|
Ölkə başçısının tapşırığına əsasən, vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.
Tədbirlər planına uyğun olaraq avtonəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi daha bir yolda, Qala-Pirallahı avtomobil yolunun 3.6-cı km-də yeni yerüstü piyada keçidi inşa edilib.
Sözügedən ərazidə, yolun hər iki tərəfində yaşayış massivi və orta məktəb mövcuddur. Bu üzdən keçid yolun sağ və sol tərəflərinə maneəsiz, təhlükəsiz piyada gedişini təmin edəcəkdir.
Müasir görünüşü ilə fərqlənən keçidin uzunluğu 76.7 metr, daxili hündürlüyü 3 metr, keçidaltı qabariti 2.5 metrdir. Piyada keçidi 2 giriş-çıxışdan ibarətdir.
Konstruksiyası metal, bəzək materialı alüminium kompozit panel və örtükdən ibarət olan yerüstü piyada keçidində fiziki məhdudiyyətli insanların rahatlığını təmin etmək üçün 2 müasir lift quraşdırılıb.
Piyada keçidi təhlükəsiz istismarı, ətraf mühitin qorunması, həmçinin partlayış-yanğın təhlükəsizliyini təmin edən normalara, təlimatlara və Dövlət Standartlarına uyğun olaraq inşa edilib.
Qeyd edək ki, 2020-ci il ərzində respublikamızın ümumi istifadədə olan avtomobil yollarında və Bakı şəhərində 9 piyada keçidi tikilərək istifadəyə verilib.
Vətəndaşların gediş-gəlişinin təmin olunması istiqamətində ölkə başçısının tapşırığına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Xəzər və Suraxanı rayonları ərazisində kompleks tədbirlər həyata keçirilir.
Sözügedən rayonların Binə qəsəbəsi və Südçülük sovxozu yaşayış massivində 2 küçənin əsaslı şəkildə təmiri aparılaraq yekunlaşdırılıb.
İşlərin aparıldığı Elmir Orucov və Xəqani küçələrində zəruri yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılıb, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülüb, küçələr profilə salınıb, optimal qum-çınqıl qarışığından yol əsası işlənilib və bunun ardınca asfaltlanma işləri aparılıb.
Qeyd edək ki, sözügedən küçələrin uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunması nəticəsində hər iki yol boyu çalalar və çökmələr əmələ gəlmişdi. Bu isə gediş-gəlişdə problemlərə səbəb olur, yol örtüyü deformasiyaya uğradığından hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.
Uzunluğu 370 metr , eni isə 6 metr olan Xəqani küçəsinin təmiri zamanı ilk növbədə çirkli gölməçələrin qurudulması və küçə boyu müvafiq təmizləmə işlərinin aparılması həyata keçirilib. Daha sonra tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllıqla aparılan təmir-tikinti işləri çərçivəsində lazımi materialdan istifadə edilərək 20 sm qalınlığında yeni yol yatağı, optimal-qırmadaş qarışığından isə yol inşası işləri aparılıb. Bunun ardınca küçəyə yeni asfalt-beton örtüyü döşənib.
Təmir edilən Elmir Orucov küçəsinin uzunluğu 790 metr, ortalama eni isə 6 metrdir.
Yenidənqurma işləri çərçivəsində küçə boyu yararsız qrunt qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirilib və yeni yol yatağı hazırlanıb. Ardınca əsasın alt layı karxana çınqılı, üst layı isə qum-qırmadaş qarışığından istifadə edilərək tikilib və yeni asfalt-beton örtüyü döşənib.
İlk növbədə örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü olan qəsəbədaxili küçə və yollarda təmir-bərpa işləri həyata keçirilir. Bütün bu işlər isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır.
Ümumilikdə Xəzər və Suraxanı rayonları üzrə təmir-bərpa işlərinin görüldüyü küçələr vətəndaşların əsas istifadə etdiyi yollar olduğu üçün bu işlərin aparılması gediş-gəlişin rahatlaşmasına gətirib çıxarır.
