Azərbaycanda uşaqların son anda ölümdən döndüyü dəhşətli qəzadan - VİDEO
Qəza şəhərin Heydər Əliyev prospektində baş verib

İmişli rayonunda "Ford" markalı yük maşınının sürücüsünün törətdiyi qəzanın görüntüləri yayılıb. Yol-xeber.az xəbər verir ki, fevral ayının 28-də baş verən qəzanın görüntüləri yaxınlıqdakı təhlükəsizlik kamerası vasitəsi ilə qeydə alınıb. Qəza şəhərin Heydər Əliyev prospektində baş verib. "Ford" markalı yük maşını idarəetmədən çıxaraq əvvəlcə ağaca dəyib, daha sonra isə divara çırpılıb. 

Hadisə zamanı yaxınlıqdakı iki uşaq son anda ölümdən xilas ola bilib. "Ford" markalı yük maşınının sürücüsü isə xəsarət alıb. 

Qəzanın görüntüsünü təqdim edirik:

 

 

baku.ws

 
Ucarda yük maşını yandı, yol bağlandı
Ucarda yük maşını yanıb.

Qafqazinfo xəbər verir ki, hadisə rayon ərazisində baş verib.

Belə ki, Bərdə rayon sakini Qədirov Pərvin Famil oğlunun idarə etdiyi "Mercedes" markalı yük maşınının qoşqusu qəfildən alovlanaraq yanıb. Hadisə yerində FHN-in yanğınsöndürənləri cəlb olunub. Hadisə nəticəsində Bakı-Qazax yolu Bakı istiqamətində yarım saatdan artıq bağlı qalıb.

Faktla bağlı araşdırma aparılır.


Metroda oğurluq edən şəxs saxlanılıb
Keçirilən əməliyyat tədbirləri nəticəsində

Bakı metrosunda oğurluq edən şəxs tutulub. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 3-də metronun “28 May” stansiyasının platformasında Masallı rayon sakini A.Əhmədovanın çantasından içərisində 80 manat və sənədləri olan pulqabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Niyazov saxlanılıb.
Ötən gün baş verən yol qəzalarında – 2 ölü, 2 yaralı
Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Ötən gün ölkənin daxili işlər orqanları tərəfindən qeydə alınan cinayət və hadisələrin statistik məlumatları açıqlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, gün ərzində törədilmiş 26 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 14 cinayətin açılması təmin olunub.   

Axtarışda olduğuna görə ümumilikdə 55 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 40 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.  

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.

Bakı polisi: Narkotik vasitələri ilə bağlı bütün informasiyalar yoxlanılır
Bu tədbirlər kampaniya xarakteri daşımır

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə bütün istiqamətlər üzrə tərəfimizdən diqqətdə saxlanılır. Satış məqsədilə sosial şəbəkələrdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ictimai təhlükəli əməlləri cinayət tərkibi yaradır, qanunla qadağan olunduğuna görə cəza təhdidi var. Yol-xeber.az xəbər verir ki, bu barədə  Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Cəmiyyəti qayğılandıran narkotik bəlasına qarşı mübarizədə dövrün bütün çağırış və təhdidlərinə uyğun olaraq, ən müasir metod və texnologiyaların imkanlarından geniş istifadə olunur.
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə əlaqədar daxil olan bütün informasiyalar yoxlanılır. Bu tədbirlər kampaniya xarakteri daşımır.

Avtomobildə siqaret, spirtli içki və mobil telefon aksesuarları aşkarlanıb
Faktla bağlı araşdırma aparılır

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə idarə etdiyi "Mercedes Benz C180" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb. Yol-xeber.az xəbər verir ki, şifahi sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, yoxlama zamanı avtomobilin yük yerində və salonunda 16 800 ədəd müxtəlif markalı siqaret, 8 ədəd 1 litrlik "Nemirovskaya" markalı spirtli içki, hər birində 10 ədəd olmaqla 27 qutu üzərində "Glass Products" yazılan telefon aksessuarları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Azərbaycanda yüksək vəzifəli şəxsin oğlunu həbs etdilər
Yeni Azərbaycan Partiyasının (YAP) Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayevanın oğlu Fariz Ağayevin narkotik vasitə ilə həbs edilməsinin yeni detalları məlum olub.

