|
“Paşinyan mətbuat konfransında Tavuş rayonuna bitişik olan kəndləri Azərbaycana qaytarmağa hazır olduğunu təsdiqləyib. Baş nazir bildirir ki, bu kəndlər Ermənistanın suveren ərazisində deyillər, 1990-cı illərdə müharibə nəticəsində nəzarətə götürülüb. Paşinyanın açıqlamalarından görünür ki, bu, birtərəfli güzəştlə olacaq və Azərbaycan qoşunlarını sərhəddən geri çəkməyəcək”.
Bu barədə “Hraparak” qəzeti yazıb.
Nəşr qeyd edir ki, hazırda Tavuş istiqamətindəki 7 kəndin 4-nün qaytarılmasından bəhs edilir: “Söhbət Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli kəndlərindən gedir”.
Nəşr “bu kəndlər qaytarılsa, nə olacaq” sualını da araşdırıb: “Ermənistan Silahlı Qüvvələri həmin 4 kəndin ərazisindən çıxmalıdır. Bura üçüncü ordu korpusu nəzarət edir. Bu korpusa vaxtilə general Onik Qasparyan, general Qriqori Xaçaturov rəhbərlik edirdi. Ola bilər ki, bu generallar həm də bu kəndlərin qaytarılmasına görə hökumət tərəfindən təqib edilirdi. Ekspertlər bildirir ki, üçüncü korpus Azərbaycanla müqayisədə daha əlverişli mövqedədir. Kəndlər təhvil veriləndən sonra bu mövqelər azərbaycanlılara keçəcək və biz daha əlverişsiz vəziyyətə düşəcəyik. Bundan başqa, Gürcüstanla dövlətlərarası yol və Ermənistana gələn qaz kəməri də bu ərazidən keçir. Ermənistan yeni yol tikməli, qaz kəmərini ölkənin dərinliyinə doğru çəkməlidir. Bu, həm maliyyə, həm də zaman tələb edir”.
“Apaven” yükdaşıma şirkətinin icraçı direktoru Qaqik Ağacanyan deyib ki, dövlətlərası yolun çəkilişi üçün hər kilometrə 5-6 milyon dollar lazımdır: “Söhbət dağlıq ərazidən gedir və əgər körpü tikiləcəksə, bu, daha da baha olacaq, tunellər olarsa, bir qədər də artacaq. Təkcə alternativ yolun çəkilməsi ilə iş bitmir, həm də onun təhlükəsizliyi məsələsi var”.
Bu kəndlərin qaytarılması Ermənistan Konstitusiyasının da dəyişməsini tələb edir. Konstitusiya üzrə ekspert Qohar Meloyan bildirib ki, Ermənistan Konstitusiyası dövlətin ərazisinin yalnız referendum yolu ilə dəyişməsini tələb edib: “Bu, 205-ci maddədə qeyd olunub. Ya konstitusiyanı dəyişməlidirlər, ya da onu pozmalıdırlar”.
Publika.az
“Bir neçə ay sərf etməli olduq ki, həmin abidəni (Natəvanın vandalizm aktına məruz qalmış heykəli – red.) Eviandan götürüb Azərbaycanın Mədəniyyət Mərkəzinin həyətinə gətirib orada yerləşdirək. Hazırda Natəvanın abidəsi oradadır”.
AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda çıxışı zamanı söyləyib.
Dövlətimizin başçısı, həmçinin qeyd edib: “Bu, əslində, onu göstərir ki, biz suverenliyimizi bərpa etdikdən sonra nə ilə üzləşmişik. Bu, əslində, ikili standartların nümayişidir”.
Fransanın ərazi bütövlüyünü bərpa etməyə kömək olmaq üçün Ukraynaya hərbi qüvvələrini göndərməsi ilə bağlı bəyanata toxunan Prezident İlham Əliyev vurğulayıb ki, bizim ərazi bütövlüyümüzün bərpasına gəldikdə, onlar Azərbaycanı cəzalandırmağa çalışırlar.
Azərbaycan Prezidenti İlham Əliyev martın 14-də Albaniya Prezidenti Bayram Beqay ilə görüşüb.
