|
"Yol-xeber.az"ın məlumatına görə, Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olarkən Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolunun təməlqoyma mərasimindən dərhal sonra layihənin icrasına başlanılıb.
İşğaldan azad olunmuş ərazilərdə dövlətimizin başçısının tapşırığı ilə artıq bir neçə yol layihəsinin icrasına başlanılıb və uğurla davam etdirilir. Bu layihələr işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında çox mühüm rol oynayacaq. Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu həm də strateji əhəmiyyəti ilə seçilir. Çünki sözügedən yol Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir.
Strateji əhəmiyyətə malik avtomobil yolu başlanğıcını Füzulinin Əhmədbəyli kəndindən götürməklə layihələndirilib. Avtomobil yolunun uzunluğu 124 kilometrdir. Dövlətimizin başçısının tapşırığına əsasən, Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 6 və 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. Yolun ilk 76 kilometrlik hissəsi 3 gediş - 3 gəliş olmaqla 6, qalan 48 kilometrlik hissəsi isə 2 gediş - 2 gəliş olmaqla 4 hərəkət zolaqlı olması nəzərdə tutulub.
Artıq yolboyu genişmiqyaslı tikinti işləri həyata keçirilir. İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “16 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC ilə subpodratçı olaraq yol Türkiyənin tikintisi sahəsində ixtisaslaşmış şirkəti olan “Kalyon RSY İnşaat Adi Ortaklığı Ticari İşletmesi” şirkətinin ölkəmizdəki filialı birgə icra edir.
Hazırda sözügedən avtomobil yolunun ilk 76 kilometrlik hissəsində torpaq işlərinin icrasına başlanılıb. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması və I texniki dərəcəyə uyğun 29,5 metr enində yeni torpaq yatağının inşası işləri həyata keçirilir. Bunun üçün tikinti ərazisinə lazımi sayda qüvvə cəlb edilib.
Yeni inşa edilən yol boyunca layihəyə uyğun olaraq zəruri yerlərdə ümumi uzunluğu 3400 metr təşkil edən 3 avtomobil tuneli, 32 viaduk və avtomobil körpüsü, 8 yol ötürücüsü, 46 yeraltı keçid, suların ötürülməsini təmin etmək məqsədilə 252 dairəvi boru və düzbucaqlı su keçidi, həmçinin kommunikasiya xətləri üçün 60 ehtiyat keçidinin inşası planlaşdırılır.
Yolun tikintisinin qısa müddət ərzində icra edilməsini təmin etmək məqsədilə ərazidə yeni düşərgə inşa edilir. Düşərgədə asfalt-beton zavodu, maşın-mexanizmlərin saxlanılması və xidməti üçün xüsusi ərazi, həmçinin işçilər üçün hər bir şəraiti olan ofis, yeməkxana və dincəlmək üçün yerlər qurulur.
Yeni Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu işğaldan azad edilmiş Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının ərazisindən keçir və hazırda inşası aparılan Əhmədbəyli-Füzuli-Şuşa, Şükürbəyli-Cəbrayıl-Hadrut və Xudafərin-Qubadlı-Laçın avtomobil yolları başlanğıcını məhz bu yoldan götürür.
Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilir.
Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin nəqliyyat, rabitə və yüksək texnologiyalar İşçi Qrupu çərçivəsində digər aidiyyəti dövlət qurumları ilə koordinasiyada həyata keçirilən bu yol layihəsi Qarabağın vahid nəqliyyat konsepsiyasının ayrılmaz tərkib hissəsini təşkil edir.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.
BÜTÜN YOLLAR QARABAĞA APARIR...
"Yol-xeber.az"ın məlumatına görə, Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən, regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində yeniləşən və müasirləşən yol infrastrukturu sənaye, kənd təsərrüfatı və turizmin inkişafına səbəb olur. Bu məqsədlə cari ildə icra olunan layihələr sırasında Qusar rayonunda 4 yaşayış məntəqəsinin yolu əsaslı şəkildə yenidən qurulur.
