Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində dələduzluq edən əvvəllər məhkum olunmuş Samir Əliyev saxlanılıb.

"Yol-xeber.az" xəbər verir ki, onun müxtəlif vaxtlarda paytaxtın bir neçə rayonunda insanlara yaxınlaşaraq danışmaq adı ilə onların mobil telefonunu alıb daha sonra qaytarmayaraq ələ keçirdiyi müəyyən edilib. S.Əliyevin aldadığı şəxslər arasında məktəblilər də olub. Onun zərərçəkənlərə 5 min manatdan artıq maddi ziyan vurduğu müəyyən edilib.

Araşdırma zamanı saxlanılan şəxsin paytaxtın Nizami rayonunda quldurluq, Nərimanov rayonunda isə soyğunçuluq etdiyi üçün axtarışda olduğu məlum olub.

Faktlarla bağlı S.Əliyev barəsində 16-Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün istintaqa göndərilib.

"Onun paytaxt ərazisində başqa şəxslərə qarşı analoji cinayətlər etdiyi istisna olunmur. Samir Əliyevin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Nərimanov Rayon Polis İdarəsinə, 16-cı Polis Bölməsinə və ya ərazi üzrə polis orqanlarına məlumat verə bilərlər", - məlumatda qeyd edilib.

Azərbaycan Baş Prokurorluğunda “Tərtər işi”nin araşdırılması üçün yeni istintaq qrupu yaradılıb.

“Qafqazinfo” xəbər verir ki, “Tərtər işi”nin Baş Prokurorluqda yenidən istintaq olunmasına başlanılıb.

Bu məqsədlə yaradılan istintaq qrupuna digər hüquq-mühafizə orqanlarının əməkdaşları da cəlb edilib. Baş vermiş hadisənin bütün detallarının ən incə xırdalıqlarına qədər araşdırılması, prosesdə iştirak edən bütün şəxslərin dindirilməsi və ortaya tam obyektiv nəticə qoyulması ilə bağlı tapşırıq verilib.

Xatırladaq ki, Tərtərdə hərbi hissədə baş vermiş hadisələrə görə 2017-ci ilin may ayında cinayət işi başlanıb. Sonradan “Tərtər işi” adlanan və bu günə qədər müzakirə edilən işlə bağlı Hərbi Prokuror Xanlar Vəliyevin verdiyi açıqlamaya görə, işgəncə faktına görə başlanan cinayət işi ilə bağlı 16 nəfər müxtəlif vəzifəli şəxs məsuliyyətə cəlb edilib. Cinayət işi başlayanadək bir nəfər şəxs işgəncələrdən vəfat edib.

Astara rayonunun Kijəbə qəsəbəsi ərazisindəki su quyusuna üç aylıq körpənin meyiti aşkarlanıb.

Report xəbərinə görə, körpənin su quyusuna bir neçə gün qaldığı ehtimal edilir.

Hələlik hadisənin təfərrüatı məlum deyil.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Göyçayda bacısı qızını boğub öldürən Vüqar Bədəlovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Xatırladaq ki, öldürülən 18 yaşlı Məmmədova Fatimə Murtuz qızı sosial şəbəkələrdə məşhur olub. Belə ki, F. Məmmədova “tik-tok”da çəkdiyi açıq-saçıq videolardan bir çoxları tərəfindən tanınıb.V. Bədəlov isə bacısı qızını namus üstündə öldürdüyünü deyib. 

"Yol-xeber.az" Lent.az-a istinadən cinayət işi üzrə materialları təqdim edir.

İttihama görə, bu ilin may ayında Göyçay rayonu, Bığır kəndində 18 yaşlı Məmmədova Fatimə Murtuz qızını dayısı, Bığır kənd sakini, 32 yaşlı Bədəlov Vüqar Məhəmməd oğlu boğaraq qətlə yetirib.

