|
Qazax rayon prokurorluğu ötən gün baş verən qətllə bağlı məlumat yayıb.
Qazax rayon prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, avqustun 13-ü saat 19 radələrində Qazax rayon sakini, 1999-cu il təvəllüdlü Novruz Mansurovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, rayonun İkinci Şıxlı kəndində yerləşən “İnvestel Group” MMC-də mühafizəçi işləyən 2000-ci il təvəllüdlü Nəsimi İsmayılov onunla eyni yerdə fəhlə işləyən Novruz Mansurov ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla sonuncunun ürək nahiyəsinə bir dəfə xəsarət yetirərək qəsdən öldürüb.
Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Nəsimi İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda istintaq davam edir.
Paytaxtın Nizami rayonunda yerləşən apteklərdən birinə 2020-ci ilin mart ayında basqın edərək əlindəki bıçaqla orada satıcı işləyən xanıma qarşı quldurluq edən şəxs saxlanılıb. Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Zöhrab Abbasov tutularaq istintaqa təqdim edilib.
Qeyd edək ki, hadisə zamanı Zöhrab Abbasov qadının həyatı üçün təhlükə yaradaraq hədə-qorxu yolu ilə aptekin kassasından 1000 manat pulu götürüb və oradan uzaqlaşıb. Zöhrab Abbasovun qeyd edilən aptekə daxil olması və hadisəni törədərək oradan yayınması obyektin kameralar vasitəsi ilə də lentə alınıb.
Hadisə ilə əlaqədar 25-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Nizami Rayon Polis İdarəsinə göndərilib. Fakta bağlı Cinayət Məcəlləsinin 181.2.5-ci (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Avqustun 13-ü saat 09:35-dən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutub.
Müdafiə Nazirliyindən "Yol-xeber.az"a verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 12-si saat 21:26-da Gorus rayonunun Xəzinəvar yaşayış məntəqəsində yerləşən mövqelərindən Laçın rayonunun Qarıqışlaq yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
Müdafiə Nazirliyindən "Yol-xeber.az"a verilən məlumata görə, avqustun 13-ü saat 02:30-dan etibarən isə Azərbaycan Ordusunun Füzuli rayonunun Yuxarı Veysəlli, Xocalı rayonunun Sığnaq yaşayış məntəqələri və Şuşa şəhəri ətrafındakı mövqeləri atıcı silahlardan atəşə tutulub. Bu istiqamətlərə atəş, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılıb.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Bu barədə "Yol-xeber.az"a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Monitorinq 28 şadlıq sarayında, 2 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub.
Bundan başqa, 185 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Binəqədi rayonu, Xocahəsən qəsəbəsində yaşayan Günel Vəliyevanın (adlar şərtidir) 2015-ci il təvəllüdlü oğlu və 2007-ci il təvəllüdlü qızının ögey qardaşı və arvadı tərəfindən fiziki və psixi zorakılıq hərəkətlərinə məruz qalması barədə müraciəti üzrə Binəqədi rayon prokurorluğunda araşdırma aparılıb.
Bu barədə "Yol-xeber.az"a Binəqədi rayon prokurorluğundan məlumat verilib.
Aparılan araşdırmalarla müəyyən edilib ki, İdris Vəliyev (ad şərtidir) 8 avqust 2021-ci il tarixdə ögey bacısının 2015-ci il təvəllüdlü oğlunun nadinc hərəkətlər etməsini bəhanə edərək bıçağı qızdıraraq onun sağrı nahiyəsinə bir neçə dəfə basıb, İdris Vəliyevin arvadı Arzu Vəliyeva (ad şərtidir) isə Günel Vəliyevanın 2007-ci il təvəllüdlü qızının saçını və qaşını kəsib, həmçinin ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Fakta görə Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.1 (iki və ya daha çox şəxsə qarşı əzab vermə), 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə) və 133.2.6 (işgəncə verməklə əzab vermə) maddələri ilə cinayət işi başlanaraq aidiyyəti üzrə rayon polis idarəsinin İstintaq şöbəsinə göndərilib.
Nəticəsi barədə ictimaiyyətə məlumatın verilməsi təmin ediləcək.
Türkiyənin Şanlıurfa vilayətinin Eyübiyye rayonunda ağaclıq ərazidə yandırdığına görə üç nəfər saxlanılıb.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, rayonun Direkli məhəlləsində yanğın başlayıb.
Bələdiyyə yanğınsöndürənlərinin müdaxiləsi ilə alov tezliklə söndürülüb.
Polis yanğını törətdikləri iddia olunan üç nəfəri saxlayıb. Onlar Polis Şöbəsinə aparılıb.
"Yol-xeber.az" xəbər verir ki, BAKU.TV-nin apardığı araşdırma nəticəsində polislərin də göz yumduğu insan alveri məkanlarının üstü açılıb.
“Yarım saatı 50 manat”a xidmət göstərilən bu hostellərə təsadüfən yolunuz düşsə, hostel əvəzinə müştərilərə “gəl-gəl” deyən qadınları, narkomaniyanın, infeksiyaların, müxtəlif xəstəliklərin yayılması üçün münbit şəraitin şahidi ola bilərsiniz.
Elə özlərinin də dediyi kimi, “Hostel afişası sadəcə reklamdır”.
Ətraflı BAKU.TV-nin araşdırmasında:
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yol-xeber.az-a verilən məlumata görə, Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş, rayon sakini Samir İbrahimov saxlanılıb. Onun yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman oradan narkotik vasitə olan “metamfetamin” və qurudulmuş “marixuana” aşkar edilərək götürlüb.
Polis əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış etədbirləri nəticəsində “patı” satmaqda şübhəli bilinən Nizami Məmmədov da saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman isə qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxladığı narkotik maddə olan “metamfetamin” aşkar edilərək götürülüb.
Bundan başqa rayon sakini Saleh Məmmədov saxlanılan zaman qanunsuz olaraq əldə edib saxladığı narkotik maddə olan “metamfetamin” aşkar olunub.
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.
DİN-in Mətbuat Xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, daxili işlər orqanları tərəfindən koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, karantin rejimini pozmaqla xəstəliklərin yayılması üçün real təhlükə yaratma faktlarına görə, ötən ilin martından bu günə qədər 1030 cinayət (Maddə 139-1. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) işi üzrə 554 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Həmin işlər üzrə məhkəmələr tərəfindən 40 nəfər barəsində həbs, 54 nəfər barəsində isə polisin nəzarəti altına vermə, 460 nəfər haqda digər qətimkan tədbiri seçilib.
Vətəndaşlara tövsiyə edirik ki, infeksiya şəraitində Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydalarına hər bir şəxs ciddi əməl edərək, özlərinin və digər şəxslərin sağlamlıqlarına biganə yanaşmasınlar.
Tətbiq olunan xüsusi karantin rejiminin qayda və tələblərinin mühafizəsində daxili işlər orqanları tərəfindən gücləndirilmiş nəzarət-profilaktiki tədbirləri davam etdirilir.