Tramvaylar Bakıya qayıdır - Əsas küçələr BƏLLİ OLDU

Bakıda tramvayların effektiv olacağı ərazilər müəyyənləşdirilib.

Ölkə.az-ın məlumatına görə, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov brifinqdə bildirib.

O qeyd edib ki, tramvay kütləvi daşıma üçündür və onlar üçün ilk növbədə uyğun yer olmalıdır.

"Təhlillər aparmışıq və paytaxtda tramvay xətlərinin inşasının faydalı ola biləcəyi yerləri araşdırmışıq. Şəhər mərkəzində insanların hərəkəti üçün ən səmərəli vasitə metropolitendir. Tramvay Mehdiabad qəsəbəsindən Azadlıq prospektinə doğru, Binəqədidən keçməklə "28 May" metrostansiyasına qədər əhəmiyyətli ola bilər", - nazir müavini qeyd edib.

Rəhman Hümmətovun sözlərinə görə, "SeeBreeze" istiqamətində də yeni yaşayış məntəqələri yaradıldığına görə həmin istiqamətdə də tramvay özünü doğrulda bilər.

Xatırladaq ki, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planına əsasən, paytaxtda tramvayın yaradılması nəzərdə tutulub. Planda deyilir ki, tramvay və metrobus ictimai nəqliyyat növləri yaradılacaq.

Planda bildirilir ki, mövcud metro nəqliyyatı sistemi yüksək sərnişindaşıma qabiliyyətinə malik ictimai nəqliyyat sistemində aparıcı rol oynamağa davam edəcək. Lakin metronun tikinti xərclərinin yüksək olması və tikinti işlərinin gec icra olunması yalnız şəhərətrafı ərazilərdə deyil, eyni zamanda şəhər daxilində də tamamlayıcı ictimai nəqliyyat sistemlərinin tətbiqini şərtləndirir. Xərclər və icra müddəti baxımından ən perspektivli alternativ dəmir yolu şəbəkəsinin yenidən qurulması və şəhər daxilində genişləndirilməsidir.

Hazırda şəhər ərazisində çoxlu sayda istifadə olunmayan dəmir yolu təhkim zolağı və istifadə olunmayan yük xətləri vardır. Qeyd olunan infrastruktur yenidən aktivləşdirilə və daha səmərəli istifadə oluna bilər. Tramvay- elektrik qatarı sisteminin tətbiqində mövcud və yenidən qurulan dəmir yolu infrastrukturunun imkanlarından istifadə oluna bilər, həmçinin sürətli tramvay nəqliyyatı (STN) infrastrukturun genişlənməsi imkanı yarana bilər.

Plana əsasən, 2040-cı ilə qədər tramvay şəbəkəsinin 54.6 kilometr uzunluğunda olması nəzərdə tutulub. Ümumilikdə 78 stansiya və dayanacağıq yaradılcağı bildirilir. (Daha ətraflı aşağıdakı cədvəldə)

Azərbaycana 100-dən artıq yeni avtobus gətiriləcək

"2024-cü ildə Bakı şəhəri üzrə 476 milyon sərnişin daşınıb ki, bu da ötən illə müqayisədə 28 milyon nəfər çoxdur".

Oxu.az xəbər verir ki, bu sözləri "Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar" mövzusunda keçirilən mətbuat konfransında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib.

O bildirib ki, 11 avtobus marşrutu üzrə 154 avtobus yenilənib:

"Bunlara nümunə olaraq 33, 46, 56 nömrəli marşrutları göstərmək olar. 200 avtobus təmir edilərək daşımaya qaytarılıb, həmçinin 165 ədəd elektrik avtobus daşımalara cəlb edilib. Özəl daşıyıcılar tərəfindən 60 ədəd yeni avtobus gətirilib və bir hissəsi artıq istismara buraxılıb".

O qeyd edib ki, 2025-ci ildə özəl daşıyıcılar tərəfindən ölkəyə 100-dən artıq yeni avtobusun gətiriləcəyi gözlənilir.

Mərkəzi Bankın sədrindən yeni qərar

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 15 noyabr 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Mərkəzi Bank ilə banklar arasında xarici valyutanın alqı-satqısı Qaydası”nda dəyişikliklər edib.

Bununla bağlı qurumun sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra son saxlama dövründə məcburi ehtiyatlar üzrə tələbi pozan banklar da valyuta hərraclarında iştirak edə biləcək. İndiyə qədər valyuta hərraclarına qatılmaq üçün sözügedən tələbin pozulmaması şərt kimi qoyulmuşdu.

