DGK-dan meymunçiçəyi ilə bağlı açıqlama

Meymunçiçəyinə görə riskli ölkələrdən daxil olan sərnişinlərə xüsusi diqqət yetirilir.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, hava limanları və digər dövlət sərhədindən buraxılış məntəqələrində meymunçiçəyi virusunun ölkə sərhədindən sirayət etməsinin qarşısının alınması istiqamətində Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən bir sıra tədbirlər həyata keçirilir.

"Ümumdünya Səhiyyə Təşkilatının məlumatları əsasında meymunçiçəyinə görə riskli ölkələr müəyyən edilib və həmin ölkələrdən daxil olan sərnişinlərə xüsusi diqqət yetirilir. Mütəmadi olaraq DGK-nın Tibbi Xidmət İdarəsi tərəfindən dövlət sərhədindən buraxılış məntəqələrində gömrük əməkdaşlarına xüsusi təhlükəli infeksiyalara dair maarifləndirici təlimlər keçirilir və son dövrlərdə daha çox meymunçiçəyinin klinik əlamətləri, yoluxma yolları və profilaktikasına xüsusi diqqət yetirilir.

Hərarəti yüksək olan sərnişinlərin aşkar edilməsi üçün mövcud texniki imkanlardan istifadə olunur. Xəstəliyə şübhəlilərin ilkin tibbi baxışının keçirilməsi və epidemioloji sorğunun aparılması ilə əlaqədar hazırlıq səviyyəsi artırılıb. Xəstəliyə şübhəli şəxslər aşkar edilərsə növbəti addımlar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və müvafiq qurumlarla birgə “Azərbaycan Respublikasının gömrük-sərhəd buraxılış məntəqələrində xüsusi təhlükəli infeksiyalara qarşı əks-epidemik tədbirlərə dair Təlimat”a əsasən həyata keçiriləcək", - məlumatda vurğulanıb.

İqor Kşnyakinin qəza öncəsi son sözləri - Video

Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verən təyyarə qəzasında həlak olan AZAL-ın təcrübəli pilotu İqor Kşnyakinin son səs yazısı olduğu iddia edilən videogörüntülər yayılıb.

Publika.az xəbər verir ki, səsyazısında pilotun qəza anında təyyarənin idarəsini bərpa etmək üçün göstərdiyi cəhdlər və hadisə ilə bağlı son sözləri yer alıb.

Səsyazısı həmçinin pilotun peşəkarlığını və həyatının son anına qədər sərnişinlərin təhlükəsizliyi üçün mübarizə apardığını təsdiqləyir.

Həmin səsyazısını və görüntüləri təqdim edirik:

Tanınmış biznesmen həbs edildi

Azərbaycanla yanaşı, Çin, Türkiyə, Qırğızıstan kimi ölkələrdə şirkətləri olan iş adamı Rövşən Mehdiyev həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, biznesmen dələduzluqda ittiham olunur.

“Union Logistika” yükdaşıma şirkətinin rəhbəri olan R.Mehdiyev bu şirkətlə bağlı da cinayət məsuliyyətinə cəlb edilib. Bir müddət əvvəl şirkətin xidmət öhdəliyini yerinə yetirməməsi barədə sayta da şikayətlər daxil olmuşdu. Müştərilər deyirdilər ki, Çindən aldıqları müxtəlif növ məhsulları logistika şirkətinə təhvil versələr də, aylardır mallar gəlib çıxmır. Həmin vaxt “Union Logistika”nın nümayəndəsi yanvar ayının sonuna kimi malların sahiblərinə təhvil veriləcəyini demişdi.

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində aparılan istintaqla şikayətçilərlə müqavilə bağlayan şirkətin rəhbəri Rövşən Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib.

İstintaq orqanı zərərçəkmişlərin hələ də şikayətçi olması və prosesin gedişinə maneə yaranmaması üçün iş adamının sərbəst qalmasına razılıq verməyib. Zərərçəkənlərə dəymiş ziyan yarım milyona yaxın qiymətləndirilir.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə R.Mehdiyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, R. Mehdiyev dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən “Caspian Energy Club”un Qırğızıstan nümayəndəliyinin də sədridir. Bu barədə mediada çoxsaylı məlumatlar yayılıb. O, 20 ildir biznes fəaliyyəti ilə məşğuldur. Çində “Falson”, Qırğızıstanda “Brok Magistr”, Türkiyədə “AEMİ” şirkətlərinin rəhbəridir. Mehdiyev 2022-ci ildə Azərbaycanda “Union Logistika” şirkətini yaradıb.

Ermənistan müharibəyə hazırlaşır? – Şok görüntülər

Ermənistan ordusuna məxsus hərbi texnika şərti sərhədin Kəlbəcər istiqamətində kamuflyaj edilərək hərəkət edib.

, İrəvan sülh gündəliyi ilə bağlı bəyanatlar versə də, reallıqda mənzərə başqa cürdür.

Belə ki, “Bez Tormozov” teleqram kanalının istər ötən ilin dekabr ayında, istərsə də dünən yaydığı görüntülərdə Ermənistan Silahlı Qüvvələri Kəlbəcər istiqamətində xəndəklər qazmaqda davam etdiyi əks olunub.

Xatırladaq ki, Ermənistan Xarici Kəşfiyyat Xidməti 2025-ci il üçün xarici risklərə dair illik hesabat dərc edib.

Hesabatın “Hərbi risklər” bölməsində Ermənistanla Azərbaycan arasında genişmiqyaslı hərbi əməliyyatların olacağı ehtimalı yüksək qiymətləndirilmir.

Qeyd olunur ki, iki ölkə arasında sülh müqaviləsi və dövlətlərarası münasibətlər olmadıqca sərhəddə lokal gərginlik və eskalasiya riski davam edəcək.

Sənəddə bildirilib ki, genişmiqyaslı hərbi əməliyyatların, lokal toququşma və gərginliyin olması risklərinin azaldılmasının müəyyən təminatı 2024-cü ildə başlayan delimitasiya və demarkasiya prosesinin davam etdirilməsi ola bilər.


 

 

Bu gün onların məhkəməsi davam edəcək

Bu gün sülh və insanlıq əleyhinə çoxsaylı cinayətlərin törədilməsində ittiham olunan erməni əsilli şəxslərin cinayət işi üzrə məhkəmənin növbəti hazırlıq iclası keçiriləcək.

“Qafqazinfo” məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçiriləcək iclasda təqsirləndirilən şəxslərin əvvəlki prosesdə qaldırdıqları vəsatətlər üzrə qərar elan ediləcək.

Yeni “Nürnberq prosesi”ndə müttəhim kürsüsündə Harutyunyan Arayik Vladimiri (Vladimiroviç), Qukasyan (Ğukasyan) Arkadi Arşaviri (Arşaviroviç), Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Babayan Davit Klimi (Klimoviç), Mnatsakanyan Lyova Henrixi, Manukyan Davit Azati, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurqen Homerosi, Balayan Levon Romiki, Babayan Madat Arakeli (Arakeloviç), Beqlaryan Vasili İvani və Qazaryan Erik Robertiy əyləşir.

Əvvəlki iclasda Arayik Harutyunyan istisna olmaqla digərləri barələrində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəmişdilər.

Bu gün məhkəmə sözügedən vəsatətlərlə bağlı qərarını açıqlayacaq, daha sonra işin məhkəmə baxışına verilməsi müzakirə ediləcək.

Bu gün Ruben Vardanyanın da növbəti məhkəməsi baş tutacaq. Bu iş də hazırlıq mərhələsindədir.

Bütün təqsirləndirilənlər yeni yaradılmış Hövsan Məhkəmə Kompleksində mühakimə edilirlər.

Qeyd edək ki, mühakimə edilən ermənilər təcavüzkar müharibəni planlaşdırma, hazırlama və başlama, soyqırım, terrorçuluq, beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə, əhalini məhv etmə, köləlik, işgəncə və başqa cinayətlərdə ittiham edilirlər.

Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktından iki il ötür

Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktından iki il ötür.

27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.

Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib.

Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı - Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.

Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib. 3 fevral 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra) "Vətən uğrunda" medalı ilə təltif edilib.

Tağıyev Vasif Natiq oğlu 1-ci dərəcəli “Rəşadət” ordeni ilə, İmanov Mahir Kamil oğlu “Vətən uğrunda” medalı ilə təltif edilib.

Terror aktını törədən Yasin Hüseynzadə saxlanılıb.

Hadisədən sonra Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb. Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları 29 yanvar 2023-cü il tarixində Tehrandan Bakıya təxliyə olunub. Səfirlik əməkdaşları və onların ailə üzvlərindən ibarət ümumilikdə 53 nəfər Vətənə qayıdıb.

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında aparılmış danışıqlar nəticəsində 15 iyul 2024-cü il tarixindən etibarən Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib. Səfir və səfirliyin hal-hazırkı heyəti İrana geri dönüb.

