![]() |
|
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov cinayət törətməkdə şübhəli bilinən 55 nömrəli məktəbin direktor müavini Elsevər İslamovla bağlı məsələyə aydınlıq gətirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında bildirib.
“Düşünürəm ki, bu məsələdə hələ tələsməyək, hüquq-mühafizə orqanlarının araşdırmasının yekun nəticəsini gözləyək. Bu şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və cinayət məsuliyyətinə cəlb olunub. Ümid edirəm ki, ədalətli qərar olacaq”, - o vurğulayıb.
E.Bağırov, həmçinin əlavə edib ki, E.İslamov uzun müddətdir direktorun təsərrüfat işləri üzrə müavini kimi fəaliyyət göstərib, pedaqoji fəaliyyətlə məşğul olmayıb.
Qeyd edək ki, təxminən 1 həftə öncə itkin düşdüyü bildirilən Müsavat Partiyasının fəalı Natiq Mehdi qətlə yetirilib. Baş Prokurorluq və DİN-in birgə yaydığı məlumata əsasən, onun iş yoldaşı 1966-cı il təvəllədlü İslamov Elsevər Eldar oğlu tərəfindən şəxsi münasibətlər zəminində öldürməsinə və Xəzər rayonu ərazisində basdırılmasına əsaslı şübhələr müəyyən edilib.
Hadisəni törətməkdə şübhəli bilinən Elsevər İslamov Xətai rayonunda yerləşən 55 nömrəli məktəbin direktorunun təsərrüfat işləri üzrə müavini (təsərrüfat müdiri) olub.
Natiq Mehdi isə həmin məktəbdə mühafizəçi vəzifəsində çalışırmış.
Biləsuvar rayonunda ağır yol qəzası baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar-Bəhramtəpə yolunun Ağayrı kəndindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, hadisə zamanı 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb. Yaralılar rayon xəstəxanasına çatdırılıb.
Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Qusar rayonunda ağacların qanunsuz kəsilməsi barədə daxil olmuş məlumatlar əsasında Baş Prokurorluqda araşdırma aparılıb.
Ölkə.az prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, araşdırmalarla vəzifəli şəxslər tərəfindən səlahiyyətlərindən sui-istifadə edilərək çoxillik ağaclarla əhatə olunmuş meşə fonduna aid 22,3 hektar (ha) torpaq sahəsinin təyinatının əsassız şəkildə dəyişdirilib yaşayış məntəqələrinin torpaqları kimi Qusar şəhər bələdiyyəsinin balansına verilməsi məlum olub. Həmçinin meşə fondunun ziyan və itkisinin natamam və qeyri-dəqiq hesablanmasına, vəzifə saxtakarlığına yol verilərək torpaq sahəsinin qanunsuz olaraq müxtəlif vətəndaşlara satılmasına, habelə torpaq sahələrində müxtəlif diametrli və cinsli ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə külli miqdarda ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Qeyd olunanlar hadisə yerinə baxış və istintaq hərəkəti protokolları, fotoşəkillər, videgörüntülər, müxtəlif dövlət qurumlarının rəyləri, izahatlar və toplanmış digər sənədlərlə təsdiq olunub.
Toplanmış material əsasında Cinayət Məcəlləsinin 259.2.4 (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı) və 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb və ibtidai istintaqın aparılması Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə tapşırılıb.
Cinayət işi nəzarətdə saxlanılmaqla görülmüş tədbirlər, eləcə də ibtidai istintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətin məlumatlandırılması təmin ediləcək.
Qeyd edək ki, daha öncə sosial şəbəkələrdə Qusar şəhər meşəsində villa tikmək üçün ərazinin satılması ilə bağlı iddialar yayılmışdı. Bildirilirdi ki, bunun üçün 4000-dən artıq ağac kəsilmək üçün işarələnib. Artıq bəzi ağacların kəsildiyi, köklərindən çıxardılaraq meşənin içərisində gizlədildiyi və tikinti işlərinə başlanıldığı vurğulanmışdı.
Aparıcı Sevinc Telmanqızı TV Müsavat-ın canlı efirində hoteldə zəhərlənən dörd dostla bağlı danışıb.
Musavat.com xəbər verir ki, Sevinc Telmanqızı ilkin məlumatları və ekspertlərin söylədiyi müxtəlif versiyaları səsləndirib.
