|
Baş nazir Nikol Paşinyan da bir müddət əvvəl aprel ayında Ermənistanın gələcək taleyinin təminat altına alınması məqsədilə Qərbdə önəmli qərarların qəbul ediləcəyini bildirmişdi... İndi məlum olur ki, ABŞ və Avropa Birliyi Ermənistanla ortaq keçiriləcək aprel “konfrans”ında Cənubi Qafqazda sülh danışıqlarını tamamilə dayandırıb, yeni savaş dövrünün başlanmasına münbit şərait yaratmaq niyyətindədir...
Beynəlxalq ermənipərəstlər yenidən fəallaşmağa başlayıblar. Xüsusilə də, Avropa ölkələrində fəaliyyət göstərən belə siyasətçilər Ermənistanın maraqlarını və “erməni narrativləri”ni maksimum səviyyədə aktual qalmasına cəhd göstərirlər. Beynəlxalq ermənipərəstlərin növbəti dəfə fəallaşmasında Qərb ölkələrində fəaliyyət göstərən erməni diaspor təşkilatlarının rüşvət kimi sərf olunan maliyyə vəsaitləri xüsusi rol oynayır. Və bu dəfə Azərbaycana qarşı daha genişmiqyaslı, üstəlik, böhtan üzərində qurulmuş hibrid informasiya savaşına başlanmaqda olduğu qətiyyən şübhə doğurmur.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycan əleyhinə beynəlxalq “qarayaxma” kampaniyasında Danimarkanın keçmiş baş naziri, NATO-nun eks baş katibi Anders Foq Rasmussen ön planda yer alır. Çünki ömrünün qalan hissəsini erməni rüşvəti sayəsində rahat yaşamaq yolunu tutmuş bu şəxs “Ermənistanın dostları şəbəkəsi”nə də rəhbərlik edir. Onun “komanda”sında əsasən Avropa ölkələrinin keçmiş baş nazirləri, deputatları, diplomatları və s. kateqoriyadan olanlar təmsil olunur. Yəni, hazırda Qərbdə heç kimə lazım olmayan “keçmiş siyasi tör-töküntülər” rüşvət qarşılığında indi yalnız Ermənistana faydalı olmağa çalışırlar.
Məsələ ondadır ki, Qərb siyasət məkanının bu “radiaktiv tullantıları” Avropa Birliyi-Ermənistan münasibətlərinin inkişafı və Cənubi Qafqazda Ermənistanı gözləyən “təhlükələr” barədə bir “hesabat” uydurublar. Onlar Avropa Birliyi ölkələrini Ermənistana hərbi yardımların artırılmasına çağırırlar. Rəsmi İrəvana isə KTMT-nın Ermənistanın təhlükəsizlik maraqlarında elə bir ciddi rol oynamadığını vurğulayaraq, bu qurumu tərk etməyi məsləhət görürlər. Və bu, erməni rüşvəti ilə yanaşı, Qərbdəki bəzi siyasi dairələrin himayəsi altında baş verməkdədir.
Təbii ki, erməni diasporunun Qərbdəki keçmiş siyasətçiləri rüşvətlə satın almasına paralel olaraq, rəsmi İrəvan da Ermənistanı “bazara” çıxartmağa çalışır. Belə ki, hazırda Paşinyan hakimiyyəti Ermənistanın bəzi Qərb ölkələrinin maraqlarına “xidmət potensialı”nı mümkün qədər baha qiymətə satmağa can atır. Hər halda, aprelin 5-də keçirilməsi planlaşdırılan ABŞ-Avropa Birliyi-Ermənistan konfransında yekun “satış qiyməti”nin müəyyən edilə biləcəyi istisna olunmur.
Halbuki, son vaxtlara qədər erməni radikal-revanşist müxalifəti Paşinyan hakimiyyətini Ermənistanı Azərbaycan və Türkiyəyə satmaqda suçlayırdı. İndi erməni müxalifəti tam arxayın ola bilər ki, Ermənistanın alıcıları sırasında Azərbaycan və Türkiyə yer almır. Yəni, Ermənistanı satın alanlar Qərb ölkələridir. Üstəlik, bu “bazarlıq” Ermənistanın gələcək taleyini, ən azından suverenliyini həmişəlik sıradan çıxara bilər. Və belə vəziyyətdə erməni müxalifətinin “alıcıları” fərqli istiqamətdə axtarması həm məntiqsiz, həm də absurddur.
