|
Ermənistan geopolitik məkanda növbəti siyasi zərbələrə məruz qaldı. Əslində, rəsmi İrəvan artıq belə biabırçı durumlara vərdiş edib. Hər halda, Paşinyan hakimiyyəti dönəmində Ermənistanın biabırçılıq tarixi daha çox zənginləşib. Üstəlik, bütün bunların əsas səbəbkarı da elə Paşinyan hakimiyyətinin rəsmi təmsilçiləridir. Və belə vəziyyətdə Ermənistanın normal dövlət kimi idarə olunduğuna inanmaq sadəlövhlük olardı.
Məsələ ondadır ki, Ermənistan II Qarabağ savaşında biabırçı məğlubiyyətdən sonra dövlət maraqlarını doğru-düzgün müəyyən etməkdə çətinlik çəkir. Əgər, bu ölkənin xarici işlər naziri Ararat Mirzoyan Azərbaycana qarşı beynəlxalq təzyiq kampaniyasını “erməni qadın öz uşağının istəyini yerinə yetirmək üçün qonşularından xahişlə yarım banan almaq məcburiyyətində qalıb” kimi, absurd arqumentlə təmin etməyə cəhd göstərirsə və bunu dəfələrlə təkrarlayırsa, Ermənistanın necə bəsit bir “dövlət” olduğunu təsəvvür etmək çətin deyil. Və rəsmi İrəvan məhz geopolitik proseslərə də məhz belə qeyri-ciddi əhval-ruhiyyə ilə yanaşır.
Onu da qeyd etmək lazımdır ki, Ermənistanın uydurma bir “dövlət” olduğu MDB liderlərinin növbəti Moskva sammitində də sübuta yetirilmiş oldu. Belə ki, belə önəmli tədbirə qatılan Ermənistan baş naziri Nikol Paşinyan Moskvada qaldığı otelin pəncərəsində “şortik”lə şəkil çəkdirməklə bütün diqqətləri öz üzərinə çəkmiş oldu. Erməni baş nazirin sosial şəbəkələrdə “like” qazanmaq ehtirası onu və ölkəsini biabır etməkdə davam edir. Çünki baş nazir Nikol Paşinyan Ermənistanda, eləcə də, bəzi Avropa ölkələrinə səfərlərində olduğu kimi, Rusiya paytaxtında da velosiped yürüşündən imtina etmədi. Və belə olan təqdirdə, erməni baş nazirin “Moskva sərgüzəştləri”ndən Ermənistan cəmiyyətinin narazı qalmasının səbəbləri bir qədər anlaşılmaz xarakter daşıyır.
Maraqlıdır ki, erməni baş nazirin Moskvada Azərbaycan Bayrağı qarşısında boynubükük fotosu Ermənistan cəmiyyətində ciddi ajiotaj yaradıb. Üstəlik, baş nazir Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevlə qarşılaşarkən, əllərini önündə tutaraq, başını aşağı əyməsi də erməni toplumunda sarsıntı ilə qarşılanıb. Həmişə olduğu kimi, bu dəfə də erməni siyasi dairələri Rusiyanı Ermənistan baş naziri Nikol Paşinyanı biabırçı fotolarla məqsədyönlü şəkildə gündəmə gətirməkdə ittiham ediblər. Və bununla da, reallıqlardan hələ də nə qədər uzaq olduqlarını təqsdiqləmiş olublar.
Birincisi, otel pncərəsində “şortikli foto”nu Rusiya rəsmiləri deyil, məhz baş nazir Nikol Paşinyan özü çəkdirərək, sosial şəbəkələrdə yayımlayıb. Erməni baş naziri Moskvada velosipedə mindirib, videosunu çəkən də Kreml təmsilçiləri deyil. Çünki o, özü bilincli şəkildə Rusiya paytaxtında velosiped sürməsi ilə bağlı açıqlamalar verərək, lovğalanmağa çalışır. Və bununla da fəqrli siyasi lider olması barədə ictimai rəy formalaşdırmaq niyyəti güdür.
