|
Azərbaycana gətirilən hibrid mühərrikli avtomobillər və elektromobillər ucuzlaşıb.
Dövlət Gömrük Komitəsinin məlumatı xəbər verir ki, 2024-cü ilin sentyabrında ölkəyə idxal edilən bir ədəd hibrid avtomobilin orta qiyməti 25 099 dollar olub. Bu da avqust ayı ilə müqayisədə 2 581 dollar və ya 9,3 faiz, 2023-cü ilin sentyabrına nisbətən isə 6 845 dollar və ya 21,4 faiz ucuzlaşma deməkdir.
2024-cü ilin sentyabrında elektromobillərin orta idxal qiyməti 36 999 dollar təşkil edib ki, bu da bir ay əvvəllə müqayisədə 1 796 dollar və ya 4,6 faiz, 2023-cü ilin eyni ayına nisbətən isə 290 dollar və ya 1 faizə yaxın azdır.
Avtomobil satan Eldar Əliyev sözügedən ucuzlaşmanı ölkəyə gətirilən nəqliyyat vasitələrinin çoxluğu ilə əlaqələndirib.
Nəqliyyat eksperti Eldəniz Cəfərov isə deyir ki, hibrid mühərrikli avtomobillər və elektromobillərin orta idxal qiymətinin azalması ölkəyə ucuz avtomobillərin gətirilməsi ilə bağlıdır:
"İdxal olunan avtomobillərin qiymətində kəskin ucuzlaşma yoxdur. Burada seqment dəyişikliyi var. Yəni əvvəllər ölkəyə dəyəri yüksək olan avtomobillər gətirilirdisə, hazırda həmin seqmentdən olan ucuz avtomobillər gətirilir. Məsələn, əvvəllər 30 000 dollara elektromobil gətirilirdisə, indi isə bu 25 000 dollara başa gəlir", - ekspert deyib.
Qeyd edək ki, son illərdə hibrid mühərrikli avtomobillərin və elektromobillərin idxalına və satışına vergi güzəştlərinin tətbiq edilməsi onlara marağı artırıb.
İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 87,7 milyon manat artırılaraq 1 milyard manatı keçdi. Bununla bağlı Dövlət Başçısı Fərman imzalayıb. Nizamnamə kapitalının artırılması dövlət büdcəsindən güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün 87,7 milyon manatın ayrılması ilə mümkün olacaq.
Bəs, bu artım ipoteka krediti götürmək istəyənlərə nə vəd edir?
İqtisadçı Natiq Cəfərli Bizim.Media-ya bildirib ki, İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının məbləği hər il az da olsa, artırılır. Lakin burada məsələ yalnız məbləğlə bağlı deyil:
“Əhali əsasən, az faizli güzşətli ipoteka almağa çalışır. Buna da Azərbaycanda haqqı çatan insanların sayı həddən artıq çoxdur. Çünki onların siyahısı genişləndirildi. Qarabağ qaziləri, müharibə veteranları, şəhid ailələri, gənc ailələr, dövlət qulluqçuları bu siyahıya əlavə edildi.
Ancaq bu siyahıyla müqayisədə ayrılan məbləğ azdır. Yəni aşağı faizlə sosial ipoteka üçün ayrılan məbləğ həddən artıq azdır. Doğrudur, burda 8 faizlik ipoteka da var, o da cəbedicidir.
Amma insanlar daha çox 4 faizli ipoteka götürməyə can atırlar. Ona görə də, bu məsələdə məbləğin artırılması ilə yanaşı bu insanlara alternativ təkliflər də edilməlidir”.
İqtisadçının fikrincə, 4 faizli ipotekaya haqqı çatan insanlar arasında yalnız Bakı deyil, bölgələrdə də ipoteka istəyənlər çoxdur:
“Bəzi insanlar Bakıda yox, başqa yerlərdə və daha tez ipoteka əldə etmək istəyir. Məsələn, Gəncədə, Şəkidə, Lənkəranda... Yəni bu məsələdə regionlara da üstünlük verilməlidir.
Bu, həm də regionlarda tikintini sürətləndirər, insanların Bakıya axınının qarşısını müəyyən qədər ala bilər. Regionlarda yeni iş yerləri, yeni fürsətlər yarada bilər. Yəni bu məsələlərə kompleks şəkildə baxmaq lazımdır ki, qərarlar bir-birini tamamlasın”.
