|
Azərbaycan Respublikasının bank sistemi maliyyə bazarlarına nəzarət orqanı olan Mərkəzi Bankdan (Mərkəzi Bank) və kredit təşkilatlarından ibarətdir. Müxtəlif zamanlarda banklar maliyyə sıxıntısı və digər səbəblərdən ya bağlanıb, ya da birləşməsi baş verib. Hazırda Azərbaycanda 23 bank fəaliyyət göstərir.
Pravda.az 2015-ci ildən etibarən Azərbaycanda bağlanan bankları araşdırıb.
Məlum olub ki, 2015-ci ildə ölkədə fəaliyyət göstərən 2 bankın - “Azərbaycan Kredit Bankı” və “Euro Bank”ın lisenziyası ləğv olunub. 2014-cü ilin dekabr ayının sonunda “EuroBank”ın məcmu kapitalı 7,5 milyon manat, “Azərbaycan Kredit Bankı”nınkı isə 5,8 milyon manat olub. Azərbaycanda ən çox bank 2016-cı ildə bağlanıb. Belə ki, həmin il “Atrabank”, “Bank of Azerbaijan”, “Bank Standard”, “Deka Bank”, “Gəncə Bank”, “Kredo Bank”, “Qafqaz İnkişaf Bankı”, “Para Bank”, “Texnika Bank”, “United Kredit Bank” və “Zamin Bank” fəaliyyətini dayandıraraq bank sektorundan gedən şirkətlərdir. Araşdırmamıza görə, 2017-ci ildə Azərbaycanda bağlanan yeganə bank “DəmirBank" ASC-dir. Ekspertlər 2018-2019-cu illərdə bank sektorundan bir neçə şirkətin gedəcəyini proqnozlaşdırsalar da, həmin illərdə sektorda sakitlik hökm sürüb. Nəhayət, 2020-ci ildə sükutu 4 bank - “AGBank”, “Amrah Bank”, “Atabank” və “NBC Bank” pozub, bağlanıblar. Azərbaycanda lisenziyası ləğv edilən banklarla yanaşı, birləşərək daha da böyüyən banklar da olub. Belə ki, 1992-ci ildə yaradılmış “MBank” 2000-ci ilin əvvəllərində “PROMTEXBANK”la birləşərək “Unibank” adlanıb. 2021-2022-ci illər sakit ötüşsə də, 2023-cü ilə mənfi göstəricilərlə start verən “Günay Bank” və “Muğanbank”ın taleyi ürəkaçan olmayıb. Belə ki, cari ilin I rübündə “Günay Bank”ın məcmu kapitalı 602 min manat azalaraq 64 milyon 31 min manat olub, 17 may 2023-cü ildən lisenziyası ləğv edilib. “Muğanbank” isə 2023-cü ilin yanvar-sentyabr ayları ərzində 1 milyon 287 min manat zərər edərək oktyabrın 19-dan bağlanıb.
Ölkəmizdə lisenziyası ləğv edilən bank siyahısı uzandıqca vətəndaşlarda ümudsizlik yaranır. Onlar daha etibarlı banka vəsait yatırmaq istəyirlər ki, nəticədə həm bağlanmasın, həm də vətəndaş karlı çıxsın. Vətəndaşlar sonradan “Muğanbank”, “Günay Bank” kimi bank müştərilərinin taleyi ilə üzləşməmək, risklə qarşılaşmamaq üçün bank seçimində hansı göstəricilərə diqqət etməlidirlər?
Mövzu ilə bağlı Pravda.az-ın suallarını cavablandıran Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib ki, vətəndaşlar bank sektoru ilə bağlı göstəriciləri öyrənmək üçün xeyli resursalara malikdirlər:
“Bütün bankların maliyyə vəziyyəti barədə məlumat almaq üçün geniş resurslar var. Buna görə də vətəndaşlar banklara əmanət qoyarkən, hesab açarkən daha sağlam və maliyyə göstəriciləri yaxşı olan banklara etibar etsinlər, əmanətlərini isə sığorta qaydalarına əsasən seçsinlər. Əgər onlar depozitlərini dövlətin müəyyən etdiyi şərtlərə uyğun yerləşdirsələr, heç bir problem olmayacaq, çünki dövlət onların pulunu geri ödəyir. Necə ki, “Muğan Bank”da sığortalanmış əmanətlərin hər manatı geri ödəniləcək”.
