Aİ Bakıya qarşı SANKSİYA TƏTBİQ EDƏ BİLƏRMİ? - Əgər bu baş verərsə...

Bir neçə gün əvvəl Avropa Parlamentinin (AP) üzvləri Strasburqda keçirilən plenar iclasda Aİ-ni Dağlıq Qarabağdakı hadisələrə görə Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə və Azərbaycandan qaz idxalından asılılığı azaltmağa çağıran qeyri-hüquqi qüvvəyə malik qətnamə qəbul ediblər.

Qərarla bağlı dərc olunan sənəddə deyilir ki, “Avropa Parlamenti Aİ və onun üzv dövlətlərini Dağlıq Qarabağda çoxsaylı atəşkəs pozuntularına və insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan Azərbaycan hökumətindəki şəxslərə qarşı sanksiyalar tətbiq etməyə çağırır”. Sənəddə parlamentarilər “Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsini Azərbaycan Dağlıq Qarabağdakı erməni əhalisinin hüquqlarına və təhlükəsizliyinə "hörmət etmək" üçün real iradə nümayiş etdirənə qədər Azərbaycanla assosiasiya sazişinin yenilənməsi üzrə danışıqları dayandırmağa" çağırıblar. Avropa Parlamenti öz qərarında vurğulayıb ki, Bakının Ermənistanla münasibətlərində gərginliyin dərinləşəcəyi təqdirdə Aİ “Azərbaycandan qaz asılılığını azaltmalı” və Azərbaycandan “neft və qaz idxalını tamamilə dayandırmalıdır”.

Bəs bu kimi sanksiyalar effektiv nəticə verə bilərmi? Rusiyaya qarşı sanksiyalardan ciddi zərər çəkən Avropa ölkələri Azərbaycanın enerjidaşıyıcılarına sanksiya tətbiq edərək “öz ayağına güllə atarmı?” DİA.AZ-ın məlumatına görə, politoloq Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, əslində Avropa İttifaqına üzv dövlətlər Azərbaycana münasibətdə fərqli fikirdədir. Yəni heç də dövlətlərin hamısı anti-Azərbaycan mövqeyində deyillər: "Fransa, Almaniya və bəzi ölkələri istisna etsək, Avropa İttifaqına üzv dövlətlər onlar kimi düşünmür, Azərbaycanla münasibətlərin pisləşməsində deyil, inkişaf etdirilməsində maraqlıdırlar. Azərbaycan tərəfinin yürütdüyü siyasət ondan ibarətdir ki, beynəlxalq təşkilatlarla, o cümlədən Avropa İttifaqı ilə, ittifaqa üzv dövlətlərlə münasibətlərini davam etdirsin, mümkün olduğu həddə inkişaf etdirsin. Avropa İttifaqının Ukrayna müharibəsinə görə Rusiya qazından imtina etməsindən sonra Azərbaycanla münasibətlərdə də bu siyasəti tətbiq etməsi Avropa İttifaqına üzv bir çox dövlətlərin iqtisadiyyatı üçün intihar demək olar. Biz bilirik ki, Avropa İttifaqına üzv dövlətlər Rusiya-Ukrayna müharibəsinə görə Rusiyanın enerji resurslarından imtina etməkdə heç də yekdil deyildilər. Bəzi dövlətlər belə bir qərarın Avropa İttifaqının iqtisadiyyatına dəhşətli zərər vuracağını əsas göstərirdilər. Onların narahatlıqları əsaslı idi və bu gün Avropada çox ciddi iqtisadi, enerji problemi hökm sürür. Ona görə də belə bir mənfi təcrübə ortada ola-ola Azərbaycanın da enerji resurslarından imtina çağırışlarının dövlətlər tərəfindən qəbul edilməsi ehtimalı ya yoxdur, ya da sıfıra yaxındır”.