Onu da qeyd etmək lazımdır ki, ABŞ-Avropa Birliyi-Ermənistan konfransı ilə bağlı kifayət qədər müəmmalı məqamlar da olmamış deyil. Belə ki, bu ortaq konfrans ABŞ və Qərbin ikilistandarlar siyasətini növbəti dəfə qabartmış olur. Üstəlik, bu birtərəfli tədbir ABŞ və Avropa Birliyinin Cənubi Qafqazda sülh prosesinə vasitəçilik etməsinin mümkün olmadığını da təsdiqləyir. Hər halda, ABŞ və Avropa Birliyi neytrallıqdan imtina edərək, Ermənistanın yanında yer aldığını göstərir. Və bu baxımdan, Ermənistanın himayə edilməsinə yönəlik ortaq konfransın regional sülh prosesinə ağır zərbə sayıla bilər.
Məsələ ondadır ki, ABŞ və Avropa Birliyinin belə açıq ermənipərəst mövqe tutması rəsmi İrəvanı sülh sazişi ilə bağlı anlaşmalardan yayınmağa daha da cəsarətləndirə bilər. Hər halda, artıq indidən erməni siyasi dairələri Ermənistan üçün yeni və daha ümidberici hərbi-siyasi situasiyanın yaranmaqda olduğunu iddia edirlər. Yəni onlar ABŞ və Qərbin Ermənistanı Azərbaycana qarşı hərbi-siyasi təxribatlarda dəstəkləyəcyinə tamamilə əmin olduqlarına eyham vururlar. Və bu, o deməkdir ki, rəsmi İrəvana təhlükəli revanşist planlar qurmaq üçün müəyyən ümidlər verilməkdədir.
Belə anlaşılır ki, Qərb siyasi dairələri, indiki halda, konkret olaraq, ABŞ və Avropa Birliyi Cənubi Qafqazdakı maraqlarını bu regionun sülh və sabitlik içərisində inkişaf etməsindən daha önəmli hesab edir. Ona görə də, Ermənistan Rusiyaya qarşı geopolitik alət qismində “satın alınır”, rəsmi İrəvana isə bunun əvəzində tam təhlükəsizlik təminatı verilməsi nəzərdə tutulur. Hər halda, Paşinyan hakimiyyəti daxilindəki qaynaqlardan Ermənistan mətbuatına sızan məlumatlarda bu məqsədlə konkret sənədin hazırlandığını və “konfrans”da imzalanacağı iddia olunur.
Göründüyü kimi, ABŞ və Avropa Birliyi növbəti dəfə Cənubi Qafqazda savaş təhlükəsini aktuallaşdıran addımlar atmağa başlayıblar. Baş nazir Nikol Paşinyan da bir müddət öncə aprel ayında Ermənistanın gələcək taleyinin təminat altına alınması məqsədilə Qərbdə önəmli qərarların qəbul ediləcəyini bildirmişdi. Belə anlaşılır ki, ABŞ və Avropa Birliyi Ermənistanla keçiriləcək aprel “konfrans”ında Cənubi Qafqazda sülh prosesini bloklayıb, yeni savaş dövrünün başlanmasına münbit şərait yaratmaq niyyətindədir.(Yeni Müsavat)
Son proseslər fonunda Ermənistan hakimiyyətinin Qazaxın anklav olmayan 4 kəndinin (Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli) qaytarılması ilə bağlı mövqeyinin qətiləşdiyini demək mümkündür. Paşinyanın çıxışları erməni ictimaiyyətinə real vəziyyətin izah edilməsi idi. Erməni cəmiyyəti də baş nazirin anonsunu verdiyi mümkün müharibədən çəkindiyi üçün müxalifətin arzuladığı “müqviməti” göstərməyəcək.
İndi əsas suallardan biri 4 kəndin nə vaxt qaytarılacağıdır?
Ermənistan mediası Paşinyanın komanda üzvləri ilə qapalı görüşdə kəndlərin yaxın günlərdə qaytarılmasından bəhs etdiyini yazır. Görüşdə iştirak edən hakim “Mülki müqavilə” fraksiyasının deputatı Lilit Minasyan isə “konkret tarixdən” bəhs edilmədiyini desə də, onu da qeyd edib ki, “illərlə vaxtımız yoxdur və biz müəyyən müddət ərzində bu problemi həll edə biləcəyik”.
