Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun 2020-ci il sentyabrın 27-də başladığı haqq savaşı əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin xain hücumları nəticəsində ölkəmizin bir çox dinc şəhər və rayonları raket atəşinə tutularaq insanlıq əleyhinə cinayətlər törədildi ki, bu cinayətlər nəticəsində günahsız vətəndaşlarımız vəhşicəsinə qətlə yetirildi, mülki obyektlərə, fərdi yaşayış evlərinə və infrastruktura ciddi zərər vuruldu.

 

Dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə dövlətimizin başçısının 2020-ci il 6 noyabr tarixli müvafiq Sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının fəaliyyəti nəticəsində qısa müddət ərzində qiymətləndirmə və təmir-tikintinin ilkin planlaşdırılması işləri aparılıb.

 

Hazırda bu çərçivədə 11 şəhər və rayon ərazisində bərpa və yenidənqurma işləri davam etdirilir ki, bu ərazilərimizdən biri də Vətən müharibəsi zamanı daha çox ziyan görməsinə baxmayaraq, düşmən hücumları ilə qəhrəmanlıqla mübarizə aparan Tərtərdir.

 

Tərtər ərazisində düşmən hücumları nəticəsində yol infrastrukturuna da böyük ziyan dəyib ki, hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bu istiqamətdə təmir-bərpa işlərinə start verilib. Təmir-bərpa işlərinin qısa müddət ərzində yekunlaşdırılması üçün agentlik tərəfindən kifayət qədər texnika və canlı qüvvə səfərbər olunub.

 

Düşmənin təmas xəttindən aralıda dinc əhalinin yaşadığı əraziləri intensiv raket və artilleriya atəşinə tutması nəticəsində Tərtər rayonu ərazisində 1 respublika əhəmiyyətli, 6 yerli əhəmiyyətli avtomobil yoluna, həmçinin şəhər daxilində 5 küçənin yol örtüyünə ziyan dəyib.

 

Yol infrastrukturuna dəyən ziyanın aradan qaldırılması məqsədilə artıq rayon ərazisindən keçən respublika əhəmiyyətli Bərdə-İstisu avtomobil yolunda aparılan bərpa işləri layihəsinə uyğun olaraq yolun 4.1 kilometrlik hissəsində frezlənmə işləri aparılıb, mövcud yol örtüyü və zəruri olan yerlərdə yol yatağının yararsız qruntu mexanizmlə qazılaraq çıxarılıb və kənara daşınıb, torpaq yatağının bərpası üçün yolboyu yararlı material tökülərək kipləşdirmə işləri görülüb. Hazırda sözügedən işlərin davamı olaraq yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.

 

Respublika əhəmiyyətli Bərdə-İstisu avtomobil yolunun Tərtər şəhərindən keçən hissəsində aparılan təmir-bərpa işlərinin ardınca respublika əhəmiyyətli digər yolun, Tərtər-Hindarx avtomobil yolunun təmiri işlərinə başlanacaq.

 

Bundan başqa yerli əhəmiyyətli avtomobil yollarının təmir və bərpası istiqamətində də işlər aparılıb. Belə ki, yerli əhəmiyyətli Kovdadıq - Rəcəbli, Seydimli və Düyərli yolları təmir edilib. Növbəti mərhələdə yerli əhəmiyyətli Buruc-Gülabatlı, Qaraqoyunlu – Küçərli və Bəyim-Sarov avtomobil yollarının təmiri həyata keçiriləcək.

 

Ardıcıl olaraq Tərtər rayonunun intensiv raket və ağır artilleriyadan atəşə tutulması nəticəsində zərər görmüş şəhərdaxili Şah İsmayıl Xətai, Elman Səfərov, Şıxəli Qurbanov, Mübariz İbrahimov və Famil Qulami küçələrində də təmir-bərpa işlərinin aparılması nəzərdə tutulur.

 

Bütün işlər mövcud “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır.

 

BÜTÜN YOLLAR QARABAĞA APARIR...

 
 

Prezident İlham Əliyevin Ağcabədi rayonunun Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun tikintisi ilə bağlı Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müvafiq yenidənqurma işləri son mərhələ üzrə davam etdirilir. 