Qeyd edək ki, Qaradağ rayonu Lökbatan qəsəbəsində yaşayan 1998-ci il təvəllüdlü Kənan Mustafayev, 1993-cü il təvəllüdlü Orxan Əmirov, 1991-ci il təvəllüdlü Nicat Cabbarlı və 1998-ci il təvəllüdlü Xəzər Cabbarlı mayın 6-na keçən gecə istirahət məqsədilə hotelə gəliblər. Bir qədər sonra dostlar özlərini pis hiss etməyə başlayıb və vəziyyətləri ağırlaşıb.
Sumqayıtda ana və iki azyaşlı övladı 11 gündür ki, itkin düşüblər.
Hadisə dördüncü mikrorayonda, 24 saylı binada qeydə alınıb.
Onlar sonuncu dəfə mayın 2-də şəhərin təhlükəsizlik kamerasına düşüblər.
Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində fərdi yaşayış evində yaşayan Sənəm Həsənova polis bölməsinə müraciət edərək bildirib ki, mayın 2-də 33 yaşlı gəlini Şəbnəm Alıyeva azyaşlı iki övladı - 12 yaşlı Ayanı və 11 yaşlı Ayxanı yaşadıqları evdən götürərək gedib və bir daha geri qayıtmayıb.
"Gəlinin özünün problemi yox idi. Deyilənə görə, oğlu xəstədir, bəlkə də, ona görə dərddən başını götürüb qaçıb. Yoldaşı Rusiyaya işləməyə gedib. Çox yaxşı ailədir. Bir il olar ki, buraya köçüblər. Bu müddət ərzində onların səsini eşitməmişik”, - qonşusu söyləyib.
Daha ətraflı Baku TV-nin süjetində:
Bu gün Zaqatalada baş verən dəhşətli qəzada ölənlərdən biri qazi olub.
Lent.Az bildirir ki, qəzada həlak olan Samir Həsənov həm də Zaqatala rayonu, Bəhmətli kənd orta məktəbində hərbi hazırlıq müəllimi vəzifəsində çalışırmış.
***
Mayın 13-də saat 17 radələrində Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisində “VAZ-21013” markalı avtomobilin sürücüsü, 1981-ci il təvəllüdlü Zaur Heydərovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolayrıcında dayanan “Chevrolet” markalı avtomobilə çırpılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Ölkə.az-a bildirilib ki, nəticədə sürücü və sərnişini, 1993-cü il təvəllüdlü Samir Həsənov xəstəxanada ölüb, digər sərnişin Ramil Əliyev isə xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb.
İkisi azyaşlı olmaqla beş nəfər ailə üzvünü amansızlıqla öldürməkdə ittiham olunan Əhməd Əhmədovun psixoloji vəziyyəti ilə bağlı yekun ekspertiza rəyi açıqlanıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, prokurorluğun etirazı əsasında keçirilən budəfəki ekspertiza rəyi də Əhməd Əhmədovun anlaqsız olduğu qənaətinə gəlib.
Rəydə qeyd olunur ki, təqsirləndirilən şəxs hadisəni törədərkən anlaqsız vəziyyətdə olub.
Məlumat üçün deyək ki, bundan əvvəlki ekspertiza rəyi də hazırkı ilə eyni olmuşdu.
Bundan sonrakı mərhələdə Ə.Əhmədova yekun ittiham elan ediləcək, cinayət işi baxılması üşün məhkəməyə göndəriləcək.
Məhkəmə də təqsirləndirlən şəxsin hadisəni anlaqız vəziyyətdə törətdiyi qənaətinə gəlsə Əhməd Əhmədov cəzadan azad ediləcək. Lakin o, azadlığa buraxılmayacaq, barəsində ixtisaslaşmış tibb müəssisəsində məcburi müalicə təyin ediləcək.
Sədərək Ticarət Mərkəzində yerləşən mebel anbarlarından birində yanğın başlayıb.
Həmin görüntüləri təqdim edirik:
Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icra edirlər.
DİN-dən verilən məlumata görə, müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.
Həyata keçirilən tədbirlərlə 4-10 may tarixlərində polis əməkdaşları tərəfindən təkcə Xankəndi şəhəri ərazisindən 38 avtomat silahı, 8 tapança, 14 tüfəng, 1 qumbaraatan, 23 qumbara, 23 alışdırıcı, 136 patron darağı, 21.040 ədəd müxtəlif çaplı patron, 5 trotil, 27 ədəd süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.
Ağdərə rayonu ərazisindən isə 5 avtomat silahı, 18 patron darağı və 290 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.