Bakı şəhərində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Sabit Orucov, Nizami, Mehdi Mehdizadə və 28 May küçələrinin bir hissəsinin genişləndirilməsi və sözügedən küçələrin Yusif Səfərov küçəsi ilə kəsişməsinin təmin edilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən genişmiqyaslı yenidənqurma işləri davam etdirilir.

 

Aparılan yenidənqurma işləri çərçivəsində Mehdi Mehdizadə küçəsi ilə 28 may küçəsinin kəsişməsində yerləşən artıq istifadə olunmayan və yolun daralmasına səbəb olan dəmir yolu körpüsünün sökülməsi istiqamətində addımlar atılıb. Nəticədə küçənin sözügedən hissəsində hərəkət hissə 2 zolaqdan 4 zolağa genişləndirilib, yolun kənarları abadlaşdırılıb.

 

Bundan başqa aparılan yenidənqurma işləri çərçivəsində mövcud piyada səkiləri bərpa olunub, işlərin aparıldığı ərazi boyu yeni səki daşları düzülüb, yeni asfalt-beton örtüyü döşənib. Daha sonra zəruri olan yerlərdə yeni yol nişanları quraşdırılıb, üfiqi nişanlanma xətləri çəkilərək Mehdi Mehdizadə küçəsinin Yusif Səfərov və 28 may küçələri, həmçinin 28 may küçəsinin Mehdi Mehdizadə və Kövkəb Səfərəliyeva küçələri arasında yerləşən hissəsi yeni və müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

 

Sabit Orucov, Nizami, Mehdi Mehdizadə və 28 May küçələrinin Yusif Səfərov küçəsi ilə kəsişən hissələrində paytaxtımızın yol infrastrukturuna mühüm töhfə verəcək yeni qovşağın yaradılması istiqamətində sadalanan küçələrdə yenidənqurma işləri davam etdirilir.

 

Bu çərçivədə Mehdi Mehdizadə küçəsinin Yusif Səfərov və İzzət Orucov küçələri arasında yerləşən hissəsində də yenidənqurma işləri aparılıb. Ümumilikdə küçənin uzunluğu 1050 metr, eni isə ortalama 15-16 metr təşkil edir.

 

Yenidənqurma işləri çərçivəsində zəruri yerlərdə yolun yararsız qruntu qazılaraq çıxarılıb, əks-dolğu işləri görülərək kipləşdirmə işləri görülüb və yeni yol əsası inşa edilərək hamarlayıcı lay asfalt-betonla örtülüb. Bundan başqa layihə əsasında mövcud piyada səkiləri bərpa olunub, zəruri yerlərdə yeniləri inşa edilərək küçə boyu hər bir tərəfdə yeni səki daşları düzülüb, avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz parklanmasını təmin etmək üçün 2.5 metr enində xüsusi parkinq yerləri yaradılıb. Küçəyə 2 laydan ibarət yeni asfalt-beton örütüyü döşənib.

 

Küçə boyu avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təşkili üçün zəruri yerlərdə yol nişanları qoyulub, yolcizgi və yolgöstərici, həmçinin piyada zolaqları çəkilib.

 

28 may küçəsinin bir hissəsində, həmçinin Mehdi Mehdizadə küçəsində müasir yol infrastrukturunun yaradılması istiqamətində aparılmış yenidənqurma işləri Sabit Orucov küçəsini, həmçinin Sergey Senyuşkin, Fəzail Bayramov, Tağızadə, Natiq Əliyev və Ayaz İsmayılov küçələrinin Mehdi Mehdizadə və Sabit Orucov küçələri arasında yerləşən hissələrini da əhatə edib. Yenidənqurularaq müasir görkəmdə istifadəyə verilən Sabit Orucov küçəsinin uzunluğu 1045 metr, ortalama eni 15-16 metr təşkil edir. Mehdi Mehdizadə və Sabit Orucov küçələri arasında yerləşən və təmir olunan küçələrin sözügedən hissələrinin ümumi uzunluğu isə 350 metrdir.

 

Hazırda yenidənqurma işlərinin aparıldığı Nizami küçəsinin Kövkəb Səfərəliyeva və Yusif Səfərov küçələri arasında yerləşən hissəsinin uzunluğu isə 535 metr təşkil edir. Küçənin eni isə 12 metrdir.

 

Qeyd edilən ərazilərdə də layihə əsasında mövcud piyada səkiləri bərpa olunub, zəruri yerlərdə yeniləri inşa edilərək üzərlərinə tamet daşlar döşənib, küçələr boyu hər bir tərəfdə yeni səki daşları düzülüb, avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz parklanmasını təmin etmək üçün xüsusi parkinq yerləri yaradılıb.

 

Bundan başqa aparılan təmir işləri zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanaliasiya sistemi də bərpa olunub, yeni yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunub. Hazırda küçələrə 2 laydan ibarət yeni asfalt-beton örütüyü döşənir.

 

Ümumilikdə layinənin icra olunduğu küçələrin ümumi uzunluğu 3.6 km, sahəsi isə 80 min kv.m-ə yaxındır.

