![]() |
|
Rəsmi İrəvanın beynəlxalq dəstəyinin tədricən zəifləməyə başladığı bir mərhələdə Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi cinayətləri sübuta yetirən faktların da ard-arda ortaya çıxması maraqlı situasiya yaradır... Ermənistanın işğalçılıq siyasəti təkzibolunmaz sübutlarla artıq ifşa edilməkdədir, Araik Arutyunyanın etirafları Ermənistanın hərbi-siyasi dairələrini ciddi əndişəyə salacaq məzmunda olsa da, bu, hələ yalnız başlanğıcdır...
Cənubi Qafqazda gedən geopolitik proseslərdə intensivliyin aşağı düşdüyü müşahidə edilir. Əslində, bu, o qədər də gözlənilməz xarakter daşımır. Əksinə, Ukrayna savaşının dayandırılması ilə bağlı prosesdə yaranmış qəliz situasiya nəzərə alındıqda, bu, tamamilə normal hal təsiri bağışlayır. Yəni, Cənubi Qafqaz hazırda qlobal proseslərdə nisbətən arxa planda qalmış kimi görünür. Və belə anlaşılır ki, yaxın gələcəkdə qlobal siyasi güclərin bu regiona geopolitik marağının artacağı o qədər də inandırıcı deyil.
Onu da qeyd etmək lazımdır ki, hətta qlobal güclər yenidən Cənubi Qafqazdakı geopolitik proseslərə maraq göstərməyə başlasalar belə, bunun əvvəlki məzmun və keyfiyyətdə olacağı qətiyyən inandırıcı görünmür. Çünki dünyada cərəyan edən proseslər qlobal maraqların və hədəflərin ciddi şəkildə dəyişdiyini göstərir. Hər halda, Ermənistanın öz beynəlxalq himayədarlarından əvvəlki səviyyədə dəstək görə biləcəyi qətiyyən inandırıcı deyil. Və bu baxımdan, indi həm zaman, həm də situasiya Ermənistanın əleyhinədir.
Ölkə.Az musavat.com-a istinadən xəbər verir ki, Ermənistan beynəlxalq dəstək ünvanlarını da bir-birinin ardınca itirməyə başlayıb. Belə ki, ABŞ-da hakimiyyət dəyişib, Bayden administrasiyasından fərqli olaraq, prezident Donald Tramp və onun siyasi komandası hazırda Ermənistanı öz strateji planlarından kənarda saxlayıb. Bayden administrasiyasının son günlərində ABŞ və Ermənisan arasında tez-tələsik imzalanmış strateji tərəfdaşlıq sazişini indi Ağ Evdə xatırlamağa qətiyyən həvəs göstərmirlər. Və bəzi ehtimallara görə, Tramp administrasiyası yaxın vaxtlarda Cənubi Qafqazda strateji tərədaş olaraq, Azərbaycanla yaxınlaşmaya daha çox üstünlük verə bilər.
ABŞ-ın dəstəyinin itirilməkdə olduğu bir vəziyyətdə Ermənistanın Avropa Birliyindən gözləntiləri də böyük risk altına düşmüş kimi görünür. Üstəlik, hazırda Avropa Birliyi indi daha çox öz gələcək taleyi barədə düşünmək məcburiyyətində qalıb. Erməni diasporunun verdiyi rüşvətin qarşılığı olan bəzi “növbətçi bəyanatlar” istisna olmaqla, rəsmi İrəvanın başı “qoca qitə”nin təhlükəsizlik problemlərinə qarışmış Avropa Birliyindən elə bir ciddi dəstək ala biləcəyinə inanmaq sadəlövhlük olardı. Və bu, Ermənistanı növbəti dəfə Azərbaycan qarşısında təklənmiş vəziyyətə sala bilər.