Növbəti mərhələlərdə agentlik tərəfindən sözügedən rayonlar üzrə digər küçə və yollarda da təmir işlərinin aparılması nəzərdə tutulur.
BÜTÜN YOLLAR QARABAĞA APARIR...
Zabrat qəsəbəsində inşa edilən avtomobil alt keçidi istifadəyə verilib.
Oktyabr küçəsi ilə Musa Bayramov küçəsinin kəsişmələrində tikilən bu keçid eyni vaxtda həm qatarların, həm də avtomobillərin təhlükəsiz hərəkətinə imkan yaradacaq. Əvvəllər həmin ərazidə avtomobil yolu ilə dəmir yolunun kəsişməsi nəqliyyat vasitələrinin eyni vaxtda hərəkətinə çətinlik törətməklə bərabər, təhlükəli vəziyyətə səbəb olurdu. Keçidin inşası baş verə biləcək qəzaların qarşısını almaq məqsədi daşıyır. Qatarların hərəkəti zamanı, xüsusilə də pik saatlarda avtomobillər gözləməli olurdu ki, bu da öz növbəsində əlavə vaxt itkisi demək idi. Keçidin tikintisi dəmir yolu ilə avtomobil yolunun eyni səviyyəli kəsişmələrində nəqliyyat vasitələrinin və insanların hərəkətinin təhlükəsizliyini təmin edəcək.
Tikinti işlərinə 2019-cu ilin avqustundan başlanılan Zabrat avtomobil keçidinin eni 8 metr, hündürlüyü 5 metr, ümumi uzunluğu isə 227 metrdir. Qapalı hissənin uzunluğu 30 metr, açıq hissənin uzunluğu 197 metr təşkil edir. Keçiddə iki istinad divarı inşa olunub. 900 paqonmetr yeni avtomobil yolu çəkilib. Yağış və qrunt sularının kənarlaşdırılması üçün nasosxana tikilib, 5 ədəd nasos quraşdırılıb.
Ümumilikdə indiyədək Abşeron Dairəvi dəmir yolu boyunca 12 yerdə avtomobil yolları ilə dəmir yollarının eynisəviyyəli kəsişmələri ləğv edilib. Həmin ərazilərdə avtomobil keçidləri inşa olunub.
Respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun 50-ci km-də, Kür çayı üzərində inşa edilən yeni avtomobil körpüsü.
Körpü 4 aşırımlı olmaqla uzunluğu 175.4 metrdir.
Respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolu Ucar şəhərinin girişindən başlayaraq, 70 km sonra Ağcəbədi şəhərinin cənubunda R18 Mingəcevir-Bəhrəmtəpə avtomobil yoluna birləşir. Yolun yenidən qurulması layihəsi üzrə mövcud yol oxu saxlanılmaqla yolun 3-cü texniki dərəcəli yol parametrlərindən 2-ci texniki dərəcəli yol parametrlərinə təkmilləşdirilməsi işləri aparılıb.
Layihə çərçivəsində ümumilikdə uzunluqları 20 m-dən 175 m-ə qədər dəyişən 1-4 aşırımlı 7 avtomobil körpüsü inşa edilib.
Ucar-Zərdab-Ağcabədi avtomobil yolu üzərində Kür çayı körpüsündən sonra yolun Qarasu və Göyçay çayları üzərində inşa olunan körpülər gəlir. Belə ki, hər bir körpünün uzunluğu 106 metr təşkil edir.
Digər 4 körpünün uzunluğu isə belədir:
Layihə çərçivəsində 9 yeraltı keçid, 26 düzbucaqlı su keçidi, müxtəlif diametrlərə malik 74 suötürücü boru və 30 avtobus dayanacağı da inşa edilib.