 

Layihənin sonuncu mərhələsində  Sabit Orucov, Nizami, Mehdi Mehdizadə və 28 May küçələrinin Yusif Səfərov küçəsi ilə kəsişən hissəsində yeni yol qovşağı yaradılacaq. Qovşaqda avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təşkili üçün işıqforlar quraşdırılacaq, zəruri yerlərdə yol nişanları qoyulacaq, yolcizgi və yolgöstərici, həmçinin piyada zolaqları çəkiləcək.

 

Qeyd edək ki, Şah İsmayıl Xətainin heykəlinin yerinin dəyişdirilməsi, paytaxtımızda yol infrastrukturuna mühüm töhfə olacaq yol qovşağının yaradılmasına şərait yaradıb. Belə ki, Nizami küçəsi ilə Sabit Orucov, Mehdi Mehdizadə küçəsi ilə 28 May küçəsi istiqamətində yolları birləşdirən nəqliyyat qovşağının yaradılması ərazidə yarana biləcək tıxacların qarşısının alınmasına və nəqliyyat vasitələrinin hərəkətinin intensivliyinin təmin edilməsinə imkan verəcək.

 
 

Vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması istiqamətində Abşeron rayonunun ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən rayon ərazisində kompleks tədbirlərin icrası davam etdirilir.

 

İmzalanan sərəncama əsasən, Abşeron rayonunun Saray, Ceyranbatan, Mehdiabad, Qobu qəsəbələrinin və Masazır kəndinin ərazilərində avtomobil yollarının əsaslı təmiri məqsədi ilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 19.7 milyon (on doqquz milyon yeddi yüz min) manatı ayrılıb.

 

Ölkə başçısının imzaladığı sözügedən sərəncam çərçivəsində, agentlik tərəfindən Abşeron rayonunun Saray, Ceyranbatan, Mehdiabad, Qobu qəsəbələrinin və Masazır kəndinin ərazilərində ümumi uzunluğu 29.2 kilometr olan 23 küçə və yolda təmir işlərinin həyata keçirilməsi nəzərdə tutulur ki, bu istiqamətdə işlər davam etdirilir. Ümumilikdə təmir işlərinin əhatə edəcəyi sahə 240 min kv.m-dir.

 

Təmir işləri əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılır.

 

Artıq layihə üzrə Saray qəsəbəsində təmiri nəzərdə tutulan 5 küçədə işlər yekunlaşıb. Bu uzunluğu 2.4 km olan Heydər Əliyev prospekti, 1.2 km-lik Sülh və 1.4 km-lik Sabir küçələri, ümumi uzunluğu 1.1 km olan 2 və 3 saylı orta məktəblərə gedən yollar, həmçinin Aşıq İmran küçəsidir. Təmir olunan küçələrin ümumi uzunluğu 6100 metr, sahəsi isə 60 min kv.m-dən çoxdur.

 

Masazır kəndində sərəncama əsasən təmiri nəzərdə tutulan 7 küçədən 2-də işlər tamamlanıb. Bu uzunluğu 720 metr olan Şıxəli Qurbanov və 1.9 km-lik Akim Abbasov küçələridir. Ümumi uzunluqları 4.4 km, sahəsi 27 min kv.m-dən çox olan Qaçaq Nəbi, Hacı Zeynalabdin Tağıyev, Faiq Həsənov, Nazim Əsədov və İlyas Bayramov küçələrinin isə bu ilin sonunadək təmir olunaraq vətəndaşların istifadəsinə verilməsi planlaşdırılır.

 

Mehdiabad qəsəbəsi üzrə cari ildə təmiri nəzərdə tutulan 5 küçədən 1-də əsaslı yenidənqurma işləri artıq bitib. Söhbət uzunluğu 2 km olan Qara Qarayev küçəsindən gedir. Qara Qarayev küçəsi Mehdiabad qəsəbəsinin əsas mərkəzi yollarından biri hesab olunur. Küçə Mehdiabad-Fatmayi-Goradil və Binəqədi-Novxanı avtomobil yollarını birləşdirərək, həm yol boyu yaşayan vətəndaşların, həm də bu yoldan istifadə edənlərin əlavə məsafə qət etmədən rahat və təhlükəsiz gediş-gəlişini təmin edir.

 

Sözügedən qəsəbə üzrə təmiri nəzərdə tutulan Cəfər Cabbarlı, Əhməd Cavad, Çingiz Mustafayev və İsmət Qayıbov küçələrində yenidənqurma işlərinə artıq start verilib. Ümumi uzunluğu 5.2 km, sahəsi 39 min kv.m-dən çox olan sözügedən küçələrin təmiri ilin sonunadək yekunlaşdırılacaq.

