|
Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik.
Bunu Prezident İlham Əliyev Bakıda "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətində deyib.
"Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik. Burada bütün dinlərin və etnik qrupların nümayəndələri əmin-amanlıq şəraitində bir ailə kimi yaşayırlar. Ölkəmizdə milli sərvət kimi qorunan dini bərabərlik və inklüzivlik Azərbaycan xalqının həyat tərzidir, onun güc mənbəyidir. Bundan irəli gələrək, təbiidir ki, multikultural dəyərlərə hörmət bizim dövlət siyasətimizin prioritet istiqamətlərindən birini təşkil edir.
Ölkəmiz dünya miqyasında da sülh, dinc birgəyaşayış, humanizm dəyərlərinin təbliği və təşviqi üçün əlindən gələni əsirgəmir. Azərbaycan müxtəlif mədəniyyətlər arasında ahəngdar münasibətləri dəstəkləyir, qarşılıqlı anlaşmaya nail olunması naminə sivilizasiyalar və mədəniyyətlərarası dialoq zəminində davamlı olaraq bir çox qlobal təşəbbüslər irəli sürür. May ayında Bakıda keçiriləcək və artıq yaxşı ənənəyə çevrilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bunun bariz nümunələrindəndir", - Prezident İlham Əliyev qeyd edib.
Prezident İlham Əliyev Azərbaycan qadınlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:
Atamoğlanova Natəvan Dəmirçi qızı
Behbudova Gülşən Behbud qızı
Əhmədova Kəhlik Talış qızı
Əliyeva Gültəkin Budaq qızı
Haqverdiyeva Sevda Haqverdi qızı
Həsənova İlhamə Hüseyn qızı
Hüseynova Mariya Pavlovna
Hüseynova Reyhan Kamranovna
Hüseynova Zərifə Bəşir qızı
Mehrəliyeva Sevil Əli qızı
Məsimova Taliyə Fəxrəddin qızı
Ramazanova Bədyalcamal Süleyman qızı.
Prezident İlham Əliyev Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Karbon emissiyalarının azaldılmasında, enerji səmərəliliyinin yüksəldilməsində və nəqliyyat sənayesində innovasiyaların təşviqində elektrik mühərrikli nəqliyyat vasitələrinin rolunu nəzərə alaraq, dayanıqlı və ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması daha təmiz və dayanıqlı nəqliyyat sisteminə keçidi sürətləndirmək üçün xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan, elektrik nəqliyyat vasitələrindən istifadənin genişləndirilməsini, zəruri infrastrukturun inkişafını, habelə ümumi nəqliyyat sisteminə inteqrasiyanı təmin edən normativ hüquqi bazanın formalaşdırılması zəruridir.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi, Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair milli prioritetlərindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsi, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bu sahədə aparılan məqsədyönlü və ardıcıl dövlət siyasətinin təzahürüdür.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin və elektrik enerjisi doldurma məntəqələrinin əhatə dairəsinin genişləndirilməsi, həmin məntəqələrin yaradılması işlərinə sahibkarlıq subyektlərinin cəlb edilməsi məqsədilə normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Azərbaycan Respublikası Energetika Nazirliyinin, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin təklifləri əsasında elektrik enerjisi doldurma məntəqələrinin quraşdırılması üçün yerləri bir ay müddətində müəyyən etsin;
1.3. elektrik enerjisi doldurma məntəqələrinin quraşdırılması, zəruri infrastrukturun yaradılması, habelə həmin məntəqələrin dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsi üçün “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən müvafiq tədbirlər görülməsini təmin etsin;
1.4. bu Sərəncamın 1.3-cü bəndində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi məqsədilə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin təklifləri əsasında cari ilin və növbəti ilin dövlət büdcəsindən müvafiq vəsait ayrılması üçün tədbirlər görsün;
1.5. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin”.
“Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəsmi emblemi haqqında Əsasnamə” təsdiq edilib.
Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Fərmana əsasən, “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəsmi embleminin təsviri” də təsdiq edilib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın “qırmızı cizgiləri” çoxdan aşan davranışlarına bundan sonra səbr göstərilməyəcəyi barədə sərt xəbərdarlıq mesajı verdi... İndi Kremlin Ermənistanla bağlı hər ötən gün daha da dərinləşən problemi ən qısa müddətdə həll etmək üçün rəsmi bəhanə qazanmağa çalışdığı barədə də müəyyən məlumatlar mövcuddur...
Cənubi Qafqazda geopolitik savaş artıq daha fərqli mərhələyə keçmək üzrədir. Belə ki, hazırda cərəyan edən geopolitik proseslər həlledici xarakter daşıya bilər. Hər halda, ABŞ və Qərb Cənubi Qafqazda irəliləyə biləcəyi son həddə çatmaq üzrədir. Rusiya isə geri çəkilə biləcəyi qədər mövqelərini artıq əldən vermiş kimi görünür. Yəni, müəyyən mənada, hər iki qarşıduran tərəf maksimum və minimuma yaxınlaşmağa başlayıb. Bundan artıq ABŞ və Qərbin təzyiqləri, eləcə də, Rusiyanın müqavimət cəhdləri Cənubi Qafqazda geopolitik tarazlığı ciddi şəkildə poza bilər.