İkincisi, erməni baş nazirin Azərbaycan Bayrağı qarşısında boynubükük dayanması da əslində, gözlənilməz deyil. Çünki həmin Bayraq məhz “məğlubedilməz” hesab olunan Ermənistan ordusunu savaş meydanında darmadağın edərək, kapitulyasiya aktı imzalamaq məcburiyyətində buraxan bir ölkəyə - Azərbaycana məxsusdur. Və bu baxımdan, Azərbaycan Bayrağı qarşısında Ermənistan baş nazirinin əziklik əhval-ruhiyyəsi, daha dəqiq desək, natamamlıq komleksi yaşaması tamamilə normal haldır.
Təbii ki, qalib ölkə olan Azərbaycanın Prezidenti İlham Əlievin önündə də baş nazir Nikol Paşinyanın başı aşağı, elə indicə “döyülmüş uşaq” durumunda qalması da qeyri-adi olay sayıla bilməz. Çünki Prezident İlham Əliyev II Qarabağ savaşındakı tarixi hərbi zəfərdən sonra Ermənistan baş naziri Nikol Paşinyanı ardıcıl olaraq, dəfələrlə müxtəlif geopolitik proseslərdə, beynəlxalq platformalarda məğlub və siyasi cəhətdən aciz duruma salmağı bacarıb. Və məğlubun qalib qarşısında necə dayanmalı olduğunu erməni baş nazir tam dəqiqliyi ilə bilir.
Ona görə də, Ermənistan cəmiyyətinin baş nazir Nikol Paşinyanın “Moskva sərgüzəştləri”ndən narazı qalması və ya şikayət etməsi üçün əslində, elə bir ciddi səbəb mövcud deyil. Əksinə, erməni toplumu öz baş nazirinin bu “sərgüzəştlər”indən mütləq dəqiq nəticələr çıxartmalıdır. Əks halda, Azərbaycan Ermənistanı indikindən də daha biabırçı duruma düşürmək qüdrətinə malik olan güclü və ciddi dövlətdir.
Maraqlıdır ki, Azərbaycan və Ermənistan arasındakı dövlətçilik fərqləri də Moskvada növbəti dəfə ortaya çıxmış oldu. Belə ki, Azərbaycan beynəlxalq hüquq normaları çərçivəsində fəaliyyət göstərir. Ermənistan isə hər hansı hüquq çərçivəsi tanımayan, bəsit, absurd və məntiqdən uzaq erməni düşüncəsi ilə idarə olunur. Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistan baş naziri Nikol Paşinyana jurnalistlərin yönəltdiyi eyni suala verilən fərqli cavablar da bu reallığı ortaya çıxarır.
Məsələ ondadır ki, “sülh sazişi nə vaxt imzalanacaq” sualına Azərbaycan Prezidenti İlham Əliyev qısa, konkret və dəqiq cavab verib: “Sənədin mətni tam razılaşdırldıqdan sonra saziş imzalanacaq”. Ermənistan baş naziri Nikol Paşinyan isə həmin suala cavabında rəsmi İrəvanın Azərbaycanla sülh sazişini imzalamağa artıq hazır olduğunu bildirib: “Biz sülh sazişini imzalamağa hazırıq. Bu sənədin imzalanması üçün yetərli qədər razılaşdırılmış müddaəlar da var”.
Göründüyü kimi, erməni baş nazir beynəlxalq hüquq normalarında dövlətlərarası münasibətlərə bağlı sənədlərin yarımçıq, yəni tam razılaşdırılmadan imzalanmasının yolverilməz olduğunu hələ də anlaya bilməyib. Baş nazir Nikol Paşinyan onu da nəzərə almağı bacarmır ki, istənilən tam razılaşdırılmamış yarımçıq sənəd gələcək qarşıdurmanın, gərginliyin əsas mənbəyinə çevrilə bilər. Və bu səbəbdən də, bütün sənədlər, xüsusilə də, hərbi münaqişələrlə bağlı sazişlər ən incə detallarına qədər razılaşdırıldıqdan sonra imzalanmalıdır.(musavat.com)
İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsində dəyişiklik edilib.
Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən, Fondun nizamnamə kapitalı 980 milyon 700 min manatdan 1 milyard 68 milyon 400 min manata qaldırılıb.
İpoteka və Kredit Zəmanət Fondunun (bundan sonra – Fond) nizamnamə kapitalının artırılması (güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi) üçün 2024-cü ilin dövlət büdcəsindən Fonda ayrılan 87 milyon 700 min manat hesabına təmin ediləcək.
Maliyyə Nazirliyinə bu Fərmanda nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
Fond bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
ABŞ Prezidenti Co Baydenin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta Azərbaycana səfər edib.
Bu barədə məlumatı ABŞ-nin Bakıdakı Səfirliyi öz feysbuk hesabında paylaşıb.
“Biz COP29-un konfransqabağı görüşlərində iştirak etmək və kritik iqlim məsələlərində Azərbaycanla ABŞ əməkdaşlığını gücləndirmək üçün ölkəyə gələn prezidentin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podestanı səmimiyyətlə salamlayırıq”, - deyə paylaşımda qeyd olunub.
Bir ay ərzində Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalana bilər.
Bunu “Reuters” informasiya agentliyi yazıb. Agentlik xəbərdə Ermənistan prezidenti Vaaqn Xaçaturyanın sözlərinə istinad edib:
“Ermənistan yaxın dörd həftə ərzində Azərbaycanla sülh sazişinin müddəalarını imzalamağa ümid edir. Bu, Cənubi Qafqazda gərginliyi azalda biləcək bir addımdır”.
Xaçaturyan bildirib ki, İrəvan Azərbaycanın noyabrın 11-22-də Bakıda keçiriləcək COP29 iqlim dəyişikliyi konfransına qədər 16 maddəni imzalayacağına ümid edir.
"ümid edirik ki, gec-tez bu nöqtəyə çatacağıq” – o söyləyib.
Agentlik yazır ki, razılaşdırılmış maddələr diplomatik münasibətlərin qurulması üçün beynəlxalq səviyyədə qəbul edilmiş əsas müddəaları ehtiva edir.
Ermənistan prezidenti həmçinin “Reuters”ə deyib ki, Azərbaycanın yaxın müttəfiqi olan Türkiyə ilə danışıqlar yaxşı gedir və iki ölkə arasında sərhədin üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olanlar üçün açılması təklifi nəzərdən keçirilir.
“Bu, əsl diplomatik münasibətlərin reallığa çevrildiyinə işarə olacaq” - söyləyib.
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan NATO-nun Beynəlxalq Hərbi Qərargahının Baş direktoru general-leytenant Yanuş Adamçak ilə görüşüb.
Bu barədə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, general-polkovnik K.Vəliyev qonaqları salamlayaraq NATO ilə münasibətlərin cari vəziyyətini yüksək qiymətləndirib və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan şanlı Qələbənin tarixi əhəmiyyətindən danışan Baş Qərargah rəisi hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusu tərəfindən beynəlxalq humanitar hüququn norma və prinsiplərinə ciddi riayət edildiyini və mülki əhalinin hədəfə alınmadığını xüsusi qeyd edib.
“Ölkəmiz azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərini, eləcə də humanitar minatəmizləmə fəaliyyətini sürətlə davam etdirir. Qarşımızda duran əsas maneə Ermənistanın işğalı nəticəsində yaranmış mina terrorudur”, - deyə general-polkovnik K.Vəliyev bildirib.
