![]() |
|
Bakı-Ələt yolunda baş verən avtomobil qəzasından sonra ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilən Vətən müharibəsi iştirakçısı, qazi Emrahşah Mahmudov həkimlərin səyi nəticəsində yenidən həyata qaytarılıb.
Kliniki Tibbi Mərkəzin mətbuat xidmətindən verilən məlumata görə, bir müddət KTM-in Reanimasiya şöbəsində qalan qazimizin vəziyyəti yaxşılaşdığı üçün artıq digər müvafiq şöbəyə köçürülüb.
Həkim-cərrah Əziz Məmmədovun sözlərinə görə, avqustun 7-də Mərkəzə gətirilən və koma vəziyyətdə olan yaralının sağ qalmaq şansı çox az olub.
“Qəza zamanı xəstənin qaraciyəri demək olar ki, iki hissəyə bölünmüşdü. Burada əməliyyatla onun qaraciyəri tikildi. Adətən bu dərəcədə ağır yaralı xəstələrin sağ qalma şansı aşağı olur. Qara ciyərin cırılması, daxili qanaxma diaqnozu ilə onu ilk olaraq, reanimasiya şöbəsinə yerləşdirdik. Gətirilərkən xəstənin vəziyyəti çox ağır qiymətləndirilirdi və qanitirmə fonunda komaya düşmüşdü. Çox şükür, qazimizin vəziyyəti indi kifayət qədər yaxşıdır, əməliyyatı da uğurla başa çatıb və Cərrahiyyə şöbəsində müalicəsi davam edir”.
Həyatı üçün hər hansı təhlükə qalmayan qazimiz Emrahşah Mahmudov özünü kifayət qədər yaxşı hiss etdiyini deyib:
“Avqustun 7-də anamla birgə Gəncəyə, qardaşımın andiçmə mərasiminə gedirdik. Bakı-Ələt yolunda qəzaya düşdük. Deyilənə görə, hadisə nəticəsində mən çox ağır xəsarət almışam. Ona görə də heç nə yadımda qalmayıb. Məni oradan elə birbaşa təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətiriblər. Başda məni yenidən həyata qaytaran həkimlərimiz olmaqla, hər kəsə öz təşəkkürümü bildirirəm. Onların sayəsində həyata qayıtmışam. Əməliyyat və digər xərclərimi də icbari tibbi sığorta qarşılayıb. Buna görə də dövlətimizə minnətdaram!”
Qeyd edək ki, E.Mahmudov Vətən müharibəsi zamanı Ağdam və Suqovuşan istiqamətində ağır döyüşlərdə iştirak edib və yaralanıb. Atası türk, anası azərbaycanlıdır.
Qəbələ, Şabran, Quba və Siyəzən rayonlarında yerləşən dağlıq relyefdə, meşə və meşətrafı ərazilərdə baş vermis yanğınların söndürülməsi tədbirləri davam etdirilir.
Bu barədə “Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, bəzi ərazilərdə yanğınlar nəzarətə götürülərək alovun daha geniş ərazilərə yayılmasının qarşısı alınıb, soyutma işləri aparılır.
Qeyd edək ki, yanğınsöndürmə tədbirləri mürəkkəb relyefli dağlıq ərazilərdə həyata keçirilir, isti və küləkli hava şəraiti tüstülənmə ocaqlarının tam söndürülməsinə mane olur.
Yanğınsöndürmə əməliyyatları davam etdirilir.
Əlavə məlumat veriləcək.
Məlum olduğu kimi, bir sıra media və sosial şəbəkə səhifələrində Fövqəladə Hallar Nazirliyinin bir neçə əməkdaşının intim xarakterli video və fotoları yayılmışdır. Qeyd edilən və digər oxşar məzmunlu faktlarla bağlı hazırda Baş Prokurorluq tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq araşdırmalara başlanılaraq aidiyyəti dövlət qurumlarına müvafiq sorğular verilməklə zəruri prosessual hərəkətlər yerinə yetirilir.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, araşdırmaların nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu bir daha sosial şəbəkə istifadəçiləri və media nümayəndələrinə müraciət edərək, bu qəbildən olan həssas mövzularla bağlı etik və qanunvericilik normalarına riayət edilməsinə, insanların şərəf və ləyaqətini alçaldan ifadələrə yol verməməyə çağırır.
“Təmiz Dünya” Qadınlara Yardım Təşkilatının sədri Mehriban Zeynalova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və Baş Prokurorluğa müraciət edib.
Modern.az xəbər verir ki, Mehriban Zeynalova deyib ki, müraciət son iki gündə Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin binasında çəkilmiş və özündə intim görüntüləri əks etdirən videoların yayılması ilə bağlıdır.
“Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunun 4-cü və 11-ci maddələrində seksual qısnamaya məruz qalmış işçilərə qarşı hər hansı təzyiqin yolverilməzliyi nəzərdə tutulur. Hazırda sosial şəbəkələrdə, geniş şəkildə paylaşılan videomateriallara əsasən baş vermiş hadisənin qeyd edilən qanunun maddələrinə müvafiq olaraq iş yerində seksual qısnama kimi qiymətləndirilməsini xahiş edirəm. Bu cür hallar qadınların iştirkaçılığına böyük zərbədir və belə hadisələrin ciddi araşdırılması və günahkarların cəzalanmasını sizdən xahiş edirəm”, - deyə Mehriban Zeynalova sözügedən müraciətində bildirib.