Uzun müddət əsaslı şəkildə təmir olunmayan torpaq əsaslı və çınqıl örtüklü olan Qusar-Qayakənd-Avaran-Xürəl avtomobil yolunun eni və uzunu tikinti norma və standartlara uyğun deyildi. Bu üzdən torpaq işlərinin yerinə yetirilməsi tələb olunurdu. Bundan başqa texnoloji ardıcıllıqla yeni yol geyiminin tikilməsi zərurəti yaranmışdır.
Hazırda təmir işləri aparılan yolun eni 10 metrə qədər genişləndirilir. Bura 6 metr hərəkət hissə və 2 metr çiyinlər daxildir. Aparılan genişləndirmə işləri öz növbəsində bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb.
Sözügedən yol boyu işlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək sürətlə aparılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılan yenidənqurma işləri çərçivəsində uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan və deformasiyaya uğramış yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir.
Layihə çərçivəsində deformasiyaya uğramış mövcud örtük və yararsız qrunt qazılıb çıxarılır, əvəzinə yararlı material tökülərək əks-dolğu və kipləşdirmə işləri aparılır. Tikinti norma və standartlarına uyğun olaraq, növbəti mərhələ üzrə qum-çınqıl və optimal-qırmadaş qarışıqlarından istifadə olunmaqla yol əsasının alt və üst layının inşası işləri də aparılır.
Yol boyu yaşayan vətəndaşların pay torpaqlarında becərdikləri kənd təsərrüfatı məhsullarının suvarılması və məişətdə istifadəsi üçün yolun altından suların ötürülməsi məqsədi ilə mövcud metal və dəmir-beton borular bərpa olunur, zəruri olan yerlərdə müxtəlif diametrli yeni boruların tikintisi işləri aparılır.
Texnoloji ardıcıllığa uyğun olaraq daha sonra yola iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunacaq. Asfaltlanma işlərinin 75 min kv.metr sahədə aparılması nəzərdə tutulur.
Layihənin sonuncu mərhələsində km göstəricisi, yol nişanı və məlumatverici lövhə, həmçinin siqnal dirəklərinin quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi ilə sözügedən yollarda müasir yol infrastrukturu yaradılacaq və vətəndaşlarımızın istifadəsinə veriləcək.
Sözsüz ki, Qusar-Qayakənd-Avaran-Xürəl avtomobil yolunun yenidən bərpası ərazidə yaşayan 8 minə yaxın əhalinin daha rahat rahat gediş-gəlişini təmin edərək yük və sərnişin daşımasını asanlaşdırmaqla iqtisadiyyatın daha da inkişafına müsbət təsir göstərəcək.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az xəbər verir ki, Sıxlıq və tıxacların aradan qaldırılması məqsədilə Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 16-cı kilometrində, "VAZ dairəsi" kimi adlanan ərazidə yerləşən yol qovşağında, həmçinin Saray-Novxanı yolunda aparılan yenidənqurma işləri artıq yekunlaşıb.
Yenidənqurma işləri çərçivəsində paytaxt istiqamətindən yol qovşağına qalxan yolda, həmçinin Novxanı qəsəbəsindən gələn yolun dairədən Sumqayıt istiqamətinə düşən hissəsində genişləndirmə işləri aparılıb, yeni yol hissəsi yaradılıb. Bunun üçün ərazidə tikinti altına düşən maneələrin köçürülməsi, qazma-dolma işləri, yeni yol yatağının və yol əsasının tikintisi işləri icra olunub. Ardınca yeni yol hissəsinə iri və xırda dənəli olmaqla asfalt-beton örtüyü döşənib. Asfaltlanma işləri yol ötürücüsünə qalxan və düşən digər istiqamətdəki yollarda da aparılıb. Bununla ərazidə nəqliyyat vasitələrinin sərbəst və fasiləsiz hərəkəti də təmin edilib.
Bundan başqa Novxanı qəsəbəsi eləcə də Xırdalan şəhəri istiqamətində yol ötürücüsü üzərində mövcud hər iki dairənin həndəsi ölçüləri kiçildilərək yeri dəyişdirilib, ətrafına təhlükəsizliyi təmin etməsi üçün yeni dəmir-beton maneələr qoyulub. Yol ötürücüsünün özündə dayanıqlığı artırmaq məqsədilə alt hissədə olmaqla yeni istinad divarları inşa edilib.
