|
Vətəndaşların mənzil başına daha rahat və təhlükəsiz şəkildə çatmasını təmin etmək istiqamətində ölkə başçısının tapşırıq və sərəncamlarına əsasən, son 5 ildə (2016-2020) 7 min km-dən çox yol yenidən qurulub və təmir edilib. Qeyd edilən illər ərzində yenidən qurulub təmir edilən yolların təqribən 1550 km-i respublika əhəmiyyətli avtomobil yollarıdır.
Cari ildə də icra edilən yol infrastrukturu layihələri arasında respublika əhəmiyyətli avtomobil yolları yenə də xüsusi çəkiyə malikdir. Respublika əhəmiyyətli yollar arasında xüsusi əhəmiyyətə malik Qaraməryəm-İsmayıllı-Oğuz-Şəki avtomobil yolunun yenidən qurulması bunun bariz nümunəsidir.
Hələ ötən əsrin 70-ci illərində inşa edilən sözügedən yolun Qaraməryəm-İsmayıllı və Qəbələ-Oğuz hissəsinin fasilələrlə yenidən qurulması işləri həyata keçirilib. Yolun 38.1 km uzunluğa malik Oğuz-Şəki hissəsi isə uzun müddətdir əsaslı şəkildə yenidən qurulmadan istismardadır. Bura 3.4 km-lik Oğuz və 3.2 km-lik Şəki şəhərlərinə giriş yolları da daxildir. Bu üzdən sözügedən yol boyu rahat və maneəsiz hərəkətin təmin edilməsi istiqamətində genişmiqyaslı işlərə başlanılıb.
Oğuz-Şəki avtomobil yolunun 31.5 km-lik əsas hissəsi 2-ci texniki dərəcəyə uyğun yenidən qurulur. Bunun üçün yol boyu genişləndirmə işləri aparılaraq yolun hərəkət hissəsinin eni 9 metrə çatdırılır.
Yenidənqurma işləri zamanı yolun köhnə örtüyü sökülür, zəruri yerlərdə yararsız qrunt qazılaraq çıxarılır, əks-dolğu işləri görülür, lazımi tikinti materialından istifadə olunmaqla yol yatağı və yol əsasının inşası işləri həyata keçirilir. Sözügedən işlərin icrası ilə yol yeni asfalt-beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilir.
Bundan başqa zəruri olan yerlərdə müxtəlif diametrlərə malik yeni suötürücü borular quraşdırılır, su keçidləri inşa edilir. Həmçinin Zəyzidçay üzərində yerləşən körpü istismar müddətini başa vurduğu üçün sökülərək yerində yeni ötürücünün inşasına başlanılıb. Yeni avtomobil körpüsü 1 aşırımlı olmaqla uzunluğu 15 metr, eni isə 13 metr olacaq.
Yuxarıda sadalanan təmir-tikinti işləri ilə yanaşı yol boyu zəruri olan yerlərdə dəmir-beton istinad divarlarının və beton küvetlərin tikintisi, həmçinin mövcud körpülərin əsaslı şəkildə təmiri də layihə üzrə görülən işlərdəndir.
Oğuz-Şəki avtomobil yolunun yenidən qurulması çərçivəsində 9.1 km uzunluğa malik Şəki dairəvi yolunun da ( Zərifə Əliyeva və Salman Mümtaz küçələri) əsaslı şəkildə təmiri işləri aparılır. Şəki dairəvi yolunun 6 km-lik hissəsi (Salman Mümtaz küçəsi) 4 hərəkət zolaqlı olmaqla 1-ci texniki dərəcəlidir, 3.1 km-lik hissəsi (Zərifə Əliyeva küçəsi) isə 2 hərəkət zolaqlıdır.
3.4 km-lik Oğuz və 3.2 km-lik Şəki şəhərlərinə giriş yollarının isə 3-cü texniki dərəcəyə uyğun yenidən qurulması nəzərdə tutulub.
Təbii ki, yenidənqurma işlərinin sonunda yol boyu zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkiləcək.
Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Əsaslı şəkildə yenidən qurulan avtomobil yolu 2 rayonun inzibati ərazisindən keçməklə 10-dan çox yaşayış məntəqəsini birləşdirir. Bu üzdən layihənin icrası ilk növbədə Oğuz və Şəki şəhərlərinin, həmçinin yol boyu yerləşən kəndlərdə yaşayan əhali ilə yanaşı yoldan istifadə edən bütün vətəndaşların rahat gediş-gəlişini təmin edəcək, onların respublika əhəmiyyətli Qaraməryəm-İsmayıllı-Oğuz-Şəki, Muğanlı-İsmayıllı, Şəki-Qax, həmçinin Bakı-Şamaxı-Yevlax, Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yollarına çıxışına imkan yaratmaqla sənayenin, kənd təsərrüfatı və turizmin inkişafına müsbət təsir edəcək.
BÜTÜN YOLLAR QARABAĞA APARIR...
Xırdalan dairəsində yeni inşa edilən dəmir yolu körpüsü istismara verilib və hazırda yük qatarları körpü üzərindən hərəkət edir, sərnişin daşımalarının bərpası isə kontakt şəbəkəsinin yenilənməsindən sonra gözlənilir
Bakı-Xırdalan-Sumqayıt elektrikləşdirilmiş dəmir yolu xəttinin Baş Keşlə stansiyasının kontakt şəbəkəsinin yenidən qurulması və əsaslı təmiri işləri davam etdirilir. Kontakt şəbəkəsi Bakı-Böyük Kəsik dəmir yolu sahəsinin sabit cərəyandan dəyişən cərəyana keçirilməsi ilə əlaqədər olaraq yenilənir.
Aparılan yenidənqurma işləri Bakı-Xırdalan-Sumqayıt istiqamətində sərnişin qatarlarının təhlükəsiz hərəkətinə imkan vermir, ona görə bu istiqamət üzrə sərnişin daşınmasının bərpası yalnız təmir işləri bitdikdən sonra mümkün olacaq.
Bu istiqamətdə qatarların hərəkəti Bakı-Sumqayıt avtomobil yolunun genişləndirilməsi işləri ilə əlaqədar olaraq avqustun 10-da dayandırılıb. Yolun genişləndirilməsi çərçivəsində Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsü sökülüb, onun yerində yeni biraşırımlı tağlı dəmir yolu körpüsü inşa edilib. Körpünün inşası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilib. Hazırda körpü istismara verilib və yük qatarları körpü üzərindən hərəkət edir.
Dəyişən cərəyan dartısına keçid enerji və digər resurslara qənaətə, xərclərin optimallaşdırılmasına, istismarın asanlaşmasına, qatarların hərəkət sürətinin artırılmasına və nəticə etibarilə yük və sərnişin daşınmasının yaxşılaşmasına gətirib çıxaracaq.
Avtomobil yollarının təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 16-cı kilometrindən (VAZ dairəsi) 30-cu kilometrinədək (Sumqayıt) olan 14 km hissəsində təmir-bərpa işləri sürətlə davam etdirilir.
Təmir-bərpa işləri zamanı yol örtüyünün aşınma qatı frezlənərək kənara daşınır, örtüyün deformasiyaya uğramış hissələri xüsusi texnika vasitəsi ilə sökülərək qaldırılır, yatağın yararsız qruntu qazılaraq çıxarılır, əks-dolğu işləri görülür və yol yatağı yenidən tikilir. Ardınca yeni yol əsası inşa edilir və hamarlayıcı lay asfalt-beton örtüyü döşənir.
Bunun ardınca frezlənmiş və hamarlayıcı lay döşənmiş ərazilər iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-betonla örtülür. Artıq Sumqayıtdan Ceyranbatan qəsəbəsini keçməklə “VAZ dairəsi” deyilən ərazi istiqamətində 11.5 km yolda qeyd olunan işlər görülərək yekunlaşdırılıb. Hazırda sözügedən istiqamətdə son 2.5 km-lik ərazidə hazırda qazma-dolma işləri görülür, yeni yol yatağı və yol əsası inşa edilir.
Yenidənqurma işlərinin aparıldığı ərazinin uzunluğu 14 km təşkil edir.
Magistralın təmir-bərpa işləri aparılan 14 km-lik hissəsinin yol ayrıcında quraşdırılmış əyri xətli dəmir tirlər də sökülərək, beton arakəsmələrlə əvəzlənir.
Bir istiqamət üzrə işlər bitəndən sonra digər istiqamətdə, yəni magistralın 16-cı km-dən (VAZ dairəsi) 30-cu km-dək (Sumqayıt) olan hissəsində yenidənqurma işlərinə başlanılacaq.
