Sülhə, yoxsa müharibəyə hazırlaşaq? - Ermənistan danışıqlar əvəzinə silahlanma yolu tutubErmənistan və Azərbaycan arasında sülh prosesi başlayandan bəri Ermənistan tərəfinin əsas arqumentlərindən biri budur ki, iki dövlət arasında davamlı sülhün əldə olunması üçün tərəflər arasında hərbi paritet yaranmalıdır.

Ermənistan iddia edir ki, hərbi bərabərlik yaranmayana qədər sülh müqaviləsi imzalamaq onlar üçün risklidir. İrəvanın əsas arqumenti budur ki, hazırda Azərbaycan hərbi baxımdan çox üstün vəziyyətdədir, sülh müqaviləsi üçün ən ağır şərtləri diktə edə bilər və hətta gələcəkdə bu hərbi üstünlüyündən yararlanaraq, onu poza da bilər. Bu məntiqdən çıxışı edərək, onlar silahlanma prosesini guya hərbi potensialı bərabərləşdirmək məqsədi ilə həyata keçirir.

Son günlər Fransa ilə sürətli yaxınlaşma və hərbi əməkdaşlığın, silah və texnika alışını gücləndirməyin kökündə də bu məqsəd dayanır. Digər tərəfdən, Avropanın, qərb dairələrinin Azərbaycanı təcavüzə hazırlaşmaqda ittiham etməsi, Qarabağ ermənilərinin qayıdışı və hüquqlarının qorunmasını tələb edən çağırışların artması da bu siyasətə xidmət edir.

Qərbin, xüsusilə də Fransanın regionda yeni müharibə istəyinin arxasında nələr dayanır? Bu hərbi bərabərliyin yaranması regionda militarizmə, geopolitik güclərin toqquşmasına gətirib çıxara, iki ölkə arasında müharibəni yenidən alovlandıra bilərmi?

Mövzunu Pressklub.az-a şərh edən təhlükəsizlik üzrə ekspert İlham İsmayıl deyir ki, bu prosesdə Qərbi Fransa ilə eyni tərəziyə qoymaq doğru deyil.

Ekspert qeyd edir ki, Qərbin başqa bir paytaxtında – Berlində Azərbaycan və Ermənistan XİN rəhbərlərinin iki gün davam edən görüşləri zamanı tərəflər arasında sülh müqaviləsinin hələ də razılaşdırılmayan müddəaları müzakirə edilib və rəsmi Berlin də buna şərait yaratdığını və dəstək verdiyini nümayiş etdirdi. Böyük Britaniya və bir sıra Qərb dövlətləri də daha çox sülhün, barışın tərəfində olduqlarını dəfələrlə bildiriblər və Azərbaycana qarşı qərəzli mövqe sərgiləməyiblər: “Bəli, Niderland, Belçika, Lüksemburq kimi dövlətlər belə mövqe ortaya qoymayıblar. Fransa və onun təsiri altında olan Avropa İttifaqı isə həm qərəzlidir, həm də konkret olaraq Fransa indiyədək sülhə çağırış etməyib. Əksinə, Ermənistanı silahlandırır və perspektivdə daha güclü silahlarla təmin etməyi planlaşdırır. Fransa Ermənistanda Rusiyanı sıxışdırıb, onu əvəzləmək siyasətini aparır. Rusiyanın guya İrəvan qarşısında öhdəliklərini yerinə yetirmədiyini, amma Fransanın bu funksiyanı yerinə yetirdiyini nümayiş etdirir. Sülh olmadıqca Fransa və bütöv Qərb Azərbaycanın guya Ermənistana hücum edəcəyi təbliğatını aparacaq. Guya Azərbaycanın müharibə istəyində əsas məqsəd Rusiyanı Cənubi Qafqazdakı savaşa yönəltmək və Ukrayna cəbhəsində zəiflətməkdir”.

İlham İsmayıl deyir ki, Qərbin, daha çox Fransanın hərbi bərabərliyin yaranması istiqamətində məqsədi, guya Ermənistanın müdafiə qabiliyyətini artırıb, Azərbaycanı “hərbi müdaxilədən” çəkindirməkdir. “Ermənistanın əsl hədəfi isə güclənib, Azərbaycana hücum etmək və Qarabağı geri qaytarmaqdır. Bunu Ermənistanda iqtidarlı-müxalifətli bütün siyasi qüvvələr, eyni zamanda diaspora, kilsə istəyir və vəziyyətin onların xeyrinə dəyişəcəyi fürsəti gözləyirlər. Ona görə də Ermənistanın nəyi hədəflədiyini, nəyə can atdığını heç vaxt unutmamalı, bu ölkədə baş verən prosesləri daim nəzarətdə saxlamalıyıq. Qarşı tərəfin hansı hərbi potensiala sahib olması barədə informasiyalara malik olmalı, daimi üstünlüyümüzü saxlamalıyıq. Region gücləri hibrid olaraq bu bölgədə qarşıdurma vəziyyətindədir, amma Ukrayna kimi qlobal güclərin Ermənistanı poliqona çevirməsi real deyil” – ekspert bildirib.