A.Hüseynov deyib ki, ölkədə bank sektorunda sağlamlaşdırma tədbirləri həm də öz fəaliyyətini rəqabət prinsiplərinə uyğun qura bilməyən, likvidlik göstəriciləri zəif olan bankların sıradan çıxmasına səbəb olur: “Məsələn, ötən ay fəaliyyəti dayandırılan “Muğan Bank”ın fəaliyyəti ilə bağlı digər bir sıra göstəricilər də göstərir ki, bank bazarında rəqabətə davam gətirə bilməyən maliyyə qurumları var və onlar bu cür uzun müddət bazar qaydalarına tab gətirə bilməzlər. Aktivlərin həcminə görə “Muğan Bank” Azərbaycanda fəaliyyət göstərən 24 bank arasında 16-cı sırada olub. Yəni ən sonuncu yerlərdə qərarlaşmamışdı. Bankın aktivləri 647 milyon 971 min manata bərabər idi. Bununla yanaşı, aktivlərdə azalma faizinə görə ən pis göstəriciyə malik olub. “Muğan Bank”ın həmin müddətdə aktivləri 18,9 % azalıb. Digər tərəfdən, bu ilin ilk doqquz ayında üç bank zərərlə işləyib. 1 milyon 287 min zərəri qeydə alınan “Muğan Bank” həmin müddətdə mənfəətə həsrət qalan üç bankdan biri olub. Bu, onu göstərir ki, bu cür maliyyə qurumları ümumi bank sektoruna xələl gətirdiyindən yola davam edə bilmirlər. “Muğan Bank” və digər likvidliyini itirmiş bankların bağlanması ümumi bank bazarına heç vaxt mənfi təsir göstərə bilməz. Mərkəzi Bankın məlumatına görə, bu bankın ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 1,4%, kredit portfelində 2%, sektorun öhdəliklərində isə cəmi 1,3% təşkil edir. Rəqəmlər göstərir ki, “Muğan Bank”ın müflis olması bank sektorunun maliyyə dayanıqlılığı üçün təhdid yaratmır”.
A.Hüseynov bank sistemində aparılan islahatlardan da danışaraq qeyd edib ki, Mərkəzi Bank iqtisadiyyatda daha uzunmüddətli faiz dərəcələrinin formalaşmasına təsir göstərməyə, normal faiz dəhlizi sayəsində aşağı faizlərlə əhaliyə və iqtisadiyyata kredit verilməsini təmin etməyə çalışır: “Son dövrlərdə Mərkəzi Bank tərəfindən uçot dərəcələri artırılır ki, bu qərarlar xüsusilə kommersiya banklarının, ümumiyyətlə, fəaliyyət göstərən bütün bankların, o cümlədən bank olmayan kredit təşkilatlarının və müxtəlif maliyyə institutlarının alternativ maliyyə mənbələri cəlb etməsini də stimullaşdırır. Son illərdə kommersiya banklarının istiqaməti Mərkəzi Bankdan kənar vəsaitlərə, əhalidən yığımlara yönəltməsi və bank əmanətlərinin həcminin artması da bunu təsdiq edir”.
