Polis Bakıda ad günü məclisini dayandırdı
Paytaxtın Səbail rayonunda sərtləşdirilmiş xüsusi karantin rejimi qaydalarına əməl etməyən, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərini pozaraq, “ad günü” keçirən şəxslər müəyyən olunaraq inzibati məsuliyyətə cəlb olunublar.

Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Səbail RPİ Post Patrul Xidməti və 9-cu PB əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayonun T.Elçin və H.Seyidbəyli küçələrinin kəsişməsində yerləşən bağda epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimini pozaraq məclis təşkil edən şəxslər saxlanılıblar.

Ümumilikdə beş nəfər saxlanılaraq, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, hər biri 200 manat cərimə olunub. (apa.az)

 

“Qızdırması düşmüşdü, KT-də bu diaqnoz çıxdı”
Ötən gün koronavirusdan dünyasını dəyişən AzTV-nin Kinoproqramlar və dublyaj redaksiyasının baş redaktoru, əməkdar incəsənət xadimi Etibar Babayev bu gün dəfn olunub.

Qafqazinfo” xəbər verir ki, dəfn mərasimində mərhumun az sayda yaxınları iştirak edib. Etibar Babayevin həyat yoldaşı Səyyarə Babayeva dövlət televiziyasına açıqlama verib. O, açıqlamasında bildirib ki, E.Babayev iki gün ev şəraitində müalicə alıb və temperaturu 37 dərəcə olub:

“İki gün evdə idi, bir az müalicə aldı. Sonra gördük ki, qızdırması yoxdur, artıq 37,1 dərəcə idi. Ancaq bir qədər təngnəfəs idi. Həkimlə danışdım və məsləhət görüldü ki, ağciyərlərin kompüter tomoqrafiyası edilsin. KT-dən sonra bu diaqnoz çıxdı”.

DTX XİN-in bəzi vəzifəli şəxsləri ilə bağlı əməliyyat keçirir

Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsi məlumat yayıb.
DTX-nin saytı verdiyi xəbərə görə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Aparılan araşdırmalar, cinayət törətməkdə şübhəli bilinən şəxslər və törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Azərbaycanda vəzifəli şəxs dəhşətli hadisədə öldü

Bu gün Lerik rayonunda ağır yol qəzasının baş verməsi və nəticədə 3 nəfərin ölməsi, 2 nəfərin xəsarət alması barədə xəbər vermişdik. Ölən şəxslərdən birinin müəllim olduğu deyilir.
“Report” xəbər verir ki, ağır qəza rayonun Bürsülüm kəndinə gedən dağ yolunda qeydə alınıb.

Belə ki, "UAZ" markalı avtomobil yoldan çıxaraq 50-60 metr yüksəklikdən dərəyə aşıb.

Hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb.

Ölən şəxslərdən biri - 1996-cı il təvəllüdlü Təyyar Tərlan oğlu Əliyev Lerik rayon Ləkər kənd ümumi orta məktəbində direktor müavini və fiziki tərbiyə müəllimi imiş.

Həmçinin T.Əliyev öz ixtisası üzrə test vəsaitinin də müəllifi olub.

AzTV-nin baş redaktoru koronavirusdan vəfat etdi
AzTV-nin kinoproqramlar və dublyaj redaksiyasının baş redaktoru, Əməkdar incəsənət xadimi Etibar Babayev koronavirusdan vəfat edib.

Gecə saatlarında vəziyyəti ağırlaşan rejissor Tibb Universitetinin Tədris Terapevtik Klinikasında həyatını itirib.

Qeyd edək ki, Etibar Babayeva uzun müddət televiziyada bədii rəhbər vəzifəsində çalışıb.


 

AzTV-nin daha bir əməkdaşı koronavirusdan vəfat etdi - FOTO

Ötən gün baş verən yol qəzalarında – 3 ölü
Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb

Ötən gün daxili işlər orqanları tərəfindən qeydə alınan cinayət və hadisələrin statistik məlumatlar açıqlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən  verilən məlumata görə, iyunun 30-da törədilən 13 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 45 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 33 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.