Günün pik saatlarında yaranan sıxlıq və tıxacın aradan qaldırılması üçün Saray qəsəbəsinə giriş hissədə olan yolun da genişləndirməsi işləri aparılıb. Sözügedən ərazinin zəruri olan hissəsində yeni yol yatağı və yol əsası inşa edilib, asfaltlanma işləri görülüb. Saray-Novxanı yolunda təmirə ehtiyacı olan 180 m-lik yol sahəsində təmir işləri başa çatdırılıb, yol ayrıcına yeni səki daşları düzülüb, yol boyu müasir işıqlandırma sistemi quraşdırılıb.
Daha sonra son mərhələ üzrə yenidənqurma işlərinin aparıldığı ərazidə hərəkət üstünlüyünü müəyyənləşdirən məlumatverici, göstərici və digər müvafiq yol nişanları quraşdırılıb, lazımı nişanlama xətləri çəkilib və hər bir istiqamət üzrə 3 hərəkət zolağı təşkil olunmaqla Saray-Novxanı yolunda da nəqliyyat vasitələrinin təhlükəsiz və sərbəst hərəkətinə şərait yaradılıb.
Bütün işlər mövcud “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılıb.
Ümumilikdə qeyd edilən ərazilərdə hərəkət intensivliyi və yay fəslinin gəlməsi ilə əlaqədar olaraq Saray, Novxanı və bu istiqamətdə yerləşən qəsəbələrə gediş-gəlişin artacağı nəzərə alınaraq görülmüş işlər yarana biləcək tıxacların qarşısının alınmasını təmin etməyə imkan verəcək.
YOLUNUZ AÇIQ OLSUN..
Bu gün Visa şirkəti, “Azərbaycan Dəmir Yolları” QSC, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Beynəlxalq Bankı ilə tərəfdaşlıqda, şəhərətrafı dəmir yollarında təmassız ödəniş sisteminin tam şəkildə istifadəyə verilməsini elan edib. Artıq Bakı və Sumqayıt şəhərləri arasında ən sürətli sərnişin daşımalarını təmin edən və sərnişinlərin geniş istifadə etdikləri Abşeron dairəvi dəmir yolunun bütün stansiyalarında ölkənin istənilən bankı tərəfindən buraxılmış kartların sahibləri üçün təmassız ödəniş etmək mümkündür. Sərnişinlər gediş haqlarını təmassız ödəniş kartları və üzükləri vasitəsilə rahat və təhlükəsiz ödəyə bilərlər.
Hazırda Abşeron dairəvi dəmir yolunun 14 stansiyasının hamısında hər iki istiqamətdə təmassız oxuyucu cihazları ilə təchiz edilmiş turniketlər quraşdırılıb. Azərbaycan Dəmir Yollarında təmassız ödəniş sisteminin qurulması həm elektron ödənişlərin qəbulu, həm də ölkənin nəqliyyat infrastrukturunun müasirləşdirilməsi baxımından strateji əhəmiyyətə malikdir. Çünki bu addım sərnişinlərin ödəmə təcrübəsini yaxşılaşdırmaqla yanaşı, sərnişin daşımaları operatorlarına nəqliyyat sistemini daha səmərəli idarə etməyə imkan verəcək.
Sözügedən layihənin bir hissəsi olaraq, dairəvi dəmir yolunun bütün stansiyalarında yerləşdirilmiş 27 biznes terminalı vasitəsilə sərnişinlər təmassız şəkildə əlavə ödəniş edərək biletlərin kateqoriyasını biznes klassadək yüksəldə bilərlər. Sərnişin tərəfindən ödənilən tarif məsafədən asılıdır – gediş haqqı sərnişinin keçdiyi stansiyaların sayına əsasən avtomatik hesablanır. Beləliklə, sərnişinlər gediş haqlarını tez, rahat və təhlükəsiz qaydada ödəyirlər. Nəqliyyat operatoru isə təmassız ödənişlər sayəsində sərnişinlərin qeydiyyatı və daşınması proseslərini optimallaşdırır, eləcə də əlaqədar xərcləri azaldır. Bu mühüm infrastruktur layihəsi Azərbaycan Respublikasının Mərkəzi Bankının təşəbbüsü və dəstəyi ilə həyata keçirilir. Layihənin icrası üçün əsas xidmət təchizatçısı olan “Azərbaycan Dəmir Yolları” QSC, layihənin ekvayeri Azərbaycan Beynəlxalq Bankı, ödəniş xidmətlərinin təchizatçısı IBA Group, sistemlərin inteqratoru və proqram təminatı idarəedicisi qismində RBC Consulting, bank prosessoru olan AzeriCard və texnoloji tərəfdaş qismində Visa öz səylərini birləşdiriblər.