 

Qeyd edək ki, uzunluğu 41 km olan və Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd marşrutu üzrə yaşayış məntəqələrinə gedən avtomobil yolları başlanğıcını respublika əhəmiyyətli Mingəçevir-Stansiya Mingəçevir-Bəhramtəpə avtomobil yolunun müxtəlif km-lik hissələrindən götürür.

 

Avşar, Salmanbəyli, Aşağı Avşar və Xocavənd kəndlərinə gedən yollar əsasən çınqıl örtüklü və torpaq əsaslı olduğundan təbii faktorların, suvarma və qrunt sularının təsirindən yararsız vəziyyətdə idi, torpaq yatağının eni normativlərə cavab vermirdi və yolun bir çox hissəsində təbii relyef ilə eyni səviyyədə idi. Bu səbəbdən yolun torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılaraq əsaslı şəkildə təmirinə ehtiyac var idi.

 

Dövlət başçısının müvafiq sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Azəryolelmitətdiqatlayihə İnstitutu” MMC tərəfindən avtomobil yollarının V texniki dərəcədən IV texniki dərəcəyə uyğun təkmilləşdirilməsi məqsədilə yol layihəsi hazırlandı. Layihəyə uyğun olaraq yolun bir-neçə marşrut üzrə yenidən qurulmasına start verildi. Bu Avşar, Salmanbəyli, Aşağı Avşar və Xocavənd kəndlərinə gedən 27.4 km uzunluğa malik yollar, həmçinin 5.6 km Avşar, 2.9 km Salmanbəyli, 4.5 km Aşağı Avşar və 0.6 km Xocavənd kəndlərinin daxili yolları idi.

 

Layihənin birinci mərhələsi üzrə aparılan işlər çərçivəsində ilk olaraq Avşar kəndinə gedən 10 km-lik yolun, həmçinin kəndin 5.6 km-lik daxili yollarının yenidən qurulmasına başlanıldı.

 

Aparılan yenidənqurma işləri çərçivəsində yararsız örtük mexanizmlə söküldü, yolun deformasiyaya uğramış hissələri ekskovatorla qazılıb çıxarıldı, ardınca yolun dərədən keçən hissəsinin və torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılaraq təmiri aparıldıqdan sonra karxana çınqılı ilə qazılmış və yuyulmuş hissələr dolduruldu, torpaq yatağının bərpası işləri görüldü.

 

Yollar boyu mövcud suötürücü borular çökərək istismara yararsız vəziyyətdə olduğundan yenidən təmir olunmasına, həmçinin əlavə olaraq yeni boruların qoyulmasına ehtiyac yarandığından müxtəlif diametrlərə malik metal və dəmir-beton boruların quraşdırılması işləri də həyata keçirildi.

 

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yol geyiminin inşası üçün layihədə nəzərdə tutulmuş qalınlıqda qum-çınqıl və optimal-qırmadaş qarışığından istifadə olunmaqla yol əsasının inşası, çiyinlərin bərkidilməsi, buna paralel olaraq isə yol əsası hazır olan ərazilərdə 6 metr hərəkət hissəsi nəzərə alınmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparıldı.

 

Beləliklə qeyd edilən 10 km-lik Avşar kəndinə gedən yol aşınma lay asfalt-beton örtüyünə qədər olmaqla inşa edildi. Həmçinin 5.6 km-lik  Avşar kəndin daxili yollarında yol yatağının tikintisi tam olaraq yekunlaşdırılaraq asfalt örtüyü vurulması üçün hazır vəziyyətə gətirildi.

 

Hazırda dövlət başçısının Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun tikintisinin yekunlaşdırılması ilə bağlı imzaladığı əlavə tədbirlər haqqında Sərəncamına əsasən, sözügedən layihə üzrə işlər sonuncu mərhələdə davam etdirilir.

 

Belə ki, Salmanbəyli kəndinə gedən 8 km-lik yolun və sözügedən kəndin 2.9 km-lik daxili yollarının yenidənqurulması işləri aparılır, yeni torpaq yatağı və yol əsası inşa edilir, suötürücü borular quraşdırılır. Yaxın günlərdə Avşar kəndinin 5.6 km-lik daxili yollarının asfaltlanması və kənd ərazisində Yuxarı Qarabağ Kanalı üzərində biraşırımlı körpünün inşasına da start veriləcək.

