![]() |
|
Martın 2-si itkin düşən və mayın 14-ü Lənkəranda meyiti tapılan Cəlilabad rayon Muğan kənd sakini 22 yaşlı Könül Ağayevanın nənəsi də vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, amansızlıqla qətlə yetirilmiş qızın nənəsi Gülxara Ağayeva yaşadığı kənddə dünyasını dəyişib.
Məlumata görə, K. Ağayeva nənəsinin himayəsində böyüyübmüş və onunla birgə yaşayırmış. Onun ölümündən əvvəl telefonla danışdığı sonuncu şəxsin də nənəsi olduğu deyilir.
Cəlilabadda qadın mollası kimi tanınan G. Ağayevanın nəvəsinin ölümündən sonra ağır sarsıntı keçirdiyi bildirilir.
Qeyd edək ki, bir neçə gün əvvəl gənc qızın meyiti Lənkəranda Hacı Zeynalabdin Tağıyev küçəsi, 1 ünvanındakı evin zirzəmisində basdırılmış halda aşkarlanıb. Onun qətlində şübhəli bilinən Lənkəran rayon sakini Elvin İsmayılzadə artıq polis tərəfindən saxlanılıb.
K.Ağayeva 4-cü kurs tələbəsi olub.
Bakı şəhəri, Sabunçu rayonun bıçaqlanma hadisəsi baş verib.
Trend xəbər verir ki, Elnur Əliyev yaşadığı evdə nənəsi Laçın Tatilova və arvadı Elminaz Məmmədovaya bıçaqla xəsarət yetirib.
Faktla bağlı cinayət işi başlanıb.
Elnur Əliyev şübhəli şəxs qismində saxlanılıb.
Mayın 18-i saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bəzi yerlərdə arabir yağıntılı olub, şimşək çaxıb, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub, dağlıq ərazilərdə qar yağıb.
Düşən yağıntının miqdarı Qəbələdə 42 mm, Astarada 26 mm, Qaxda 22 mm, Qobustanda 21 mm, Oğuzda 20 mm, Şəkidə 16 mm, Şamaxıda 15 mm, Daşkəsən, Qusarda 14 mm, Şahdağda 13 mm, Zaqatalada 12 mm, Biləsuvarda 12 mm, Qrızda 11 mm, İsmayıllı, Qubada 9 mm, Sabirabad, Lənkəranda 8 mm, Lerik, Yardımlı, Xaltan, Kürdəmir, Göygöl, Balakən, Mingəçevir, Neftçala, Altıağac, Bərdə, Tərtər, Zərdab, İmişli, Ağdam, Şahbuz, Beyləqan, Yevlax, Ağstafa, Ağsu, Şabran, Gədəbəy, Naftalan, Gəncə, Şəmkirdə 7 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 2 mm-dək olub.
Qar örtüyünün hündürdüyü Şahdağda 5 sm, Qaxda 2 sm olub.
Mayın 17-də saat 23:14 radələrində Şəkidə (Kişçay) diametri 25 mm, mayın 18-də saat 02:00 radələrində Zaqatala rayonu Torpaqqala kəndinə isə diametri 25-30 mm dolu düşüb. Goranboy, Naftalan, Tərtər, Şamaxı, Göyçay, Qrız, Lerikdə duman müşahidə olunub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 11, Naxçıvan MR-da və Aran rayonlarında 12, dağlıq rayonlarda 2-5 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə 7 dərəcəyədək şaxta olub
Son bir neçə gündür ölkə ərazisində qeyri-sabit hava şəraiti hökm sürür.
Hər zaman isti hava ilə müşahidə edilən may ayında bu dəfə də qar yağıb.
Naxçıvan rayonun Şərur rayonu ağ örpəyə bürünüb.
Bu barədə "Günə son" proqramında kadrlar nümayiş olunub.
Görüntülərin Şərurun Kərimbəyli kəndində lentə alındığı bildirib.
Sözügedən videonu təqdim edirik:
Ötən gecə Bakı şəhər Binəqədi rayonu Goradil qəsəbəsində ağır yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, gecə saat 01 radələrində 1999-cu il təvəllüdlü Məmmədov Piruz İsa oğlunun idarə etdiyi "Mercedes Benz C 320" markalı avtomobil yol kənarındakı evin daş hasarına çırpılıb.
Nəticədə ön oturacaqda əyləşmiş sərnişin, 2002-ci il təvəllüdlü Həsənov Tofiq Azər oğlu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Sürücü P.Məmmədov və digər sərnişinlər - 1998-ci il təvəllüdlü Piriyev Orxan Fariz oğlu və 1996-cı ildə anadan olmuş Aslanov Allahverdi Sabir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Binəqədi RPİ-də cinayət işi başlanılıb.
Bildirilir ki, qəzaya düşən 4 gənc dost olublar.
Lənkəranda 2 ay əvvəl itkin düşmüş 22 yaşlı Könül Ağayevanın qətlə yetirilməsi ilə bağlı 1 nəfər tutulub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə DİN və Baş Prokurorluq birgə məlumat yayıb.