İqtisadçı Eldəniz Əmirov isə düşünür ki, ölkədə vətəndaşların banka olan inamının azalmasında bir neçə amil rol oynayır:
“Bunlardan biri bəzi bankların bağlanmasıdırsa, digəri inflaysiya səviyyəsinin yuxarı olmasıdır. Çünki bankların verdikləri depozit faizləri nəinki vətəndaşa gəlir gətirmək, inflyasiyanı qarşılamaq üçün də kifayət etmir. Buna görə də həm inflyasiya göstəricisi, həm də bankların bağlanması insanların banklara olan davranışlarını dəyişən iki əsas amildir. Üçüncü faktor isə düşünürəm ki, digər iki faktordan heç də geri qalmır. Bu il fevralın 1-dən başlayaraq depozit faizlərindən əldə olunmuş gəlirlərə tətbiq edilən verginin yenidən qüvvəyə minməsi insanları banklara əmanət yatırmaqdan qaçıran üçüncü faktordur”.
Ekspertin sözlərinə görə, vətəndaşlar bank seçərkən ilk növbədə müəyyən reytinq göstəricilərinə diqqət etməlidirlər: “Düzdür, bütün detallı məlumatları hər vətəndaş əldə edə bilməz və maliyyə məlumatlarını təhlil etmək bacarığına malik olmaz, amma yenə də bütün hallarda mümkün qədər bankın maliyyə durumu, onun reytinqi və s. kimi göstəricilərinə diqqət etmək vacibdir. Heç nəyi bilməyən bir insan belə ən azından depozit faizlərinə görə müəyyən təhlillər apara bilər. Banklar hansısa dönəmdə qəfil depozit faizlərini qaldırırlarsa, yəni müştərilərə depozitin qarşılığında verəcəkləri faizi daha yuxarı göstərirlərsə, bu, əslində vətəndaşda müəyyən qədər suallar yaratmalıdır. Bankların depozit faizlərinə baxsaq, ölkədə ən etibarlı banklar daha aşağı depozit faizi təklif edirlər. Çünki etibarlıdırlar, özlərinə güvənirlər. Bu da deməyə əsas verir ki, depozitə o qədər də ehtiyacları yoxdur, kifayət qədər kapitala sahibdirlər. Deməli, bu cür banklar etibarlıdırlar. Digər problem budur ki, axı aşağı depozit faizi ilə əmanət yatırmaq vətəndaşlar üçün sərfəli deyil..”
İqtisadçı Eyyub Kərimli isə hesab edir ki, Azərbaycanda son bir ildə kifayət qədər aktiv iki bank bağlansa da, siravi vətəndaşlar təşvişə düşməməlidirlər:
“Dövlətimiz tərəfindən 100 min manata qədər əmanəti olan vətəndaşlarımız Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanırlar. Bu isə onların əmanətlərinin təhlükəsizliyini təmin edir. Yaxşı olar ki, vətəndaşlar bu məsələlərdə daha diqqətli olsunlar. Hər hansı əməliyyat aparanda, sözsüz ki, bankların maliyyə durumunu daha yaxşı, dərindən araşdırmalıdırlar. Hətta sahə üzrə mütəxəssislərə, maliyyə menecerlərinə müraciət etsələr, yaxşı olar. Bəzən bizdə bank seçərkən insanlar peşəkar araşdırmaçılara, iqtisadçılara müraciət etmirlər, bu isə sonda bəzən xoşagəlməz halların yaşanmasına səbəb olur. Məsələn, bir avtomobil alarkən onu hansısa texniki servisə, peşəkar ustanın yanına aparıb müəyyən məlumatlar əldə edirlər. Banklarla əməkdaşlıq edəndə isə araşdırma aparmırlar. Tövsiyə edirəm ki, banka vəsait yatıranda peşəkarların xidmətindən yararlansınlar, çünki bu, yarana biləcək risklərin, gələcəkdə vəsait itkisinin qarşısını almış olar”.
