"Bu gün metropolitenin bir stansiyası inşa olunur. Bu, Cəlil Məmmədquluzadə küçəsində yerləşən şərti adı "B-04” olan Bənövşəyi xəttin 5-ci stansiyasıdır. Onun ən geci 2025-ci ilin birinci yarısında istifadəyə hazır olması üzərində iş gedir".

Bunu "Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov AZƏRTAC-a müsahibəsində bildirib:

"Zamanla burada olan işlər barədə ictimaiyyətə müfəssəl məlumatlar verilir. Lakin ümumi götürdükdə, bilirsiniz ki, Bakı metropoliteninin konseptual inkişaf sxemi 2011-ci ildə Prezident İlham Əliyev tərəfindən təsdiq olunub. Həmçinin Bakının inkişaf strategiyası da çox vacibdir. Planlar şəhərin əsas axın istiqaməti, inkişaf perspektivləri və s. nəzərə alınmaqla effektiv ola bilər. Bakının yeni baş planında da məsələyə xüsusi yanaşılacaq. Həm bu sənəddə, həm də ümumi bəlli vəzifələr Yaşıl və Qırmızı xətlərin ayrılması üzrə layihəyə bağlıdır".

Bu yaxınlarda istifadəyə verilən Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolu ilə bağlı sürücüləri düşündürən bir məqam da yolda sürət həddidir. Hazırda yolun maksimal sürət həddi 110 km/saatdır. Lakin bəzi insanlar düşünür ki, magistral yoldur, pul vermişəm, yolda sürət daha yüksək olmalıdır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli isə qeyd edib ki, Azərbaycandakı yollarda sürət həddi ilə bağlı qanunvericilikdə dəqiq məlumatlar var.

“Qanunvericiliyə görə, Azərbaycanda magistral yollarda maksimal sürət 110 km/saat təyin olunub. Yeni istifadəyə verilmiş Bakı-Quba ödənişli avtomobil yolunda da eyni sürət həddi nəzərdə tutulub. Sadəcə olaraq yol yeni istifadəyə verildiyi üçün radar yoxdur. Lakin ehtiyac yarandığı zaman aidiyyəti qurumlar tərəfindən müvafiq ərazilərdə (hansı tərəfdə məsləhətdirsə) quraşdırıla bilər. Bu, o demək deyil ki, yolda sürət limiti yoxdur. Həmçinin radarın quraşdırılmaması sürücülərin nəzərdə tutulan sürət həddindən yuxarı nəqliyyat vasitəsini idarə edə biləcəklərinə şərait yaratmır. Ələt-Astara magistral yolu da yeni istifadəyə verilən zaman radarlar lazımi hissələrə sonradan quraşdırıldı. Bakı-Quba ödənişli avtomobil yolunun da yeni olduğunu nəzərə alsaq radarın olmaması qəbulolunan haldır. Yoldan istifadə edən şəxslərin qovşaqlara qalxmaq, daxil olmaq üçün sürət limiti 90 km/saat olaraq tənzimlənib. İddianı irəli sürənlər nəzərə almalıdır ki, limitsiz yolda avtomobili yüksək sürətlə idarə edən sürücü anidən sürəti aşağı sala bilməz”.

İnzibati Xətalar Məcəlləsinə edilmiş son dəyişikliyə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 200 manat məbləğində cərimə tətbiq olunur. Müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə isə 300 manat məbləğində cərimə cəzası tətbiq edilir.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, Azərbaycanda müxtəlif kateqoriyalı yollar var və onların da sürət parametrləri var.

"Azərbaycanda ən sürətli yollar 1b kateqoriyasına uyğundur. Ölkəmizdə sürətli yol praktikası 2008-ci ildən tətbiq olunmağa başlayıb. Çünki sürətli yollar həmin illərdən tikilməyə başladı.