Vətəndaşların rahat gediş-gəlinin təmin olunması istiqamətində aparılan işlər zamanı avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır. Bu üzdən sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.
Bütün işlər mövcud “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır. Tərtib olunmuş qrafikə uyğun olaraq işlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
BÜTÜN YOLLAR QARABAĞA APARIR...
“Qədim İpək yolu”nun üzərində yerləşən respublikamızda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yaradılan müasir yol infrastrukturu sayəsində region ölkələrinin həm daşımalarla bağlı problemləri həllini tapır, həm də onların da bu sahədə imkanları artır.
Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına əsasən istər Şərq-Qərb, istərsə də Şimal-Cənub istiqamətində avtonəqliyyat vasitələri ilə beynəlxalq yükdaşımaları dəhlizi üzərində yerləşən avtomobil yollarının müasir səviyyədə yenidənqurulması və bu istiqamətdə aparılan uğurlu islahatlar nəticəsində son 15 ildə I texniki dərəcəli yolların uzunluğu 8 dəfəyə qədər artaraq 1 min km-i keçib.
Prezident İlham Əliyev beynəlxalq miqyaslı “Böyük İpək yolu”nun tərkib hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna daha 2 hərəkət zolağı əlavə edilməklə I texniki dərəcəyə təkmilləşdirilməsi layihəsini daim diqqət mərkəzində saxlayır. Çünki həmin avtomobil yolu beynəlxalq avtomobil yükdaşımaları dəhlizinin Azərbaycandan keçən tərkib hissəsi olmaqla, Avropa-Asiya və Yaxın Şərq ölkələri ilə, həmçinin respublika ərazisində bu istiqamətdə əlaqələrinin inkişafında mühüm rol oynayır.
Bakıdan Gürcüstan sərhədinədək 503 km məsafəni əhatə edən magistralın Bakıdan Gəncə şəhərinədək olan hissəsinin müxtəlif illərdə I texniki dərəcəyə təkmilləşdirilməsi işləri yekunlaşdırılıb. Hazırda isə magistral yolun 130 km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrası uğurla davam etdirilir.
Tikinti-quraşdırma işləri magistral avtomobil yolunda vətəndaşların rahat və maneəsiz hərəkəti dayandırılmadan yerinə yetirilir, “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun keyfiyyətlə aparılır.
Layihəyə əsasən yolun ümumi eni 27.5 metrdir. Hər birinin eni 3.75 metr olmaqla 4-6 hərəkət zolağından ibarət yolun örtüyü polimer asfalt-beton olacaq. Yol yatağının qalınlığı ümumilikdə 72.5, asfalt-beton örtüyü 3 lay olmaqla, qalınlığı 27 sm təşkil edəcək.
Yol boyu yeni torpaq yatağının tikintisi aparılaraq yekunlaşdırılıb. Layihə üzrə hazırda qaya dolğusu və dənəvər tərkibli əsasın tikintisi, həmçinin suöütürücü boruların, alt keçidlərin və körpülərin inşası işləri aparılır. Buna paralel olaraq qırmadaşlı əsasın tikintisi və asfalt-beton örtüyünün döşənməsinə işləri də görülür.
Layihə çərçivəsində 24 yol qovşağı və ötürücüsü, 17 avtomobil körpüsü, 82 yeraltı keçid, 44 düzbucaqlı su keçidi, 562 dairəvi suötürücü boru inşa edilir. Layihə boyu zəruri yerlərdə 84 avtobus dayanacağı quraşdırılacaq. Artıq müxtəlif süni qurğuların inşası istiqamətində işlərin böyük hissəsi yerinə yetirilib.
Ümumilikdə isə yol boyu işlərin fiziki tərəqqisi 65% təşkil edir. Tikinti işlərinin bu ilin sonu, növbəti ilin əvvəlində yekunlaşdırılması planlaşdırılır.
Layihənin icrası zamanı tikinti ərazisinə və mühafizə zolaqlarına düşən maneələrin köçürülməsi, torpaqlara görə vətəndaşlara kompensasiyaların ödənilməsi qanunvericiliyə əsasən həyata keçirilir.
