Əli Əsədov yeni qərar imzaladı

Nazirlər Kabineti “Aerodromyanı ərazi hüdudlarında torpaq sahəsinin və daşınmaz əmlakın istifadəsinə, həmçinin həmin ərazidə iqtisadi və digər fəaliyyətin həyata keçirilməsinə uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə nəzarətin həyata keçirilməsi Qaydası”nı təsdiq edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qayda “Aviasiya haqqında” qanuna uyğun hazırlanıb, onunla tənzimlənməyən məsələlər adı çəkilən qanuna, “Beynəlxalq Mülki Aviasiya haqqında” 1944-cü il 7 dekabr tarixli Konvensiyaya, habelə Konvensiyaya 14 nömrəli Əlavə - “Aerodromlar”la müəyyən edilmiş Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə, o cümlədən “Doc 9137, altıncı hissə, maneələrə nəzarət” sənədinin tələblərinə uyğun həyata keçirilir. Qaydanın tələblərinin yerinə yetirilməsinə nəzarəti mülki aviasiyaya münasibətdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi, dövlət aviasiyasına münasibətdə isə Müdafiə Nazirliyi həyata keçirir. Qaydada istifadə olunan anlayışlar adı çəkilən qanunla, Şəhərsalma və Tikinti Məcəlləsi və digər normativ hüquqi aktları ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.

İlham Əliyev Qazaxıstanın Baş nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham ƏIiyev martın 3-də Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenovu qəbul edib.

bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

İlham ƏIiyev “Barselona” Futbol Klubunun prezidentini qəbul edib

Azərbaycan Prezidenti İlham ƏIiyev martın 1-də “Barselona” Futbol Klubunun prezidenti Xuan Laportanı qəbul edib.

Qəbula görə dövlət başçısına minnətdarlığını bildirən Xuan Laporta Azərbaycana ilk dəfə COP29 zamanı səfər etdiyini xatırlayaraq, Bakıdakı inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi, burada əməkdaşlıq üçün böyük potensial gördüyünü və məhz buna görə də qısa müddət ərzində ölkəmizə ikinci dəfə gəldiyini vurğuladı.

Söhbət zamanı Azərbaycanda idman sahəsinə, o cümlədən futbolun inkişafına göstərilən dövlət qayğısına toxunuldu, ölkəmizdə nüfuzlu beynəlxalq idman yarışlarının, həmçinin dünya səviyyəli futbol oyunlarının ən yüksək standartlara uyğun təşkil edildiyi qeyd olundu.

Görüşdə Azərbaycanda “Barselona” futbol akademiyasının yaradılması ilə bağlı sənədin imzalanacağı bildirildi, akademiyanın gələcək fəaliyyətinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı, ölkəmizdə uşaq futbolunun inkişafı sahəsində əməkdaşlıq məsələləri müzakirə olundu.

Xuan Laporta Azərbaycan Prezidentinə xatirə hədiyyəsi təqdim etdi.

Deputat: Tələsməyək, bu, Trampla-Zelenskinin bir oyunu ola bilər

“Ağ Evdə baş tutan Tramp-Zelenski görüşü ilk növbədə Trampın Zelenskini hörmətlə qarşılaması ilə diqqət çəkdi. Bir neçə gün öncə Ağ Evin qonağı olmuş Emanuel Makron heç belə nəzakətli qarşılanmağa layiq görülməmişdi.
Amma daha sonra baş verənlər olduqca şübhəli görünür”.

Ölkə.Az xəbər verir ki, bunu deputat Cavanşir  Feyziyev Tramp-Zelenski görüşünü şərh edərkən deyib.

“Ən maraqlı sual budur ki, jurnalistlərin suallarını cavablandırarkən yaranan “qalmaqal” nə idi?
Sosial şəbəkələrdə Trampı söyənlər, Zelenskini “qəhrəman” elan edənlər və ya əksinə Trampı tərifləyib Zelenskini qınayanlar nəticə çıxarmağa tələsməsinlər. Hadisənin detallarına dərindən diqqət yetirdikdə bu qalmaqalın reallığına şübhələr yaranır. Bu şübhələri saf- çürük etmədən Ağ Evdə doğrudan nəyin baş verdiyini anlamaq çətin olacaq. Eyni zamanda bu şübhələrin həqiqət olub- olmadığını da tezliklə ayırd etmək mümkün olmayacaq. Yalnız hadisələrin sonrakı inkişafı bu məsələlərə aydınlıq gətirə biləcək. Beləliklə, Ağ Evdə baş verən qalmaqal nə idi?”, -  deputat qeyd edib.