Son illərdə elektrikli avtomobillərin (EV) dünya bazarında payı sürətlə yüksəldi, lakin bu həyəcan artıq bir az səngiməyə başlayıb.
Valyuta.Az-ın araşdırmasına görə, xüsusilə Avropada elektrikli avtomobil satışlarında ciddi bir azalma müşahidə olunur. Bunun əsas səbəblərini və bazarın hazırkı vəziyyətinə nəzər yetirək.
Avropada Elektrikli Avtomobil Satışlarının Düşmə Səbəbləri
Elektrikli avtomobil satışlarının Avropada gözlənilməz bir şəkildə azalmasının arxasında bir neçə mühüm səbəb dayanır. Aşağıdakı faktorlar bu azalmanın başlıca səbəbləri kimi göstərilir:
1. Dövlət Dəstəklərinin Azalması və Yox Olması: Avropada elektromobillərin erkən inkişafı üçün dövlət əhəmiyyətli subsidiyalar və vergi güzəştləri təqdim edirdilər (Azərbaycanda hələ davam edir). Bu tədbirlər, istehlakçıların elektrikli avtomobilləri daha ucuz əldə etməsinə imkan yaradır və bazara olan marağı artırırdı. Lakin son illərdə bəzi ölkələr bu dəstəyi azaltdı və ya tamamilə dayandırdı. Ötən ay bəzi Avropa ölkələri hətta Çin avtomobillərinə yüksək vergilər tətbiq etdi. Bunun nəticəsi olaraq, elektrikli avtomobillərin qiymətləri daha yüksək oldu və alıcılıq qabiliyyətini azaltdı. Misal üçün, Almaniya kimi ölkələrdə elektrikli avtomobillər üçün nəzərdə tutulmuş subsidiyalar kəsildikdən sonra satışlar əhəmiyyətli dərəcədə azalmağa başladı.
2. Yüksək Alış Qiymətləri: Elektrikli avtomobillərin istehsalında istifadə olunan texnologiyalar – xüsusilə batareyalar – hələ də ənənəvi daxiliyanma mühərrikli avtomobillərlə müqayisədə daha bahalıdır. Avropa bazarındakı istehlakçılar üçün bu, böyük bir maneədir. Elektrikli avtomobillərin ilkin qiyməti yüksək olduğundan, bir çox alıcı bu yüksək qiymətə qarşılıq olaraq daha çox üstünlük gözləyir, lakin bəzi modellərdə texnoloji imkanlar və şarj infrastrukturunun məhdudluğu səbəbindən bu gözləntilər doğrulmur.
3. İkinci Əl Bazarı Problemi: Azərbaycanda olduğu kimi Avropada da ikinci əl avtomobil bazarı çox aktivdir və ənənəvi avtomobillərin ikinci əl dəyəri daha çox qorunur. Elektrikli avtomobillər isə texnologiyalarının sürətlə inkişaf etməsi ilə tez köhnəlir və bu, onların ikinci əl dəyərini aşağı salır. Bu səbəbdən alıcılar elektrikli avtomobillərə investisiya etməyə ehtiyat edirlər, çünki gələcəkdə onların dəyərinin sürətlə düşəcəyindən narahatdırlar. Bu da potensial alıcıları təxirə salmağa vadar edir.
4. Şarj İnfrastrukturunun Yetərsizliyi: Həm Azərbaycanda, həm də Avropanın əksər bölgələrində elektrikli avtomobillər üçün kifayət qədər inkişaf etmiş şarj infrastrukturu yoxdur. İstifadəçilər elektrikli avtomobillərini harada və nə qədər sürətlə şarj edə biləcəkləri barədə hələ də narahatdırlar. Xüsusilə kənd yerlərində və ya daha uzaq şəhərlərdə şarj stansiyalarının sayının məhdud olması bu texnologiyaya keçidi çətinləşdirir. Həmçinin, sürətli şarj məntəqələrinin yetərsizliyi uzun səfərlərdə elektrikli avtomobillərdən istifadənin rahatlığını azaldır.