Onu da qeyd etmək lazımdır ki, Cənubi Qafqazda geopolitik tarazlığın pozulması ilk növbədə Ermənistana qarşı real təhlükələr vəd edir. Çünki məhz Ermənistan hazırda ABŞ və Qərblə Rusiya arasındakı regional qarşıdurmanın əsas hərbi-siyasi poliqonu rolunda çıxış edir. Rəsmi İrəvan ABŞ və Qərbin təlimatları ilə Rusiyaya qarşı “proxsy güc” mövqeyində yer almaqdadır. Paşinyan hakimiyyəti Ermənistanın keçmiş əsas və indiki formal strateji müttəfiqini – Rusiyanı geopolitik zərbələrə məruz qoymaqdadır. Və Kreml hələlik rəsmi İrəvanın bu xəyanətinə münasibətdə konkret reaksiya modelini dəqiqləşdirməyə imkan tapmayıb.
Məsələ ondadır ki, Qərb siyasi dairələri hazırda Paşinyan hakimiyyətinə Rusiya sərhəd qoşunlarının Ermənistandan çıxarılması barədə konkret təlimat veriblər. Rəsmi İrəvansa, müəyyən narahatlıq içərisində olsa, bu təlimatı icra etməyə çalışır. Halbuki, Paşinyan hakimiyyəti Rusiyaya qarşı atılan addımların, xüsusilə də, Ermənistanın Kremlin patronajlığı altında olan KTMT-dan çıxmaq niyyətini biruzə verməsinin doğura biləcəyi təhlükəli nəticələri də təxmin etməmiş deyil. Və bunun Ermənistana geopolitik fəlakət vəd etdiyini Kremlin son isterik davranışlarından da anlamaq mümkündür.
Maraqlıdır ki, rəsmi İrəvan da atdığı son addımların doğura biləcəyi nəticələrdən qorxduğunu gizlətməkdə çətinlik çəkir. Ermənistanın baş qərargah rəisi bu barədə danışarkən, ölkəsinin KTMT-nı tərk etməklə bağlı mövzunu hələlik müzakirə etmədiyi vurğulayıb. O, bildirib ki, Ermənistanın KTMT-dan çıxacağı təqdirdə, üzləşəcəyi situasiya dövlət sirri kateqoriyasına daxildir. Və bu, erməni-siyasi dairələrinin absurd yanaşmasının ən bariz nümunəsidir.
Çünki baş verməmiş hansısa hadisənin ehtimal edilən nəticələri dövlət sirri hesab oluna bilməz. Erməni baş qərargah rəisinin bu absurd yanaşması isə bu mövzunun müzakirəsinin dolayısı ilə qadağan edilməsindən başqa bir şey deyil. Digər tərəfdən, Ermənistanın KTMT-nı tərk edəcəyi təqdirdə, Rusiyanın verəcəyi reaksiyanı əslində, bir az məntiqə bağlı ermənilərin hamısı yəqin ki, anlayır. Və bu baxımdan, rəsmi İrəvanın KTMT ilə bağlı manevrlərinin Ermənistanı real təhlükə ilə üz-üzə qoyduğunu gizlətmək cəhdləri sadəcə, mümkün deyil.
Bütün bunlar onu göstərir ki, Paşinyan hakimiyyəti ABŞ və Qərbin Rusiya əleyhinə təlimatlarını can-fəşanlıqla icra etsə də, buna paralel olaraq, həm də ciddi şəkildə qorxu içərisindədir. Baş nazir Nikol Paşinyan bir neçə gün önsə öz yaxın ətrafı ilə keçirtdiyi qapalı toplantıda etiraf edib ki, Qərb Rusiyaya qarşı konkret addımların atılmasını tələb edir. Bunun təhlükəli proses olduğunu vurğulayan erməni baş nazir Ermənistan üçün yeganə çıxış yolunun dərhal Avropa Birliyinə üzvlüklə bağlı rəsmi müraciətin edilməsinə bağlıdır. Belə anlaşılır ki, rəsmi İrəvan Avropa Birliyinin həmin müraciət sayəsində Ermənistanı Rusiya təhlükəsindən qoruya biləcəyinə ümid bəsləyir.
Halbuki, bu da erməni məntiqsizliyindən qaynaqlanan absurd ümidlərdən başqa bir şey deyil. Belə ki, Avropa Birliyinin müdafiəsinə ümid bəsləmək üçün ilk növbədə bu quruma rəsmən üzv olmaq lazımdır. Ermənistanın isə hətta rəsmi müraciət göndərsə belə, Avropa Birliyinə hətta yaxın yüz ildə üzv olmaq şansları mövcud deyil. Çünki Avropa Birliyi rəsmi İrəvana bol-bol vədlər versə də, əslində, Ermənistan kimi gələcəyi qeyri-müəyyən ölkəni öz sıralarına qatmaqla, əlavə problemlərlə üzləşməyə həvəsli olmaz.