Deputatın fikrincə, bir ehtimal o ola bilər ki, bu Zelenskini təlimatlandırmaqla Ağ Evin ssenarisi ilə öncədən səhnələşdirilmiş bir şou idi: “Tramp administrasiyası Rusiyanı danışıqlara şirnikləndirmək və gözlənilən danışıqlar ərəfəsində onun Trampa etimadını artırmaq və Trampın qoyacağı şərtlərin Putin tərəfindən qəbul olunmasını asanlaşdırmaq məqsədi ilə belə bir “qalmaqal” şousu oynanıla bilərdi. Zelenskinin ABŞ- dan təkidlə təhlükəzlik zəmanəti “tələb etməsini” Ağ Ev Rusiyaya təzyiq etmək üçün istifadə edə bilər. Digər tərəfdən, bu səhnələşdirilmiş mübahisə Avropanı daha çox səfərbər etməyə və Ukraynaya daha çox yardım etməyə sövq etmək üçün oynanıla bilər. Üçüncü bir tərəfdən, bu qalmaqalı Amerika seçiciləri qarşısında Trampı “qəhrəmanlaşdırmaq”, Obama və Baydenin simasında demokratların apardığı siyasətin nə qədər ağılsız, səmərəsiz və hətta həm ABŞ və həm də digər ölkələr üçün nə dərəcədə zərərli və dağıdıcı olduğunu bir daha təsdiq etmək cəhdi kimi də qiymətləndirmək olar. Əgər ssenari budursa, deməli Tramp administrasiyası eyni zamanda Avropaya, Rusiyaya və Amerikadakı siyasi rəqiblərinə, yəni demokratlara qarşı oyun nümayiş etdirirdi. Bu halda əsl danışıqlar, həqiqi substantiv danışıqlar görüşün qapalı mərhələsində tamamilə başqa tonda və məcrada aparılacaqdı. Belə düşünməyə əsas verən amillərdən biri də həm Trampın, həm də Zelenskinin bioqrafiyasında “şoumenlik” stajının olmasıdır. Əgər bu qalmaqal tərəflər arasında öncədən razılaşdırılmış ssenari üzrə süni şəkildə yaradılıbsa, hesab etmək olar ki, hər iki tərəf öz rolunu məharətlə oynadı və bu oyun ilk növbədə Putinə qarşı qurulub. Putinin bu səhnəni necə oxuması isə bir başqa məsələdir.

İkinci ehtimal isə odur ki, əgər bu qalmaqal öncədən ssenariləşdirilməyibsə və bu vəziyyət real olaraq spontan şəkildə yaranıbsa, o zaman Ukraynanın başı bəladadır. O zaman Ukrayna dərhal Zelenskini hakimiyyətdən qovmalı və dövləti bu ağır vəziyyətdən ən az itkilərlə çıxarmağa qadir olan və Ağ Evlə danışıqlar aparmaq üçün müvafiq siyasi davranış qaydalarını yaxşı mənimsəmiş bir adam tapmalıdır. Doğrusu, Zelenskinin həqiqətən özünü bu cür aparması heç inandırıcı görünmür. O yeri gəldi, gəlmədi Trampın və digərlərinin cavablarına müdaxilə edir və doğrusu, özünü çox xam və siyasətdən uzaq bir diletant kimi göstərirdi. 3 il davam edən müharibənin gedişində saysız- hesabsız görüşlər keçirmiş bir dövlət başçısının bu cür davranması isə ağlabatan gprünmür. Ona görə “şou” ehtimalı daha inandırıcı görünür”.

Prezident Sərəncam imzaladı

Prezident İlham Əliyev çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının 7 şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 93-VIIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 dekabr tarixli 268 nömrəli Fərmanının 1.12.4.4.12-ci (Təhlükəsizlik, sosial-iqtisadi və digər tədbirlərin maliyyələşdirilməsi) abzasında nəzərdə tutulmuş vəsaitdən 9.940,0 (doqquz milyon doqquz yüz qırx) min manatı bu Sərəncama əlavə edilmiş siyahıya uyğun olaraq şəhər və rayon icra hakimiyyətlərinə ayrılır.

Maliyyə Nazirliyi bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Onlara daha 2 il möhlət verildi - Fərman

Prezident İlham Əliyev “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 27 iyun 2019-cu il tarixli və “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 7 oktyabr 2021-ci il tarixli fərmanlarında dəyişiklik edib.

Bununla bağlı dövlət başçısı yeni Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycanda əkin sahələrinin istifadəçilərinə aqrar sahədə subsidiyalar torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında verilməsi üçün möhlət 2 il artırılaraq 2027-ci il yanvarın 1-nə qədər uzadılıb.

Bakıda Qvineya-Bisau Prezidentinin rəsmi qarşılanma mərasimi olub - Yenilənib

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalonun fevralın 27-də rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Qvineya-Bisau Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalonu qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Qvineya-Bisau Prezidentinə raport verib.