5. Texnoloji Qorxular və Gələcək Gözləntiləri: Elektrikli avtomobil texnologiyaları hələ də inkişaf mərhələsindədir. İstifadəçilər daha yaxşı batareyalar, daha uzun sürmə məsafəsi və daha sürətli şarj texnologiyalarının yaxın gələcəkdə çıxacağını gözləyir. Bu səbəbdən, bəzi potensial alıcılar texnologiyanın tam inkişafını gözləməyə qərar verir, çünki daha effektiv və ucuz modellərin yaxın illərdə bazara çıxacağı gözlənilir. Texnologiyanın davamlı yenilənməsi isə hazırkı modellərin sürətlə köhnəlməsi ilə nəticələnə bilər ki, bu da istehlakçıları alışdan çəkindirir.
6. Enerji Xərclərinin Artması: Elektrikli avtomobillər üçün tələb olunan elektrik enerjisinin dəyəri də nəzərə alınmalıdır. Avropada enerji qiymətlərinin artması, xüsusilə də bəzi bölgələrdə elektrik enerjisinin bahalaşması, elektrikli avtomobillərin saxlanma xərclərini artırır. Azərbaycanda isə elektrik qiymətləri pilləli (limit miqdarına görə) artır. Belədə, zamanla elektrikli avtomobil sahibləri evlərində və ya şarj məntəqələrində daha yüksək elektrik haqqı ödəmək məcburiyyətində qala bilər. Bu faktor da bəzi alıcılar üçün elektrikli avtomobilin ümumi dəyərinin artmasına səbəb olur.
7. Alternativlərin Çoxalması: Avropada ənənəvi avtomobil istehsalçıları hibrid modellər və yeni nəsil daxili yanma mühərrikli avtomobillər təklif edir. Hibrid avtomobillər, həm elektrikli, həm də yanacaqla işləyən motorlara malik olduğu üçün bir çox istifadəçi üçün daha cazibədar alternativə çevrilir. Bu, xüsusilə elektrikli avtomobillər üçün şarj infrastrukturu hələ də məhdud olan bölgələrdə daha praktik bir seçim kimi görünür.
Bu faktorlar birlikdə elektrikli avtomobil satışlarının Avropada ciddi şəkildə azalmasına səbəb olub. Satışların yenidən artması üçün texnoloji inkişaf, dövlət dəstəyi və infrastrukturun yaxşılaşdırılması mühüm rol oynayacaq.
Cədvəl: Böyük Brendlərin Elektrikli Avtomobil Bazarındakı Payları (2024)
ABŞ-da Vəziyyət Necədir?
ABŞ-da elektrikli avtomobil bazarı Avropadan bir az fərqli dinamika ilə irəliləyir. Tesla kimi böyük oyunçular bazarda hələ də güclüdür, amma burada da müəyyən problemlər mövcuddur:
- Tesla-nın bazar payı: Tesla-nın ABŞ-dakı elektrikli avtomobil satışlarında hələ də böyük üstünlüyü var, lakin bu üstünlük zamanla daralır. Digər brendlər də elektrikli modellər təklif edərək Tesla-nın bazar payına təsir göstərir.
- Yeni oyunçuların bazara girişi: ABŞ-da Rivian və Lucid Motors kimi yeni elektrikli avtomobil istehsalçıları bazara daxil olurlar. Bu şirkətlər yeni modellərlə Tesla-ya rəqabət yaratmağa çalışırlar.
Elektrikli Avtomobil Almaq Mümkündürmü, Yoxsa Gözləmək Lazımdır?
İnsanların sualı əsasən budur: "İndi elektrikli avtomobil almağa dəyərmi, yoxsa gözləmək daha yaxşıdır?" Bunun cavabı bir neçə faktordan asılıdır:
- Texnologiyanın inkişafı: Elektrikli avtomobillər sürətlə inkişaf edir. Yeni batareyalar daha uzun müddət enerji saxlayır və şarj vaxtı azalır. Amma bu texnologiyaların tam yetkinləşməsi bir neçə il çəkə bilər.
- Qiymətlərin aşağı düşməsi: Elektrikli avtomobillərin istehsal qiymətləri zamanla azaldıqca, gələcəkdə daha ucuz modellər bazara çıxa bilər. Buna görə bəzi mütəxəssislər gözləməyi tövsiyə edir.
- İnfrastrukturun genişlənməsi: Bir çox ölkə şarj stansiyalarını genişləndirmək üçün ciddi addımlar atır. Gözləməklə şarj infrastrukturu daha əlçatan ola bilər.