Üstəlik, Avropa Birliyi hansısa üzvünü xarici hərbi müdaxilədən müdafiə etmək üçün mexanizmlərə də malik deyil. Bu qurumun üzvlərinin hərbi təhlükəsizliyi Avropa Birliyi ölkələrinin həm də NATO sıralarında təmsil olunası hesabına təmin edilir. Deməli, Ermənistan Rusiyadan qorunmaq üçün həm də NATO-ya üzv olmağa çalışmalıdır. NATO-ya hazırda ən yaxın postsovet dövləti olan Ukraynanın belə, bu quruma üzv ola bilmədiyini nəzərə aldıqda, Ermənistanın bu barədə düşünməsi sadəcə, yalnız “fantastik erməni xəyalları”na faydalı ola bilər.
Göründüyü kimi, rəsmi İrəvan boş xəyallara, ümidlərə və Qərbin reallıqdan uzaq vədlərinə dayanaraq, Rusiya ilə münasibətlərini gərginləşdirməkdə davam edir. Halbuki, Kremlin səbrinin sona çatmaq üzrə olduğu da artıq inkaredilməz reallıqdır. Çünki Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanın atdığı son addımları qeyri-dost ölkənin davranışları kimi dəyərləndirib. Onun fikrincə, rəsmi İrəvan mövqeyini dəqiqləşdirib, artıq birmənalı şəkildə bəyan etməlidir: “Ermənistan artıq konkret qərarını verməlidir ki, ya bizimlədir, ya da bizimlə deyil. Rusiya da məhz bu qərara uyğun davranmaq niyyətindədir”.
Rusiya xarici işlər nazirinin bu mesajı əslində, Kremlin Ermənistana açıq şəkildə ultimatum verdiyi anlamına gəlir. Belə anlaşılır ki, rəsmi İrəvan rus diplomatın dediyini edərsə, Rusiya Ermənistana münasibətdə konkret addımlar atmaq niyyətindədir. Hətta bəzi məlumatlara görə, Rusiyanın Ermənistana cavab reaksiyasının planı da artıq ən incə detallarına qədər hazırlanıb.
Prezident Vladimir Putinin masası üzərində olduğu iddia edilən həmin planın reallaşdırılması üçün rəsmi İrəvanın son həlledici addımı da atmasının gözlənildiyi bildirilir. Və indi Kremlin hətta səbrsiz olduğu, Ermənistanla bağlı problemi ən qısa zamanda həll etmək üçün rəsmi bəhanə qazanmağa çalışdığı barədə də müəyyən məlumatlar mövcuddur.(Yeni Müsavat)
Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayıb.
"Təbrikdə deyilir:
"Hörmətli xanımlar!
Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hamınıza cansağlığı, səadət və gələcək işlərinizdə yeni-yeni uğurlar arzulayıram.
Azərbaycan xalqı hər zaman qadına dərin ehtiram bəsləmiş, ana haqqını uca tutmuşdur. Ölkəmizdə dövlət qadın siyasətinin başlıca prinsipləri bu çoxəsrlik zəmin üzərində formalaşmışdır.
Zəngin mənəvi-əxlaqi sərvətlərimizin qorunub saxlanılması və günümüzədək layiqincə yaşadılması analarımızın adı ilə sıx bağlıdır. Gözəlliyi, zərifliyi və nəcibliyi ilə seçilən Azərbaycan qadınları həmçinin hünər və igidlik göstərərək tariximizə parlaq səhifələr yazmışlar. Onlar taleyüklü bütün sınaq anlarında həmişə cəmiyyətimizə əsl mənəvi dayaq olmuş, 44 günlük Vətən müharibəsindəki fədakarlıqları ilə bu gerçəyi bir daha sübuta yetirmişlər.
Xalqımıza xas ənənəvi ailə dəyərlərinə sadiq qalan çağdaş Azərbaycan xanımları, eyni zamanda, güclü müasirlik duyğusuna və yenilikçi təbiətə sahibdirlər. Mədəni tərəqqi yolunda əzmlə çalışmış maarifpərvər sələflərinin yaradıcı düşüncəli davamçıları kimi onların hazırkı yüksək ictimai nüfuzu və səhiyyə, təhsil, mədəniyyət, elm sahələrindəki mühüm nailiyyətləri ölkəmizin hərtərəfli inkişafını səciyyələndirən amillərdəndir.
Biz müstəqillik dövrümüzün şərəfli və qürurverici mərhələsindəyik. İnanıram ki, Azərbaycan qadınları gənc nəslin vətənə, milli ideallarımızın təcəssümü olan dövlətçiliyimizə sədaqət ruhunda yetişməsini bundan sonra da xüsusi diqqətdə saxlayacaq, cəmiyyətin yüksəlişinə ahəngdarlıq qazandıran dolğun sosial-mədəni fəaliyyətləri ilə parlaq gələcəyimiz naminə quruculuq işlərində yaxından iştirak edəcəklər".