|
"Səba" Açıq Səhmdar Cəmiyyəti istehsalı və satışı dayandırıb.
İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı müvafiq qərar qəbul olunub.
Şirkətdən istehsalın və satışın dayandırılması faktı təsdiqlənib.
Qeyd edilib ki, istehsal və satış avqustun 1-dən etibarən dayandırılıb və şirkətin özünə məxsus satış məntəqələri bağlanıb. Qərarın səbəbi açıqlanmayıb və hazırda şirkətin işçilərinin taleyi ilə bağlı məsələnin də sual altında olduğu vurğulanıb.
"Bəzi əməkdaşlar artıq şirkətdən ayrılıb, digərləri isə özlərinə yeni iş axtarışındadırlar", - məlumatda qeyd edilib.
Qeyd edək ki, ölkə üzrə marketlərdə bir müddətdir "Səba"nın məhsullarına rast gəlinmir.
Xatırladaq ki, ASC-nin digər broyler şirkətlərindən biri tərəfindən alındığı iddia olunur. 1997-ci ildə dövlət qeydiyyatına alınan "Səba" ASC-nin nizamnamə kapitalı 4,8 milyon manata yaxındır
Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən bu ilin yanvar-iyul aylarında 133,5 milyon ton yük daşınıb.
Bu barədə İqtisadiyyat.az Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə yükdaşıma 4,1 faiz artıb.
Yüklərin 58,1 faizi avtomobil, 29,9 faizi boru kəməri, 8,1 faizi dəmir yolu, 3,7 faizi dəniz, 0,2 faizi isə hava nəqliyyatı ilə daşınıb.
Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 5,9 faiz artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 78,2 faiz təşkil edib.
Hesabat dövründə Azərbaycanda yüklər əsasən bu nəqliyyat vasitələri ilə daşınıb:
Ötən il ölkədə avtomobil ilə yükdaşıma 71,8 milyon ton, qatar ilə 10,6 milyon ton, gəmi ilə 5341,5 min ton, təyyarə ilə 168,5 min ton təşkil edib.
Beləliklə, bu il Azərbaycanda avtomobil ilə yükdaşıma 8,1%, təyyarə ilə 17,3%, qatar ilə 1,7% artıb, gəmi ilə 8,2% azalıb.
"Avropada mayeləşdirilmiş təbii qaz alışı iyul ayında əvvəlki ayla müqayisədə 26% azalaraq 6,34 milyon tona düşüb, bu, 2021-ci ilin sentyabrından bəri ən aşağı səviyyədir.
Bu barədə RBC Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) hesabatına istinadla məlumat yayıb.
"Avropanın daha zəif LNG idxalı aşağı qaz istehlakı, yüksək inventar səviyyələri, sabit boru kəməri qaz idxalı və Asiya-Sakit Okean və Avropa arasında əhəmiyyətli LNG spot qiymətinin yayılması ilə şərtlənir", - GECF hesabatında izah edilir.
Eyni zamanda, regiona boru kəməri ilə qaz tədarükü artır. Yanvar-iyul aylarında Avropa 93 milyard m³ qaz idxal edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5% çoxdur. Artımın əsas amilləri Rusiya (ixrac 3,1 milyard m³ artıb), Norveç (+1,4 milyard m³) və Azərbaycan (+0,7 milyard m³) olub.
"2024-cü ildə Rusiya və Azərbaycan tədarükü aylıq artım göstərir. Yeddi ay ərzində Rusiyadan “Türk axını” ilə Avropa bazarına ixrac 44%, Ukrayna marşrutu ilə isə 24% artıb”, - təşkilat qeyd edib.
Ötən həftə Beynəlxalq Enerji Agentliyi qlobal neft tədarükünün iyulda gündəlik 230 min barel artaraq 103,4 milyon barrelə çatdığını bildirib . Bu, İraq və Səudiyyə Ərəbistanı kimi OPEC+ ölkələrindən artan tədarük sayəsində mümkün olub . Neft təklifinin 2024-cü ildə artmağa davam edəcəyi proqnozlaşdırılır.(Publika.az)
Bu gündən Azərbaycanda genişzolaqlı internet tarifləri üzrə sürət və ödəniş məbləğinə dəyişiklik edilib.
Musavat.com xəbər verir ki, GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətlər 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artırılıb.
Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayır və hər Mbit/s üçün ödəniş məbləği 0.45 AZN-dən 0.25 AZN-ə endirilib.
Belə ki, abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif edilir.
Bu gün Azərbaycanın milli valyutası - manatın dövriyyəyə buraxılmasından 32 il keçir.