Belə anlaşılır ki, Ermənistan Azərbaycana qarşı törətdiyi hərbi cinayətlərə görə cavab vermək məcburiyyətində qala bilər. Rəsmi Bakının bu məsələdə prinsipial mövqe tutacağı isə qətiyyən şübhə doğurmur. Üstəlik, Ermənistanın beynəlxalq hüquq qarşısında məsuliyyətə çəkmək üçün rəsmi Bakının əlində kifayət qədər geniş və təkzibolunmaz faktlar toplanıb. Və bu məsələdə Bakıdakı məhkəmə prosesində erməni separatçı-terrorçuların etiraf ifadələri olduqca böyük əhəmiyyət daşıyır.
Məsələ ondadır ki, uzun müddət qondarma separatçı quruma rəhbərlik etmiş Araik Arutyunyanın son məhkəmə etirafları Ermənistanın Azərbaycana qarşı hərbi cinayətlərini sübuta yetirən faktların sırasına daxildir. O, “Qarabağ ordusu”nun təlimlərinə Ermənistan ordusunun qərargah rəisi Onik Qasparyanın rəhbərlik etdiyini, habelə Azərbaycanın dərinliklərinə zərbələr endirilməsi barədə qərarların Ermənistan tərəfindən verildiyini etiraf edib. Erməni separatçı bildirib ki, Qarabağdakı ermənilərin təhlükəsizliyinə məhz Ermənistan məsuliyyət daşıyırdı. “Qarabağ müdafiə ordusu” isə Ermənistan silahlı qüvvələrinin tərkibinə daxil idi.
Göründüyü kimi, rəsmi İrəvan onilliklər boyu uydurduğu “Qarabağ müdafiə ordusu” üzərindən siyasi manipulyasiyalar etməyə çalışsa da, artıq əsl həqiqətlər ortaya çıxmağa başlayıb. Yəni, Azərbaycan ərazisində terrorçuluq və vandalizmlə məşğul olan “Qarabağ müdafiə ordusu” əslində, Ermənistan Müdafiə Nazirliyinin balansında olub, oradan aldığı əmrləri yerinə yetirib. Və bu, o deməkdir ki, Azərbaycan ərazisində törədilən hərbi cinayətlər məhz Ermənistan tərəfindən planlaşdırılıb.
Araik Arutyunyan, Ermənistan ordusunun qərargah rəisi Onik Qasparyanın ona Azərbaycanın hava limanlarının əsas məhv edilməli hədəf olduğunu bildirdiyini də etiraf edib. Ancaq Onik Qasparyan onu da deyib ki, Azərbaycanın hava limanlarına hərbi zərbələrin Ermənistan deyil, məhz qondarma qurumun silahlı qruplaşmaları tərəfindən edindirildiyi barədə təəssürat yaratmaq lazımdır. Və bununla da Ermənistanın dinc insanlara qarşı davamlı olaraq, törətdiyi hərbi cinayətləri necə gizlətməyə çalışdığı aydınlaşmış olur.
Maraqlıdır ki, Araik Arutyunyan Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlamaq istədiyini, ancaq Ermənistanın baş naziri Nikol Paşinyanın buna imkan vermədiyini də bildirib. Yəni, Paşinyan hakimiyyəti “Qarabağ problemi”nin həllində qətiyyən maraqlı olmayıb. Əksinə, rəsmi İrəvan Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal altında saxlanılmasında israrlı mövqe tutub. Və bu, Ermənistanın siyasi manipulyasiyalarını ifşa edən əsas məqamlardandır.
Erməni separatçı məhkəmə qarşısında açıq şəkildə etiraf edib ki, “Qarabağ müdafiə ordusu”nun “komandanı” Ermənistanın baş qərargah rəisinə tabe idi. O, vurğulayıb ki, onilliklər boyu “Qarabağ ordusu” heç vaxt ayrıca fəaliyyət göstərməyib. Araik Arutyunyan “Qarabağ ordusu”nun “komandan”ına qarşı Ermənistanda cinayət işi başlanıldığını xatırladıb və “əgər, mənə tabe olsaydılar, ona qarşı cinayət işi Qarabağda başlanılardı” deyib. Və təbii ki, bu məqamın özü də Ermənistanın Azərbaycan ərazilərində müxtəlif uydurma adlar altında işğalçı silahlı qüvvələr yerləşdirdiyini təsdiqləyir.