Bəzi insanların pullu yolda sürət həddinin artırılması haqqında fikri anlaşılmazdır. Belə ki, hər sürət parametrinə uyğun onun həlləri də əlavə xərc tələb edir. Belə ki, hər sürətin əlavə təhlükəsizlik tədbirləri görülməlidir. Hər yolun öz quruluşu və investisiyası fərqlidir. Düşünürəm ki, ölkəmizdə 110 km/saat-dan artıq sürətli yola hələlik ehtiyac yoxdur. Ölkəmizdə 110 km/saat-lıq yolların tikintisi tamamlansın. Ümumiyyətlə, belə yollar yaşayış məntəqələrindən çıxarılsın. Bizdə M1 və M3 magistralı belə tikilib. Lakin M2-də bəzi sahələr yaşayış məntəqələrinin içindən keçir".

Ekspert əlavə edib ki, sürətli yollarda sürücüləri narahat edən sürətin tez-tez dəyişməsidir.

"Sürət rejimi bir rejimdə olsa, sürücülərin çoxu üçün bu problem olmaz. Sürətli yollar yaşayış məntəqələrindən keçirsə, bu yolun yanında ikizolaqlı yan yollar olmalıdır. Belə yolların sürəti az olmalıdır. Ümumiyyətlə, dünya praktikasından götürsən, pullu yolun pulsuz və eyni keyfiyyətdə alternativi olmalıdır. Lakin alternativ yolun sürəti az olmalıdır", - deyə o qeyd edib.

Qeyd edək ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi magistral yolunun tikintisi AAYDA-nın nəzarəti altında 5 hissə üzrə həyata keçirilib. Yolboyu 40 yol ötürücüsü və körpü, 52 alt keçid, 6 ödəmə və yükə nəzarət məntəqəsi, 2 mindən çox yol nişanı və məlumat lövhəsi quraşdırılıb. Həmçinin, hər hansı maneənin yola çıxmasının qarşısını almaq üçün tədbirlər görülüb. Yeni yol mövcud yoldan 13 kilometr qısadır.

Bakı şəhəri Nərimanov rayonunda yerləşən qəzalı vəziyyətdə olan yaşayış binasının sakinləri köçürüləcək.

Bununla bağlı binada qiymətləndirmə işləri aparılacaq.

Sözügedən qiymətləndirmə işlərini “Ekspert Audit” MMC həyata keçirəcək.

Nərimanov Rayon İcra Hakimiyyəti bununla bağlı şirkətə 14 min manat ödəniş edəcək.

Artıq neçə gündür ki, bir çox pərakəndə satış məntəqələrində “zavod çörəyi” 60 yox, 55 qəpiyə satılır. Bu da o deməkdir ki, çörək növbəti dəfə 9 faiz ucuzlaşıb. 

Bəs, bu ucuzlaşmanın səbəbi nədir?

Məsələyə Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli aydınlıq gətirdi. 

Bizim.Media-ya açıqlamasında o bildirdi ki, çörəyin sonuncu dəfə bahalaşmasından sonra Azərbaycanda unun qiyməti 40 faiz ucuzlaşıb:

“Bu da sözsüz ki, çörəyin maya dəyərinə öz təsirini göstərir. Bir vaxtlar 50 kiloqramlıq un kisəsinin qiyməti 40 manat idisə, indi bu qiymət 26-27 manat arasında dəyişir. Əgər un kisəsinin qiymətində14 manat fərq yaranıbsa, bu da təbii ki, çörəyin qiymətinə təsirsiz ötüşmür. Təsadüfi deyil ki, son bir ildə “zavod çörəyi”nin qiyməti  hər dəfə 5 qəpik olmaqla 3 dəfə ucuzlaşıb. Nəzərə alaq  ki, “zavod çörəyi”nin maya dəyəri 30 qəpik ətrafındadır”.

