![]() |
|
Quba Rayon Polis Şöbəsinin əməkdaşları dələduzluq etməkdə təqsirli bilinən Əziz Seyidov və Mahir Bayramovu saxlayıblar.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, adı çəkilən şəxslər qabaqcadan əlbir olaraq, özgənin etibarından sui-istifadə etməklə bir nəfərin əmlakını ələ keçiriblər. Onlar zərər çəkmişə onu işə düzəldəcəkləri vədini verərək, Bakı şəhərində yerləşən evini girov qoyub əvəzində pul götürüblər.
Lakin, vədlərinə əməl etməyərək həmin şəxsə 102 min manat maddi ziyan vurublar.
Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Bakıda "KİA" markalı avtomobil səkiyə çırpılıb. Hadisə Nəsimi rayonu, Neftçilər prospektində baş verib.
Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Videoda "Kia" markalı avtomobil səkiyə çırpılaraq, aşdığı görünür. Xoşbəxtlikdən piyadanı vurmayıb.
Piyada ayıq davranaraq təhlükədən qaça bilib.
Qəza səbəbindən 8 Noyabr prospekti və Yusif Səfərov küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb. Yol polisi əməkdaşları tərəfindən qısa müddət ərzində avtomobillərin sərbəst hərəkəti bərpa olunub.
Hadisənin videosunu təqdim edirik:
Tovuz şəhər A.S.Puşkin adına tam orta məktəbdə yanğın baş verib.
Modern.az xəbər verir ki, yanğına səbəb qısa qapanma olub.
Qazax-Tovuz Regional Təhsil İdarəsindən sorğumuza cavab olaraq bildirilib ki, yanğın məktəbin 3-cü mərtəbəsində naqillərin paylanma qutusunda və kabel xətlərində yaranan qısa qapanma nəticəsində yaranıb.
“Məktəbdə yanğın təhlükəsizliyi ilə bağlı əvvəlcədən görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagird və müəllimlər təxliyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyə ediliblər.
Onların səhhətində hər hansı bir problem yaranmayıb.
Bildiririk ki, təhsil müəssisəsinin elektrik sisteminə ciddi ziyan dəyib. Təhlükəsizliyi və tədris prosesinin fasiləsizliyini təmin etmək üçün zəruri tədbirlər görülür, məktəbin elektrik sisteminin ən qısa zamanda bərpası çərçivəsində işlər aparılır.
Hazırda müvafiq təhsil sektorunun rəhbərliyi və əməkdaşları təhsil müəssisəsindədirlər”, – açıqlamada qeyd olunub.
Azərbaycan aviasiya tarixində baş verən ən ağır təyyarə qəzasından 29 il ötür.
1995-ci il dekabrın 5-də “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus göyərtəsində 76 sərnişin və 6 heyət üzvünün olduğu 56 saylı "Naxçıvan-Bakı" reysi ilə uçan Tu-134B tipli sərnişin təyyarəsi havaya qalxdıqdan bir qədər sonra, saat 18:00 radələrində qəzaya uğrayıb.
Bu, Azərbaycanın aviasiya tarixinə ən dəhşətli qəza kimi düşüb.
Məlumata görə, havaya qalxan təyyarə 60 metr hündürlük və saatda 317 km sürət yığdıqdan sonra mühərriklərdən birində problem olduğu aşkar edilir. Sol mühərrikin sıradan çıxmasına baxmayaraq, göyərtə mühəndisi səhvən sağ mühərriki söndürür.
Pilot isə təyyarə 197 metr hündürlükdə olarkən qəza enişi barədə qərar qəbul edir. Sürəti saatda 290 km-ə düşən təyyarə yaşayış binalarının olduğu sahə ilə üz-üzə gəlir. Pilotlar dəhşətli fəlakətdən yayınmaq üçün 37 dərəcə bucaq altında təyyarəni sağ tərəfdəki açıq sahəyə yönəltməyə çalışırlar.
Lakin onların bu cəhdi qəzadan xilas olmağa kifayət etmir və Naxçıvan şəhəri Xətai məhəlləsindəki (Sovetabad) şumlanmış sahəyə düşən təyyarə yüksək gərginlikli elektrik xətlərinə toxunaraq alışır. Qəza nəticəsində göyərtədə olan 82 nəfərdən 4-ü heyət üzvü olmaqla, 52 nəfər həlak olur.
Qobustanda zəlzələ olub.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Qobustan stansiyasından 10 kilometr cənubda, Qobustan rayonunda 3,6 maqnitudalı zəlzələ qeydə alınıb.
Ocağı 39 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.
Bakıda quldurluq hadisəsi baş verib.
