bağlı ictimai rəy yaratmaqdır:
“Bu, ictimai rəyi metroda gediş haqqının artırılacağı yönündə hazırlamaqdan başqa bir şey deyil. Maya dəyərinin hesablama metodologiyası ilə bağlı ictimaiyyətə məlumat verilməlidir ki, hansı parametrlər əsasında 68 qəpik xərcin yarandığını bilək”.
Onu da qeyd edək ki, artıq metroda gediş haqqı tariflərini təsdiqləmək səlahiyyəti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə verilib.