Silahlı müqavimət, yeraltı sığınacaq, məhvedilmə - Əməliyyatın ŞOK GÖRÜNTÜSÜ

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları birgə kompleks tədbirlər görərək Azərbaycan ərazinsində - Qusarda terrorçular zərərsizləşdirib.

Yayılan rəsmi görüntülərdə yeraltı sığıcanaq və saxlanc yerləri əks olunub.

Bundan əlavə, videoda terorçuların zərərsizləşdirilməsi istiqamətində əməliyyat, DTX əməkdaşlarına qarşı silahlı müqavimət göstərən şəxsin zərərsizləşdirilməsi yer alıb.

Həmin görüntülərdə həmçinin həbs olunanların görüntüsü də əks olunub.

Balakəndə əməliyyat: 33 kq narkotik aşkarlandı

Balakən rayonunda keçirilən əməliyyat nəticəsində 33 kiloqram narkotik aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyri-leqal yollarla ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitənin realizə olunmasının qarşısı alınıb.

Tədbirlərlə əvvəllər məhkum olunmuş Eşqin İsmayılov saxlanılıb. Ondan 30 kiloqram marixuana və 3 kiloqrama yaxın heroin, eləcə də metadon həbləri aşkarlanıb. Saxlanılan şəxs narkotik vasitələri satış məqsədilə əldə etdiyini bildirib. Məhkəmənin qərarı ilə E.İsmayılov barəsində həbs qətimkan tədbiri seçilib.

 

Məktəb direktoru həbs olundu

Ağsu rayonu S.Mikayılov adına tam orta məktəbin direktoru həbs edilib.

“Qafqazinfo” məlumatına görə, direktor Fəxrəddin Həsənov məktəbdəki qanun pozuntuları ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib.

Ağsu Rayon Prokurorluğunda F.Həsənova Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma-külli miqdarda törədildikdə) maddəsi ilə ittiham elan edilib, barəsində həbs qətimkan tədbiri seçilib.

İş üzrə ilkin istintaq tamamlanıb. Toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

DTX əməliyyat keçirdi: Terrorçu qruplaşma zərərsizləşdirildi - VİDEO

Azərbaycan Respublikası ərazisində beynəlxalq terror təşkilatları ilə əlaqəli olan radikal dini-ekstremist qruplaşma üzvlərinin terror-təxribat əməllərinin müəyyən edilməsi və qanunazidd fəaliyyətlərinin qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən birgə kompleks tədbirlər görülmüşdür.

Bu barədə DTX məlumat yayıb.

Həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə əvvəllər “Meşə qardaşları" adlı terror qruplaşmasının fəaliyyətində iştirak etdiyinə görə məhkum olunmuş Qədir Hacıyevin Qusar rayon sakinləri - Kamran Kərimxanov, Ümüd Güləliyev, Valerik Adilov, Riyad Səfərəliyev, Rövşən Laçınov, Nazim Zəkiyev və qeyriləri ilə cinayət əlaqəsinə girməsi, onların birlikdə Qusar rayonu ərazisində terror aktları hazırlamaları, həmin rayonun Hil, Cibir və Yasab kəndlərini əhatə edən meşə massivində yeraltı sığınacaqlar yaratmaları, bu sığınacaqları silah-sursat, partlayıcı maddələr, texniki qurğular və digər zəruri ləvazimatlarla təchiz etmələri təsbit olunmuşdur. İlkin mərhələdə, qruplaşma üzvü olan Əlipaşa Kamilovun yeri müəyyən edildikdən sonra istintaqa cəlb edilməsi məqsədilə keçirilmiş əməliyyat zamanı o, Qusar şəhərində gizləndiyi ünvanda xüsusi təyinatlı əməkdaşlara silahlı müqavimət göstərərək 2 ədəd “RGO-78” markalı əl qumbarası atmış, nəticədə xüsusi təyinatlılardan biri yaralanmış, Əlipaşa Kamilov isə zərərsizləşdirilmişdir. Davam etdirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Cibir kəndi yaxınlığında yerləşən meşəlik ərazidə gizli şəkildə yaradılmış sığınacaqlar və saxlanc yerləri aşkar olunmuş, həmin yerlərdə gizlənən qanunsuz silahlı birləşmənin üzvləri - Qədir Hacıyev, Riyad Səfərəliyev, Valerik Adilov və Ümüd Güləliyev silahlı müqavimət göstərərək partlayıcı vasitələri işə salarkən məhv olmuşlar. Aşkar edilmiş sığınacaqlara keçirilən baxış zamanı oradan partlayıcı qurğuların hazırlanması üçün nəzərdə tutulan torf, aseton, detonatorlar, məsafədən idarə edilə bilən partlayıcı mexanizmlər, qəlpə qismində istifadə edilən armatur və qurğuşun hissələri, 2 ədəd “Kalaşnikov” avtomatı, 3 ədəd ov tüfəngi, patronlar və avtomat güllələri, eləcə də beynəlxalq səviyyədə terror təşkilat kimi tanınmış qanunsuz silahlı birləşmənin simvolu olan bayraq müəyyən edilərək götürülmüşdür. Həmçinin, görülmüş təxirəsalınmaz tədbirlərlə terrorçu qruplaşmanın üzvlərindən olan Nazim Zəkiyevin Hil kəndinin yaxınlığında yerləşən fermada, Kamran Kərimxanov və Rövşən Laçınovun isə Hil kəndi ərazisində gizlənmələri müəyyənləşdirilmiş və onlar hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı silahlı müqavimət göstərərkən zərərsizləşdirilmişlər. Araşdırmalarla cinayətkar birliyə daxil olan şəxslərin dairəsi, təşkilatlanma forması, təchizatı, planları ilə bağlı detallar və dəlillər müəyyən edilmişdir. Qanunsuz olaraq amonium-nitrat, güclü yandırıcı xüsusiyyətə malik torf, detonatorlar və od ötürən qaytanlar əldə edib onlardan istifadə etməklə kustar üsulla partlayıcı qurğular hazırlayan və onları Qusar şəhərində yerləşən “Motel” adlı qonaq evində və onun yaxınlığındakı avtoyuma məntəqəsinin damında gizlədərək saxlayan Etibar Əhmədov qeyd olunan əməlləri davam etdirərkən həmin qurğuların partlaması nəticəsində xəsarət almışdır. Habelə, Qusar rayon sakinləri olan Şərafəddin Mahmudov, Etibar Əhmədov və qeyrilərinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştiraklarına, o cümlədən bu silahlı birləşməni partlayıcı maddələrlə və digər ləvazimatlarla təchiz etmələrinə əsaslı şübhələr müəyyən edilmişdir. Qeyd olunan cinayətkar dəstənin üzvləri - Etibar Əhmədov, Rəhim Mirzəbəyov, David Rəşidov, Şərafəddin Mahmudov, Abugül Babayev və Elçin Əlirzayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,214.2.1, 28,214.2.3, 28,214.2.6-cı (cinayətkar birlik (cinayətkar təşkilat) halında odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində terrorçuluğa hazırlıq) və digər maddələri ilə istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilmişdir. Hazırda cinayət işləri üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Eldəniz Səlimov azadlığa çıxıb

Milli Məclisin sabiq deputatı Eldəniz Səlimov azadlığa çıxıb.
"Report" xəbər verir ki, E. Səlimovun bu gün cəza müddəti başa çatıb və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

Qeyd edək ki, 2021-ci ilin iyul ayının 29-da keçmiş deputat Eldəniz Səlimovun Xaçmaz şəhəri ərazisində polis əməkdaşını döydüyü iddiası ilə polis orqanlarına müraciət edilib.

Məlumata görə, Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Eldəniz Səlimov Xaçmaz Rayon Polis Şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunun inspektoru, polis leytenantı Zaur Mirzəyevin bir neçə gün öncə öz xidməti vəzifəsini icra edərək həmin restoranda xüsusi karantin rejimi qaydalarının pozulması ilə əlaqədar etdiyi qanunamüvafiq hərəkətləri özünə hörmətsizlik kimi qiymətləndirərək onun ünvanına nalayiq ifadələr işlədib, sifət və baş nahiyəsinə yumruq və başı ilə zərbələr vurub.