Məlumatı prezidentin mətbuat xidməti yayıb.
Qeyd edək ki, Bayram Beqay Azərbaycana XI Qlobal forumda iştirak etmək üçün səfər edib.
İndi biz Ermənistanla sülhə heç vaxt görünmədiyi qədər yaxınıq.
Bu sözləri Prezident İlham Əliyev “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda çıxışı zamanı söyləyib.
Dövlət başçısı qeyd edib: “Cənubi Qafqazda müstəqillik tarixində sülh bu qədər yaxın olmamışdır. Bu da İkinci Qarabağ müharibəsinin nəticəsidir”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də BMT Baş katibinin siyasət üzrə müavini Qay Rayderi qəbul edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Naxçıvan Muxtar Respublikası ilə İran arasında quru sərhəd yenidən açılacaq.
Axar.az xəbər verir ki, bunu İranın Naxçıvandakı baş konsulu Əzi Mənsuri deyib.
“Azərbaycan Respublikası ilə milli maraqları, iqtisadi və siyasi keçmişi nəzərə alaraq, Naxçıvan vətəndaşlarını qarşılamaq, İran cəmiyyətinin real və münasib imicini təqdim etmək üçün lazımi hazırlığımız olmalıdır”, - konsul bildirib.
Qeyd edək ki, İran hökuməti Azərbaycan Respublikası ilə sərhəd şəhərlərdə siyasi-ideoloji təbliğatı gücləndirmək üçün əlavə qurumlar yaradıb, büdcədən vəsait ayırıb.
Bu dəqiqələrdə Bakıda, Gülüstan sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu keçirilir.
Dövlət başçısı tədbirdə iştirak edir.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq platformaya çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır.
Bu dəfə “Parçalanmış dünyanın bərpası” (“Fixing The Fractured World”) mövzusuna həsr olunan XI Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda 70-dən artıq ölkədən 350-dən çox qonaq iştirak edir.
Martın 16-dək davam edəcək Forumda COP28-in nəticələri və COP29-a hazırlıq məqsədilə qlobal müzakirələr aparılacaq, yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi problemlərinə toxunulacaq. Eyni zamanda, qlobal idarəetmədə hərbi və iqtisadi ittifaqların rolu, regional perspektivlər, Avropa İttifaqı və onun qonşuları ilə münasibətləri, gənclər siyasəti, qlobal çağırışlara qarşı davamlılığı artırmağın yolları, qeyri-bərabərlik, təbii ehtiyatların azlığı və miqrasiya məsələlərinə toxunulacaq, süni intellekt, dronlar və kibersilahlar dövründə yeni təhlükəsizlik nümunələri barədə müzakirələr aparılacaq.
Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzin Ankarada türkiyəli həmkarı Burak Akçapar ilə görüşüb.
APA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tərəflər Cənubi Qafqazda vəziyyət, həmçinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində fikir mübadiləsi aparıblar.
"Ukrayna böhranı mövzusu, o cümlədən onun siyasi və diplomatik yolla həlli perspektivləri müzakirə edilib. Rusiya tərəfi bu kontekstdə ABŞ başda olmaqla Qərbə gərginliyi artırmağı dayandırmağın vacibliyini qeyd edib. Ukrayna rəhbərliyinin Rusiya ilə danışıqlarda özünə qoyduğu qadağaları aradan qaldırması və yeni geosiyasi reallıqları qəbul etməli olduğu vurğulanıb”, - deyə bildirilib.
ABŞ-ın ən yaxın müttəfiqi Böyük Britaniyanın da dövrəyə girməsi, Fransanın Afrikadan sonra Cənubi Qafqazdan da qovulacağından xəbər verir... Ağ Ev isə həm Cənubi Qafqaza, həm də Orta Asiyaya nüfuz edə bilməsi üçün Türk İttifaqı ilə “ortaq fəaliyyət pəncərəsi” axtarmağa məcbur qalıb...