Prosesin uzunmüddətli olmayacağı gözləntisi çoxdur:
- İrəvan anlayır ki, Bakı onun bu məsələdə imitasiya etdiyini anlayarsa, hərbi varianta əl ata bilər;
- Ermənistan 4 kəndin qaytarılmasından sonra Tavuş istiqamətində delimitasiya prosesini başlatmaq və istədiyi “güzgü prinsipi” (qoşunların geri çəkilməsi) məsələsində praktiki irəliləyişə nail olmaq istəyir: Paşinyanın Tavuşda ermənlərlə görüşdə dediklərindən belə anlaşılırdı ki, tərəflərin təmaslarında kəndlərin qaytarılmasından sonra bu məsələnin müzakirə mərhələsinə keçə biləcəyi istisna edilməyib;
- Sülh sazişində müəyyən irəliləyişlərin edilməsi istəkləri var və əsas problemlərdən biri də sərhədin delimitasiyasına dair fikir ayrılığıdır: istisna deyil ki, tərəflər kəndlərin qaytarılmasından sonra delimitasiya ilə bağlı irəliləyişə nail olmaq haqda ortaq mövqeyə gəliblər;
Bu amillər 4 kəndin təhvil verilməsinin yaxın dövrdə reallaşmasının mümkün olduğu fikrini ön plana çıxarır.
Bağanis Ayrım 1990-cı ilin 23-24 mart, Xeyrimli 1992-ci ilin 8 mart, Qızılhacılı 1992-ci ilin 11 may, Aşağı Əskipara 1992-ci ilin 14 iyun tarixində işğal edilib. Bu kontekstdə rəsmi Bakının 4 kəndin 14 iyun – Aşağı Əspikara kəndinin işğal ildönümünə qədər qaytarılmasına çalışacağı ehtimalını irəli sürmək mümkündür.
“Rusiyada baş verən son terror aktı da göstərdi ki, yalnız daxilə fokuslanmaq olmaz və bütövlükdə təhlükəsizlik mühiti xarici təhdidlərlə uzlaşdırılmış şəkildə qiymətləndirilməlidir”.
Bunu Oxu.Az-a açıqlamasında Rusiyanın Moskva vilayətində, “Crocus City Hall” konsert kompleksində martın 22-də baş vermiş terror hadisəsi kontekstində Azərbaycan sərhədlərinin bağlı qalması məsələsini şərh edən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
O bildirib ki, Cənubi Qafqaz tarixən sabit bölgə olmayıb və regionda marağı olan güclər daim bu mürəkkəb geosiyasi situasiyadan məharətlə istifadə ediblər:
“Elə son dövrlərə qədər Azərbaycan və Ermənistan arasında 30 il davam etmiş münaqişənin davamlılığına dəstək verməklə bir sıra Qərb dairələrinin işğal və separatizmə öz maraqlarını təmin etmək üçün fürsət kimi yanaşdığına şahidlik etmişik. Lakin Azərbaycan Vətən müharibəsi və antiterror tədbirlərində Ermənistan və havadarlarını kapitulyasiyaya məcbur etməklə vəziyyəti köklü şəkildə dəyişdi.
Faktiki olaraq, Fransa başda olmaqla, çoxsaylı imperialist dairələr işğal və separatizm amilləri ilə Azərbaycana təsir imkanlarından tam məhrum oldular. Lakin Prezident İlham Əliyevin ötən ay andiçmə mərasimində də qeyd etdiyi kimi, “Biz İkinci Qarabağ müharibəsi zamanı və antiterror tədbirləri zamanı sarsılmaz hesab olunan elə daşları tərpətdik ki, bunu bizə bağışlamayacaqlar, biz bunu bilməliyik”.
Deputat qeyd edib ki, zəfərlərinin ardınca Azərbaycana qarşı BMT TŞ, Avropa Parlamenti, AŞPA kimi müxtəlif platformalarda açıq hücumlar müşahidə olundu və zərərsizləşdirildi:
“Həmçinin, Azərbaycanda təxribata hazırlaşan Fransa xüsusi xidmət orqanlarının nəhəng şəbəkəsi ifşa edildi. Lakin anti-Azərbaycan dalğası hələ də sakitləşməyib və bu mənada, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi şərtdir. Azərbaycan xüsusi xidmət orqanları, o cümlədən Azərbaycan polisi ictimai qayda və ictimai təhlükəsizliyi, habelə dövləti, cəmiyyəti və milli maraqları təhdid edən qəsdləri peşəkarlıqla sıradan çıxarır.