Hərbi ekspert Azad İsazadə isə hesab edir ki, sülh müqaviləsi imzalansa, Ermənistanın hərbi bərabərlik yaratmaq imkanı daha çox olacaq. Onun fikrincə, sülh müqaviləsi olsa, toqquşma olmayacaq, heç bir texniki vasitədən, silah-sursatdan istifadə edilməyəcək. Ermənistan dinc bir mühitdə hərbi potensialını gücləndirə bilər. Amma nə qədər gücləndirsə də, təbii ki, Azərbaycanın hərbi gücünə çata bilməz və bərabərlik yarada bilməz. Həm insan, həm iqtisadi, həm də hərbi resurslar baxımından bu iki dövlət arasında böyük fərq var: “Fransa Ermənistanı silahlandırır. Amma biz də silahlanırıq, bizim indiki silah-sursat ehtiyatlarımız Ermənistanınkından daha çoxdur. Buna baxmayaraq, biz də silahlanmağa davam edirik. Ermənistan bizimlə silah yarışına girsə, bu, Ermənistanın iqtisadi inkişafına böyük zərbə vura bilər”.

Azad İsazadə Qərbin və Fransanın regionda müharibəni alovlandırması məsələsinə fərqli tərəfdən yanaşır. Cənubi Qafqazda hərbi gərginliyin çoxalması, ilk növbədə Rusiyanın marağındadır. Məqsəd isə budur ki, Qərbin diqqəti Ukraynaya yox, Cənubi Qafqaza yönəlsin və Ukraynaya yardımı daha az göstərsin. Qərb, əsasən də Fransa, çalışır ki, Rusiyanın yerini Cənubi Qafqazda tutsun. Azərbaycan-Türkiyə-Gürcüstan müttəfiqliyi olduğuna görə, Fransanın diqqəti daha çox Ermənistana yönəlib: “Hətta Fransa ötən günlərdə təəccüblü və qeyri-ciddi təkliflərlə çıxış etdi. Lazım olarsa, Ukraynaya NATO-nun qoşunlarını yeritməyi təklif etdi. Bu, Rusiyaya bir siqnaldır ki, ya Cənubi Qafqaz, ya da Ukraynada Fransa hansısa formada öz təsirini çoxaltmağa çalışsın. Maraqlısı odur ki, bu təklifi edəndə Almaniyaya da “sataşdı”. Dedi ki, hansısa bir ölkə vaxtı ilə kaska ilə bronejilet təklif edəndə, biz təklif edirik ki, NATO-nun qoşunları Ukraynada yerləşsin. Diqqət etsək, görərik ki, Almaniya Cənubi Qafqaz məsələsində daha neytral rol oynamağa başlayıb”.

Müsahibimiz deyir ki, Azərbaycan və Ermənistan arasında müharibənin alovlanması riski böyükdür. Azərbaycan bunu istəmir, amma aydındır ki, bu, təkcə bizim istəyimizdən asılı deyil. Fərqli qüvvələr hansısa təxribata əl atıb, iki ölkəni müharibəyə təhrik edə bilər. Biz isə özümüzü müdafiə etmək üçün məcbur olacağıq ki, ordumuzdan və silahlardan istifadə edək: “Bu risk həmişə var. Son aylarda daha da çoxalıb. Amma hələlik Azərbaycan daha çox sülh müqaviləsinə can atır. Eyni zamanda, hazırlıq da görür ki, regionda hər an nəsə ola bilər. Ermənistanın ərazi iddiası uzun müddət, hətta deyərdim ki, həmişə olacaq. Başa düşməliyik ki, sabah sülh müqaviləsi bağlansa da, bu, rəsmi Bakı ilə rəsmi İrəvan arasında bağlanır. Cəmiyyətlərin arasında yazılmamış, qeyri-rəsmi sülh şəraiti yaranmayana qədər, təəssüf ki, ərazi iddiaları ilə qarşılaşacağıq. Yəni, iki ölkənin cəmiyyəti də bir-biri ilə sülh şəraitində yaşamağa razı olmalıdır”.

Belə məlum olur ki, bölgədə hər hansı əməkdaşlıq, qarşılıqlı faydalı gələcək, lap elə paritetin özü üçün də əvvəlcə sülh yaranması lazımdır. Həm də təkcə sazişlərdə, protokollarda deyil, düşüncələrdə. Dövlətlərin anlaşması ilə yanaşı, həm də xalqlar, cəmiyyətlər sülhün alternativi olmadığını qəbul etməlidirlər. Əks halda, yüz illərdir közərən ocağı növbəti dəfə alovlandırmaq istəyən o qədər kənar qüvvələr var ki…

“Avropa Parlamentinin “Ümumi təhlükəsizlik və müdafiə siyasətinin həyata keçirilməsi” ilə əlaqədar illik hesabatı və onun ardınca baş verənlər haqda bir neçə kəlmə danışmaq istərdim. Öncə onu deyim ki, Avropa parlamentindəki islamofob ünsürlərin ölkəmizə qarşı sanksiya tələbləri əslində Azərbaycandan da çox, xristianlıqlarını addımbaşı qabartdıqlarının, guya dəstəklədiklərinin əleyhinə işləyir, onların təcriddə qalmalarını daha da uzadır”.