Bildirilib ki, Lənkəran Rayon Prokurorluğu və Lənkəran Rayon polis Şöbəsinin birgə fəaliyyəti nəticəsində cari ilin mart ayında itkin düşmüş Cəlilabad rayon sakini, 2002-ci il təvəllüdlü Könül Ağayevanın qəsdən öldürülməsi müəyyən edilib.
Həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 2003-cü il təvəllüdlü Lənkəran şəhər sakini Elvin İsmayılzadənin martın 1-də Lənkəran şəhəri ərazisində yerləşən evlərdən birində Könül Ağayevanı boğaraq qəsdən öldürməsi, növbəti gün cinayət hadisəsini gizlətmək üçün tanışı Xəyal Səmədovun köməkliyi ilə Könül Ağayevanın meyitini həmin fərdi yaşayış evinin birinci mərtəbəsində basdırmasına əsaslı şübhələr müəyyən edilib.
Könül Ağayevanın meyitinin basdırıldığı yer müəyyən olunaraq prokuror-kriminalistin və ekspertin iştirakı ilə çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin olunmaqla intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
Elvin İsmayılzadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Bağlı qalmış cinayət işləri, o cümlədən itkin düşmüş şəxslərin axtarışları daim diqqət mərkəzində saxlanılmaqla onların tapılması, cinayət əməlini törədən şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən mütəmadi olaraq birgə tədbirlər davam etdirilir.
Qeyd edək ki, Könül Ağayeva 4-cü kurs tələbəsi olub.
Azərbaycanda “TikTok” şəbəkəsinin geniş vüsət alması bəzi işbazları da hərəkətə keçirtdi. Loru dildə desək, bu platformada izləyicilərin çoxluğu müxtəlif sahələrin, o cümlədən falçı və cadu işləri ilə məşğul olanların işini asanlaşdırdı. Falçılar hətta canlı yayım açaraq “bazar qururlar”. Maraqlısı odur ki, onlara inanıb fala baxdıranlar da kifayət qədərdir.
Digər tərəfdən bu falçıların əməllərindən zərər çəkib pullarını itirənlər də az deyil.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı, polis kapitanı Nurlan Əliyev mövzu ilə bağlı Lent.az-a bildirib ki, həmin işbazların zərərçəkənlərin pullarını ələ keçirdikdən sonra hesablarını blok eləməsi müşahidə olunur:
“Sosial şəbəkələrdə “falçılıq”, “baxıcılıq” və digər adlar altında yerləşdirilən şirnikləndirici elanlarla vətəndaşların aldadılaraq pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı polis orqanlarına daxil olan müraciətlər diqqət mərkəzində saxlanılmaqla araşdırılır.
Bu kimi hallarda özünü “falçı” və “baxıcı” kimi təqdim edən şəxslərin vətəndaşların müxtəlif məbləğlərdə pul vəsaitlərini onlayn köçürmə formasında ələ keçirməsi və məsuliyyətdən yayınmaq üçün həmin şəxslərin hesablarını sonradan bloklaması ilə müşahidə olunur.
Vətəndaşlardan mənimsənilən pul vəsaitlərinin miqdarından asılı olaraq hal barəsində inzibati və yaxud cinayət icraatı açılır. Sosial şəbəkə istifadəçilərinə diqqətli davranmağı, bu tipli elanları paylaşan şəxslərə heç bir halda ödəniş etməməyi və şəxsi məlumatlarını tanımadığı şəxslərlə paylaşmamağı tövsiyə edirik”.
Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Sənan Kərəm oğlu kəskin ürək çatışmazlığı, ürəyin işemik xəstəliyi, miokard infarktından vəfat edib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, xidmətdən kənarda baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.
Nazirliyin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
Allah rəhmət eləsin!
"Hadisənin elektrik şəbəkəsindəki nasazlıq səbəbindən baş verdiyi ehtimal edilir”.
Bunu Bakı Şəhər Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alan olmayıb və fərdi yaşayış evlərinə cüzi ziyan dəyib.
Daha ətraflı Baku TV-nin süjetində:
Bakının Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş verən yanğına görə bağlanan yollar açılıb.
Bu barədə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.
Qeyd olunub ki, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş vermiş yanğın səbəbindən Mirəsədulla Mirqasimov küçəsi və metronun “28 May” stansiyası istiqamətində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.
***
Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş verən yanğın səbəbindən Mirəsədulla Mirqasimov küçəsi və metronun "28 May" stansiyası istiqamətdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.
Bu barədə "Report"a Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Sürücülərdən alternativ yol olaraq Səməd Vurğun və Ceyhun Hacıbəyli kücələrindən istifadə etmələri tövsiyə olunur.
***
Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş verən yanğın səbəbindən metronun "28 May" stansiyası istiqamətdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub.
Bu barədə NİİM məlumat yayıb.
Bildriilib ki, sürücülərdən alternativ yol olaraq Səməd Vurğun və Ceyhun Hacıbəyli kücələrindən istifadə etmələri tövsiyə olunur.