 

Ardıcıllıqla isə yenidənqurma işləri layihə üzrə Aşağı Avşar və Xocavənd kəndlərinə gedən 9.4 km-lik yollarında, həmçinin sözügedən kəndlərin 5.1 km-lik daxili yollarında davam etdiriləcək.

 

Layihənin sonunda zəruri olan 4 yerdə avtobus dayanacağı inşa ediləcək, hərəkətin normal təşkili üçün yollar boyu 72 yol nişanlı və məlumatverici lövhə, 840 təhlükəsizlik dirəyi və km göstəricilərinin quraşdırılması, həmçinin xətlənmə işlərinin aparılması ilə müasir yol infrastrukturu yaradılaraq vətəndaşların istifadəsinə veriləcək.  

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılan yenidənqurma işlərinin nəticəsində həmin ərazidə yaşayan 14 min vətəndaşımız respublika əhəmiyyətli Mingəçevir-Stansiya Mingəçevir-Bəhramtəpə yoluna rahat çıxış əldə etməklə yetişdirdikləri kənd təsərrüfatı məhsullarını rayon mərkəzinə və qonşu rayonların bazarlarına tez və xarab olmadan daşımasına imkan yaranacaq.

 

BÜTÜN YOLLAR QARABAĞA APARIR...

 
 
Ötən ilin noyabrında təməli qoyulan “Zəfər yolu”nun inşaası 3 ay ərzində tamamlanaraq istifadəyə veriləcək.

Bu barədə “ARB Xəbər”ə açıqlamasında podratçı şirkətin nümayəndəsi Vedat Soylu deyib. O bildirib ki, yolun asfaltlanmasına qədər olan proseslər 30 avqustadək başa çatdırılacaq.

Daha ətraflı süjetdə:

Şuşanın düşməndən azad edilməsinin mənəvi rəmzi olan “Zəfər yolu”nun dövlət başçısının tapşırıq və sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən genişləndirilərək inşası davam etdirilir.

“Zəfər yolu” başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə Qarabağımızın tacı olan Şuşa şəhərinə qədər uzanır. Layihələndirilən yolun uzunluğu 101 kilometrdir. İlham Əliyevin tapşırığına əsasən, “Zəfər yolu” Qarabağın inkişaf planı nəzərə alınmaqla 2 hərəkət zolaqlı olmaqla ikinci texniki dərəcəyə uyğun inşa edilir. Bunun üçün tikinti ərazisinə lazımi sayda qüvvə cəlb edilib.

“Zəfər yolu”na cəlb olunmuş xüsusi texnikaların çevik hərəkətinin təmin olunması məqsədilə yol çiyinlərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsinin sürətləndirilməsi ilə yolun asfalt-beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilməsi nəzərdə tutulur. Sözügedən prosesin həyata keçirilməsi ilə cari ilin sentyabr ayınadək yolun tam olaraq 2 hərəkət zolağı enində asfaltlanaraq istifadəyə verilməsi planlaşdırılır.

“Zəfər yolu” işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilir. Avtomobil yolu Füzuli və Şuşa şəhərləri də daxil olmaqla sözügedən rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edəcək.

 

 
 
 
 

Dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Bakı şəhəri və onun qəsəbələrini əhatə edən tədbirlər davam etdirilir. Bu çərçivədə 2019 və 2020-ci illər ərzində Sabunçu rayonunun 200 km-dən artıq qəsəbədaxili küçə və yollarının təmiri işləri icra olunub. Cari ildə də rayon ərazisində 3 qəsəbədə ümumi uzunluğu 9 km olan 5 küçənin təmiri nəzərdə tutulur.

 

Sabunçu rayonunda 2021-ci il İnvestisiya Proqramına uyğun olaraq təmiri nəzərdə tutulan küçələrdən biri Ramana qəsəbəsinin Mərkəzi küçəsi idi ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən burda əsaslı yenidənqurma işləri icra olunur.

 

Uzunluğu 700, eni isə 9 metr təşkil edən sözügedən küçə qəsəbənin yol infrastrukturu baxımından işlək küçələrindən hesab olunur və keçdiyi ərazi üzrə xüsusi əhəmiyyətə malikdir.