Bunu deputat Sahib Alıyev parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

“Ölkəmizə gəldikdə, Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuraları çərçivəsində nazirlərin martın birində Bakıda keçirilən toplantıları göstərdi ki, Avropa Parlamentinin hesabatı nəinki Avropa Kommissiyası üçün keçərli deyil, Fransanın indiki baş nazirinin “kiçik Makron” ayamasını daşımağa tam layiq olan Borel kimilərini çıxsaq, oradakıların əksəriyyətinin həmin sənədə yanaşmaları bizimkindən elə də çox fərqlənmir. Məsələn, mən inanmıram ki, artıq ikinci dəfədir ki, Azərbaycanı Panavropa qaz təchizatçısı adlandıran Avropa Birliyinin energetika məsələləri üzrə komissarı xanım Kadri Simson Avropa Parlamentindəki makronabənzərlərin ölkəmizə qarşı sanksiya tələblərini bölüşsün. Özü də bilə-bilə ki, 2040-cı ilədək Avropa Birliyinin elektrik enerjisinə olan təlabatı 80-dək artacaq və onun təminində də yenə biz mühüm rol oynayacağıq. Yəni Azərbaycan elektrik enerjisi təminatında da Panavropa təhcizatçısı olacaq ki, dünən cənab İlham Əliyevin qəbulunda olarkən Bolqarıstan Parlamentinin sədrinin bununla bağlı xahişi də dediyimizin bir növ təsdiqidir. Biz artıq görürük ki, Macarıstan və Rumıniyanın ardınadan Bolqarıstan da Azərbaycanın yaşıl enerjisini Avropaya çatdıracaq kabelə qoşulmaq istəyir və bununla bağlı xahiş müsbət həll olundu. Bolqarıstandan da söz düşmüşkən, iki gün öncə Yunanıstanın xarici işlər naziri Azərbaycan qazının ora çatdırılmasında ölkəsinin oynadığı mühüm roldan danışırdı və onun açıqlamasından çıxan nəticə bu idi ki, bizimlə əməkdaşlıq nəinki enerji təhlükəsizliklərini təmin edib, üstəlik haba çevrilmək şansları var.

Maraqlıdır deyilmi, Yunanısanın xarici işlər naziri Azərbaycanın ölkəsinin təhlükəsizliyinin təminində oynadığı mühüm roldan danışır, müdafiə naziri isə İrəvana təşrif gətirərək revanşizmə can atdığı onlara da sirr olmayan Ermənistanı silahlandırmaq üçün əllərindən gələni edəcəklərini deyir və orada Fransa-Yunanıstan-Kipr-Ermənistan kvartetindən dəm vurulur.

Afinadakılar görəsən, fərqindədirlərmi ki, bu nakorluqları, yəni Ermənistanlıq etməkləri cavabsız qalmayacaq. Və cavablardan da biri Türk Dövlətləri Təşkilatının iyulda Şuşada keçiriləcək zirvəsində olacaq”, - deputat deyib.

Qərb Moldova, Gürcüstan və Ermənistana yalan vədlər verməklə, bu ölkələri Avropa Birliyi və NATO-ya üzv olacaqlarına inandırıb, Kreml isə həmin dövlətləri Rusiyanın düşmənləri siyahısına daxil edib... Kremlin Ukrayna savaşından dərhal sonrakı işğal planına daxil olunan bu ölkələrə Qərbin dəstək verməyəcəyini isə elə indidən tam əminliklə iddia etmək mümkündür...

ABŞ və Qərbin MDB məkanına müdaxiləsi ən yüksək həddə çatıb. Əslində, keçmiş SSRİ-nin dağılmasından sonra Qərb siyasi dairələri bu məkanda öz təsir dairələrini və mexanizmlərini formalaşdırmaq üçün genişmiqyaslı manevrlər etməyə çalışırdılar. Ancaq həmin dövirdə ABŞ və Qərb maliyyə-iqtisadi böhran yaşayan postsovet dövlətlərinə həm də daşınması çətin olan ağır yük kimi də yanaşdıqlarından kifayət qədər ciddi geopolitik səhvlər də buraxmışdı. Və bu səbəbdən də, Qərb siyasi dairələri daha çox keçmiş sovet sisteminin yetirmələri tərəfindən idarə olunan MDB ölkələri arasında etimad qazana bilməmişdilər.

Bütün bunlara baxçayaraq, sonrakı mərhələdə ABŞ və Qərb hər halda, MDB məkanında müəyyən istinad mexanizmləri qurmağa nail oldu. Əvvəlcə “rəngli inqilablar” kampaniyasına start verildi. Bunun sayəsində Gürcüstanda Saakaşvili hakimiyyəti quruldu. Qərb siyasi dairələri uzun müddət Gürcüstandan Rusiyaya qarşı istifadə etməyə çalışdı. Halbuki, Qərbin riyakar geopolitik davranışları Saakaşvili hakimiyyətinin süqutuna yol açdı. Və bu ölkə yenidən dolayısı ilə Rusiyanın təsir dairəsinə qaytarılmış oldu.

 Nəhayət, ABŞ və Qərbin Ukrayna layihəsi MDB məkanında Rusiyaya qarşı mərkəzdənqaçma prosesinin əsas zərbə mexanizminə çevrildi. Qərb siyasi dairələri Ukrayna ilə Rusiya arasında münasibətləri korlamağa və son nəticədə bu iki qonşu ölkəni qatı düşmənə çevirməyə nail oldular. Bu prosesin yekun mərhələsi kimi isə Rusiyanın Ukraynada “savaş bataqlığı”na salınması diqqəti çəkir. Və Qərbin siyasi riyakarlığı bu dəfə də Ukraynanı bir dövlət kimi sıradan çıxmaq təhlükəsi qarşısında buraxıb.

putin1646377325.jpg (86 KB)

ABŞ və Qərbin MDB məkanına yerləşmək cəhdləri indiyə qədər iki dövləti – Ukrayna və Gürcüstanı Rusiyanın işğalına məruz qoyub. Ən önəmli məqamlardan birisi isə ondan ibarətdir ki, ABŞ və Qərb Rusiyanın bu iki dövlətə hərbi müdaxiləsinə yetərincə əks reaksiya verə bilməyib. Yaxud da daha dəqiq desək, ABŞ və Qərb Ukrayna və Gürcüstanı Rusiya işğalından xilas etmək üçün özünü hərbi qarşıdurmanın ortağına çevirməyə qətiyyən həvəs göstərməyib. Və Ukrayna savaşı ətrafında yaranmış vəziyyət, eləcə də, Qərbin rəsmi Kiyevə dəstəyinin getdikcə zəifləməsi bir çox önəmli nəticələr çıxartmaq üçün tamamilə yetərlidir.