“Azərbaycan Dəmir Yolları sərnişinlərə daha rahat və etibarlı gediş şəraiti yaratmaq üçün daim innovasiyalar tətbiq etməyə çalışır. Qatar artıq şəhərətrafı nəqliyyatın ən təhlükəsiz və ekoloji baxımdan ən təmiz növlərindən biridir. Bu layihə sərnişinlərə gediş haqlarını bank kartları vasitəsilə çox asan, sürətli və təhlükəsiz şəkildə ödəməyə imkan verəcək və sərnişinlərə xidmətin göstərilməsini xeyli asanlaşdıracaq”, – “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Elyar Muradov qeyd edib.
“Sərnişin axınının artmağa başladığı, lakin hələ də pandemiyadan qabaqkı səviyyədən xeyli geridə qaldığı bir dövrdə, dünyanın hər bir yerində şəhərlər və nəqliyyat operatorları sakinlərə təhlükəsiz, etibarlı və səmərəli nəqliyyat xidmətləri göstərmək yollarını arayırlar. Nəqliyyatda təmassız ödəmələrdən istifadə dünya üzrə 187% artıb, və Visa hazırda dünyanın 500 şəhəri ilə əməkdaşlıqda təmassız ödəniş həllərini qurur və ya genişləndirir. Fəxr edirik ki, Azərbaycan da təmassız gediş haqqı sistemini genişləndirən ölkələr sırasındadır. Əminik ki, bu mühüm layihə ölkə üzrə təmassız ödənişləri yeni səviyyəyə qaldıracaq”, – deyərək Visa şirkətinin Qafqaz regional meneceri Kristina Doroş əlavə edib.
Azərbaycan Respublikasının Mərkəzi Bankının icraçı direktoru Fərid Osmanov bildirib: “Azərbaycanın Mərkəzi Bankı üçün ödəniş xidmətlərinin rəqəmsallaşdırılmasında əsas məqsəd daha sadə, sürətli, təmassız və istehlakçılar üçün rahat ödəmə həllərini təşviq etməklə ölkədə nağdsız iqtisadiyyatın artımında köklü dəyişikliyə nail olmaqdır. Həmin ödəmə xidmətlərinin bazara təqdim edilməsi həmçinin yeni gəlir axınlarının və əlavə dəyər imkanlarının inkişafı üçün yol açır. Bu gün hörmətli tərəfdaşlarımızla birgə biz “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində dəmir yollarında yeni pilot təşəbbüsünü uğurla istifadəyə veririk. Dövlət Proqramı daxilində biz ödənişlərin nəhəng dərəcədə artmasına nail olmuşuq. Ödəniş kartlarının sayı 44% yüksələrək 10,1 milyona, təmassız kartların sayı isə 5,5 dəfə artaraq 4,6 milyona çatıb. Tam əminliklə deyə bilərik ki, bazarda təmassız kart sayının dinamik artımı dəmir yollarında da təmassız ödənişlərin cəld və səmərəli tətbiqini sürətləndirəcək. Bu gün biz ölkənin nəqliyyat sisteminin inkişafında yeni bir mərhələyə qədəm basırıq və ümid edirik ki, bu tendensiya bütöv nəqliyyat ekosistemini əhatə edəcək”.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayev bildirib: “Azərbaycan Dəmir Yollarının Abşeron yarımadasında yerləşən bütün sərnişin stansiyalarında bank kartları ilə təmassız ödənişlərin həyata keçirilməsi imkanı müasir texnologiyaların tətbiqi nəticəsində əldə olunan növbəti bir müvəffəqiyyətdir. Bu yenilik təmassız ödənişlərin müştərilər arasında daha da böyük rəğbət qazanmasına səbəb olacaq. Son bir il ərzində Azərbaycan Beynəlxalq Bankının buraxdığı kartlar vasitəsilə edilmiş təmassız ödənişlərin sayı 10 dəfədən çox artıb. Belə layihələrin tətbiqi təmassız ödəniş tendensiyasını gücləndirir. Əminik ki, təmassız ödəniş üsulları müştərilərin rahatlığını təmin etməklə yanaşı, onların vaxtına da xeyli qənaət edəcək. İnnovativ həllərin tətbiqi və yeni müştəri təcrübələrinin yaradılması Azərbaycan Beynəlxalq Bankı üçün həmişə prioritet olaraq qalacaq”.