130 km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi və sürətin artması ilə I texniki dərəcəli avtomobil yolu ilə vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişi təmin ediləcək. Bundan başqa layihənin üstünlüyü ondan ibarətdir ki, yol trassası iri yaşayış məntəqələrindən kənar keçməklə layihələndirilib. Bu isə həm həmin yaşayış məntəqələrində yaşayan əhalinin, həm də yoldan istifadə edən sürücülərin təhlükəsizliyi baxımından önəmli aspektlərdən biridir.
Layihə tam reallaşdırılandan sonra şərqdən qərbə və əks istiqamətdə Böyük İpək yolunun Azərbaycandan keçən hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu Avropa ilə Asiya arasında avtomobillə beynəlxalq və daxili yükdaşımaların artmasında önəmli rol oynayacaq. Bundan başqa yolun tikintisi kənd təsərrüfatı, turizm və sənayenin inkişafına gətirib çıxarmaqla yol boyu yaşayan əhalinin sosial həyatına müsbət təsir göstərəcək.
BÜTÜN YOLLAR QARABAĞA APARIR...
2021-ci ildə yenidən qurulması və əsaslı şəkildə bərpası nəzərdə tutulmuş avtomobil yolları ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tərtib olunmuş tədbirlər planına əsasən, kompleks yenidənqurma və tikinti işlərinə start verilib. Məhz bu çərçivədə Ağstafa rayonunda “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğuna gedən yeni avtomobil yolunun inşasına start verilib.
“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğuna gedən yeni avtomobil yolu başlanğıcını yerli əhəmiyyətli Ağstafa-Poylu-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 38-ci km-dən götürür. II texniki dərəcəyə uyğun olaraq inşa edilən avtomobil yolunun uzunluğu 32 km təşkil edir.
Layihə çərçivəsində yolun torpaq yatağının eni 15 metr, asfalt-beton örtüyünün eni isə 9 metrdir.
Hazırda yeni yol boyu yararsız qrunt qazılaraq çıxarılır, əvəzinə yararlı çınqıl materialı tökülərək kipləşdirmə işləri aparılaraq yeni yol yatağı inşa edilir. Bundan başqa yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün işlər görülür, yolun normativ eninin alınması üçün müəyyən hissələrdə qaya tipli süxurlar mexanizmlə kəsilərək, yol yatağı genişləndirilir.
Bu işlərə paralel olaraq yolun altından suların ötürülməsi üçün yeni suötürücü borular quraşdırılması, həmçinin digər süni qurğuların inşası işləri də icra olunur.
Layihənin sonuncu mərhələsində avtobus dayanacaqlarının inşası, avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə yol nişanı, km göstəricisi və məlumatverici lövhələrin, həmçinin siqnal dirəklərinin quraşdırılması işlərinin aparılması da nəzərdə tutulur.
Bütün işlər texnoloji ardıcıllığa uyğun olaraq və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır. İşlərin nəzərdə tutulmuş müddət ərzində icra olunaraq yekunlaşdırılması üçün tikinti sahəsinə kifayət qədər qüvvə cəlb olunub.
Təxminən 6-cı əsrə aid edilən “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun turizm əhəmiyyəti nəzərə alınaraq və turistlərin bu abidəni ziyarət etməsini asanlaşdırmaq üçün inşa edilən yeni avtomobil yolu regionun potensial imkanlarının genişləndirilməsi və turizmin inkişafı baxımından önəmli rola malikdir. Layihənin reallaşması yeni turizm marşrutlarının yaranmasına da şərait yaradacaq.
BÜTÜN YOLLAR QARABAĞA APARIR...
Prezident İlham Əliyevin rəhbərliyi ilə regionların inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramlarına uyğun olaraq yolların müasirləşdirilməsi istiqamətində görülən işlərin həcmi ildən-ilə artmaqdadır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Kürdəmir rayonunda bu çərçivədə 18 km uzunluğu malik Ərəb Qubalı-Çöl Qubalı-Məhərrəmli avtomobil yolunun yenidən qurulması işləri artıq sonuncu mərhələ üzrə icra olunur.
Başlanğıcını Bakı-Ələt-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 170-ci km-dən götürən Ərəb Qubalı-Çöl Qubalı-Məhərrəmli avtomobil yolunun əhatə etdiyi yaşayış məntəqələri 4 minə yaxın əhalinin yaşadığı 3 kənddir. Bu kəndlər arasında nəqliyyat əlaqəsi çox pis vəziyyətdə olub. Çünki torpaq və çınqıl örtük əsaslı yolla gediş-gəliş çox çətin olub.