Bazarda Kim Liderdir?
Hazırda elektrikli avtomobil bazarında bir neçə əsas oyunçu var. Bəzi böyük brendlərin bazar payları belədir:
- Tesla: Tesla hələ də qlobal bazarın lideridir. Əsasən ABŞ və Avropada güclü mövqedədir.
- BYD: Çin istehsalçısı olan BYD dünya miqyasında Tesla-nın ən böyük rəqibidir və xüsusilə Asiya bazarında güclüdür.
- Volkswagen, MG, Fiat, Renault, Peugeot: Bu brendlər də elektrikli modellərini bazara çıxarıb, lakin Tesla və BYD ilə müqayisədə bazar payları daha kiçikdir.
Gözləmək, Yoxsa Almaq?
Elektrikli avtomobil almaq istəyənlər üçün qərar vermək çətin ola bilər. Qısaca desək, əgər qiymət və texnologiyanın inkişafını gözləmək istəyirsinizsə, bir qədər daha gözləmək ağıllı seçim ola bilər. Lakin ekoloji cəhətdən dost olan bir seçimə daha tez keçid etmək istəyirsinizsə, hazırkı elektrikli modellər də kifayət qədər cəlbedicidir.
Hindistan rupisi oktyabrın 22-də tarixi minimuma düşüb.
Valyuta hərraclarında məzənnə bir ABŞ dolları üçün 84,0775 rupiyə çatıb.
Agentliyin məlumatına görə, azalma bir sıra Asiya ölkələrinin valyutalarının ucuzlaşması, eləcə də ölkədən xeyli güclənən xarici kapital axını ilə bağlı olub.
Belə ki, oktyabr ayı ərzində xarici investorlar fond bazarından 5,7 milyard dollar çıxarıblar, istiqrazlar üzrə isə xaricə axın 125 milyon dollar təşkil edib.
Ekspertlər qeyd ediblər ki, rupinin məzənnəsinə Donald Trampın ikinci prezidentlik müddətinə seçilməsi şanslarının artması kimi amillər də təsir edib.(musavat.com)
Ukrayna Azərbaycan və Slovakiyanın öz ərazisindən qaz nəqlini davam etdirməsi üçün təhlükəsizlik şərtləri qoyub.
Bu barədə RBC-Ukrayna yazır.
Nəşrin yazdığına görə, bu cür tədarüklər yalnız Azərbaycan və ya Slovakiyanın Rusiya ilə qaz nəqli sisteminin obyektlərinin atəşə tutulmasının yolverilməzliyi barədə razılığa gələcəyi təqdirdə mümkün olacaq.
RBC-Ukraynanın məlumatına görə, Kiyev Slovakiya və Azərbaycana öz ərazisi vasitəsilə Avropa İttifaqına qaz nəqlinin yeni sxemini təklif edib. Qazın sonradan Slovakiyaya və ya digər ölkələrə çatdırılması ilə Ukraynanın yeraltı anbarlarında saxlanması variantı müzakirə edilir. Nəticədə belə tədarüklər tranzit deyil, qazın təkrar ixracı hesab olunacaq. Amma hələlik bu təkliflə bağlı yalnız tərəflər arasında məsləhətləşmələr aparılıb.
Havalar soyuyandan bəri təmir-tikinti materialları bazarında durğunluq yaşanır.
Satıcıların sözlərinə görə, son günlər bazarda alıcı qıtlığı var. Amma alıcı azlığı adətən qiymətlərin ucuzlaşması ilə nəticələnsə də, bu dəfə elə olmayıb.
Sahibkarlar deyirlər ki, tikintidə ən çox istifadə edilən taxtaların qiyməti artıb.
Sahibkar Vüqar Əzimov bildirir ki, bahalaşan əsasən yaş taxtalardır. Bir kisə sementin qiyməti isə 7 manat 50 qəpikdən 8 manata kimi qalxıb. Xırdavat tikinti materiallarında isə artım demək olar ki, yoxdur. Tollar 12-18 manat, mismarın kiloqramı isə 2-3 manat arasındadır. Armaturların qiymətləri də dəyişməz olaraq qalır.
Həmçinin alçipan qiymətləri də dəyişməyib. Bununla belə, istehsalçıya görə material ucuz və baha ola bilər. Alçipan qiymətləri əsasən 6-11 manat arasındadır.