Azərbaycanın İrandakı səfirliyinə hücum etmiş Yasin Hüseynzadənin iki il ərzində məhkəməsi keçirilib. İran Ali Məhkəməsi səfirliyə hücum edən şəxslə bağlı ölüm hökmünü təsdiqləyib və iş Tehrana cinayət hökmlərinin icrasına göndərilib.

Ağsuda silahlı narkokuryerlər saxlanıldı

Ağsuda silahlı narkokuryerlər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Belə ki, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 61 yaşlı Taleh Həziyev və əvvəllər də məhkum olunmuş 60 yaşlı Mübariz Əzizov saxlanılıb.

Onların idarə etdiyi avtomobildən 3 kiloqramdan artıq marixuana, “Kalaşnikov” markalı avtomat və patronlar aşkarlanıb.

Saxlanılanlar narkokuryerliyə cəlb edildiklərini və Ağsu rayonunda gizlədilən narkotik vasitələri pul qarşılığında deyilən yerə aparmağa razılaşdıqlarını bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Vətən müharibəsi qazisinin dağlıq ərazidə meyiti tapıldı - YENİLƏNİB

Zaqatalada Vətən müahirəsi qazisinin yüksək dağlıq ərazidə ölməsinin təffərüatları məlum olub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Zaqatala rayonu Meşləş kəndi yaxınlığında, yüksək dağlıq ərazidə; Əlibəy yüksəkliyi adlanan yerdə Hava Məlumatı Ötürücü Stansiyasının yaxınlığında baş verib.

Belə ki, mərhum 32 yaşlı Hüseyn Məmmədov 38 yaşlı dayısı oğlu Murad Əli oğlu Nurçiyevlə birlikdə Murad Nurçiyevin işlədiyi Zaqatala Hava Məlumatı Ötürücü Stansiyasına gedərkən yolda ehtiyatsızlıqdan yıxılıb.

Bu zaman H. Məmmədovun əlində olan 12 kalibirli ov tüfəngindən atəş açılıb. Hadisə nəticəsində H. Məmmədov bədənin qasıq hissəsindən aldığı ağır yaradan hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, iki övlad atası olan H. Məmmədov Füzuli, Cabrayıl və Qubadlı rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

***

32 yaşlı Zaqatala rayon sakini yüksək dağlıq ərazidə məşhur Şamil yaylağında ölü tapılıb.

APA xəbər verir ki, Zaqatala rayon Axaxdərə kənd sakini 32 yaşlı Hüseyn Nəcməddin oğlu Məmmədovun meyiti bu gün axşam saatlarında Böyük Qafqaz sıra dağlarının cənub ətəyinin Zaqatala rayonu Car kənd inzibati ərazisinin yüksək dağlıq hissəsində Şamil yaylağının yaxınlığında aşkar olunub.

Hazırda rayon hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən H. Məmmədovun meyitinin yüksək dağlıq ərazidən düşürülməsi istiqamətində işlər aparılır. H. Məmmədovun hansı şəraitdə ölməsi məlum deyil.

Qeyd edək ki, H. Məmmədov 44 günlük Vətən müharibəsi iştirakçısı olub və qazidir.

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin regional bölmələrində yoxlamalar aparılır.

Qaynarinfo.az xəbər verir ki, Aqroservis ASC-nin Cəlilabad regional nümayəndəliyində və digər bölmələrdə aparılan yoxlamalar nəticəsində ciddi pozuntular aşkarlanıb.

Pozuntular Lənkəran-Lerik-Astara rayon bölməsində də aşkar edilib. Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun müvafiq əmri ilə "Aqroservis" ASC-nin Lənkəran-Lerik-Astara rayon bölməsinin direktoru Rahim Rzayev vəzifəsindən azad edilib.

Rahim Rzayev bir müddət əvvəl saxlanılaraq barəsində cinayət işi açılıb və həbs edilib.

Aqroservis ASC-nin Lənkəran-Lerik-Astara rayon bölməsinin direktoru vəzifəsinə Zaur Muradov Ağaşirin oğlu təyin olunub.

Qeyd edək ki, hazırda Aqroservis ASC-nin sədri Mehman Veysəlovdur.

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqatın ilkin nəticələri gələn həftə açıqlanacaq

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqatın ilkin nəticələri gələn həftə açıqlanacaq.

APA xəbər verir ki, bu barədə Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev bildirib.

O qeyd edib ki, Aktau yaxınlığında baş verən təyyarə qəzası ilə bağlı təhqiqatın ilkin nəticələri gələn həftə açıqlanacaq.

Xatırladaq ki, dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Bakı-Qroznı reysini həyata keçirən Embraer sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü olmaqla 67 nəfər olub. Qəza nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla 38 nəfər həyatını itirib.

Xəbər lenti