Ekspert qeyd etdi ki, Azərbaycanın əhəmiyyəti təkcə həm də Orta dəhliz boyunca enerji layihələrinin işlək vəziyyətdə olmasının əsas təminatçısı olmasındadır. Avropa dövlətləri yəqin ki, Orta dəhlizin işlək vəziyyətinin iflic vəziyyətlə əvəzlənməsini də istəməzlər. Bunu istəmək Avropa İttifaqının növbəti enerji damarının kəsilməsi demək olar: “Ona görə də sanksiya çağırışlarına əhəmiyyət veriləcəyini düşünmürəm. Bəzi dövlətlər özlərinin siyasi maraqlarına görə Avropa İttifaqının ümumi maraqlarını qurban vermək istəyirlər. Lakin ittifaqa üzv dövlətlərin bir çoxu buna imkan verməzlər. Onlar haqlı olaraq hesab edirlər ki, Azərbaycanın enerji resurslarına qarşı sanksiyalar daha çox onların özünə zərbə vurmuş olar. Onu da nəzərə almaq lazımdır ki, Avropa dövlətlərinin bir çoxu eyni zamanda Azərbaycanla ikitərəfli əməkdaşlıq münasibətlərinə malikdir. Bu münasibətlərin əsasında çoxsaylı ikitərəfli müqavilələr imzalanıb. Bu müqavilələr işlək vəziyyətdədir və hər iki tərəfə qazanc gətirir. Həmin dövlətlər bu əlaqələri, imzalanmış müqavilələr əsasında əməkdaşlığı zərbə altına alacaq addımlara getməzlər. Onlar özləri də əslində fərqindədirlər ki, Fransa kimi dövlətlərin, Avropa Parlamentindəki ermənipərəst qüvvələrin Azərbaycana qarşı irəli sürdüyü iddialar əsassızdır, reallıqlardan uzaqdır. Əsassız iddialarla Azərbaycanla enerji əməkdaşlığına qarşı addımlara getmək absurd olardı. Azərbaycanı "enerji silahı" ilə vurmağı düşünənlər uğursuz yol seçiblər. Bununla Azərbaycanı haqq yolundan döndərə bilməzlər".

ADY-nin Ekspres qatarı Abşeron dairəvi dəmir yolu xətti üzrə fəaliyyətə başladı

Yol-xeber.az" xəbər verir ki,  “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Abşeron dairəvi dəmir yolu xətti üzrə pik saatlarda ictimai nəqliyyatda yaranan sərnişin sıxlığını nisbətən azaltmaq, eləcə də daha çox sərnişini qatarlarla təhlükəsiz və vaxtında mənzil başına çatdırmaq məqsədilə 13 oktyabr 2023-cü il tarixindən Ekspres qatarının fəaliyyətinə start verir.

Oturacaq tipli vaqonlardan ibarət Ekspres qatarı aralıq stansiya və dayanacaqlarda dayanmadan  Bakıdan Sumqayıta və geriyə hərəkət edəcək. Ekspres qatarı gün ərzində səhər və axşam saatlarında ümumilikdə dörd reys olmaqla sənişindaşımanı həyata keçirəcək.

Belə ki, Bakıdan saat 06:50-də yola düşən qatar saat 07:37-də Sumqayıta çatacaq. Sumqayıtdan saat 07:45-də yola düşən qatar saat 08:26-da Bakı Dəmiryol Vağzalına çatacaq.

Axşam saatlarında isə Bakıdan saat 18:05-də yola düşən qatar saat 18:45-də Sumqayıta çatacaq. Sumqayıtdan saat 19:20-də yola düşən qatar saat 20:05-də Bakı Dəmiryol Vağzalına çatacaq.

Qeyd edək ki, Ekspres qatarı Slovakiyada əsaslı bərpa və modernizasiya olunmuş  5 vaqondan ibarətdir və gündəlik olaraq 1000-dən çox sərnişinin daşınması üçün imkan yaradacaq.