Ekspert deyib ki, vətəndaşlar bank seçərkən daha çox bankların şəbəkələşməsini nəzərə almalıdırlar: “Yəni bankın filialı, şəbəkəsi nə qədər çox olsa, deməli, həmin bankın maliyyə imkanları bir o qədər genişdir. İkincisi, likvidliliyi nəzərə almalıdırlar. Bankların hər il dərc etdikləri hesabatlar var. Bu hesabatda onların reytinqləri, kredit, depozit portfelləri və kapitalları öz əksini tapıb. Sözsüz ki, bu da ilkin əsas göstəricilərdən biridir. Vətəndaşlar isə bəzən buna fikir vermirlər. Üçüncüsü, faizi çox verən bəzi bankların maliyyə imkanları daha zəifdir. Onlar əhalidən daha çox vəsait əldə etmək üçün yüksək faizli depozit təklif edirlər. Böyük, sabit banklarda isə əksinədir. Bu onların yüksək maliyyə yığımına ehtiyaclarının olmamasından irəli gəlir. Çünki maliyyələri sabitdir. Bu da əsas göstəricilərdən biridir. Vətəndaşlar böyük faizlərə aldanaraq faizi yüksək verən bankları seçirlər, amma bu, risk səviyyəsini artırır”.
Mərkəzi Bank oktyabrın 25-də “interchange” tariflərinin yuxarı-orta həddini müəyyən edib və bu hədd orta hesabla 36% azaldılıb. Xüsusilə bu hədd ərzaq mağazaları, apteklər üçün qəbul edilən ödənişlər üzrə 33%, yanacaq doldurma məntəqələrində 55%, digər proqramlar üzrə isə 22% azaldılıb.
“Interchange” nağdsız ödənişlərdə bankların bir-birinə ödədiyi komissiyadır və banklar bu ödənişləri “cashback” kimi istifadə edir. Bu baxımdan artıq bankların sözügedən “cashback”ləri azaldacağı və ya ləğv edəcəyi deyilir.
İqtisadçı ekspert Xalid Kərimli “açıqlamasında bildirdi ki, nağdsız ödənişlərdə bankların ticarət obyektlərindən aldıqları komissiyaların çox olması həmin obyektlərin kartla ödənişə meyilli olmamasına səbəb olur:
“Bu, həm vergidən yayınma cəhdləridir, həm də banka ödənilən haqqa görə xərcin çox olmasına görədir. Çünki nağd ödənişdə pul ticarət obyektinin birbaşa kassasına daxil olduğu halda, nağdsız ödənişlərdə vəziyyət başqa cür olur. Həmin kartların prosessinq xərci 1,5%-ə yüksəlir. Həmçinin nağdlaşdırma komissiyası və sadələşdirilmiş verginin də tətbiqi əlavə 2% xərc yaradır. Nəticədə, nağdsız ödənişlər sahibkara əlavə 3,5-4% əlavə xərcə gətirib çıxarır. Bu da onların nağd ödənişlərə meyilli olmalarına səbəb olur”.
Ekspert deyir ki, tariflərin azaldılmasında hökumətin əsas məqsədi kart ödənişlərini stimullaşdırmaqdır:
“Bu xərcləri azaltmaqla imklan verirlər ki, banklar müştərilərinə pos-terminaldan gələn vəsaitə görə komissiyanı azaltsın. “Cashback”lərə gəlincə, bu, bankların marketinq proqramıdır. Prosessinq tarifləri 1%-dən aşağı olsa da, bankların tətbiq etdikləri “cashback” 2-3%, bəzən də 5%-ə çatır. “Cashback”lər həm mağazalardan alınan tariflər əsasında, həm də bankın marketinq xərcləri əsasında ödənilir. Düşünürlər ki, bununla müştəri cəlb olunacaq və həmin müştəri kartında pul saxlayacaq ki, bunu da qısamüddətli istifadə etmək imkanları var. Həmçinin çarpaz satış imkanları yaranacaq, yəni, müştəri həmin bankın kredit və s. kimi xidmətlərindən istifadə edə və aktiv müştəriyə çevrilə bilər. Onu da qeyd edək ki, indi bazarın ilkin mərhələsi olduğundan yüksək olan "cashback" xərcləri müəyən müddətdən sonra zəifləyə bilər”.
“Ümumilikdə, tariflərin azalmasının indiki məqamda "cashback"lərin azaldılmasına ciddi təsir edəcəyini düşünmürəm”, - deyə X. Kərimli əlavə edib.