Nə qədər qəribə də olsa, ABŞ və Qərb Rusiyadan uzaqlaşmağa həvəsli olan ölkələri aldatmaqda davam edir. Həmin ölkələrə adətən, Avropa Birliyi və NATO üzvlüyü vəd olunur. Ancaq əvəzində Rusiya ilə sərt qarşıdurma tələb olunur. Qərbə inteqrasiya olunmağa can atan MDB dövlətləri Rusiya ilə qarşıdurmaya girsələr də, sonradan onlara verilmiş vədlər müəmmalı şəkildə unudulur. Üstəlik, Kremlə qarşı cəbhə almış postsovet ölkələri Rusiyanın hərbi gücü önündə təkbaşına da buraxılır. Və nəticədə Qərb müxtəlif geopolitik manipulyasiyalarla Rusiyaya qarşı “proxy war” modelində uzunmüddətli savaşın davam etdirilməsini təmin etmiş olur.

Təbii ki, ABŞ və Qərbin bu davranışlarını Rusiyaya qarşı hibrid savaş aparması kimi də dəyərləndirmək mümkündür. Ancaq bu hibrid savaşın əsas qurbanları həmişə Qərbə inanıb və güvənib, Rusiya ilə hərbi-siyasi qarşıdurmaya girən postsovet ölkələri olur. Son vaxtlar ABŞ və Qərb Rusiyaya qarşı hibrid savaşın əhatə dairəsini daha da genişləndirməyə çalışır. Və indi istifadə ediləcək dövlətlərin sayını da artırmağa cəhd göstərir.

Maraqlıdır ki, hazırda daha iki dövlət – Moldova və Ermənistan da Qərb tərəfindən Rusiya ilə hibrid savaşın içərisinə çəkilməkdədir. Belə ki, rəsmi Kişinyova Moldovanın Avropa Birliyi və NATO-ya üzv olacağı barədə ciddi vədlər verilib. Ona görə də, son vaxtlar Qərbə can atan Moldova Rusiya ilə qeyri-bərabər qarşıdurmanı dərinləşdirməyə xüsusi həvəs göstərir. Və belə radikal geopolitik dönüşlərin Moldova kimi kiçik dövlətlər üçün böyük təhlükə olduğu isə qətiyyən şübhə doğurmur.

a1366d7d76649dc944729d962699eb35.jpg (298 KB)

Məsələ ondadır ki, Moldova həm də beynəlxalq hüquqla tanınmış sərhədləri daxilində “rus separatizmi”nin mövcud olduğu bir ölkədir. Kreml məhz separatçı Dnestryanı bölgə üzərindən Moldovaya təzyiq və təsir mexanizmini qoruyub, saxlayır. Üstəlik, Rusiya Avropa Birliyi və NATO üzvlüyü ilə bağlı fəaliyyətin genişləndiriləcəyi təqdirdə, Moldovaya hərbi müdaxilə edə biləcəyini də qətiyyən gizlətmir. Kremlin belə niyyətdən çəkinməyəcəyini isə Rusiyanın analoji səbəbləri bəhanə gətirərək, Ukraynaya qarşı işğalçı savaşa başlaması da biruzə verir.

ABŞ və Qərbin Rusiya ilə qarşıdurma vəziyyətinə gətirməyə çalışdığı digər ölkə rolundasa, hazırda Ermənistan çıxış edir. Rəsmi İrəvan ABŞ və Qərbin vədlərindən cəsarətlənərək, böyük həvəslə Rusiya ilə münasibətləri korlamaqda davam edir. Paşinyan hakimiyyətinin bəzi təmsilçiləri Ermənistanın artıq Avropa Birliyi və NATO-ya qatrılmağa hazır olduğunu da bəyan etməyə başlayıblar. Və bu, Kremldə kəskin reaksiya doğurmaqdadır.

Maraqlıdır ki, Qərbdən verilən açıqlamalarda Ermənistanın artıq “Avropa ailəsi”nin üzvü olduğu vurğulanır. Böyük ehtimalla rəsmi İrəvan belə məzmunlu açıqlamalardan məmnundur. Ancaq nəzərə almaq lazımdır ki, bu açıqlamalar əslində, olduqca hiyləgər siyasi məzmun daşıyır. Bir tərəfdən, rəsmi İrəvana Ermənistanı Avropa siyasi məkanında gördüklərinin mesajını verirlər.

pa.kaaa.jpg (279 KB)

Digər tərəfdənsə, dolayısı ilə Ermənistana bundan artığının mümkün olmayacağını izah etmək üçün bəhanə də hazırlayırlar. Yəni, demək istəyirlər ki, Avropa Birliyi və NATO Ermənistanı onsuz da dəstəkləyir, yaxın gələcəkdə rəsmi üzvlüyə ehtiyac yoxdur. Halbuki, rəsmi üzvlük olmadan, Ermənistan Avropa Birliyi və NATO-dan umduğu maliyyə-iqtisadi, eləcə də hərbi dəstək güzəştləri qopara bilməz. Və bu səbəbdən də, rəsmi İrəvanın Qərbin geniş dəstək mexanizmlərindən faydalana bilməsi üçün ilk növbədə həm Avropa Birliyinə, həm də NATO-ya üzv olması əsas şərtdir.