Məlumat verildiyi kimi bəzi fiziki və hüquqi şəxslər tərəfindən yük avtomobilləri oxa düşən kütlə parametrlərinə dair tələblər pozulmaqla normadan artıq yüklənir və bu formada ümumi istifadədə olan avtomobil yollarında idarə edilir. Belə hallar inzibati xəta tərkibi yaratmaqla yanaşı nəqliyyat vasitələrinin hərəkəti zamanı avtomobil yoluna və yol qurğularına zərər dəyməsinə, yol örtüyünün və yolun mühəndis konstruksiyasının zədələnməsinə səbəb olur, həmçinin bəzi hallarda digər hərəkət iştirakçıları üçün də təhlükəli vəziyyət yaradır.
Bunun qarşısını almaq məqsədi ilə magistral və respublika əhəmiyyətli avtomobil yollarında təşkil edilmiş tərəzi nəzarət məntəqələrində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-nin və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının birgə xidmətinin təşkili üzrə tərtib edilmiş tədbirlər planına əsasən yoxlama tədbirləri davam etdirilir.
Yoxlama tədbirləri aşağıda adları qeyd olunan Tərəzi Nəzarət Məntəqələrində aparılır:
Yoxlama tədbirləri zamanı iriqabaritli və ağırçəkili nəqliyyat vasitələri yükdaşıma qaydalarını, həmçinin icazə verilən çəki və kütlə parametrlərinə dair tələbləri pozan sürücülərin aşkarlanması, icazə verilən həddən artıq yükü olan nəqliyyat vasitələrinin agentliyin səlahiyyətləri daxilində yol hərəkətindən kənarlaşdırılması, artıq yükün boşaldılması və sürücülərə inzibati məsuliyyət daşıdıqları barədə xəbərdarlıqların edilməsi həyata keçirilir.
Əgər yuxarıda qeyd olunan hal təkrarlanarsa, həmin sürücülər barəsində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən inzibati xəta haqqında protokol tərtib edilir. Bu çərçivədə son 10 gün ərzində günlər yükdaşıma qaydalarını pozan, həmçinin iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə müvafiq olaraq 163 protokol tərtib olunub.
Qeyd edək ki, ağırçəkili nəqliyyat vasitələrinin avtomobil yollarına vurduqları ziyanın hesablanması qaydalarının, yol ötürücülərinin yük götürmə qabiliyyətinin müəyyən edilməsi, habelə həmin zərərin ödənilməsi və aradan qaldırılması, ən əsası isə qəza təhlükələrinin nəzarət altına alınması məqsədi ilə tədbirlərin görülməsi istiqamətində müvafiq addımların atılması davam etdiriləcək.
YOLUNUZ AÇIQ OLSUN...
Suraxanı rayonu üzrə təmirə ehtiyacı olan ümumi uzunluğu 18.5 km təşkil edən qəsəbədaxili küçə və yolda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir-tikinti işləri davam etdirilir.
Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) "Yol-xeber.az"ya verilən məlumata görə, İnvestisiya Proqramına uyğun olaraq sözügedən rayonun Qaraçuxur qəsəbəsində ümumi uzunluğu 4.3 km olan 4 küçədə və Şərq yaşayış massivi yolunda yenidənqurma işlərinin aparılması nəzərdə tutulurdu ki, bu istiqamətdə bir müddətdir işlərə start verilib.
Bu çərçivədə qəsəbədə 1 km uzunluğa malik Cəlal Qurbanov küçəsində aparılan təmir-tikinti işləri yüksək keyfiyyətlə qısa müddət ərzində icra olunaraq yekunlaşdırılıb.