 

Cari ildə Ceyranbatan qəsəbəsi üzrə əsaslı təmiri həyata keçirilməli olan Heydər Əliyev küçəsində aparılan yenədənqurma işləri isə artıq bitmək üzrədir. Uzunluğu 1.2 km, sahəsi 10 min kv.m-dən çox olan küçədə işləri qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

 

Dövlət başçısının imzaladığı sərəncama əsasən hazırlanan layihələr əsasında Qobu qəsəbəsində isə hazırda 4 küçədə təmir-tikinti işləri həyata keçirilir. Bu Qara Qarayev, Aşur Həsənbalayev, Sona Salmanova və Çingiz Mustafayev küçələridir. Sözügedən küçələrin ümumi uzunluğu 6.8 km, təmir olunan sahə isə 62 min kv.m-dən çoxdur. Küçələr boyu torpaq işləri, yol əsasının tikintisi və hazır olan ərazilərə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Yaxın günlərdə təmiri nəzərdə tutulan sonuncu küçədə - 860 metr uzunluğa malik Mirzə Ələkbər sabir küçəsində də yenidənqurma işlərinə start veriləcək.

 

Ümumilikdə aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə köhnə örtük sökülür və yararsız qrunt qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirilir. Daha sonra isə yeni asfalt-beton örtüyünün döşənməsi icra olunur.

 

Qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ilkin olaraq ayrılmış vəsait hesabına aparılır. Növbəti mərhələlərdə sərəncam və investisiya proqramı ilə ayrılacaq vəsaitə uyğun, sözügedən qəsəbələr üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.

 

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılan işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altındadır. İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

 
 

Qusar rayonunun Cibir–Həzrə–Mucuq–Sudur avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən yolda yenidənqurma işləri davam etdirilir. Cibir–Həzrə–Mucuq–Sudur marşrutu üzrə 14 yaşayış məntəqəsini əhatə edən yolun uzunluğu 46 km-dir.

 

Cibir–Həzrə–Mucuq–Sudur avtomobil yolu torpaq əsaslı və çınqıl örtüklü olmaqla 4-cü texniki dərəcəlidir.

 

Çətin relyefə malik ərazidən keçən avtomobil yolu uzun illər təmir olunmadan istifadə edildiyindən, həmçinin təbii faktorların təsirindən yararsız vəziyyətdə idi, torpaq yatağı dağ və qrunt sularının təsirinə məruz qalaraq dağılmışdır. Torpaq yatağının orta eni cəmi 7-8 metr təşkil edirdi. Bu üzdən avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədi ilə yolun dağlıq ərazidən keçən hissəsində qaya süxurlarının xüsusi təyinatlı mexanizmlə kəsərək tələb olunan torpaq yatağının eninin alınması zərurəti var idi.

 

Sözügedən yolun çiyin hissələri də yuyularaq ensizləşib və texniki normalara cavab vermirdi. Mövcud suötürücü borular isə yararsız vəziyyətdədir. Bu üzdən yararsız boruların əvəz olunmasına, dəmir-beton başlıqların təmirinə və əlavə olaraq yeni boruların qoyulmasına ehtiyac var. Bu səbəbdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yolun yenidən qurulması işləri mövcud problemləri birdəfəlik aradan qaldırır.

 

Layihəyə uyğun olaraq, yolun 36 km-i asfalt-beton, 10 km-i isə çınqıl örtüklü olmaqla 3 istiqamət üzrə yenidən qurulur. Bu 34.4 km uzunluğa malik ( 24.4 km asfalt-beton, 10 km çınqıl örtük olmaqla) Sudur kəndi, 3.8 km uzunluğunda Cibir kəndi və 5.8 km-lik Mucuq kəndi istiqamətləridir. Bu çərçivədə Cibir və Mucuq kəndəri istiqamətində 9.6 km uzunluğa malik yollar artıq yenidən qurulub.

 

Sözügedən yollar boyu deformasiyaya uğramış hissələr qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirilib, yolun torpaq yatağının təmiri və bərpası işləri aparılıb, yolun normativ eninin alınması üçün torpaq yatağı genişləndirilib.

 

Texnoloji ardıcıllığa uyğun olaraq, bu işlərin ardınca yol əsasın alt və üst layının lazımi qalınlıqda karxana çınqılı və optimal-çınqıl qarışığı ilə tikintisi işləri görülüb. İşlərin yekunlaşmasına uyğun olaraq, əlaqələndirici bitum səpilməklə iri və xırda dənəli olmaqla 2 laydan ibarət asfalt-beton örtüyünün döşənməsi işləri də həyata keçirilib.Yolun hərəkət hissəsinin eni 6 metr nəzərə alınmaqla bu işlər 57.6 min kv.m sahəni əhatə edib.

 

Bundan başqa optimal çınqıl qarışığı ilə çiyin hissələrin bərkidilməsi, həmçinin giriş-çıxış yollarının təmiri, 7500 p/metr uzunluğunda küvetlərin avtoqreyderlə açılması, yolun altından suların ötürülməsi üçün müxtəlif diametrlərə malik 168 p/metr uzunluğunda metal borular quraşdırılıb və izolyasiya olunması, boru başlıqları dəmir-betonla tikilməsi  də layihə üzrə yerinə yetirilib.

 

Hazırda anoloji yenidənqurma işləri yolun 34.4 km uzunluğa malik Sudur istiqamətində həyata keçirilir. Bu istiqamətdə yol 4-cü texniki dərəcə olmaqla 24.4 km-i asfalt-beton, 10 km-i çınqıl örtük olmaqla inşa edilir.