Cənubi Qafqaz uğrunda nəhənglərin savaşında artıq iki istiqamətin ortaya çıxmağa başladığı müşahidə olunur. Belə ki, bu region ətrafında cərəyan edən geopolitik proseslərdə maraq toqquşmaları ən yüksək həddə çatıb. Hətta son vaxtlar Cənubi Qafqaz uğrunda savaşda ortaq fəaliyyət və yaxud da müttəfiqlik əlaqələri belə, indi formal xarakter daşıyır. Bu baxımdan, regionda situasiyanın tamamilə fərqli məzmun və keyfiyyət daşıya biləcəyi qətiyyən istisna deyil.
Onu da qeyd etmək lazımdır ki, dünya nəhənglərinin regional mübarizənin əsasən Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb, çıxarılmasına hədəfləndiyi qətiyyən şübhə doğurmur. Ancaq ABŞ və Qərbin bu hədəfin reallaşdırılmasına hesablanmış strateji planlarının iflasa uğramaq üzrə olduğu da artıq müşahidə edilir. Çünki bu planlar Rusiyaya qarşı yönəlsə də, əslində, taktika tamamilə yanlış xarakter daşıyırdı. Yəni, Ermənistanın dəstəklənməsi və Azərbaycana təzyiqlər göstərilməsi taktikası Qərbin Cənubi Qafqaz planlarını böyük risk altına atıb.
Məsələ ondadır ki, rəsmi Bakı ABŞ və Qərbin Rusiya əleyhinə planlarında Azərbaycanın təzyiqlərə məruz qalan dövlətə çevrilməsi ilə barışmadı. Ona görə də, Qərbin regional sülh prosesinə müdaxilə imkanlarını maksimum səviyyədə məhdudlaşdırdı. Ardınca Ermənistanla danışıqlar prosesini məhz birbaşa təmaslar formatına keçirtdi. Bununla da ABŞ və Qərb Cənubi Qafqazda geopolitik oyunçuya çevrilmək üçün istifadə etməyə çalışdığı önəmli bir mexanizmi itirmiş oldu. Və geriyə yalnız Ermənistan üzərindən regiona nüfuz etmək variantı qaldı.
Ancaq çox tezliklə anlaşıldı ki, yalnız Ermənistan üzərindən ABŞ və Qərbin Cənubi Qafqaza yerləşməsi və ya nüfuz edə bilməsi mümkün olmayacaq. Ona görə də, Rusiyanın regiondan çıxarılması hədəfində ortaq olan Qərb siyasi dairələrin Azərbaycana münasibətdə mövqelərində açıq ziddiyyətlər yarandı. Yəni, xüsusilə də, Ağ Evdə anladılar ki, Cənubi Qafqazda real geopolitik iradə Azərbaycana aiddir. Və rəsmi Bakı ilə münasibətləri normallaşdırıb, əməkdaşlıq etmədən, bu regionun coğrafiyasında geopolitik fəaliyyət məkanı açmaq mümkün deyil.
Nəticədə ABŞ və Avropa Birliyi, xüsusilə də Fransa arasında geopolitik ziddiyyətlər kəskin şəkildə ortaya çıxmış oldu. Çünki Ağ Evin başının növbəti prezident seçkilərinə qarışmasından istifadə etməyə çalışan rəsmi Paris Cənubi Qafqazda ABŞ-ın maraqlarını belə, zərbə altında qoymaqla, məhz Fransanın ön plana keçirilməsinə can atırdı. Bu səbəbdən də, ABŞ və Fransanın maraqları toqquşur, ziddiyyətlər dərinləşir.
Fransanın qərəzli davranışlarına sərt reaksiya verən rəsmi Bakının bütövlükdə kollektiv Qərbin üzünə regionun qapılarını qapatmağa çalışması indi ABŞ-da ciddi narahatlıq doğurmaqdadır. Ona görə də, Ağ Ev son vaxtlar ABŞ-ın Cənubi Qafqaz maraqlarını Fransa ilə ortaqlıq çərçivəsindən kənara çəkməyə üstünlük verməyə başlayıb. Ağ Ev bir tərəfdən, rəsmi Bakı ilə münasibətlərini normallaşıdrmağa çalışır. Digər tərəfdənsə, Cənubi Qafqazda artıq geopolitik oyunçu statusu qazanmış və Azərbaycanla strateji müttəfiqlik münasibətlərinə malik Türkiyə ilə ortaq fəaliyyəti sınaqdan çıxartmaq niyyətinə düşüb.