İttiham üzrə ifadə verən V. Bədəlov bacısı qızını əxlaqsız həyat tərzi keçirdiyi üçün onu öldürdüyünü deyib.

“Bacım qonşumuz Murtuzla evləndi. Onların birgə nikahdan Fatma və İbrahim adlı övladları oldu. Fatma 2019-cu ildə Göyçayda Qızılağac kənd sakini ilə nişanlandı. Amma o, nişanlı ola-ola başqasına qaçdı. Bundan iki gün sonra xəbərimiz oldu. Anasına zəng edib Tərtərdə Mahir adlı şəxslə qaçdığını, onunla evlənəcəyini dedi. Fatma Tərtər rayonunda 4 ay qalıb. Sonra oradan da qaçdı. Bir müddət Fatmadan məlumat ala bilmədik. Həmin vaxt Fatmanın əri polisə müraciət etdi. Polis onu taparaq evinə geri qaytardı. Sonradan, Fatmanın əri ilə dalaşıb qaçdığını öyrəndik. Atası Murtuz Tərtər rayonuna gedib, Fatmanı geri, Bığıra qaytardı. Təxminən, 3-4 ay kənddə qaldıqdan sonra, bacımgil Bakı şəhərinə köçdülər”.

V. Bədəlov deyib ki, bu ilin aprel ayının ortalarında isə bacısı Gülnarə oğlu İbrahim ilə kəndə qayıtdı:

“Hadisədən 3 gün əvvəl isə Fatma Bakı şəhərindən Göyçay rayonuna gəldi və anasıgillə  bizim evdə qaldılar. Fatma bizdə qalan zaman həmişə kimlərləsə telefonla danışır, mesajlaşırdı. Bütün bunlar da mənə pis təsir etmişdi. Bir dəfə Fatma ilə birlikdə “Kapital Bank”dan kart götürmək üçün ora getdik. Həmin vaxt, o, açıq paltar geyindi, buna görə də, Fatmaya öz etirazımı bildirdim. Bundan sonra başqa paltar geyindi və biz banka getdik. Fatma bankdan kart götürüb mənimlə birlikdə geri qayıtdı. Axşam saatlarında bacım ilə birlikdə həyətyanı sahələrində olan istixananı suvararkən, artıq Fatmanın hərəkətlərindən bezdiyim üçün, bacıma onu öldürəcəyini dedim. Bacım məni fikrimdən yayındırmağa çalışdı. Həmin vaxt bir az sakitləşdim. 

Axşamüstü Fatma parka getmək istədiyini bildirdi. Həmin vaxt həyat yoldaşım da onunla birgə getdi. Hətta qonşumuz Seymur öz maşını ilə onları aparıb sonra geri gətirdi. Fatmagil parkdan təxminən 24 radələrində qayıtdı. Biz ailəliklə Fatmaya məsləhət verməyə başladıq. Belə ki, bu yoldan çəkinməsini, ata-anasının sözünə baxmasını bildirdik. Fatma isə “özüm bilərəm, sizlik deyil, siz öz işinizlə məşğul olun” dedi. Fatmanın heç kimi saymamasından əsəbiləşdim. Bu zaman Fatma parkdan qayıdarkən aldığı dondurmanı yeməyə başladı. Həmin vaxt Fatmaya dondurma verməsini xahiş etdim,  o isə  “əli ilə cinsi orqanını göstərərək, dondurma yerinə bunu ye” dedi. Bu sözü mənə çox pis təsir elədi. Çünki mən onun dayısı idim. 

Bundan sonra, Fatma hamam otağına keçib yuyundu və paltarsız, hamam xalatı ilə çölə çıxıb, zalda gəzməyə başladır. Həmin vaxt Fatmaya üzərinə paltar geyinməsini dedim. Bu zaman, Fatma yaxasını açıb oğlum Mərhəmətə göstərdi. Fatmanın bu hərəkətlərindən əsəbiləşsəm də, lakin yenə də səbrli olmağa çalışdım”.

