Paytaxt yollarında tıxacı yük maşınları yaradır?

“Daxil olan müraciətlər sırasında, xüsusilə yük avtomobillərinin paytaxt yollarında hərəkəti ilə bağlı qaldırılan məsələlər nəzərdən keçirilib”.

Bu barədə “Qafqazinfo”ya açıqlamasında Bakı şəhəri Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib

Onun sözlərinə görə, yük avtomobillərinin paytaxt yollarında hərəkəti müvafiq qərar və qərara edilən dəyişikliklər əsasında müəyyən olunub:

“İlk baxışdan yük avtomobilllərinin hərəkəti ilə bağlı iradları, subyektiv fikirləri mətbuatın, sosial şəbəkələrin dövriyyəsinə verməzdən əvvəl nəzərə alınmalıdır ki, həmin yük avtomobilləri xüsusi təyinatlı, qəza-bərpa və xilasedici, kənd təsərrüfatı məhsullarını daşıyan bütün növ nəqliyyat vasitələrinin hərəkətinə istisnasız olaraq icazə verilir. 

Yük avtomobillərinin “Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 30 iyun 2015-ci il tarixi qərarı əsasında, 09 mart 2016-cı il əlavə dəyişikliklərinə uyğun hərəkəti təmin olunur”.

V.Əsədov qeyd edib ki, qərara əsasən, xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici, həmçinin kənd təsərrüfatı məhsullarını daşıyan bütün növ nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, icazə verilən maksimum kütləsi 5 tondan artıq olan yük avtomobillərinin hərəkəti Bakı şəhərində mayın 1-dən oktyabrın 1-dək səhər saat 07:00-dan axşam saat 22:00-dək, oktyabrın 1-dən mayın 1-dək səhər saat 07:00-dan axşam saat 21:00-dək məhdudlaşdırılır. Gündüz saatlarında kütləsi 5 tondan artıq olan yük avtomobillərinin hərəkəti isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası ilə razılaşdırılmaqla, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin xüsusi icazələri əsasında təşkil edililir. 

“Qeyd edilənləri nəzərə alaraq, hər bir hərəkət iştirakçısı – sürücü, piyada yollarda şəxsi maraqlarını yox, bütün cəmiyyətimiz üçün adi həyat norması olan qanunlara ehtiramla yanaşmalıdır”, - deyə o söyləyib.

 

“Babək”də 20 gün əvvəl istifadəyə verilən yol sökülür

2018-ci ilin fevral ayından təmirə bağlanan Babək prospektində tikinti-bərpa işləri davam etdirilir. Diqqətçəkən məqam yolun 20 gün əvvəl istifadəyə verilən hissəsində söküntü işlərinin aparılmasıdır. Belə ki, təmir zamanı ikiyolayırıcı hissənin çıxıntısı əsas yolun az qala yarısını tuturdu. Bu isə nədənsə yol təmir olunandan sonra yada düşüb. Və həmin hissədə asfalt örtük, eyni zamanda işıq dirəyinin ətrafındakı yeni səki daşları sökülüb. Hazırda yolun həmin hissəsi genişləndirlərək, təmir edilir.

Məsələ ilə bağlı Modern.az-ın suallarını cavablandıran Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib ki, bu işlər vətəndaşların təhlükəsizliyi baxımından həyata keçirilir:

“Belə ki, şəhər şəraitində, hərəkət intensivliyinin çox olduğu şəraitdə həmin hissələrdə olan çıxıntılar təhlükəsizliyi tam təmin edə bilmədiyi üçün daha da təkmilləşdirilərək təhlükəsiz hala gətirilir. İşlər əlavə vəsait xərclənmədən icra olunur”.

 

Qurum rəsmisi təmir edilmiş hissənin sökülməsini və yolun yenidən genişləndirilməsini belə izah edib:

“Təmirdən sonra aparılan araşdırmalarda yolun çıxıntısız vəziyyətdə daha təhlükəsiz olacağı qənaətinə gəlinib”.