Xatırladaq ki, ADY tərəfindən sərnişindaşıma xidmətinin təşkili sahəsində son dövrdə aparılan optimallaşdırma işləri nəticəsində oktyabr ayında Abşeron dairəvi dəmir yolu xətti üzrə ilk dəfə olaraq bir gün ərzində 30 mindən çox sərnişin daşınıb.

İqtisadiyyat Nazirliyi antiinflyasiya tədbirlərini nəzərə alaraq 2023-cü ilin sonuna orta illik inflyasiyanın birrəqəmli səviyyədə - 9,5 % olacağını proqnozlaşdırır.

“Bu barədə Nazirlər Kabinetinin “İnflyasiya və Qiymət Monitorinqi” üzrə İşçi Qrupunun növbəti iclasında bildirilib.

Qeyd olunub ki, ölkə Prezidentinin Hökumət qarşısında qoyduğu başlıca tapşırıqlardan biri ilin sonuna qədər inflyasiyanın birrəqəmli səviyyəsinə nail olunmasıdır. İnflyasiya və qiymət monitorinqi üzrə yaradılmış İşçi qrupun məqsədi də qiymətlərə artırıcı təsir göstərən bütün səbəbləri araşdırıb, onun aradan qaldırılması istiqamətində zəruri işləri görməkdir. Bu baxımdan inflyasiyanın makroiqtisadi və maliyyə sabitliyi üçün xələl gətirməyən həddə qorunması məqsədilə zəruri tədbirlərin görülməsi davam etdiriləcək.

Sabahdan "Azərbaycan Dəmir Yolları" QSC-nin Bakı-Sumqayıt-Bakı "Ekspres" qatarı fəaliyyətə başlayır.

"Yol-xeber.az" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, məqsəd sərnişin sıxlığını azaltmaqdır.

"Ekspres" qatarı heç bir stansiyada dayanmadan birbaşa hərəkət edəcək.

Qatar iş günləri Bakıdan Sumqayıta saat 06:50-də və 18:05-də, Sumqayıtdan Bakıya isə saat 07:45-də və 20:05-də hərəkət edəcək.

Zəngəzur Dəhlizinin Azərbaycan hissəsi 2024-cü ildən fəaliyyətə başlayacaq.

Yol-xeber.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin Kommunikasiya departamentinin rəhbəri Aybəniz İsmayılova deyib.

A.İsmayılovanın sözlərinə görə, artıq Füzuli-Ağbənd dəmiryolu xəttinin 60 %-dən çoxu hazırdır:

"3 ildən az bir müddətdə multimodal Zəngəzur dəhlizinin 110,4 kilometrlik birxətli dəmir yolu seqmentinin üçdə ikisindən çoxu artıq döşənib.

Dəhliz boyu 3 tunel, onlarla körpü və 9 dəmir yolu stansiyası tikiləcək. Türkiyə şirkətləri tərəfindən Həkəri çayı üzərindən 418 metrlik dəmir yolu körpüsünün tikintisi yaxın vaxtlarda yekunlaşaraq istifadə üçün hazır olacaq".

Qeyd edək ki, Azərbaycan Prezidentinin 2021-ci ilin febralın 15-də Füzuliyə səfəri zamanı Horadiz-Ağbənd dəmir yolu xəttinin təməli qoyulub.

Ötən həftə Şərqi Zəngəzur dəhlizi adlandırılan, Araz çayının sol sahili boyu uzanıb Azərbaycanı Naxçıvanla birləşdirən nəqliyyat kommunikasiyalarının həyata keçirilməsi üçün Zəngilanda ilk təməlqoyma mərasimi keçirilib. İranın yollar və şəhərsalma naziri Mehrdad Bazrpaşın və Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin iştirak etdiyi mərasimdə Horadiz-Ağbənd dəmir yolunu və çoxzolaqlı avtomobil yolunu İrana birləşdirmək üçün Araz çayı üzərindən salınacaq yeni dəmir yol və avtomobil yolu körpüsünün təməli qoyulub.

