Dəmir yolundan oğurluq edən şəxslər saxlanıldı  - FOTO

Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsinin əməkdaşları Siyəzən rayonu ərazisindən keçən işlək dəmir yolu xətlərindən rels yanlıqlarını oğurlamaqda şübhəli bilinən Siyəzən rayon sakinləri Elçin Cəfərov, Ağasi Ağasiyev və Asim Şükürullayevi saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbovun Yol-xeber.az-a verdiyi məlumata görə, daxil olmuş müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən E.Cəfərov dəmir yolunda təmir-tikinti işləri aparan şirkətdə mühafizəçi işləyib. Həmin şəxs əvvəlcədən tanışları A.Ağasiyev və A.Şükürullayevlə plan quraraq bu əməli törədib.

Faktla bağlı araşdırmalar aparılır.

Siyəzəndə narkotik dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb  - FOTO

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində apardıqları əməliyyat-axtarış tədbirləri zamanı rayonun Beşdam kənd sakini əvvəllər məhkum olunmuş Ağayar Vəliyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupundan Yol-xeber.az-a verilən məlumata görə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman onun əkib yetişdirdiyi çətənə bitkiləri aşkar olunaraq götürülüb.

Bundan başqa evin həyətinə baxış zamanı yarım kiloqrama yaxın marixuana və çətənə (kannabis) bitkisinin toxumları aşkar olunaraq götürülüb.

Faktla bağlı istintaq aparılır.

Göyçayda narkotik becərən şəxs saxlanılıb  - FOTO

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi və çətənə kollarının kultivasiyası ilə məşğul olan şəhər sakini Faxrət Məmmədov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yol-xeber.az-a verilən məlumata görə, həmin şəxsin yaşadığı ünvana baxış keçirilən zaman həyətyanı sahədən ümumi çəkisi 10 kiloqramdan artıq olan narkotik tərkibli çətənə bitkiləri, eləcə də 70 qrama yaxın qurudulmuş marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb. Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub. Saxlanılan şəxs ifadəsində narkotik vasitəni 3 ay öncə becərdiyini və aqrotexniki qulluq göstərdiyini etiraf edib.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Şirvanda "patı" və "şüşə" satan şəxs saxlanılıb  - FOTO

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində və satışında şübhəli bilinən şəhər sakini, 45 yaşlı Fəxrəddin Mirzəyev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yol-xeber.az-a verilən məlumata görə, onun üzərinə keçirilən baxış zamanı "patı" və "şüşə" adlanan psixotrop maddə maddə - metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı Şirvan ŞPŞ-də araşdırmalar davam etdirilir.

Fəxrəddin Mirzəyev

Bakıda polisi təhqir edən vəzifəli şəxs işindən çıxarılıb.

Yol-xeber.az-ın lent.az-a istinadən verdiyi məlumata görə, Nizami rayon 50 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Şirinov Arzuman Səttar oğlu tutduğu vəzifədən azad edilib. Buna səbəb isə onun bir neçə gün əvvəl polis rəisinin müavinini təhqir etməsi göstərilir.

50 saylı Mənzil Kommunal İstismar Sahəsindən Lent.az-a A.Şirinovun işdən çıxarılması xəbərini təsdiqləyiblər.

Qeyd edək ki, bir neçə gün əvvəl mətbuatda A.Şirinov karantin rejimi qaydalarını kobud şəkildə pozması və bu zaman xidməti vəzifəsini icra edən polis əməkdaşlarına qarşı kobudluq nümayiş etdirməsi barədə xəbərlər yayılıb.

Həmin xəbərlərə görə, A.Şirinov bir neçə gün əvvəl öz yaxınları ilə Nizami rayonu ərazisində fəaliyyət göstərən “Siyaqut” restoranında təyin olunmuş vaxtdan, yəni gecə saat 12-dən sonra məclis keçirdiyi üçün polis şöbəsinə aparılıb. Sərxoş vəziyyətdə olan “JEK” müdiri bölmədə polis əməkdaşlarını təhqir edib.  