Ötən əsrin sonunda müstəqillik əldə edən Azərbaycanda milli pul vahidinin yaradılmasının əsası o vaxtkı prezident Əbülfəz Elçibəyin 15 iyul 1992-ci il tarixli “Milli valyutanın dövriyyəyə buraxılması haqqında” fərmanı ilə qoyulub.
1992-ci il avqustun 15-də 1, 10 və 250 manatlıq əskinaslar, noyabrında 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabrında 5 manatlıq əskinaslar, 1993-cü ilin martında isə 50, 100, 500 və 1 000 manatlıq əskinaslar dövriyyəyə buraxılıb. Azərbaycanın ilk pulları Fransa Mərkəzi Bankında hazırlanıb.1992-ci ilin avqustundan 1994-cü ilin yanvarına qədər Azərbaycan ərazisində 1 manat 10 rubla bərabər olub, yəni hər iki valyutadan istifadə edilib. Prezident Heydər Əliyevin 11 dekabr 1993-cü il tarixli “Milli valyutanın respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında” fərmanından sonra Azərbaycan rubl zonasından çıxıb. Bununla da Milli Bank müstəqil pul və məzənnə siyasəti həyata keçirməyə başlayıb.
Bununla belə, o vaxtı çətin iqtisadi şərait çərçivəsində milli valyutanın məzənnəsini sabit saxlamaq mümkün deyildi. Manat digər xarici valyutalara nisbətdə sürətlə ucuzlaşırdı. Əgər 1994-cü ilin əvvəlində Azərbaycanda 1 ABŞ dolları 118 manata bərabər idisə, bir il sonra bu nisbət 4 182 manata qalxıb. Bu isə dövriyyəyə daha böyük nominallı əskinasların buraxılması hesabına baş verirdi. Belə ki, Milli Bank tərəfindən ölkədə nağd pul dövriyyəsinin nizamlanması, nağd pula olan tələbatın optimallaşdırılması məqsədilə 1994-cü ildə Almaniyanın “Giesecke & Devrient” şirkətinin dəstəyi ilə 10 000 manatlıq, 1996-cı ildə isə İngiltərənin “De La Rue” şirkətinin dəstəyi ilə 50 000 manatlıq əskinaslar çap edilərək dövriyyəyə buraxılıb. Sonuncu həm də 2001-ci ildə 1 000 manatlıq əskinasın yeni dizaynda hazırlanmasını həyata keçirib.
Ümumilikdə, Milli Bank tərəfindən ölkə iqtisadiyyatının nağd pula olan tələbatının ödənilməsi məqsədilə 1992-2005-ci illər ərzində təxminən 5,239 trln. manatlıq 692,5 mln. ədəd əskinas istehsal olunaraq dövriyyəyə buraxılıb. Köhnə nominallı pul nişanları 2006-cı ilin sonuna qədər tədavüldə olub və denominasiya çərçivəsində dövriyyədən çıxarılıb.
2005-ci il fevralın 7-də Prezident İlham Əliyev "Pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” fərman imzalayıb. Fərmana uyğun olaraq, 2006-cı il yanvarın 1-dən etibarən Azərbaycan ərazisində yeni manatdan istifadə edilməsinə başlanıb. Bu zaman 1 yeni manat 5 000 köhnə manata bərabər tutulub və bir il hər iki pul qüvvədə olub. 2007-ci il yanvarın 1-dən isə tamamilə yeni manata keçilib. Dövriyyəyə buraxılan yeni manat 1, 5, 10, 20, 50, 100, 200 ekvivalentində olan əskinaslardan və 1, 3, 5, 10, 20, 50 qəpik metal pul nişanlarından ibarətdir. Yeni manatın dizaynı ilə bağı müsabiqənin qalibi Avstriyanın “OeBS” şirkətinin dizayneri, avronun müəllifi Robert Kalina olub. Yeni nəsil pul nişanları isə İsveçrə Milli Bankının texniki dəstəyi ilə hazırlanıb.
Uzun illər Cənubi Qafqazın ən güclü və sabit valyutası olan Azərbaycan manatı 2015-ci il fevralın 21-də, 20 illik fasilədən sonra ilk kəskin məzənnə dəyişikliyinə məruz qalıb. Azərbaycan Mərkəzi Bankı milli valyutanın 34% ucuzlaşdırılmasına qərar verib. Buna səbəb isə 1990-cı illərin sonundan manata dəyər qazandıran neftin dünya bazarında kəskin ucuzlaşması olub. Son nəticədə dolların rəsmi məzənnəsi 0,78 AZN/USD-dən 1,05 AZN/USD-yə qədər artırılıb.