Qonaqlar, həmçinin Azərbaycan-Ermənistan şərti sərhədində cari vəziyyət barədə də ətraflı məlumatlandırılıb. General-polkovnik K.Vəliyev NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində bölmələrin hazırlığına böyük töhfə verildiyini bildirərək, əməkdaşlığımızın bundan sonra da davam etdirilməsinin zəruriliyini qeyd edib. Baş Qərargah rəisi şərti sərhədin Ermənistan ərazisində Avropa İttifaqının müşahidəçi missiyasının yerləşdirilməsi, habelə regiondan kənar bəzi ölkələrin, xüsusilə Fransanın Ermənistanı silahlandırmasının orada revanşist qüvvələrin baş qaldırmasına, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması və sülh prosesinə əngəl yaratmaqla Cənubi Qafqazda vəziyyətin gərginləşdirilməsinə səbəb olduğunu xüsusi vurğulayıb.
General-leytenant Y.Adamçak Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, Azərbaycan Ordusunun hərbi qulluqçularının NATO ilə tərəfdaşlıq çərçivəsində bütün sahələrdə fəaliyyətini yüksək qiymətləndirib, o cümlədən Əfqanıstandakı “Qətiyyətli dəstək” qeyri-döyüş və digər sülhməramlı missiyalarda verdiyi töhfəyə görə minnətdarlığını bildirib.
Görüşdə hərbi, hərbi təhsil sahəsində birgə əməkdaşlıq, regional təhlükəsizlik və digər məsələlər müzakirə edilib.
Səfər çərçivəsində NATO nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edərək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş 20 Yanvar və Birinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsini dərin hörmət və ehtiramla yad edib. Qonaqlar, həmçinin Hərbi Qənimətlər Parkında olub, Vətən müharibəsi zamanı düşməndən qənimət götürülmüş atıcı silah, zirehli və xüsusi texnika, artilleriya qurğuları, raket kompleksləri və digər hərbi təyinatlı vasitələrə baxıblar. Daha sonra NATO nümayəndə heyəti Heydər Əliyev adına Hərbi İnstitutu və Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsini də ziyarət edib.
Cənubi Qafqazın gələcək taleyi üçün yaxın bir ayda keçiriləcək iki seçkinin böyük əhəmiyyəti var. ABŞ-da keçiriləcək növbəti prezident seçkilərinin bütün dünyada radikal geopolitik dəyişikliklərə yol aça biləcəyi qətiyyən şübhə doğurmur. Bayden administrasiyasını təmsil edən vitse-prezident Kamala Harrisin seçkilərdə qalib gələcəyi təqdirdə, ABŞ-ın xarici siyasət prioritetlərinə hansı yeni hədəflərin əlavə ediləcəyi hələlik qeyri-müəyyən xarakter daşıyır. Və bu baxımdan, dünyanın indiki çalxantılı hərbi-siyasi situasiyadan qlobal savaş dövrünə keçid etmə ehtimalı hazırda öz aktuallığını qoruyub saxlayır.
Keçmiş Ağ Ev sahibi Donald Trampın prezident seçiləcəyi təqdirdə isə ABŞ-ın xarici siyasətinin indikindən tamamilə fərqli olacağı artıq qətiyyən şübhə doğurmur. Çünki Donald Tramp Ukrayna savaşını dayandıracağına tam təminat verir. Ağ Evin keçmiş sahibi Bayden administrasiyasını ABŞ-ın dövlət büdcəsini Ukrayna savaşına xərcləməkdə suçlayır. O, açıq şəkildə vurğulayıb ki, Bayden administrasiyasının amerikalıların bir çoxunun adını belə, eşitmədiyi ölkəyə - Ukraynaya 300 milyard dollar maliyyə yardımı göstərdiyi halda, təbii fəlakətdən ziyan çəkmiş ABŞ vətəndaşlarına cəmisi 750 dollar ayırması yolverilməzdir və biabırçılıqdır.
Digər tərəfdən, Donald Tramp Avropa Birliyi ölkələrinin təhlükəsizlik maraqlarına ABŞ büdcəsindən maliyyə sərf edilməsinə də son qoyulacağını bildirib. Onun fikrincə, "qoca qitə" ölkələri öz təhlükəsizliklərini ABŞ büdcəsi hesabına təmin etməməlidir, bu sahəyə maliyyə qaynaqları yaratmaq barədə düşünməlidir. Yəni, Donald Tramp Avropa Birliyi ölkələrinə müəyyən problemlər yaratmaq niyyətini qətiyyən gizlətmir və bunu elə indidən biruzə verir.