Ucar-Zərdab-Ağcabədi avtomobil yolu respublikamızın regionları, o cümlədən Ucar, Zərdab, Ağcabədi rayonları arasında iqtisadi əlaqələrin, nəqliyyat xərclərinin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir. Bütün bu xüsusiyyətlərlə yanaşı, ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizlərini əlaqələndirməyə yardımçı yol olmaqla tranzit xidmətlərinin səmərəliliyinin artırılmasında da bu yolun mühüm rolu var.
BÜTÜN YOLLAR QARABAĞA APARIR...
Avtomobil yollarına görə infrastrukturun inkişafi Azərbaycan üçün mühüm hesab olunur. Çünki ölkəmizin coğrafi mövqeyi onu Rusiya Federasiyası, İran İslam Respublikası və Gürcüstan, eləcə də Qara və Xəzər dənizləri arasında mühüm əlaqələndiriciyə çevirir. Bundan başqa yolların yenidən qurulması insanların mənzil başına daha rahat və təhlükəsiz şəkildə çatmasını təmin edir. Bu üzdən dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, respublikanın dörd bir tərəfində yol infrastrukturunun yenilənməsi və müasirləşməsi prosesi gedir.
Nəticədə son 5 ildə (2016-2020) yenidən qurulub, təmir edilən yolların təqribən 1550 km-i respublika əhəmiyyətli avtomobil yollarıdır. Cari ildə də icra edilən yol infrastrukturu layihələri arasında respublika əhəmiyyətli avtomobil yolları xüsusi çəkiyə malikdir.
Əhalinin rahat gediş-gəlişində xüsusi əhəmiyyətə malik Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulması bunun bariz nümunəsidir. Sözügedən avtomobil yolu paytaxtımızı İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ilə birləşdirən ən qısa yoldur.
Mürəkkəb relyef şəraitində, tektonik hərəkətlərin baş verdiyi 9 ballıq aktiv seysmik zonada yerləşən, atmosfer sularının təsirindən sürüşməyə meylli dağ yamaclarından keçən mövcud yolda vaxtaşırı torpaq sürüşmələri baş verir. Məhz bu səbəbdən yeni layihədə Prezident İlham Əliyev yolun uzunömürlü və davamlı olması, sürüşkən ərazilərdə tikinti işlərinə diqqət yetirilməsi ilə bağlı xüsusi tapşırıqlarını verib.
Dövlət başçısının xüsusi tapşırığı ilə hazırlanan layihədə Muğanlı-İsmayıllı-Qəbələ yolu yenidənqurma nəticəsində 9.7 km qısalaraq 76.8 km təşkil edəcək. Mövcud 2 zolaqlı yol genişləndirilərək 4 hərəkət zolağından ibarət olacaq.
Yeni layihə boyu 1 tunel, 1-i asma körpü olmaqla 8 böyük və 5 kiçik körpü də layihələndirilib. Bunlardan Girdmançay, Talıstançay, Ax-ox çayı, Göyçay çayı və Vəndamçay üzərində yerləşən 5 mövcud körpü 4 zolağa uyğun yenidən qurularaq genişləndirilir. 3 körpü – Ağsuçay, Gülyançay və Dəmiraparançay isə trassanın dəyişdirilmiş yeni ox üzərində yenidən 4 zolağa uyğun layihələndirilib tikilir. Bundan başqa yol boyu kiçik dərələr üzərində yerləşən 5 körpü sökülüb yeni boru şəkilli kiçik körpülərlə əvəzlənir.
Bütün trassa boyu mövcud olan müxtəlif ölçülü yolaltı suötürücü borular da texniki vəziyyətləri pis olduğundan yenilənir.
Yolun trassası ilk 2 km-lik ərazidə Muğanlı qəsəbəsinə çatmamış mövcud yolun lokal sürüşmə sahəsindən əvvəl başlanıb, sözügedən qəsəbədən və qəsəbədən sonrakı enişdə aktiv sürüşmə sahəsindən yan keçməklə layihələndirilib. Nəticədə yolun Ağsuçayınadək olan hissəsində trassa 1.1 km, Ağsuçaydan sonrakı hissədə yol mövcuddan ayrılaraq yeni trassada yeni Ağsuçay körpüsü və tunel hesabına 1.4 km qısalır.