Ancaq Ermənistanın Avropa Birliyi və NATO-ya üzvlüyü yalnız “erməni xəyalları” üçün faydalı ola bilər. Əsl reallıqdasa, rəsmi İrəvanın bu iki nəhəng və nüfuzlu beynəlxalq qurumun qapılarından içəri keçmək şansı yoxdur. Çünki Avropa Birliyi və NATO Ermənistan kimi problemli ölkələri öz sıralarında görmək istəmir. Ermənistan kimi ölkələr Avropa Birliyi və NATO-ya sadəcə, müvəqqəi məqsədlərin reallaşdırılmasında geopolitik alət olaraq, daha çox lazımdır. Və eyni fikirlər Qərbin bu barədə yeni ümidlər verdiyi Gürcüstana da aiddir.

Beləliklə, Qərb Moldova, Gürcüstan və Ermənistana müəyyən vədlər verməklə, bu üç ölkəni yeni fəlakətlərə sürükləyir. Çünki bu ölkələr Avropa Birliyi və NATO-ya heç vaxt üzv olmayacaqları halda, Kreml tərəfindən Rusiyanın düşmənləri sırasına artıq daxil edilib. Hətta bəzi məlumatlara görə, Rusiya Moldova, Gürcüstan və Ermənistana yaxın gələcəkdə - Ukrayna savaşından dərhal sonra hərbi müdaxilə planları üzərində artıq işləməyə başlayıb. Və vədlər verərək, bu üç ölkəni aldadan Qərbin isə onları Rusiyadan müdafiə etmək niyyətlərinin ümumiyyətlə, olmadığını elə indidən əminliklə iddia etmək mümkündür.(musavat.com)

“Anklavlarla bağlı bütün proses başa çatıb, yalnız təhvil-təslim və texniki məsələlər qalıb”.

Bu barədə erməni politoloq Alen Qevondyan Qazaxın hələ də erməni işğalında qalan kəndindən birinə - Yuxarı Əskipara kəndinə girmək istəyən “döyüş qardaşlığı” təşkilatının üzvləri Avetis Avetisyan və Henrik Mkrtçyanın saxlanılması haqda danışarkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın tələb etdiyi 8 kənd qaytarılacaq.

“Ermənistan vətəndaşları həmin ərazilərə buraxılmır. Tezliklə azərbaycanlılar orada peyda olacaq. Lakin Azərbaycan anklavlarla əlaqə üçün yol da istəyir. Bu məsələ lazım olarsa, hərbi yolla həll ediləcək”, - Alen Qevondyan deyib.

O hesab edir ki, azərbaycanlılar bu ərazilərə, o cümlədən, Ermənistanın digər yerlərinə qayıdandan sonra onların təhlükəsizliyini təmin etmək üçün beynəlxalq struktur yaradıla bilər. (Publika.az)

Ermənistan Ruslan Pənahovun Azərbaycana təhvil verilməsi barədə qərar qəbul edib.

Bu barədə Ermənistan mediası ölkənin Milli Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb.

Qərarın “ən yüksək səviyyədə Ermənistanla Azərbaycan arasında əldə edilmiş razılaşmaya uyğun olaraq” qəbul edildiyi bildirilib.

Xatırladaq ki, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb və Ermənistan tərəfə keçib.

***

Ermənistan İstintaq Komitəsi azərbaycanlı hərbçi Ruslan Pənahovla bağlı cinayət təqibinə xitam verib.

APA xəbər verir ki, bu barədə Ermənistan kütləvi informasiya vasitələri məlumat yayıb.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

Ermənistan tərəfi isə şərti sərhədi keçən Azərbaycan əsgərinin saxlanıldığını bildirib.

İrəvan dəhlizdən imtina edir, xüsusi bölmələr yaradır - GƏLİŞMƏGörünən odur ki, Ermənistan rəhbərliyi sülh prosesi və nəqliyyat-kommunikasiya xətlərinin açılması haqqında vahid bir qərar verməyib. Ermənistan dəhlizin açılmasına, Zəngəzura dəhliz statusunun verilməsinə qarşıdır. Bunun üçün isə danışıqlar prosesində suverenlik və ərazi bütövlüyünü bəhanə gətirir.

Bu sözləri Axar.az-a Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan Antalya Diplomatik Forumunda İrəvanın Zəngəzur dəhlizini açmayacağı haqda bəyanatını şərh edən politoloq Turab Rzayev deyib.

