|
“Ermənistan təyyarələri Türkiyə ərazisindən keçdiyi kimi, Türkiyənin hava yolları və təyyarələri də həmişə Ermənistan ərazisindən keçib. Bu, beynəlxalq hüquqdur”. Bunu Ermənistan Aviasiya sənayesinin meneceri Hakob Çağaryan deyib.
Onun sözlərinə görə, nə Türkiyənin, nə də Ermənistanın hava məkanını bir-birinə bağlamağa heç bir əsası olmayıb. “Türkiyə təyyarələri həmişə Ermənistan ərazisindən keçib”.
Çağaryan onu da deyib ki, Azərbaycan 2020-ci ilə qədər Ermənistanın hava məkanından istifadə etməyib. Onun sözlərinə görə, buna səbəb Azərbaycanın Ermənistandan mülki təyyarələri vura biləcəyindən ehtiyat etməsi olub. “Müharibədə qalib gəldikdən sonra Azərbaycan “əzələ” nümayişinə başladı. Uçuşlar həyata keçirirdi ki, mən beynəlxalq hüquqdan istifadə edirəm. Onlar açıq şəkildə deyirdilər ki, siz öz hava məkanınızı bağlamısınızsa, hüquqi əsaslandırın”.
O sonda bu uçuşlara görə, ölkələrin bir birinə nə qədər pul ödədiyi barədə də danışıb. “Azərbaycan Ermənistan ərazisindən uçur və ya Ermənistan Azərbaycan ərazisindən uçarsa, hava məkanından istifadəyə görə hər kilometr üçün təxminən 1 dollar ödəyir. Və o vəsaitlər Azərbaycandan Ermənistana gəlmir. Bütün bunları Eurocontrol təşkil edir. Eurocontrol pulu alır, sonra hər bir dövlətə öz pulunu verir”.
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişindaşımada ilk dəfə loyallıq proqramını həyata keçirməyi planlaşdırır.
Bunu “Report”a ADY-nin sədri Rövşən Rüstəmov bildirib.
Onun sözlərinə görə, layihənin reallaşdırılmasına yaxın zamanlarda başlanılacaq: “Aviadaşımalarda tətbiq olunan "Miles" proqramına uyğun olaraq qatarlarda gedişlərin sayına görə sərnişinlər bonuslar əldə edəcəklər”.
R.Rüstəmov vurğulayıb ki, loyallıq proqramı ADY-nin mobil tətbiqinə əlavə ediləcək: “Bununla yanaşı, mobil tətbiqə bir sıra yeni funksiyaların əlavə edilməsi gözlənilir”.
Xatırladaq ki, ADY hazırda Bakı-Pirşağı-Sumqayıt, Bakı-Xırdalan-Sumqayıt, Bakı-Ağstafa-Bakı, Bakı-Qəbələ-Bakı istiqamətlərində sərnişin daşıyır.
Ölkədə dəmir yolu nəqliyyatı ilə 2024-cü ilin yanvar-iyul aylarında 4 milyon 524,2 min sərnişin daşınıb, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 20,5 % çoxdur.
ADY 2021-ci ildə 2,8 milyon, 2022-ci ildə 5,2 milyon, 2023-cü ildə isə 7 milyon sərnişin daşıyıb.
Elan saytlarında yataqxana tipli binalarda satışa çıxarılan mənzillərin sayı olduqca çoxdur.
Hətta məlumatlarda bəzilərinin çıxarışı olduğu da iddia edilir.
Bəs bu nə dərəcədə doğrudur?, əmlak alarkən bu məsələdə nəyə diqqət etmək lazımdır?
Əmlak eksperti Elnur Fərzəliyevin sözlərinə görə, belə mənzillərin satışı daha çox məcburi köçkünlərin yerləşdiyi yataqxanalarda baş verir. Bu mənzillərin alışı zamanı isə sənədlərə baxmaq lazımdır. Əgər həmin bina aid olduğu müəssisənin balansından çıxmayıbsa, həmin mənzil vətəndaşın özəl mülkiyyəti sayılmır.
Əgər həmin mənzilin yerləşdiyi yataqxana faktiki olaraq hansısa qurumun balansındadırsa onu almaqdan imtina etsinlər.
Qeyd edək ki, hansısa qurumun, zavod və ya fabrikin balasında olan, eləcə də tələbə yataqxanalarındakı evləri satışa çıxarmaq qanuna ziddir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar logistik əməliyyatların həyata keçirilməsi məqsədilə sentyabrın 7-də, gecə saat 01:00-dan etibarən Puşkin küçəsinin Üzeyir Hacıbəyov küçəsi və Neftçilər prospekti ilə kəsişməsindən olan hissəsi nəqliyyatın hərəkəti üçün məhdudlaşacaq.