Üstəlik, Ağ Evin keçmiş sahibi NATO-nun da öz dövrünü sona çatdırdığına əmindir. Donald Tramp hesab edir ki, ABŞ-ın NATO-ya qətiyyən ehtiyacı yoxdur və bu qurumun mövcud olmasına fantastik məbləğlərin xərclənməsi yolverilməzdir. Və bütün bunları nəzərə aldıqda, Donald Trampın seçki qələbəsinin dünyada bir çox şeyləri ciddi şəkildə dəyişəcəyi, yeni situasiyanın yarana biləcəyi qətiyyən şübhə doğurmur.
Belə məqamların ön planda olduğu bir situasiyada bütün dünyanın, eləcə də, Cənubi Qafqaz ölkələrinin ABŞ-da keçiriləcək prezident seçkilərinə xüsusi həssaslıqla yanaşması o qədər də təəccüblü deyil. Üstəlik, Donald Trampın Ağ Evə qayıdacağı təqdirdə, ABŞ-ın Cənubi Qafqaz siyasətinin də indikindən fərqlənəcəyinə yönəlik hazırda kifayət qədər əminlik mövcuddur. Və xüsusilə də, Ermənistanda Donald Trampın qalib gəlmə ehtimalına ciddi narahatlıqla yanaşıldığını müşahidə etmək mümkündür.
Cənubi Qafqaz böyük önəm daşıyan digər seçkilər isə Gürcüstanda keçiriləcək. Belə ki, bu ay Gürcüstanda keçiriləcək parlament seçkilərində hakimiyyət dəyişikliyinin baş verə biləcəyi istisna olunmur. Gürcüstanın mövcud hakimiyyəti ABŞ-ın təsir dairəsindən kənardadır. Hakimiyyətdə olan "Gürcü arzusu" Partiyası ABŞ və Qərbin bu ölkədəki agentura şəbəkəsinin fəaliyyətini ciddi şəkildə məhdudlaşdıran qanun qəbul edib. ABŞ və Qərbin sərt təzyiqləri, Gürcüstana qarşı sanksiya təhdidləri qarşısında belə, geri çəkilməyib. Və ona görə də, Qərb siyasi dairələri seçki ərəfəsində Gürcüstanda ölkədaxili iğtişaşlar törətmək niyyətindədir.
Bəzi iddialara görə, ABŞ və Qərb Gürcüstanda hakimiyyət çevrilişinə qədər inkişaf etməli olan kütləvi etiraz dalğasının təşkil olunmasına yönəlik planlar qurub. Artıq bu planın reallaşdırılmasında rol ayrılan Qərbə bağlı daxili müxalif qruplaşmalara Gürcüstanda qarışıqlıq yaratmaq barədə təlimatlar da verilib. Və bu baxımdan, Gürcüstan öz müasir tarixinin ən taleyüklü seçki dövrünə qədəm qoymuş kimi görünür.
Onu da qeyd etmək lazımdır ki, Gürcüstanda hakimiyyət dəyişikliyi baş verərsə, bu, Cənubi Qafqazda geopolitik proseslərə birbaşa təsir göstərə bilər. Çünki bu halda, ABŞ və Qərb Cənubi Qafqazda Gürcüstanın timsalında, Ermənistandan sonra daha bir geopolitik yerləşmə məkanı qazanmış olacaq. Rusiyanın regiondakı mövqelərinə sarsıdıcı zərbə vurulacaq və Qərb Cənubi Qafqazda həm geopolitik üstünlüyü, həm də təşəbbüsü ələ keçirəcək. Və bu, Cənubi Qafqazda geopolitik tarazlığın ciddi şəkildə pozulmasına yol aça biləcək təhlükədir.