Qvineya-Bisau Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalonun qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.

***

Azərbaycan Prezidenti İlham Əliyevin Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo ilə təkbətək görüşü başlayıb.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Prezident İlham Əliyev Ərdoğanı təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Türkiyə Respublikasının ictimai-siyasi həyatında və dövlət idarəçiliyində artıq 25 ilə yaxın bir dövr ərzində müstəsna yer tutan, daim yenilənməkdə, inkişafda və yüksəlişdə olan Ədalət və İnkişaf Partiyasının Böyük Qurultayında partiyanın Sədri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi və bütün partiyadaşlarınızı səmimi-qəlbdən təbrik edirəm.

Qurucusu olduğunuz partiyanın üzvlərinin Sizə layiq olduğunuz böyük etimadı təkrarən nümayiş etdirməsi uzun illər boyu ölkənizin rifahı və tərəqqisi, qardaş Türkiyə xalqının firavanlığı, eləcə də bütün Türk dünyasının yüksəlişi naminə yorulmaq bilmədən həyata keçirdiyiniz fədakar fəaliyyətə qədirbilənliklə verilən yüksək qiymətdir.

Bu xüsusda, Ədalət və İnkişaf Partiyasının Böyük Qurultayında müəyyən olunmuş yeni hədəflərin və qəbul edilmiş əhəmiyyətli qərarların qardaş Türkiyə xalqı üçün xeyirli və uğurlu olacağına, Türkiyəni daha da irəli aparacağına əminliyimi ifadə etmək istərdim.

Danılmaz faktdır ki, ötən illər ərzində rəhbərliyinizlə Ədalət və İnkişaf Partiyasının öz prinsip və amallarına daim sadiq qalaraq atdığı addımlar sayəsində ölkənizin dövlətçiliyi daha da möhkəmlənmiş, sarsılmaz xalq-iqtidar birliyi formalaşmış, eləcə də Türkiyə qlobal güc mərkəzinə – dünyanın ən aparıcı və qüdrətli dövlətlərindən birinə çevrilmişdir. Təsadüfi deyil ki, Siz bütün Türk dünyasında öz Vətənini, xalqını sevən müdrik və qətiyyətli lider kimi tanınır və sevilirsiniz. Dost və qardaş Azərbaycanda da Sizin uğurlarınız böyük fərəh hissi ilə qarşılanır və daim təqdir olunur.

Bu gün ortaq tariximizdən, zəngin milli-mənəvi dəyərlərimizdən və xalqlarımızın mətin iradəsindən qaynaqlanan Azərbaycan–Türkiyə qardaşlığı, birliyi və strateji müttəfiqliyi unikal xarakter daşımaqla hərtərəfli inkişaf edir, bölgədə sabitliyin və təhlükəsizliyin bərqərar olmasına töhfələr verir. Əminəm ki, bu sarsılmaz bağlar birgə səylərimizlə “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq bundan sonra da daim möhkəmlənəcəkdir.

Əziz Qardaşım,

Bir daha Sizə, eləcə də Ədalət və İnkişaf Partiyasının hər bir üzvünə ən səmimi salamlarımı və təbriklərimi çatdırır, Sizə möhkəm cansağlığı, partiyanın işinə böyük uğurlar, qardaş Türkiyə xalqına sülh və firavanlıq arzulayıram".

İlham Əliyev Ərdoğana zəng etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

İlham Əliyev telefon danışığı zamanı Ərdoğanı ad günü münasibətilə təbrik edib.

Həmçinin Türkiyə ilə Azərbaycan arasında ikitərəfli münasibətlər, regional məsələlər müzakirə edilib.

Ramiz Tahirovun oğluna yüksək vəzifə verildi - FOTO

Azərbaycan ilk dəfə NATO-nun "Dəniz Təhlükəsizlik Mükəmməlliyi” (MARSEC COE) mərkəzinə üzv qəbul edilib. Razılaşmaya əsasən, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi həmin Mərkəzdə 3 il müddətində ölkəmizi təmsil edəcək.

Qafqazinfo məlumatına görə, üçüncü dərəcəli kapitan Kamran Tahirbəyli ölkəmizin Mərkəzdəki nümayəndəsi təyin edilib.

K.Tahirbəyli müdafiə nazirinin sabiq müavini - Hərbi Hava Qüvvələrinin əvvəlki komandanı general-leytenant Ramiz Tahirovun oğludur. O, həm də Azərbaycanın ABŞ-dəki Səfirliyində hərbi attaşe köməkçisidir.

Qeyd edək ki, Ramiz Tahirov ötən ilin mayında Prezidentin Sərəncamı ilə vəzifəsindən azad olunaraq ehtiyata buraxılıb.

 

 

Xəbər lenti