2023-cü ilin 9 ayı ərzində ümumilikdə 571.8 km uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub.
Bura daxildir:
Respublika əhəmiyyətli - 296,7 km;
Yerli əhəmiyyətli - 254,1 km;
Bakı şəhər yolları - 21,0 km.
YOLUNUZ AÇIQ OLSUN...
ABŞ-nin Azərbaycana ayırdığı hərbi yardımın həcmi Azərbaycanın özünün müdafiə və milli təhlükəsizlik məsələlərinə xərclədiyi pulun cəmi 0,03%-dən 1%-nə qədərini təşkil edir. Amerika Azərbaycana hərbi yardımı dayandırdığını bildirdi.
Bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. Ekspert mövzunun kökündə dayanan məqamı belə izah edib: "ABŞ 1991-ci ildə SSRİ-dən sonra müstəqil olan dövlətlərə yardımla bağlı qanun qəbul etdi. 1992-ci ildə erməni lobbisinin təzyiqi ilə yalnız Azərbaycanı bu siyahıdan çıxardı. Yəni bu qanunun 907-ci maddəsinə düzəliş edildi.
2001-ci ildə Amerikanın İraqda və Əfqənistanda apardığı işlərlə bağlı Azərbaycana ehtiyacı olduğu üçün düzəlişi dayandırıldı və Azərbaycana yardımlar edilməyə başladı.
Dünən isə yenidən Amerika tərəfi Ceyms O-Braynin timsalında bildirdi ki, Ermənistanla sülh danışıqlarında irəliləyiş olmayana qədər Azərbaycana yardımlar dayandılacaq.
Amerika birmənalı olaraq hər zaman öz maraqlarına uyğun Azərbaycandan istifadə etmək üçün bu yardımı artırıb və azaldıb. Corc Buş Yaxın Şərq siyasəti zamanı Azərbaycanın müsəlman ölkəsi olaraq beynəlxalq antiterror əməliyyatlarına hərbi-siyasi dəstək verməsi, xüsusən də Əfqanıstana yüklərin daşınmasında əhəmiyyətli tranzit ölkə olması üçün Azərbaycana hərbi yardımı artırdı.
İranla nüvə sazişi imzaladığı və rəsmi Bakıya ehtiyacın azaldığı illərdə isə B.Obama Azərbaycana hərbi yardımları azaltdı. Hətta 2016-2017-ci illər ərzində ABŞ-nin Azərbaycana hərbi yardımı illik 3 milyon dollardan artıq olmadı. Halbuki əvvəlki illərdə bu rəqəm dəfələrlə böyük idi".
Azərbaycan nələri itirəcək?
Ekspert deyir ki, itkiləri bilmək üçün əvvəlcə onun Amerikadan hər il nə qədər yardım aldığını bilmək lazımdır:
"Ümumiyyətlə, 2002-ci ildən Amerikanın bu yardım sənədi üzrə 411,6 milyon dollar vəsaitin təhlükəsizlik sahəsinə aid 20-dən artıq layihələr vasitəsilə bu ölkələr arasında bölüşdürülməsi nəzərdə tutulmuşdu. 2002-ci ildən başlayaraq, hər bir büdcə ilində Azərbaycan cəmi 13 milyon dollar təşkil edən yardım almışdı.
2017-ci ildən sonra regionda gərginlik artan kimi Amerika yenidən Azərbaycanla hərbi sahədə əməkdaşlığı gücləndirdi. Buna görə də, 2018-ci ildə cənub sərhədlərinin təhlükəsizliyi rabitə, enerji, tikinti, dəniz avadanlıqları və nəqliyyat vasitələri üçün Azərbaycana 47,5 milyon dollar ayırdı. Bundan əlavə bildirildi ki, Xəzər dənizdə təhlükəsizlik məsələlərinə dair Azərbaycana əlavə 11,5 milyon dollar ayrılır.
