|
Ölkəmizdə yol infrastrukturunun yenidən qurulması işi uğurla davam etdirilir. Əgər, əvvəllər ən müasir standartlara uyğun beynəlxalq və respublika əhəmiyyətli magistral yolların salınması diqqət mərkəzində idisə, indi dövlətimizin başçısının tapşırıqlarına müvafiq olaraq ölkəmizin demək olar ki, bütün yaşayış məntəqələrində mövcud avtomobil yolları əsaslı təmir edilir və ya yenidən qurulur. Şəhər və rayon mərkəzlərini qəsəbə və kəndlərlə birləşdirən yollar yenilənir.
Hacıqabul rayonunun Hacıqabul–Muğan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işləri yekunlaşmaq üzrədir.
Sözügedən avtomobil yolunun uzunluğu 11.5 km-dir. Yolun 6.4 km-lik hissəsi III texniki dərəcəli, 5.1 km-lik hissəsi isə şəhər daxili yoldur. Bu üzdən yolun hərəkət hissəsinin eni müxtəlif ərazilər üzrə fərqlidir və 7-20 metr arası dəyişərək 2-5 hərəkət zolağı təşkil edir. Yolun hər bir istiqaməti üzrə 2.5 metr enində çiyinlər, şəhər daxilində isə piyada səkiləri mövcuddur.
Sözügedən avtomobil yolu uzun illər istismar olunduğundan örtük yararsız vəziyyətdə idi. Bu üzdən yolun yenidən qurulması ilə 32 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini arasında nəqliyyat əlaqəsi daha da yaxşılaşacaq, yük və sərnişin daşıması asanlaşacaq. Ən əsası əhalinin bir neçə istiqamətdən həm Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtromobil yoluna, həmçinin Hacıqabul-Şirvan avtomobil yolu vasitəsilə respublikanın digər şəhər və rayonlarına rahat çıxışı təmin olunacaq.
Aparılan yenidənqurma işləri çərçivəsində asfalt-beton örtüyünün köhnə üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yol yatağının yarasız qruntu çıxarılaraq əvəzinə yararlı qrunt tökülərək kipləşdirilib, atmosfer sularının axıdılması üçün 720 p/metr uzunluğunda borular quraşdırılıb, 40 suqəbuledici barmaqlıqlar quraşdırılıb.
Bundan başqa yol boyu piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə, mövcud piyada səkiləri bərpa olunub, kənarlarına 1600 p/metr yeni səki daşları düzülüb.
Hazırda Hacıqabul-Muğan avtomobil yolu boyunca əsaslı təmir işlərinin sonuncu mərhələsi üzrə asfaltlanma işləri aparılır. Yola ərazilərdən asılı olaraq bir-neçə laydan ibarət yeni asfalt-beton qarışığı döşənir. Bunun ardınca avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə yol boyu 77 müxtəlif yol nişanı və məlumatverici lövhə, 196 siqnal dirəyi quraşdırılacaq, həmçinin yolcizgi və yolgöstərici xətlər çəkiləcək.
Sadalanan bütün işlər “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Əraziyə cəlb olunmuş lazımi sayda qüvvənin köməkliyi ilə qısa müddətə tikinti işlərinin yekunlaşdırılması ilə müasir yol infrastrukturu vətəndaşların istifadəsinə veriləcək.
Əmircan qəsəbəsində 4 kilometr uzunluğunda olan Səttar Bəhlulzadə, Balandin, Park, Elxan Həsənov, Malik Mustafayev, Atamoğlan Rzayev küçələrini birləşdirən yolda asfaltlanma işləri davam etdirilir.
“Qafqazinfo” xəbər verir ki, hazırda sözügedən yolun Malik Mustafayev küçəsindən 10-cu dairəyədək olan hissəsində asfalt örtüyünün 2-ci qatı vurulur. Yol boyu bordur düzülərək piyadalar üçün yeni səkilər qurulub.