Aparılan yenidənqurma işləri çərçivəsində küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunub. Ardınca küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi həyata keçirilib.
Bununla yanaşı küçə boyu zəruri olan yerlərdə piyada səkiləri bərpa olunub, səkilərin hərəkət hissəsi asfaltlanıb, ərazidə olan köhnə səki daşları yenisi ilə əvəz edilib.
Layihəyə uyğun olaraq asfaltlanma işləri bitdikdən sonra eni ortalama 18 metr təşkil edən Cəlal Qurbanov küçəsi zəruri yol nişanları, üfiqi nişanlanma xətləri, piyada zolaqları ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.
İnvestisiya proqramına uyğun olaraq, təmir işləri Suraxanı rayonunun Hövsan qəsəbəsi Bahar yaşayış massivində də davam etdirilir. Belə ki, qəsəbənin 1.5 km uzunluğa malik yollarına hazırda yeni asfalt-beton örtüyü döşənir. Anoloji işlər Hövsan qəsəbəsində uzunluğu 2 km, ortalama eni 6 metr olan Oktay Şabanov küçəsində də aparılır.
Qısa zaman ərzində isə hər birinin uzunluğu 1.5 km olan Bağlar yaşayış massivinin və Südçülük sovxozu adlanan ərazinin yollarında, həmçinin ümumi uzunluğu 7.7 km olan qəsəbədaxili küçə və məhəllədaxili hissələrdə də agentlik tərəfindən təmir-bərpa işlərinə başlanacaq.
Hövsan qəsəbəsi üzrə cari ildə təmiri nəzərdə tutulan küçə və yolların ümumi uzunluğu 14.2 km təşkil edir.
Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncam və tapşırıqları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2019-2020-ci illərdə Suraxanı rayonunun qəsəbələrini əhatə edən ümumi uzunluğu 50 km-ə yaxın qəsəbədaxili küçə və yollarının təmiri işləri icra olunub.
"Yol-xeber.az"a daxil olan məlumatda deyilir, Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən, regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində yeniləşən və müasirləşən yol infrastrukturu sənaye, kənd təsərrüfatı və turizmin inkişafına səbəb olur. Bu məqsədlə cari ildə icra olunan layihələr sırasına Tərtər rayonunda 5 yaşayış məntəqəsini əhatə edən yolların yenidən qurulması daxil edilib.
Evoğlu-Aşağı Qapanlı-Azad Qaraqoyunlu-İlxıçılar-Köçərli kəndlərinə gedən və ümumi uzunluğu 11 km olan avtomobil yolları 7 minə yaxın əhalinin yaşadığı 5 kəndin rahat gediş-gəlişini təmin edəcək. Çünki bundan öncə yolların uzun müddət əsaslı şəkildə yenidən qurulmadan istismarda olması səbəbindən sözügedən yaşayış məntəqələrində yaşayan vətəndaşların istər rayon mərkəzinə, istərsə də qonşu rayonlara çıxışında xüsusən payız-qış mövsümündə problemlər yaşanırdı. Artıq bu problemin köklü şəkildə aradan qaldırılması üçün yenidənqurma işlərinə start verilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən texnoloji ardıcıllıqla IV texniki dərəcəyə uyğun yenidən qurulan yollar 10 metrə qədər genişləndirilir. Bura 6 metr hərəkət hissə və 2 metr çiyinlər daxildir. Aparılan genişləndirmə işləri öz növbəsində bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb.
Layihəyə uyğun olaraq yolun torpaq yatağının bərpası üçün yararsız qrunt müxtəlif dərinliklərdə qazılaraq çıxarılır, əvəzinə lazımi qrunt tökülərək kipləşdirilir. Yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün yararlı qrunt tökülərək yayılır, yolun genişləndirilməsi işləri aparılır, yeni torpaq yatağı və yol əsası inşa edilir.
Avtomobil yollarının altından suların ötürülməsini təmin etmək məqsədi ilə mövcud boruların yeniləri ilə əvəz olunması, zəruri yerlərdə yenilərinin inşa edilməsi layihədə nəzərdə tutulanvə icrası təmin edilən işlərdəndir.