Bütün bunlardan da anlaşılır ki, Ermənistan Azərbaycan ərazilərini işğal edib və məsuliyyətdən heç bir halda, yayına bilməz. Azərbaycanın işğal olunmuş bölgələrində qondarma separatçı rejim də məhz Ermənistan tərəfindən yaradılıb və rəsmi İrəvan tərəfindən idarə edilib. Eyni zamanda, Azərbaycanın işğal altındakı ərazilərində bütün silahlı fəaliyyətlərə, hərbi əməliyyatlara məhz Ermənistan ordusunun qərargahı rəhbərlik edib. Və bu baxımdan, rəsmi İrəvanın indiyə qədər beynəlxalq məkanda siyasi manipulyasiyalarla gündəmdə saxlamağa çalışdığı uydurma narrativlərin hamısı darmadağın olmaqdadır.
Ona görə də, rəsmi İrəvanın beynəlxalq dəstəyi də tədricən itirməyə başladığı bir şəraitdə Ermənistanın Azərbaycana qarşı hərbi cinayətlərini sübuta yetirən faktların ortaya çıxması maraqlı situasiya yaradır. Belə ki, Ermənistanın işğalçılıq siyasəti təkzibolunmaz sübutlarla artıq ifşa olunmaqdadır. Araik Arutyunyanın etirafları Ermənistanın hərbi-siyasi dairələrini ciddi əndişəyə salacaq məzmunda olsa da, bu, hələ başlanğıcdır.
Tezliklə digər separatçılar da Azərbaycanın Qarabağ regionunda törətdikləri cunayətləri, soyqırımları, kütləvi qırğınları və digər vandalizm aktlarını etiraf etdikcə, beynəlxalq məkanda “əzabkeş Ermənistan”ın maskası yırtılacaq və əsl siması ortaya çıxmağa başlayacaq. Bu baxımdan, həm Ermənistan, eləcə də, bütün erməni hərbi cinayətkarlar törətdikləri vandalizmə görə cavab verməyə mütləq hazır olmalıdırlar. Və cəzadan yayınmağın mümkün olmayacağını da nə qədər tez anlasalar, bir o qədər yaxşı olar.
"Yaranmış durum ABŞ-də hərbi çevrilişə gətirib çıxarmayacaq, amma Pentaqon rəhbəri Pit Heqset istefaya göndərilə bilər".
bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov ABŞ ordusunun ali rəhbərliyinin prezident Donald Trampa ünvanladığı narazılıq məktubunu şərh edərkən deyib.
Üzeyir Cəfərov bildirib ki, Tramp və onun komandasındakı bir sıra üzvlərinin hərəkət və bəzi qərarları Amerika cəmiyyətində ciddi narazılıq və narahatlıq doğurub:
"Artıq ordu da Pentaqon rəhbərinin hərəkətləri və Trampın qərarlarına açıq şəkildə etiraz bildirir. Hətta bu narazılıq Birləşmiş Qərargahlar səviyyəsində özünü göstərir. Onlar Amerika tarixində böyük gücə malik qurumdur. Amerika kimi böyük dövlətin ordusu üçün bu, xoşagəlməyən hadisədir".
Lakin ekspert bu narazılığın hərbi çevrilişə gətirib çıxaracağına inanmır:
"Bu baş verməyəcək. Amerikada hərbi çevrilişin həyata keçirilməsi mürəkkəb mexanizm olaraq mümkünsüzdür. Ancaq yaranmış vəziyyət Pentaqon rəhbəri Pit Heqsetin istefasına səbəb ola bilər. Yəni bu cür narazılıq təsirsiz ötüşməyəcək. Yəqin yaxın vaxtlarda Tramp ordunun könlünü almaq üçün ordu komandanlığı ilə görüş keçirəcək, ya da hansısa başqa jestlər edəcək. Çünki belə davam edə bilməz. Vitse-prezident, dövlət katibi, müdafiə naziri yanlış qərarlar verirlər".