Qeyd edək ki, son 8 ayda Suraxanı rayonunun ərazisində nəqliyyatın rahat və maneəsiz hərəkətinin tənzimlənməsi, əhalinin gediş-gəlişinin asanlaşdırılması üçün Qaraçuxur qəsəbəsində Məktəb, Fərman Kərimzadə, Cəlal Qurbanov, Zaur Şərifov, Rafiq Alıcanov, Yusif Eyvazov, Nizami İsmayılov, Etibar Bəkirli, Abbas Fətullayev, İlqar Musayev, Samir Cəfərov küçələri, Yeni Günəşli “V”, “D” yaşayış sahələri, Babək prospektindən Yeni Günəşli yaşayış sahəsinə gedən yolda, Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov və Əmircan qəsəbəsi, Zeynal Zeynalov küçələrinin kəsişməsi, Əmircan qəsəbəsində Balandin, Park, Elxan Həsənov, Səttar Bəhlulzadə, Atamoğlan Rzayev, Əlisöbət Sumbatzadə, Nəriman Nərimanov, Tahir Bağırov, Mədən, İlham Şükürov, Oktay Əliyev, Tofiq Bayram, Cabir Əliyev, Cəfər Cabbarlı, Bülbülə qəsəbəsində İlqar Məmmədov, Ramiz Qarayev, 1-ci Bülbülə, Şərq, Samir Əliyev küçələri, Hövsan qəsəbəsində Südçülük və Donuzkökəltmə sovxozu adlandırılan yaşayış sahələri, Oqtay Şabanov, Elman Qasımov, Dənizkənarı, İbiş Məmmədov, Məktəbli, Mirzə Şəfi Vazeh küçələri, Məktəbli küçəsindən qəbiristanlığa gedən yolda, Binə sovxozunda Məscidə gedən yolda, Yeni Suraxanı qəsəbəsində 14 İyul, Aşağı qəsəbə, Yuxarı mədən, Göl, Telman Nərimanov küçələri olmaqla ümumilikdə 482 000 kv.m asfalt örtüyü vurulmuş, həmçinin çala təmiri işləri yerinə yetirilib. Aparılan abadlıq işləri çərçivəsində işıqlandırılması olmayan ərazilərdə küçə işıqlarının quraşdırılması işləri də davam etdirilir.
Bu barədə "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən məlumat verilib.
Sözügedən küçə Biləcəri qəsəbəsinin əsas yollarından biri hesab olunur və qəsəbə sakinlərinin Binəqədi-Biləcəri avtomobil yoluna, o cümlədən şəhər mərkəzinə və Sumqayıt şəhəri istiqamətinə rahat gediş-gəlişini təmin edir.
Həmin küçə uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunması nəticəsində yol boyu çalalar və torşəkilli çatlar əmələ gəlmişdi. Bu isə gediş-gəlişdə problemlərə səbəb olurdu.
Vətəndaşların rahat gediş-gəlişini təmin etmək üçün "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi tərəfindən ümumi uzunluğu 2,5 km, eni isə 12 metr olan yol boyu tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllıqla yenidənqurma və bərpa işləri həyata keçirildi.
Aparılan işlər çərçivəsində köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, köhnə səki daşları sökülüb, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılıb, əks-dolğu işləri görülüb və hamarlayıcı lay asfalt-beton örtüyü döşənib.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən daha sonra yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülüb. Asfaltlanma işləri ümumilikdə 30 min kv.m-dən artıq sahəni əhatə edib.
Bundan başqa aparılan yenidənqurma zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi də bərpa olunub, 26 yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin 80 baxış qapağı yenisi ilə əvəz olunub, 1 900 kv.m sahədə yol birləşmələri təmir edilib.
Bakı şəhərində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Sabit Orucov, Nizami, Mehdi Mehdizadə və 28 May küçələrinin bir hissəsinin genişləndirilməsi və sözügedən küçələrin Yusif Səfərov küçəsi ilə kəsişməsinin təmin edilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən genişmiqyaslı yenidənqurma işləri davam etdirilir.
Aparılan yenidənqurma işləri çərçivəsində Mehdi Mehdizadə küçəsi ilə 28 may küçəsinin kəsişməsində yerləşən artıq istifadə olunmayan və yolun daralmasına səbəb olan dəmir yolu körpüsünün sökülməsi istiqamətində addımlar atılıb. Nəticədə küçənin sözügedən hissəsində hərəkət hissə 2 zolaqdan 4 zolağa genişləndirilib, yolun kənarları abadlaşdırılıb.