Onu da qeyd etmək lazımdır ki, ABŞ və Qərbin təsir dairəsindən kənarda olan Gürcüstanda hakimiyyət dəyişikliyi Azərbaycan üçün də geopolitik təhlükə anlamı daşıyır. Çünki bu halda, Cənubi Qafqazın iki dövlətinə - Ermənistan və Gürcüstana nəzarət edən ABŞ və Qərb Azərbaycana qarşı təzyiqləri daha da gücləndirmək şansı qazana bilər. ABŞ və Qərb qarşısında təklənmiş Azərbaycan üçün isə belə total təzyiqlərə tab gətirmək nisbətən çətinləşmiş olacaq. Və bu baxımdan, rəsmi Bakının Gürcüstan ətrafında baş verənlərə xüsusi həssaslıqla yanaşması qətiyyən gözlənilməz deyil.
Maraqlıdır ki, ABŞ və Qərbin Gürcüstanda hakimiyyət çevrilişi ilə bağlı planlarının pozulması həm Azərbaycanın, həm də Rusiyanın geopolitik mənafelərinə tamamilə cavab verir. Çünki "Gürcü arzusu" Partiyası hakimiyyətdə qalarsa, ABŞ və Qərb Cənubi Qafqazda Ermənistana nəzarətlə kifayətlənməli olacaq. Qərbin bu regionda manevr imkanları böyük ölçüdə bloklanmış qalacaq. Ən əsası isə ABŞ və Qərbin Ermənistanı silahlandıraraq, regional hərbi alət kimi istifadə etmək imkanları məhdudlaşacaq. Və hətta bütün yük yalnız Ermənistanın üzərinə düşəcəyindən Azərbaycan-Rusiya tərəfdaşlığı çərçivəsində ortaq əks geopolitik zərbələrin rəsmi İrəvana baha başa gələcəyi də qətiyyən şübhə doğurmur.
Bu baxımdan, hesab etmək olar ki, "Gürcü arzusu" qalib gələrsə, geopolitik planları pozulan ABŞ və Qərbin regionda təsir məkanı məhdudlaşacağından Ermənistan təkbaşına hədəfə çevrilmiş olacaq. Yəni, Ermənistan üçün bütün proseslər yalnız neqativ məzmun daşıyacaq. Ən əsası isə ABŞ və Qərb Ermənistana dəstəyi zəiflədib, Azərbaycanla münasibətləri düzəltmək üçün anlaşma nöqtələri axtarmaq məcburiyyətində qala bilər.
Digər tərəfdən, Kremldə də Rusiyanın Cənubi Qafqaz siyasətində olan kobud səhvləri artıq düzəltmək qərarına gəliblər. Belə ki, Kreml hazırda "Gürcü arzusu"nun Gürcüstanda daxili mövqelərini gücləndirmək barədə düşündüyünü sezdirir. Rusiya bu məqsədlə Gürcüstandakı iki separatçı regionu - Abxaziya və Cənubi Osetiyanı qurban verməyə hazır görünür. Yəni, Rusiya vaxtilə Azərbycanın Qarabağ regionundakı erməni separatçı-terrorçulara münasibətdə olduğu kimi, bu dəfə də Gürcüstandakı separatçılardan dəstəyini çəkmək qərarına çox yaxındır.
Bu iki separatçı region vaxtilə Gürcüstana Rusiyanın təzyiq mexanizmləri kimi, Kreml tərəfindən icad edilmişdi. Hətta Kreml bu iki separatçı bölgənin "müstəqilliyini" belə, tanımışdı. İndi isə Rusiyanın geopolitik maraqları bu iki separatçı bölgənin qurban verilməsi ilə ərazi bütövlüyü bərpa olunacaq Gürcüstanın Qərbdən uzaq tutulmasını tələb edir. Və bütün bunları nəzərə aldıqda, Gürcüstanda keçiriləcək parlament seçkilərinin yekun nəticələrinin Cənubi Qafqaz üçün nə qədər önəmli olduğunu müəyyən etmək çətin deyil.(musavat.com)
Prezident İlham Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunması ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.