Report məlumata görə, Sabirabad Rayon Polis Şöbəsində (RPŞ) F.Ağayevin barəsində Cinayət Məcəlləsinin (CM) 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə cinayət işi başlanılıb.

Məlumata görə, F.Ağayevlə birgə Ramil Talıblı adlı şəxs də həbs edilib və onun barəsində CM-in 234.2-ci (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlam, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddəsi ilə ittiham irəli sürülüb.

Artıq hər iki şəxsin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilib.
Qeyd edək ki, F.Ağayev ötən il dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində Sabirabad rayonun Qaratəpə kəndi üzrə bələdiyyə sədrliyinə namizəd olub.

Qardaş bacısını qəbirstanlığa aparıb başını kəsdi
Abşeron rayonunda bacısının başını kəsərək qətlə yetirməkdə təqsirli bilinən Babək Fərzəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Səbuhi Hüseynovun icraatına verilib. 

İş üzrə məhkəmə hazırlıq iclası yxın günlərdə keçiriləcək.

Qeyd edək ki,  hadisə ötən il noyabrın 24-də Abşeron rayon Ceyranbatan qəsəbəsində yerləşən qəbirstanlıqda baş verib. 
24 yaşlı Babək Fərzəliyev 21 yaşlı bacısı Aytən Fərzəliyevanı Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisindəki qəbiristanlıqda yaxın qohumlarının məzarını ziyarət edərkən öldürüb. 

O, qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla A.Fərzəliyevaya çoxsaylı xəsarətlər yetirib, daha sonra başını kəsib.  

B. Fərzəliyev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Bakıda iki avtomobil toqquşub
Nəsimi rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Baku.tv xəbər verir ki, qəza Səməd Vurğun və Ənvər Qasımzadə küçələrinin kəsişməsində qeydə alınıb. 

İlkin məlumata görə, S.Vurğun küçəsilə hərəkətdə olan və taksi fəaliyyəti ilə məşğul olan Anar Ağazadə idarə etdiyi “Opel” markalı nəqliytat vasitəsi sola dönmə əməliyyatı etmək istəyib.  

Bu zaman sürücü küçə ilə yüksək sürətlə hərəkətdə olan Vahid Tahirzadənin idarə etdiyi və taksi fəaliyyəti göstərən “Chevrolet” markalı nəqliyyat vasitəsini gözləməyib. Nəticədə hər iki avtomobil toqquşub.  

Qəza zamanı “Chevrolet” markalı avtomobilin sürücüsü və nəqliyyat vasitəsindəki xanım sərnişin xəsarət alıb. Əraziyə Nəsimi Rayon DYP əməkdaşları cəlb olunub, avtotexniki ekspertiza təyin edilib.  

Yolda sıxlıq yarandığından polis əməkdaşları tənzimləmə işləri aparıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.  

Qazaxda avtomobil çay evinin müştərilərini vurdu
88 yaşlı Nəsibov Ziyad Yusif oğlu xəstəxanada ölüb

Qazaxda avtomobil yol kənarında yerləşən çay evinin müştərilərini vuraraq xəsarət yetirib.

Yol-xeber.az "Report"un Qərb Mərkəzinə istinadən məlumatına görə, hadisə rayonun Aslanbəyli kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2106" markalı avtomobilin idarəetmədən çıxaraq, yol kənarındakı çay evinin müştərilərini vurması nəticəsində 4 nəfər - sürücü, 85 yaşlı Bəhrəmquliyev Osman İsmayıl oğlu və çay evindəki daha 3 müştəri xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıb. Hadisə zamanı xəsarət alan 88 yaşlı Nəsibov Ziyad Yusif oğlu xəstəxanada ölüb. 

 

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti