![]() |
|
Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının kursantının intiharı ilə bağlı cinayət işi açılıb.
"Yol-xeber.az" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, DSX Akademiyasının kursantı, 2003-cü il təvəllüdlü Nəbiyev Telman Elman oğlunun 17 noyabr 2021-ci il tarixdə intihar etməsi faktına görə Bakı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanmış və hazırda istintaq aparılır.
Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 17-si saat 17:54-dən 22:52-dək Şəmşəddin rayonunun Çinarlı, Muğancıq kəndləri istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi və Əsrik Cırdaxan kəndləri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutublar.
Bu barədə "Yol-xeber.az"a Müdafiə Nazirliyindən məlumat verilib.
Qarşı tərəf cavab atəşi ilə susdurulub.
Zəngəzurda “Scania” markalı yük avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, qəza Angehakot kəndi yaxınlığında yol ayrıcında baş verib.
Belə ki, 1965-ci il təvəllüdlü sürücü naməlum səbəblərdən yolun hərəkət hissəsindən çıxaraq aşıb. Sürücü hadisə yerindəcə ölüb.
Ermənistanın Müdafiə Nazirliyi (MN) dünən Azərbaycan ilə sərhəddə baş vermiş hərbi toqquşma zamanı verdikləri itkilər barədə məlumat açıqlayıb.
“Yol-xeber.az” xəbər verir ki, noyabrın 17-si səhər saatlarına olan məlumata görə, 1 hərbçi ölüb, 13 hərbçi əsir düşüb, daha 24 hərbçinin taleyi barədə heç bir məlumat yoxdur.
İtkin düşmüş hərbçilərin tapılması istiqamətində intensiv işlər aparılır. Məlumatda həmçinin 2 hərbi postun Azərbaycanın nəzarətinə keçdiyi qeyd olunur.
Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun aşağıda adları göstərilən hərbi qulluqçuları şəhid olub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
- leytenant Niftəliyev Ümüd Oruc oğlu;
- gizir Cabbarov Orxan Hətəm oğlu;
- müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əliyev Natiq Yusif oğlu;
- əsgər Ağayev Elçin Mərifət oğlu;
- əsgər Əlizadə Elmin Samir oğlu;
- əsgər Əliyev Elçin Ramil oğlu;
- əsgər Xəlilov Murad Qalib oğlu.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçularımızın yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir.
Allah rəhmət eləsin!
Döyüşlərdə 10 nəfər hərbi qulluqçumuz yaralanıb.
Noyabrın 16-sı axşam saatlarından etibarən Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyət sabitləşib.
Ermənistanın dövlət sərhədində törətdiyi təxribat və hərbi avantüra tam iflasa uğrayıb.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Azərbaycan Respublikasının Silahlı Qüvvələri ölkəmizin suveren ərazilərində xidmətini davam etdirir.
Ermənistanın təxtibatı nəticəsində yaranmış gərginliyə və qarşıdurmaya görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Ağdamın işğaldan azad olunan Tağıbəyli kəndi minaya düşən şəxsin əşi ərazidən çıxarılıb
"Yol-xeber.az" Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində həlak olan Ağayev Zaur İsa oğlunun nəşini ərazidən çıxartmaq mümkün olub. Mərhumun nəşi ailəsinə təhvil verilib.
Xatırladaq ki, noyabrın 15-də saat 17 radələrində 1980-ci il təvəllüdlü Ağayev Zaur İsa oğlunun Ağdam rayonunun işğaldan azad edilmiş Tağıbəyli kəndi ərazisində piyada əleyhinə minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Ağdam rayon prokurorluğunda aparılmış araşdırmalarla Zaur Ağayevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində ölməsi müəyyən edilib.
Faktla bağlı Ağdam Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq məqsədilə Kəlbəcər və Laçın istiqamətində yerləşən birlik və qüvvələr tərəfindən dərhal təxirəsalınmaz əməliyyat həyata keçirilib.
Bu barədə "Yol-xeber.az"a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, əvvəlcə qarşı tərəfin hərəkəti məhdudlaşdırılıb, onun qüvvə və vasitələrinə zərər vurulub. Görülmüş qəti tədbirlər nəticəsində erməni hərbçiləri tərksilah edilərək saxlanılıb, xeyli sayda müxtəlif çaplı silah və külli miqdarda sursat qənimət kimi ələ keçirilib.
Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törədib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Ermənistanın hərbi birləşmələri dövlət sərhədinin bu istiqamətindəki yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnmək məqsədilə noyabrın 16-sı saat 11.00 radələrində qəfil hərbi əməliyyata başlayıb.
Basarkeçər və Qarakilsə rayonlarında yerləşən sərhəd-döyüş mövqelərinə əlavə canlı qüvvə, hərbi və xüsusi texnika cəmləşdirən Ermənistan hərbi bölmələri Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonlarındakı döyüş postlarına hücum edib.
Azərbaycan Ordusu təxribat törədən erməni hərbçiləri tərksilah edib
Qarşı tərəf Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlar və qumbaraatanlardan intensiv atəşə tutaraq döyüş postlarımıza atəşlə zərər vurub.
Nəticədə ilkin məlumata görə Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb. Yaralılara dərhal ilkin tibbi yardım göstərilib. Hazırda onların həyatları üçün təhlükə yoxdur.
Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq məqsədilə Kəlbəcər və Laçın istiqamətində yerləşən birlik və qüvvələr tərəfindən dərhal təxirəsalınmaz əməliyyat həyata keçirilib.
Əvvəlcə qarşı tərəfin hərəkəti məhdudlaşdırılıb, onun qüvvə və vasitələrinə zərər vurulub. Görülmüş qəti tədbirlər nəticəsində erməni hərbçiləri tərksilah edilərək saxlanılıb, xeyli sayda müxtəlif çaplı silah və külli miqdarda sursat qənimət kimi ələ keçirilib.
Genişmiqyaslı təxribat törətməklə qısa müddətli üstünlüyə nail olmaq istəyən Ermənistan hərbi bölmələrinin hücumu əməliyyat-taktiki baxımından tam iflasa uğrayıb və növbəti dəfə rəsmi Yerevanın təxribat törətmək cəhdi uğursuzluqla nəticələnib.
"O vaxt Xankəndidə 366-cı alay var idi. Həmin alayın tərkibində olan şəxsi heyyət təxminən 800-1000 arası dəyişirdi. Briqadada isə haradasa 2 minə qədər şəxsi heyyət var idi. Mənim 366-cı alayın içindən yüz agentim var idi".
"Bunu Milli.Az-a açıqlamasında ermənilərin son günlər yenidən ard-arda törətdikləri təxribatları şərh edən peşəkar hərbçi, ehtiyatda olan polkovnik Azay Kərimov deyib.
O bildirib ki, Şuşanın təhlükəsizliyini tam təmin etmək üçün hər bir tədbiri görməliyik:
"Hazırda Xankəndidə 366-cı alayın əvəzinə gücləndirilmiş bir briqada var. Onların vəzifəsi 1988-1989-cu ildə nədən ibarət idi?! O vaxtkı sülhməramlı qüvvələrin əvəzinə keçmiş Dağlıq Qarabağ inzibati ərazisində Daxili Qoşunlar yerləşdirilmişdi. Yəni erməni ilə Azərbaycan kəndləri, erməni rayonu ilə Azərbaycan rayonu arasında bir rus postu dururdu. Demək, istər biz olaq, istərsə də ermənilər olsun, həmin postun yanından ötüb keçməklə gedib istədiyimizi edib, yanından keçməklə də qayıdırdıq. Rus da gəlirdi harada ki, həmin hadisə olubsa, orada 5-6 dənə güllə atıb gedirdi. Yəni rus da burada ölmək istəmirdi.
Erməni təxribatları davam edəcək, o vaxta kimi ki, sülh müqaviləsi imzalanmayacaq. Hətta sülh sazişi də imzalansa belə, bu cür erməni təxribatları mütəmadi olaraq davam edəcək. Məsələn, mənim yadımdadır, ermənilər var idi Xankəndidə, kim ki posta getmirdi, girib evdən posta getməyənlərin analarını, bacılarını aparırdılar ya zorlayırdılar, ya da güllələyirdilər. Camaatın gözünü belə qorxuda-qorxuda başladılar terror işləri ilə məşğul olmağa. Bu qanunsuz silahlı erməni dəstələri Qarabağdan son nəfərinə kimi təmizlənməyincə terror aktları, cəhdləri davam edəcək.
Erməniləri müdafiə edən də rusdur. Rusiya bu şəraiti yaradır ki, bu gün ermənilərin yenə əli-qolu açılıb. Mən bir hərbçi kimi buna qətiyyən təəccüblənmirəm.
Əgər erməni maşını bizim posta yaxınlaşırsa, gərək hərbçilərimiz çox diqqətli olardılar. Hətta videodan da görürük ki, erməni qumbaranı atandan sonra maşını sürüb gedib. Bura Azərbaycan ərazisidir, Azərbaycanın ərazisində bu hadisə baş verib. Norayr Mirzoyan adlı bu terrorçunu ruslara vermək lazım deyildi. Qanunla tələb etmək, sıxışdırmaq lazımdır. Amma təəssüf ki, bizim çox əsgərimiz, zabitimiz, hərbçilərimiz rus dilində bilmirlər. O postlara professional hərbçilər, I Qarabağ savaşında iştirak etmiş müharibə veteranlarını, o əraziləri tanıyan insanları qoymaq lazımdır.
Məsələn, vaxtı ikən Şuşa polisində işləyən kifayət qədər polislər, o cümlədən hərbçi zabitlər olub. Hamımız bu gün gedib postda durmağa və o əraziləri yaxşı tanıyan kimi orada xidmət etmək istəyirik, özü də təmənnasız istəyirik. Xidmətə razı olmasalar da, heç olmasa, ərazini tanıyan insan kimi yanlarında olaq, başa salaq.
Yadımdadır ki, ruslar o vaxt bir BTR-lə gəlmişdilər. Hamısının da belində "skorpion" şəkilləri. Mən də erməni dilində yaxşı bildiyim üçün, bunlara yaxınlaşdım. Birdən rus hərbi geyimində bir oğlan yaxınlaşdı ki, bu gün bu Kərcəhan kəndini darmadağın edəcəyik. Amma bunu ermənicə dedi, çünki o elə bildi ki, mən erməniyəm. Biz onların məqsədini öyrəndikdən sonra komandirlərini götürüb zirzəmiyə saldıq, üstünə də qranat çəkdik ki, o ermənini (rus hərbi geyimində olan şəxsi - red.) bizə verməsən, sən buradan sağ-salamat çıxmayacaqsan. Komandirləri özü də polkovnik idi. Yarım saat söhbətdən, qışqırmaqdan, bağırmaqdan sonra məcbur oldu ermənini bizə verdi. Ona görə deyirəm ki, rusdan qorxmaq lazım deyil. Elə hərəkət etmək lazımdır ki, rus səndən çəkinsin.
Hazırda həmin ərazilərə əvvəl oralarda işləyən, döyüşən şəxsləri göndərmək lazımdır. Çox demirəm, indi elə Şuşa rayonunun keçmiş post-patrul xidmətini ora yığsan işimiz yüngülləşər. Rusiya sülhməramlılarının üstünə gedib haqqımızı tələb etmək lazımdır. Çalışıb rusu da ələ almaq lazımdır ki, bütün o tərəfdəki məlumatlardan xəbərdar olasan. Amma tərsi baş verir, ermənilər rusları ələ almağı bacarırlar.
Hələ Xankəndinə, Xankəndinin ətrafında erməni terrorçuları var, Şuşanın ətrafında erməni kəndləri var. Demək istədiyim odur ki Şuşaya bu dəqiqə ən azı 10 min əsgər yerləşdirmək lazımdır, o cümlədən də hərbi texnika. Çünki vaxtilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin başçısı Viktor Polyoniçka, həm də Azərbaycanın ikinci katibi idi, - mən onun cangüdəni olmuşam, - deyirdi ki, "Şuşa kimdədirsə, Qarabağ da ondadır". Ona görə də Şuşanın təhlükəsizliyini tam təmin etmək üçün hər bir tədbiri görməliyik".
Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 15-i saat 16.15-dən etibarən noyabrın 16-ı saat 04.30-dək Basarkeçər rayonunun Əzizli, Zərkənd, Aşağı Şorca, Dərə, Göysu, Pəmbək, Şəmşəddin rayonunun Çinarlı, Mosesqex, Yuxarı Mehrab, Ayqepar, Qulalı və Çəmbərək rayonunun Cil yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə, Barmaqbinə, Gədəbəy rayonunun Qalakənd, Daryurd, Novoivanovka, Qaravəlilər, Tovuz rayonunun Ağbulaq, Ağdam, Qaralar, Qoşa, Koxanəbi, Hacallı, Əlibəyli, Əsrik Cırdaxan və Ağstafa rayonunun Köhnəqışlaq yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə intensiv atəşə tutub.
Bu barədə "Yol-xeber.az"a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Qarşı tərəfin döyüş aktivliyinin qarşısını almaq məsqəsilə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Hazırda əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.