Paylaşımda deyilir:
"Zəfər tariximiz - Hadrutun Ermənistan işğalından azad edilməsindən dörd il ötür...".
"Kreml jurnalistləri və mətbuat katibi Peskov fotoşəkillərin nə üçün qəsdən, son dərəcə ədəbsiz şəkildə yayılmasını izah etməyə borcludurlar. Bu kadrları yaratmaqda və ya dərc etməktə hədəfləri nə olub?"
Bunu etiraz olaraq erməni telegram kanalları bildiriblər.
Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyanın bu gün Azərbaycan Prezidenti İlham Əliyevin qarşısında əyilməsi ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb və geniş müzakirələrə səbəb olub. Hətta rusiyalı politoloq İqor Korotçenko sosial media hesabında fotonu paylaşaraq deyib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidentinin nüfuzunu, böyüklüyünü və siyasi üstünlüyünü tanıyır və qəbul edir. O, Paşinyanın İlham Əliyevin qarşısında baş əyməsini “Günün fotosu” kimi təqdim edib.
Paşinyan Əliyevin qarşısında başını aşağı salır və Azərbaycan liderinin gözlərinin içinə baxmamağa çalışır”. – deyə Korotçenko əlavə edib.
Ermənistan bəzi saytları bu görüntülərdən hiddətə gələrək Rusiyanın rəsmi şəxslərini günahlandırıblar.
"Əgər konkret məsul şəxslər varsa, məsələn, RİA/RT-nin baş direktoru Kiselev, o zaman Kiselev məsuliyyət daşımalıdır. Peskovun şərhi yoxdursa, Kiselev məsuliyyətə cəlb edilməlidir. Bu ciddi bir tədbirdir və ölkəni təmsil edən lider hansısa personajların girovuna çevrilə bilməz".
Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunduğu gündür.
“ 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da düşmən tapdağından azad edilib.
Döyüşlər zamanı Azərbaycan Ordusu oktyabrın əvvəllərində cənub cəbhəsində irəliləyərək düşmənin gözləmədiyi istiqamətə - Hadruta yönəlib. Hadrutun azad edilməsi böyük ölçüdə müharibənin taleyini həll edən əməliyyatlardan biri olub. Çünki Azərbaycan Ordusu məhz Hadrutun azad olunmasından sonra Şuşaya doğru istiqamət alıb. Ona görə də Şuşanın azad olunmasında Hadrut döyüşlərinin çox böyük rolu olub. Çünki düşmən Azərbaycan hərbçilərini Şuşada başqa istiqamətdən gözləyirdi.
Beləliklə, oktyabrın 7-dən etibarən ağır döyüşlər başlayıb və ayın 9-da Azərbaycan Ordusu qəsəbə yaxınlığında yerləşən strateji əhəmiyyətli kəndləri və yüksəklikləri nəzarət altına alıb. Bununla da qəsəbə və qeyd olunan kəndlər düşmən tapdağından azad olunub. Həmin gün Hadrut qəsəbəsi ilə yanaşı, Tərtərin Çaylı, Füzulinin Yuxarı Güzlək, Gorazıllı, Cəbrayılın Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı və Xocavəndin Sor kəndləri də düşmən işğalından azad olunub.
2021-ci ilin martın 16-da Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev Hadrut qəsəbəsində dövlət bayrağını qaldırıb və çıxış edib.
"Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin dinamikası Prezident Vladimir Putinin Bakıya dövlət səfərindən sonra kifayət qədər nəzərə çarpır".
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə görüşdə bildirib.
Dövlətimizin başçısı qeyd edib:
“Sizin dövlət səfərinizdən sonra ikitərəfli münasibətlərimizin dinamikası kifayət qədər nəzərə çarpır. Müxtəlif strukturların nümayəndələri səviyyəsində avqust ayında Bakıda əldə olunmuş qərarların tamamlanması çərçivəsində hökumət üzvləri arasında artıq çoxlu təmaslar olub”.