Akif Nəsirli onu da əlavə edib ki, 2021-ci ilin eyni dövrü ilə müqayisədə taxılın qiyməti 40, ötən ilin eyni dövrü ilə müqayisədə isə 28 faiz ucuzlaşıb:

“Bu qədər ucuzlaşma fonunda çörəyin qiymətinin cəmi 20 faizə yaxın ucuzlaşması çox azdır. Deməyim odur ki, hazırda “zavod çörəyi” maya dəyərindən 25 qəpik baha satılır. Bu da o deməkdir ki, çörək maya dəyərindən təxminən 2 dəfəyə yaxın baha satılır. Ona görə də çörəyin növbəti aylarda da ucuzlaşması gözləniləndir”.

Ağdam və Cəbrayıl rayonundakı “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının ərazilərində dəmiryol infrastrukturu yaradılacaq.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, bununla bağlı layihə-smeta sənədlərinin hazırlanmasına başlanılıb.
Xatırladaq ki, indiyə qədər Ağdam Sənaye Parkına 12 milyon manata yaxın investisiya yatırılıb. Parkın 19 rezidenti, altı qeyri-rezidenti var. Bu investorlar parka 176 milyon manatdan çox pul qoymağı, 1 600-dən çox daimi iş yeri yaratmağı planlaşdırır. Parkda inşası davam edən ilk müəssisənin gələn il fəaliyyətə başlaması gözlənilir.

200 hektar ərazini əhatə edən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkına isə 10 milyon manata yaxın investisiya yatırılıb. Parkın beş rezidenti, bir qeyri-rezidenti var. Bu investorlar parka 33 milyon manata yaxın pul qoymaq, 420-dən çox daimi iş yeri yaratmaq istəyirlər. Rezidentlərdən biri - “Avto Lizinq Azərbaycan” MMC artıq fəaliyyətə başlayıb.

Azərbaycan-Özbəkistan birgə müəssisəsi “Azərmaş CP” MMC tərəfindən Hacıqabul Sənaye Məhəlləsinin ərazisində investisiya həcmi 104 milyon manat olan minik avtomobillərin istehsalı kompleksi yaradılacaq.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

Nazir qeyd edib ki, “Azərmaş CP” MMC-yə Hacıqabul Sənaye Məhəlləsinin rezidenti statusu verilib və rezidentlərin sayı 14-ə çatıb.

Şirkət tərəfindən bu istehsal kompleksində 1 200 nəfər işlə təmin ediləcək.

Prezident İlham Əliyev "Böyükşor–Pirşağı avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.

Sərəncamla Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması məqsədilə uzunluğu 12,7 km olan altı hərəkət zolaqlı Böyükşor–Pirşağı avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 4,7 milyon (dörd milyon yeddi yüz min) manat ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutacaq.

Nazirlər Kabineti isə bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) birinci vitse-prezidenti, quruma rəhbərlik edən Samir Rzayevin dəvəti ilə ofisində görüşdüm. Bu günə qədər AZAL-la bağlı publik səsləndirdiyim tənqidi məqamları, cəmiyyətdə yaranmış fikirləri Samir müəllimə dedim. Çox ətraflı və maraqlı müzakirəmiz oldu, haqlı tənqidləri qəbul etdi, bəzi mözvulara aydınlıq gətirdi.

"Bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, vitse-prezidentlə görüşündə regionlarda olan hava limanlarının boş qalması məsələsini müzakirə edib:

"AZAL-ın bu limanlardan effektiv istifadə etməməsi şirkətə əlavə xərc və yük gətirir. Hörmətli Samir müəllim dedi ki, bütün hava limanları ilə bağlı, hətta simvolik icarə haqqına razı olmaqla xarici şirkətlərə müraciət olunub, danışıqlar gedir. Yəni, bu məsələdə AZAL-ın indiki rəhbərliyi danışıqlara da, qərar verməyə də hazırdır".