Məhz buna görə də İlham Əliyevin də ifadə etdiyi kimi, Azərbaycan üçün daxildə hər hansı bir təhlükə, təhdid yoxdur. Xüsusən, son bir neçə ayda Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi uğurlu tədbirlər nəticəsində bir sıra cinayətkar qəsdlərin qarşısının alınması bir daha sübut edir ki, vahid dövlət siyasətinə əsaslanan milli təhlükəsizliyimizin təmin olunması istiqamətlərinin tarazlaşdırılması, aidiyyəti orqanların bir-birini qarşılıqlı surətdə operativ məlumatlandırması, həmçinin beynəlxalq təhlükəsizlik sistemlərinə inteqrasiyasının mövcudluğu şəraitində xalqın və ölkənin milli maraqlarının, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin daxili və xarici təhdidlərdən qorunması ən yüksək səviyyədə təmin edilir. Lakin Rusiyada baş verən son terror aktı da göstərdi ki, yalnız daxilə fokuslanmaq olmaz və bütövlükdə təhlükəsizlik mühiti xarici təhdidlərlə uzlaşdırılmış şəkildə qiymətləndirilməlidir”.
B.Məhərrəmov əlavə edib ki, Azərbaycanın quru sərhədlərinin bağlı qalması təhlükəsizlik baxımından mühüm önəmə malikdir:
“Xüsusən, nəzərə alsaq ki, xarici təhdidlər hələ də mövcuddur və Prezidentin fevralın 14-də parlamentdə də dediyi kimi, bizə qarşı elə qüvvələr birləşib ki, bizə ziyan vurmaq üçün fürsət axtarırlar. Bu mənada, Azərbaycanın quru sərhədlərinin bağlı qalması təhlükəsizlik baxımından mühüm önəmə malikdir.
İndiki həssas dönəmdə, dünyada terror və digər cinayətkarlıq meyillərinin ayrı-ayrı dövlətlər səviyyəsində rəsmən dəstəkləndiyi bir şəraitdə məhz quru sərhədlərin bağlı qalması fonunda bu təhdidlər Azərbaycana yol tapa bilmir. Lakin unutmamalıyıq ki, quru sərhədlərin bağlı saxlanması sadə məsələ deyil. Yalnız güclü və suveren dövlət indiki həssas məqamda özünün təhlükəsizliyi ilə bağlı müstəqil qərar verə, o cümlədən quru sərhədini bağlı saxlaya bilər”.
“Azərbaycan isə bu güc və imkana sahibdir və məhz sərhədlərlə bağlı qərar milli maraqlarımızı hədəfə almış dairələrin əl-qolunu bağlayır. Regionda qeyri-sağlam maraqlar güdən güclərin bütün mümkün vasitələrdən, o cümlədən ölkə daxilində beşinci kolondan istifadə etməklə Azərbaycanı quru sərhədlərini açmağa məcbur etməyə çalışması bir daha göstərir ki, dövlət bu qərarında nə qədər haqlıdır. Təbii ki, heç kim Bakının siyasi iradəsinə təsir edə bilməz və bu qətiyyət Azərbaycanı daha təhlükəsiz coğrafiyaya çevirməkdədir. Nəticə etibarilə İlham Əliyevin 10 may 2023-cü ildə Şuşadan da ifadə etdiyi kimi, Azərbaycanda təhlükəsizlik təmin edilir, Azərbaycanda əmin-amanlıq hökm sürür. Azərbaycan sabitlik adasıdır, təhlükəsizlik adasıdır”.
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında növbəti buraxılış hazırlanıb.
“Ölkə.az” xəbər verir ki, “Şumer mədəniyyətinin izləri Qərbi Azərbaycanda” adlı buraxılışda əslən Göyçə mahalının Basarkeçər rayonunun Dərə kəndindən olan araşdırmaçı Niftalı Göyçəli qıpçaq yazısının ermənilər tərəfindən necə mənimsənildiyini üzə çıxarır.
