|
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi avtomobil sahiblərinə, sürücülərə müraciət edib.
İdarədən verilən məlumata görə, müraciətdə deyilir ki, yay mövsümünün başa çatması, yeni dərs ilinin başlanmasına iki həftə vaxt qalması, bölgələrdə istirahət edən vətəndaşların Bakıya qayıtması artıq paytaxtın bəzi küçə və prospektlərində hərəkətin intensivliyini artırıb. Bəzən isə sıxlıq və tıxac problemini ortaya çıxarır.
Bunu nəzərə alaraq DYP sürücülərə tövsiyə edir ki, avtomobili qadağan olunmuş ərazilərdə saxlamasınlar:
"Eyni zamanda parkinqlərdə ikinci və üçüncü cərgədə maşın saxlamaq olmaz. Parkinq ərazisində avtomobilin saxlanılması qaydalarına ciddi riayət edilməlidir. Avtobus dayanacağında, səkilərdə və digər ərazilərdə nəqliyyat vasitələrinin park edilməsi yol hərəkəti haqqında qanunun tələblərinin kobud şəkildə pozulmasıdır, inzibati məsuliyyət yaradır. Piyada səkilərində maşınlar park edilir ki, bu da piyadaların hərəkətinə maneə yaradır. Bir daha xatırladırıq ki, “Yol hərəkəti haqqında” qanunun 52-ci maddəsində dayanma-durma, 53-cü maddəsində isə parklanma qaydaları və tələblər əksini tapıb. Xahiş edirik ki, hər bir sürücü funksional vəzifələrini düzgün icra etsin və digər hərəkət iştirakçılarını da nəzər alsın”.
Gədəbəy rayonunda yol qəzası baş verib.
Rayonun Qaradağlı kəndində “VAZ” markalı minik avtomobili idarəetməni itirərək ağaca çırpılıb.
Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılmış vəziyyətdə qalmış 2 nəfəri deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.
“Report”un məlumatına görə, "VAZ" markalı avtomobilin idarəetmədən çıxaraq ağaca çırpılması nəticəsində iki nəfər - 2002-ci il təvəllüdlü Zəhmət kənd sakini Əliyev Təbriz Pənah oğlu və 1998-ci il təvəllüdlü Xarxar kənd sakini Abdullayev Samir Teymur oğlu hadisə yerində ölüb.
Avtomobildə olan 2001-ci il təvəllüdlü Rəşad Rəhimov isə müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Bu gün Şamaxı rayonunun Pirqulu kəndinə gedən yolda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Kəndə xəstə yanına çağrılan "təcili yardım" maşını yüksək sürətlə hərəkətdə olarkən qaşısına çıxan minik maşını ilə toqqaşıb.
Qəza zamanı "təcili yardım" maşınında olan 1985-ci il təvəllüdlü həkim Əliyev Hikmət Seyidməmməd oğlu və 1954-cü il təvəllüdlü feldşer Xəlilov Zahid Hacıməmməd oğlu xəsarət alıb. Onlardan H.Əliyev Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Avqustun 26-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni salınan Dəmirçi-Lahıc avtomobil yolunun açılışında iştirak ediblər.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov yolun göstəriciləri barədə məlumat verib.
Məlumat verilib ki, Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən yolun uzunluğu 22 kilometrdir. Yol uzun müddət təmir olunmadığı və burada yola asfalt qatı vurulmadığı üçün hərəkət hissəsi sıradan çıxmışdı.
Prezidentin müvafiq sərəncamlarına əsasən, Şamaxı rayonunun 1 və İsmayıllı rayonunun 4 yaşayış məntəqəsini əhatə edən Dəmirçi-Lahıc yolunun tikintisinə müvafiq olaraq prezidentin ehtiyat fondundan 3 milyon, dövlət büdcəsinin investisiya xərclərindən isə 13,7 milyon manat olmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ümumilikdə 16,7 milyon manat ayrılıb. Görülən işlər nəticəsində Dəmirçi-Lahıc avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Yolun hərəkət hissəsinin eni 6 metr, çiyinlər də daxil olmaqla yol yatağının eni 8-10 metr təşkil edir. Yol üzərində müxtəlif diametrli suötürücü borular tikilib ki, onların da ümumi uzunluğu 210 metr təşkil edir. Avtomobil yolunda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi və yolgöstərici xətlər çəkilib, həmçinin avtobus dayanacaqları tikilib.
Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib və yolun rəsmi açılışı olub.
Bərdə rayonunda zəncirvari avtomobil qəzası baş verib, xəsarət alanlar var.
Hadisə rayonun Cəyirli kəndində qeydə alınıb
Hərəkətdə olan “VAZ-21011” markalı avtomobillə “Mercedes“ və “VAZ-21-099” markalı avtomobillər bir-birinə deyib. Qəza zamanı “VAZ-21011” markalı avtomobilin sürücüsü və 2 sərnişini müxtəlif bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
“Paytaxtın bir çox küçələrində piyada səkiləri ya iaşə, xidmət və ticarət obyektləri tərəfindən zəbt edilib, ya da ümumiyyətlə standartlara cavab vermir”.
bu sözləri Bakı Nəqliyyat Agentliyinin Nəqliyyat infrastrukturunun təşkili şöbəsinin müdiri Fuad İsmayılov piyada səkilərinin vəziyyəti ilə bağlı keçirilmiş mətbuat konfransında deyib. Şöbə müdiri bildirib ki, bir müddətdir ki, Bakı şəhərində piyada səkilərinin təhlil edilməsi işlərinə başlanılıb. Artıq paytaxtın Səbail, Nəsimi, Yasamal, Binəqədi və Nərimanov rayonları bütünlüklə təhlil edilib:
“Nizami rayonununun isə, hələ ki, yalnız Qara Qarayev prospektində analoji işlər aparılıb. Əldə etdiyimiz nəticələr vəziyyətin kifayət qədər ürəkaçan olmadığını deməyə əsas verir. Müəyyən edilib ki, bir çox küçələrdə piyada səkiləri ya iaşə, xidmət və ticarət obyektləri tərəfindən zəbt edilib, ya da ümumiyyətlə standartlara cavab vermir. Bu da piyadaların təhlükəsizliyinin təmin edilməsində bir sıra çətinliklər ortaya çıxarır. Belə ki, bu cür hallarda piyadalar yolun hərəkət hissəsinə çıxmağa məcbur olduğundan yol nəqliyyat hadisələrinin baş vermə riski artır”.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına əsasən, yerli əhəmiyyətli küçə və yollarda səkinin piyada hissəsinin eni 1,5 metrdən az olmamalıdır.
Hazırda aşkar edilən çatışmazlıqların aradan qaldırılması istiqamətində konkret addımlar atılır. Təhlillərin nəticələri müvafiq olaraq, rayon icra hakimiyyətlərinə məktub vasitəsi ilə təqdim edilib. Artıq Nəsimi rayonunda qanunsuz olaraq müxtəlif obyektlər tərəfindən zəbt edilən səkilərin standartlara uyğunlaşdırılması və piyadaların rahat hərəkətinin təmin edilməsi məqsədilə işlərə başlanılıb. Bununla yanaşı, Nizami rayonu Qara Qarayev prospektinin müəyyən hissəsində də səkilərin piyadaların hərəkəti üçün uyğun vəziyyətə gətirilməsi işləri görülməkdədir.
“Xətai” metrostansiyası təmirə bağlanacaq.
Bunu “Sputnik Azərbaycan”a “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, stansiyada 3 köhnə eskalator 4 yeni eskalatorla dəyişdiriləcək:
“Bu vaxtadək işlər mərhələli şəkildə aparıldığından stansiya sərnişinlər üçün açıq olub”.
Təmir işlərinə sentyabrın ikinci yarısında başlanılacaq.