O qeyd edib ki, törədilən hadisədə cinayət əlamətləri var və bunu prokurorluq orqanı daha düzgün qiymətləndirə bilər.
“Hadisə ilə bağlı çoxfikirliliyə rəgmən deyə bilərəm ki, adam vəzifə səlahiyyətindən sui-istifadə edib... Tutaq ki, qadınlar özləri intim münasibətə maraqlı olub... Bəs o adam bilmirdi ki, səlahiyyətləri ona hər hansı qeyri-etik hərəkətə yol verməmək öhdəliyi qoyur?!”.
M.Zeynalova bildirib ki, bu hadisələr cəmiyyətdə izsiz qalmır: “Bacarığı, biliyi ilə cəmiyyətə xeyr verə biləcək qadınların qarşısına böyük səddin çəkilməsinin izlərini görürəm. Bunu isə qətiyyən istəmirəm və belə halları pisləyirəm!”.
Qeyd edək ki, son iki gündə sosial şəbəkələrdə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətində çəkildiyi bildirilən bir neçə video yayılıb. Həmin videolardakı görüntülərlə bağlı şərhlərdə bildirilir ki, Xidmət rəisinin köməkçisi, polkovnik Zaur Mirzəyev özünün iş kabinetində qurumun ayrı-ayrı xanım əməkdaşı ilə intim münasibətdə olub və proses onun özü tərəfindən əvvəlcədən quraşdırılmış kamera ilə lentə alınıb.
Videogörüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Laçın rayonunun şərq hissəsində, Sarıbaba yüksəkliyinin şimal-qərb istiqamətində qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahəsi aşkar edilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının bölmələri tərəfindən ərazinin kəşfi aparılıb. Aşkar edilmiş minalar xüsusi hazırlıq keçmiş istehkam qrupu tərəfindən zərərsizləşdirilib.
Avqustun 15-də, bir gün ərzində, minalanmış sahədən ümumilikdə 991 ədəd PMN-E növlü piyada əleyhinə mina çıxarılaraq daşınıb və təhlükəsizlik qaydalarına riayət olunmaqla utilizasiya edilib.
Xüsusi qeyd etmək lazımdır ki, bu istiqamətində aşkar edilən minaların hamısı Vətən müharibəsindən sonra - 2021-ci ildə Ermənistanda istehsal olunub.
Quba və Şabran rayonlarının dağlıq ərazilərindəki meşə sahəsində yanğın başlayıb.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.
O qeyd edib ki, hazırda ETSN-in yerli qurumları, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının söndürülməsi və digər ərazilərə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər görülür:
“Son günlər havanın isti və quraq keçməsi təbiət ərazilərində yanğının başvermə ehtimalını artırır. Bunu nəzərə alaraq, hər kəsdən, o cümlədən meşə ərazilərinə yaxın kəndlərin əhalisindən, təbiət qoynunda istirahət edən turistlərdən xahiş edirik ki, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etsinlər, odla ehtiyatlı davransınlar, söndürülməmiş siqaret kötüklərini ətrafa atmasınlar”.
Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının və Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunların hərbi qulluqçularının birgə keçirdikləri əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi, kultivasiyası ilə məşğul olan və üzərində “Kalaşnikov” avtomatı gəzdirən ümumilikdə 7 nəfər saxlanılıb.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.Bildirilib ki, polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçularının rayon ərazisində yerləşən yüksək dağlıq ərazilərdə birgə keçirdikləri “Darama” əməliyyatları zamanı 3 narkotik plantasiyası aşkar edilib.
Həmin plantasiyaları salan şəxslərdən yaş halda çəkisi 900 kiloqram olan 1098 ədəd narkotik tərkibli çətənə kolu,13 kiloqrama yaxın qurudulmuş marixuana, 2 ədəd ov tüfəngi və həmin silaha aid patronlar aşkar olunub.
Daxil olan məlumat əsasında keçirilən növbəti tədbir nəticəsində isə Tacəddin Kaltayev və Elnur Əliyev tutulub,şəxsi axtarış zamanı onlardan marixuana aşkarlanıb.
Araşdırma zamanı saxlanılan şəxslərin narkotik vasitəni əvvəllər məhkum olunmuş İsrafil Əliyevdən aldıqları müəyyən edilib.
Davam etdirilən tədbirlərlə İsrafil Əliyev də tutularaq istintaqa təhvil verilib və ondan satış məqsədilə üzərində daşıdığı 200 qrama yaxın marixauna götürülüb.
Polis əməkdaşlarının keçirdikləri digər əməliyyat nəticəsində isə üzərində qanunsuz odlu-silah sursat gəzdirən rayon sakini Elxan Qarayev saxlanılıb. Həmin şəxsdən istifadəyə yararlı “Kalaşnikov” avtomatı, sandıqça və 30 ədəd patron aşkarlanaraq götürülüb.
Aşkar edilən bütün faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirlir.
Cəlilabad rayonunda yol-nəqliyyat qəzası baş verib.
Report məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.
Qəza zamanı DAF markalı çörəkdaşıyan yük avtomobili ilə digər minik avtomobili toqquşub.
Hadisə nəticəsində 1996-ci il təvəllüdlü Lənkəran rayon sakini, Orxan Əliyev və daha bir nəfər xəsarət alıblar.
Yaralılar xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.