Bu barədə "Yol-xeber.az"a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.
Məhdudiyyət tədbirin sonunadək davam edəcək.
Nəqliyyatın İdarəetmə Planına əsasən, Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər sentyabrın 9-da, gecə saat 01:00-dən etibarən nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Hərəkət 17 sentyabr, səhər saat 8:00-dan etibarən bərpa olunacaq.
Nəqliyyatın hərəkət məhdudiyyəti 3 zonada tətbiq ediləcək. Birinci zona yarış halqasının əhatə etdiyi İçərişəhər ərazisi, ikinci Azadlıq meydanı və onun yaxınlığında yerləşən digər küçələr, üçüncü zona isə BMT-nin 50 illiyi küçəsinini keçdiyi ərazidir. Yarışın keçirildiyi müddətdə qeyd olunan ərazilərə nəqliyyatın giriş-çıxışı üçün “Yaşayış Yerinə Giriş İcazəsi” veriləcək. Qeyd olunan sənədi paylanma məntəqələrinə yaxınlaşaraq, həftənin bazar ertəsindən, cümə gününə kimi, saat 10:00-dan 17:00-dək əldə etmək mümkündür. Bunun üçün vətəndaşlar zonalar üzrə aşağıdakı müvafiq idarələrə müraciət etməlidirlər:
Zona 1 – İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
Böyük Qala küçəsi 41, keçmiş ensiklopediya binası, 4-cü mərtəbə
Tel: (012) 497-35-89
Zona 2 – Mənzil-Kommunal və İstismar İdarəsi № 4
Xəqani küçəsi 26/32
Tel: (012) 498 88 06
Zona 3 – Mənzil-Kommunal və İstismar İdarəsi № 58
İstiqlaliyyət küçəsi 5
Qeyd edək ki, “Yaşayış Yerinə Giriş İcazəsi”nin paylanması 29 avqust tarixindən başlayıb 13 sentyabradək davam edəcək.
Hər il olduğu kimi, bu il də yarış müddətində piyadaların hərəkətinə heç bir məhdudiyyət qoyulmayacaq.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 13-15-i aralığında baş tutacaq.
Xəbər verdiyimiz kimi, 29 avqust saat 04:00-da Qızılburun-Gilgilçay istiqamətində hərəkət edən yük avtomobili idarəetməni itirərək körpüdən aşıb və dəmir yolu xəttinin üzərinə düşüb.
“Azərbaycan Dəmir Yolları” QSC-dən Yol-xeber.az-a verilən məlumata görə, hadisə nəticəsində ciddi zədələnmiş kontakt şəbəkə sistemi qısa müddətdə bərpa edilib.
Bildirilib ki, bu istiqamətdə qatarların hərəkəti qrafik üzrə təmin olunub.
Qeyd edək ki, hadisə nəticəsində həmin sahədə yanğın baş verib, Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə briqadası dərhal hadisə yerinə cəlb edilmiş və yanğın qısa müddət ərzində söndürülüb.
Hazırda dəmir yolu infrastrukturuna dəymiş ziyan müəyyənləşdirilir.
Amerika şirkəti "U.S. Armor Group" zirehli lüks konsepsiyasında inqilab edəcək "Dünyanın ən sürətli zirehli avtomobili"ni təqdim edib.
Bu barədə "Carscoops" məlumat yayıb.
Layihənin əsası kimi Amerikanın "Lucid Motors" şirkəti tərəfindən hazırlanmış "Lucid Air Sapphire" elektromobilindən istifadə edilib. O, ümumi gücü 1234 at gücünə malik üç mühərrikə malikdir.
"Lucid Air Sapphire" yüksək güclü "44 Magnum" revolver döyüş sursatlarına tab gətirə bilən kompozit zireh və gülləkeçirməyən pəncərələrlə təkmilləşdirilib.
Zirehli "Lucid Air Sapphire"in çəkisi cəmi 175 kq artıb, ona görə də elektromobil 320 km/saatdan çox sürətə çata bilir (standart modelin sürəti 330 km/saatdır).
Avtomobilin qiyməti 475 min dollardan başlayır ki, bu da "Air Sapphire"in qiymətindən təxminən iki dəfə bahadır. Eyni zamanda, müştərilər qumbaraatanlardan, partlayıcı qurğulardan və güclü tüfənglərdən qorunmaq üçün daha güclü zirehlər əlavə edə bilərlər.