AMB-nin Hüquq və təşkilati işlər departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Azərbaycanda yeni kredit qaydaları: Kimlər ala biləcək?

Mərkəzi Bank davranış modelləri əsasında kreditləşməyə dair qaydaları təsdiq edib. Davranış modelləri əsasında bankların fərdi sahibkarlara və fiziki şəxslərə kredit verməsi nəzərdə tutulur. Bununla belə, bu model kreditləşmə ilə bağlı müəyyən məhdudiyyətlər də tətbiq edir. Belə ki, banklar kredit portfelinin 10%-dən artıq olmamaq şərti ilə davranış modelləri əsasında kredit təklif edə biləcək. Eyni zamanda, davranış model əsasında verilmiş və 90 gündən çox gecikdirilmiş kreditlərin həcmi həmin kredit portfelinin 10%-nə çatdıqda model əsasında kreditlərin verilməsi dayandırılacaq.

Qaydaları şərh edən millət vəkili Vüqar Bayramov bildirib ki, bu modelin tətbiqinə başlanılması iki vacib məsələni aktuallaşdırır:

“Birincisi, Azərbaycan bankları bu modelin tətbiqinə hazırdırlarmı? İkincisi, bu modelin tətbiqi borclanma risklərini artıra bilərmi və eləcə də kreditləşmədə məhdudiyyətlərə səbəb olarmı?

Davranış kredit skorinqi modeli uzun müddətdir ki, inkişaf etmiş ölkələrdə tətbiq olunur. Rəsmi gəlirlər, ödəniş tarixi kimi statik məlumatlara əsaslanan ənənəvi kredit riski profilindən fərqli olaraq, bu model xərcləmə vərdişləri, əməliyyat tezliyi və rəqəmsal iz kimi dinamik dəyişənləri nəzərə alır. Bu zaman bank əməliyyatları, onlayn alışlar, sosial media fəaliyyəti və hətta mobil cihazdan istifadə də daxil olmaqla müxtəlif mənbələrdən böyük həcmdə məlumatların toplanması və emalı tələb olunur. Yəni, vətəndaşın sosial mediada fəaliyyəti və ya aktivliyi də kredit verilən zaman nəzərə alına bilir. Digər tərəfdən, bu modeli dinamikdir, yeni məlumatlar əldə olunduqca kredit profillərini davamlı olaraq izləyir, yeniləyir və bununla da borcalanın maliyyə vəziyyətindəki dəyişikliklərə uyğunlaşır. Bu isə əsaslandırılmış model validasiyası tələb edir.

Bu zaman ən ciddi çağrışlardan biri fərdlərin öz maliyyə davranışlarını manipulyasiya etmə cəhdləridir. Bunun qarşısının alınması üçün isə modelin güclü alqoritmləri və vəriblardan (dəyişənlərdən) istifadəsinə ehtiyac var. Bu baxımdan, bankların davranış modelinin tətbiqinə hazır olmasına və güclü qiymətləndirmə və izləmə elektron formularından istifadəsinə ehtiyac var. Bu isə o deməkdir ki, modelin uğurlu tətbiqi bankların davranışlarından da asılı olacaq.

Digər məqam Azərbaycan Mərkəzi Bankının qərarı ilə bu model üzrə kreditləşməyə limitlərin müəyyənləşdirilməsidir. Bu məsələdə beynəlxalq praktikada fərqli yanaşmalar var. Amma ölkədə ümumi kredit portfelinin 27 milyard 368 milyon manat olduğunu nəzərə aldıqda orta hesabla 3 milyard manata yaxın kredit bu model vasitəsi ilə təklif oluna bilər. Bununla yanaşı, model çərçivəsində təqdim olunan vəsaitlər üzrə problemli kreditin həcmi limiti keçdiyi halda modeldən istifadə dayandırılır. Bunun banklarda model vasitəsi ilə kreditləşməyə marağın azalmasına gətirib çıxarması da istisna deyil.

Bütövlükdə, davranış kredit skorinqi modeli üzrə kreditlərin təklifi bank sektoru üçün yeni bir mərhələ olacaq. Bunun uğuru isə birbaşa bankların elmi və araşdırma potensialından asılı olacaq”.