2024-cü ilin dövlət büdcəsində Azərbaycanın Müdafiə və milli təhlükəsizlik məsələlərinə görə 6 milyard 421 milyon manat vəsait ayırıb. Bu, 3,77 milyard dollar deməkdir. Yəni Amerikanın bizə ayırdığı yardım bizim ayırdığımız pulun maksimum 1%-ni təşkil edib. Hətta elə illər olub ki, 0,03%-i qədər az olub. Odur ki, bunu qaçırılacaq maddi imkan kimi qiymətləndirməyə dəyməz".
E. Əmirovun sözlərinə görə, Amerikanın Ermənistanla sülhü bəhanə edərək yardımı dayandırmasının arxasında yenə də başqa məqamlar gizlənir: "Çünki regionda vəziyyət dəyişdikcə Amerikanın Azərbaycana yardım siyasəti də dəyişir. Lakin Cənubi Qafqazda söz sahibi olmaq istəyən bir ölkə Cənubi Qafqazda bir nömrəyə çevrilmiş Azərbaycanla münasibətlərini yaxşılaşdırmalıdır. Amerika isə həm burada mövqeyini gücləndirmək istəyir, həm də Rusiyanın Cənubi Qafqazda sıxışdırılmasını. Bu istəklər isə Azərbaycana qarşı sərt münasibət qarşılığında reallaşa bilməz. Ona görə də, qarşıdakı müddətdə yenidən ABŞ-nin mövqeyinin dəyişəcəyinə qəti şübhə etmirəm".
Azərbaycana idxal olunan avtomobillərin istehsal ilinə görə qoyulan məhdudiyyət səbəbindən gətirilən modellərin də siyahısı dəyişib. Belə ki, 2013-cü ildən əvvəl istehsal olunan nəqliyyat vasitələrinin idxalına qoyulan qadağa qiymət və model dəyişikliyinə gətirib çıxarıb. Yeni gətirilən bu maşınlar həmçinin bəzi avtomobil modellərinin də bazarını bağlayıb.
Hazırda ölkənin bazarda olan qiymətlər və ən çox tələbat olan nəqliyyat vasitələri barədə avtomobil bazarı araşdırmaçısı Sərxan Qədirov Lent.az-a danışıb. O, əsasən Cənubi Koreyadan gətirilən avtomobillərin alıcıları özünə cəlb etdiyini deyib:
“Bazarda 10 min manatadək əsasən sovet maşınları yaxşı satılır. 10 və 20 min manat arası "çeşka" və "dördgöz"lər, həmçinin Koreya maşınları üstünlük təşkil edir. 20-40 min manat arası isə hazırda “KİA Sorento” və “Hyundai Santa Fe”nin dizel mühərrikli olanlarına tələbat yüksəkdir. Ən çox tələbat bu maşınlaradır. Son adı çəkilən modellər “Toyota Prado”, “RAV 4” kimi avtomobillərin bazarını bağlayıblar. Hazırda maşın bazarında hündür avtomobil deyəndə ilk ağla “Hyundai Santa Fe” və “KİA Sorento” gəlir. Bu avtomobillər hündür, rahat, geniş və ekonom olduğu üçün onlara tələbat çoxdur.
ABŞ-dan gələn “Chevrolet Cruze”ların bazarı yoxdur. Amma “Toyota Prius”ların taksi fəaliyyətinə görə satışı olduğu kimi davam edir. Həmçinin “KİA Cerato”, “Hyundai Elantra”ların da satışı normaldır. Sovet maşınlarının da qiyməti qalxıb. Ümumiyyətlə bazarda hazırda bahalaşma müşahidə olunur”.
Ötən il Fransa 603,4 milyard dollarlıq məhsul satıb. Bunun cəmi 222 milyon dollarını Azərbaycan alıb. Bu isə 0,03% deməkdir.