Sadalanan işlərin ardınca “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yollara yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə də başlanılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında yüksək keyfiyyətlə icra olunan layihənin sonuncu mərhələsində yollar boyu zəruri yerlərdə avtobus dayanacaqları, yol nişanı, km göstəricisi və siqnal dirəkləri quraşdırılacaq, hərəkətin normal təşkili üçün üfüqi nişanlama xətləri çəkiləcək.
İşlərin qısa müddət ərzində yekunlaşdırılması və yolların müasir görkəmdə vətəndaşların istifadəsinə verilməsi üçün agentlik tərəfindən əraziyə lazımi sayda qüvvə səfərbər olunub.
Təbii ki, bir-neçə yaşayış məntəqəsinə gedən yolların bərpası, inşası, müasir tələblər səviyyəsində yenidən qurulması vətəndaşlarımızın birbaşa olaraq sosial rifah halına müsbət təsir göstərməklə, avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaradır, yük və sərnişin daşımasını asanlaşdırır, kənd təsərrüfatının inkişafına təkan verir, məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradır.
BÜTÜN YOLLAR QARABAĞA APARIR...
"Yol-xeber.az"a daxil olan məlumatda deyilir, Avtomobil yollarının təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 16-cı kilometrindən (VAZ dairəsi) 30-cu kilometrinədək (Sumqayıt) olan 14 km hissəsində təmir-bərpa işlərinin 2-ci hissəsi davam etdirilir.
Təmir-bərpa işlərinin 1-ci hissəsi üzrə magistralın 30-cu km-dən (Sumqayıt) 16-cı km-dək (VAZ dairəsi) olan hissəsində yenidənqurma işləri artıq bitib.
Təmir-bərpa işləri zamanı yol örtüyünün aşınma qatı frezlənərək kənara daşınır, örtüyün deformasiyaya uğramış hissələri xüsusi texnika vasitəsi ilə sökülərək qaldırılır, yatağın yararsız qruntu qazılaraq çıxarılır, əks-dolğu işləri görülərək yol yatağı yenidən tikilir. Ardınca yeni yol əsası inşa edilir və hamarlayıcı lay asfalt-beton örtüyü döşənir.
Bunun ardınca frezlənmiş və hamarlayıcı lay döşənmiş ərazilər iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-betonla örtülür. Artıq “VAZ dairəsi” deyilən ərazidən başlayaraq Ceyranbatan qəsəbəsi istiqamətində 4 km-lik hissədə qeyd olunan işlər görülərək yekunlaşdırılıb. Növbəti 1 km-lik hissədə isə sadalanan işlər davam etdirilir.
Magistralın təmir-bərpa işləri aparılan 14 km-lik hissəsinin yol ayrıcında quraşdırılmış əyri xətli dəmir tirlər də sökülərək, beton arakəsmələrlə əvəzlənib.
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində aparılan işlər zamanı avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır. Məhdudlaşma tətbiq edilən ərazilərdə hərəkət əks istiqamətdə ikitərəfli olaraq təmin olunur. Bu üzdən sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və təmir-tikinti aparılan ərazilərdə quraşdırılan müvəqqəti nişanların tələblərinə riayət etmələri xahiş olunur.
Bütün işlər mövcud “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır. Tərtib olunmuş qrafikə uyğun olaraq işlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
BÜTÜN YOLLAR QARABAĞA APARIR...
Dövlət başçısının tapşırıq və sərəncamlarına uyğun olaraq, cari ildə inşası və əsaslı şəkildə yenidən qurulması nəzərdə tutulmuş avtomobil yolları ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər davam etdirilir. Bu çərçivədə Ağstafa rayonunda 5 km uzunluğa malik yerli əhəmiyyətli Böyük Kəsik-Ağgöl avtomobil yolunun yenidən qurulmasına başlanılıb.
4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulan sözügedən yol uzunluğu 2.6 km olmaqla, 2 mindən çox əhalinin yaşadığı 2 yaşayış məntəqəsinin rahat gediş-gəlişini təmin edəcək. Yolun layihə üzrə hərəkət hissəsi 6, çiyinlərin eni isə hər bir istiqamət üzrə 2 metr təşkil edir.