Azərbaycanın üç rayonunda bəzi şəxslərə yeni mənzillər veriləcək

Azərbaycanın üç rayonunda əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə yeni mənzillər veriləcək.

"Trend" xəbər verir ki, artıq bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi hazırlıq işlərinə başlayıb.

Belə ki, Neftçalada 20 ədəd üçotaqlı, Saatlıda 27 ədəd ikiotaqlı, 18 ədəd üçotaqlı, Salyanda isə 44 ədəd üçotaqlı mənzil əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə təhvil veriləcək.

Agentlik sözügedən şəxslərin mənzillərlə təmin olunmasının 10,5 milyon manata başa gələcəyini proqnozlaşdırıb.

Xaricdən maşın gətirmək istəyənlər oxusun! - Bu halda gömrük rüsumu ödənilmir

Ölkəyə xaricdən maşın gətirilməsində əsas məqamın gömrük ödənişləri ilə bağlı olduğunu desək, yanılmarıq. Belə ki, bir çox halda “xaricdən almaq ucuz başa gəlir” deyə alınan minik avtomobillərinin yekun qiyməti məhz gömrük rəsmiləşdirilməsi zamanı çəkilən xərclərdən asılı olaraq dəyişir.

Bəs qanunla ölkəyə avtomobil idxal olunan zaman hansı ödənişlər edilməlidir?

“Qafqazinfo xəbər verir ki, qanunvericiliyə görə, ölkəyə avtomobil gətirilərkən aşağıdakı ödənişlər olunmalıdır:

İdxal gömrük rüsumu - yeni və ya işlənmiş olmasından, daxili yanma mühərrikinin həcmindən asılı olaraq hər santimetrə görə 0,4-1,2 ABŞ dollarına, elektrik mühərrikli olanlarda isə gömrük dəyərinin 15 faizinə bərabərdir.

Əlavə dəyər vergisi - gömrük dəyərinin üzərinə digər ödənişlər də əlavə edildikdən sonra alınan göstəricininin 18 faizi.

Aksiz vergisi - 600 manatdan başlayır, mühərrikin həcmindən, avtomobilin istismar müddətindən, həmçinin mühərrikinin benzin və dizel olmasından asılı olaraq dəyişir.

Utilizasiya haqqı - ölkəyə gətirilən minik avtomobilinin yaşı 4-7 il arasındadırsa, 400 manat, 7 il və daha çox olarsa, 700 manat təşkil edir.

Vəsiqə haqqı - 30 manat

Gömrük yığımları - gömrük dəyərindən asılı olaraq 15 manatdan 1000 manatadək dəyişir.

Gömrük ekspertizasının aparılmasına görə gömrük yığımı - 30 manat

Elektron gömrük xidmət haqqı - 30 manat

Elektron gömrük xidməti üzrə əlavə dəyər vergisi - 5,4 manat

Standartlara uyğunluğa dair verilən verilən sertifikat üçün dövlət rüsumu – 30 manat

Bu ödənişlər əsasında aparılan hesablamaya görə, hər hansı bir Avropa ölkəsindən 20 min ABŞ dollarına alınıb 1000 dollar da Azərbaycana gətirilərkən xərclənən 2500 kubsantimetrlik dizel mühərrikə malik 2015-ci ilin istehsalı olan minik avtomobili üçün 18 min 881,8 manat cəmi gömrük ödənişləri etmək lazımdır. Bu avtomobilin mühərriki benzin olarsa, gömrük ödənişlərinin cəmi 1097,4 manat daha az - 17 min 784,4 manat təşkil edəcək.

Alınan avtomobilin istehsalçı ölkəsi Azərbaycanla Sərbəst Ticarət Haqqında Saziş imzalamış dövlətlərin sırasında olarsa, bu halda ödənişlərdən biri - idxal gömrük rüsumu ödənilmir. Belə ki, “Sərbəst ticarət haqqında” ikitərəfli Sazişə əsasən, bir ölkənin gömrük ərazisindən digər ölkənin gömrük ərazisinə birbaşa idxal edilən mallara, eyni ölkə mənşəli və eyni ticarət edən ölkə olduğu təqdirdə СТ-1 formalı preferensial mənşə sertifikatı təqdim edilməklə idxal gömrük rüsumu tətbiq edilmir.