"Lucid Motors" 2007-ci ildə Kaliforniyada qurulmuş elektrik avtomobillərinin Amerika istehsalçısıdır. Ən məşhur model "Lucid Air" premium sedandır. Onun serial versiyası 2020-ci ildə təqdim edilib.
2021-ci ildə dəbdəbəli elektrik avtomobillərinin istehsalçısı IPO olmadan birjaya çıxmaq qərarına gəlib. "Lucid Motors"un model çeşidini genişləndirmək və "Tesla"nın ən çox satılanları ilə rəqabət aparmaq istədiyi də bildirilib.
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,89 ABŞ dolları, yaxud 3,58 % artaraq 83,76 ABŞ dolları təşkil edib.
Bu barədə “Report"a neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, “Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti 79,56 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə avqustun 31-i və sentyabrın 1-i tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.
"Yol-xeber.az" bu barədə ADY-yə istinadən xəbər verir.
Məlumata görə, biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin saytından (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə əldə etmək mümkündür.
Bu gün avro-manat məzənnəsi son bir ildə ilk dəfə olaraq 1 manat 90 qəpik həddini ötüb.
Xezerxeber.az xəbər verir ki, Azərbaycanda avronun məzənnəsində belə yüksək göstərici sonuncu dəfə 2023-cü ilin iyulunda qeydə alınıb. Avronun yenidən bahalaşmasını ekspertlər müxtəlif səbəblərlə izah edirlər.
Ekspertlərin sözlərinə görə, qaydalara əsasən, dollar hansı valyutaya qarşı bahalaşırsa, manat da həmin valyutaya qarşı dəyər qazanır, dollar hansısa valyutaya qarşı ucuzlaşdıqda isə manat da həmin valyutaya nisbətən ucuzlaşır. Avro manat məzənnnəsinin artması ixrac edilən məhsulların qiymətinə də təsir edə bilər.
İqtisadçı onu da əlavə edib ki, Qərb ekspertlərinin proqnozlarına görə, bu ilin sonuna qədər hətta gələn ilin ortalarınadək avro dollar qarşısında dəyər qazanacaq. Proqnoz özünü doğruldarsa, avro "Azərbaycanda da bahalaşacaq",- deyə o əlavə edib.
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi üzrə işlərin 57 %-ni tamamlayıb.
Yol-xeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətinin departament müavini Kənan Rzayev bildirib.
"O cümlədən, dəmir yolu xəttinin layihələndirilməsi işləri 83 % yerinə yetirilib", - deyə o qeyd edib.
ADY rəsmisi qeyd edib ki, ox üzrə uzunluğu 110,4 km olan dəmir yolu xəttinin təhkim zolağı və xüsusi mühafizə zonası boyunca 60 metr enində ərazilərin minadan təmizlənməsi başa çatdırılıb, əlavə genişlənmələrin tələb olunduğu hissələrin isə minadan təmizləməsi davam etdilir. Eyni zamanda dəmir yolu xəttinin 72-82-ci km hissəsində yolun oxunun dəyişdirilməsi səbəbindən minatəmizləmə işləri təkrar yerinə yetirilib.
"Horadiz-Ağbənd dəmir yolu xəttinin ox üzrə 72 km, yan yollarla birlikdə isə 83,4 km hissəsində rels-şpal çərçivələri qoyulub, 65,6 km hissəsində uzunölçülü relslərin quraşdırılması işləri tam şəkildə başa çatdırılıb. Hazırda xəttin km 72-89 km aralığında torpaq və mühəndis qurğuların tikintisi işləri davam etdirilir. Tikinti-quraşdırma işləri üç mərhələdə həyata keçirilir", - deyə o əlavə edib.
"Horadiz-Ağbənd dəmir yolu xəttinin 106-ci km-də inşa edilən tunelin uzunluğu 1 071 metrdir. Tunelin qabariti gələcəkdə dəmir yolu xəttinin elektrikləşdirilməsinə də imkan verir. Tunelin tikintisi Yeni Avstriya üsulu ilə yerinə yetirilir. Bu üsulda tunelin ətrafında yerləşən qaya qruntunun yükgötürmə qabiliyyətindən asılı olaraq tunelin konstruksiyasına dəyişikliklər olunur, bu da tikinti xərclərinin optimallaşdırılmasına səbəb olur. Qazma işləri qazma-partlatma üsulu ilə aparılır. Tuneldə qazma işləri həm giriş, həm də çıxış tərəfdən aparılır", - deyə K.Rzayev vurğulayıb.