Xatırladaq ki, bir müddət əvvəl karantin qaydalarını pozan deputat Eldəniz Səlimovla polis əməkdaşları arasında qarşıdurma olmuşdu. E.Səlimov xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşını döydüyü üçün deputat toxunulmazlığı ləğv edilməklə həbs edildi.

Şəki şəhər qarışıq tipli uşaq evində uşaqların döşəmədə yatızdırılması, rejimlərin düzgün qurulmaması kimi məlumatlar yayılıb.

Yol-xeber.az “unikal.org”a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə fotolar paylaşılıb. Bildirilir ki, Uşaq evinin rəhbərliyi azyaşlılara biganə yanaşır.

Hətta oğlanlar və qızlar bir yatızdırılır. Uşaqların qidalanması belə heç də ürəkaçan vəziyyətdə deyil.

Məsələ ilə bağlı Şəki şəhər qarışıq tipli uşaq evinin direktoru İlhamə Məmmədova açıqlamasında bildirib ki, həmin fotolar hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Araşdırmanın nəticəsi məlum olandan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.

Avqustun 13-ü saat 15 radələrində Nəsimi rayonu, İbrahim Əbilov küçəsində yerləşən “Məşədi Dadaş” məscidinin qarşısında 1978-ci il təvəllüdlü Dadaş Həmzəyevin naməlum şəxs tərəfindən bir dəfə ürək nahiyəsinə bıçaqla xəsarət yetirilməsi və almış olduğu xəsarətdən həmin gün saat 22 radələrində xəstəxanada ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

Nəsimi rayon prokurorluğundan “Yol-xeber.az”a verilən məlumata görə, həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin zərərçəkmişin tanışı 1983-cü il təvəllüdlü Məhəmməd Rəhimov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə ilə əlaqədar törədilməsinə əsaslı şübhələr müəyyən edilib. 

Məhəmməd Rəhimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Avqustun 14-ü saat 11 radələrində Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində bir nəfər şəxsin elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Yol-xeber.az-a rayon prokurorluğundan məlumat verilib.

İlkin araşdırmalarla müəyyən edilib ki, “Azərişıq” ASC-nin Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin İstismar Şöbəsinin elektrik-montyoru Mütafil Məmmədov qeyd edilən ərazidə elektrik dirəyinə çıxaraq elektrik xəttində təmir işləri görən zaman elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Avqustun 16-sı saat 09:30-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və pulemyotlardan istifadə edərək atəşə tutmağa başlayıb.

Bu barədə Yol-xeber.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Fındıq oğurlayan xalaoğlular saxlanıldı

Balakəndə keçirilən əməliyyat zamanı fındıq oğurlayan şəxslər saxlanılıb.

DİN-in mətbuat xidmətindən “Yol-xeber.az”ya verilən məlumata görə, rayonun Qazbinə kəndi ərazisindəki fındıq bağından kisələrdə olan 150 kiloqram fındığın oğurlanması barədə polisə müraciət daxil olub. 

Müraciət əsasında keçirilən tədbir zamanı oğurluğu törətməkdə şübhəli bilinən Mahamalar kənd sakini İxtiyar Qımrıyev və xalası oğlu Tale Ocaqverdiyev saxlanılıb. Saxlanılan şəxslər ifadələrində əməllərini etiraf edib və oğurladıqları fındığı kənd ərazisində “Kanal” kimi tanınan ərazidə gizlətdiklərini bildiriblər.

“102” Zəng Mərkəzinə müraciət edən Balakən şəhər sakini isə ona məxsus mal-qaranın 2 nəfər tanımadığı şəxs tərəfindən oğurlanmağa cəhd göstərildiyini, onlardan birini hadisə zamanı özü tutduğunu, digərinin isə qaçaraq uzaqlaşdığını bildirib. 

Polislər tərəfindən keçirilən əməliyyat zamanı məsuliyyətdən yayınmağa cəhd göstərən həmin şəxs də qısa müddət ərzində saxlanılıb. Onların rayon sakinləri Əbdülrəhim Muradov və Heydər Abdullayev olduqları müəyyən edilib. 

Araşdırma zamanı saxlanılan şəxslərin əvvəllər də həmin ərazidən iribuynuzlu heyvanları oğurlamağa cəhd göstərdikləri məlum olub.

 

 

 

Xəbər lenti