Qeyd edək ki, ABŞ ordusunun ali rəhbərliyi prezident Donald Trampa açıq məktub ünvanlayaraq yüksək rütbəli zabit korpusunda aparılan genişmiqyaslı təmizləmələrdən narazılığını bildirib. "The Washington Post”un dərc etdiyi məktubda vurğulanır:
"Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrinin, Dəniz Əməliyyatları rəisinin, Ordu, Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrinin hərbi hüquqşünaslarının əsassız şəkildə vəzifədən azad edilməsi bizi dərindən narahat edir. Prezident Donald Tramp və müdafiə naziri Pit Heqsetin bu addımları ordumuzun gücünə, sabitliyinə və bütövlüyünə təhlükə yaradır”.
Ermənistan Azərbaycanla sərhəddə 3 sərhəd keçid məntəqəsi açmağa hazırdır.
Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyanın “Armenpress” üçün yazdığı məqalədə deyilir.
Onun sözlərinə görə, Ermənistan Azərbaycandan Naxçıvan Muxtar Respublikasına boru kəmərlərinin, elektrik xətlərinin və kabellərin tranzitini təmin etməyə hazırdır.
Paşinyan həmçinin qeyd edib ki, Azərbaycan avtomobillərinin Ermənistan ərazisindən keçərək Marqara keçid məntəqəsi vasitəsilə Türkiyəyə getməsi mümkündür.
“Ermənistan daşımaları tam şəkildə qoruyacaq. Əgər Azərbaycan tərəfinin psixoloji maneələri varsa, o zaman daşımaları artıq Ermənistan ərazisindən aktiv şəkildə keçən Türkiyə yük maşınları və ya digər ölkələrin nəqliyyat vasitələri ilə həyata keçirə bilər”, - məqalədə qeyd olunur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Rusiyanın "Tatneft" şirkətinin baş direktoru Nail Maqanovu, Qazaxıstanın "KazMunayQaz" şirkətinin idarə heyətinin sədri Asxat Xassenovu və Özbəkistanın "Uzbeknefteqaz" şirkətinin idarə heyətinin sədri Baxodirjon Sidikovu qəbul edib.
Dövlətimizin başçısı bu gün çoxtərəfli əməkdaşlığın yeni mərhələsinin başlandığını deyərək, bunun üçün hazırlıq işlərinin uğurla aparıldığını vurğuladı. Azərbaycan, Rusiya, Qazaxıstan və Özbəkistanın neft sirkətləri arasında çox sıx istehsalat münasibətlərinin artıq qurulduğunu məmnunluqla qeyd edən Prezident İlham Əliyev ikitərəfli formatda bir sıra layihələrin həyata keçirildiyini dedi, bu xüsusda səyləri birləşdirməyin önəminə toxundu.
Dövlətimizin başçısı birgə istehsal və dost ölkələrə sifarişlərin həyata keçirilməsi baxımından da dördtərəfli əməkdaşlığın rolunu qeyd etdi.
Söhbət zamanı yeni yaradılan əməkdaşlıq formatının perspektivləri barədə fikir mübadiləsi aparıldı, onun ölkələrimiz arasında iqtisadi sahədə əlaqələrin daha da genişlənməsi işinə töhfə verəcəyinə ümidvarlıq ifadə olundu. Vurğulandı ki, bu format çərçivəsində şirkətlər arasında fövqəladə halların aradan qaldırılması və birgə reaksiya qruplarının yaradılması, rəqəmsal texnologiyalar və proqram təminatı sahələrində işlərin optimallaşdırılması, müştərək satınalmaların təşkili, habelə müxtəlif sənaye sahələrinin inkişafı üzrə əməkdaşlıq nəzərdə tutulur.
Qeyd edildi ki, bu yeni əməkdaşlıq formatı digər xarici şirkətlərin qoşulması üçün də açıqdır.
Milli Məclisinin martın 7-də keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.
Gündəliyə aşağıdakı 14 məsələ daxil edilib:
1. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsi.
2. "İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi"nə qoşulmaq haqqında" Azərbaycan Respublikası qanununun layihəsi.