 

Layihəyə uyğun olaraq yolun dağlıq ərazidən keçən hissəsində qaya süxurlarının xüsusi təyinatlı mexanizmlə kəsərək torpaq yatağı genişləndirilərək inşa olunur, ardınca yol əsası karxana çınqılı və optimal-çınqıl qarışığı ilə tikilir. Daha sonra asfaltlanma işlərinə başlanılacaq və yola 2 laydan ibarət asfalt beton və çınqıl örtük döşənəcək. Ümumilikdə 140 min kv.m-dən çox sahənin asfaltlanması, 100 min kv.m sahənin isə optimal-çınqıl qarışığı ilə örtülməsi nəzərdə tutulub.

 

Yol boyu avtoqreyderlə 36 min p/metr küvetlərin açılmasına, mövcud suötürücü borular sınmış və çökərək yararsız vəziyyətə düşdüyündən, yeni suötürücü dəmir-beton boruların quraşdırılmasına ehtiyac yaranıb. Bu səbəbdən müxəlif diametrlərə malik 612 p/metr uzunluğunda metal suötürücü boru quraşdırılması da layihə üzrə aparılır.

 

Layihənin sonunda nəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə müvafiq üfüqi nişanlanma xətlərinin çəkilməsi, yol nişanlarının vəsiqnal dirəklərinin, həmçinin təhlükəli yerlərdə beton sədlərin quraşdırılması nəzərdə tutulur. Bundan başqa vətəndaşlar üçün kənd ərazilərində 9 yerdə avtobus dayanacaqları tikiləcək.

 

Qusar rayonunun Cibir–Həzrə–Mucuq–Sudur avtomobil yolunun tikintisi sakinlərin rahat gediş-gəlişini təmin edəcək, 8 min əhainin yaşadığı 14 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılması ilə yanaşı, bölgədə turizmin və kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq.

 
 
Muğanlı-İsmayıllı-Təzəkənd-Ağbulaq-Qoşakənd avtomobil yolu istifadəyə verilib
İsmayıllı rayonunun Muğanlı-İsmayıllı (30 km)-Təzəkənd-Ağbulaq-Qoşakənd avtomobil yolu (8 km) yenidənqurmadan sonra istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yolun açılışında iştirak edib.

Tədbir çərçivəsində Qaraməryəm-İsmayıllı-Şəki (27 km)-Quşencə-Zoğallıq avtomobil yolunun da təqdimatı olub.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikası regionlarının 2019-2023-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yol şəbəkəsinin daha da müasirləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu çərçivədə respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun yenidən qurulması işləri sürətlə və keyfiyyətlə davam etdirilir.

 

Ötən əsrin 70-ci illərində o vaxtkı normativlər əsasında tikilmiş bir çox avtomobil yolları kimi Ucar-Zərdab-Ağcabədi yolu da ağır yük maşınlarının sayının kəskin artımı nəticəsində müasir tələblərə cavab vermədiyindən aşınmaya məruz qaldı. Bu isə ciddi mənada hərəkətə maneə törədirdi. Aparılan uğurlu islahatlar nəticəsində dövlət başçısının tapşırıq və sərəncamları ilə  magistral yollarla yanaşı respublika əhəmiyyətli yolların müasir səviyyədə yenidənqurulması işlərinə başlanıldı.

 

Respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun yenidən qurulması layihəsi Ucar şəhərinin girişindən başlayaraq 70 km sonra Ağcəbədi şəhərinin cənubunda R18 Mingəcevir-Bəhrəmtəpə avtomobil yoluna birləşir.

 

Layihə üzrə mövcud yol oxu saxlanılmaqla yolun III dərəcəli yol parametrlərindən II dərəcəli yol parametrlərinə təkmilləşdirilməsi işləri aparılır. Bunun üçün mövcud yolun deformasiyaya uğrayan hissələrinin qazılması, torpaq yatağının genişləndirilməsi, torpaq dolğusu işləri, dənəvər tərkibli əsasın üst layının tikintisi, əsasın ait layının tikintisi və qırmadaşlı əsasın tikinti işlərini yerinə yetirməkdədir. Buna paralel olaraq yol əsası hazır olan hissələrin polimer asfalt-beton qarışığı ilə döşənməsi işləri də aparılır.

 

Tikinti-quraşdırma işləri magistral avtomobil yolunda vətəndaşların rahat və maneəsiz hərəkəti dayandırılmadan “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun keyfiyyətlə yerinə yetirilir.

 

Layihəyə əsasən hər birinin eni 3.75 metr olmaqla 2 hərəkət zolağından ibarət olan yolun ümumi eni 15 metrdir.  Yol yatağının qalınlığı ümumilikdə 90, asfalt-beton örtüyü 3 lay olmaqla qalınlığı 27 sm təşkil edəcək.

 

Layihə çərçivəsində yol boyu 9 yeraltı keçid, 26 düzbucaqlı su keçidi, müxtəlif diametrlərə malik 72 suötürücü borunun inşası yekunlaşmaq üzrədir. Layihəyə uyğun yol boyu 30 avtobus dayanacağı da tikiləcək.