Belə ki, layihələndirilən yolun 4.5-ci km-də Ağsuçayla və çay vadisi ilə kəsişmədə 1135 metr uzunluqda və 76.5 m hündürlüyündə böyük asma körpü layihələndirilib. Yol Ağsuçayı üzərindəki körpüdən sonra qarşılaşılan hündür dağdan uzunluğu 865 metr olan tunellə keçəcək. Basqal kəndi yaxınlığında trassanı düzləndirmək hesabına isə yol 2.2 km qısalır.
Digər hissələrdə layihələndirilən trassa Qəbələ şəhərinədək mövcud yol oxu ilə davam edir. Yolun trassası Qəbələ şəhərinə daxil olmadan soldan yeni trassa ilə Dəmiraparançay vadisindən keçərək şəhərin çıxışında mövcud trassaya birləşəcək. Bunun hesabına yol bu hissədə 5 km qısalır.
Layihənin əsas məqsədlərinə aşağıdakılar daxildir:
- Hərəkət şiddəti və yolun yükgötürmə qabiliyyətinin yaxşılaşdırılması;
- Yol-nəqliyyat hadisələrinin, səyahət müddətinin və nəqliyyat xərclərinin azaldılması;
- İqtisadi artımın sürətləndirilməsi və qonşu ölkələrlə ticari münasibətlərin inkişafına təkan verilməsi;
- Sürücülər və yerli əhali üçün yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi;
- Avtomobil yolunun keçdiyi ərazilərdə, regionun potensial imkanlarının genişləndirilməsi;
- Regionda turizmin inkişafı.
Trassanın həm relyef, həm də geoloji və hidrogeoloji cəhətdən ən mürəkkəb, sürüşmələrə məruz qalan hissəsi ilk 14 hissəsidir ki, burda sürüşməyə qarşı tədbirlər olaraq svay istinad divarlarının, drenaj sistemlərinin tikintisi və s. mühəndisi tədbirlər nəzərdə tutulub.
Qurğular qüvvədə olan normativ yüklərə görə, 9 bal seysmikliyi nəzərə alınmaqla hesablanıb.
Qeyd edək ki, respublikanın mühüm turizm bölgələrinə gedən və ilk dəfə ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə salınmış bu yolun yenidən qurulması Prezident İlham Əliyevin verdiyi tapşırığa əsasən layihələndirilib.
BÜTÜN YOLLAR QARABAĞA APARIR...
Dövlət başçısının Bakı şəhərində küçə və yolların təmir edilməsi işlərinin davam etdirilməsi istiqamətində verdiyi tapşırıqlara əsasən, Nizami rayonu Şirin Mirzəyev küçəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əsaslı şəkildə təmir edilir.
Şirin Mirzəyev küçəsi uzun müddət təmir olunmadığı üçün rahat gediş-gəliş üçün çətinliklər yaranırdı. Bu problemin aradan qaldırılması istiqamətində agentlik tərəfindən aparılan işlər artıq yekunlaşır.
Əsaslı şəkildə təmir olunan küçənin uzunluğu 330 metr, eni isə ortalama 9 metr təşkil edir.
Aparılan təmir işləri çərçivəsində küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Hazırda isə frezlənmiş əraziyə əlaqələndirici bitum səpilməklə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənir.
Bununla yanaşı küçə boyu zəruri olan yerlərdə piyada səkiləri bərpa olunur, köhnə səki daşları yenisi ilə əvəz edilir.
Tikinti layihəsinin sonuncu mərhələsində zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yolun üfüqi nişanlanma xətlərinin çəkilişi ilə yaxın müddət ərzində sözügedən küçə müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.