Prezident İlham Əliyev Siyəzən rayonunun Siyəzən–Dağ Quşçu–Ərziküş avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Yol-xeber.az xəbər verir ki, Sərəncama əsasən, bir min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Siyəzən–Dağ Quşçu–Ərziküş avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.9-cu yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 8,8 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

“Yaxın gələcəkdə Şimal-Cənub dəhlizinin bütün istiqamətlərdə (quru yolu, dəmiryol, dəniz yolu) təkmilləşdirilməsi məqsədilə bu bəyannamənin yüksək səviyyədə imzalanacağı gözlənilir”.

Bu sözləri İranın yol və şəhərsalma naziri, İran və Azərbaycan Birgə İqtisadi Komissiyasının iranlı həmsədri Mehrdad Bəzrpaş “Trend”ə açıqlamasında deyib.

O, iki ölkə arasında Astaraçay üzərində istifadəyə hazır olan avtomobil körpüsü haqda detalları da açıqlayıb:

“İranın Azərbaycanla təxminən 700 km uzunluğunda sərhədi var. İki ölkənin zəngin müştərək tarixi, mədəni və sairə sahələrdə bağları vardır. İki ölkənin iqtisadi potensialları da tarixi və mədəni sahələrdəki kimi böyük ölçüdə inkişaf etdirilə bilər. Müxtəlif zaman kəsiklərində iki ölkə əlaqələrində müəyyən eniş-yoxuşlar mövcud olub.

İran və Azərbaycanın Şimal-Cənub beynəlxalq dəhlizində yer alması iki ölkənin iqtisadi cəhətdən əlaqələrinin yüksək səviyyədə olmasına imkanlar yaradıb. Azərbaycanda səfərdə olduğum müddətdə baş tutan görüşlərdə əsas diqqətçəkən məsələlərdən biri şimal-cənub və şərq-qərb dəhlizlərinin təkmilləşdirilməsi idi. Çünki bu dəhlizlər iki ölkənin iqtisadi əlaqələrinin yüksəlməsinə təkan verir. Bu dəhlizlər iki ölkənin iqtisadi inkişafına da öz töhfəsini verə bilər”.

İranlı nazirin sözlərinə görə, İran, Azərbaycan və Rusiya arasında üçtərəfli şəkildə (9 sentyabr 2022) Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin İnkişafı ilə bağlı Bakı Bəyannaməsi imzalanıb.

“Yaxın gələcəkdə Şimal-Cənub dəhlizinin bütün istiqamətlərdə (quru yolu, dəmiryol, dəniz yolu) təkmilləşdirilməsi məqsədilə bu bəyannamənin yüksək səviyyədə imzalanacağı gözlənilir. İran, Azərbaycan və Rusiya arasında üçtərəfli şəkildə əməkdaşlıqların inkişaf etdirilməsi diqqət mərkəzindədir. Bu istiqamətdə iclasların təşkil olunması nəzərdə tutulub. Region ölkələri arasında müştərək layihələrdən biri İran, Azərbaycan və Rusiya elektrik şəbəkəsinin sinxronlaşdırılmasıdır. Bununla əlaqədar müxtəlif işlər həyata keçirilib və gələcəkdə üç ölkə arasında elektrik mübadiləsinin şahidi olacağıq.

Yaxın vaxtlarda (2 ayadək) Astaraçay üzərində yeni körpü istifadəyə veriləcək. Bu körpü iki ölkənin ticarət mübadiləsində və yük tranzitində yeni imkanlar yaradacaq. Artıq Astaraçay üzərindəki körpünün tikintisi başa çatıb.

Hazırda həm İran tərəfində, həm də Azərbaycan tərəfində gömrük infrastrukturları yaradılmaqdadır. Körpünün ilk olaraq müvəqqəti şəkildə istifadəyə verilməsi, sonradan isə daimi şəkildə fəaliyyət göstərməsi nəzərdə tutulub”, - deyə o əlavə edib.

