|
Azərbaycan və Ermənistan parlamentlərinin spikerləri Parlamentlərarası İttifaqın (PAİ) vasitəçiliyi ilə mayın ortalarında görüşün keçirilməsi barədə razılığa gəliblər.
"Bu barədə A.Simonyan Ermənistan İctimai Televiziyasına müsahibəsində deyib.
"Parlament səviyyəsində təmasların başlanması barədə qərar qəbul edilib və ilkin razılığa əsasən, görüş mayın ortalarında baş tutacaq", - erməni spiker bildirib.
O, əlavə edib ki, Milli Məclisin sədri Sahibə Qafarova ilə əvvəlki görüş konstruktiv şəraitdə keçib.
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
“Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib” adlı süjetdə Böyük Britaniyanın Baş naziri Rişi Sunakın “Parçalanmış Dünyanın Bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunun iştirakçılarına ünvanladığı məktubunda Azərbaycan və Ermənistan arasında sülh sazişinin bu ilin noyabr ayında imzalanacağına dair mesajından bəhs olunur.
Qeyd olunub ki, verilən mesaj sıradan “sülh çağırışı” olsaydı, konkret tarix qeyd olunmazdı: “Sülh sazişinə dair konkret tarixi Böyük Britaniyanın - qlobal proseslərə yön verən, Cənubi Qafqazdakı proseslərə digər Qərb ölkələrindən fərqli yanaşan və bir çox məsələdə rəsmi Bakının gündəliyini dəstəkləyən bir ölkənin baş naziri açıqlayır”.
Süjetdə diqqətə çatdırılıb ki, Ermənistanın Zəngəzur dəhlizi layihəsindən imtina etməsi, münasibətlərin normallaşması perspektivini sual altına salması, həmçinin Qərbi azərbaycanlıların beynəlxalq hüquqa uyğun tarixi yurdlarına təhlükəsiz qayıdışına mane olması səbəbindən Sülh Sazişinin noyabr ayına qədər imzalanması perspektivi zəif görünür: “Lakin İrəvanda ekspertlərin açıqlamaları gələcək prosesin Ermənistan üçün gözlənildiyindən daha ağrılı ola biləcəyini önə çıxarır. Erməni türkoloq Varujan Qeqamyan iddia edir ki, Türkiyə nümayəndə heyəti Sünikə (Zəngəzur) Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib. Bu, muxtariyyət statusuna bərabərdir. Çox güman ki, yaxın gələcəkdə azərbaycanlıların bu bölgəyə qayıtması təmin ediləcək və Sünikə (Zəngəzur) xüsusi status veriləcək”.
Qafqaz üzrə erməni ekspert Karen İgityan hesab edir ki, Kalininqrad modeli Sünik və ya onun bir hissəsinin Ermənistandan ayrılması deməkdir: “Mümkündür ki, türklər Sünikin Ermənistandan ayrılmasını planlaşdırırlar”.
Azərbaycanşünas ekspert kimi təqdim edilən Tatevik Ayrapetyan isə düşünür ki, Azərbaycan işğal altında qalan səkkiz kəndin qaytarılmasından sonra Qərbi Zəngəzurdan keçən bütün yollara nəzarəti tələb edəcək.
Sonda vurğulanır ki, cəmi 44 gündə Qarabağ kimi mürəkkəb problemi öz suverenliyi çərçivəsində həll edən Azərbaycan dövləti hər şeyə qadirdir: “Buna görə Qərbi azərbaycanlılar zorla çıxarıldıqları evlərinin açarlarını sandıqdan çıxararaq, Böyük Qayıdış gününə hazırlaşmalıdırlar”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Son illər Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin daşımalarda Avrasiya üçün əhəmiyyəti kəskin şəkildə artıb. Şimal-Cənub və Şərq-Qərb istiqamətlərində nəqliyyat yollarının kəsişməsində yerləşən Azərbaycan çoxsaylı tədbirlər həyata keçirir.
"Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin “Phoenix” telekanalına müsahibəsində səsləndirib.
Azərbaycanın Çin Xalq Respublikasının Sədri Si Cinpin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biri olduğunu xatırladan Prezidentin köməkçisi bildirib ki, bu layihə marşrut boyu yerləşən ölkələrin ümumi rifahına müsbət təsir göstərib, onlar arasında əməkdaşlığı möhkəmləndirib, həmçinin sivilizasiyalararası dialoqu təşviq edib və bunun sayəsində beynəlxalq ictimaiyyət qədim Çin sivilizasiyasından bəhrələnib. “Biz bu layihəni marşrut boyu ölkələrə firavanlıq gətirə biləcək əməkdaşlıq, tərəfdaşlıq və qarşılıqlı firavanlıq kimi görürük. Xəzər dənizi ilə Qara dəniz arasında yerləşən Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir”, - H.Hacıyev qeyd edib.