Bu sırada 10 ölkə var və onlar aşağıdakılardır:

1. Rusiya

2. Moldova

3. Ukrayna

4. Gürcüstan

5. Türkmənistan

6. Özbəkistan

7. Qazaxıstan

8. Qırğız Respublikası

9. Belarus

10. Tacikistan

Beləliklə, yuxarıda qeyd edilmiş dizel mühərrikli minik avtomobili bu ölkələrdə istehsal edilib və oradan Azərbaycana idxal edilərsə, bu halda gömrük ödənişlərinin cəmi 18 min 881,8 manat yox, 12 min 863,8 manat (6 min 18 manat az) olacaq. Bu avtomobil benzin mühərrikli olduqda isə gömrük ödənişlərinin cəmi 11 min 766,4 manat təşkil edir.

Bundan başqa, son illərdə ölkəyə gətirilən, istehsal ilindən 3 ildən çox keçməyən elektrik mühərrikli minik avtomobilləri idxal gömrük rüsumundan və əlavə dəyər vergisindən azad edilib. Bu da cəmi gömrük ödənişlərində özünü göstərir.

Məsələn, qiyməti 50 min ABŞ dolları olan, idxal zamanı əlavə 1000 dollar xərc çəkilən 2022-ci il istehsalı elektrik mühərrikli avtomobil üçün cəmi gömrük ödənişləri 325,4 manatdır.

Həmçinin hazırda istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı əlavə dəyər vergisindən azaddır. Bu baxımdan ölkəyə gətirilən qiyməti 30 min ABŞ dolları olan, idxal zamanı əlavə 1000 dollar xərc çəkilən 2022-ci il istehsalı hibrid avtomobil (mühərrikinin həcmi 2000 kubsantimetr) üçün cəmi gömrük ödənişləri 5005,4 manatdır. Bu avtomobil 2016-ci il istehsalı və benzin mühərrikli olarsa gömrük ödənişlərinin cəmi 16 min 180,8 manata təşkil edəcək. Dizel mühərriklidə isə bu məbləğ 16 min 393,2 manat olacaq.

Azərbaycan manatının nominal effektiv məzənnəsi artıb

Ötən il dekabrın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 107,5 bənd təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu, aylıq müqayisədə 2,1 bənd, 2024-cü ilin əvvəlinə nisbətən 5,5 bənd, 2023-cü ilin dekabrın 1-i ilə müqayisədə isə 4,7 bənd çoxdur.

Ötən ilin dekabrın 1-nə manatın real effektiv məzənnəsi isə 122,6 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 2,8 bənd, 2024-cü ilin əvvəlinə nisbətən 1,2 bənd, illik müqayisədə isə 0,2 bənd çoxdur.

demir-yolu-ile-dasimalarda-yeni-guzestler-tetbiq-olunacaq

Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli Qanunu ilə Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, nəqliyyat  daşımaları sahəsində yeni güzəştlər (azadolmalar) nəzərdə tutulub.

Bu barədə “Yol-xeber.az”a Azərbaycan Dəmir Yolları QSC-dən bildirilib.

Belə ki, 2025-ci il yanvarın 1-dən etibarən xarici avtonəqliyyat vasitələri aşağıdakı hallarda 2 il müddətinə yol vergisindən azad olunacaq:

Dəmir yolu ilə daşınan yüklər: Azərbaycan Respublikası ərazisindəki Nazirlər Kabinetinin müəyyən etdiyi son dəmir yolu stansiyasında xarici avtonəqliyyat vasitələrinə aşırılaraq ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə digər dövlətə daşındıqda;

Yük daşımaları: Xarici avtonəqliyyat vasitələri ilə yüklər digər dövlətin ərazisindən Azərbaycan Respublikası ərazisindəki Nazirlər Kabinetinin müəyyən etdiyi ilk dəmir yolu stansiyasına ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə daşındıqda.

Qanunun tətbiqi ilə bağlı qaydaların təsdiq edilməsi Nazirlər Kabinetinə tapşırılıb.

Qeyd olunan azadolmalar ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına və alternativ dəhlizlərlə rəqabətqabiliyyətliliyinin təmin olunmasına səbəb olacaq. Bu vergi güzəştləri xarici avtonəqliyyat vasitələri və dəmir yolu ilə daşımalar arasında inteqrasiyanı stimullaşdıraraq ticarət əlaqələrinin inkişafına müsbət təsir göstərəcək, nəqliyyat sektorunda daha sürətli və səmərəli daşımaların təmin edilməsinə, beynəlxalq ticarət və nəqliyyat əlaqələrinin gücləndirilməsinə kömək edəcək.