3. "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
4. "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
6. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və "Xidməti və mülki silah haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
7. "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
8. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, "Sosial sığorta haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında", "Uşaq hüquqları haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında", "Dövlət rüsumu haqqında", "İcra haqqında", "Ünvanlı dövlət sosial yardımı haqqında", "Sosial müavinətlər haqqında", "Əmək pensiyaları haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyaya qoşulmaq barəsində", "Əlilliyi olan şəxslərin hüquqları haqqında" və "Məşğulluq haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
9. "Kredit büroları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
10. "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
11. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Valyuta tənzimi haqqında", "Kommersiya sirri haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Banklar haqqında", "Sığorta fəaliyyəti haqqında", "Bank olmayan kredit təşkilatları haqqında", "İnvestisiya fondları haqqında", "Qiymətli kağızlar bazarı haqqında", "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" və "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
12. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında" Əsasnamədə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
13. "Dövlət rüsumu haqqında" və "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
14. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
Sülh üçün səyləri təqdir etmək tam mənzərəni kölgədə qoymamalıdır. Ədalət axtarışı müharibə cinayətlərində, etnik təmizləmədə, hərbi təcavüzdə, işgəncələrdə və digər ağır cinayətlərdə ittiham olunan və ya məhkum edilən hər kəs üçün cavabdehlik tələb edir.
Bunları Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə BMT-nin insan haqları üzrə ali komissarı Volker Türkə cavab olaraq bildirib.
"Həqiqəti bərqərar etmək, qurbanlara ədaləti çatdırmaq və qanunun aliliyini təmin etmək üçün beynəlxalq hüquqi standartlara riayət etməklə ədalətli məhkəmə araşdırması vacibdir. Yalnız həqiqəti söyləmək, yaraları sağaltmaqla sülh və barışıq cəzasızlığa qalib gələcək", - A.Hacızadə qeyd edib.
Son günlər Azərbaycan və Rusiya arasında mövcud gərginlikdə bir qədər yumşalma müşahidə olunur. Tərəflər bir-birinə qarşı sərt ritorikadan çıxış etmirlər.
Məlum olduğu kimi, bir müddət əvvəl Çeçenistan rəhbəri Ramzan Kadırov 2024-cü ilin dekabr ayının25-də qəzaya uğrayan AZAL-a məxsus “Embraer E190” sərnişin təyyarəsinin ekipaj üzvlərini “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” medalları ilə təltif edib.
Çeçenistanla bağlı məlum gəlişmə Rusiyanın Azərbaycan qarşısında geri çəkilməsi kimi qəbul edilə bilərmi?
Globalinfo.az-a danışan politoloq Rizvan Hüseynov deyib ki, Rusiya-Azərbaycan münasibətlərində müəyyən yumşalmaların olduğu hiss edilir:
“Azərbaycanın bəzi qərarları, Şimal-Cənub dəhlizi ilə bağlı sənədlərin təsdiqlənməsi və s. onu göstərir ki, məlum təyyarə qəzasından sonra yaranan çətin vəziyyətə baxmayaraq bəzi yumşalmalar, anlaşmalar var. Azərbaycanın regionda mühüm rolunu anlayan Rusiya siyasi dairələri məsələnin həlli ilə bağlı danışıqlar aparıb, səfərlər etməyə hazır olduqları istiqamətində mesajlar verirlər. Daha əvvəl də qeyd etdiyimiz kimi, Azərbaycan hakimiyyətdə təmsil olunan, sözü keçən, nüfuzlu birinin Bakıya gəlməsini gözləyirdi.
Son günlər yayılan xəbərlərə görə, Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matvienkonun Bakıya gələcəyi deyilir. O, bir neçə gün əvvəl Türkiyəyə səfər etmişdi. Kremldən yayılan məlumatlara görə mart ayının ortalarında o, Azərbaycana gələcək. Valentina Matvienko çox nüfuzlu bir şəxsdir. Rusiyanın ən üstün siyasi dairələrində qərar qəbul edən qrupun üzvüdür. Azərbaycanla da müsbət münasibətləri var. Onun səfərindən sonra Rusiya və Azərbaycan münasibətlərində normallaşma gözlənilə bilər”.