Bunu iqtisadçı ekspert Eldəniz Əmirov Azərbaycanda Fransa məhsullarının boykot edilməsi ilə bağlı çağırışları şərh edərkən deyib. O, boykotun Fransaya təsirlərini belə ifadə edib:
"Fransanın mal satıb qazandığı hər 100 dolların cəmi 3 sentini (100 manatdan 3 qəpiyi) ötən il biz vermişik. Tutaq ki, baykot qərarı verildi. Yenə də biz öz baykotumuzla bu 3 qəpiyin maksimum 1 qəpiyinini azalda biləcəyik. Yəni, maksimum cibinbə 100 manat olan adama 1 qəpik zərər dəyər. Bu da heç zərər deyil, mən almayacam başqasına satacaq".
"Maraqlısı isə odur ki, siyasi anlamda münasibətlər gərgin görünsə də, iqtisadi baxımdan vəziyyət başqa şey deyir. Bu ilin 6 ayı ərzində Fransa ilə ticarət dövriyyəmiz 3,6 dəfə, yəni 260% artıb", - deyə ekspert əlavə edib.
Yol-xeber.az" xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC sərnişin məmnuniyyətinin təmin edilməsi və xidmət səviyyəsinin təkmilləşdirilməsi istiqamətində mütəmadi çalışır. Qərb bölgəsinə artan sərnişin tələbatı nəzərə alınaraq Bakı–Ağstafa–Bakı marşrutu üzrə cari ilin axırınadək həftə sonlarına əlavə reyslər təyin edilib.
Belə ki, 17 noyabr tarixindən etibarən hər həftənin cümə və şənbə günləri Bakıdan saat 23:55-də yola düşən qatar növbəti gün saat 06:20-də Ağstafa stansiyasına çatacaq.
Ağstafadan geriyə hər həftənin şənbə və bazar günlərində saat 08:30-da yola düşən qatar həmin gün saat 14:55-də Bakı Dəmiryol Vağzalına çatacaq.
Səfərlər oturacaq tipli vaqonlardan ibarət sürət qatarı ilə həyata keçiriləcək. Qatar eyni zamanda Ucar stansiyasında da dayanacaq edəcək.
Səyahətin komfortlu keçməsi məqsədilə qatarda biznes sinif üçün keytrinq xidməti və əlavə olaraq bütün vaqonlarda səyyar satış həyata keçiriləcək.
Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə onlayn əldə etmək mümkündür.
Davam edən Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə münaqişənin yenidən alovlanması və bölgənin neftlə zəngin ölkələrinə münaqişənin yayılması təhlükəsi, Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatının ritorik olsa da İsrailə qarşı sərt reaksiyası, əslində, nefti 100 dolların üzərinə çəkməli idi. Lakin bu gün neft Yaxın Şərq hadisələrindən əvvəl olan qiymətdən ucuzdur. Sual olunur, nə baş verir?
Bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, bunun bir neçə fundamental səbəbi var:
"FED və digər ölkə Mərkəzi Bankları uçot dərəcəsini artırmaqla iqtisadi aktivliyi azaltmaq yolunu tutub bu yolla inflyasiyanı azaltmaq istəyirlər. Digər səbəb Çinin gözləntilərdən daha aşağı sürətlə böyüməsi, AB ölkələrində ressesiya təhlükəsidir. Həmçinin Rusiyaya qarşı tətbiq edilən sanksiyaların fiaskoya uğraması da bura daxildir (Kreml hələ də öz neftini müxtəlif üsullarla bazara çıxara bilir)".
Ekspertin sözlərinə görə, əsas səbəblər və məqsədlər siyasidir:
"ABŞ-da seçkilər yaxınlaşır, orta statistik amerikalı üçün beynəlxalq vəziyyət, xarici siyasət sonuncu yerdədir. Səsvermədən öncə ən çox baxdığı məsələ benzin qiymətləridir – yanacaq ucuzdursa, iqtidarda olan partiyanın şansı artır, bahadırsa azalır. Bu korelyasiya onillərdir ki, var və bu gün Demokratlar və Bayden administrasiyası müxtəlif üsullarla neftin bahalaşmasının qarşısını almağa çalışırlar ki, seçkilərdə şansları olsun. Amma çox ucuzlaşmasını da istəmirlər, çünki “yaşıl enerji” məsələsinə ən böyük maneə ucuz neft-qazdır. Neft 40 dollar olduqda heç kim bərpaolunan enerjiyə yatırım etmək istəmir. Ucuz neft həm də Rusiyaya zərbədir, daha az qazanmasına səbəb olur, lakin Çinə xeyirdir. Deməli Rusiyaya ziyan vurmaq istəsələr, bu yolla Çinə dəstək vermiş olurlar".