Məsələ ondadır ki, Ağ Ev bu dəfə Cənubi Qafqaz maraqlarını daha doğru tərəfdaşlarla idarə etmək şansı qazanmış kimi görünür. Belə ki, ABŞ və Türkiyə arasında regional sülh prosesinə münasibətdə ortaq dəstək barədə anlaşma əldə onunub. Yəni, Fransadan fərqli olaraq, ABŞ Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün məhz Türkiyə ilə əməkdaşlıq etmək niyyətindədir. Və bu, onu göstərir ki, Ağ Evdə Türkiyənin yardımı olmadan ABŞ-ın Cənubi Qafqaza nüfuz edə biməyəcəyi qənaətinə artıq gəlinib.
Təbii ki, bütün bunlar Cənubi Qafqazda Azərbaycan-Türkiyə İttifaqının nə qədər həlledici faktor olduğunu növbəti dəfə təsdiqləmiş olur. Onu da qeyd etmək lazımdır ki, Ağ Evin Cənubi Qafqaz üzərindən hələlik Rusiyanın və Çinin təsir dairəsində olan Orta Asiyaya da keçid etmək niyyəti mövcuddur. Ağ Evin bu niyyətə Türk İttifaqının strateji dəstəyini almadan çata biləcəyinə isə hazırda yalnız sadəlövhlər inana bilər.
Bütün bunları nəzərə aldıqda, ABŞ-ın son vaxtlar Azərbaycan və Türkiyə ilə münasibətlərinə yenidən baxmaq məcburiyyətində qalması qətiyyən təəccüblü deyil. Qərbin Cənubi Qafqaz uğrunda mübarizəsi əsasən Rusiyaya qarşı yönəlmiş olsa da, müəyyən dəyişikliklərə uğraya bilər. Böyük ehtimalla yaxın vaxtlarda bu region ABŞ və Fransa arasında kəskin ziddiyyətlərin əsas məkanına çevriləcək. Hər halda, Ağ Ev Fransanın Cənubi Qafqazda təkbaşına hegemonluq planları quraraq, Qərbin strateji planlarını pozmasına qətiyyən imkan verməz.
Ona görə də, bəzi ehtimallara görə, yaxın gələcəkdə Cənubi Qafqaz uğrunda mübarizədə ABŞ məhz Türk İttifaqına istinad etməyə çalışacaq. Buna paralel olaraq, Ağ Evin Ermənistanı da Fransanın təsir dairəsindən uzaqlaşdırmağa çalışacağı qətiyyən şübhə doğurmur. Hər halda, Azərbaycan və Türkiyə ilə yaxşı münasibətləri olan, Avropa məkanında ABŞ-ın ən yaxın müttəfiqi kimi diqqəti çəkən Böyük Britaniyanın da Fransaya paralel olaraq, Rusiya ilə qarşıdurmada Ermənistanı dəstəkləməyə hazır olduğunu bəyanlaması yeni geopolitik çağırışlardan xəbər verir. Və bu, o deməkdir ki, Fransa Afrikanın ardından, Ermənistandan da, yəni Cənubi Qafqazdan da tamamilə qovulmuş olacaq.
Göründüyü kimi, Cənubi Qafqazda növbəti dəfə yeni situasiya yaranmaq üzrədir. Böyük ehtimalla bu situasiya daha çox Türk İttifaqının diqtə etdiyi şərtlərə uyğun olacaq. Hər halda, Ağ Evin tədricən Türk İttifaqı ilə yaxınlaşma xətti yürütməyə üstünlük verdiyi müşahidə edilir. Və bu, onu göstərir ki, ABŞ-ın Türk İttifaqına ehtiyacı var, hətta Ağ Ev onun dəstəyinə möhtacdır.
“Yeni Müsavat”