Eldəniz Səlimov Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Daxili İşlər Nazirliyi Baş Prokurorluğa təqdimat göndərib. Baş Prokurorluq 2021-ci ilin iyulun 30-da deputatın polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi iddiası ilə bağlı cinayət işi başladıb və daha sonra deputatın toxunulmazlığının ləğvi ilə bağlı parlamentə təqdimat göndərib.

2 avqust 2021-ci tarixində parlamentin İntizam Komissiyasının iclasında deputatın toxunulmazlığının ləğv edilməsi ilə bağlı məsələ plenar iclasa tövsiyə olunub. Həmçinin 2 avqust 2021-ci ildə Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının İdarə Heyətinin iclasında Eldəniz Səlimov YAP üzvlüyündən xaric edilib.

Parlamentin 3 avqust 2021-ci il tarixli fövqəladə iclasında deputatın toxunulmazlığı ləğv olunub.

27 dekabr 2021-ci ildə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Eldəniz Səlimov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və deputat mandatına xitam verilib.

2 noyabr 1976-cı ildə Xaçmaz rayonunda anadan olan Eldəniz Səlimov Milli Məclisin V və VI çağırış deputatı olub.

İmişlidə yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var

İmişli rayonunda 68 yaşlı kişinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

İki avtomobilin toqquşması nəticəsində 1957-ci il təvəllüdlü Məmmədov Azad Qulu oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Lakin vəziyyəti ağır olduğundan, Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Fakt araşdırılır.

Ağcabədidə evdə qumbara partladı - 5 nəfər həlak oldu

Bu gün Ağcabədi rayonunun Hindarx qəsəbəsində əl qumbarası partlayıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb, 2 nəfər isə yaralanıb.

Ölən və yaralananlar bir ailənin üzvləri olduğu bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Qeyd edək ki, hadisə barədə ilk məlumatı Tns.az saytı yayıb.

Azərbaycanın Yunanıstandakı səfirliyinin keçmiş birinci katibi saxlanılıb

Azərbaycanın Yunanıstandakı səfirliyinin birinci katibi vəzifəsində işləmiş Rəhman Şahhüseynli saxlanılıb.

Report xəbər verir ki, sabiq birinci katib xırda xuliqanlıqda, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yetirməməkdə və polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaqda şübhəli bilinib.

R. Şahhüseynli Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb olunub.

Barəsində 3 maddə üzrə protokollar tərtib olunub və baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilib. Protokolda polis onun 2 ay müddətinə həbs edilməsini istəyib.

Sumqayıt Şəhər Məhkəməsində Rəhman Şahhüseynli barəsində xırda xuliqanlıqla bağlı bəraət verilib, digər iki əmələ görə isə 500 manat cərimə edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Faktı Rəhman Şahhüseynlinin vəkili Könül Cəfərli təsdiqləyib.

Qeyd edək ki, Yunanıstan səfirliyinin birinci katibi olan Rəhman Şahhüseynli 2024-cü ilin sentyabrında geri çağırılıb və “diplomatik xidmət orqanlarının əməkdaşına uyğun olmayan əməllər törətdiyi” üçün diplomatik fəaliyyətinə xitam verilib.

Ağcabədidə oğlan anasının maşınını ağaca çırpdı - ölən və xəsarət alan var

Ağcabədidə ölümlə nəticələnən yol qəzası olub.

"Report" xəbər verir ki, Avşar kəndində 2007-ci il təvəllüdlü Şükür Nəcəfov sürücülük vəsiqəsi olmadan anasına məxsus "Chevrolet Cruze" markalı avtomobili ağaca çırpıb.

Nəticədə özü hadisə yerində ölüb, avtomobildə olan sərnişin, 2008-ci il təvəllüdlü Sevər Quliyev xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb.

"Baku Bus"ın sürücüsü sükan arxasında infarkt keçirdi - Qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ

Maştağa qəsəbəsində "Baku Bus" MMC-yə məxsus marşrut avtobusu qəza törədib.

APA məlumat verir ki, hadisəyə səbəb sürücünün sükan arxasında infarkt keçirməsi olub.

Qeyd edək ki, avtobus depoya getdiyi üçün boş olub.

Hadisə zamanı xəsarət alan olmayıb.

Xəbər lenti