Siyasi şərhçi Ermənistanın özünün Zəngəzurla bağlı planlarının olduğunu qeyd edib:

“Regional təsirlərə görə Paşinyan hökumətindən Zəngəzurla bağlı fərqli açıqlamalar verilir. 10 noyabr bəyanatına imza atan və üzərinə öhdəlik götürən Paşinyan indi Qərbin dəstək və təlqinləri ilə bunu yerinə yetirməkdən boyun qaçırır. Bir neçə ay öncə aparılan danışıqlarda Azərbaycanın əsas hissəsindən Naxçıvana aparılacaq yük və gedəcək vətəndaşlara güzəştlərin edilməsi, lakin üçüncü ölkələr ilə bağlı normal prosedurun tətbiqi haqqında razılıq var idi. İndi isə İrəvan bunlar üzərində də dayanmaq istəmir. Hazırda Rusiya və KTMT əleyhinə bəyanatlar səsləndirən Paşinyan açıq şəkildə rus sərhədçilərin Zəngəzurda yerləşdirilməsini istəmir. Hətta Ermənistan bununla bağlı sərhəd qoşunlarının tərkibində yolların qorunması üçün xüsusi mühafizə bölməsinin yaradılmasına başlayıb. Ortaya iki sual çıxır: birincisi, əgər Zəngəzurun xüsusi statusu olmayacaqsa, niyə Paşinyan 10 noyabr bəyanatına imza atdı və rus sərhədçilərin Zəngəzurda yerləşdirilməsinə razı oldu? İkincisi, əgər yalnız umumi qaydada nəqliyyat-kommunikasiya xətləri açılacaqsa, xüsusi mühafizə bölməsinin yaradılmasına nə ehtiyac var? Çünki Paşinyanın xüsusi mühafizə bölməsinin yaradılmasında əsas məqsədi rus sərhədçilərin Zəngəzura buraxılmamasıdır. Ermənistanın Zəngəzurla bağlı öz planı var. Ancaq Azərbaycanın haqlı tələbləri və Rusiyanın bölgədəki maraqlarına görə, Ermənistan özünün dəhliz layihəsini gerçəkləşdirə bilmir. Ona görə də belə addımlarla vaxt qazanmağa çalışır”.
Danışıqlar masasında ZƏNGƏZUR MƏSƏLƏSİ... - Ermənilər anlamalıdırlar ki...Azərbaycan rəsmiləri Zəngəzur dəhlizinin bölgə ölkələri, o cümlədən Ermənistanın özü üçün cəlbedici olduğunu aylardır əsaslandırırlar. Növbəti belə əsaslandırmanı Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov Antalya Diplomatiya Forumunda səsləndirib. Birincisi, Elçin Əmirbəyov deyib ki, iki ölkə arasında nəqliyyat əlaqələrinin bərpası bölgədə etimad quruculuğu rolunu oynaya və sülh yaratmaq üçün effektiv alət ola bilər. İkincisi, Prezidentin xüsusi tapşırıqları üzrə nümayəndəsi bildirib ki, Zəngəzur dəhlizi Ermənistanın regionda iqtisadi təcridinə son qoya bilər. Üçüncüsü, Elçin Əmirbəyov bir daha xatırladıb ki, Zəngəzur dəhlizi Çini Mərkəzi Asiya və Cənubi Qafqaz vasitəsilə birləşdirə bilər. Azərbaycanlı diplomat sonda onu da xatırladıb ki, rəsmi Bakı layihənin Ermənistan üçün tam faydasını dərk edəcəyinə ümidlidir.
Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizinin iqtisadi faydalarını anlamamış deyil, sadəcə düşünür ki, nəqliyyat yolunu Ermənistan üçün daha münasib şərtlər daxilində fəaliyyətinə imkan yarada bilər. Rəsmi Bakı İrəvanın nəqliyyat dəhlizinə nəzarət istəyinə razı deyil. Buna baxmayaraq, rəsmi Bakının İrəvana mesajı bundan ibarətdir ki, digər ölkələrin dəhlizdən keçən yüklərini yoxlaya bilər. Əslində Nikol Paşinyan Rusiyanın təsirindən qurtulmaq istəyirsə, Azərbaycan bu məsələdə ona yardımçı ola bilər. Ancaq bunun üçün ilk növbədə çərçivə sazişi imzalanmalı və dəhliz açılmalıdır. Bu, bölgədə inam atmosferi yaratmaqla bərabər Ermənistanın üçüncü dövlətlər vasitəsilə özünü Azərbaycandan qorumaq qorxusundan qurtara bilər.

Orxan Tuncər
Klaarın hazırlayacağı hesabatı Brüssel və Paris nəzərə alacaqlarmı? - HƏQİQƏTƏN DƏ...Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Antalya Diplomatiya Forumunda müzakirələr zamanı belə bir cümlə işlədib: “İrəvan və Bakı arasında sülh Avropa İttifaqı missiyasını Ermənistandan çıxarmağa imkan verəcək”. Yəni Avropa İttifaqı təmsilçisi demək istəyib ki, Azərbaycanla Ermənistan arasında sülh əldə olunarsa, Avropa İttifaqının “müşahidə missiyasının” Ermənistanda qalmasına ehtiyac olmayacaq. Ancaq bu cümlədən aydın deyil ki, sülh dedikdə konkret nə nəzərdə tutulub? Misal üçün iki ölkə arasında çərçivə sazişi imzalanarsa, Avropa İttifaqının müşahidə missiyası Ermənistan-Azərbaycan şərti sərhəddindən çıxarılacaqmı? Fikrimcə, İrəvan və Brüssel çərçivə sazişinin imzalanmasından sonra da missiyanın fəaliyyətinin davamında maraqlıdırlar. Çünki məlum “missiyanın” gizli məqsədi Ermənistan ərazisində Rusiya hərbi qüvvələri ilə rəqabəti davam etdirməkdir. Ancaq o da aydındır ki, Toivo Klaar həmin missiyasının iki ölkə arasında əlavə gərginlik mənbəyinə çevrildiyinin fərqindədir və buna görə avropalı “müşahidəçilərin” bir müddət sonra bölgəni tərk edəcəyinə eyham vurub. Görəsən Klaarın bu mövzuda hazırlayacağı hesabatı Brüssel və Paris nəzərə alacaqlarmı?