3 mart tarixində Bakıda “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası (TBNM BA) Hüquqi Şəxslər Birliyinin İşçi qrupunun iclası keçirilib.
Yol-xeber.az" xəbər verir ki, İclasda assosiasiyaya üzv dövlətlərin dəmiryol administrasiyalarının əməkdaşları və nəqliyyat şirkətlərinin yüksək səviyyəli rəsmiləri daxil olmaqla 10 ölkədən nümayəndə heyəti iştirak edib.
Tədbirdə qeyd olunub ki, Orta Dəhliz kimi tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu son illərdə qlobal əhəmiyyətli yükdaşıma istiqamətlərindən birinə çevrilib. Bu marşrutla yük nəqlinin ildən-ilə artdığı, sürətli yük axınının təmin edilməsi üçün əməliyyatların səmərəliliyinin, rəqəmsal həllərin tətbiqinin və əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi vurğulanıb.
İclasda TBNM BA Hüquqi Şəxslər Birliyinin İcra orqanının 2024-cü ildə fəaliyyətin yekunu üzrə hesabatı və Trans-Xəzər marşrutu ilə daşımaların təhlili dinlənilib. Həmçinin iştirakçılar 2025-ci ildə TBNM üzrə təsdiqlənmiş tarif dərəcələrinə düzəlişlər, rəqəmsallaşma haqqında saziş layihəsi, eləcə də Xəzər dənizi limanları arasında fider bağlantısının təşkili və fider gəmilərin yüklənməsinin təmin edilməsi haqqında saziş layihələrini müzakirə ediblər.
Tərəflər 2025-ci ildə TBNM üzrə yük daşımaları planını və icrası ilə bağlı tədbirləri razılaşdırıb, Bakı–Tbilisi–Qars dəmir yolu ilə Avropaya konteyner daşımalarına üstünlük verilməsinin vacibliyini qeyd ediblər.
Sonda İşçi qrupunun protokolu imzalanıb.
Qeyd edək ki, 4 mart tarixində Bakıda “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin növbəti tədbiri – Ümumi Yığıncağının iclası keçiriləcək.
"Bakı Metropoliteni" QSC-də daha bir idarə rəisi işdən çıxarılıb.
Yol-xeber.az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, bu barədə qurumun sədri Vüsal Aslanov əmr imzalayıb.
Əmrə əsasən, qurumun Təchizat İdarəsinin rəisi İlqar Qasımov öz ərizəsi ilə vəzifəsindən azad olunub.
Qeyd edək ki, İlqar Qasımov 5 ildən arıtıq müddətdə sözügedən vəzifədə çalışırdı.
Nazirlər Kabineti “Aerodromyanı ərazi hüdudlarında torpaq sahəsinin və daşınmaz əmlakın istifadəsinə, həmçinin həmin ərazidə iqtisadi və digər fəaliyyətin həyata keçirilməsinə uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə nəzarətin həyata keçirilməsi Qaydası”nı təsdiq edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qayda “Aviasiya haqqında” qanuna uyğun hazırlanıb, onunla tənzimlənməyən məsələlər adı çəkilən qanuna, “Beynəlxalq Mülki Aviasiya haqqında” 1944-cü il 7 dekabr tarixli Konvensiyaya, habelə Konvensiyaya 14 nömrəli Əlavə - “Aerodromlar”la müəyyən edilmiş Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə, o cümlədən “Doc 9137, altıncı hissə, maneələrə nəzarət” sənədinin tələblərinə uyğun həyata keçirilir. Qaydanın tələblərinin yerinə yetirilməsinə nəzarəti mülki aviasiyaya münasibətdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi, dövlət aviasiyasına münasibətdə isə Müdafiə Nazirliyi həyata keçirir. Qaydada istifadə olunan anlayışlar adı çəkilən qanunla, Şəhərsalma və Tikinti Məcəlləsi və digər normativ hüquqi aktları ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.