Bundan başqa aparılan yenidənqurma işləri çərçivəsində mövcud piyada səkiləri bərpa olunub, işlərin aparıldığı ərazi bpoyu yeni səki daşları düzülüb, yeni asfalt-beton örtüyü döşənib. Daha sonra zəruri olan yerlərdə yeni yol nişanları quraşdırılıb, üfiqi nişanlanma xətləri çəkilərək Mehdi Mehdizadə küçəsinin Yusif Səfərov və 28 may küçələri, həmçinin 28 may küçəsinin Mehdi Mehdizadə və Kövkəb Səfərəliyeva küçələri arasında yerləşən hissəsi yeni və müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.
Sabit Orucov, Nizami, Mehdi Mehdizadə və 28 May küçələrinin Yusif Səfərov küçəsi ilə kəsişən hissələrində paytaxtımızın yol infrastrukturuna mühüm töhfə verəcək yeni qovşağın yaradılması istiqamətində sadalanan küçələrdə yenidənqurma işləri davam etdirilir.
Bu çərçivədə Mehdi Mehdizadə küçəsinin Yusif Səfərov və İzzət Orucov küçələri arasında yerləşən hissəsində yenidənqurma işləri aparılır. Bu hissədə küçənin uzunluğu 1 km, eni isə 10.5 metr təşkil edir.
Yenidənqurma işləri çərçivəsində zəruri yerlərdə yolun yararsız qruntu qazılaraq çıxarılıb, əks-dolğu işləri görülərək kipləşdirmə işləri görülüb və yeni yol əsası inşa edilərək hamarlayıcı lay asfalt-betonla örtülüb. Bundan başqa layihə əsasında mövcud piyada səkiləri bərpa olunub, zəruri yerlərdə yeniləri inşa edilərək küçə boyu hər bir tərəfdə yeni səki daşları düzülüb, avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz parklanmasını təmin etmək üçün 2.5 metr enində xüsusi parkinq yerləri yaradılıb.
Hazırda Mehdi Mehdizadə küçəsində asfaltlanma işləri görülür. Küçəyə 2 laydan ibarət yeni asfalt-beton örütüyü döşənir ki, bu işlər yaxın günlərdə tam olaraq yekunlaşdırılacaq.
28 may küçəsinin bir hissəsində aparılmış, hazırda Mehdi Mehdizadə küçəsində müasir yol infrastrukturunun yaradılması istiqamətində aparılan yenidənqurma işləri Nizami və Sabit Orucov küçələri, həmçinin yuxarıda adı çəkilən küçələri bir-biri ilə bağlayan digər ara yolları da əhatə edəcək.
Layihənin sonuncu mərhələsində Sabit Orucov, Nizami, Mehdi Mehdizadə və 28 May küçələrinin Yusif Səfərov küçəsi ilə kəsişən hissəsində yeni yol qovşağı yaradılacaq. Qovşaqda avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təşkili üçün işıqforlar quraşdırılacaq, zəruri yerlər yol nişanları qoyulacaq, yolcizgi və yolgöstərici, həmçinin piyada zolaqları çəkiləcək.
Qeyd edək ki, Şah İsmayıl Xətainin heykəlinin yerinin dəyişdirilməsi, paytaxtımızda yol infrastrukturuna mühüm töhfə olacaq yol qovşağının yaradılmasına şərait yaradıb. Belə ki, Nizami küçəsi ilə Sabit Orucov, Mehdi Mehdizadə küçəsi ilə 28 May küçəsi istiqamətində yolları birləşdirən nəqliyyat qovşağının yaradılması ərazidə yarana biləcək tıxacların qarşısının alınmasına və nəqliyyat vasitələrinin hərəkətinin intensivliyinin təmin edilməsinə imkan verəcək.
Dövlət başçısının regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində verdiyi tapşırıq və sərəncamlarına əsasən ölkədə yol infrastrukturunun yenidən qurulması istiqamətində əsaslı islahatlar aparılır. Çünki Azərbaycanda icra edilən sosialyönümlü siyasətin tərkib hissələrindən biri də məhz avtomobil yolu layihələrinin icrasıdır və bununla bağlı uğurlu layihələr hər bir bölgəni, rayonu və kəndi əhatə edir.