Qeyd olunan küçədə təmir işləri tərtib olunmuş qrafikə uyğun şəkildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən icra olunur. İşlərin vaxtında yekunlaşması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
BÜTÜN YOLLAR QARABAĞA APARIR...
Vətəndaşların rahat gediş-gəlişində yaranan problemlərin aradan qaldırılması istiqamətində Bakı şəhəri üzrə aparılan kompleks tədbirlər çərçivəsində, Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsinin Xocalı və Nobel prospektlərinin kəsişməsində yerləşən hissəsində aparılan təmir işləri yekunlaşdırılıb.
Qısa müddət ərzində icra olunan təmir işləri küçənin 410 metrlik hissəsini əhatə edib. Küçənin sözügedən hissəsində yaranan çalalar və torşəkilli çatların gələcəkdə yol yatağına vura biləcək daha ciddi zərərin qarşısını almaq məqsədi ilə asfalt-beton örtüyünün aşınma qatı tam olaraq yenilənib.
Aparılan təmir-tikinti işləri çərçivəsində küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə yolun hərəkət hissəsində müəyyən genişləndirmə işləri icra olunub. Daha sonra isə frezlənmiş əraziyə əlaqələndirici bitum səpilməklə yeni asfalt-beton örtüyü döşənib. Asfaltlanma işləri ümumilikdə 6 min kv.m-ə yaxın sahəni əhatə edib.
Bununla yanaşı küçə boyu zəruri olan yerlərdə piyada səkiləri bərpa olunub, səkilərin hərəkət hissəsi asfaltlanıb, təmir işlərinin aparıldığı ərazidə köhnə səki daşları yenisi ilə əvəz edilib.
Sonuncu mərhələdə Nəcəfqulu Rəfiyev küçəsinin sözügedən hissəsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.
Qeyd olunan ərazidə təmir işləri tərtib olunmuş qrafikə uyğun şəkildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən qısa müddət ərzində icra olunaraq yekunlaşdırılıb.
Artıq küçə yeni görkəmdə vətəndaşların istifadəsindədir.
BÜTÜN YOLLAR QARABAĞA APARIR...
Dövlət başçısının Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Azərbaycan-Rusiya Federasiyası dövlət sərhədində “Xanoba”, “Şirvanovka” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun 4 zolağa genişləndirilməsi işləri uğurla davam etdirilir.
Sözügedən avtomobil yolu 1982-ci ildə inşa edilib. Uzun illər istismar olunduğundan örtük yararsız vəziyyətdə idi. Bu üzdən yolun yenidən qurulmasında məqsəd Rusiya Federasiyası ilə sərhəddə yerləşən Samur, Şirvanovka və Xanoba sərhəd keçid məntəqələri ilə nəqliyyat əlaqəsini daha da yaxşılaşdırmaqdır.
Bundan başqa yol yeni Bakı-Rusiya magistral avtomobil yoluna birləşəcəkdir. Bununla da avtomobil yolu sərnişinləri və ölkə ərazisindən ixrac olunan məhsulları 3 keçid məntəqəsi arasında paylaşdırmaqla daha sürətli transfer rolunu oynayacaqdır.
Avtomobil yolunun 4 zolağa genişləndirilməsi məqsədilə 1C kateqoriyasına uyğun olaraq “Azəryolelmitətdiqatlayihə” İnstitutu tərəfindən hazırlanmış layihəyə əsasən, yolun ümumi uzunluğu 23.4 km, torpaq yatağının eni 21.6 metr, hərəkət hissəsinin eni 15 metr, çiyinlərin eni 2x2 metr təşkil edir.
Hal-hazırda marşrut boyu mövcud örtüyün sökülməsi, torpaq yatağının təbii relyef səviyyəsinə qaldırılması və genişləndirilməsi, yolun genişləndirilməsi üzrə kommunikasiya xətlərinin köçürülməsi, svayların vurulması və yeni torpaq yatağının inşası işləri həyata keçirilir.