Bununla belə, neftin getdikcə ucuzlaşması və ölkəyə daxil olan dollar kültəsinin azalması fonunda yeni məzənnənin uzun müddət saxlamaq mümkün olmayıb. 2015-ci il dekabrın 21-də Mərkəzi Bank vəziyyətdən çıxış yolu kimi manatı "üzən məzənnə" rejiminə keçirib. Bundan sonra ölkədə rəsmi məzənnə 1,55 AZN/USD-yə bərabər olub. Amma yeni vəziyyətdə manatın məzənnəsini ona tələbatın hansı səviyyədə olması müəyyən etdiyindən dolların və digər xarici valyutaların milli valyutaya nəzərən qiyməti mütəmadi olaraq dəyişib.
Məsələn, 2017-ci il fevralın 1-2-də 1 dollar 1,92 manata bərabər olub ki, bu da "üzən məzənnə" rejiminə keçilməsindən bəri ən yüksək həddir. 2016-cı il mayın 25-26-da isə dolların qiyməti minimum həddə - 1,49 AZN/USD-yə düşüb. Bu günə olan rəsmi məzənnə isə 1,700AZN/USD-yə bərabərdir və bu göstərici 2018-ci il martın 7-dən bəri dəyişməyib.
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.
Yol-xeber.az bu barədə ADY-yə istinadən xəbər verir.
Məlumata görə, əlavə təyin edilən qatarlar avqustun 17-də saat 09:15-də Bakıdan- Ağstafaya, avqustun 18-də saat 15:00-da isə Ağstafadan-Bakıya yola düşəcək.
Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin saytından (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə əldə etmək mümkündür.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
Avronun məzənnəsi 0,005 % azalaraq 1,8563 manat, Rusiya rublunun məzənnəsi isə 2 % azalaraq 0,0192 manat təşkil edib.
Dövlət Neft Fondu tərəfindən 2024-cü ilin iyul ayı ərzində 826,3 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Satılan valyuta məbləği iyun ayı ilə müqayisədə 420,7 milyon ABŞ dolları və ya 51% artıb. Valyuta tələbatının kəskin surətdə artması insanlar arasında artıq uzun müddətdir ki, müzakirə olunan devalsivasiya mövzusunu yenidən gündəmə gətirib.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, hazırda neft və qaz gəlirlərində ciddi azalmanın olması, ölkəyə daxil olan valyuta həcminə də təsir göstərir:
“Artıq 9-cu ildir ki, manatın dollar qarşısındakı kursu stabil olaraq qalır. Bundan öncə, 2015-ci ilədək müvafiq olaraq, köhnə məzənnəni saxlamaq mümkün olmadı deyə, 3 pilləli devalivasiya baş verdi. İlk öncə 1 manat 5 qəpik, sonra 1 manat 55 qəpik, sonda isə 1 manat 70 qəpikdə sabitləşdi. 9 ildir ki, həmin sabit məzənnə rejimi davam edir. Bunu uzun müddət eyni səviyyədə saxlamaq olduqca çətindir. Nəzərə alaq ki, Azərbaycanın neft gəlirlərində ciddi azalma var, çünki hasilat kəskin azalıb. Məsələn, may-iyun aylarında hasilat heç 500 min barelə çatmadı, halbuki 2011-2012-ci ildə biz 900-950 min barel neft hasil edirdik. Yəni neft hasilatının düşməsi, valyuta gəlirlərinin azalması, qaz qiymətlərinin əvvəlki illərə nisbətən ucuzlaşması gəlirlərə mənfi təsir göstərib. Bütün bunlar Azərbaycana manatına basqı yaradan amillərdir”. Həkim tap
Ekspertin fikrincə, növbəti il üçün devalivasiyanın baş verməsi qaçılmazdır:
“Düzdü, iyul-avqust aylarında dollara tələbatın artmasının başqa səbəbləri də var. Valyutaya tələbat bu ay da yüksək olacaq, çünki təhsil mövsümünə hazırlıqla əlaqəli 100 milyonlarla dollara ehtiyac var ki, təhsil sahəsində istifadə olunan tədris məhsullarından tutmuş geyimə qədər alınsın. Bizdə bütün bunlar hamısı xaricdən gətirilir və xaricdən gətirildiyinə görə valyutaya tələbat da artır. Hətta mən əminəm ki, avqust ayında da biz bu artım tempini görəcəyik. Valyutaya tələbat artdıqca və buna paralel ölkədə daxil olan valyutanın həcmi azaldıqca devalivasiya təhlükəsi də yüksələcək. Düşünürəm ki, bu il olmasa da, növbəti il ərzində Mərkəzi Bankın belə bir addım atması mümkündür. Çünki valyuta gəlirlərinin azalması valyuta ehtiyatlarına qənaəti gündəmə gətirəcək. Bunun ən rahat forması isə məzənnə dəyişikliyidir”.