Zərdab rayonunda bu il 7 km uzunluğunda yerli əhəmiyyətli avtomobil yolunun yenidən qurulması işləri yüksək sürətlə və keyfiyyətlə davam etdirilir.
Bu respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun 32-ci km-dən ayrılan və 7 km uzunluğa malik Gəlmə-Əlibəyli-Allahqulubağı avtomobil yoludur. Sözügedən avtomobil yolu IV texniki dərəcəlidir və 3 kəndin 4 mindən artıq əhalisinin rayon mərkəzinə və qonşu rayonlara çıxışını təmin edir.
Uzun müddətli istismar nəticəsində yol örtüyü tamamilə sıradan çıxıb, yol əsasında çoxlu sayda çökmələr, çalalar əmələ gəlib, bəzi hissələrində torpaq yatağının genişləndirilməsinə ehtiyac var. Təbii ki, yolun bu vəziyyətdə olması gediş-gəlişi çətinləşdirməklə yanaşı, yol boyu kənd təsərrüfatının inkişafına da mənfi təsir göstərirdi.
Hazırda yol boyu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən kompleks təmir-tikinti işləri yuxarıda sadalanan problemlərin birdəfəlik həllinə gətirib çıxaracaq. Çünki torpaq yatağının deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb, yolun qazılmış və relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün tələb olunan qalınlıqda yararlı qrunt tökülərək yayılıb və kipləşdirilib. Torpaq işləri 70 min kv.m sahəni əhatə edib.
Bu işlərin ardınca “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yol əsasının inşası həyata keçirilib. Yol əsasının inşası üçün qum-çınqıl və optimal-qırmadaş qarışığından istifadə olunub. Yolun çiyin hissələri də dağıldığından çiyinlərin 12 sm qalınlığında optimal qum-çınqıl qarışığı ilə bərkidilməsi işləri aparılacaq.
Yol boyu suötürücü qurğular tamamilə sıradan çıxdığı üçün suların normal ötürülməsini təmin etmək məqsədi ilə müxtəlif diametrlərə malik yeni suötürücü borular quraşdırılıb və izolyasiyası işləri aparılıb.
Tikinti layihəsinə uyğun olaraq, növbəti mərhələlərdə yolun 40 min kv.m sahəsinə əlaqələndirici bitum səpilməklə 2 laydan ibarət və 12 sm qalınlıqda asfalt-beton örtüyünün döşənməsi işlərinə start verilib. Yeni örtüyün salınması işləri yaxın müddət ərzində tam olaraq yekunlaşdırılacaq. Bunun ardınca zəruri olan yerdə avtobus dayanacağının tikintisi, siqnal dirəyinin, yol nişanı və məlumatverici lövhənin quraşdırılması, yol boyu xətlənmə işlərinin aparılması nəzərdə tutulub.
Zərdab rayonunun Gəlmə-Əlibəyli-Allahqulubağı avtomobil yolunun yenidən qurulması yol boyu yaşayan əhalinin respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yoluna çıxışını təmin etməklə istər rayon mərkəzinə, istərsə də qonşu rayonlara rahat gediş-gəlişinə şərait yaradacaq, avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla yük və sərnişin daşımasını asanlaşdıracaq. Bundan başqa kənd təsərrüfatının inkişafına təkan verməklə məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradacaq.
Sərəncama əsasən, dörd min nəfər əhalinin yaşadığı üç yaşayış məntəqəsini birləşdirən Ucar-Zərdab-Ağcabədi (32 km)-Gəlmə-Əlibəyli-Allahqulubağı avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 3,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Nazirlər Kabineti Yanında Operativ Qərargahın qərarına əsasən, ölkəmizdə karantin rejimi müddətinin iyunun 15-dək uzadılması və tətbiq edilən məhdudiyyətlərin bir qisminin yumşaldılması ilə əlaqədar Abşeron Dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlara təlabat çoxalıb.