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin gün gecə Fatmanın telefonla danışıq səsinə oyanıb:

“Saata baxdıqda gecə saat 3-ə işlədiyini gördüm. Həmin vaxt Fatma ucadan kiməsə “sabah gəlib onu götürməyini və harasa getmələrini” deyirdi. Fatmanın heç kimi saymadan telefonla o şəkildə danışmasına görə, çox əsəbiləşdim. Otaqdan çıxdıqda, atamın və bacımın da oyaq olduğunu gördüm. Həmin vaxt bacım da otağa girib-çıxdı və Fatmaya telefonu söndürməsini dedi. Fatma isə bacıma cavab qaytardı. Bu zaman otağa girib, Fatmaya sakit durmasını dedim. O isə mənə “söyüşlə” cavab verdi. Fatmanı öldürmək qərarına gəldim. Bundan sonra, yata bilmədim. Səhər saat 6 radələrində öz otağımdan çıxıb, Fatma yatan otağa girdim. Otağa girdikdə Fatma yatırdı, lakin işıq yanılı idi. Fatmanın üstünə saldığı adyalı onun üzərinə çəkdim və yastığı sifətinə basdım. Həmin vaxt, Fatma oyandı və müqavimət göstərməyə başladı. Bu zaman dırnağı ilə qoluma və sinəmə cırmaq atdı. Amma Fatmanın üzərində oturdum, sonacan güc elədim. Yastığı ağız və burun nahiyəsinə sıxıb, onu öldürdüm. Fatmanı öldürən zaman bacım otağa gəldi. Həmin vaxt bacım ağlamağa və yalvarmağa başladı.  Fatmanı öldürməməyim üçün ayağından tutub çəkdi. Amma artıq Fatmanı ölmüşdü. Onu öldürəndən sonra otaqdan çıxdım. Evdəkilər yuxudan oyandı. Hamısına Fatmanı öldürdüyümü dedim”.

V. Bədəlov əlavə edib ki, bundan sonra, meyiti oradan götürüb, baş tərəfdəki qaz sobasının olduğu otağa gətirdim. Otaqda baş tərəfdə olan iki nəfərlik çarpayıya uzatdım. İlk əvvəl evdəkilərə Fatmanın dəm qazından boğulduğunu demələrini bildirdim. Bundan sonra, həyat yoldaşım təcilə yardıma zəng elədi. Həmin vaxt baş vermiş hadisəyə görə, bacım da huşunu itirmişdi. Təcili yardım gələnədək fikirləşdim ki, gecə qaz sobasının sönüb, qazın açıq qalması səbəbindən, Fatmanın ölməsini və bacımın da halının pis olduğunu bildirim. Həkimlərə də belə dedim. Bacımı xəstəxanaya apardılar. Bir qədər sonra isə, hadisə yerinə polis və prokurorluq əməkdaşları gəldilər. Bu zaman, həqiqətin sonradan üzə çıxacağını fikirləşdiyimi üçün, törətdiyim əməli etiraf etdim. Fatmanı yatan zaman yastıqla boğaraq öldürdüyünü bildirdim”.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V. Bədəlov 14 il 6 ay azadlıqdan məhrum edilib.

Bakıda polis qəzada öldü

Bakının Qaradağ rayonunda ağır yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Lökbatan-Xocəsən yolunda qeydə alınıb.

1993-cü il təvəllüdlü Nuriyev Əli Rəfael oğlu idarə etdiyi “KİA” markalı avtomobillə dairədə “MAN” markalı yük avtomobilinə çırpılıb. Minik avtomobilinin sürücüsü Ə.Nuriyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ölən şəxs Qaradağ Rayon Polis İdarəsinin Əlahiddə Çevik Polis Alayının serjantıdır. Hadisə zamanı o, işdən çıxaraq evə gedirmiş.