18 km uzunluğa malik avtomobil yolu boyu deformasiyaya uğramış örtüyün bərpası məqsədi ilə zəruri yerlərdə yol yatağı qazılaraq çıxarılıb, genişləndirmə işləri aparılmaqla 10 metr enində yeni yol yatağının inşası istiqamətində addımlar atılıb. Yol yatağı hazır olan hissələrdə yol əsasının tikintisi işləri həyata keçirilir. Bunun üçün qum-çınqıl və optimal-qırmadaş qarışığından istifadə olunur.
Texnoloji ardıcıllıqla aparılan tikinti işlərinin növbəti, sonuncu mərhələsi üzrə artıq yolun asfaltlanmasına da başlanılıb. Yol örtüyünün alt layının 7 sm qalınlıqda iri dənəli, üst layının isə 5 sm qalınlıqda xırda dənəli asfalt-beton örtüyü ilə tikintisi aparılır. Bu işlər 100 min kv.m-dən çox ərazini əhatə edir.
Layihə çərçivəsində yol boyu yararsız vəziyyətdə olan suötürücü boruların yeniləri ilə əvəz edilməsi və yenilərinin quraşdırılması işləri də görülüb. Bunun üçün müxtəlif diametrli dairəvi dəmir-beton borulardan istifadə olunub.
Yol boyu avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə avtobus dayanacaqlarının tikilməsi, yol nişanı, km göstəricisi və məlumatverici lövhələrin, həmçinin siqnal dirəklərinin quraşdırılması işlərinin aparılması da layihə üzrə nəzərdə tutulur.
Bu tədbirlərin icrası, ilk növbədə, Ərəb Qubalı-Çöl Qubalı-Məhərrəmli marşrutu üzrə yaşayan əhalinin rahatlığını təmin edir, onların mənzil başına təhlükəsiz çatmalarına imkan yaradır. Bundan başqa, yolların bu cür müasir səviyyəyə çatdırılması, təkcə yol üzərində olan kəndləri deyil, ümumilikdə, həmin rayonun sosial-iqtisadi inkişafına töhfə verir və yolboyu yerləşən yaşayış məntəqələrində sakinlərə əlavə iqtisadi imkanlar açır.
BÜTÜN YOLLAR QARABAĞA APARIR...
Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında, Müzəffər Azərbaycan Ordusunun Qarabağın tacı olan Şuşamızı düşməndən azad etmək üçün min-bir əziyyətlə açdığı yolun, dövlət başçısının tapşırığına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən genişləndirilərək II texniki dərəcəyə uyğun inşası davam etdirilir.
Sözügedən yol həm də, şəhidlərimizin qanı ilə yazdığı şanlı tarixin şahididir. Müzəffər Ordumuz məhz həmin yolla Şuşa şəhərinə daxil olduğundan bu yolun həm də, rəmzi mənası, mənəvi önəmi var. Məhz bu səbəbdən Prezident İlham Əliyev Şuşaya səfəri zamanı 101.5 km uzunluğa malik bu yolu “Zəfər Yolu” adlandırıb.
Dövlət başçısının tapşırığına əsasən, “Zəfər yolu” boyunca tikinti işlərinin birinci mərhələsi yekunlaşdırılıb. Cəmi 2 ay ərzində sözügedən yol genişləndirilib, yeni torpaq yatağı inşa edilib. Artıq “Zəfər yolu” ilə rahat gediş-gəliş təmin olunub. Bu ilin sentyabr ayınadək isə yolun tam olaraq 2 hərəkət zolağı enində asfaltlanaraq istifadəyə verilməsi nəzərdə tutulur.
Buna paralel olaraq dövlət başçısının Füzuli rayonuna sonuncu səfəri zamanı təməli qoyulan, Füzuli şəhərindən başlayaraq Şuşa şəhərinə qədər uzanan və yeni trassa üzrə hazırlanmış layihə əsasında I texniki dərəcəli magistral avtomobil yolunun tikintisinə də start verilib.