Həmin istiqamətdə sərnişinlərin karantin qaydalarına uyğun hərəkətinin təmin edilməsi və sıxlıq yaşanmaması üçün qatarların sayı artırılıb. Bu məqsədlə Bakı-Xırdalan-Sumqayıt-Bakı, Bakı-Pirşağı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlinə dəyişiklik edilib.
Yeni hərəkət cədvəlini təqdim edirik.
Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən, regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində yeniləşən və müasirləşən yol infrastrukturu sənaye, kənd təsərrüfatı və turizmin inkişafına səbəb olur. Bu məqsədlə cari ildə icra olunan layihələr sırasında Salyan rayonunda 4 yaşayış məntəqəsinin yolu əsaslı şəkildə yenidən qurulur.
Söhbət uzunluğu 11 km olan yerli əhəmiyyətli Yuxarı Noxudlu-Aşağı Noxudlu-Xurşud-Aşağı Kürkəndi avtomobil yolundan gedir.
Uzun müddət əsaslı şəkildə təmir olunmayan Yuxarı Noxudlu-Aşağı Noxudlu-Xurşud-Aşağı Kürkəndi avtomobil yolunun yenidən qurulmasında məqsəd yol boyu yaşayan 6 mindən artıq əhalinin rahat gediş-gəlişini təmin etmək, Salyan şəhər mərkəzinə və Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoluna, həmçinin Salyan-Şirvan avtomobil yolu vasitəsi ilə Hacıqabul-Bəhrəmtəpə-Mincivan və Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi magistral avtomobil yollarına rahat çıxış əldə olunmaqla yük və sərnişin daşımasını asanlaşdırmaq və bununla da iqtisadiyyatın inkişafına təkan verməkdir.
Sözügedən yol boyu işlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək sürətlə aparılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılan yenidənqurma işləri çərçivəsində uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan və deformasiyaya uğramış yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir.
Yolun eni 10 metrə qədər genişləndirilir. Bura 6 metr hərəkət hissə və 2 metr çiyinlər daxildir. Aparılan genişləndirmə işləri öz növbəsində bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb.
Layihə çərçivəsində deformasiyaya uğramış mövcud örtük və yararsız qrunt qazılıb çıxarılır, əvəzinə yararlı material tökülərək əks-dolğu və kipləşdirmə işləri aparılır.
Tikinti norma və standartlarına uyğun olaraq, növbəti mərhələ üzrə qum-çınqıl və optimal-qırmadaş qarışıqlarından istifadə olunmaqla yol əsasının alt və üst layının inşası işləri də aparılır. Kürkənd yaşayış məntəqəsində yol əsası tam hazır olduğu üçün yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb və bu çərçivədə artıq 3 km-lik işlər yekunlaşdırılıb.
Yol boyu yaşayan vətəndaşların pay torpaqlarında becərdikləri kənd təsərrüfatı məhsullarının suvarılması və məişətdə istifadəsi üçün yolun altından suların ötürülməsi məqsədi ilə mövcud metal və dəmir-beton borular bərpa olunur, zəruri olan yerlərdə müxtəlif diametrli yeni boruların tikintisi işləri aparılıb. Ümumilikdə yol boyu müxtəlif diametrlərə malik 586 paqon-metr uzunluğunda 55 metal və dəmir-beton suötürücü borular quraşdırılıb, 1 dördbucaqlı su keçidi inşa edilib.
Bundan başqa kürkənd yolunda mövcud körpülərin məhəccərləri sıradan çıxdığı, təkərqaytaranlar və gediş hissəsi tavası yararsız vəziyyətə düşdüyü üçün bu istiqamətdə də təmir-tikinti işləri görülüb. Belə ki, Akkuşa çayı üzərində hər birinin uzunluğu 12 metr olan 2 körpü əsaslı şəkildə yenidən qurulub.
Tikinti layihəsinin sonuncu mərhələsində zəruri olan yerlərdə 4 avtobus dayanacağının tikintisi, 22 km göstəricinin, 68 yol nişanı və məlumatverici lövhələrin, 210 siqnal dirəyinin quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi ilə yaxın müddət ərzində sözügedən yolda müasir yol infrastrukturu yaradılacaq və vətəndaşlarımızın istifadəsinə veriləcək.