Elxan Şahinoğlu
İlham Əliyev Bolqarıstan Xalq Məclisinin sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Bolqarıstan Respublikası Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkovu qəbul edib.

Bununla bağlı President.az məlumat yayıb.

İndiki qeyri-müəyyən situasiyada Paşinyan hakimiyyəti daxilindən məxfi məlumatların məqsədyönlü şəkildə sızdırılması Ermənistanda dövlət çevrilişi ehtimalını artırır... Hər halda, baş nazir Nikol Paşinyana qarşı artıq onun yaxın ətrafının da hərəkətə keçmiş ola biləcəyi qətiyyən istisna deyil və onu tezliklə elə öz siyasi komandası da devirə bilər...

Ermənistan cəmiyyətində yeni savaş mövzusu hələ də öz aktuallığını qoruyub, saxlamaqdadır. Erməni toplumunda revanşist əhval-ruhiyyə tam şəkildə arxa plana çəkilməyib. Bəzi erməni siyasi dairələri Azərbaycanla yenidən müharibəyə başlayıb, qalib gəlməyin mümkün olduğunu iddia edirlər. Bu, daha çox Ermənistana ABŞ, Fransa və Avropa Birliyinin verdiyi dəstəyə bağlı ümidlərdən qaynaqlanır. Və bu baxımdan, böyük ehtimalla erməni toplumuna yeni xəyallar hələ bir müddət də davam edəcək.

Halbuki, Ermənistan cəmiyyətində mövcud reallıqlara daha praqmatik yanaşanlar da olmamış deyil. Bu düşərgəni təmsil edənlər ABŞ, Avropa Birliyi və Fransaya çox böyük ümidlərin bəslənməsinin Ermənistanı yeni faciələrə sürükləyə biləcəyini düşünürlər. Ona görə də, Paşinyan hakimiyyətinin Fransanın təsiri altına düşərək, sülh prosesindən uzaqlaşmasını böyük səhv hesab edirlər. Onların əsas arqumenti hazırda Ermənistanı himayə edən beynəlxalq güclərin həlledici məqamda kənara çəkilmək vərdişlərinə sadiq olması ilə birbaşa bağlıdır.

 Rəsmi İrəvan isə Azərbaycanla yeni savaşın törədilməsinə paralel olaraq, həm də Rusiya ilə münasibətləri korlamaqda davam edir. Paşinyan hakimiyyətinin təmsilçiləri hətta iddia edirlər ki, Ermənistanın bütün məğlubiyyətləri məhz Rusiya ilə müttəfiqlik münasibətlərindən qaynaqlanır. Yəni Kreml Ermənistan qarşısında hərbi müttəfiqlik öhdəliklərini icra etmir. Erməni siyasi düşüncəsi Rusiyanın Ermənistanın əvəzinə Azərbaycanla müharibə aparmağa borclu olduğuna tamamilə əmindir.

233991ab74f783e3c4e2d2eae50d5a38.jpg (109 KB)

Digər tərəfdən isə rəsmi İrəvan Rusiyanı Ermənistanda dövlət çevrilişi planları qurmaqda da suçlayır. Ermənistan parlamentinin spikeri Alen Simonyan iddia edir ki, Rusiya Ermənistana qarşı uzun müddətdən bəri intensiv şəkildə hibrid müharibə aparır. Onun fikrincə, erməni soyadlı Rusiya propoqandistlərinin Ermənistan əhalisini Paşinyan hakimiyyətinə qarşı iğtişaşlar törətməyə çağırmaları Kremlin rəsmi İrəvana düşmənçiliyini artıq açıq müstəviyə keçirib.

Ermənistan parlamentinin keçmiş vitse-spikeri Eduard Şarmazanov isə tamamilə fərqli mövqedədir. Onun fikrincə, Qərbə güvənib, Rusiyanı düşmənə çevirmək Ermənistanın mövcudluğunu təhlükə altına salır. Çünki Qərbin əsas hədəfi Ermənistanı müdafiə etmək deyil, Rusiyanı Cənubi Qafqazdan çıxmaqdan ibarətdir: "Baş nazir Nikol Paşinyana təlimat veriblər ki, Ermənistanı Rusiyaya qarşı ikinci cəbhəyə çevirsin. Bunun əvəzində Nikol Paşinyan Avropada təhlükəsiz həyat təminatı alıb. Ermənistan isə Qərb və Rusiya arasında savaş poliqonuna çevrilib".

Keçmiş erməni vitse-spiker hesab edir ki, Ermənistanın müttəfiqləri yalnız Rusiya və İran ola bilər: "Ancaq hazırda Ermənistanda ağıllı və məntiqlə düşünə bilən hakimiyyət yoxdur. Bir az analitik düşüncəsi olan hər kəs baş nazir Nikol Paşinyanın Ermənistanı fəlakətə apardığını anlaya bilər. Ermənistan baş nazirinin bir çox tərəfdarları da artıq bu reallığı anlamağa başlayıblar".