N. Cəfərlinin fikrincə, dünyada liderlik böhranı yaşanır və dünyanın bölünməsi davam edəcək: "İsrailin son etdikləri, ağına-bozuna baxmadan sivil insanları bombalaması, uşaqların, qocaların, qadınların qətli vicdanları zədələyib. İslam Əməkdaşlıq Təşkilatına və Ərəb Liqasına daxil olan ölkələr artıq kənarda qala bilmirlər, çünki altdan, xalqdan ciddi təzyiq var. Əgər bu cəbhələşmə kəskinləşsə, nefti kəskin ucuzlaşdırmaq yolu ilə neftlə zəngin müsəlman ölkələrində ciddi növbəti “ərəb baharları” törədə bilərlər. Zatən xalq qəzəblidir, bunun üzərinə iqtisadi böhran da gəlsə, müsəlman ölkələri daxili çəkişmələrlə boğuşacaqlar.Bu zaman indi formalaşan anti-Qərb koalisiyası zəifləyəcək, çünki, istəlilən daxili xosdan çıxmaq üçün həmin ölkələrin elitaları Qərblə yaxınlaşma yolu tutacaqlar. Hansı elitar qruplaşma tez tərpənsə, o da hakimiyyətə yiyələnəcək. Pisdir-yaxşıdır, bu ikinci məsələdir, amma təəssüf ki, müsəlman ölkələrində hakimiyyətləri legitimləşdirən siyasi “notarius” rolu hələ də Qərbdədir".
"Sözün qısası yaxın aylarda neftin kəskin ucuzlaşması baş verə bilər. İqtisadiyyatları neft-qazdan çox asılı olan ölkələr bunu nəzərə almalıdır. hələ Tramp, Respublikaçılar qalib gəlsələr, bu məsələ daha da sürətlənəcək. Onlar neft-qaz hasilatını təşviq edən siyasətə geri dönəcəklər. Hətta Rusiya-Ukrayna müharibəsinin dayandırılması yollarından biri də neftin 30-40 dollara düşməsi ola bilər", - deyə ekspert əlavə edib.
Yaxın Şərqdəki vəziyyət növbəti ildə dünya iqtisadiyyatına fərqli situasiya yarada biləcəyindən belə bir vəziyyətlə üzləşəcəyimiz istisna deyil.
Bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentdə 2024-cü il büdcə zərfinin müzakirəsi zamanı deyib.
Ölkədəki infilyasiya prosesinə toxunan komitə sədri deyib ki, ilin sonunadək infilyasiya 6,9 faizədək enməsi proqnozlaşdırılır.
“2024-cü ildə isə infilyasiya 5,9 faiz proqnozlaşdırılır”, - komitə sədri qeyd edib.
Bununla belə komitə sədri əlavə edib ki, qlobal iqtisadi durum infilyasiya risklərinin olacağını istisna etmir.
Mərkəzi Bankın bu ilin 10 ayında keçirdiyi valyuta hərraclarının 99-da təklif tələbi üstələyib.
Bunu Milli Məclisdə 2024-cü il dövlət büdcə zərfinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
O bildirib ki, AMB-nin ehtiyatları 1 milyard 248 milyon ABŞ dolları artıb: “Valyuta bazarında məzənnə sabitliyinin təmin edilməsi məqsədilə AMB bazara alışyönümlü müdaxilələr həyata keçirib. Bunun sayəsində AMB-nin ehtiyatları 1 milyard 248 milyon ABŞ dolları artıb”.