Ucuzlaşan tikinti materialları içərisində isə dam örtükləri var. Satıcıların sözlərinə görə, ciddi endirim etsələr də, tələbatı artıra bilməyiblər.
Döşəmə materiallarının qiymətlərinə gəlincə isə, satıcılar dedilər ki, laminatlar 10 manat 50 qəpikdən başlayır. Parketlərin 1 kvadratmetri isə 35-120 manat arasında dəyişir.//Xəzər TV
Böyükşor-Pirşağı avtomobil yolunda tikinti işlərinin 75 %-i görülüb.
Bakı şəhərində nəqliyyat axınının tənzimlənməsində böyük rol oynayacaq yeni Böyükşor-Pirşağı avtomobil yolu ümumi uzunluğu 12.7 km olmaqla inşa edilir. Yeni yol 30.6 metr, hər bir hərəkət zolağının eni 3.5 metr olmaqla 6 hərəkət zolağından ibarətdir.
Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyir ki, layihə üzrə torpaq işləri, ərazinin təmizlənməsi, tikinti altına düşən kommunikasiyaların köçürülməsi, qazma və dolğu işləri aparılmaqla yeni torpaq yatağının inşası yekunlaşdırılıb. Onun sözlərinə görə, hazır olan hissələrdə asfaltlanma aparılır ki, bu da işlərin böyük hissəsinin görülməsi deməkdir.
Avtomobil yolunun hər iki tərəfində piyada səkilərinin inşası və yolboyu işıqlandırma sisteminin qurulması da nəzərdə tutulub.
Bundan başqa layihə üzrə marşrut boyu yolun sağ və sol kənarlarında mühafizə hasarları qurulur. Eyni zamanda nəqliyyat və piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq yerlərdə əyri xətli tirlər quraşdırılır. Yolun ayın sonuna qədər istifadəyə verilməsi planlaşdırılır.
Daha ətraflı "Xəzər Xəbər"in videosunda:
26 noyabr 2024-cü il tarixində hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb.
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hərraca 15 nəqliyyat vasitəsi çıxarılıb.
Nəqliyyat vasitələrinin siyahısı belədir:
Qeyd edək ki, hərraclarda iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalanadək Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına təqdim etməlidirlər. Sənədlər beh ödənişinin bankın hesabına hərracın başlanmasına ən geci 3 bank günü qalanadək daxil olduğu təqdirdə qəbul ediləcəkdir. Hərraca çıxarılan nəqliyyat vasitələri ilə bağlı əlavə məlumat almaq istəyən şəxslər bu nömrə (+994 50 312 21 55) ilə əlaqə saxlaya bilərlər. (BAKU.WS)
Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki kənd təsərrüfatı təyinatlı torpaqlar sahibkarlıq subyektlərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada investisiya müsabiqələri vasitəsilə icarəyə veriləcək.
Report xəbər verir ki, bu, “Torpaq icarəsi haqqında” qanuna təklif olunan əlavə və dəyişikliklərdə bağlı qanun layihəsində öz əksini tapıb.
Sənəd Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilir.
Bundan başqa, qanun layihəsinə əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı əhalinin məskunlaşdığı kənd və qəsəbə ərazi vahidlərinin sərhədləri daxilində yaşayış məntəqələrinə yaxın aqrar təyinatlı torpaqlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kənd və qəsəbə sakinlərinə (birillik və çoxillik əkinlərin aparılması üçün) güzəştli şərtlərlə icarəyə veriləcək.
Amerika, Koreya, Türkiyə, demək olar ki, dünyanın bir sıra ölkələrində təqdim olunan xidmət Azərbaycanda da aktivləşib.
Milli.Az xəbər verir ki, artıq Azərbaycanda da avtomobillərin qəza tarixçəsinə baxmaq mümkün olacaq. Bu xidmətdən "Smsradar" tətbiqi vasitəsi ilə yararlanmaq mümkündür.
Xidmətdən yararlanmaq üçün avtomobilin vin kodunu yazmaq kifayət edir.
3 manata avtomobilin Azərbaycanda baş verən qəzalarına dair tarixçəni öyrənmək olur.
Qeyd edək ki, sığortanın çağırılmadığı qəzalar sistemdə göstərilmir.