 

Torpaq örtüklü olan küçə uzun müddət əsaslı şəkildə yenidən qurulmadan istismar olunduğundan gediş-gəlişdə, xüsusən payız-qış mövsümündə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.

 

Məhz bu səbəbdən aparılan yenidənqurma işləri çərçivəsində küçə boyu zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işlər icra olunaraq yeni yol yatağı salınıb. Ardınca isə optimal qum-qırmadaş qarışığından yol əsası inşa edilib.

 

Bundan başqa vətəndaşların yolun kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yeni piyada səkiləri inşa edilib, küçə boyu 22 kəsişmə ilə bərabər səkilərin kənarlarına 2 min paqon-metrdən çox səki daşı düzülüb.

 

Aparılan təmir işləri zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün zəruri olan yerlərdə yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunub.

 

Hazırda küçəyə iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Yaxın günlərdə bu işlərin icrası yekunlaşdırılacaq və küçə yeni görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

 

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən və tərtib olunmuş qrafikə uyğun şəkildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilir. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.

 
 

Avtomobil yollarının təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 16-cı kilometrindən (VAZ dairəsi) 30-cu kilometrinədək (Sumqayıt) olan 14 km hissəsində təmir-bərpa işlərinin 1-ci hissəsi bitib.

 

Təmir-bərpa işləri zamanı yol örtüyünün aşınma qatı frezlənərək kənara daşınır, örtüyün deformasiyaya uğramış hissələri xüsusi texnika vasitəsi ilə sökülərək qaldırılır, yatağın yararsız qruntu qazılaraq çıxarılır, əks-dolğu işləri görülərək yol yatağı yenidən tikilir. Ardınca yeni yol əsası inşa edilir və hamarlayıcı lay asfalt-beton örtüyü döşənir.

 

Bunun ardınca frezlənmiş və hamarlayıcı lay döşənmiş ərazilər iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-betonla örtülür. Artıq Sumqayıtdan Ceyranbatan qəsəbəsini keçməklə “VAZ dairəsi” deyilən ərazi istiqamətində 14 km-lik yolda qeyd olunan işlər görülərək yekunlaşdırılıb.

 

Magistralın təmir-bərpa işləri aparılan 14 km-lik hissəsinin yol ayrıcında quraşdırılmış əyri xətli dəmir tirlər də sökülərək, beton arakəsmələrlə əvəzlənir.

 

Bir istiqamət üzrə işlər bitdiyi üçün hazırda magistralın 16-cı km-dən (VAZ dairəsi) 30-cu km-dək (Sumqayıt) olan hissəsində yenidənqurma işlərinə başlanılıb.

 

Vətəndaşların rahat gediş-gəlinin təmin olunması istiqamətində aparılan işlər zamanı avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır. Məhdudlaşma tətbiq edilən ərazilərdə hərəkət əks istiqamətdə ikitərəfli olaraq təmin olunur. Bu üzdən sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və təmir-tikinti aparılan ərazilərdə quraşdırılan müvəqqəti nişanların tələblərinə riayət etmələri xahiş olunur.

 

Bütün işlər mövcud “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır. Tərtib olunmuş qrafikə uyğun olaraq işlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

 

BÜTÜN YOLLAR QARABAĞA APARIR...

 
 

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən, Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş ərazilərdə yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı tikinti işləri həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə icra olunan yol infrastrukturu layihələrindən biri Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yollarıdır.

 

Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Xudafərin su anbarı yaxınlığından keçən hissəsindən götürən Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun uzunluğu 66 kilometr təşkil edəcək. Sözügedən yolun Xanlıq yaşayış məntəqəsindən ayrılaraq Qubadlı şəhərinə qədər 17 kilometr uzunluğunda yeni avtomobil yolunun da inşası nəzərdə tutulub. Layihələndirilən yolların ümumi uzunluğu 83 kilometrdir.

 

Dövlətimizin başçısının tapşırığına əsasən Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yolları Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun olaraq inşa ediləcək. Artıq Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun Xudafərin su anbarı və Xanlıq yaşayış məntəqəsi arasında olan hissəsində tikinti işlərinə start verilib.