O, Qərbi Azərbaycanda şumer mədəniyyətinin izləri, “Bilqamıs” dastanı ilə “Dədə Qorqud” dastanı arasında paralellər, şumer və urartu olan türk izləri, eyni zamanda, yer və şəxs adlarının türk dilində olması ilə bağlı tarixi faktlar açıqlayır.
Araşdırmaçı, həmçinin tapılan qayaüstü rəsmlər, eləcə də xristianlığa qədərki abidələrdə göytürk yazısı haqqında danışır.
N.Göyçəli sonda Qərbi Azərbaycanda alban irsi, xristian-qıpçaq mədəniyyəti, kilsələr və digər abidələr barədə maraqlı məqamlara toxunur.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Veriliş martın 26-da saat 19:30-da Baku Tv-nin efirində və 21:30-da YouTube kanalında yayımlanıb.
Aİ-Ermənistan-ABŞ müştərək konfransı açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır və ikili standart yanaşmasına əsaslanır.
Bu barədə Azərbayca Xarici İşlər Nazirliyindən bildirilib.
XİN qeyd edib ki, sözügedən konfrans tam şəffaf şəkildə keçirilmir, regional inklüzivlikdən məhrumdur və regionda təşviq edilən və çox ehtiyac duyulan etimad quruculuğuna və inteqrasiyaya ziddir.
"Bu konfrans, erməni tərəfini xoş niyyətlə danışıqlara sövq etmək əvəzinə, regionda yeni bölücü xətlər və dırnaqarası təsir dairələri yaradır", - nazirlik bildirib.
Qeyd olunub ki, Ermənistandakı revanşist əhval-ruhiyyə fonunda Vaşinqton və Brüssel tərəfindən bu kimi açıq ermənipərəst ictimai təzahür Ermənistanın Azərbaycana qarşı yenidən mümkün təxribatlarında Aİ və ABŞ-nin Ermənistanı dəstəkləyəcəyinə dair bu ölkədə təhlükəli illüziya yarada bilər:
"Bu halda, Aİ və ABŞ Ermənistanın sabitliyi pozan hər hansı mümkün hərəkətinə görə məsuliyyəti bölüşəcəklər. Beynəlxalq hüququn əsas norma və prinsipləri əsasında davamlı sülhə, sabitliyə və təhlükəsizliyə nail olmaq üçün unikal imkan yarandığı bir zamanda, biz bir daha bütün tərəfləri sülh səylərinə əks təsir göstərən və regionda yeni eskalasiya və gərginlik dalğalarına səbəb ola biləcək addımlardan çəkinməyə çağırırıq".
Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdəki hakim "Vətəndaş müqaviləsi" fraksiyasının deputatları ilə qapalı görüşdə Qazaxın 4 kəndinin Azərbaycan qaytarılması məsələsini ciddi şəkildə müzakirə edib.
Görüşdə hökumətin demək olar, bütün üzvləri, hətta Silahlı Qüvvələrin Baş Qərargah rəisi Edvard Asryan da iştirak edib. İki saata yaxın davam edən görüş gərgin atmosferdə keçib. Hətta "Vətəndaş müqaviləsi" fraksiyasından olan deputatlar Paşinyanın kəndləri Azərbaycana qaytarması niyyətinə qarşı çıxıb.
"Hraparak"ın yazdığına görə, Nikol Paşinyan açıq mətnlə etiraf edib ki, qısa müddət ərzində birtərəfli güzəşt olacaq. O bildirib ki, yaxın günlərdə həmin ərazidəki Üçüncü Ordu Korpusu ərazilərdən çıxarıla, 4 yaşayış məntəqəsi Azərbayana qaytarıla bilər. "Əks halda Azərbaycan müharibə yolu ilə qalib gələcək. Bəzi deputatlar isə bildirib ki, sülh ilə verməkdənsə, müharibə yolu ilə vermək daha yaxşıdır, xalq bu dəfə hakimiyyəti mütləq bağışlamayacaq. Paşinyan bu mövqedə olanlara bildirib ki, o da belə yolu seçmək istəmir, amma başqa yolda yoxdur. Əks təqdirdə Azərbaycan hərbi yolla nəinki özünəməxsus əraziləri, bütövlükdə Lori vilayətini alacağına, hətta İrəvana da çatmayacağına zəmanət yoxdur. Bu dəfə Paşinyan, əslində, müavinlərini də müharibə ilə qorxudub", - nəşr yazır.
“BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi öz üzərinə götürmək və COP29-a səmərəli ev sahibliyi etmək Azərbaycan üçün mühüm nailiyyət və xüsusi nəticədir. Bu, ölkəmizə həm çağırış, həm də fürsət təqdim edir”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin “Global Times” qəzetinə müsahibəsində deyib.
O vurğulayıb ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi və beynəlxalq ictimaiyyətdən dəstək alması bir daha beynəlxalq ictimaiyyətin rəsmi Bakıya olan hörmət və etimadını göstərir.
“Qalıq yanacaq ixrac edən ölkə kimi Azərbaycan yerli, regional və qlobal səviyyədə mövcud keçid layihəsini və gündəmini həyata keçirmək üçün güclü iradə və qətiyyət nümayiş etdirib. İqlim dəyişikliyi hər kəs üçün əsas problemdir və qlobal ictimaiyyətin buna qarşı səylərini birləşdirməsi vacibdir. Azərbaycan COP danışıqlar prosesinin bütün fundamental aspektləri üzrə qlobal səviyyədə daha çox həmrəylik və konsensusa nail olmağı hədəfləyir. Azərbaycan həmçinin “Qlobal Şimal” və “Qlobal Cənub” arasında anlaşma və həmrəylik yaratmağa çalışır”, - Prezident köməkçisi söyləyib.
H.Hacıyev vurğulayıb ki, COP29-un uğur qazanması üçün təkcə ev sahibi ölkə kimi Azərbaycan deyil, bütün beynəlxalq ictimaiyyətin bərabər öhdəliyə sahibdir:
“Ev sahibi ölkə kimi Azərbaycan COP29-un mövzusu olan real iqlim maliyyəsi gündəmini inkişaf etdirməyə çalışacaq”.
Azərbaycanın COP29-un inklüziv olmasını və həssas icmalar başda olmaqla bütün səslərin eşidilməsinin necə təmin edəcəyi məsələsinə gəlincə, şöbə müdiri bildirib ki, COP29-da inklüzivlik prioritetlərdən biridir:
“Biz hamının daha yaxın və fəal iştirakını təmin etmək üçün bir çox beynəlxalq platforma və qurumlarla işləyəcəyik. Bu baxımdan beynəlxalq ictimaiyyət kiçik ada ölkələrinə xüsusi önəm verməlidir. Azərbaycan gündəlik həyatlarında praktiki problemlərlə üzləşən kiçik ada dövlətləri ilə artıq təmas qurmağa başlayıb. Qlobal Cənub ölkələri kimi onlar da iqlim dəyişikliyinin dərhal nəticələrini görə bilərlər. Qrup 77 (G77) və Çin öz səslərinin eşidilməsini təmin etmək istəyən Qlobal Cənub ölkələrini təmsil edir. Biz həmçinin Qlobal Şimal ölkələri ilə sıx əməkdaşlıq edəcək və Qlobal Şimal və Qlobal Cənub arasında daha çox dialoq və həmrəyliyə töhfə verəcəyik.
Bundan əlavə, biz beynəlxalq QHT-lərə və beynəlxalq media ilə fəal əməkdaşlığa açığıq”.
Prezident köməkçisi diqqətə çatdırıb ki, Azərbaycan COP29-un fundamental məsələləri üzrə bütün tərəflərlə dialoqa və əlaqəyə açıqdır:
“COP qlobal səydir və biz COP-u hamı üçün daha açıq və başa düşülən etmək məqsədilə beynəlxalq media ilə yaxından işləməyi səbirsizliklə gözləyirik. Azərbaycan COP ilə bağlı ictimaiyyəti daha çox məlumatlandırma kampaniyalarının həyata keçirilməsini, əsas gündəliyə dair inklüzivliyi və şəffaflığı təmin etmək istəyir.
Azərbaycan COP29-un fundamental məsələləri üzrə bütün tərəflərlə dialoqa və əlaqəyə açıqdır. Çin Xalq Respublikası dünyanın aparıcı dövlətlərindən biridir. Ona görə də danışıqlar prosesində Çinin mövqeyini anlamaq üçün ilkin məsləhətləşmələrin və müzakirələrin aparılması bizim üçün çox vacibdir”.