Bu yaxınlarda Çinin Sian şəhərindən gələn qatarın Qazaxıstandan və Xəzər dənizindən keçərək Azərbaycana cəmi 11 günə çatmasına toxunan Prezident köməkçisi vurğulayıb ki, nəqliyyat nöqteyi-nəzərindən bu marşrut çox vacib, rəqabətədavamlı və mümkün olduğunu bir daha sübut etdi. Eyni zamanda, bu marşrut təhlükəsiz və etibarlıdır. Biz bu ticarət yolunun səmərəliliyini və rəqabət qabiliyyətini daha da artırmaq üçün çinli dostlarımızla çox çalışırıq.
Diqqətə çatdırılıb ki, Azərbaycan, həmçinin Bakı-Tbilisi-Qars dəmir yolunun ötürücülük qabiliyyətini artırmaq istiqamətində səy göstərir. Çünki mallar təkcə Şərqdən Qərbə deyil, həm də əks istiqamətdə daşınır. Avropa şirkətləri və qitənin ticarət institutları Çin və Mərkəzi Asiya bazarlarına çıxmaq üçün bu marşrutdan istifadə edə bilərlər. Vurğulanıb ki, Azərbaycan Şərq-Qərb marşrutu ilə yanaşı, Şimal-Cənub marşrutunu da inkişaf etdirir. Bütün bunlara görə Azərbaycan Avrasiya qitəsində nəqliyyat və logistika mərkəzi hesab olunur.
Son illər Azərbaycanın qeyri-neft iqtisadiyyatının inkişafına diqqət yetirdiyini və iqtisadi şaxələnməyə nail olmağa çalışdığını qeyd edən H.Hacıyev ölkəmizdə yaradılan günəş elektrik stansiyalarına diqqət çəkib. Bildirib ki, bu, Çinlə Azərbaycan arasında yaşıl enerji sahəsində əməkdaşlıqda mühüm mərhələdir.
Müsahibədə bu il Azərbaycanda keçiriləcək COP29-a da toxunulub, ötən konfransda irəliləyiş əldə olunmayan iqlimin maliyyələşdirilməsi məsələsinin Bakı konfransında əsas mövzuya çevriləcəyi qeyd edilib.
Eyni zamanda, Azərbaycanın Avropa enerji təhlükəsizliyinin təminatçısı olduğu, bir çox Avropa ölkələrinə neft və təbii qaz ixrac etdiyi bildirilib. Qeyd olunub ki, Çinlə də Azərbaycan arasında enerji sahəsində sıx əməkdaşlıq mövcuddur, Çin şirkətləri neft və təbii qaz layihələrində iştirak edirlər. Vurğulanıb ki, yaşıl keçid Azərbaycan üçün prioritet sahəyə çevrildiyinə görə Çin şirkətləri ölkəmizin iqtisadiyyatının şaxələndirilməsində yaxşı tərəfdaşdırlar.
Diqqətə çatdırılıb ki, Azərbaycanda Çinin qlobal yaşıl transformasiya sahəsində liderlik etdiyini görməkdən çox şaddırlar. Həmçinin Çin yaşıl keçidin mümkünlüyün faktiki olaraq sübut edib. “Yaşıl enerjiyə keçid bizim prioritetlərimizdən biridir. Biz COP29 və ondan sonrakı mərhələdə çinli dostlarımızla fəal işləməyi səbirsizliklə gözləyirik”, - deyə Hikmət Hacıyev əlavə edib.
COP29-un Azərbaycanın qazıntı yanacağına sahib olan ölkə kimi qətiyyətini, eyni zamanda, diplomatik və siyasi cəsarətini nümayiş etdirdiyini söyləyən Prezidentin köməkçisi qeyd edib: “Bu, həmçinin bizim güclü və qəti iradəmizi göstərir. Azərbaycan göstərdi ki, biz qərarlıyıq, karbohidrogen ehtiyatları ilə yanaşı, həm də yaşıl enerjinin tərəfdarı olmaq istəyirik və bu konsepsiyaya töhfə verməyə hazırıq”.
Müsahibədə, həmçinin Çinin və Azərbaycanın beynəlxalq aləmdə həmişə sıx əməkdaşlıq etdikləri, çoxtərəfliliyi qətiyyətlə dəstəklədikləri və inkişaf etməkdə olan ölkələrin maraqlarını qoruduqları diqqətə çatdırılıb.
Sonda Çin-ABŞ münasibətlərinə toxunulub, rəsmi Pekinə qarşı ədalətsiz rəqabətin qloballaşmaya və dünya vətəndaşlarının rifahına kömək etmədiyi vurğulanıb.
28 mart tarixi Ümummilli Lider Heydər Əliyevin 23 mart 1997-ci il tarixli Sərəncamı ilə Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur və bu gün təhlükəsizlik orqanlarının yaradılmasının 105-ci ildönümü tamam olur.
“Bununla əlaqədar, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Fəxri xiyabana gələrək Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edib.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub.