 

Bundan başqa uzunluqları 20 m-dən 175 m-ə qədər dəyişən 1-4 aşırımlı 7 avtomobil körpüsünün inşası işləri də aparılaraq yekunlaşdırılır. Sözügedən körpülərdən ən böyükləri avtomobil yolunun 58.9-cu km-də Mil-Qarabağ kollektoru üzərində inşa edilən və 60 metr uzunluğa malik körpü, həmçinin yolun 50-ci km-də Kür çayı üzərində inşa edilən 175 metr uzunluğa malik 4 aşırımlı körpüdür.

 

Ucar-Zərdab-Ağcabədi avtomobil yolu respublikamızın regionları, o cümlədən Ucar, Zərdab, Ağcabədi rayonları arasında iqtisadi əlaqələrin, nəqliyyat xərclərinin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir. Bütün bu xüsusiyyətlərlə yanaşı, ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizlərini əlaqələndirməyə yardımçı yol olmaqla tranzit xidmətlərinin səmərəliliyinin artırılmasında da bu yolun mühüm rolu var.

 

Layihənin icrası həm də ümumilikdə yolboyu yerləşən yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafına böyük töhfə verəcək. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən yolların müasirləşdirilməsi bölgələrimizin turizm, kənd təsərrüfatı potensialını da gücləndirir. Bütün bu tədbirlərin əsas məqsədi isə vətəndaşların sosial məsələlərini həll etmək və onların gündəlik həyatını daha da yaxşılaşdırmaqdır.

 

Qeyd edək ki, Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun tikintisinin cari ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır.

 
 
“Azərbaycan Dəmir Yolları” yeni layihəyə başlayıb

“Mən dəmiryolçuyam” adyanan layihədə bu sahədə çalışan müxtəlif peşə sahibləri ilə bağlı məlumatları əks etdirən videolar təqdim olunacaq. Qurumun bu layihəni həyata keçirməkdə məqsədi dəmiryolçu dedikdə ağıla ilk növbədə qatar maşinisti və ya bələdçi deyil, həmçinin məsuliyyət tələb edən çoxlu sayda peşə və ixtisasların da gəlməsindir.

#məndəmiryolçuyam rubrikasının ilk qəhrəmanı isə Ballast tənzimləyici maşın kompleksinin böyük maşinisti Müslüm Şahbazovdur. Həmin peşə ilə bağlı məlumatları aşağıdakı videodan məhz maşinistin dilindən eşidə bilərsiniz:

Son illər ərzində Bakı şəhərində və respublikanın digər bölgələrində çoxsaylı infrastruktur layihələri, o cümlədən respublika və yerli əhəmiyyətli avtomobil yolları, körpülər tikilərək əhalinin istifadəsinə verilib və bu işlər ölkənin inkişaf prioritetlərinə uyğun olaraq davam etdirilir.

 

Təbii amillərin təsiri, eləcə də qar uçqunları, torpaq sürüşmələrinin baş verməsi və iri qaya parçalarının yola tökülməsi ölkənin cəlbedici turizm marşrutlarından olan, 2007-ci ildə istifadəyə verilmiş Quba-Xınalıq avtomobil yolunun tez-tez uzunmüddətli bağlanmasına səbəb olur.

 

Xınalıq kəndinin ölkəmizdə turizm üçün əhəmiyyəti və əhalinin alternativ yolla rahat gediş-gəlişinin təmin edilməsinin vacibliyi baxımından 24 km uzunluğunda Quba-Susay avtomobil yolunun yenidən qurulması və bu yolun davamı olaraq əlavə 30 km uzunluğunda Susay-Xınalıq, həmçinin sözügedən yoldan 4,8 km məsafədə dağlıq ərazidə yerləşən Qrız kəndinə gedən avtomobil yolunun tikintisi zərurəti yaranmışdı.

 

Əhalinin rahat gediş-gəlişinin təmin edilməsinin və turizmin inkişafının vacibliyi nəzərə alınaraq dövlət başçısının imzaladığı sərəncama əsasın, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bir müddətdir start verilən tikinti işləri artıq sonuncu mərhələ üzrə davam etdirilir. Artıq tikinti işləri respublika əhəmiyyətli Quba-Qusar avtomobil yolunun 9-cu km-dən ayrılan Alpan-Kürkün-Susay istiqamətində aparılaraq yekunlaşdırılıb. Quba-Susay-Xınalıq avtomobil yolunun sözügedən hissəsinin uzunluğu 24 km təşkil edir.

 

Layihə çərçivəsində yol 2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulub. Yolun hərəkət hissəsi 6 metr, çiyinlərin hər birinin eni 2 metr olmaqla torpaq yatağının eni 10 metr təşkil edir.

