![]() |
|
Xəbər verdiyimiz kimi, “Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatının 1944-cü il Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin tələblərinə uyğun aparılan araşdırmanın ilkin hesabatı açıqlanıb.
Hesabatda təyyarənin kənar müdaxilə nəticəsində qəzaya uğradığı faktlarla öz təsdiqini tapıb.
Ən maraqlı məqamlardan biri isə Rusiya tərəfinin iddia etdiyi “Ковер” əməliyyatının tətbiqi ilə bağlıdır.
Belə ki, Rusiya bu günədək təyyarənin Rusiya hava məkanından olduğu zaman “Ковер” əməliyyatlarının tətbiq edildiyini bildirirdi.
Lakin məlum olub ki, kənar müdaxilə nəticəsində 05:13:32-də (vaxt fərqi nəzərə alınmaqla UTC vaxtı ilə verilir) hava gəmisinin əsas idarəetmə sistemləri itirilib. Qara qutunun deşifrə olunması nəticəsində isə bəlli olub ki, bundan 8 dəqiqə sonra əlaqələndirici dispteçer “Ковер” əməliyyatı barədə Qroznıya məlumat verib.
Dekabrda qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub.
Bu barədə "Reuters" agentliyi hökumətdəki mənbələrinə istinadən məlumat yayıb.
Məlumata əsasən, Azərbaycan hökumətindəki mənbə çərşənbə axşamı agentliyinə bildirib ki, dekabr ayında Rusiyadan Qazaxıstana yönləndirildikdən sonra qəzaya uğrayan Azərbaycan sərnişin təyyarəsi Rusiyanın "Pantsir-S" hava hücumundan müdafiə sistemi ilə vurulub.
"Azərbaycan tərəfində təyyarədən çıxarılan və beynəlxalq ekspertiza nəticəsində müəyyən edilmiş "Pantsir-S" raketinin fraqmenti var", - mənbə bildirib.
"Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin dekabrın 25-də Rusiyanın cənubundan Xəzər dənizi üzərindən marşrutunu dəyişərək Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində 38 nəfər həlak olub. (APA)
31 yaşlı Gəncə şəhər sakini iki nəfərin ona hədə-qorxu gələrək 100 min dollar tələb etməsi barədə polisə müraciət edib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən 47 yaşlı H.Həsənov və 42 yaşlı A.Balayev müəyyən olunaraq saxlanılıblar.
Araşdırmalarla H.Həsənovun üzərinə keçirilən baxış zamanı ondan tramadol həbi və marixuana aşkar olunaraq götürülüb.
Balakəndə polis əməkdaşları tərəfindən saxta spirtli içkilər hazırlayaraq satışnı təşkil edən dəstə üzvlərinə qarşı əməliyyat keçirib.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Əməliyyat zamanı əməli törətməkdə şübhəli bilinən 5 nəfər müəyyən olunub.
Onlara məxsus Balakən, Zaqatala, Qax və Masazır qəsəbəsində yerləşən saxlanc yerlərinə baxış keçirilərkən xeyli sayda saxta spirtli içkilər, yerli və xarici əmtəə nişanı etiketləri, qapaqlar, qidada istifadəsi nəzərdə tutulmayan texniki spirt, eləcə də digər avadanlıqlar aşkarlanıb.
Əməliyyatlar davam etdirilir.
İmişlidə qadının naməlum şəxslər tərəfindən qaçırılmasının səbəbi məlum olub.
Oxu.az məlumatına görə, aparılan araşdırmalar zamanı məlum olub ki, qadın məcburi nikaha daxil olmaq üçün qaçırılıb:
"Bir müddət əvvəl oğlanın ailəsi qaçırılan qıza elçi getsə də, onun ailəsi elçilərə yox cavabı verib".
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
***
İmişli Rayon Polis Şöbəsinə rayonun Boşçalılar kənd sakini olan bir qadının naməlum şəxslər tərəfindən oğurlanması barədə məlumat daxil olub.
“Qafqazinfo”xəbər verir ki, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə həmin qadının olduğu “Mercedes” markalı avtomobil Salyan rayonu ərazisində müəyyən edilib.