Gömrükçülər sərhəddən qanunsuz xarici valyuta keçirilməsinin qarşısını aldılar
Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etmədən keçirilməsinin qarşısını alıblar.

Bu barədə DGK məlumat yayıb.

İdarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstana gedən “Mercedez-Benz Atego” markalı nəqliyyat vasitəsi saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub. Bu zaman vətəndaş idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda köynəyə bükülü halda gömrük nəzarətinə bəyan edilməyən 22 400 ABŞ dolları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Piyadanı vuraraq qaçan sürücü saxlanılıb - Gəncədə

İyunun 19-du saat 13 radələrində Nizami (Gəncə) rayonunun Yeni Gəncə qəsəbəsi 28 May küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Daşkəsən rayon sakini X.Cəfərov vurulub. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib. Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Nissan” markalı avtomobilin sürücüsü, Gəncə şəhər sakini R.Qasımov saxlanılıb.

SON DƏQİQƏ! Azərbaycanlı alim koronavirusdan öldü
Azərbaycanda daha bir tanınmış şəxs, elm xadimi COVID-19-dan dünyasını dəyişib.

Bu barədə Milli Məclisin deputatı, Elm və təhsil komitəsinin üzvü Tamam Cəfərova sosial şəbəkədə məlumat verib:

"Şamaxı ziyalısı, kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktoru Ömərov Sahib Xancan oğlu koronavirus pandemiyası səbəbilə vəfat edib. Mərhuma Allahdan rəhmət, bütün şamaxılılara və Ömərovlar ailəsinə səbr diləyirəm”. (unikal)

 

 

Dövlətə xəyanətdə ittiham olunan şəxsin cəzası azaldıldı

Dövlətə xəyanətdə ittiham olunan 35 yaşlı Orxan Rzaquliyevin cəzasını Ali Məhkəmə azaldıb.

O.Rzaquliyevin vəkili Tural Şükürov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Ali Məhkəmənin hakimi Şahin Yusifov sədrliyi ilə keçirilən prosesdə onların kassasiya şikayətinə baxılıb. Ali Məhkəmənin qərarı ilə kassasiya şikayəti qismən təmin edilib, cəzanın sərtliyi və ağırlığı nəzərə alınaraq O.Rzaquliyevin cəzası 3 il azaldılaraq 13 ilə endirilib.

Qeyd edək ki, O.Rzaquliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 16 il müddətinə azadlıqdan məhrum edilmişdi. Hökmdən verilən apelyasiya şikayəti təmin edilməyib.

Fotoda: Vəkil Tural Şükürov

Sumqayıt sakini olan Orxan Rzaquliyev dövlətə xəyanətdə və silah-sursat saxlamaqda təqsirləndirilir. İttihama görə, O.Rzaquliyev İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə pula görə əməkdaşlıq edib. SEPAH əməkdaşlarından aldığı pul qarşılığında ona Azərbaycandakı bəzi obyektlərin fotosunu çəkib göndərmək, Bakıda rəhbəri milliyyətcə yəhudi olan klinikanın həkimlərini izləmək, onlarla yaxın münasibət qurmaq kimi tapşırıqlar verilib. Klinikada çalışanlar, ora gəlib-gedənlərlə bağlı daha yaxşı müşahidə aparmaq üçün O.Rzaquliyev tibb mərkəzinin yaxınlığında yerləşən kafeni icarəyə götürüb. Kafenin 500 manat icarə haqqını isə İranın xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı pulla ödəyib. O.Rzaquliyevin ifadəsinə görə, ona İranda fars dilində bir sənəd verilib. O da sağ baş barmağını mürəkkəbə batırmaqla sənədi imzalayıb. Bundan sonra ona 500 manata bərabər məbləğdə İran pulu verilib. O da həmin vəsaiti sərhəddə dəyişib, Azərbaycana qayıdıb.

Xəbər lenti