 

Tikinti layihəsinə uyğun olaraq, yol yatağının deformasiyaya uğramış yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı qruntla əks-dolğu aparılaraq kipləşdirmə işləri görülüb və yeni yol yatağı inşa edilib, yolun normativ eninin alınması üçün müəyyən hissələrdə qaya tipli süxurların mexanizmlə kəsilməsi işləri görülüb, yol profilə salınıb. Yol əsasının tikintisi üçün isə lazımi qalınlıqda optimal qırmadaş və qum-çınqıl qarışığından istifadə olunub. Bunun ardınca yola iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtüyü də döşənib.

 

Bundan başqa Alpan-Kürkün-Susay avtomobil yolunda 2 körpü də inşa edilib. Körpülər 2 aşırımlı olmaqla 61 və 66 metr uzunluğundadir.

 

Layihənin növbəti mərhələsi üzrə Alpan-Kürkün-Susay yolunun davamı olaraq 30 km uzunluğunda Susay-Xınalıq, həmçinin sözügedən yoldan 4.8 km məsafədə dağlıq ərazidə yerləşən Qrız kəndinə gedən yolun da IV texniki dərəcəyə uyğun tikintisi işləri isə sonuncu mərhələ üzrə aparılır. Belə ki, Susay-Xınalıq marşrutu üzrə torpaq yatağının hazırlanması işləri yekunlaşıb. Növbəti mərhələdə yol əsasının inşası işlərinə start verilib. Bunun ardınca isə asfalt-beton örtüyün döşənməsi işlərinin görülməsi nəzərdə tutulub.

 

Bundan başqa layihə boyu sel sularını və yığılmış yağış sularının yol yatağından kənarlaşdırılması üçün müxtəlif diametrlərə malik 19 dairəvi suötürücü dəmir-beton boruların, 1 düzbucaqlı su keçidinin tikintisi aparılır.

 

Beləliklə həyata keçirilən yeni yol infrastrukturu layihəsinin ümumi uzunluğu 58.8 km təşkil edəcək.

Qeyd edək ki, hazırda tikinti işləri dəniz səviyyəsindən 1500-2500 m hündürlükdə çətin relyefə və iqlim şəraitinə malik ərazidə aparılır.

 

Yolun tikintisi bu ərazidə 8 minə yaxın əhalinin yaşadığı 8 yaşayış məntəqəsini, həmçinin dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən və 5 min illik tarixə malik yaşayış məntəqəsi olan Xınalıq kəndini Quba-Qusar avtomobil yolu ilə birləşdirərək sərnişin və yükdaşımasının xeyli yaxşılaşmağa imkan verəcək. Bundan başqa yolun tikintisi mövcud turizm potensialının genişlənməsinə və yeni turizm marşrutlarının yaranmasına gətirib çıxaracaq.

 
 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhəri və Abşeron rayonunun nəqliyyat sistemində mühüm əhəmiyyətə malik küçə və prospektlərində təmir-tikinti işləri davam etdirilir.

 

Vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması, o cümlədən nəqliyyat sıxlığının azaldılması istiqamətində Abşeron rayonunun ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Saray qəsəbəsi Heydər Əliyev prospekti əsaslı şəkildə təmir edilib.

 

Sözügedən prospekt Saray qəsəbəsinin əsas yollarından biri hesab olunur və qəsəbə sakinlərinin istər paytaxt, istərsə də Sumqayıt şəhəri istiqamətinə rahat gediş-gəlişini təmin edir.

 

Sözügedən prospekt uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunması nəticəsində yol boyu çalalar və torşəkilli çatlar əmələ gəlmişdi. Bu isə gediş-gəlişdə problemlərə səbəb olurdu.

 

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ümumi uzunluğu 2.4 km, eni isə 12 metr olan yol boyu tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllıqla yenidənqurma və bərpa işləri həyata keçirilib.

 

Aparılan təmir-tikinti işləri çərçivəsində köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, köhnə səki daşları sökülürək yeni səki daşları ilə əvəz edilib, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılıb, əks-dolğu işləri görülüb və hamarlayıcı lay asfalt-beton örtüyü döşənib.

 

Vətəndaşların yolun kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə prospekt boyunca hər bit istiqamət üzrə yeni piyada səkiləri inşa olunub. Daha sonra “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən daha sonra yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülüb. Asfaltlanma işləri ümumilikdə 29 min kv.m-ə yaxın sahəni əhatə edib.

 

Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə müasir yol infrastrukturu yaradılıb vətəndaşların istifadəsinə verilib.

 

Bütün işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılıb. Təmir-tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

 
 

Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarılan əsasən regionlarda yol infrastrukturunun daha da müasirləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir, kənd yollarının inşası və yenidən qurulması geniş vüsət alıb.

 

7 yaşayış məntəqəsini birləşdirən Yenikənd–Poylu–Salahlı–Qarabağlı–Kəsəmən avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən hazırlanmış layihəyə uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Samux rayonunda uzunluğu 39.5 km olan yerli əhəmiyyətli avtomobil yolunun yenidən qurulması işlərinə start verilib. Bu 28.1 km uzunluğa malik Yenikənd-Poylu avtomobil yolu və bu yoldan ayrılan Kəsəmən, Qarabağlı və Salahlı kəndlərinin giriş yollarıdır. Kəsəmən yolunun uzunluğu 4.6 km, Qarabağlı yolunun uzunluğu 2.8 km, Salahlı yolunun uzunluğu isə 4 km təşkil edir.