A.Nəcəfli eyni zamanda bildirib ki, Babək prospektinin 6 kilometrlik hissəsində işlər yekunlaşıb:

“Ümumilikdə yenidənqurma işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılır. Belə ki, prospekt boyunca qaz xətləri, təqribən istismar müddəti bitmiş 20 km uzunluğunda müxtəlif diametrə malik su xətləri, həmçinin 4 km-ə yaxın müxtəlif diametrli kanalizasiya xətləri yeniləri ilə əvəzlənir.  

Bundan başqa aparılan yenidənqurma zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi də bərpa olunur, zəruri olan yerlərdə yeni sistem qurulur. Bu işlərə uyğun olaraq prospektdə 99 nöqtədə kanalizasiya xətlərinin baxış qapaqları da yenilənir.

Layihəyə uyğun olaraq prospekt boyu vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün köhnə piyada səkiləri bərpa olunur və 15 200 kv.m sahədə yeniləri tikilir, mövcud yol ayrıcı da sökülərək yenidən qurulur. Yol ayrıcının eninin kiçildilməsi prospektin hərəkət hissəsinin genişləndirilməsinə imkan yaradır. Belə ki, prospektin bir istiqamət üzrə hərəkət hissəsi 16 metrə qədər genişləndirilir. Yeni tikilən yol ayrıcının və piyada səkilərinin kənarlarına 26 350 p-metr uzunluğunda yeni səki daşları düzülür.

Yolun hərəkət hissəsi bərpa olan ərazilərə yeni asfalt-beton örtüyünün döşənməsi işləri davam etdirilir. Belə ki, prospektin 323 609 kv.m sahəsinə 3 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.

Həmçinin prospektin yenidənqurulması zamanı avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədi ilə 22 yerdə xüsusi “cib”li hissələr tikilir,  avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə geriyə dönməsi üçün əlavə zolaqlar və geridönmə hissələr yaradılır.

Tikinti layihəsi çərçivəsində hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr, həmçinin yolun işıqlandırılması üçün yol ayrıcında ikitərəfli yeni işıqlandırma sistemi qurulacaq, yolcizgi və yolgöstərici xətlər çəkiləcək.

Bütün işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılır. Babək prospektində müasir yol infrastrukturunun yaradılması paytaxt Bakının nəqliyyat yükünün azaldılmasında əhəmiyyətli dərəcədə təsir etmiş olacaq. Ümumilikdə yenidənqurma işlərinin cari ilin sentyabr-oktyabr aylarında yekunlaşdırılması nəzərdə tutulub”.

Qeyd edək ki, Prezident İlham Əliyev imzaladığı sərəncamla Babək prospektinin yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 20,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

 

“Piyada səkiləri ya zəbt edilib, ya da...”

 

“Paytaxtın bir çox küçələrində piyada səkiləri ya iaşə, xidmət və ticarət obyektləri tərəfindən zəbt edilib, ya da ümumiyyətlə standartlara cavab vermir”.

Bu sözləri Bakı Nəqliyyat Agentliyinin Nəqliyyat infrastrukturunun təşkili şöbəsinin müdiri Fuad İsmayılov piyada səkilərinin vəziyyəti ilə bağlı keçirilmiş mətbuat konfransında deyib. Şöbə müdiri bildirib ki, bir müddətdir ki, Bakı şəhərində piyada səkilərinin təhlil edilməsi işlərinə başlanılıb. Artıq paytaxtın Səbail, Nəsimi, Yasamal, Binəqədi və Nərimanov rayonları bütünlüklə təhlil edilib:

“Nizami rayonununun isə, hələ ki, yalnız Qara Qarayev prospektində analoji işlər aparılıb. Əldə etdiyimiz nəticələr vəziyyətin kifayət qədər ürəkaçan olmadığını deməyə əsas verir. Müəyyən edilib ki, bir çox küçələrdə piyada səkiləri ya iaşə, xidmət və ticarət obyektləri tərəfindən zəbt edilib, ya da ümumiyyətlə standartlara cavab vermir. Bu da piyadaların təhlükəsizliyinin təmin edilməsində bir sıra çətinliklər ortaya çıxarır. Belə ki, bu cür hallarda piyadalar yolun hərəkət hissəsinə çıxmağa məcbur olduğundan yol nəqliyyat hadisələrinin baş vermə riski artır”. 