Ekspert vitse-prezidentin qiymətlərin baha olması ilə bağlı tənqidlərini normal qarşıladığını, bu yöndə ciddi işlər apardıqlarını deyib: "Bəzi aksilayaların, məsələn, Türkiyədə oxuyan tələbələrə güzəştli biletlər satılmasının artıq həll olunduğunu, bu yanaşmanın başqa ölkələrdə oxuyan tələbələrə də şamil olunması üçün işlər görüldüyünü dedi. Qiymətlərin aşağı düşməsi üçün xərclərin azaldılması proqramı olduğunu söylədi, artıq keçən illə müqaisədə xərclərin 15% aşağı salınmasına nail olduqlarını, bunun da qiymətlərə təsir etdiyini dedi. Yaxın zamanlarda yeni qiymət endirimlərinin olacağını da söylədi".

Sonda N. Cəfərli AZAL-da İctimai Şura yaradılacağını və bu qurumun işində iştirak etməyə dəvət edildiyini qeyd edib.

Qarabağa QAYIDIŞ ev bazarına TƏSİR EDƏCƏKMİ? - AKTUALİşğaldan azad olunan ərazilərə əhalinin köçürülməsinin Bakıda daşınmaz əmlaka təsiri ilk növbədə nə qədər şəxsin ora köçürülməsindən asılı olacaq.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında daşınmaz əmlak üzrə ekspert Elnur Azadov deyib.
"Təxmini hesablamama görə bu rəqəm 350 mindən az olmayacaq. Yaşlılar, işi olmayan gənclər, orta yaşlı təbəqə üçün ora köçüb yaşamaq maraqlı olacaq. Köç prosesi həm də həmin ərazilərdə yeni iş yerlərinin açılması, münbit şəraitin yaradılmasından asılı olacaq. Yəni işgüzar əhali üçün orada yaşamağa münbit şərait olacaqsa, onlar orda qalacaqlar" - ekspert deyib.
Köç prosesinin Bakıda mənzillərin qiymətlərinə təsirə gəlincə, ekspert bildirib ki, bu, daha çox ümumi vəziyyətdən asılı olacaq:
"Son 2-3 ildə tikinti şirkətləri qiymətləri qaldırdı ki, bu da ümumi olaraq daşınmaz əmlak bazarına təsir etdi. Hər hansı bir dəyişiklik olmazsa, qiymətlərdə ciddi şəkildə azalma gözlənilmir. Lakin kirayə qalanların sayında mühüm azalma olarsa, evsiz şəxslər Bakıdan köçüb işğaldan azad olunan ərazilərdə məskunlaşarsa, nəticə etibarı ilə təkliflər artarsa, kirayə mənzil bazarında qiymətlər azala bilər".
Daşınmaz əmlak üzrə digər ekspert Ceyhun Şıxəliyev Sputnik Azərbaycan-a bildirib ki, Bakıda yaşayan əhalinin bir qisminin işğaldan azad olunan ərazilərə köçməsi nəticəsində paytaxtda mənzillərə tələbat azalarsa, qiymətlərdə azalma gözləniləndir:
"Düşünürəm ki, bu da daha çox özünü ikinci əl evlərdə biruzə verəcək. Tikinti materiallarının qiymətini, Bakıda torpağın baha olmasını nəzərə alsaq, bazara yeni çıxarılan mənzillərin qiymətində azalmanı proqnozlaşdıra bilmərik".

Şirvan şəhəri, Naxçıvan küçəsində yerləşən 8,11 ha torpaq sahəsində 1, 2, 3, 4, 6, 17, 18 , 19, 20, 21, 22, 23, 24 və 25 nömrəli çoxmənzilli yaşayış binaları tikiləcək.

Tikinti işlərini “DDlar İnşaat” QSC və “Araz İnşaatçı” MMC konsorsiumu, “Yar İnşaat Təmir-Tikinti” MMC və “DDlar İnşaat” QSC konsorsiumu və “HN Construction” QSC həyata keçirəcək.

Mənzil İnşaatı Dövlət Agentliyinə məxsus “MİDA” MMC 2 konsorsium və 1 şirkətə müvafiq olaraq 13 582,337 min manat, 13 602,415 min manat və 20 925,123 min manat ödəniş edəcək.

Xəbər lenti