O qeyd edib ki, Azərbaycana səfəri çərçivəsində iki ölkə arasında digər iqtisadi məsələlərdən biri hava reyslərinin artırılmasıdır. İki ölkənin mövcud potensiallarını nəzərə alaraq iş adamları, tələbələr və vətəndaşların asan şəkildə səfər etməsi üçün hava reyslərinin artırılması diqqət mərkəzində saxlanılıb.

“İran tərəfi Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə görüşdə birgə gəmiçilik şirkətinin yaradılmasını təklif edib. Azərbaycan tərəfi bu təklifə müsbət yanaşır. Azərbaycanlı nazir Azərbaycanın gəmiçilik şirkətləri ilə bu məsələni koordinasiya edəcəyini bildirib. Həm Azərbaycanın limanlarında böyük imkanlar var, həm də son illər ərzində İranın limanlarında investisiyalar yatırıldığı üçün imkanlar yaradılıb. Yüklərin mexanika vasitələri ilə yüklənib-boşaldılması üçün imkanlar var. İran bundan sonra da limanlarının inkişaf etdirilməsini qarşıya əsas məqsədlərdən biri kimi hədəfləyib. Birgə gəmiçilik şirkətinin yaradılması iki ölkənin dənizçilik sahəsində mövcud potensiallarından daha səmərəli şəkildə istifadə etməyə şərait yaradacaq.

İki ölkə arasında hidroqovşaqların tikilməsi üzrə əməkdaşlıq mövcuddur. Bu hidroqovşaqlardan biri Xudafərin hidroqovşağıdır. Bu hidroqovşağa yaxın zamanlarda su vurulacaq. Digər hidroqovşaq isə Qız Qalası hidroqovşağıdır.

Bu hidroqovşaqda tikinti işləri başa çatmaq üzrədir. Gələn üç ay ərzində tikinti işlərinin başa çatacağı gözlənilir.

Ordubad hidroqovşağının tikilməsi üzrə müəyyən ekoloji məsələlər var. Hər iki ölkədə bunun üzərində işlənəcək”, - deyə M.Bəzrpaş vurğulayıb.

Nazir bildirib ki, iki ölkənin iqtisadi inkişafına kömək edə biləcək məsələlərdən biri preferensial ticarətdə endirimlərin nəzərdə tutulmasıdır:

“İki ölkədə daha çox istifadə olunan məhsulların mübadiləsi üzrə qərar verilib və siyahısı hazırlanıb, endirimlər nəzərdə tutulub. İki ay ərzində iki ölkənin aidiyyəti qurumları tərəfindən preferensial ticarətin elan olunacağı gözlənilir.

İran və Azərbaycan arasında iqtisadi əlaqələr üzrə tamamilə aydın perspektiv var. İki ölkə arasında müəyyən anlaşılmazlıqlar tezliklə aradan qalxacaq və iki ölkə arasında əvvəlkindən daha yüksək səviyyədə ticarət dövriyyəsinin şahidi olacağıq”.

İsrail-Fələstin müharibəsinin investorlar arasında narahatlıq yaratması qlobal bazarda təhlükəsiz liman hesab olunan dolları bahalaşdırıb.

Dollar indeksi 0,33% artaraq 106,57 səviyyəsinə yüksəlib.

Dolların bahalaşmasının bir digər səbəbi ABŞ-da cümə günü açıqlanan yüksək məşğulluq göstəriciləri olub.

Avro və funt sterlinq möhkəmlənən dollar qarşısında ucuzlaşıb. Belə ki, avro 0,6% dəyər itirərək 1,0522 dollara, sterlinq isə 0,5% ucuzlaşaraq 1,2167 dollara satılıb.

İsrail Bankının 30 milyard dollara qədər xarici valyuta satacağını elan etməsindən sonra, İsrail milli valyutası şekel Asiya sessiyasının əvvəlində 3%-dən çox ucuzlaşaraq bir dollar üçün 3,9880-ə yaxın səkkiz illik minimuma enib.