Ağacları kəsən şəxs cəzalandırıldı

Qax rayonunun Almalı bələdiyyəsinə məxsus ərazidə ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov “Qafqazinfo”ya bildirib ki, araşdırma zamanı ağacların Qax rayon sakini Abdulla Şahmurov tərəfindən kəsildiyi və təbiətə 17 400 manat məbləğində ziyan dəydiyi məlum olub.

“Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib”, - deyə Məhəmmədov qeyd edib.

Xəbər verdiyimiz kimi, Bakı şəhərində fəaliyyət göstərən 189-190 №-li tam orta məktəbin direktorunun səsyazısı yayılıb.

Ölkə.Az xəbər verir ki, səsyazısında müəssisənin rəhbəri müəllimlərə toplanmalı olan vəsaitin gecikdiyini xatırladıb və açıq şəkildə təzyiq göstərərək bu işi tezləşdirməyi tapşırıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov Ölkə.Az-ın sorğusuna cavab olaraq məsələnin araşdırıldığını deyib:

“Paytaxtdakı 189-190 nömrəli tam orta məktəbin direktorunun səs yazısı ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.

Məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır”, açıqlamada bildirilib.

 

 

Ermənistanın hərbi-siyası rəhbərliyi özünün təcəvüzkar mahiyyətini növbəti dəfə nümayiş etdirməklə milli ədavət və düşmənçilik niyyəti ilə beynəlxalq hüququn fundamental norma və prinsiplərini kobud şəkildə pozmaqla ölkəmizə qarşı təxribat yönümlü hərəkətləri davam etdirir.
Belə ki, bəzi kütləvi informasiya vasitələrində və müxtəlif sosial media səhifələrində erməni futbolçularının Azərbaycan Dövlət bayrağı barədə təhqiredici hərəkətlər etmələrini əks etdirən videogörüntülər yayılıb.

Baş Prokurorluqdan verilən məlumata görə, qeyd edilən faktla bağlı Azərbaycan Respublikası Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 283.2.3 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddəsi ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub.

İş üzrə hüquqi yardım haqqında vəsatətlər göndərilməklə digər ölkələrin prokurorluq orqanları, o cümlədən aidiyyəti dövlət qurumları ilə birgə cinayət törətmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri tədbirlərin görülməsi təmin ediləcəkdir.

Dekabrın 13-ü saat 19 radələrində Sabirabad rayon sakini 1992-ci il təvəllüdlü Məmmədkərim Dərgahlının Ağsu rayonu Padarqışlaq kəndi ərazisində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Ağsu Rayon Prokurorluğundan məlumat verilib.

Aparılan araşdırmalarla zərərçəkmişlərin tanışı, Padarqışlaq kənd sakini 1991-ci il təvəllüdlü Orxan Qaçayevin şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla Məmmədkərim Dərgahlıya xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağsu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Orxan Qaçayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Polisə tabesizlik göstərən sürücü həbs edildi

Cəbrayıl rayonunda polisə tabesizlik göstərən sərxoş sürücü saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Yol-xeber.az”ya verilən məlumata görə, Cəbrayıl RPŞ-nin əməkdaşları Balyand kəndi ərazisindəki stasionar postda “Mersedes” markalı yük avtomobilinə baxış keçirmək məqsədilə “Saxla” işarəsi veriblər. Həmin şəxs qanuni göstərişə məhəl qoymayaraq hərəkəti davam etdirib. Təhlükəli manevrlər edərək digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün təhlükə yaradıb.

Polis əməkdaşları tərəfindən həmin avtomobilin saxlanılması təmin edilib. Araşdırmalarla sürücünün Abşeron rayon sakini Elşən Abbasov olduğu və sərxoş vəziyyətdə avtomobili idarə etdiyi müəyyən edilib.

E.Abbasov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati protokollar tərtib edilərək rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, 30 sutka inzibati həbs edilib və bir il müddətinə sürücülük hüququ məhdudlaşdırılıb.

Xəbər lenti