 

İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “37 N-li Yol İstismarı” MMC ilə subpodratçı şirkət olaraq yol tikintisi sahəsində ixtisaslaşmış və ölkəmizdə indiyədək bir neçə layihəni uğurla tamamlamış Türkiyənin Polat Yol Yapı San. və Tic. Anonim Şirkəti birgə icra edir.

 

Hazırda avtomobil yolunun qeyd edilən hissəsində torpaq işləri görülür. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması və I texniki dərəcəyə uyğun 21.5 metr enində yeni torpaq yatağının inşası işləri həyata keçirilir. Bunun üçün tikinti ərazisinə lazımi sayda qüvvə cəlb edilib.

 

Yeni inşa edilən yollar boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə dairəvi borular və düzbucaqlı su keçidləri, həmçinin zəruri olan yerlərdə 5 yeni avtomobil körpüsünün də inşası planlaşdırılır.

 

Yolun tikintisinin qısa müddət ərzində icra edilməsini təmin etmək məqsədilə Xanlıq yaşayış məntəqəsi yaxınlığında yeni düşərgə inşa edilir. Düşərgədə asfalt-beton zavodu, maşın-mexanizmlərin saxlanılması və xidməti üçün xüsusi ərazi, həmçinin işçilər üçün hər bir şəraiti olan ofis, yeməkxana və dincəlmək üçün yerlər qurulur.

 

Yeni Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yolları işğaldan azad edilmiş Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisindən keçir. Avtomobil yolu Qubadlı və Laçın şəhərləri də daxil olmaqla, sözügedən rayonların 30-dan artıq yaşayış məntəqəsini əhatə edəcək.

 

Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin nəqliyyat, rabitə və yüksək texnologiyalar İşçi Qrupu çərçivəsində digər aidiyyəti dövlət qurumları ilə koordinasiyada həyata keçirilən bu yol layihəsi Qarabağın vahid nəqliyyat konsepsiyasının ayrılmaz tərkib hissəsini təşkil edir.

 

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

 

BÜTÜN YOLLAR QARABAĞA APARIR...

 
 

Martın 15-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Xocavənd rayonlarına səfəri zamanı Hadrut-Cəbrayıl-Şükürbəyli yeni avtomobil yolunun təməlqoyma mərasimindən dərhal sonra layihənin icrasına start verilib.

 

Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolu başlanğıcını Xocavənd rayonunun Hadrut qəsəbəsindən götürməklə və Cəbrayıl rayonundan keçməklə Şükürbəyli kəndində Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yoluna birləşir.

 

Layihələndirilən yolun uzunluğu 43 kilometrdir. Dövlət başçısının tapşırığına əsasən, Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir.

Artıq yol boyu genişmiqyaslı tikinti işləri həyata keçirilir. İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “13 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC ilə subpodratçı olaraq yol tikintisi sahəsində ixtisaslaşmış yerli şirkət “Körpü-Bina-Tikinti” MMC birgə icra edir.

Hazırda sözügedən avtomobil yolu boyunca torpaq işləri icra olunur. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması və I texniki dərəcəyə uyğun 26.5 metr enində yeni torpaq yatağının inşası işləri həyata keçirilir. Bunun üçün tikinti ərazisinə lazımi sayda qüvvə cəlb edilib.

 

Yeni inşa edilən yol boyunca layihəyə uyğun olaraq suların ötürülməsini təmin etmək məqsədi ilə 45 dairəvi boru və 25 düzbucaqlı su keçidi, həmçinin zəruri olan yerlərdə 7 yeni avtomobil körpüsünün inşası da planlaşdırılır. Körpülərdən biri Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolu ilə kəsişmədə layihələndirilib. Bununla da sözügedən avtomobil yolundan magistral yola rahat giriş-çıxış təmin olunacaq.

 

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilir.

 

Yeni Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobill yolu işğaldan azad edilmiş Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçir. Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla sözügedən rayonların 20-ə yaxın yaşayış məntəqəsini əhatə edəcək.

 

Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin nəqliyyat, rabitə və yüksək texnologiyalar İşçi Qrupu çərçivəsində digər aidiyyəti dövlət qurumları ilə koordinasiyada həyata keçirilən bu yol layihəsi Qarabağın vahid nəqliyyat konsepsiyasının ayrılmaz tərkib hissəsini təşkil edir.

 

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

 

BÜTÜN YOLLAR QARABAĞA APARIR...