Müharibə bir digər təhlükəsiz sığınacaq valyutası olan yapon yenini bahalaşdırıb. Yaponiya milli valyutası 0,1% bahalaşaraq bir dollar üçün 149,15 səviyyəsinə yüksəlib.

Nüvə silahı, hələ də, sülhün ən böyük dayağıdır, əks halda, 3-cü Dünya Savaşı dünyanın hər yerini bürümüşdü. İndi də müharibədir, lakin nüvə silahı var deyə daha çox proksi, hibrid və lokaldır. Ümid edək ki, xaos bitəcək, dünya bir masa ətrafına toplaşıb bütün problemləri həll edib yenə 40-50 il sakitləşəcək. Ümid isə getdikcə azalır, əsas məsələ də iqtisadiyyatdadır. Dünyanın bərbad idarəedilməsi, 2020-ci ildə isə “pandemiya” mərəzi iqtisadiyyatı çökdürmək üzrədir, dünya ölkələrinin borcu faciəvi şəkildə artıb.

Bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, 2001-ci ildə dünyada borc həcmi 61,8 trilyon dollar idisə, 2015-də artıq borc 158,3 trilyon oldu. 2022-ci ilin sonunda isə bu rəqəm 307 trilyon dollara çatıb və hələ də artır:

"Təəssüf ki, bu borc yükü böyük müharibələrsiz “silinməyəcək”. Dünyanın ÜDM-i ildə cəmi 100 trilyon dollar civarındadır. Yəni, dünya ÜDM-indən 3 dəfə artıq borcu qaytarmaq və ya azaldıb təhlükəsiz hala gətirmək artıq mümkün deyil. Deməli, dünyada yeyib həzm etmək üçün “yağlı tikələr” tapılmalıdır. Müharibələrin hesabına iqtisadi normallaşmaya gediləcək (həm 1-ci, həm də 2-ci Dünya savaşından öncə böyük iqtisadi böhranlar oldu, onlardan çıxmaq üçün müharibələr alovlandı), sonra da böyük “masa” qurulacaq, dünya yenə 40-50 illik “sakitləşəcək”.

"Bu qarışıq zamanda Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edib sərhədlərini mökhəmlətməsi möcüzəvi dərəcədə yaxşı gedişat oldu. İndi qalır o böyük “masada” udanların tərəfində yer almaq",- deyə ekspert əlavə edib.

Bazar ertəsi Asiya ticarətində neftin qiyməti bir barel üçün 3 dollardan çox artıb.

Buna səbəb İsrail və Fələstinin "Həmas" qrupu arasında hərbi toqquşmaların Yaxın Şərqdə siyasi qeyri-müəyyənliyi dərinləşdirməsi və tədarüklə bağlı narahatlıqları artırması olub.

Belə ki "Brent" markalı neft 3,10 dollar və ya 3,67% bahalaşaraq bir bareli 87,68 dollara, ABŞ-ın Qərbi Texas (WTI) neftinin qiyməti isə 3,26 dollar və ya 3,94% artaraq 86,05 dollara satılıb. Hər iki göstərici ucuzlaşmadan əvvəl bir barel üçün 4 dollardan çox artmışdı.

Qeyd edək ki, ötən həftə neft qiymətləri yüksək faiz dərəcələri və onların qlobal tələbata təsiri ilə bağlı narahatlıqlar fonunda mart ayından bəri ən böyük həftəlik eniş yaşamışdı (Brent - 11%, "WTI" - 8%).

Xatırladaq ki, "Həmas" şənbə günü İsrailə son onilliklərin ən böyük hərbi hücumunu həyata keçirib, yüzlərlə israilli öldürülüb və İsrailin Qəzzaya cavab hava zərbələri dalğasına səbəb olub.

Xəbər lenti