Onu da qeyd etmək lazımdır ki, bəzi beynəlxalq qurumların, xüsusilə də, Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi qərəzli qətnamələr də Ermənistanda gələcəyə ümidləri yüksəltmək üçün yetərli olmayıb. Erməni politoloq Suren Surenyants bunu Avropa Parlamentinin qətnamələrinin icra mexanizmlərinin olmaması ilə əlaqələndirir: "Həmin sənədlər tövsiyyə xarakteri daşıyır. Bu qətnamələr Avropa Birliyinin icra orqanlarının siyasi qərarlarına hər hansı ciddi təsirlər göstərmir".

c4590da1c5ba5cc40b26310c692772ef.jpeg (106 KB)

Erməni politoloq hesab edir ki, Avropa parlamentariler Ermənistanla Qərb ölkələrinin hökumətləri isə bunun əksinə Azərbaycan ilə əməkdaşlığa üstünlük verirlər: "Qərb dövlətləri Azərbaycanla hər iki tərəfə sərfəli olan iqtisadi-ticari müqavilələr bağlayırlar. Bu, o deməkdir ki, Qərb siyasi dairələri erməni mentalitetinə yaxşı bələddirlər. Onlar bilirlər ki, ermənilər qulaqları ilə düşünürlər və ona görə də bizim eşitmək istədiklərimizi söyləyirlər. Həlledici məqamlarda isə Qərb Ermənistana heç bir məsələdə ümid bəslədiyimiz dəstəyi verməyəcəklər. 44 günlük savaşda biz buna artıq şahid olmuşuq. Yeni müharibə olsa, yenə də eyni situasiya təkrarlanacaq".

Maraqlıdır ki, bu deyilənlərin təsdiqi olaraq, baş nazir Nikol Paşinyanın yaxın ətrafı II Qarabağ savaşı dövrünə aid bəzi sensasion məlumatları Ermənistan mətbuatına sızdırıblar. Həmin məlumatlara görə, 16 oktyabr 2020-ci ildə baş nazir Nikol Paşinyan Təhlükəsizlik Şurasının toplantısında müharibənin dərhal dayandırılmasının vacibliyini bildirib. O, vurğulayıb ki, Ermənistanın savaş resursları tamamilə tükənib və dövlətçilik artıq real təhlükə qarşısında qalıb.

Buna cavab olaraq, nazirlərdən birisi ABŞ-ın savaşı dayandırmaq imkanlarını soruşub. Baş nazir Nikol Paşinyan isə ABŞ-ın belə bir niyyətinin olmadığını bildirib. Erməni baş nazir vurğulayıb ki, ABŞ-da hər kəs seçkilər barədə düşünür və onları hazırda Ermənistan ümumiyyətlə, maraqlandırmır. Bir digər nazir isə Fransaya müraciət etməyi təklif edib. Baş nazir Nikol Paşinyan isə təəssüflə bildirib ki, bu da mümkün deyil, çünki Fransa prezidenti Emmanuel Makronun Azərbaycan lideri İlham Əliyevə təsir imkanları yoxdur.

Nəhayət, çaşqınlıq keçirən və şoka düşdüyünü gizlədə bilməyən parlament sədrinin müavini baş nazir Nikol Paşinyandan müharibəni kimin dayandıra biləcəyini soruşub. Erməni baş nazir isə bu məsələdə indi yalnız Rusiyaya ümid etdiyini vurğulayıb. Və baş nazir Nikol Paşinyan savaşın durdurulması üçün Rusiya prezidenti Vladimir Putin ilə intensiv təmasları davam etdirdiyini də bildirib.

aca12984-caf0-4f89-a9b1-8b532e9680b3.jpg (102 KB)

Bütün bunlardan konkret nəticələr də çıxartmaq olar. Birincisi, Qərbin Ermənistana verdiyi dəstəyin həlledici məqamda effektiv olacağına Ermənistanın hakim dairələrində artıq inanmırlar. Baş nazir Nikol Paşinyanın isə Ermənistanı yanlış istiqamətə sürüklədiyini anlayan bir çoxları artıq narahatlıq keçirtməyə başlayıb.

Çünki hazırda böyük ölçüdə məhz II Qarabağ savaşı dövründə mövcud olan situasiya yaranmağa başlayıb. Hər halda, ABŞ-ın başı yenə də daxili seçkilərə qarışıb, rəsmi İrəvan isə Ermənistanı tamamilə darmadağın edilməkdən xilas edən Rusiya ilə münasibətləri düşmənçilik həddinə qədər korlayıb. Üstəlik, Azərbaycan indi Fransaya da ümumiyyətlə, əhəmiyyət vermir. Rəsmi İrəvan isə belə situasiyada Fransanın təlimatlarına uyaraq, hərbi təxribatlar törətməklə, Azərbaycanla növbəti dəfə müharibə təhlükəsini aktuallaşdırmağa cəhd göstərir.

Halbuki, yeni müharibənin baş verəcəyi təqdirdə, ABŞ və Qərbin Ermənistana dəstək verə bilməyəcəyini anlamaq o qədər də çətin deyil. Üstəlik, bu dəfə Ermənistanın xəyanətlərinə cavab olaraq, Rusiya da yeni savaşın dayandırılmasında maraqlı olmaya bilər. Belə qeyri-müəyyən situasiyada Paşinyan hakimiyyəti daxilindən məxfi məlumatların sızdırılması Ermənistanda çevriliş ehtimalını artırır. Hər halda, baş nazir Nikol Paşinyana qarşı artıq onun yaxın ətrafının da hərəkətə keçmiş ola biləcəyi qətiyyən istisna deyil. Və onu tezliklə elə özünün ən çox inandığı siyasi komandası da devirə bilər.(musavat.com)

Xəbər lenti