 
 

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində həyata keçirilən yol infrastrukturu layihələri çərçivəsində Xətai rayonu ərazisində görülən işlər cari ildə də davam etdirilir.

 

Hazırda təmir-tikinti işləri rayonun yol infrastrukturu baxımından ən işlək küçələrindən hesab olunan, keçdiyi ərazidə mühüm əhəmiyyətə malik Xudu Məmmədov küçəsində aparılır. Sözügedən küçənin təmir olunan hissəsinin uzunluğu 2100 metr təşkil edir.

 

Aparılan işlər çərçivəsində küçə boyu asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə deformasiyaya uğramış yol yatağı qazılıb çıxarılıb, əks-dolğu işləri görülüb, mövcud piyada səkiləri bərpa olunub, zəruri yerlərdə yeniləri inşa edilib, küçə boyu hər bir tərəfdə yeni səki daşları düzülüb.

 

Bundan başqa aparılan təmir işləri zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi də bərpa olunub, yeni yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunub.

 

Hazırda küçəyə iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Asfaltlanma işləri bitdikdən sonra Xudu Məmmədov küçəsi zəruri yol nişanları, üfiqi nişanlanma xətləri və piyada zolaqları ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsi veriləcək.

 

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılan işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altındadır. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

 

Cari ildə Xətai rayonu üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.

 

Qeyd edək ki, prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında agentlik tərəfindən Xətai rayonu ərazisində 2019-cu ildə 17.7 km uzunluğunda olan 14, 2020-ci ildə isə 23.8 km uzunluğa malik 18 adda küçə və yolda genişmiqyaslı təmir-tikinti işləri aparılıb.

 

BÜTÜN YOLLAR QARABAĞA APARIR...

 
 

Dövlət başçısının tapşırığına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən mütəmadi olaraq yol infrastrukturunun daha da müasirləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Respublika yollarının inşası və yenidən qurulması layihələrinin icrası vətəndaşların sosial rifah halına müsbət təsir göstərən sənaye və turizmin inkişafına hesablanır.

 

Təbiətin ölkəmizə bəxş etdiyi imkan və gözəlliklər sonsuzdur. Azərbaycan palçıq vulkanlarının geniş yayıdığı unikal region hesab edilir. Palçıq vulkanları müalicəvi və ekoturizmin inkişafı üçün əvəzsiz obyektlər sayılır.

 

Prezident İlham Əliyev Azərbaycanın palçıq vulkanlarının sayına görə dünyada birinci yerdə olduğunu qeyd edərək, bundan turizm sahəsində istifadə olunmasının vacibliyini vurğulamışdır.

 

Bu məqsədlə palçıq vulkanları yerləşən ərazinin turizm potensialı nəzərə alınaraq, aidiyyəti qurumlar tərəfindən xüsusi turizm konsepsiyası hazırlanıb ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi də artıq bu layihənin icrasında üzərinə düşən vəzifəsini yerinə yetirməyə başlayıb.

 

Belə ki, Abşeron rayonunda yerləşən palçıq vulkanlarının ərazisində müasir turizm infrastrukturuna gedən avtomobil yolunun tikintisi işləri icra olunur. Layihə çərçivəsində 3-cü texniki dərəcəyə uyğun inşa edilən, ümumi uzunluğu 21 kilometr olan yeni yolun torpaq yatağının eni 12 metr, asfalt-beton örtüyünün eni isə 8 metr təşkil edəcək.

 

Görülən işlər çərçivəsində artıq yolun 15 km-lik hissəsində torpaq yatağı və yol əsası inşa edilərək, asfalt-beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilib.

 

Başlanğıcını Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Qobustan qəsəbəsi ərazisindən götürən yeni yolun digər hissəsində isə hazırda torpaq yatağı və yol əsasının inşası işləri davam etdirilir.

 

Qeyd edək ki, paytaxtdan cəmi 20-25 kilometr aralıda Arbani adlı palçıq vulkanları yerləşən ərazidə salınması nəzərdə tutulan turizm kompleksinə gediş-gəlişi asanlaşdırmaq məqsədi ilə çəkilən bu yol, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən inşa olunur. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

 

BÜTÜN YOLLAR QARABAĞA APARIR...

 
 

 

Xəbər lenti