 

Yenikənd-Poylu avtomobil yolu  IV texniki dərəcəli olmaqla qara örtüklüdür. Avtomobil yolu uzun illər istismar olunduğundan təmirlər arası istismar müddətini keçmişdir. Avtomobil yolunun torpaq yatağı deformasiyaya uğramış, yolda qabarma və çökmələr əmələ gəlmişdir. Yolun 14-26 km hissəsi yerin təbii relyefiylə eyni səviyyədə olduğundan atmosfer və suvarma sularının təsiri altında qalır. Bu səbəbdən  örtükdə çoxlu sayda çalalar, çökmələr və gölməçələr əmələ gəlmişdir. Yolun torpaq yatağının yerin təbii relyefindən qaldırılmasına və yenidən təmir olunmasına ehtiyac yaranmışdır.

 

Layihə çərçivəsində mövcud örtüyün qazılaraq kənara daşınır, zəruri olan yerlərdə yol yatağınınn yararsız qruntu müxtəlif dərinliklərdə qazılaraq çıxarılır, əvəzinə yararlı çınqıl materialı tökülərək kipləşdirmə işləri aparılır. Bundan başqa yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün yararlı qrunt tökülərək yayılır və kipləşdırılır. Yeni yol yatağı işlənən ərazilərdə optimal-qırmadaş və qum-çınqıl qarışıqlarından ibarət müxtəlif qalınlıqlarda yol əsasının tikintisi və bərpası, yolun çiyinlərinin optimal-çınqıl materialı ilə bərkidilməsi işləri aparılır. Bu işlərə paralel olaraq yolun altından suların ötürülməsi üçün mövcud suötürücü borular bərpa olunur, zəruri olan yerlərdə yeniləri qurulur.

 

Belə ki, Yenikənd-Poylu avtomobil yolu boyunca müxtəlif diametrli 32 yeni suötürücü dəmir-beton boruların və başlıqlarının dəmir-betonla tikilməsi və izolyasiyası, həmçinin 6 yerdə düzbucaqlı su keçidlərinin inşası, zəruri olan yerlərdə avtoqreyderlə küvetlərin açılması işləri aparılır.

 

Anoloji işlər Kəsəmən, Qarabağlı və Salahlı kəndlərinin giriş yollarında da aparılır. Çınqıl və qara örtükdən ibarət avtomobil yolları uzun illər istismar olunduğundan örtük və torpaq yatağı aşınmaya məruz qalaraq  yararsız vəziyyətə düşmüş və nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranmışdır.

 

Hazırda mövcud örtüyün sökülməsi, torpaq yatağının təbii relyef səviyyəsinə qaldırılması və genişləndirilməsi, qruntun yayılaraq profilə salınması və kipləşdirilməsi işləri görülür. Torpaq yatağı hazır olan hissələrdə yol əsasının alt və üst layının tikintisi işləri görülür.

 

Sözügedən yollarda yerləşən suötürücü borular da uzun illər istismar olunduğundan boruların orta hissələri çökmüş, sukeçiricilik qabiliyyətin itirmiş, istismar üçün yararsız vəziyyətə düşmüşdür. Bu üzdən yollar boyu müxtəlif diametrlərə malik 39 yeni dəmir-beton suötürücü borunun quraşdırılması, mövcud körpünün təmiri işləri də layihə çərçivəsində həyata keçirilir.

 

Yenidənqurma işlərinin sonuncu mərhələsi çərçivəsində hazırda yollar boyu yol əsası hazır olan ərazilərdə əlaqələndirici bitum səpilməklə 230 min kv.m-dən çox sahəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənir.

 

Tikinti işlərindən sonra yollar boyu hərəkətin normal təşkili üçün tədbirlər həyata keçiriləcək. Belə ki, zəruri yol nişanı, km göstəriciləri və siqnal dirəkləri quraşdırılacaq, üfiqi nişanlanma xətləri çəkiləcək, avtobus dayanacaqları quraşdırılacaq.

 

Gürcüstan ilə dövlət sərhədinə yaxın ərazidə yerləşən yaşayış məntəqələrini əhatə edən yolların yenidən qurulması 5 min nəfər əhalinin gediş-gəlişini rahatlaşdıracaq.

 

Ümumilikdə bu layihə yol boyu yaşayan hər bir vətəndaşın sosial rifah halına müsbət təsir göstərməklə, avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaradacaq, kənd təsərrüfatının inkişafına təkan verəcək, məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradacaq.

 
 

Dövlət başçısının tapşırıq və sərəncamlarına uyğun olaraq,  yenidən qurulması və əsaslı şəkildə bərpası nəzərdə tutulmuş avtomobil yolları ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tərtib olunmuş tədbirlər planına əsasən kompleks tədbirlərə start verilir. Məhz bu çərçivədə Şəki rayonunda Qoxmuq-Baltalı-Babaratma-Qaradağlı-Qudula-Daşüz kəndlərini əhatə edən avtomobil yollarının yenidən qurulub.