Yeni layihəyə əsasən, çətin relyefə malik olan ərazilərdə, dolaylarda inşa ediləcək körpü və tunellər hesabına yolun uzunluğu qısalaraq 84.6 km təşkil edəcək. İlkin hesablamalara əsasən, inşa ediləcək tunellərin ümumi uzunluğu təqribən 3 km olacaq. Bundan başqa yeni trassa üzrə müxtəlif səviyyəli yol qovşaqlarının inşası da nəzərdə tutulur.
Yeni Füzuli-Şuşa avtomobil yolu 4 və 6 hərəkət zolaqlı olmaqla iri yaşayış məntəqələrindən, həmçinin məşhur Topxana meşəliyindən yan keçməklə inşa edilir. Yolun ilk 48 km-i 6, 48-84.6 km-i isə 4 hərəkət zolağından ibarət olacaq. Müvafiq olaraq yol yatağının eni 29.5 və 21.5 metr təşkil edəcək.
Yeni trassa üzrə hazırlanan layihəyə Şuşanın məşhur İsa Bulağınadək əlavə 2 km-lik II texniki dərəcəli yolun inşa edilməsi də daxil edilib. 2 hərəkət zolaqlı olacaq İsa Bulağı yolu başlanğıcını yeni Füzuli-Şuşa avtomobil yolunun təqribən 82-ci km-dən götürəcək və Laçın-Şuşa-Xankəndi avtomobil yolunu uzunluğu 900 metr olan tunel vasitəsi ilə keçməklə inşa ediləcək.
Yeni Füzuli-Şuşa magistral avtomobil yolu layihənin icrası 2022-ci il ərzində tamamlanacaq.
Qeyd edək ki, Füzuli-Şuşa magistral avtomobil yolu başlanğıcını M6 Hacıqabul- Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi magistral yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilir.
BÜTÜN YOLLAR QARABAĞA APARIR...
Qarabağımızın tacı olan Şuşa şəhərinə qədər uzanan yeni avtomobil yolunun tikintisi davam etdirilir. Tikinti işləri Füzuli şəhərindən başlayaraq yeni trassa üzrə hazırlanmış layihə əsasında aparılır.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, yeni trassa iri yaşayış məntəqələrindən, həmçinin məşhur Topxana meşəliyindən yan keçməklə inşa ediləcək.
Yeni layihəyə əsasən, çətin relyefə malik olan ərazilərdə, dolaylarda inşa ediləcək körpü və tunellər hesabına yolun uzunluğu 17 km-ə qədər qısalaraq 84.6 km təşkil edir. İlkin hesablamalara əsasən inşa ediləcək tunellərin ümumi uzunluğu təqribən 3 km olacaq. Bundan başqa yeni trassa üzrə müxtəlif səviyyəli yol qovşaqlarının inşası da nəzərdə tutulur.
Artıq Şuşa şəhərinədək 101,5 km-lik trassa üzrə 2 hərəkət zolağı enində olmaqla xidməti yol istifadəyə verilib. Yol boyu bu hissədə 2 hərəkət zolağı enində torpaq yatağı genişləndirilərək yol yatağı və yol əsası inşa edilib.
Yeni Füzuli-Şuşa avtomobil yolunun 4-6 hərəkət zolağından ibarət olması nəzərdə tutulur. 84,6 km-lik yolun ilk 48 km-i 6, 48-84.6 km-i isə 4 hərəkət zolağından ibarət olacaq. Müvafiq olaraq yol yatağının eni 29,5 və 21,5 metr təşkil edəcək.
Artıq yolun ilk 6 km-lik hissəsində, həmçinin yeni yolun 27-ci km-dən başlayaraq 4 km-lik hissədə torpaq işləri icra olunaraq yekunlaşdırılıb və yeni yol əsası inşa edilib.
Bundan başqa Füzuli-Şuşa avtomobil yolu inşasına start verilən yeni Füzuli Hava Limanı yaxınlığından keçir. Bu səbəbdən magistral yolu hava limanı ilə əlaqələndirmək məqsədi ilə yolun 27-ci km-də yol qovşağının və aerovağzala giriş yolunun inşası da layihə üzrə nəzərdə tutulur.
Yeni trassa üzrə hazırlanan layihəyə Şuşanın məşhur İsa Bulağınadək əlavə 2 km-lik yolun inşa edilməsi də daxil edilib. İsa Bulağı yolu başlanğıcını yeni Füzuli-Şuşa avtomobil yolunun təqribən 82-ci km-dən götürəcək və Laçın-Şuşa-Xankəndi avtomobil yolunu uzunluğu 900 metr olan tunel vasitəsi ilə keçməklə inşa ediləcək.