Avropada qaz qiymətləri sürətlə bahalaşır

Avropada qazın qiymətində bahalaşma başlayıb.

Ukrayna üzərindən qaz nəqlinin dayandırılmasının dəqiqləşməsi Avropanın qaz bazarında fyuçerslərin qiymətinin 5 faiz artmasına gətirib çıxarıb.

Qeyd edək ki, Rusiya qazının Ukrayna ərazisindən tranziti ilə bağlı müqavilənin müddəti 2024-cü ilin sonunda başa çatır. Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Ukraynadan tranzitlə bağlı yeni müqavilə olmayacaq.

Ukraynanın baş naziri Denis Şmıqal ölkəsinin 2025-ci il yanvarın 1-i saat 07:00-da (Moskva vaxtı ilə 08:00) Rusiyadan qaz tranzitini dayandıracağını bildirib. Eyni zamanda o qeyd edib ki, tranzitin bərpası Avropa Komissiyasının tələbi ilə mümkün ola bilər, amma Rusiya qazı olmamaq şərtilə.

V.Putin MDB dövlət başçılarının Minsk zirvəsində qazın Avropaya Polşa üzərindən nəqlinin mümkün olduğunu deyib.(musavat.com)

“Sədərək” və “Binə”də qiymətlər artacaq

Vergi Məcəlləsindəki dəyişiklik ticarət mərkəzlərində 2025-ci ildən fəaliyyət göstərən sahibkarlara şamil ediləcək

Azərbaycanda bazarlarda işləyən sahibkarlardan vergi uçotunda olmaları tələb ediləcək. Əks təqdirdə, hər bir uçotsuz sahibkar üçün bazar mülkiyyətçilərinə və ya idarəçilərinə 2 min manat maliyyə sanksiyası tətbiq ediləcək. Vergi Məcəlləsindəki dəyişiklik ticarət mərkəzlərində 2025-ci ildən fəaliyyət göstərən sahibkarlara şamil ediləcək.

O da məlumdur ki, bazarlarda bir sıra məhsulların qiyməti dükanlarla müqayisədə nisbətən aşağıdır. Tikinti materiallarından tutmuş, geyim məhsullarına qədər bir sıra məhsullar bazarlarda daha sərfəli qiymətə olduğu üçün əhali ora gedir. Xüsusən “Sədərək”, “Binə” və digər böyük bazarlarda sahibkarların çoxu vergi vermir. O baxımdan yeni qərar bazarlarda qiymətlərin artmasına necə təsir edəcək?

İqtisadçı Elmir Səfərli deyir ki, vergi uçotunda olmaq ilk növbədə sahibkarların özləri üçün faydalıdır. Çünki bütün ödənişlər artıq qeyri-nağd üsulla aparılır. Buna görə də bank hesablarına və daxil olan maliyyə vəsaitinə nəzarət etmək üçün vergi uçotuna durmaq şərtdir: “Bununla da onlar həm dövriyyələrini, həm də vergilərini rəsmi şəkildə göstərəcəklər. 2025-ci ildən etibarən müəyyən sahibkarıq növləri var ki, onlara xüsusi güzəştlər tətbiq ediləcək. Xərclər çıxıldıqdan sonra yerdə qalan məbləğin 20 faizi, yəni ümumi dövriyyənin 5 faizi qədər mənfəət vermə kimi şanslar ortaya qoyulur. Bu da sahibkarlar üçün faydalıdır. Onlar müəyyən qədər 15 faizli böyük vergidən azad olunacaqlar. Bunun iqtisadiyyata da böyük təsiri var. Büdcə gəlirinin, vergiyə daxil olmaların artırılması üçün önəmli şərtdir. Bu faydalar sahibkarlara izah edilməlidir ki, yayınmasınlar, əksinə, can atsınlar. Bu zaman hər iki tərəfə - həm dövlətə, həm də sahibkarlara sərfəli olacaq”.

Ekspert deyir ki, bu dəyişiklik qiymət artımına təsir etmir: “Qiymət artımına maya dəyərinin artması təsir edə bilər. Verilən vergilərin həcmi artırılarsa, qiymət artar. Bunların heç biri baş vermədiyi üçün qiymət artımından söhbət gedə bilməz. Hər hansı sahibkarın vergi uçotunu bəhanə edib qiyməti qaldırması süni artımdır”. /Musavat.com

Xəbər lenti