Milli.Az xəbər verir ki, hadisə dekabrın 3-də saat 13:48-də Binəqədi rayonunda yerləşən "Şəfa" aptekdə qeydə alınıb.
Belə ki, aptekdə əczaçı işləyən 56 yaşlı Sevinc Qabulova polisə müraciət edərək, tanımadığı şəxsin hücumuna məruz qaldığını bildirib.
Qadın qeyd edib ki, naməlum şəxs əlində bıçaqla işlədiyi aptekə daxil olub və hədə-qorxu ilə ondan 232 manat pul alaraq apteki tərk edib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətmiş şəxsin, 1986-cı il təvəllüdlü, əvvəllər CM-nin 306.1-ci maddəsi ilə məhkum olunmuş Adgözəlov Nurlan İmran oğlu olduğu müəyyən edilib. O bu gün şübhəli şəxs qismində tutulub.
Faktla bağlı Binəqədi RPİ-nin İŞ-də Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi (quldurluq-silah tətbiq etməklə) ilə cinayət işi başlanaraq istintaq aparılır.
Fövqəladə Hallar Nazirliyinin qüvvələri Sumqayıtda beşmərtəbəli yaşayış binasında mənzildə baş vermiş partlayışla əlaqədar axtarış-xilasetmə əməliyyatlarını başa çatdırıb.
Bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, ümumilikdə partlayış nəticəsində 6 nəfər xilas edilib.
Xəbər verdiyimiz kimi, Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində beşmərtəbəli yaşayış binasında yerləşən mənzildə partlayış baş verib. Partlayış nəticəsində ətrafdakı bina zədə görüb və qarşısında olan avtomobillər yararsız hala düşüb.
Bəs dəymiş zərəri kim qarşılayacaq ?
Məsələ ilə bağlı Milli.Az-a əmlak eksperti Vüqar Oruc açıqlama verərək bildirib ki, mənzillər mövcud hallara görə siğortalanmalıdır.
"Buna görə icbari sığorta qaydaları da mövcuddur. Həmin sığorta olunan mənzillər bu və digər hadisələrlə qarşılaşdıqda, həmin mənzillərin sahibləri kompensasiya əldə edirlər. Hazırkı situasiya araşdırılır və hadisənin əsl mahiyyəti üzə çıxacaq. Əgər həmin hadisə binaya ciddi şəkildə ziyan vurubsa, bunu icra hakimiyyəti qarşılayıb bərpa edəcək. Hadisənin konkret baş vermə səbəbi müəyyən edildikdən sonra, bu hadisənin baş verməsinə aidiyyəti olan şəxsdən kompensasiya alına bilər. Çünki elə dağıntılar var ki, yalnız binanın daxili hissəsindəndir. Xaricdə olan zədələr isə binanın görünüşünə təsir edir. Bu zaman icra qurumları bu prosesdə addımlar ataraq binanın bərpasında uyğun işlər görə bilər".
Ekspert qeyd edib ki, vətəndaşlar özlərinə məxsus mənzillərin siğortalanması istiqamətində ciddi qərarlar qəbul etməlidirlər. Sonradan bu cür problemlərlə qarşılaşanda kompensasiya ödənilməsindən asılı olmayaraq həmin şəxsə məxsus obyektin və ya mənzilin dəymiş ziyanın ödənilməsi üçün müvafiq qurumlara müraciət edilə bilsin.
Sumqayıtda baş verən partlayışlarla bağlı araşdırma aparılır.
Bu barədə Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb.
Bildirilib ki, dekabr ayının 3-də Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən mənzildə və Sumqayıt şəhəri, Sahil küçəsi, Novxanı bağlar massivində yerləşən fərdi yaşayış evində partlayış baş verib.
Qeyd olunan faktlarla əlaqədar dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Sumqayıt Regional Mərkəzinin xüsusi texniki vasitələri və canlı qüvvələri, prokurorluq və polis əməkdaşları cəlb olunmaqla, operativ və təxirəsalınmaz tədbirlər icra olunur.
Belə ki, şəhərin 13-cü mikrorayonunda baş verən partlayış nəticəsində 6 nəfər xilas edilərək xəstəxanaya yerləşdirilib. Hazırda onların müalicəsi davam etdirilir.
Abşeronda fərdi yaşayış evində partlayış olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, nazirliyin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə qurumun Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
***
Xilasedicilər tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində dağıntı altından 1 nəfər sağ çıxarılaraq xilas edilib.
***
Dağıntılar altından 2-ci vətəndaş sağ çıxarılaraq xilas edilib.
Əlavə məlumat veriləcək.