Layihə üzrə marşrut boyu Samur-Yalama beynəlxalq dəmir yolu xətti üzərində 1 yol ötürücüsünün, Xan Arxı və Samur-Abşeron su kanalı üzərində 2 körpünün, həmçinin Xanoba ərazisində yerli yolla kəsişmədə avtomobil tunelinin tikintisi aparılır.
“Xanoba” “Şirvanovka” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun yenidən qurulmasının 2022-ci il ərzində yekunlaşdırılması nəzərdə tutulub.
BÜTÜN YOLLAR QARABAĞA APARIR...
Qobustan rayonunun Ərəbqədim–Göydərə avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işləri yekunlaşdırılıb.
Başlanğıcını Bakı–Şamaxı–Yevlax avtomobil yolunun 88-ci km-dən götürən Ərəbqədim–Göydərə yolu 4-cü texniki dərəcəlidir.
Torpaq əsaslı və çınqıl örtüklü yolun eni və uzunu tikinti norma və standartlara uyğun deyildi. Bu üzdən torpaq işlərinin yerinə yetirilməsi tələb olunurdu. Bundan başqa texnoloji ardıcıllıqla yeni yol geyiminin tikilməsi zərurəti yaranmışdır.
Yolun ümumi uzunluğu 13 km-dir. Yenidənqurma işləri çərçivəsində sözügedən yol boyu torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirilib. Layihə çərçivəsində yolun normativ eninin alınması üçün çınqıl materialı ilə yolun eninin 6-7 metrdən 10 metrə genişləndirilməsi və profilə salınması işləri aparılıb.
Texnoloji ardıcıllığa uyğun olaraq bu işlərin ardınca yol əsasın alt və üst layının nəzərdə tutulmuş qalınlıqda tikintisi aparılıb. Daha sonra əlaqələndirici bitum səpilməklə iri və xırda dənəli olmaqla 2 laydan ibarət və 12 sm qalınlığında asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub. Yolun hərəkət hissəsinin eni 6 metr nəzərə alınmaqla bu asfaltlanma işləri 78 min kv.m sahəni əhatə edib. Tikintinin aparıldığı ümumi ərazi isə 130 min kv.m-dən çoxdur.
Layihə çərçivəsində çiyinlərin optimal çınqıl-qum qarışığından 12 sm qalınlığında bərkidilməsi, həmçinin giriş-çıxış yollarının təmiri işləri aparılıb. Yol boyu yeni suötürücü dəmir-beton boruların quraşdırılmasına ehtiyac olduğu üçün, müxtəlif diametrlərə malik 6 ədəd yeni dairəvi suötürücü borunun quraşdırılması, həmçinin 1 dördbucaqlı su keçidinin inşası da layihə üzrə icra olunub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında və yüksək keyfiyyətlə aparılan tikinti işlərindən sonra layihəyə uyğun olaraq, zəruri yerlərdə avtonəqliyyat vasitələrinin hərəkətin təhlükəsizliyinin təmin edilməsi və sürücülərin düzgün istiqamətləndirilməsi məqsədi ilə yol nişanları, məlumatverici lövhələr, km göstəriciləri və siqnal dirəkləri quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər çəkilib.
Ərəbqədim–Göydərə sakinlərinin rahat gediş-gəlişini təmin edəcək, həmçinin Bakı-Şamaxı-Yevlax avtomobil yolu vasitəsi ilə respublikamızın istənilən istiqamətinə hərəkət etməyə imkan verəcək yeni yol 2 mindən artıq əhalinin yaşadığı 2 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılması ilə yanaşı, bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq.
Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə uyğun olaraq, son illərdə yol infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər qəsəbələr və kəndlər arası yolların yenidən qurulmasını da geniş əhatə edir. Başlanğıcını Bakı–Şamaxı–Yevlax avtomobil yolunun 88-ci km-dən götürən Ərəbqədim–Göydərə yolunun yenidən qurulması da yol infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin tərkib hissəsidir.
BÜTÜN YOLLAR QARABAĞA APARIR...