Yeni Füzuli-Şuşa magistral avtomobil yolu başlanğıcını M6 Hacıqabul- Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi magistral yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçir.
Qarabağımızın tacı olan Şuşamıza aparan yeni avtomobil yolunun qısa müddət ərzində tikintisinin yekunlaşdırılması üçün layihə şərti olaraq 5 hissəyə bölünüb. Əsas qüvvə olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvəsi və texnikaları hazırda layihə boyu tikinti işlərini həyata keçirir. Bundan başqa çətin relyefə malik olan ərazilərdə avtomobil yollarının inşası ilə bağlı təcrübəyə malik "Kolin İnşaat" başda olmaqla Türk Şirkətlər Qrupu və 1 yerli tikinti şirkəti də layihəyə cəlb olunub.
Hazırda "İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən layihə boyu torpaq işləri görülür. Belə ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında, xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması, həmçinin yeni yol yatağının və yol əsasının inşası işləri aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.
Yol boyu suların ötürülməsini təmin etmək məqsədi ilə müxtəlif diametrlərə malik dairəvi suötürücü boruların və düzbucaqlı su keçidlərinin, həmçinin müxtəlif səviyyəli yol qovşaqlarının, avtomobil körpülərinin və tunellərin inşası da layihə üzrə nəzərdə tutulur.
Yeni layihə üzrə təyin olunmuş qrafikə uyğun Füzuli-Şuşa yeni avtomobil yolunda inşaat işlərinin bu ilin sonu, növbəti ilin əvvəlinədək yekunlaşdırılması nəzərdə tutulur.
Qeyd edək ki, inşa edilən yeni Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu sayəsində paytaxt Bakıdan Şuşa şəhərinədək olan məsafə daha da qısalaraq təqribən 345 km təşkil edəcək.
Bakı Dəmir Yolu Vağzalının ətrafında nəqliyyatın sıxlığının nizamlanması və sərnişinlərin rahatlığının artırılması məqsədilə vağzalın ərazisində üç yeni parklanma sahəsi yaradılacaq. Onlardan biri vağzalın qarşısında, biri Cəfər Cabbarlının heykəlinin arxasında, digəri isə Süleyman Rəhimov küçəsində, qatarlardan çıxış platforması meydanında təşkil ediləcək.
Müasir texniki avadanlıqlarla təchiz ediləcək ərazidə ümumilikdə 160 ədəd nəqliyyat vasitəsinin parklanması nəzərdə tutulub. Bundan başqa, fiziki məhdudiyyətli şəxslər üçün 10 ədəd xüsusi yer və 36 ədəd velosiped üçün ayrıca sahə ayrılacaq.
Vağzalın qarşısında yerləşən parklanma sahəsində işlər tamamlanmaq üzrədir. 3300 kvadrat metr sahəsi olan bu ərazi 85 nəqliyyat vasitəsi üçün nəzərdə tutulub. Cəfər Cabbarlı heykəlinin arxasındakı 800 kvadrat metrlik ərazidə 30 nəqliyyat vasitəsi, Süleyman Rəhimov küçəsindəki 2800 kvadrat metrlik ərazidə isə 45 nəqliyyat vasitəsinin durması üçün şərait yaradılacaq.
Yeni parklanma sahələrində tariflər 0-1 saat üçün 1 manat, 1-3 saat üçün 2 manat, 3-6 saat üçün 3 manat, 6-12 saat üçün 4 manat, 12-24 saat üçün 5 manat təşkil edəcək. Velosipedlərin parklanması üçün isə ödəniş tələb olunmayacaq. Ödənişlər xüsusi terminallar vasitəsilə, kart sisitemi ilə həyata keçiriləcək.
Məlumdur ki, şəhərin “giriş qapısı” funksiyasını yerinə yetirən vağzal onun haqqında ilk təəssürat yaradır. Bu baxımdan Bakı Dəmir Yolu Vağzalındakı vəziyyət olduqca önəmlidir. Parklanma sahələrinin yaradılması vağzalın ətrafında indiyə qədər mövcud olmuş xaotik hərəkətin və tıxacların aradan qaldırılmasına səbəb olacaq.
Parklanma xidmətlərini “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Əmlak” MMC göstərəcək.