Uzun müddət əsaslı təmir edilmədən istismar olunduğundan yol geyimi və yolun əsası, həmçinin torğaq yatağı yuyulmuş, hərəkət hissəsində qabarmalar və çökmələr əmələ gəlmişdir. Bu isə rahat və təhlükəsiz hərəkətə maneə yaradırdı.
Bu üzdən hazırda tikinti layihəsinə uyğun yolun qabarmış və çökmüş hissələrinin qazılaraq çıxarılması, qazılmış hissələrinin doldurulması, yolun torpaq yatağının qaldırılması və genişləndirilməsi, yararlı qruntun yayılması və lay-lay kipləşdirilməsi işləri aparılır. Yolun müəyyən hissəsində yolun genişləndirilməsi, optimal-qırmadaş qarışığı ilə əsasın alt layının, qum-çınqıl qarışığından isə əsasın üst layının tikintisi işləri görülür. Marşrut boyu yararsız hala düşmüş müxtəlif diametrli suötürücü borular yeniləri ilə əvəz edilir və zəruri olan yerlərdə isə müxtəlif diametrli yeni dəmir-beton borular quraşdırılır.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, daha sonra yol boyu iri və xırda dənəli asfalt-beton qarışığından örtüyün alt və üst layının tikintisi aparılacaq.
Texnoloji ardıcıllığa uyğun olaraq və birbaşa Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılan yenidənqurma işləri ilə təbii ki, yol boyu vətəndaşların rahat gediş-gəlişi təmin olunacaq, yük və sərnişin daşıması asanlaşacaq.
2021-ci ildə yenidən qurulması və əsaslı şəkildə bərpası nəzərdə tutulmuş avtomobil yolları ilə bağlı tərtib olunmuş tədbirlər planına əsasən, Ağstafa rayonunda “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğuna gedən 32 km uzunluğa malik və II texniki dərəcəli yeni avtomobil yolunun da inşası davam etdirilir.
“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğuna gedən avtomobil yolu başlanğıcını yerli əhəmiyyətli Ağstafa-Poylu-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 38-ci km-dən götürür. Layihə çərçivəsində yolun torpaq yatağının eni 15 metr, asfalt-beton örtüyünün eni isə 9 metr təşkil edəcək.
Hazırda yeni yol boyu yararsız qrunt qazılaraq çıxarılır, əvəzinə yararlı çınqıl materialı tökülərək kipləşdirmə işləri aparılaraq yeni yol yatağı inşa edilir. Bundan başqa yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün işlər görülür, yolun normativ eninin alınması üçün müəyyən hissələrdə qaya tipli süxurlar mexanizmlə kəsilərək, yol yatağı genişləndirilir.
Bu işlərə paralel olaraq yolun altından suların ötürülməsi üçün yeni suötürücü borular quraşdırılması, həmçinin digər süni qurğuların inşası işləri də icra olunur.
Ağstafa rayonunda icra olunan hər iki layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə yol nişanı, km göstəricisi və məlumatverici lövhələrin, həmçinin siqnal dirəklərinin quraşdırılması işlərinin aparılması da nəzərdə tutulur.
Tərtib olunmuş qrafikə uyğun aparılan işlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə agentlik tərəfindən lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.
BÜTÜN YOLLAR QARABAĞA APARIR...
"Yol-xeber.az" AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Bərdə-Ağdam avtomobil yolunun təməlqoyma mərasimində iştirak edib.
Qeyd edək ki, bu layihə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturunun yenidən qurulması istiqamətində həyata keçirilən genişmiqyaslı işlərin tərkib hissəsidir.
Məlumat verildi ki, 14 kilometrlik hissəsi Bərdə şəhərindən və bir neçə yaşayış məntəqəsindən keçəcək yolun uzunluğu 44.5 kilometrdir.
Dövlətimizin başçısının tapşırığına əsasən bu avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olacaq. Avtomobil yolu Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, bu rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edəcək.
Prezident İlham Əliyev yolun təməlini qoydu.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Ağdama səfəri çərçivəsində Bərdə-Ağdam avtomobil yolunun təməlqoyma mərasimində iştirak edib.