 

Qeyd olunub ki, Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına əsasən, yerli əhəmiyyətli küçə və yollarda səkinin piyada hissəsinin eni 1,5 metrdən az olmamalıdır.

Hazırda aşkar edilən çatışmazlıqların aradan qaldırılması istiqamətində konkret addımlar atılır. Təhlillərin nəticələri müvafiq olaraq, rayon icra hakimiyyətlərinə məktub vasitəsi ilə təqdim edilib. Artıq Nəsimi rayonunda qanunsuz olaraq müxtəlif obyektlər tərəfindən zəbt edilən səkilərin standartlara uyğunlaşdırılması və piyadaların rahat hərəkətinin təmin edilməsi məqsədilə işlərə başlanılıb. Bununla yanaşı, Nizami rayonu Qara Qarayev prospektinin müəyyən hissəsində də səkilərin piyadaların hərəkəti üçün uyğun vəziyyətə gətirilməsi işləri görülməkdədir.

 

Bakıda qoyunları daşıyan yük maşını aşdı 

Bakıda yol qəzası baş verib.

Hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində, Ramiz Qəmbərov küçəsində qeydə alınıb.

 Belə ki, “Mercedes” markalı, 90 XU 259 nömrəli dövlət qeydiyyat nişanlı yük maşını idarəetmədən çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsinin yük yerində olan 3 baş xırdabuynuzlu heyvan tələf olub, 2 baş iribuynuzlu heyvan isə sağ qalıb.

Faktla bağlı araşdırma aparılır.

 




 

 

Zərdabda çobanlar “Jeep”lə qəzaya düşdülər

Zərdab şəhərinin girəcəyində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yüksək sürətlə hərəkətdə olan “Jeep” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb.

Nəticədə maşında olan 3 nəfər xəsarət alıb. Onlardan birinə yerindəcə tibbi yardım göstərilib. Vəziyyətləri ağır olan iki nəfər - 1993-cü il təvəllüdlü Gəncə şəhər sakini Paşazadə Toğrul Xalid oğlu və onun həmyerlisi Kazımov Ümid Şəmil oğlu Zərdab Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralılardan Toğrul Paşazadənin vəziyyəti ağır olduğu üçün az sonra təcili paytaxtın tibb müəssisələrindən birinə yola salınıb. Əldə edilən məlumata görə, o, kəllə-beyin travması alıb, kəllə-beyin sümükləri sınıb və daxili qanaxma yaşayıb.
Qəzaya düşmüş şəxslər Zərdab rayonunda yerləşən fermalardan birinin çobanlarıdır.

 

Lənkəranda qəza

 Lənkəranda yol-nəqliyyat hadisəsində 6 nəfər xəsarət alıb.

Hadisə Ələt-Astara magistralının Lənkəran rayonu Şiləvar kəndindən keçən hissəsində baş verib. Astara rayon sakini 1990-cı il təvəllüdlü Ağazadə Rəhman Sadiq oğlunun idarə etdiyi “Niva“ markalı avtomaşın, Lənkəran rayon Digah kənd sakini 1988-ci il təvəllüdlü Həsənov Röyal Kamil oğlunun idarə etdiyi “Wolsvagen” markalı minik avtomaşını ilə toqquşub. Nəticədə hər iki sürücü və “Niva”-da olan sərnişinlər: 1957-ci il təvəllüdlü Muradov Elsevər Mükərrəm oğlu, 1965-ci il təvəllüdlü Ağayev Sadıx Nöbək oğlu, 1966-cı il təvəllüdlü Muradova Sevil Mükərrəm qızı, 1966-cı il təvəllüdlü Muradov Mehman Nafe oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 

“Wolsvagen”-in sürücüsü R.Həsənov və “Niva”-kı sərnişin E.Muradovun vəziyyətləri daha ağır olduğundan reanimasiya şöbəsinə yerləşdiriliblər. 

 

Bakıda 108 sərxoş sürücü...

