![]() |
|
Sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıq hörmətsizlik qeyri-etik paylaşımlar etdiklərinə görə həbs olunan tiktokerlərdən artıq azadlığa buraxılanlar var.
oxu.az xəbər verir ki, "Sako" ləqəbli Sadiq İsmayılov və "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanzadə həbs müddətləri bitdiyi üçün sərbəst buraxılıblar.
Xatırladaq ki, Rövşən Süleymanzadədən narkotik vasitə olan marixuana aşkarlandığı üçün 45 sutka inzibati qaydada həbs edilmişdi. Sadiq İsmayılov da eyni ittihamla 60 sutka inzibati qaydada həbs olunmuşdu.
Lənkəranda dənizdə itkin düşmüş balıqçıların axtarışları davam etdirilir.
Lənkəranda dənizdə itkin düşdüyü ehtimal edilən balıqçılar - Mahmud İbayev və Nazim Abbasovun axtarışları davam edir.
İtkin düşən Nazim Abbasovun qardaşı İsmayı Abbasov APA-ya bildirib ki, bir neçə gün hava şəraiti ilə bağlı dənizə çıxmaq mümkün olmayıb, bu gün yenidən axtarışlara başlanıb.
FHN-nin Cənub Regional Mərkəzinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri yenidən axtarışa cəlb olunub: "Bu günə kimi hər iki ailə üzləri adından müvafiq qurumlara, o cümlədən Təbrizdəki konsulluğumuza rəsmi müraciət olunub. Bu gün konsulluqdan cavab alınıb ki, balıqçılardan biri Rusiya vətəndaşı olduğu üçün həmin ölkənin Azərbaycandakı səfirliyinə də müraciət olunmalıdır. Ailə üzvləri bu gün Rusiya səfirliyinə məlumat verəcəklər".
Qeyd edək ki, yanvarın 13-də Lənkəran şəhəri, Siyavar kəndi yaxınlığında Xəzər dənizində balıqçılar - 1984-cü il təvəllüdlü İbayev Mahmud Əbdüləli oğlu və 1968-ci il təvəllüdlü Abbasov Nazim Səməd oğlunun itkin düşdüyü ehtimal edilir.
Ötən ilin sonunda Özbəkistanda həbs edilən iş adamı Şəmsi Səmədzadə azadlığa buraxılıb.
Bu barədə Gununsesi.info-nun əldə etdiyi məlumata görə, Səmədzadə bir neçə gün əvvəl azadlığa buraxılıb.
Saytın əməkdaşı ilə telefon söhbətində Şəmsi Səmədzadə həbsinin səbəbləri barədə danışmayıb.
“Əsas odur ki, azadlıqdayam. İşdir, iş olan yerdə də problemlər olur” deyən Səmədzadə əlavə şərh verməkdən imtina edib.
Qeyd edək ki, Azərbaycanda ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunan Şəmsi Səmədzadə prezidentin əfv sərəncamı ilə 2022-ci ildə azadlığa buraxılıb.
İrandan Azərbaycana 80 kq narkotikin keçirilməsinin qarşısı alınıb.
Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində yanvar ayının 20-də saat 20:01-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 80 kiloqram 685 qram narkotik vasitə (77 kq 645 qram marixuana, 3 kq 35 qram heroin, 5 qram tiryək),1000 ədəd narkotik tərkibli metadon M-40 və 245 ədəd müxtəlif tərkibli dərman həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
2 saylı Dəmiryol Poliklinikasının sabiq baş həkimi, fəxri dəmiryolçu, tibb üzrə fəlsəfə doktoru Həmzə Həsənova cinayət işi açılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, tanınmış həkim Cinayət Məcəlləsinin 308 və 313-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı) maddələri ilə məsuliyyətə cəlb edilib.
Araşdırmalar zamanı müəyyən olunub ki, Həmzə Həsənov çoxsaylı vətəndaş barəsində elektron sistemə qəsdən həqiqətə uyğun olmayan tibbi məlumatlar daxil edib.
Bu yolla o, həmin şəxslərin pensiya almasına nail olub və dövlət büdcəsinə külli miqdarda ziyan vurub.
Binəqədi Rayon Məhkəməsi bir neçə gün əvvəl cinayət işi üzrə hökm çıxarıb. H.Həsənov qeyd edilən əməllərdə təqsirli bilinib. 66 yaşlı elmlər doktoruna 2 il şərti cəza verilib.
Həmçinin təqsirləndirilən şəxsdən 141 min 954 manat vəsaitin tutularaq zərərçəkmiş şəxs kimi (mülki iddiaçı) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilməsinə qərar verilib.
Yanvarın 18-də İmişli rayonunda baş verən yol qəzası zamanı xuliqanlıq hərəkətlərinə görə saxlanılan bir qrup şəxs barəsində qərar verilib.
APA xəbər verir ki, saxlanılan şəxslərlə bağlı istintaq orqanı tərəfindən məhkəməyə təqdimat daxil olub.
İmişli rayon məhkəməsində istintaq orqanının təqdimatına baxılıb.
Saxlanılan 14 nəfər (Bayramlı Bəylər, Babayev Rasif Cabbarlı Anar, Usublu Vüqar, Səfərov Şamil, İbrahimov Elman, Bağırov Abbas, Məmmədov Taleh, Tağıyev Raqib, Məmmədov Qoşqar, Əliyev Sənan, Əzimov Elxan, Quliyev Ruslan, Rzayev Rahib) barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin 221.2.1. (Xuliqanlıq - bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi üzrə ittiham verilib.