Avtomobil qısa vaxtda saxlanılıb. Əməli törətməkdə şübhəli bilinən Elbrus Cəfərov, Vasif Məmmədov və İlkin Şirinov tutularaq istintaqa təqdim olunublar.
Faktla əlaqədar İmişli RPŞ-də cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən birgə keçirilən xüsusi əməliyyat nəticəsində Xəzər dənizindən qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən 13 kiloqramdan artıq narkotik vasitə və 4400 ədəd narkotik tərkibli həbin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, polis və sərhədçilərin Sumqayıt şəhəri ərazisində keçirdikləri əməliyyat nəticəsində İran vətəndaşları 32 yaşlı Qaffar Qızıl və 34 yaşlı Behzat Qaranejat Xəzər dənizi sahilində saxlanılıblar. Sonuncuların idarə etdikləri xüsusi "Yamaha" markalı mühərriklə təchiz olunmuş qayıqdan tərkibinə psixotrop maddələr əlavə edilmiş 11 kq 680 qram marixuana, 1 kq 510 qram heroin və 4400 ədəd metadon həbi aşkar olunub.
Saxlanılanlar İranın dəniz kənarındakı Gümüşan vilayətindən götürdükləri narkotikləri Xəzərin Azərbaycan-Türkmənistan sərhədindəki neytral zonasından istifadə edərək qaçaqmalçılıq yolu ilə maddi qazanc əldə etmək məqsədi ilə Azərbaycana gətirdiklərini qeyd ediblər. Qaffar Qızıl və Behzat Qaranejatın balıqçılıq fəaliyyəti ilə məşğul olmaqla yanaşı ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə vaxtaşırı narkotik vasitələr gətirən əsas şəxslərdən olduqları da müəyyən edilib.
Ölkəyə qaçaqmalçılıq yolu ilə narkotik vasitələr gətirməyə cəhd edən mütəşəkkil dəstənin digər üzvlərinin müəyyən olunaraq saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.
Laçında yük avtomobili aşıb.
Report xəbər verir ki, rayonun Pircahan kəndi ərazisində, 1977-ci il təvəllüdlü Nağızadə Aslan Vaqif oğlu idarə etdiyi “Howo” markalı yük nəqliyyat vasitəsi ilə idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb.
Nəticədə A.Nağızadə aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Daxili İşlər Nazirliyi (DİN) ilə birgə Qusarda böyük əməliyyat keçirib. Əməliyyatçılara qarşı silah çıxaran terrorçu qruplaşma üzvlərindən bir neçəsi zərərsizləşdirilsə də, başqa üzvlər həbs edilib.
Qafqazinfo məlumatına görə, terrora hazırlıqda ittiham edilənlərin hamısı barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Bu işin istintaqını DTX-nin İstintaq baş idarəsi aparır.
Cinayətkar dəstənin üzvləri - Etibar Əhmədov, Rəhim Mirzəbəyov, David Rəşidov, Şərafəddin Mahmudov, Abugül Babayev və Elçin Əlirzayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,214.2.1, 28,214.2.3, 28,214.2.6-cı (cinayətkar birlik (cinayətkar təşkilat) halında odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində terrorçuluğa hazırlıq) və digər maddələri ilə təqsirləndirilir.
Təkcə qeyd olunan maddələrin sanksiyasında 14 ildən 20 ilə və ya işin hallarından asılı olaraq ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
“Meşə qardaşları”ndan təsirlənən şəxslərin cinayətinin təfərrüatı məhkəmə araşdırmasında məlum olacaq.
Azərbaycanın Rusiya ilə sərhədyanı rayonlarının ərazisində “Sərhəd-Sipər” şərti adı altında kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilir.
AZƏRTAC xəbər verir ki, əməliyyatlar Azərbaycan Respublikası və Rusiya Federasiyasının daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən aparılır.
Bir həftə ərzində aparılacaq əməliyyatlarla əlaqədar Quba, Qusar, Xaçmaz, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarının ərazilərində müvafiq yerlərdə polis postları qurulub.
Əməliyyatların əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların yerinə yetirilməsi, transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktik tədbirlərin icrasından ibarətdir.
Kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər fevralın 3-dən 10-dək davam edəcək.