Ötən həftə Bakı şəhərində yollarda təhlükəsizliyin təmin edilməsi ilə bağlı yol polisi əməkdaşları tərəfindən xidmət aparılan zaman 108 sərxoş sürücü aşkarlanıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov əlavə edib ki, polisin qanuni tələbini yerinə yetirməyən, yəni saxlama işarəsinə əməl etməyən 51 sürücü, işıqforun qadağanedici işarəsində hərəkət edən 907 sürücü, sərnişindaşıma qaydalarını pozan 273 sürücü, yolayrıcının keçmə qaydasını pozan 4219 sürücü aşkarlanıb.

Bölmə rəisi vurğulayıb ki, ümumilikdə ötən həftə ərzində 13 mindən artıq inzibati protokol tərtib olunub.

 

Şəhərətrafı marşrutlar üzrə yeni qiymətlər

Şəhərətrafı və qəsəbələrarası marşrutlar üzrə sərnişindaşımanın yeni tarifləri açıqlanıb.

Bakı Nəqliyyat Agentliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, 125 və 199 nömrəli şəhərətrafı marşrutların nağdısz ödəniş sistemi ilə fəaliyyət göstərməsi nəzərə alınaraq, gediş haqqı tarifi 0.35 manat səviyyəsində müəyyən edilib.

 

“28 May” metrostansiyası - Hava Limanı istiqamətində fəaliyyət göstərən H1 nömrəli ekspress marşrutun tarifində dəyişiklik edilməyib. Həmin marşrut üzrə gediş haqqı tarifi 1.30 manat təşkil edir.

 


 

 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6–18-ci kilometrlik hissəsinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, sözügedən yolun ilkin mərhələdə 6-11-ci km-lik hissəsində, daha dəqiqi Bakı Beynəlxalq Avtovağzalı kompleksinin qarşısından Xırdalan dairəsinədək və əks istiqamətdə olan hissəsində təmir-tikinti işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb. 

 

Yolun uzun müddət (2008-ci ildən) istismar olunmasına baxmayaraq təmir olunmaması, asfalt-beton örtüyünün intensiv hərəkət nəticəsində və təbii təsirlərdən üst qatının aşınmaya məruz qalması, üstəlik yol ayrıcında əyri-xətli dəmir tirlərin sökülərək yolun bu hissəsində, həmçinin kənar hissələrdə də genişləndirilməsindən sonra asfalt örtükdə yaranan deformasiyalar səbəbindən Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6–18-ci kilometrlik hissəsinin yenidən qurulmasına ehtiyac yaranmışdı.

  

Bu səbəbdən də iyun ayının 27-dən etibarən sözügedən hissədə təmir işlərinə start verilmişdi. Yenidənqurma işləri çərçivəsində avtomobil tunelinin çıxışından Xırdalan dairəsinə qədər və əks istiqamətdə olan hissədə yolun aşınmaya və deformasiyaya məruz qalan asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə yol əsasında əlavə kipləşdirmə işləri aparılıb və yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilib. Ümumilikdə bu işlər 170 min kv.m-dən çox ərazini əhatə edib.

 

Bu istiqamət üzrə hərəkət intensivliyi nəzərə alınaraq yenidənqurma işlərinin 1-ci mərhələ üzrə yekunlaşdırılması üçün əraziyə lazımi sayda texnika və canlı qüvvə cəlb olunmuşdu.

 

Təmir işlərinin aparıldığı ərazi boyu zəruri olan yerlərində yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər çəkilib.

 

Bütün işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında texnoloji ardıcıllığa uyğun olaraq yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb və yolun bu hissəsi müasir görkəmdə sürücülərin istifadəsinə verilib.

 

Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun qalan 11–18-ci kilometrlik hissəsinin yenidən qurulması işlərinin tərtib olunmuş qrafikə uyğun digər mərhələlər üzrə hissə-hissə davam etdirilməsi nəzərdə tutulub.

 

 
 


Daha bir nəfər Zaqatala rayonunda itkin düşüb.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, 24 iyul axşam saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 1982-ci il təvəllüdlü İbrahimov Qurban İbrahim oğlu 21 iyul 2018-ci il tarixində Zaqatala rayonunun Car kəndi yaxınlığındakı dağlıq ərazidə naməlum şəraitdə itkin düşüb

Ardını oxu...

Xəbər lenti