 

Qoxmuq-Baltalı-Babaratma-Qaradağlı-Qudula-Daşüz kəndlərini əhatə edən avtomobil yollarının uzunluğu təqribən 33 km təşkil edir. Bu respublika əhəmiyyətli Şəki-Qax avtomobil yolu ilə M5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi abtomobil yolunu birləşdirən və 18 km uzunluğa malik Qudula-Qaradağlı-Qoxmuq avtomobil yolu, həmçinin ümumi uzunluğu 15 km olan Şəki-Qax avtomobil yolundan ayrılan Qoxmuq kəndinin, yerli əhəmiyyətli Qudula-Qaradağlı-Qoxmuq avtomobil yolu üzərində yerləşən Baltalı,Babaratma və Qudula kəndlərinin və M5 Yevlax-Zaqatala-Gürcüstan respublikası ilə dövlət sərhədi abtomobil yolunun 51-ci km-dən ayrılan Daşüz kəndinin yollarıdır.

 

IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolların ümumi eni 10 metr təşkil edir. 2 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissənin eni isə 6 metr, hər bir istiqamət üzrə çiyin hissələrin eni isə 2 metrdir.

 

Çınqıl, qara örtük və asfalt-beton örtükdən ibarət sözügedən avtomobil yolları uzun illər istismar olunduğundan və təmir arası istismar müddəti keçdiyindən yol örtüyündə çalalar, çökmələr və qabarmalar əmələ gəlib, avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb. Üstəlik yolun səviyyəsi yerin təbii relyefi ilə eyni səviyyədə olduğundan yolun torpaq yatağı atmosfer və qrunt sularının təsiri altında qalaraq yolun hərəkət hissəsi yuyulmuşdur.

 

Qeyd olunanlar nəzərə alınaraq yolların dağılmış hissələrin qazılaraq çıxarılması və yenidən təmir olunması, torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılaraq təmir olunması, eyni zamanda atmosfer və suvarma sularının yolun torpaq yatağına keçməsinin qarşısını almaq məqsədi ilə yaşayış məntəqələri daxilində zəruri yerlərdə beton küvetlərin çəkilməsi məqsədi ilə hazırlanmış layihəyə uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işləri aparılıb. Yenidənqurma işlərinin əhatə etdiyi ərazinin sahəsi 300 min kv.m-dən çoxdur.

 

Tikinti norma və standartlarına uyğun olaraq hazırda yollar boyu torpaq işləri aparılıb, yolun mövcud dağılmış örtüyü sökülüb, yol əsasının və yatağın deformasiyaya uğramış yararsız qruntu, həmçinin torpaq yatağının genişləndirilməsi üçün bitki qatının və yararsız hissələrin qazılaraq çıxarılması, əvəzinə yararlı karxana çınqılı ilə əks-dolğu və kipləşdirmə işləri görülüb.

 

Layihə çərçivəsində yollar boyu zəruri ərazilərdə atmosfer sularının axıdılması üçün dəmir-beton küvetlərin tikintisi, yol əsasın alt layının 20 sm hündürlükdə qum-qırmadaş, üst layının isə 16 sm hündürlükdə optimal çınqıl qarışığı ilə salınması, çiyin hissələrin eyni materialla təmiri aparılıb.  Bundan sonra əlaqələndirici bitum səpilməklə 12 sm hündürlükdə iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi və 54 yol birləşməsinin təmiri işləri görülüb.

 

Bundan başqa avtomobil yollarının müxtəlif hissələrində yerləşən suötürücü borular uzun müddət istismar olunduğundan boruların sukeçiricilik qabiliyyəti azalıb, borularda və boru başlıqlarında sınma və çatlama halları yaranıb, nəticədə suötürücü borular istismar üçün yararsız vəziyyətə düşüb. Bu üzdən yollar boyu müxtəlif diametrlərə malik azbest, metal və dəmir-beton boruların sökülərək çıxarılması, əvəzinə yeni metal və dəmir-beton boruların quraşdırılması, boru başlıqlarının dəmir-betonla təmiri, dördbucaqlı su keçidinin inşası də layihə üzrə icra olunan işlərdəndir.

 

Layihənin sonuncu mərhələsində zəruri olan yerlərdə avtobus dayanacaqları və əyrixətli dəmir tirlərin, hərəkətin normal təşkil üçünsə yol nişanlarının, siqnal dirəklərinin və km göstəricilərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi həyata keçirilib.

 

Sözügedən yolların yenidən qurulması ilə 6 yaşayış məntəqəsinin 10 minə yaxın əhalisinin istər Şəki şəhər mərkəzinə, istərsə də Şəki-Qax və Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə etməklə qonşu rayonlara gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşıması asanlaşacaq. Ən əsası yolun tikintisi ilə bu ərazidə kənd təsərrüfatının inkişafı hədəflənir ki, bu da birbaşa olaraq yol boyu yaşayan əhalinin sosial rifah halına müsbət təsir edə biləcək amildir.

 
 

Xəbər lenti