Vətəndaşların rahat gediş-gəlişinin təmin edilməsinə xüsusi diqqət ayıran dövlət başçısının ölkədə avtomobil yollarının yenidən qurulması və reabilitasiyası istiqamətində həyata keçirilən işlərin davamı olaraq, M5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Xaldan-Şəki hissəsinin əsaslı şəkildə yenidən qurulması ilə bağlı tapşırıq və sərəncamlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan təmir-tikinti işləri yekunlaşıb.
M5 magistralının yenidən qurulan hissəsinin uzunluğu 46 km-dir. Yolun sözügedən hissəsi II texniki dərəcəyə uyğun olaraq inşa edilib. Yolun ümumi eni 15 metr olmaqla bura 7.5 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 3.75 metr enində çiyinlər daxildir.
Layihə çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, yolun köhnə və yararsız quruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirmə və qaya dolğusu işləri aparılmaqla yeni yol yatağı inşa olunub.
Torpaq işlərinin ardınca optimal qırmadaş və qum-çınqıl qarışıqlarıdan istifadə olunmaqla yol əsası inşa olunub. Yol boyu ələqələdirici bitum səpilməklə 27 sm qalınlığında 3 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, 46 km-lik yol boyu yolun 1.8-ci km-də Alıcançay, 9.5-ci km-də Şirvan kanalı və 35.6-cı km-də Dəhnəçay üzərində olmaqla 3 avtomobil körpüsünün inşası aparılıb. Müvafiq olaraq körpülərin uzunluqları 67, 76 və 61 metr təşkil edir.
Bundan başqa yol boyu köhnə suötürücü boruların yenilənməsinə də ehtiyac olduğundan müxtəlif diametrlərə malik 106 borunun inşası aparılıb ki, bunlardan 12-i düzbucaqlı su keçidləridir. Layihəyə uyğun olaraq yol boyu 7 nöqtədə yeraltı keçid tikilib, magistral yolun zəruri nöqtələrində 44 avtobus dayanacağının quraşdırılıb.
“M-5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunun yenidən qurulması” layihəsi çərçivəsində magistralın 46-cı km-dən ayrılan və Şəki şəhərinə qədər uzanan 12 km-lik respublika əhəmiyyətli yolun da III texniki dərəcəyə uyğun yenidən qurulması işləri aparılaraq yekunlaşdırılıb. 2 hərəkət zolaqlı olmaqla yolun ümumi eni 12 metr təşkil edir.
Anoloji tikinti işləri bu yolda da görülüb. Respublika əhəmiyyətli yolda 5 avtomobil körpüsü inşa olunub. Körpülər yolun 0.4-cü km-də dəmiryolu, 0.7-ci km-də Əyriçay, 1.4-cü km-də Küncüt çayı, 4.6-cı km-də Sarı Qobu çayı və 5.2-ci km-də Qarasu çayı üzərində salınıb. Körpülər 2-3 aşırımlı olmaqla uzunluqları 49, 61 və 76 metr təşkil edir.
Bütün işlər texnoloji ardıcıllığa uyğun olaraq və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılıb.
Qeyd edək ki, M5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu ölkənin şimal-qərb istiqamətindən Mazımçay üzərindən keçməklə Gürcüstün sərhədinə doğru istiqamətlənən və respublikanın ümumi yollar şəbəkəsində xüsusi əhəmiyyəti olan 164 km uzunluğa malik II dərəcəli magistral avtomobil yoludur. Əsaslı şəkildə yenidən qurulan Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun (M5) tərkib hissəsinə aid olan Xaldan-Şəki hissəsi 2 rayonun inzibati ərazisindən keçməklə bir-neçə yaşayış məntəqəsini birləşdirir.
Aparılan işlər yol boyu yaşayan əhali ilə yanaşı yoldan istifadə edən bütün vətəndaşların gediş-gəlişini rahatlaşdıracaq, Gürcüstan həmçinin əks istiqamətdə yük və sərnişin daşımasını xeyli asanlaşdırmaqla kənd təsərrüfatının və turizmin inkişafına müsbət təsir edəcək.
Xatırladaq ki, bundan öncə magistralın 40 km uzunluğa malik Zaqatala-Balakən-Mazımçay hissəsi əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilmişdi.
BÜTÜN YOLLAR QARABAĞA APARIR...