Qeyd edək ki, yanvarın 18-də saat 12:30 radələrində İmişli şəhəri, Abbasqulu Şadlinski küçəsində Dövlət Yol Polisi avtomobilinin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Xidmətə gedən DYP avtomobilinin qarşısına digər nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib.
Hadisə nəticəsində 2 məktəbli ölüb, bir məktəbli və YPX avtomobilinin sürücüsü xəsarət alıb.
İlkin istintaq tədbirləri ilə İmişli rayon sakini, 2008-ci il təvəllüdlü Bəylər Bayramlının qohumuna məxsus olan “Mercedes Benz 190” markalı, 30-BH-904 dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməklə qaçıraraq, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə edib yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan iki şəxsin ölümünə, bir şəxsin isə sağlamlığına ağır zərər vurulmasına səbəb olmasına və idarə etdiyi avtomobili qəzanın baş verdiyi yerdə saxlayaraq yol-nəqliyyat hadisəsi yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.
Bəylər Bayramlı Cinayət Məcəlləsinin 185.1 (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirmə), 263-1.4 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə təqsirləndirilən şəxs qismində olunub, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında İmişli rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hadisə baş verəndən sonra qəzaya düşən YPX avtomobilinə əlavə zərər vurmaqla hadisə yerində hüquq pozuntusu törətməyə cəhd göstərən şəxslər müəyyən olunaraq saxlanılıblar.
Fakta görə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin məlumatında bildirilib ki, başlanmış cinayət işi ilə əlaqədar istintaq olunan şəxslər vəkillə təmin olunub, istintaqın obyektiv aparılması üçün qanuna müvafiq tədbirlər görülür.
Onu da əlavə edək ki, qəzada xəsarət alan uşaqlardan biri müalicə olunduğu Yeni Klinikada yanvarın 22-si saat 01:45 radələrində dünyasını dəyişib.
Siyəzən rayonunda 28 yaşlı Şəbnəm Mustafazadəni qətlə yetirməkdə şübhəli bilinən 21 yaşlı qardaşı Səfər Mustafazadənin məhkəməsi başa çatıb.
qafqazinfo.az xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səfər 9 il müddətinə azadlıqdan məhrum edilib.
O, Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib.
Qeyd edək ki, ali təhsilli müəllim olan Şəbnəm “Siyəzən Broyler” ASC-də mühasib köməkçisi kimi çalışırmış. O, müxtəlif intellektual bilik yarışmalarının iştirakçısı və qalibi olub.
Şəbnəmlə qardaşının münasibətinin yaxşı olduğu, Səfərin axşam saatlarında bacısına qəfil hücum edərək onu qətlə yetirdiyi bildirilib. Hadisə ötən il avqustun 24-də, saat 22:30 radələrində qeydə alınıb.
Daxili İşlər Nazirliyi (DİN) çatdırılma şirkətləri adından göndərilən saxta mesajlarla bağlı əhaliyə müraciət edib.
Müraciətdə vətəndaşlara çatdırılma şirkətləri adından göndərilən saxta mesajlara qarşı diqqətli olmaq tövsiyə olunub.
"İtmiş məlumatlara görə çatdırıla bilməyən yük və ya bağlama olduğunu bildirən yanlış mesajlara etibar etməyin. Mesajda yönləndirilən saxta linklərə keçid etməyin. Yeniləmə adı altında yaradılmış saxta formaları doldurmayın, şəxsi və kart məlumatlarınızı paylaşmayın".
İmişli rayonu ərazisində yanvarın 18-də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsində zərərçəkənlər Daxili İşlər Nazirliyinin (DİN) rəhbərliyi tərəfindən qəbul edilib.
Bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, qəbulda ailə üzvlərinə hadisənin təfərrüatları, maddi sübutlar – görüntülər göstərilib, aidiyyəti üzrə istintaqın gedişi ilə bağlı məlumat verilib.
Vurğulanıb ki, DİN tərəfindən hadisə üzrə istintaqın obyektiv aparılması, zərərçəkənlərin hüquqlarının təmin olunması üçün bütün zəruri tədbirlər diqqət mərkəzində saxlanılır. Görüşdə zərərçəkənləri maraqlandıran suallar cavablandırılıb.
Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə ifşa olunaraq həbs edilmiş Svetliçnıy İvan Nikolayeviçin məhkəməsi başlayıb.
“Qafqazinfo” məlumatına görə, 21 yanvarda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə hazırlıq iclası keçirilib.
İlk iclasda anket məlumatları dəqiqləşdirilib. Tərəflərin razılığı ilə iş məhkəmə baxışına verilib.
İvan Svetliçnıy Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittham olunur.
Azərbaycan vətəndaşı olan İvan Svetliçnıy Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi, suverenliyi və müdafiə qabiliyyəti zərərinə qəsdən casusluq formasında və xarici xüsusi xidmət orqanlarının tapşırığını yerinə yetirməklə dövlətə xəyanət etməkdə şübhəli bilinir.
Onun konkret olaraq hansı əməlləri törətdiyi növbəti məhkəmə prosesində ittiham aktı elan olunarkən məlum olacaq.
Məhkəmə baxışı 3 fevral tarixinə təyin edilib.