DTX-nin əməkdaşları daha sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının, o cümlədən şəxsi şücaət göstərərək şəhidlik zirvəsinə ucalmış təhlükəsizlik orqanlarının əməkdaşlarının məzarlarını ziyarət edib, Xidmətin adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Daha sonra DTX-nin Mədəniyyət mərkəzində Xidmətin əməkdaşlarının və veteranlarının iştirakı ilə peşə bayramına həsr olunmuş təntənəli tədbir keçirilib.
Natiq Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə artıq yeni dövrə qədəm qoyan təhlükəsizlik orqanlarının qarşısında qoyulan vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcəklərinə inamını ifadə edib, eyni zamanda DTX-nin son illərdəki fəaliyyətinə toxunub.
Xidmət rəisi Əli Nağıyev Ali Baş Komandan İlham Əliyevin təhlükəsizlik orqanlarına göstərdiyi xüsusi diqqət və qayğının növbəti təzahürü kimi, ölkə başçısının müvafiq Sərəncamı ilə təhlükəsizlik orqanlarının yaradılmasının 105-ci ildönümü və peşə bayramı əlaqədar DTX-nin bir qrup əməkdaşının ali hərbi rütbələrə və yüksək dövlət mükafatlarına layiq görüldüyünü vurğulayıb, bunun üçün Prezident İlham Əliyevə şəxsi heyət adından minnətdarlığını çatdıraraq, Xidmətin əməkdaşlarının göstərilən bu etimadı doğruldacaqlarına qətiyyətlə inandığını bildirib.
Sonra tədbir təhlükəsizlik orqanları əməkdaşları və veteranlarının çıxışları ilə davam etdirilib.
Tədbirin rəsmi hissəsinin sonunda DTX-nin şəxsi heyəti adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət oxunub.
Tədbirin bədii hissəsində tanınmış mədəniyyət və incəsənət xadimlərinin ifasında konsert proqramı təqdim olunub.
Prezident İlham Əliyev “Avtomobil yolları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
Yenilənmiş qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi hər bir avtomagistral ilə nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləği avtomobil yolunun dərəcəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) bu məqsədlə açılmış bank hesabına köçürülür. Bu vəsaitin bölgüsü müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
İndiyə qədər isə sadəcə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hər bir avtomagistral ilə nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləğini avtomobil yolunun dərəcəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı təsdiq edirdi.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində (İB) kadr dəyişikliyi olub.
“Qafqazinfo” xəbər verir ki, Şahmar Hüseynov İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilib.
Qeyd edək ki, Əli Qurban oğlu Qurbanov 1991-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu “Neft və qaz yataqlarının işlənməsinin texnologiyası və kompleks mexanikləşdirilməsi” ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 1991-ci ildə “28 May” adına Neft Qaz Çıxarma İdarəsində 4-cü dərəcəli neft qaz çıxarma operatoru kimi başlayıb və 1998-ci ilə qədər həmin idarədə özül rəisi vəzifəsinə qədər yüksəlib. 1998-ci ildən başlayaraq bp şirkətində fəaliyyətini davam etdirib, 2011-ci ilə qədər Böyük Britaniya, Amerika Birləşmiş Ştatları və Azərbaycanda müxtəlif layihələrdə çalışıb.
2011-ci ildən başlayaraq SOCAR-ın baş ofisində neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezidentin neft-qaz hasilatı üzrə müavini vəzifəsində fəaliyyət göstərib.
Qeyd edək ki, Ş.Hüseynov 2019-cu ilin dekabr ayından Birliyə rəhbərlik edirdi.
“Məlum olduğu kimi, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən eyni zamanda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyəti də koordinasiya olunur. Birinci Qarabağ müharibəsi nəticəsində itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyatda olan 3890 vətəndaşımızın taleyinə aydınlıq gətirilməsi, işğaldan azad olunmuş ərazilərdə kütləvi məzar yerlərinin müəyyən olunması, meyit qalıqlarının ekshumasiyası və eyniləşdirilməsi istiqamətində hazırda intensiv iş aparılır”.
Bunu “Respublika” qəzetinə müsahibəsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-polkovnik Əli Nağıyev deyib.
Xidmət rəisi bildirib ki, görülən tədbirlər nəticəsində 107 itkin düşmüş şəxsin eyniləşdirilməsi təmin edilib: “Onların sırasından 1992-ci ilin yanvar ayında Daşaltı əməliyyatında itkin düşmüş təhlükəsizlik orqanlarının mərhum əməkdaşı, Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov da daxil olmaqla, ümumilikdə 34 nəfərin adları ictimaiyyətə elan olunub.
Yaxın günlərdə isə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq. İtkin düşmüş vətəndaşlarımızın axtarışı kimi həssas məsələ ilə əlaqədar dövlətimizin başçısı tərəfindən qarşımıza qoyulan mühüm tapşırıqlar bundan sonra da tam və vaxtında icra ediləcək”.